Vahid Əzizin poetik yaradıcılığına ədəbi-nəzəri ekskurs... - Qurban Bayramov

"Mən hər zaman dediyim sözün məsuliyyətini dərk etmişəm, bu və ya digər kəlməni dilimə gətirməzdən əvvəl onu dəfələrlə götür-qoy etmişəm..."

Vahid Əziz

 

Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan Azərbaycanın Xalq şairi Vahid Əziz milli düşüncə, milli təəssübkeşlik baxımından, fitri istedadı, fəhmikarlığı ilə çox qələmdaşları sırasında fərqli, özünəməxsus, əlahiddə yer tutan sənət adamıdır. Deyim ki, "Küləyi görmək" fəhmi hər şairə nəsib olmur və təsadüfi deyildir ki, onun ilk şeirlər kitabı elə bu cür adlanır - "Mən küləyi görürəm" ("Gənclik" nəşriyyatı, 1969). Bu, əslində Allah vergisidir ki, bu qəbildən şairə şeirlər "vəhy" təkin nazil olur... Və Vahid Əzizin bu ilk kitabında ilk şeiri 1968-ci ildə dərc olunan şairin Fikrət Sadığın redaktəsi ilə cəmi 19 şeiri təqdim edilibdir... Bu misralar necə də yenidir, təravətlidir, sərbəstdir, sərbəst şeirdir: "Yoruldum qaçmaqdan xəyalımın arxasınca. Körpə deyiləm ki, kəpənək qovam bahardan-bahara. Bəsimdir ünvan olduğum imzasız məktublarına insanların. Uzaqlara qaçacağam günlərimin adiliyindən, lap uzaqlara." Bu orijinallıq Rəsul Rza kimi nəhəngin niyə də diqqətini cəlb eləməsin?.. "Mavi düşüncələrim", "Mənim romantikam", "Ana", "Qəriblik", "Sərnişin fikirlər", nəhayət, "Mən küləyi görürəm" və s. bu qəbildən şeirlər də belə...

Vahid Əzizin magik təxəyyülünün bəhrəsi olan və "Əllərimin kölgəsi" ("Gənclik" nəşriyyatı, 1985) adlanan kitabı haqqında dövrün azman şairlərindən olan Xalq şairi Nəbi Xəzri "Düşündürən sətirlər" adlandırdığı məqaləsində yazmışdı: "Məncə, kitab əbəs yerə "Əllərimin kölgəsi" adlanmayıb. Çünki kölgə özü Günəşin, işığın övladıdır. İşıqsızlıqda, Günəşsizlikdə kölgə yaranmaz. Burada əllərin kölgəsi arzuların, ümidlərin izi kimi qəbul olunmalıdır. ...Bu, sərrast müşahidənin orijinal və şairanə ifadəsidir. Bu, ancaq gözlə görünən yox, ürəklə duyulan həyat sirri, təbiət sehridir." (Bax: "Ədəbiyyat və incəsənət" qəzeti, 25 oktyabr 1985.)

Füzulinin "Heyrət, ey büt!!" - deyimi və bu deyimdə gizlənən "həyat sirri" yada düşür və arzular, ümidlər işığının şüləyində yaranan belə əsərlər - şeirlər məxsusi olaraq milli sərvətə çevrilir... Və "milli sərvət" toxunulmazdır:

 

Mənim əl vurmayın bir misrama da,

Qalsın nəğmələrim yazdığım kimi.

Qələmim dolaşıb bəyaz varaqda,

Özüm yer üzündə gəzdiyim kimi.

 

Şair başdan-başa yanar ürəkdir,

Qovrulub dönmüşəm külə, yanmışam.

Görməyə nə var ki, duymaq gərəkdir,

Necə duymuşamsa, elə yazmışam.

