Azər TURAN
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay böyük elmi hadisə olmaqla yanaşı, həm də film kimi bir hadisədir. Onun kinematoqrafik həllini tapan rejissor dünyanın ən təsirli filmlərindən birinə imza atmış olardı...
***
Burda həm respublika rəhbərləri, həm də nazirlər var. İnoqamov Özbəkistanın, Perenqliyev Türkmənistanın, Mustafa Quliyev Azərbaycanın Xalq maarif naziridir. Moskvalı nümayəndə Naqovitsın RSFSR-in sosial təminat naziridir. Baraxov Yakutiya Xalq Komissarları Şurasının sədridir, Qorxmazov Dağıstan Nazirlər Sovetinin sədridir, əslən Qubadan olan azərbaycanlı Məmmədbəyov Dağıstanın maliyyə naziridir. Mirzə Davud Hüseynov Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının Xalq maliyyə naziridir...
1937-ci ildə İnoqamov da, Perenqliyev də, Quliyev də, Naqovitsın də, Baraxov da, Qorxmazov da, Məmmədbəyov da, Mirzə Davud Hüseynov da "xalq düşməni" kimi güllələnəcəklər.
Burda türk dünyası birləşib. Özbək Xalid Səid Azərbaycan türkoloqudur. Kazan tatarı Alparov türkmən türkoloqudur. Xalid Səid Xocayevin Qurultay təəssüratlarını bölüşdüyü "Yeni əlifba yollarında əski xatirə və duyğularım" kitabına kazan tatarlarından Əziz Qubaydullin Ön söz yazır...
SSRİ Elmlər Akademiyası Azərbaycan filialının özbək əsilli elmi işçisi Xalid Səid Xocayev də, Bakı Darülfünunu Şərq fakültəsinin kazan əsilli professoru Əziz Qubaydullin də 1937-ci ildə güllələnəcək.
Burda Azərbaycan türkoloqlarının biri Çobanzadənin timsalında krımlıdır, biri Xalid Səidin timsalında özbəkdir, biri Zifeldin timsalında estondur, biri Qubaydullinin timsalında kazan tatarıdır.
Almatıda Baytursunovu ittiham edirdilər ki, Bakıda Bəkir Çobanzadə ilə əlaqələri var. Yaxud əksinə, Baytursunovla əlaqələri olduğuna görə Bakıda Çobanzadəni suçlayırdılar...
Baytursunov da, Bəkir Çobanzadə də 1937-ci ildə güllələnəcəklər.
Burda bir ailə var. Yeganə qadın nümayəndə Ayna Sultanova da burdadır. Əri Həmid Sultanov da burdadır. Qardaşı Qəzənfər Musabəyov da burdadır.
1937-ci ildə üçü də bir yerdə güllələnəcək...
Burda hamı bir-birinə qarışıb. Millətçi uklonistlər də burdadır, sol eserlər, anarxistlər, bolşeviklər də və s. Pepinovun timsalında səkkiz ay öncə müstəqil Azərbaycanın üçrəngli bayrağını qaldıranlar da burdadır, Həbib Cəbiyevin timsalında altı ay öncə onu endirib Sovet Azərbaycanının oraq-çəkicli bayrağını ucaldanlar da.
1937-ci ildə Pepinov da, Həbib Cəbiyev də güllələnəcəklər.
Burda bir Petrov var, həm xristian rahibidir, həm çuvaş millətçisidir, həm də türkoloqdur. 1937-ci ildə Petrov da güllələnəcək.
Güllələnənlər çoxdur, saymaqla qurtarmır. Amma burda həm də talelər var. Tutaq ki, Alparovla Gəldiyev - ikisi də başqırddır. Ufa mədrəsəsində bir yerdə təhsil alıblar. Sonra Türkmənistanda bir yerdə çalışıblar; bir yerdə türkmən dilinin qrammatikasını yazıblar. Sonra da Gəldiyev 1931-ci ildə 41 yaşında, Alparov isə 1936-cı ildə 47 yaşında dünyalarını qəfil dəyişiblər.
