Qasırğanın apardıqları... - Vilayət QULİYEV

Vilayət QULİYEV

 

Möhtəşəm ingilis aktrisası Vivyen Linin baş rolda oynadığı "Küləyin apardıqları" filmini görməyənlər yəqin ki, az olar.

Filmdə 1861-1865-si illərdə ABŞ-da quldar Cənubla Şimal İttifaqı arasında gedən dördillik Vətəndaş müharibəsi zamanı Skarlet O`Xaranın (Vivyen Li) və çevrəsindəki dünənin xoşbəxt insanlarının timsalında qanlı qarşıdurma nəticəsində meydana çıxan fəlakətlərin onların hamısının həyatından səmum yeli kimi keçərək hər şeyi qurutduğu, məhv etdiyi, dəyərdən saldığı əks olunmuşdu.

Bilmirəm, 41 yaşında stalinizmin minlərlə günahsız qurbanlarından biri olmuş türkoloq-alim, professor Bəkir Çobanzadəni və birinci həyat yoldaşı Dilarə Bulqakovanı bu filmin qəhrəmanları ilə müqayisə etmək mümkündürmü? - Bəlkə də yox. Çünki dövr də, situasiya da fərqlidir. Amma bir məsələdə şəksiz bənzərlik var: Viktor Fleminqin 8 Oskara layiq görülmüş məşhur filmindəki qəhrəmanların sevgisini, xoşbəxtliyini, insanca yaşayışını Vətəndaş müharibəsinin acı, soyuq rüzgarları necə havaya sovurmuşdusa, haqqında söz açmaq istədiyim Krım Skarlet O`Xaranın və yaxınlarının gün-güzəranını "böyük terror" və ardınca gələn dəhşətli müharibənin qasırğaları qara gətirmiş, göy əsgiyə düymüşdü.

Azərbaycan Cümhuriyyətinin qurucu atalarından Əlimərdan bəy Topçubaşov 1903-cü il noyabrın 28-də "Kaspi" qəzetinin 255-ci sayında "Müsəlman qadınının sərbəst fəaliyyəti" adlı öz dövrü üçün aktual mövzulu bir məqalə dərc etdirmişdi. Təbii ki, adını çəkdiyim yazıda Dilarə Bulqakovadan danışıla bilməzdi. Çünki həmin vaxt qızcığazın cəmisi 8 yaşı vardı. Amma onun ailəsinə qohumluğu çatan digər tanınmış Krım əsilzadə nəsillərinin - Müftizadə, Bolatukov, Şirinski soylarının yetirdiyi pedaqoq, həkim, xeyriyyəçi, ictimai xadim kimi fəaliyyət göstərən türk-müsəlman xanımların fəaliyyətindən sevgi və qürurla söz açılmışdı.

XX əsrin əvvəlində Rusiyanın türk-müsəlman əhalisi arasında qadın hərəkatı da daxil olmaqla, ictimai-siyasi və mədəni cəhətdən bir neçə fəal bölgə vardı: Volqaboyu (Kazan, Orenburq), Krım, Cənubi Qafqaz (Bakı, Tiflis), Litva və Polşa. Əlimərdan bəy məqaləsində belə ziyalı qadınlardan biri, tatar maarifçisi Hüseyin Feyzxanovun qızı Əminə xanımın xeyirsevərliyi, ana və bacılarına əl uzatması haqda yazmışdı: "Morozov fabrikinin ipək saplarından deyil, İslamın ən nəcib amallarından toxunan çarşabına bürünmüş Əminə xanım Feyzxanova fəlakətin tüğyan etdiyi ağır vaxtlarda xalqın arasında olmuş, aylarla ac, xəstə, köməksiz, sinqa yaraları tökən, yatalağa yoluxan insanlara təmənnasız yardım göstərmək üçün gecəsini gündüzünə qataraq çalışmışdı. Yedirib-içirmək, müalicə etmək, oxutmaq, təsəlli vermək kimi nəcib əməllər adını çəkdiyim gözəl müsəlman qadınının gündəlik işində bir vəhdət halında birləşmişdi".

Krım türk qadınlarının nəcib keyfiyyətlərini özündə birləşdirən Dilarə Bulqakovadan Bəkir Çobanzadənin xanımı deyil, XX əsrin əvvəllərində müsəlman qadın hərəkatının tanınmış nümayəndəsi kimi danışmağa daha çox əsas var.

O, 1895-ci ilin sentyabrında Krımda, Yalta yaxınlığındakı Dərəköy kəndində, murza (knyaz) ailəsində doğulmuşdu. Atası Əli İsmayıl Bulqakov (1849-1910) XVII yüzillikdə Osmanlıdan Krıma köçən əsilzadə nəslindən idi.