 

"Sahilə çatmayan ləpə" kitabından

 

Məqamıdır, onu da xatırladım ki, Vahid Əzizin təzə ayaq tutub yeriyən yaradıcılığı haqqında "Tanışlıq" (1968) məqalə-uğurlamasında ilk söz söyləyən, onun istedadının cövhərindəki mahiyyəti duyan, qiymətləndirən ustadlar ustadı, Xalq şairi Rəsul Rza olmuşdur: "Şeirlərini oxudum. Vərəqləri çevirdikcə, qarşımda istedadlı bir şairin surəti canlanırdı. ...Bunlar ki, şeirdir. Bu şeirlər qibtə oyadacaq qədər poetikdir. Burda ağıl, hiss, arzu, xəyal, qəlb döyüntüsü elə bir vəhdətdə ifadə olunmuşdur ki, oxuyursan, sevinirsən, sinən qürurla qabarır. Bu mənim yurdumun balasıdır." (Bax: Rəsul Rza. "Tanışlıq" - məqalə - uğurlama. "Ədəbiyyat və incəsənət" qəzeti, 16 mart 1968-ci il.) Və öncəgörən müdrikin sözü gerçək oldu, Vahid Əziz həm bir şəxsiyyət kimi, həm bir şair kimi "yurdun balası" oldu!!

Ədəbi tənqiddə şairlərin qələmə aldıqları mövzulara görə belə bir təsnifat aparılır - məhəbbət şairi, təbiət şairi, lirik şair, lirik-epik şair, vətənpərvər şair, nəğməkar şair və s. Müşahidəmizə görə, Vahid Əzizin fitri istedadında, yaradıcılığında bütün bu cəhətlər - mövzu sferaları qəribə bir tərzdə cəmləşmiş və hamısı da qədərincə, bədii-estetik dəyərincə, zəhmətinin bəhrəsi, əxlaqının ifadəsi təkin əksini tapıbdır... Əslində, Vahid Əziz dəyişməz, daim artan, inkişafda olan müəllim-sənətkar səviyyəsində, "yanar ürəkli", ləyaqətli söz xiridarıdır...

Qənaətimcə - Vahid Əziz öz dövrünün, zamanının, yaşadığı mühitin şairidir, gördüyünü, duyduğunu yazıb, məşşatəlik etməyib və ona görə də dövrü, zamanı onun, o da dövrünün, zamanının poetik məhək daşına çevrilibdir... Bu məhək daşı Araz boyu hərəkət edir, Təbrizə boylanır, diləyi, arzusu Zəngəzura dirənib dastana dönür, Dəmir qapı Dərbənd qapılarının önündə eləcə daşa çevrilir:

 

Dağlarımın üzü gülmür, nə yandı,

Torpağımın bir "Gülüstan" dərdi var.

Köçüm getdi Zəngəzura dayandı,

Yazan olsa, neçə dastan dərdi var.

 

Gah ox batar gözlərimə, gah nizə,

Baxa-baxa həsrətliyəm Təbrizə.

Dərbəndimlə durmaq olmur göz-gözə,

Dağlarımın çox "dağıstan" dərdi var.

 

"Dözmək olmur" (1997) kitabından

 

Hələ bura Qarabağ dərdini ("Qarabağ", "Qaçqın şəhərciyinin qəbristanlığı", "Çadır uşağı", "Dərsə gecikən...", "İgid əsgər" qəbildən şeirlərdə, poeziyamızın zəfərə ehtiramının etirafı olan "Param-parça" kitabı (2021), demək olar ki, bütövlükdə) əks etdirən poetik mətnlərin siqlətini əlavə etsək, xalqımın nə dərdlər yükünün altından keçdiyinin poetik sözdə əks olunan tarixi mənzərəsini təsəvvürə gətirə bilərik...

Vahid Əzizin "Sabahın qatarında" adında bir şeiri var, "Aylı pəncərə" ("Gənclik" nəşriyyatı, 1974) kitabındadır. Mən bu şeiri oxuduqda, tam qənaətə gəldim ki, Vahid Əziz sabahların şairidir və o bu qatarın sərnişini yox, lokomotividir:

 

Dünəndən bu günə,

            bu gündən sabaha,

Sabahdan sabahların

            sonsuzluğuna gedər -

            zamanın qatarı.

Getməyə ümidli bir sərnişin kimi

            oyanıram gecənin,

            gündüzün dayanacaqlarında.

...Gedirəm:

            Mən sabahın qatarındayam.