Leninin dostu, milliyyətcə eston olan Artur Zifeld Ədəbiyyat İnstitutunun ilk direktorudur. Mahmud Kaşğari Divanının tərcüməsinə imkan verdiyi üçün 8 il müddətinə sürgünə göndəriləcək.
Milliyyətcə çex olan Nikolay Roqdayev Leninin məsləhəti ilə Tiflisdə Qafqaz İcraiyyə Komitəsində elmi katib işləyir. Hansı səbəbdənsə o da Daşkəndə sürgün ediləcək.
Artur Zifeld Kolımada sürgündə və 50 yaşında "qocalığı" və ürək çatışmazlığı səbəbilə həlak olacaq.
Roqdayev isə 1934-cü ildə sürgündə 54 yaşında beyninə qansızma nəticəsində dünyasını dəyişəcək.
İsmayıl bəy Qaspıralının Türkoloji Qurultayda iştirak edən varislərinin - krımlı nümayəndələrin aqibətinə baxın: Bəkir Çobanzadə güllələnib. Osman Akçoraklı güllələnib. Həsən Səbri Ayvazov güllələnib. Nedim Mahmut güllələnib. Ukrayna Elmlər Akademiyasının qurucularından və ilk akademiklərindən biri - Aqafanqel Krımski də, Odabaş da, Yakub Kamal da həbsxanalarda həlak olublar və s. Kazan tatarları da elə...
Türkoloji Qurultayın, şübhəsiz, pantürkist tərəfləri də var idi. Tutaq ki, əslən türk olsalar da, inanc məsələsində türklərdən ayrılan xristian yakutlar üçün əlifba islahatı problemi yoxdu. İndiyə qədər ərəb əlifbasını işlətməmişdilər ki, indi ərəb əlifbasından imtina edib, yerinə latın əlifbasını tələb edəydilər. Onlara ümumtürklərin hamısının işlədəcəyi vahid əlifba lazım idi. Yakut Baraxovun çıxışında fikirlər birbaşa, açıq mətnlə ifadə olunub. 1926-cı ildəki Yakut ziyalısının təsəvvürünə görə xristianlıq rus dinidir. "Yakut xalqı XVII yüzildə zorla rus dininə vəftiz edilmişdir... Adlarımızın İvan, Sergey, Vasili olması səbəbilə başqa türklərlə qarşılaşanda onlar bizi rus zənn edir. Bir-birimizi çətin anlasaq da, dillərimiz ortaq bir kökə malikdir. Ona görə də biz Türkoloji Qurultaya maraqla yanaşırıq. Orfoqrafiya, terminologiya və ən əsası, əlifba məsələləri digər türk dilləri ilə eyni qanunlara tabe olan Yakut dili də daxil olmaqla, bütün türk dilləri ailəsi üçün eyni mənaya malikdir". Bu mənada türklər əlifba sferasında birləşəcək və bir-birlərinin yazılı dilini anlayacaqdılar. Yaxud Şimali Qafqazda qaraçaylarla, kabardinlərlə, balkarlarla, noğaylarla yanaşı çeçenlər də, inquşlar da, çərkəzlər də, adıgeylər də türk-tatar əsaslı latın qrafikasına keçirdilər və Rusiyanın dağlı xalqları ruslaşdırmaq siyasətinin vasitəsi olan kiril əlifbasına doğru vaxtilə rus missioner İlminskinin başladığı hərəkatın önü kəsilirdi. Yaxud Orta Asiya respublikalarında da eyni proses gedirdi. Rusların ərəb əlifbasını kiril əlifbasıyla əvəzləmək istəyi baş tutmamış, latın əlifbası problemi ortaya çıxıb assimlə siyasətinə əngəl olmuşdu. XX yüzilin ilk illərində Rusiya müsəlmanlarının liderləri kiril əlifbasının timsalında rus təcavüzündən ərəb əlifbasını qoruduqları kimi, 1920-ci illərdə də türk mütəfəkkirlər bolşevik rusların daha dərin və daha qurnaz siyasəti ilə üzləşmişdilər. Məqsəd din birliyini təməlindən qoparmaq idi. Türk düşüncəsi bunun qarşılığında ekvivalent olaraq milli kimlik məsələsini ortaya çıxardı.