Başqa bir Krım zadəganı, rus ordusunun polkovniki İsmayıl Müftizadənin 1899-cu ildə "Tavriya elmi arxiv komissiyasının xəbərləri" məcmuəsinin 30-cu sayında dərc olunan "Krım tatarlarının 1783-1899-cu illərdə hərbi xidmət oçerkləri" araşdırmasında Bulqakovların tarixindən söz açılıb. Müəllif nəslin öndəri Əbdüllətif ağanın atası Temir ağa ilə birlikdə Türkiyədən gəlib Krımın müxtəlif yerlərində, eləcə də ailə soyadına çevrilən Bulqak kəndində geniş torpaq sahələri aldığını qeyd edir. 1783-cü ildə yarımada rusların işğalına uğrayanda Əbdüllətif ağa Rusiya təbəəliyinə keçmişdi. Beləliklə də, əcdadları Sultan II Süleyman (hakimiyyət illəri 1687-1691) sarayında xidmət etmiş nəslin Krımla bağlı tarixi başlanmışdı. 2002-ci ildə Ağməscid (Simferopol) televiziyasının keçirdiyi televiktorinanın nəticələrinə əsasən Bulqakovlar soyu Krımın qədim zadəgan nəsli kimi tanınmışdı. Bir neçə əsrlik zəngin şəcərə ağacında digər məşhur soylarla - tatar kökənli Kantakuzin, Balatukov, Şirinski, Ulanov, Kıpçakski, Karamanov, Tayqanski, Karaşayski ailələri ilə qohumluq bağları Bulqakovlardan bölgənin geniş əlaqələrə malik, nüfuzlu təmsilçiləri kimi söz açmağa imkan verir.

Bulqakov soyadı başqa bir assosiasiya da doğurur. Böyük yazıçı, onilliklər boyu düşüncələrə hakim kəsilən məşhur "Master və Marqarita" romanının, digər diqqətəlayiq əsərlərin müəllifi Mixail Bulqakov (1891-1940) konkret bu nəsildən olmasa da, Rusiyanın siyasi, hərbi, inzibati, mədəni elitasının əksər nümayəndələri kimi kökləri, mənşəyi ilə, heç şübhəsiz, türk-tatar əsilli idi...

(Dilarə xanım rəfiqəsi ilə)

***

Əli Murza Bulqakova gəldikdə isə, XIX əsr Krım ziyalılarının adlı-sanlı nümayəndələrindən biri kimi məşhurlaşmışdı. Yaltada xeyriyyəçiliklə məşğul olur, milli və dini-mənəvi məsələlərin müzakirəsində, yaxud həllində daim öncül mövqedə dayanır, maarifçi kimi tanınırdı. "Tərcüman" ideyalarının qızğın tərəfdarı, İsmayıl Qaspıralının yaxın silahdaşlarından biri idi. Həyatının son illərini Krımda keçirən böyük dramaturq A.P.Çexovla məktublaşırdı. 1900-cü ildə Əli Murzanın şəxsi vəsaiti hesabına Dərəköy kəndində tatar qadınlarının çalışa bilmələri üçün kiçik bir tikiş fabriki qurulmuşdu. Mavritaniya üslubunda tikilmiş fabrik-məktəb binasının layihəsini memar N.Tarasov hazırlamışdı.

Birinci Rus inqilabından sonra Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə ümumrusiya müsəlman partiyası - "İttifaq əl-Müslimin" yaradılanda onun Krım bölməsinin rəhbərliyində İsmayıl Qaspıralı (sədr), Mustafa Kıpçakski, Ahmet Müftizadə, Əli Murza Bulqakov və b. təmsil olunmuşdular.

Əli Murzanın adını daşıdığı əmisi Əli bəy Bulqakov (1815-1892) və onun oğlu Səid bəy Bulqakov (1859-1939) da tanınmış ictimai xadim və xeyriyyəçi idilər. Peterburq Zadəgan alayında xidmət keçən Əli bəy uzun illər Tavriya mülki qubernatorunun dəftərxanasında çalışmışdı. On iki il ərzində Yalta Zadəgan Məclisinin sədri olmuş, qüsursuz işinə görə rus ordenlərinə layiq görülmüşdü. Əli bəyin nəcib, xeyirxah əməllərindən biri də Buxara əmiri və Rusiya müsəlmanlarının könüllü ianələri hesabına inşa edilən Peterburq Cümə məscidinin tikintisinə o dövr üçün böyük məbləğ sayılan 1000 manat ayırması olmuşdu. Krımda dərslərin yeni üsulla keçildiyi və açılışına İsmayıl bəy Qaspıralının gəldiyi Rüşdiyyə məktəbi də onun vəsaiti hesabına tikilib təchiz olunmuşdu. Nəhayət, həqiqi dövlət müşaviri (orduda general-mayor) çininə yüksələn oğlu Səid bəy Bulqakov yüksək rütbəli məmur və Tavriya Zadəgan Məclisinin sədri kimi soydaşlarının maddi-mədəni problemlərinin həllinə mühüm töhfə vermişdi.

 Belə adlı-sanlı nəsli təmsil edən Dilarə Əli Murza və Zöhrə Soltan Bulqakovların ailəsindəki dörd uşaqdan ən böyüyü idi. Əli Bulqakovun Yaltada indi də yerli əhəmiyyətə malik memarlıq abidəsi kimi mühafizə edilən 20 otaqdan ibarət mülkü var idi. Ailənin xoşbəxt günləri də burada keçmişdi. Dilarə qardaşı Bəxtiyarla birlikdə pedaqoji kurslarda təhsil almışdı. Hər iksinin həyatı 1925-ci ildən sonra Bakı ilə bağlı olmuşdu. Azərbaycan məktəblərində rus dilini tədris edən Bəxtiyar Bulqakov qohumlarının dediyinə görə, 1942, yaxud 1943-cü ildə Bakıda vəfat etmişdi. Harada dəfn edildiyi və məzarının yeri bəlli deyil.

