Yol yoldaşın Ramiz Qusarçaylı şeiridirsə, Nə söz bitəsidi, nə dünya qurtarasıdı - Elxan YURDOĞLU

Bəzən belə bir sualla qarşılaşırıq: Hər hansı bir yerə gedəndə, özünüzlə hansı kitabı aparardınız? Sual verilən andakı situasiyaya görə müxtəlif cavablarımız olsa da, təklikdə öz-özümüzə götür-qoy edib ən yaxşı nəticəyə gəlirik.

Uşaqlıqdan şeirə hədsiz sevgimin olduğunu etiraf etməliyəm. Məmməd Arazın, Cabir Novruzun, Musa Yaqubun, Məmməd İsmayılın, Əli Kərimin, Vaqif İbrahimin, Eldar Baxışın şeirləri məni daha çox cəlb edir, onları daha çox oxuyurdum. Orta məktəbin 8-ci sinifində oxuyanda isə yolum Qubada Ramiz Qusarçaylı ilə kəsişdi. Şeir yazdığım ilk illərdə qarşıma çıxan və mənə bu sehrli söz aləminin incəliklərini mənimsədən, öyrədən, daha çox sevdirən Ramiz Qusarçaylının sayəsində kortəbii olaraq oxuduğum həmin imzaların poetik söz xəzinələrindəki cilaları daha aydın görə bildim. Zaman keçdikcə bir özündən deyəndə beş də yuxarıda adını çəkdiyim şairlərdən deyən Ramiz Qusarçaylının həmin "birlərinin" heyranı olduğumu da etiraf etməliyəm.

Ötən əsrin səksəninci illərinin sonu, doxsanınıcı illərinin əvvəllərində nəşrə başlayan və dövrünün ən sanballı, dəyərli imzalarını, həmçinin istedadlı gənclərini ətrafına toplayan "Gənclik" jurnalının bir nömrəsində oxuduğum və əzbərlədiyim "Torpaq" şeirinin müəllifinin Ramiz Qusarçaylı olması isə mənim ona qarşı olan oxucu sevgimin ölçüsünü birə-beş artırmışdı.

İş elə gətirdi ki, yaradıcılıq həvəsi məni 8-ci sinif şagirdi kimi Qubada, rayon mərkəzi kitabxanasının ensiz və uzun oxu zalında həftədə bir dəfə keçirilən "Ay işığı" ədəbi məclisinə aparıb çıxartdı. Burada söylənilən şeirlər haqqındakı fikirlər, xüsusən Ramiz Qusarçaylının güzəştsiz tənqidi qeydləri, qələmi, Don Kixotun qılıncı kimi sağa-sola "hərləməyin" mənasız olduğunu deyirdi.

Elə həmin ildə oxuduğumuz liseydə yaradılan dərnəklərdən biri də Poeziya dərnəyi idi ki, burada həftədə 2-3 dəfə 1 saat olmaqla Ramiz müəllim mənim kimi 5-6 yaradıcı məktəbliyə sözün sehrindən, şeirin ruhundan, poeziyanın əsrarəngiz dünyasından heyranlıqla danışırdı. Hər gün "şeir" adıyla yazdığımız qafiyəli-qiyafəli bəndlər haqqında səbirlə, bizi incitməyəcək şəkildə fikirlərini bildirirdi. Biz isə bu söz adamının səbrinin qəniminə çevrilməkdən yorulmurduq. Növbəti dərnəyə kimi mütləq iki-üç "şeirimiz"  hazır olurdu. 

Beləcə günlər, həftələr, aylar, illər geridə qaldı. Bu zaman müddətində Ramiz müəllimlə münasibətlərimizin miqyası da böyüdü, onun xeyir-duasıyla çıxdığım yolda, nə yaxşı ki, ustad dediyim adamın əziyyətlərini boşa çıxarmadım.

Bu məqamda yazımın əvvəlinə qayıtmaq istəyirəm. Hə, o dediyim sual ki, var ha, özünüzlə hansı kitabı götürərsiniz? Nədənsə mənim ağlıma həmişə şeir kitabı gəlib. Çünki darıxanda şeir oxumaq istəyirəm, tək qalanda şeir oxumaq istəyirəm, ruhumu ekstaza gətirmək istəyəndə şeir oxumaq keçir içimdən. Qəribədir ki, ilk olaraq da Ramiz Qusarçaylı şeirləri yaddaşımın şüşələrini taqqıldadır. Belədə "Torpaq" şeirindən beytləri, bəndləri pıçıldayıram öz-özümə:

Dinirəm, səsimdən torpaq tökülür,

Sususram, dil açıb danışır torpaq.

***

Torpaq daşıyıram kirpiklərimdə,

Bir gün gözlərim də çiçəkləyəcək.

***

Ölsəm gözlərimə torpaq tökməyin,

Yeyib qurtarmışam torpaq payımı.