 

Bu misralar dürüst bir qənaəti də yadıma saldı: "Qərbi Azərbaycanın Dərələyəz mahalının Herher kəndində (23 noyabr 1945, Herher, Dərələyəz mahalı, Paşalı rayonu. Sonralar Əzizbəyov rayonu Əzizbəyov kəndi adlandırılıb. Altı yaşında Azərbaycanın Tərtər rayonunda məskunlaşıblar. Q.B.) dünyaya göz açmış Vahid Əzizin yaradıcılığı "yetmişinci" illər poeziyasının paytaxtı oldu! Vahid Əziz anlayır ki, bir şair kimi gələcək nəsillər qarşısında borcludur, çünki nə vaxtsa onun gözü ilə bizi görəcəklər." ( Bax: Murad Baykal.Təmiz havaların poeziyası... Yalın ayaqların torpaq duyğusu... "525-ci qəzet", - 2024. - 9 yanvar, № 2. - s.14;15.)

Bu misralar, elə buradakı şeirlər və Vahid Əzizin bu ahıl çağında yazdığı şeirlər də eyni havada orijinaldır, yeni deyimlərlə, ənənəvi mövzularla yeni, ürəyəyatımlı yanaşmalarla zəngindir. Vahid Əziz oxucularla şablon, quru dillə danışmır, daima yenilik axtarışında və orijinallıq kəşfindədir... Nikbinlik, həyata bağlılıq, inam, ülviyyət onun lirik qəhrəmanının əsas xarakterik keyfiyyətidir:

 

Mən yağışam - buludlardan tökülən,

Dan yeriyəm - Günəş ilə sökülən,

İstərəm ki, min boyayla çəkilən

Düzlərə gül kimi səpələr məni.

 

"Aylı pəncərə" kitabından

 

Burada dünyamızın ahəngi, harmoniyası, insanın təbiətdə, təbiətin insanda birgəliyi və vəhdətaniyyəti bədii mətnin nüvəsində hərəkətdədir, insanın ucalığı təbiətin ucalığında, təbiətin ucalığının (insan da təbiətin bir parçasıdır!) müqəddəsliyinin dərkindədir ki, şairi, onun lirik qəhrəmanını "arzular yolçusu" edir, Mikayıl Müşfiqin "Arzuya bax, sevgilim, söylə, ürəyincəmi, tellərindən incəmi" misralarının ovqatına bürünür, "Ağac" şeirində olduğu kimi, adi ağac olmaq arzusu lirik qəhrəmanı qapsayır ki, munis körpəyə beşik olsun:

 

Dünyaya ağac kimi

            gəlmək də gözəlmiş -

            bəlkə bəxtim gətirdi,

            zərif-zərif yonuldum.

Narahat bir körpəyə

            yellənən beşik oldum.

 

"Ədəbiyyat və incəsənət" qəzetində, 28 avqust 1981

 

Diqqət edin, əslində "yonulmaq" əzabdır, işgəncədir, ağrıdır. Şair bu ağrı-acını necə də "zərif-zərif yonuldum" ifadəsi ilə yumşaldır, bu ağrını zərifliklə qəbul edir, çünki sonda müqəddəs, ülvi, təmiz bir məqama qovuşacaq, ağac bir narahat körpəyə rahatlıq bəxş edən beşik olacaq!.. Bax, budur, möcüzə - ağrılardan keçərək cəsurluğa, ucalığa, qorxmazlığa çevrilən poetik möcüzə...

Poetik mətnin forma, janr xüsusiyyətlərinə gəlincə, Vahid Əziz yaradıcılığında bu cəhətdən zəngin, rəngarəng polifonizmin şahidi oluruq. Vahid Əziz poeziya nəhrində sərbəst üzməyi bacarır. Onun klassik Azərbaycan şeir formatlarından tutmuş, modern-sərbəst şeirin ən müxtəlif çalarlarında - bütün vəzn, ifadə, forma əlvanlığına ustalıqla sahiblənməsini görürük...