Dilarə 30 yaşında ikən Azərbaycan paytaxtına gəlməsinə baxmayaraq həmin vaxta qədər böyük məktəb, hətta mübarizə yolu keçmişdi. İctimai fəaliyyətə və qadın hərəkatında iştiraka, demək olar ki, yeniyetməlik çağında başlamışdı. Şəfiqə Qaspıralı, İlhamə Toxtar, Zeynəb Əmirxan, Səlimə Yaqubova və digər gənc tatar qadınları ilə birlikdə 16-17 yaşlarından Krımda qadın cəmiyyətlərinin, savad kursları və məktəblərin təşkilində yaxından iştirak etmişdi. Krım türklərinin milli-azadlıq hərəkatının lideri Cəfər Seyid Əhməd "Xatirələr"ində yazırdı: "Dilarənin tez-tez səslənən kəskin çıxışları yerli əhalinin mühafizəkar hissəsini elə hiddətləndirmişdi ki, etirazlarını açıq şəkildə bildirmişdilər. Dilarə Bulqakova ilk gündən feminist mövqeyinin radikallığı ilə seçilirdi. 1917-ci ildə o, soydaşı İlhamə Toxtarla birlikdə müsəlman qadınların aprelin 24-dən 27-nə qədər Kazanda keçirilən və milli qadın hərəkatının ideya əsaslarının işlənib hazırlanmasında mühüm mərhələ təşkil edən Ümumrusiya qurultayının iştirakçısı olmuşdu".

Sonralar  Yaltanın bir hissəsinə çevrilən Dərəköy kəndində yaşadığı dövrdə Dilarə Bulqakova "Yeni həyat" adlı qadın komitəsi qurmuşdu. Burada qızlara savad öyrədilir, hüquq və vəzifələri başa salınır, ailə-məişət məsələlərinə dair mühazirələr oxunurdu. 22 yaşlı Dilarə azsaylı türk-tatar qadınlarının sırasında 1917-ci il 1-11 may tarixlərində Rusiya türk-müsəlman xalqların gələcəyi ilə bağlı mühüm qərarlar alındığı I Moskva Ümumrusiya müsəlman qurultayının iştirakçısı olmuşdu. Gülsüm Asfandiyarova, Zahidə Burnaşova, Rauza Çanışeva-Sultanqalieva, Səlimə Yaqubova kimi tanınmış xanımlarla birlikdə Rusiyanın Müsəlman qadınları müvəqqəti təşkilat bürosunun üzvlüyünə seçilmişdi.

1917-ci ilin dekabrında şəxsi həyatında mühüm hadisə baş vermişdi - Dilarə Krım türklərinin tanınmış ictimai-siyasi xadimi Mustafa Kıpçakskinin (1861-1918-ci ildən sonra) oğlu İsmayılla (1887-?) ailə qurmuşdu. Mustafa Murza da İsmayıl Qaspıralının ətrafındakı fəal, millətini sevən, Krımda türk varlığını yaşatmağa can atan, fədakar insanlardan idi. 1918-ci ildə Polşa tatarı, general Masey Sulkeviçin (1865-1920) yarımadada qurduğu qısaömürlü Krım Respublikasının dövlət nəzarətçisi olmuşdu. Adını daşıyan ilk nəvəsini - 1919-su il fevralın 23-də doğulan gələcək Mustafa Kıpçakskini görüb-görmədiyini demək çətindir.

Dilarə Bulqakovanın üçüncü nikahdan doğulan oğlu Eldar Parpetovun yazdığına görə, anasının "İsmayılla evliliyi uzun sürməmişdi. Boşanandan az sonra teatrda gənc professor Bəkir Çobanzadə ilə tanış olmuşdu. Dilarənin gözəlliyi və ağlı onu heyran qoymuşdu. Ürəyini açmış, evlənmək təklif etmişdi. Ailə qurandan sonra Dilarə ərinin soyadına keçmişdi. Bəkir Çobanzadə kiçik Mustafanı rəsmən oğulluğa götürmüşdü. Ona soyadını və ata adını vermişdi. Mustafa bütün həyatı boyu həmin ad və soyadı şərəflə daşıdı. Atalığı ilə həmişə fəxr etdi".

Bu mühüm detal Bəkir Çobanzadənin miflərlə dolu, sirr pərdəsinə bürünmüş həyatının bir məqamına aydınlıq gətirir. Bəzi müəlliflər alimin Mustafa adlı oğlunun olduğu göstərir. Bu fakt, hətta Çobanzadə irsinin bilicisi, krımlı professor D.P.Ursunun mükəmməl tədqiqat əsərində - ikinci nəşri 2013-cü ildə Simferopolda çıxan "Bəkir Çobanzadə. Həyatı. Taleyi. Dövrü" kitabında da (doğrudur, müəyyən şübhələrlə!) özünə yer alıb. Əslində isə, Mustafa İsmayıl oğlu Kıpçakski kimi doğulan uşaq yalnız 4-5 yaşlarında Mustafa Bəkir oğlu Çobanzadə olmuş və sona qədər bu adla yaşamışdı. Hətta atalığının repressiyaya uğraması da onu "zərərli" soyaddan imtinaya məcbur edə bilməmişdi.