.jpeg)
***
1926-cı ildə çap olunmuş stenoqramdakı siyahıda adının olmamasına rəğmən, Türkoloji Qurultayın aparıcı simaları sırasında yer alan bir neçə nəfər var ki, onlarsız bu buraxılışı təsəvvür edə bilmədik.
Məsələn, Qurultaydakı məruzəsində Qubaydullin bildirir ki, "Azərbaycan türkləri təkcə öz ədəbiyyatlarının tarixi ilə maraqlanmır, həm də digər türk xalqlarının ədəbi əsərlərinin öyrənilməsinə böyük diqqət yetirirlər. Bunun sübutlarını Azərbaycan Dövlət Universitetinin əməkdaşı İsmayıl Hikmətin Anadolu türk ədəbiyyatı tarixinə dair əsas əsərində tapmaq olar. İndiyə qədər dörd cild nəşr olunub ki, bunlardan ilk üçü XIX əsrə, dördüncü XX əsr Anadolu türk ədəbiyyatına həsr olunub. Hikmətin bu əsəri bu sahədə ilk sistemli və əhatəli əsərdir". Buna rəğmən, İsmayıl Hikmətin adı, dediyim kimi, siyahıda yoxdur. Amma Türkoloji Qurultay günlərində çəkilmiş fotoşəkillərin bir neçəsində İsmayıl Hikmət də var və s.
Yaxud Türkoloji Qurultayın stenoqramdakı siyahısında Şuşa doğumlu iki nəfər nümayəndənin adı qeyd olunub: Fərhad Ağazadə və Cəlil Məmmədzadə. Amma şuşalı Əli Yusif yoxdur. Baxmayaraq ki, Türkoloji Qurultayın katibi olub. Türkoloji Qurultayın ilk qurbanlarından biri, bəlkə də birincisi də odur. Qurultay başa çatandan 3 gün sonra, yəni martın 8-də ÇK tərəfindən evində axtarış aparılaraq həbs edilib. Həbsinin səbəbi kimi Qurultayda iştirak edən Türkiyə nümayəndə heyəti ilə əlaqəsi göstərilir. İstintaq dindirməsindən sonra güllələnmə cəzasına məhkum olunsa da, hökm 10 illik həbs cəzası ilə əvəzlənib. 1926-cı ildən 1937-ci ilə qədər Şimal Buzlu okeanı səmtlərində Solovkidəki əsir düşərgəsində məşəqqətlər çəkib. Azad olunsa da, Azərbaycana buraxılmayıb, yenidən həbs edilib, həbs düşərgəsindən Daşkənd həbsxanasına göndərilib. 1937-ci il avqustun 18-də Daşkənddə həbsxanada güllələnib.
Yaxud Qurultayda, stenoqramdan da göründüyü kimi, çıxış edən leninqradlı Qriqori Çursinin adı Qurultay nümayəndələrinin siyahısında yoxdur. Amma dediyim kimi, məruzə edir, məruzəsinə münasibətlər var, komissiyalarda təmsil olunur və s.
Türkoloji Qurultay nümayəndələri barədə hazırlanan buraxılışa İsmayıl Hikmət, Əli Yusif və Çursin barədə də məlumatlar daxil etdik. Bunlar, ya Qurultayın işçi heyətində, ya Yeni Türk Əlifbası Komitəsinin İcraiyyə bürosunda olublar, ya da qonaq kimi dəvət olunublar. Bu, artıq gələcək araşdırmaların mövzusudur.