Vahid Əzizin poetik yaradıcılığı müstəqillik dövrü ədəbiyyatımızda yeni nəfəs, yeni pafos, tamam yeni mahiyyət kəsb edir... Ömrüboyu müstəqilliyimizin təşnəsində olan şairin yaradıcılığı yeni bir vüsətlə yeni mərhələyə qədəm basır. Onun "Dözmək olmur" şeirlər və poemalar kitabı ("Gənclik" nəşriyyatı, 1997) bu mənada səciyyəvidir. Burada Azərbaycanda keçid dövrünün keşməkeşləri, Qarabağ münaqişəsinin xalqımıza vurduğu zərbələr, qaçqınlıq, köçkünlük əzabları, mənəvi sıxıntılar, itirdiyimiz hər şey, hər şey şeirin tragik mövzusuna çevrilib, sarı sim tonunda misralanıb:

 

Heç kəs yaşamaz doyunca,

Zirvə yox vətəndən uca.

Atılırıq qucaq-qucaq

Odunda qalanmaq üçün.

 

"Dözmək olmur" (1997) kitabından

 

Mühüm bir mətləbə də nəzər salaq. Mənim ədəbi qəhrəmanım Vahid Əzizlə yaşdaşıq, necə deyərlər, saqqaldaşıq... Niyə "ədəbi qəhrəman" deyirəm... Bunun da mənası var. Ədəbi tənqidə gətirdiyim "Poeportret" janrı özündə bunu ehtiva edir. Əvvəllər zarafat tərzində olsa da, barələrində məqalələr, ədəbi oçerklər, sonra poeportretlər yazdığım yazıçı-şair dostlarıma deyərdim ki, sizlər mənim ədəbi qəhrəmanlarımsınız! Siz bədii əsərlərinizdə təxəyyülün gücü ilə düşündüyünüz, arzuladığınız qəhrəmanların bədii obrazlarını yaradırsınız, onlara istəyinizcə ad qoyursunuz, mən isə əsərlərimdə sizlərin gerçək ədəbi obrazınızı yaradıram. Görünür, "hər zarafatda həqiqətin də payı var" - deyimi bica deyil. Sonra bunu gerçək qənaətə çevirdim...

Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan poeziyasının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə "Azərbaycan Respublikasının Xalq şairi" fəxri adına layiq görülmüşdür. Bu, Qarabağ fatehi, Respublikanın Prezidenti İlham Əliyevin Vahid Əziz şəxsiyyətinə və yaradıcılığına verdiyi rəsmi dövlət qiymətidir... Xalqın və dövlətin böyük rəğbətini qazanmaq sənətkarın əvəzedilməz uğuru və xoşbəxtliyidir...

Vahid Əziz öz yaradıcılığında ədəbi-bədii söz sənətinin aparıcı mövzusu olan insan fenomeninə fərqli prinsiplər əsasında yanaşmış və 60-cı illərdən ictimai fərdin üzləşdiyi əsas problemləri ehtiva edən vətəndaşlıq lirikasında öz ədəbi-estetik qayəsinə uyğun insan konsepsiyasını yaratmışdır. Bu konsepsiya onun şeir yaradıcılığında zaman-zaman özünün ən yüksək bədii və hərtərəfli təcəssümünü tapmışdır.

Vahid Əzizin poetik yaradıcılığının mövzu sferasını təsnif edəsi olsaq, əsasən, bu qənaətdəyəm: 1. İctimai-siyasi hadisələrə pafossuz, ritorikasız, sakit, təmkinli özünəməxsus baxış. 2. Azərbaycançılıq haləsində, böyük vətənpərvərliklə, yurdsevərliklə, milli təəssübkeşliklə üzvi surətdə birləşən - Türkçülük, Turançılıq ideya-estetik qayəsi onun poetik yaradıcılığının kordinal qayəsini təşkil edir, özünü "O, tayın, bu tayın şairiyəm mən.." - bütünlükdə türk dünyasının şairi elani-eşq edir:

 

...Çəmənlər biçənəm, taxıl əkənəm,

yuvalar quranam, evlər tikənəm,

Yurdun hər yerində keşik çəkənəm -

Ordunun, Alayın Şairiyəm mən.

 

Keçib əsrlərdən, qərinələrdən

dərs aldım Şeiriyyət dahilərindən,

əxlaqım, varlığım Türk ellərindən -

böyük bir Dünyanın Şairiyəm mən..."