Anabir qardaşı Eldar Parpetova 1952-ci ilin yanvarında bağışladığı şəklin arxasında yazdığı aşağıdakı sözlər Mustafanın yüksək mədəniyyətinə və nəcibliyinə dəlalət etməkdədir: "Mənim gənc, qəlbimə yaxın qardaşım Edik! Ata evini tərk edib o qədər də asan olmayan uzaq yola çıxacağın gün yaxınlaşır. Hansı yolla gedəcəyini öncədən deyə bilmərəm. Çünki görücü deyiləm. Sənə şöhrət müjdəsi də verə bilmirəm. Zira, insan şöhrəti xəyali və ərköyündür. Amma inanıram ki, yüksək ağlınla, zəhmətə alışqanlığınla həyatda yolunu tapacaq, can atdığın məqsədə qovuşacaqsan. Bu yolu keçərkən bizi - ilk gənclik illərini də bir xeyirxah sözlə, tərifəlayiq əməllə yada sal. Mustafa Çobanzadə. 19.1.1952".

(Ədhəm Parpetov)

 

Eldar Parpetovun yazdığına görə, "Dilarə Bəkir Çobanzadənin siyasi baxışlarını bölüşürdü. Əri tez-tez siyasi, ictimai, elmi və pedaqoji fəaliyyəti ilə bağlı məsələləri onunla müzakirə edirdi. Belə söhbətlər zamanı xanımının mülahizələrinin səlisliyinə, yaşına uyğun olmayan müdrikliyinə təəccüblənməkdən özünü saxlaya bilmirdi. Dilarənin fərdi intellektual inkişafında doğma ana dili ilə bir sırada türk və rus dillərini də mükəmməl bilməsinin rolu az olmamışdı".

1925-si ildən Bəkir, Dilarə və Mustafa Çobanzadələrin Bakı həyatı başlamışdı. Onlar keçmiş Kooperativnaya (indiki Yusif Məmmədəliyev) küçəsində, 3 saylı binanın 5-ci mənzilində yaşayırdılar. Amma xoşbəxt ailə həyatı uzun müddət davam etməmişdi. Ədalət Tahirzadənin yazdığına görə, izdivacın pozulması Dilarənin, bəzən dözülməz həddə çatan sərt, tələbkar xarakteri, ifrat hökmlülüyü ilə bağlı idi. 1928-ci ilin sonu, yaxud 1929-cu ilin əvvəlində cütlüyün yolları ayrılmışdı. Şöhrətinin zirvəsinə yüksələn professor Bəkir Çobanzadə az sonra Bakı Opera Teatrının artisti, Volqaboyu tatarı Ruqiyə Gireyevna Abdulina (Ulyanovsk, 1904-?) ilə evlənmişdi. Taleyindəki, bəlkə də dost-tanış arasında ilk baxışdan həsəd doğuran bu dəyişiklik nəticəsində gənc, aktrisa kimi perspektivli qadın bir neçə il sonra "ÇSİR" (çlen semyi izmennika rodinı - vətən xaininin ailə üzvü) cəza düşərgəsinə göndəriləcək, bir-birindən ağır məhrumiyyətlərlə üzləşməli olacaqdı...

Onu 1937-ci il oktyabrın 14-də, Bəkir Çobanzadənin güllələndiyi gecənin səhəri həbs etmişdilər. "Ərinin cinayətlərini bilib xəbər vermədiyinə görə" islah-əmək düşərgəsində 8 uzun, məşəqqətli il keçirmişdi. Cəzasını, necə deyərlər, günü-gününə qədər Qazaxıstanda, məşhur ALJİR-də (Akmolinskiy lager dlya jon izmennikov rodinı - Vətən xainlərinin arvadları üçün Akmolinsk cəza düşərgəsi) çəkmişdi. Həbsdən qayıdandan yalnız 10 il sonra, Xruşşovun "yumşalma dövründə" özünün və ərinin taleyinə aydınlıq gətirmək üçün Azərbaycan SSR Daxili İşlər Nazirliyinə müraciət etmişdi: "Mən də mütəxəssis idim, müstəqil işim vardı. Onun (Bəkir Çobanzadənin - V.Q.) hərəkətləri üçün necə cavabdeh ola bilərdim? Aradan illər keçib, amma bu gün də heç nədən xəbərim yoxdur. Ara yerdə gəncliyimi, karyeramı, olan-qalan əmlakımı itirdim. Nəyə görə? Bilmirəm." 1955-ci ilin dekabrında Xaçmaz musiqi məktəbinin müəllimi işləyən Ruqiyə Gireyevna Abdulina "əməlində cinayət tərkibi olmadığına görə" bəraət almışdı. Keçmiş ərinin taleyini həbsindən 20 il keçəndən sonra, 1957-ci ilin oktyabrında öyrənə bilmişdi...