Yeri gəlmişkən, Qurultayda nümayəndə olan iki tələbədən biri - Tağızadə, hətta o dövrdə kifayət qədər tanınmış dilçi olan Abdulla Tağızadədir. Bəs digər tələbə - Həsən Musayev kimdir? Çıxışının mətni barədə Türkoloji Qurultayın stenoqramında heç bir məlumat yoxdur. Nə barədə danışdığını isə yalnız Əli bəy Hüseynzadənin Türkoloji Qurultaydan yazdığı qeydlərdən bilirik: "Həsən Musayev uyğur kültüründən bəhs etdi. Türkcəsi iyi anlaşılırdı. İstanbulda Qalatasaray lisəsində oxumuşdur. Turfan, Pamir, Tyan-Şan ölkələrində yaşayan türklərdən bəhs etdi. "Sarı uyğurlar həp kaşqarlıyıq deyirlərmiş. Əskidən uyğuruq deməkdən utanırkən indi uyğurluqla iftixar edirlər. Dilləri sadə qalmışdır". Ümumdünya türkoloqlarının belə bir ciddi kürsüsündə çıxışına imkan yaradılan və belə ciddi problem barədə danışan tələbə sıradan biri ola bilməzdi.
***
Yakutiya Xalq Komissarları Şurasından Qurultaya nümayəndə seçilsə də, oktyabrın 5-də paraxodla yola çıxıb dekabrın 27-də Moskvaya çatsa da, xəstəliyi səbəbilə Moskvadan Bakıya gələ bilməyən və elə orada dünyasını dəyişən yakut ədəbiyyatının banisi Kulakovski kimi nümayəndələr də olub. Belə nümayəndələrin adları stenoqrama əlavə edilmiş siyahıda yoxdur.
.jpeg)
***
Türkoloji Qurultay günlərində Bakıda çox şəkillər çəkilib. Amma ilk dəfə 8 mart 1926-cı il tarixli "Kommunist" qəzetində "xaricdən gələn professorlar" təqdimatı ilə dərc olunmuş bir şəkil müstəsnadır. Messaroş, Köprülü, Mentzel, Hüseynzadə və Vittek bir yerdədir. Fotomüxbirin bu adamları bir yerdə fotoya alması təsadüfdürmü, bilmirəm. Türkoloji Qurultayın beyin mərkəzi bu adamlardır. Bu adamlar işin əslini bilir.
Əli bəy Hüseynzadə hələ 1905-ci ildə Bakıda "Həyat" qəzetində dərc olunmuş məqaləsində "Türklər kimdir və kimlərdən ibarətdir?" sualını qaldırır, ona tarix, linqvistika, etnoqrafiya, din və antropoloji aspektlərdə cavab verir, 1926-cı ildə yenə də Bakıda Türkoloji Qurultay "türklər kimdir və kimlərdən ibarətdir?" sualı ətrafında müzakirələr açırdı.
***
Qurultay fevralın 26-da səhər saat 9-da başlayıb, martın 4-nə qədər davam edib.
Qurultay günlərində iştirakçılar Xalq Maarif Komissarlığının dəvətilə Böyük Dövlət Teatrında "Leyli və Məcnun" operasına tamaşa ediblər. Bir qismi Bakını gəzib, digər bir qrup Gəncəni ziyarət edib. Neft buruqlarına, Şirvanşahlar sarayına tamaşa ediblər. Martın 6-da nümayəndələr "Qızıl Şərq" Kinoteatrında "Bismillah" filminə və elə həmin günlərdə lentə alınmış "Birinci Türkoloji Qurultay" sənədli filminə baxıblar. Qara şəhərdə olublar. Nümayəndələrin bir qismi "Yeni Avropa" otelində, bir qismi "Şərq" mehmanxanasında, bir qismi isə Sovetlər Evinin mehmanxanasında yerləşdirilib.