 

Vahid Əziz. Seçilmiş əsərlər. 2 cilddə,

2-ci cild. 2015-2024 seçmələri.

Bakı, "Azərnəşr, 2024. s.282. - 314 səh.

 

Səmimilik, dürüstlük, etiraf, iztirab onun da sevgi poeziyasına xas xüsusiyyətdir. Ənənədən süzülüb gələn göz yaşı təkin duru, yanğılı axardır... Bu şeirlərdə sevən bir qəlbin bütün döyüntülərini eşidirsən, sünilik, bər-bəzək, sızıltı, inilti yoxdur, məhəbbətin iztirablı sədaları, çalarları var... Vahid Əziz şairin xoşbəxtliyini onun mühitinin hər çalarına sevgidə görür. Elə insanın xoşbəxtliyi də bundadır... Şairin "Sevgidən yazdım ki..." şeiri bu mənada olduqca mənalıdır:

 

Dərədən-təpədən yazmağa nə var:

"dumandı" - yaz getsin, "çəndi" - çəkilsin,

sevgidən yazdım ki, nakam qalanlar

oxuyub, dərdini unuda bilsin.

 

... Sevənlər - Dünyanın qərib övladı,

bir azca onlara bənzəyər çiçək,

sevgi şairləri əbədi qaldı,

sevgisiz yaşayan izsiz öləcək.

 

(Bax: Vahid Əziz. Yaşadım yaşamaqehtiyacında..., şeirlər, 2 cilddə, I cild

(1965-2015), Bakı, Azərnəşr, 2024, s.141-142. - 387 səh.)

 

Vahid Əzizin məhəbbət lirikasının bir qismi "Mahnı mətni" təkin təqdim edilir və bu təbiidir. Özü dediyi təkin: "Cavanlıqdan dodağımda zümzümə, ürəyimdə bayatıdır məhəbbət..."; "Həzin bayatılar söyləyən neyəm..."

Ümumiyyətlə, onun şeirlərinə ən ünlü bəstəkarlar tərəfindən 50-dən çox mahnı yazılıb və bu mahnıları eləcə ünlü müğənnilər ifa edib və edirlər. Çünki Vahid Əzizin mahnı mətnləri qismən problemsizdir, sözlə musiqinin bir-birinə ritmik və tonik uyğunluğu, mətndəki ritmik vahidlərin zənginliyi, normal ahəngdarlıq, şeirin avazı bəstəçiyə bəstə imkanı yaradır...

Hətta şairin mahnı mətni təkin təqdim etdiyi bayatılar da mövcuddur. Əlbəttə, bayatılar müəyyən ahənglə, müsiqi ladında oxunur, bayatı çağırılır, laylalara dönür, amma professional mahnı mətni təkin, bəstəkar bəstəsinə layiq olan mətn kimi onu təqdimi şairin bayatı lirik növündə onun axtarışlarının nəticəsi, istəyi kimi də qəbul edilməlidir:

 

Bayatılar

 

(Mahnı)

 

Ürəyimdə ayaz var,

Nə qış gedib, nə yaz var,

Oyatma bənövşəni -

Kol dibində ayaz var.

 

Kədərli axmayaydı,

Göz yaşım axmayaydı,

Yad baxmağı bir yana -

Yar yada baxmayaydı.

 

Yanımda qal bir az da,

Göz yaşı var Arazda,

Yar yuxusun danışıb -

Şəkli qalıb Arazda...

 

1975 - 1984. (Bax: Vahid Əziz. Yaşadım yaşamaq ehtiyacında. Şeirlər, 2 cilddə,

I cild. 1965 - 2015-ci illərin seçmələri, Bakı, "Azərnəşr", 2024. s.21-22. - 367 səh.)

 

Vahid Əziz klassik şeirimizin qəzəl janrına - şeir şəklinə də müraciət edib və mövzu, məzmun və şəkil cəhətdən yeniliklərlə diqqəti çəkən qəzəllər qələmə almışdır.