Dilarə Çobanzadəyə (oğlu Mustafanın yazdığına görə, 1937-ci ilin yayına qədər bu soyadı saxlamışdı) gəldikdə isə, türklər demişkən, üçüncü dəfə dünya evinə girmişdi. Yəni ərə getmişdi. 1931-ci ilin ortalarında, çox güman doğma kəndi Dərəköydən tanıdığı Ədhəm Parpetovla ailə qurmuşdu. Parpetovlar Krımın ziyalı və imkanlı adamlarından idilər. Ali tibb təhsili olan Ədhəm Dərəköydə aptek müdiri işləmişdi. 1928-ci ildə həkim işləyən qardaşı Memetlə birlikdə əksinqilabi "Milli Firqə" təşkilatı və Türkiyədəki Krım müxalifəti ilə əlaqələrdə təqsirli bilinərək, üç il müddətinə azadlıqdan məhrum edilmişdilər. Həbs müddəti başa çatan Ədhəm Parpetov dil və din birliyinə, iş yerləri və ali təhsil müəssisələrinin çoxluğuna görə xeyli sayda Krım türkünün məskunlaşdığı Bakıya üz tutmuşdu.

Amma üzərində böyük şəhərlərdə və sərhəd bölgələrində yaşamaq qadağası olduğu üçün yeni evləndiyi xanımını da götürüb Zaqatalaya köçmək məcburiyyətində qalmışdı. 1934-cü ildə bu nikahdan oğlu Eldar doğulmuşdu. Taleyin qəribə gərdişi ilə qardaşı Mustafa kimi, o da ata adını və nəsil soyadını daşıya bilməmişdi. Əsl valideynlərini itirəndən sonra Eldar Ədhəm oğlu Parpetov yerinə Eldar Sergeyeviç Şakaryan olmuşdu. Bu barədə bir qədər aşağıda...

1934-cü il təkcə övlad sevinci ilə deyil, həm də ər, ailə başçısı itkisi ilə yadda qalmışdı. Ədhəm Parpetovu, görünür, bu dəfə həmişəlik aparmışdılar. Yenidən tək qalan Dilarə Bakıya qayıtmışdı. İçərişəhərdə iki kiçik otaqdan ibarət mənzil kirayə edib oğulları Mustafa və Eldarla orada yaşamağa başlamışdı. Anası da həyatın get-gedə dözülməz olduğu Krımdan köçüb yanlarına gəlmişdi.

"Evimiz həmişə qonaqla dolu olurdu, - deyə Eldar Parpetov xatırlayır. - Gələnlər Bulqakovlar ailəsinin qohumları və yaxın tanışları, eləcə də "Yeni həyat" komitəsi ilə bu və ya başqa şəkildə bağlı olan, anamı yaxşı tanıyan qadınlar idi. Bolşevik zülmündən baş götürüb qaçan həmin adamlar Bakıya, ya bir yol tapıb burada qalmaq, ya da Xəzəri keçib Orta Asiyada, İran sərhədinə yaxın yerlərdə daimi yaşamaq üçün gəlirdilər.

Davranışından, ünsiyyət mədəniyyətindən savadlı, ziyalı, əvvəllər yüksək təbəqəyə mənsub imkanlı insanlar olduğu sezilirdi".

 Heç bir yerdən kömək gözləməyən Dilarə özünü pedaqoji sahədə sınamaq qərarına gəlmişdi. 1934-cü ildən etibarən Bakının müxtəlif rayonlarındakı məktəblərin yuxarı siniflərində rus dili və ədəbiyyatı fənnini tədris edirdi. Tezliklə pedaqoji sahədə fərqlənə bilmişdi. 1941-cı ildə oğlu Eldarı da özünün işlədiyi 176 saylı məktəbin birinci sinfinə qoymuşdu.

Lakin elə həmin ilin yayında başlanan Böyük Vətən müharibəsi azacıq da olsa, yoluna düşmüş kimi görünən həyatlarını yenidən yaşanmaz hala gətirdi. Bakıda qalmağın mümkünsüzlüyünü görən Dilarə anası ilə oğlunu da götürüb Kürdəmir rayonunun Mollakənd sovetliyinə köçmüşdü. Eldarın xatırladığına görə yaşlı kəndlinin bir "gözlü" evinin küncünə sığınmışdılar.

Dilarə məktəbdə həm rus, həm Azərbaycan dilindən dərs deyirdi. Müharibə uzandıqca burada da yaşayış çətinləşirdi. Siniflər boşalmışdı. Bir müddət sonra isə məktəb binasında hərbi hissə yerləşdirildi. Dilarə əsgərlərin azərbaycanlı, komandirlərin rus olduğu hərbi hissədə bir müddət tərcüməçilik etməklə oğluna və yaşlı anasına cüzi də olsa, ərzaq ala bilirdi. Ehtiyacın amansız əli əvvəl xəstə və yaşlı Zöhrə xanımı apardı. Onu kənd qəbiristanlığında, adsız məzarda dəfn etdilər.