Əziz Şərif Qurultayın başladığı günü xatırlayıb yazır: "...Qurultay açıldı. Hüseyn Cavidlə yanaşı oturmuşdum. Mirzə Cəlil, Sultanməcid Qənizadə və başqaları ilə görüşdüm". Doğrudur, baxmayaraq 1921-ci il dekabrın 30-da Darülmüəllimin salonunda şura ziyalılarının yeni türk əlifbası ilə əlaqədar keçirilən ümumi iclasına sədrlik etməyi Nəriman Nərimanov Hüseyn Cavidə tapşırmışdı, baxmayaraq ki, Azərbaycan hökumətinin Əlifba komissiyasının Krıma və Türküstana göndərdiyi nümayəndə heyətində Cəlil Məmmədquluzadə də var idi, bütün bunlara rəğmən, Hüseyn Cavidin də, Cəlil Məmmədquluzadənin də adları Qurultaydan sonra dərc olunmuş stenoqramda nümayəndələrin siyahısında yoxdur. Amma həm də Qurultayda iştirak edirdilər. 2003-cü ildə Hüseyn Cavid haqqında "Səma şairi" sənədli filminin ssenarisi üzərində çalışarkən, filmə Türkoloji Qurultayla bağlı epizodun daxil edilməsinə ehtiyac duydum. Kinoxronikaya kinostudiyada filmin məsləhətçisi Turan Cavidlə bir yerdə gedib baxdıq. Həmin iclasda ikinci sırada əyləşmiş adamın Hüseyn Cavid olduğunu Turan xanım birmənalı şəkildə və qətiyyətlə təsdiq etdi.
2008-ci ildə Xalid Səid barədə yazdığım kitaba isə Əliqulu Qəmküsarın qızı, ilk qadın rejissorumuz Qəmər Salamzadənin "Kiçik pəncərədən görünən dünya" memuarından Türkoloji Qurultay günləriylə bağlı yazdığı bu epizodu daxil etmişdim: "Xalid əfəndi Türkiyədən gələn qonaqları evinə dəvət etmişdi... Xalid əfəndi əmim Rzaqulu Nəcəfzadə ilə bacanaq idi. Bakının o vaxtkı Spasski (Zərgərpalan) küçəsində yaşayırdılar... Bu qonaqlıqda Cahan və mən ev sahibəsi Sitarə bacıya köməklik edirdik. Cahan Talışinskaya Xalid əfəndinin arvadı Sitarə xanımın kiçik bacısı idi. Qonaqların arasında Əli bəy Hüseynzadə, Fuad Köprülü-zadə, Rzaqulu Nəcəfzadə, Hüseyn Cavid, Xalid əfəndinin qonşusu, Türkiyədə təhsil almış bakılı doktor Orxanbəyli var idi... Qurban Pirimov tar çalırdı. Əmim Rzaqulu isə oxuyurdu. Hərdən də Orxanbəylinin çəkdiyi qəhqəhə məclisi daha da şənləndirirdi. Mən hələ ömrümdə belə sirayətedici qəhqəhə eşitməmişdim. Orxanbəyli çox ucadan, pərdə-pərdə artan qəhqəhəyə başlar, başını dala ataraq uğunub gedərdi. Məclisin axırında əmim Rzaqulu isə Füzulinin "Pənbeyi-daği-cünun içrə nihandır bədənim" qəzəlini çox ürəkdən və çox da yanğılı səslə oxuyurdu. Bu qəzəlin axırında Füzuli deyir:
...Edəməm tərk Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!
Əli bəy dirsəklərini stolun üstünə dayadı və başını əlləri arasına aldı. Üzü görünmürdü. Çiyinlərinin tərpənişindən ağladığı aşkar bilinirdi. Mirzə Cəlil vəziyyəti hamıdan tez başa düşdü, odur ki, üzünü Xalid əfəndiyə tutaraq zarafatca:
- Xocam, mənə bir stəkan su! - dedi.
Əmim Qurban dayıya işarə elədi. Qurban dayı tarda bir diringi çalmağa başladı. Orxanbəyli isə fürsətdən istifadə edib bülbül cəhcəhinə bənzər qəhqəhəsilə otaqda bir canlanma yaratdı. Əli bəy başını qaldırdı... gözlərindən axan yaş vətən məhəbbəti, vətən həsrəti yolunda idi. Mətləbin üstünü heç açmadı. Məclisin havası dəyişmişdi..."