Məsələn, onun "Savayı" - "Bu Vətən torpağını, Vallah, yetimlər qorudu; yetimin kimsəsi olmaz ki, Vətəndən savayı... "  "Qalır" - "Yenə də bircə ümid Tanrı verən baxta qalır, Günü xoşbəxt aparır, nə qalsa - bədbaxta qalır, Görəsən, yer üzünün zülmünün olarmı sonu? Kim bilir, bəlkə o da əcəllə bir vaxta qalır?!" ; "Bilirsən" - "Onsuz da bura "Dünya" adlı zindan olubdu, nələr çəkirəm saldığın qəfəsdə, bilirsən..."; "Çəkilib" - "...Vətənin gen gününə hamı can qurban eləyib, elə ki, düşdü dara - azmı qırağa çəkilib? Cahanda bircə nəfər Tanrıya övlad sayılıb - o, da insan əlinə düşüb - çarmıxa çəkilib..." ; "Gedəndi" - "Ağlım kəsəni, Vahid Əziz, "düzlüyü" gəzdi; tapılmır hələ, bəxt kimi yatıb da gedəndi..." qəzəllərindən gətirdiyimiz bu nümunələrdə dediyimiz cəhət özünü bariz bir şəkildə nümayiş etdirir... (Bax: Vahid Əziz. Seçilmiş əsərlər. 2 cilddə, 2-ci cild. 2015-2024 seçmələri. Bakı, "Azərnəşr, 2024. s.5. - 314 səh.)

Zəngin vüsətli Vahid Əziz poeziyası Vətənə, vətənpərvərliyə, vətəndaşlığa, vətənsevərliyə, Azərbaycana - azərbaycançılığa xidmət edir... Millətsevərlik, yurdsevərlik, poetik, lirik-dramatik Qarabağnamələr... Etiraz və ehtiras, fərdilik və fərqlilik, alilik və adilik, millətin, ordunun, haqqın uğuru, qalibiyyət qüruru, qutsal, ilahi qata bağlı Fatehlik eşqinin təntənəsi bu lirik Qarabağnamələrin məğzidir, məzmunudur, predmetidir...

V.Əzizin son illərdə qələmə aldığı əksər şeirlərin motivirovkası əslində Qarabağın xilası uğrunda gedən qələbə döyüşünün poetik gündəliyidir...

 

Zülmət getdi Qarabağdan,

ömrünü çıraq elədin,

var ol, Ali Baş Komandan -

çox günahkar nəsillərin

üzlərini ağ elədin!

 

"Var ol, Ali Baş Komandan!.." şeiri. "Ədəbiyyat qəzeti",

- 2020. - 31 oktyabr. - s.12-13.

 

Vahid Əzizin şeirləri təpədən-dırnağa qədər həyat və insan haqqında işıqlı lirik düşüncələrdən yoğrulmuş daxili poetik monoloqdur... Vahid Əzizin şeirləri - işıqlı düşüncələrin şeiriyyətidir...

80 yaşını tamamlayan xalq şairi Vahid Əzizin estetik idealı mərdanəliyin, bütövlüyün, milli düşüncənin, vətənpərvərliyin və müstəqil dövlətçiliyin daşıyıcısı olan lirik-romantik qəhrəmandır. Bu lirik qəhrəmanın ayağı odlu torpaqdadır, başının üstündə isə üçrəngli dövlət bayrağı dalğalanır. Vətən torpağı ilə dövlət bayrağının vəhdəti Vahid Əzizin estetik idealının mahiyyətidir...

80 yaşın mübarək, yaşdaşım, ədəbi qəhrəmanım, ilhamı lacivərd poetik üfüqlərdə pərvaz edən, bu üfüqlərdən ötkəm, yenilməyən, ritorikadan uzaq, saf duyğuların, səhər mehi təkin xəfif, təmiz səsi eşidilən, adını böyük hərflərlə qeyd etdiyim - VAHİD ƏZİZ!

P.S. Məqalə dərc üçün təqdim edilən ərəfədə Respublika Prezidentinin Vahid Əzizə "Şöhrət" ordeni verilməsi haqqında Sərəncamı verildi. Şöhrətə çoxdan çatmış Xalq şairinin 80 yaşındakı "Şöhrət" ordeni bizi də sevindirdi və təbrik edirik!

 

21.11.2025

 

Qurban Bayramov

Tənqidçi-ədəbiyyatşünas,

Səməd Vurğun mükafatı laureatı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!