Tanışlarından qonşu Ağdaş şəhər məktəbində vəziyyətin az-çox babat olduğunu öyrənən Dilarə çətinliklə də olsa, ora dəyişdi. Direktor onu və balaca oğlunu mehribanlıqla qarşıladı. Hətta imkansızlığını nəzərə alıb məktəb açılana qədər sinif otaqlarından birində daldalanmalarına icazə verdi.

Tezliklə dolanışıq baxımından Ağdaşın da Kürdəmirdən fərqlənmədiyini gördülər. Dərslər başlananda isə saatların sayının güman etdiyindən xeyli az olduğu aşkara çıxdı. Zavallı qadının gücü yalnız acı-acı ağlamağa çatdı. Daha sinif otağında qalmaq mümkün deyildi. Kirayə mənzil tutmaqdan isə heç söhbət gedə bilməzdi. Rəhmdil direktor həyətdəki palçıq damı - süpürgə, döşəmə əskisi, vedrə, xəkəndaz və s. saxlanan, kəndlilərin çovustan dediyi yeri məktəbin ən savadlı müəllimi üçün ayırmaqdan başqa çıxış yolu tapmamışdı. Hər gün qüvvəsini bir az da itirən Dilarə indi yalnız oğlunu necə xilas etmək barəsində düşünürdü. Kürdəmirdən Ağdaşa gələrkən Bakıda yaşayan, qızına baş çəkməyə gedən bir azərbaycanlı qadınla tanış olmuşdu. Xeyirxah qadın burada qaldığı müddət ərzində bəzən çarəsiz ana-balaya baş çəkməyə gəlir, bəzən yeməyə də əlinə düşəndən bir şeylər gətirirdi. Eldar Parpetov anasının son günlərini belə təsvir edir:

"O, yarıac şəkildə günlərlə quru torpağın üstünə salınmış yataqda uzanır, demək olar ki, danışmırdı. Yeni tanışımız vidalaşmaq üçün gəldi, tezliklə Bakıya qayıdacağını dedi. Anam xahiş elədi ki, məni də şəhərə aparıb Aliyə adlı tanışına versin. Özü də sağalıb ayağa duran kimi dalımca gələcək. Aydın məsələdir ki, həmin vaxt anam bir də heç vaxt görüşə bilməyəcəyimizi yaxşı başa düşürdü".

Krımın ən gözəl guşəsində, zəngin murza mülkündə dünyaya göz açan, artıq özü də məhvin astanasına sürüklənmiş vətəni kimi çarəsiz vəziyyətə düşən Dilarə Bulqakova Ağdaşda, bir məktəb həyətindəki köhnə, uçuq-sökük damda tək-tənha dünyaya gözlərini yumdu. Bu, təxminən, 1943-cü ilin noyabrında olmuşdu.

Təsadüfi tanışın Mustafanı Ağdaşdan gətirib təhvil verdiyi Aliyə Krım türkü idi. Soydaş və həmyerli kimi Dilarəyə əvvəllər də köməyi dəymişdi. Ali Sovetdə protokol şöbəsinin müdiri vəzifəsində çalışırdı. Ağır yaralandığına görə cəbhədən qayıtmış əri Sergey Şakaryan isə Bakı ermənisi idi. Anasının ölüm xəbəri alınanda onlar 9 yaşlı oğlanı övladlığa götürdülər. Beləliklə, Eldar Parpetov dönüb oldu Eldar Sergeyeviç Şakaryan. Müharibədən sonra Neft və Kimya İnstitutunu bitirib mühəndis ixtisasına yiyələndi. Göndərişlə getdiyi Sumqayıtda yaşadı, burada "Neftkimyaavtomat" Elmi-Tədqiqat Layihə İnstitutunda "Hesablama texnikasının analitik nəzarətdə tətbiqi" sektoruna rəhbərlik etdi. 1982-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi aldı. Əmək qabaqcılı və səmərələşdirici kimi 1986-cı ildə keçmiş SSRİ Nazirlər Sovetinin mükafatına layiq görüldü.

Sovet xüsusi xidmət orqanlarının əli ilə törədilən 1988-ci il Sumqayıt hadisələrindən sonra əsilli-köklü türk Eldar Şakaryan, çox güman, "təhlükəli" soyad daşıdığına görə İrəvana köçməli olmuşdu. Özü bu barədə bir qədər də utancaq şəkildə yazır: "1988-ci ildə Ermənistana, "Sənaye avtomatikası" elm-istehsalat birliyinin elmi işlər üzrə direktor müavini vəzifəsini tutmaqla bağlı dəvət aldım. 1996-cı ilin fevralına qədər burada çalışdım".