Nəinki Qurultay iştirakçısı olan ev sahibi Xalid Səid, nəinki onun bacanağı və Qurultayın digər nümayəndəsi olan Rzaqulu Nəcəfzadə, hətta çəkdiyi qəhqəhələrlə məclisi şənləndirən Orxanbəyli də, Hüseyn Cavid də 1937-ci ilin zavalına gələcəkdilər.
Türkoloji Qurultayın Azərbaycan türkoloqları ilə birgə 1926-cı ildən 1937-ci ilə qədər yol gələn vahiməli bir arxa planı var. Türkoloji Qurultayın keçirildiyi 1926-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan, ÇK sədri, yəni Fövqəladə Komissar Mircəfər Bağırovdur. Bağırov Mirzoyana hesabat verir...
Burda paralel, həssas və simvolik bir məqama toxunmaq istəyirəm. Ruhulla Axundov da Qurultay nümayəndəsidir. Qurultaya "Bakinskiy raboçiy" qəzetinin baş redaktoru və jurnalist olaraq nümayəndə seçilib. 1926-cı ildə, yəni Türkoloji Qurultay ərəfəsində Mirzoyanın özünə rəqib görüb, MK-nın ikinci katibliyindən uzaqlaşdırdığı Ruhulla Axundov Azərbaycana Bağırovun rəhbərlik etdiyi 1937-ci ildə NKVD zindanlarında işgəncələrə məruz qalaraq, gözləri çıxarılaraq, qabırğası sındırılaraq öldürülüb... Xalq yazıçısı Anarın "Fərəh, ümid, faciə" məqaləsində yazdığı kimi: "Müzakirələr 1926-cı ildə Bakıda "İsmailiyyə" binasında başlamış, 1937-ci ildə NKVD zirzəmilərində tamamlanmışdı".

***
Əli bəy Hüseynzadənin gündəlik qeydlərindən bilirik ki, Türkoloji Qurultay nümayəndələri üçün verilmiş ziyafətdə Ağamalıoğlu Mustafa Kamal Paşanın səhhətinə badə qaldırıb. Sarabski musiqi ilə "Mustafa Kamal Paşa" şarkısını söyləyib. Həmin ziyafət o günlərdə çəkilmiş kinoxronikalarda da görünür. Başqa bir kadrda isə Türkoloji Qurultayın keçirildiyi salonda Leninin iri bir portreti asılıb. Hər dəfə o kadrlara baxanda Zəki Vəlidi Toğanın "Hatıralar" kitabından bir epizodu xatırlayıram. Zəki Vəlidi Leninlə söhbətində ona Ulyanov soyadlı bir tatar yazarının kitabından bəhs edib və Vladimir İliçə Ulyanovların türk-tatar nəsəbini xatırladıb: "Mən ona Ulyanov ismində birisinin keçən XIX yüzilin ortalarında Kazan vilayəti rus olmayan qövmlərin və çuvaşların etnoqrafiyasına aid nəşr etdiyi bir əsəri göstərdim. Bu əsərdən bu müəllifin tatarca, çuvaşca bildiyi anlaşılırdı. Mən Lenindən, "Bu müəllif Ulyanov, yoxsa sizin əqrəbanızmı? Yoxsa sizin əslinizdə tatarlıq və ya çuvaşlıqmı var?" - deyə sordum. Lenin də özünün mənşəyi məsələsi ilə heç məşğul olmadığını və kitabın müəllifini araşdıracağını, çünki öz nəslindən bir zatın belə bir elmi əsər nəşr etmiş olduğunu heç eşitmədiyini söylədi".
Biri "Nə mutlu, türkəm deyənə" söyləmişdi. Digəri "özünün mənşəyi məsələsi ilə heç məşğul olmadığını" deyirdi...
***
Türkologiya prosesdir... Yüz ildən sonra da proses davam edir...
16 noyabr 2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