Görünür, İrəvanda keçirdiyi illər erməni soyadlı Krım türkünün "qədim xalq"ın milli müstəsnalıq iddiaları və qarşısıalınmaz türk düşmənçiliyi ilə təcrübədə tanış olmasına imkan yaratmışdı. Nəticədə, xilas yolunu qaçıb boğucu mühitdən qurtarmaqda görmüşdü. 1996-cı ildə ailəsi ilə birlikdə Ukraynanın Poltava şəhərinə pənah gətirmişdi. Yalnız bundan sonra öz türk kimliyi ilə yaxından maraqlanmağa, bu haqda uca səslə danışmağa başlamışdı. Mənsub olduğu xalqın və nəslin tarixi, ünlü şəxsləri, nəcib adət-ənənələri haqda xatirələri "Krımın səsi" (rus dilində) qəzetində çap edilmişdi. Onun rus və Krım-tatar dillərində nəşr olunan "Dərəköydən olan Parpetovların ailə salnaməsi" kitabı soydaşlarının yaşadığı hər yerdə böyük rəğbətlə qarşılanıb. Çünki kitabda bir ailənin timsalında başı bəlalar çəkmiş Krımın hələ də bitib-tükənməyən faciələri, tarixinin şanlı və acı səhifələri, insanlarının sevinc və kədəri, gələcəklə bağlı arzuları əks olunub.

Maraqlıdır ki, hətta İrəvanı tərk edəndən sonra da Eldar Parpetov 9 yaşında götürdüyü Şakaryan soyadını dəyişməyib. Bunu başa düşmək mümkündür. Çünki ana dediyi soydaşı Aliyə, ata dediyi Bakı ermənisi Sergey sözün həqiqi mənasında, onu ölümdən qurtarmışdılar. Müharibənin başsız qoyduğu minlərlə, on minlərlə həmyaşıdı aclıq və səfalətin pəncəsində boğulanda, yeməyə çörək, daldalanmağa  yer tapmayanda o, rahat mənzildə yaşamış, qayğı və himayə görmüş, təhsil almaq imkanı qazanmış, böyüyüb cəmiyyətdə layiqli yerini tuta bilmişdi.

(Mustafa Kıpçakskinin ailə şəkli)

***

Atalığının sovet zindanında məhv edildiyi il Mustafa Çobanzadə o dövrdə də Bakının nüfuzlu təhsil ocağı sayılan 6 saylı məktəbi əla qiymətlərlə bitirmişdi. Qardaşı Eldarın yazdığına görə ucaboylu, idmançı görkəmli, geniş mütaliə dairəsi və yaxşı nitq qabiliyyətinə malik, yaraşıqlı gənc idi. 10-cu sinifdə oxuyarkən yeniyetmələr arasında boks üzrə Azərbaycan çempionatının mükafatçısı olmuşdu. Ona görə də məhəllə avtoritetləri öz aralarında "Çobik" dedikləri Mustafanı görəndə özlərini yığışdırır, artıq-əskik bir söz danışmırdılar. Məktəbi qurtaran il qəbul imtahanlarını əla qiymətlərlə verib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdu. Yaşıdlarının əksəriyyəti kimi, müharibə başlananda 4-cü kurs tələbəsi Mustafa Çobanzadəni də döyüşən orduya çağırmışdılar. Amma cəbhəyə deyil, nədənsə Özbəkistana göndərilmişdi. Oradan isə təhsilini davam etdirmək üçün Moskvaya getmiş, 1943-cü ildə türk və fransız dillərinə mükəmməl yiyələnməklə Hərbi Tərcüməçilər İnstitutunu bitirmişdi. 1947-ci ildə, baş leytenant rütbəsi ilə ordudan tərxis olunana qədər qapalı hərbi hissələrdə xidmət etmişdi. Və bütün bu müddət ərzində heç bir şübhə doğurmadan, irad və iddia eşitmədən "xalq düşməni" kimi güllələnən atalığının Çobanzadə soyadını daşımışdı!

Bakıya qayıdandan sonra ilk işi anasının məzarını axtarmaq olmuşdu. Amma Ağdaşdakı axtarışları heç bir nəticə verməmişdi. Eldar Parpetov (Eldar Parpetovun) yazdığına görə "O, Səfiyyə xanım Qıpçaqskayanın (Mustafanın bioloji atası İsmayıl Qıpçaqskinin bacısı) qızı Fəridə Rüstəmbəyova ilə görüşürdü. 1948-ci ildə evləndilər. 1949-cu il martın 7-də övladları dünyaya gəldi. Mustafa atalığının şərəfinə oğlunun adını Bəkir qoymuşdu. Aradan bunca vaxt keçəndən sonra Mustafa ilə Fəridənin niyə ayrıldığını xatırlamıram. Amma heç vaxt bir-birləri haqda pis danışdıqlarını eşitməmişdim".

Fəridə xanımın atası doktor Cəfər bəy Rüstəmbəyov (1884-1938) diplomat, siyasi və dövlət xadimi kimi Azərbaycan Cümhuriyyətinin qısamüddətli mövcudluq tarixində müəyyən izlər qoymuşdu. Cümhuriyyətin Kuban hökuməti yanında diplomatik nümayəndəsi olmuş, Bakıya qayıdandan sonra nazir müavini vəzifəsi tutmuşdu. Bəkir Çobanzadə kimi, o da repressiya qurbanı idi. Çox güman, şəxsi tanışlıqları olmasa da, qohum sayıla bilərdilər. Cəfər bəy 1918-ci ildə Simferopolda (Ağməscid) ikinci nikahla Mustafa Kıpçakskinin qızı Səfiyyə xanımla evlənmişdi. Qızları Fəridə 1924-cü ildə Tiflisdə doğulmuşdu. Sənaye İnstitutunu (AZİ) bitirmiş, Azərbaycan EA-nın Kimya Texnologiyası İnstitutunda, Sumqayıtdakı Ümumittifaq əhəmiyyətli Layihə İnstitutunda çalışmışdı. 1977-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin birinci müavini, 1980-1984-cü illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdu. 1920-ci ilə qədər ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr haqqında çoxcildli əsərin (prof. Misir Mərdanovla birlikdə) müəllifi, görkəmli tədqiqatçı-alim Ədalət Tahirzadə 2010-cu ildə onunla görüşüb atası haqda bildikləri ilə maraqlanmışdı.

Mustafa Çobanzadə müharibənin yarımçıq qoyduğu universitet təhsilini başa vurub, Bakı məktəblərində tarix fənnini tədris etmişdi. Şagirdlərinin dediyinə görə, müəllimlik onda Allah vergisi idi. Tarixi sadəcə tədris etmirdi, uşaqların gözləri önündə canlandırırdı, onları haqqında danışdığı dövrə, zamana səyahətə aparır, bəhs etdiyi şəxsiyyətlərlə sanki üzbəsurət görüşdürürdü. Fəridə Rüstəmbəyova ilə boşanandan sonra keçmiş xanımının tələbə yoldaşı və yaxın rəfiqəsi Zinaida Petrovna ilə evlənmiş, ömrünün son üç ilini onunla yaşamışdı. 1953-cü ilin martında 34 yaşında Bakıda vəfat etmişdi. Məzarı son illərə qədər Dərnəgül qəbiristanlığında idi.

Eldar Parpetov iddia edir ki, Mustafa ilə Fəridənin birgə nikahdan doğulmuş oğlu Bəkir əvvəl Çobanzadə soyadı daşısa da, sonra anası onu öz soyadına keçirmiş və beləliklə, Bəkir Rüstəmbəyov olmuşdu. Lakin 2010-cu ildə Azərbaycan MEA Fizika İnstitutunun əməkdaşı Bəkir Mustafa oğlu Çobanzadə ilə görüşüb ailəsinin və nəslinin taleyi haqqında ətraflı söhbət aparan tədqiqatçı-alim Ədalət Tahirzadə bu iddianın həqiqətə uyğun olmadığını sübuta yetirmişdir.

Bir qədər inandırıcı görünməsə də, Bəkir Çobanzadə ilə bağlı bir epizodu da burada xatırlatmaq istərdim. Alim hələ "xalq düşməni" kimi həbs olunmamışdan əvvəl Bakıda yaşayan hansısa tatar rəssamı onun Krım peyzajı fonunda at belində böyük portretini çəkibmiş. Mustafa Çobanzadə ordudan qayıdandan sonra həmin rəssamı tapıb hələ də emalatxanasında saxlanan portreti ondan satın almış, mənzilinin ən görkəmli yerindən asmışdı. Və bütün bunlar 1953-cü ilin martına qədər baş vermişdi. Tatar rəssamın məşhur soydaşının portretini çəkməsi tamamilə mümkündür. Lakin onun həbsindən və gedər-gəlməzə göndərilməsindən sonra portretini illər boyu emalatxanasında saxlaması, yaxud oğulluğunun həmin portreti mənzilində asması dövrün ruhu ilə qətiyyən bir araya sığışmır.

50-ci illərin ortalarında isə Bəkir Çobanzadənin günahsız repressiya qurbanı kimi qanuni bəraət qazanan ikinci arvadı Ruqiyyə Abdulina "ailə mülkiyyəti sayılan" rəsm əsərini Zinaida Petrovnadan tələb etmiş və geri almağa müvəffəq olmuşdu. Əgər bütün bunlar doğrudursa, həmin portretin sonrakı taleyi də bəlli deyil. Digər tərəfdən, Ruqiyyə Abdulinanın birinci evlililkdən, yaxud nikahdankənar münasibətdən doğulan oğlu Gireyi Bəkir Çobanzadənin həqiqi varisi kimi təqdim etməyə, hətta rəsmiləşdirməyə təşəbbüs göstərməsi ilə bağlı məlumatlar da var.

Son nöqtəni qoymazdan əvvəl düşündüm: bu qədər əziyyət çəkib, vaxt və enerji itirib haqqında söz açdığım uzun, kədərli və dolaşıq tarixçəni, mürəkkəb ailə saqasını araşdırmağa dəyərdimi? Məncə, dəyərdi!

Alimləri, yazıçıları, şairləri iş otağında, kitab rəfi önündə, yazı masası arxasında, əli alnında, Mirzə Cəlil demişkən, "gözlərini göyə zilləyib qafiyə axtaran şəkildə" təsvir etmək keçmiş dövrün ənənəsi idi. Bir sıra hallarda onların yaradıcılığına öz möhürünü vuran ömür yolunu, "həyat odisseyası"nı daha dərindən öyrənmək üçün bioqrafiyalarının qaranlıq məqamlarına da baş vurmaq lazım gəlir.

Bu yazı da belə bir ehtiyacdan doğuldu.

 

Oktyabr-noyabr, 2025-ci il

Sarayevo

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!