***

Dolub gözlərimə ovunur torpaq,

Axşama az qalıb, dözüm birtəhər.

Bir azdan mənimçün Günəş çıxacaq,

Bir azdan mənimçün doğacaq səhər.

"Vətəndə öz yeri olmayan kəsin, qürbətdə məzarı şaxta olacaq" ağrısının şaxta soyuqluğu kəsir adamı. Bu şaxtalı misraların poetik alovundan Ramiz Qusarçaylının öz içində qaladığı tonqalın çırtıltısını eşidirsən və sözlərin yanğısı qarsır şeiri duyanların ürəyini:

Yalar üst-başımı qara işıqlar,

Sarılar boynuma söyüd gileylər.

Günü kef qarışıq, laf qarışıqlar

Mənim tər qarışıq şeirimi neylər.

Ramiz Qusarçaylının özü də yaxşı bilir ki, oxucuların axtardığı elə "tər qarışıq şeirlər"dir. O şeirləri də Ramiz müəllimin yazdığı hər misra boyu tapa bilirlər. Çünki, R.Qusarçaylı şeiri başdan-başa poeziyadı, təbiətin rəsmidir, ən əvvəl isə milli düşüncəylə yoğrulmuş vətəndaş harayıdır.

Xalq şairi Məmməd Araz əbəs yerə demirdi ki, "Ramiz Qusarçaylının şeirlərindən böyük zövq alıram", yaxud digər xalq şairi Bəxtiyar Vahabzadə "Onda söz əllaməçiliyi yoxdur. Hisslər büllur kimi saf, fikirlər su kimi dumdurudur" sözlərini elə-belə söyləmirdi. Xalq şairi Zəlimxan Yaqub isə Ramiz Qusarçaylını "Şəxsiyyətinə, yaradıcılığına dərin hörmət bəslədiyim, şeirlərini sevə-sevə oxuduğum, hər şeirində təzəlik, hər misrasında yenilik gördüyüm, Vətənimizin saf, milli və doğma bir şairi kimi dəyər verdiyim, öz işığı ilə ürəyimə nur çiləyən, saylı-sanballı kitabları ilə yaddaşımıza köçən qələm qardaşım" kimi xarakterizə edir. Əjdər Ol isə onu "Bənövşə, bal arısı və su daşı"na bənzədir.

Nədənsə onun şeirlərini oxuyanda gül-çiçək ətrini duyursan. Söyüd kölgəsində çay kənarında kəpənək uçuşlarını seyr edib yağışın nəfəsini hiss edirsən. Şairin bir bəndi var:

Səhərin zərində üzən lək kimi

Düzəsən sətrinə gül adlarını.

Tikana sancılan kəpənək kimi

Meh döyə şeirinin qanadlarını.

Doğrudan da onun şeirlərində səhər mehinin xəfifliyi var, kəpənək qanadının zərifliyi var, bənövşə ləçəyinin zəifliyi var. Hansı misrasından başlasan mənasından şeir damacaq.

10 il bundan əvvəl Ramiz Qusarçaylının ən yaxın dostu (nədənsə mənə elə gəlir ki, onlar bir-birinin dostu olmaqla yanaşı, həm də bir-birini tamamlayan iki dəyərli ziyalıdırlar) Zakir Məmmədin "Haqqın cəlalı Qusarçaylı şeirində" adlı kitabı nəşr olunmuşdu. O kitabı vərəqləyib ölkəmizin dörd tərəfindən tanınmış və ya tanınmamış imzaların Ramiz Qusarçaylı haqqındakı fikirlərini oxuyanda, nə danım, düzü qəribə bir qürur hissi də keçirirəm. Çünki ömrümün üç ilini məhz belə bir dəyərli şairlə demək olar ki, hər gün qarşılaşmaqla, həftənin bir neçə günündə söhbət etməklə, onu dinləməklə keçirmişəm. Zakir müəllim həmin kitabda öz qardaşı-dostu haqqında yazır: "Ramiz Qusarçaylıda hər bir söz poetik yük daşıyır. Elə şairlər var ki, obrazı bütövlükdə şeirin və ya bəndin, misranın üzərində qururlar. Ramizdə poeziya sözdən başlayır. Şairin demək istədiyini "sözlər başa düşür". Söz şairin ağıllı "buyruqçusudur".

Razılaşmamaq olmur. Çünki doğrudan da Ramiz Qusarçaylı şeirinin hər misrası qarışqa zəhmətlidir, hər mənası qarışqanın özündən ağır yükü ağırlığındadır.  Elə buna görə də günümüzün böyük ustad şairi Musa Yaqub "Mən Ramizin şeirlərinin çoxdan məftunuyam" - deyir.

Bu qan nə çox qaldı yerdə,

Yoxsa gedib ölüm bir də.

Mənə elçi gələn dərdə

Toy tuta bilmirəm, neynim.

***

Nərgizlər məst olub öz qoxusundan,

Hər naxış üstünə yüz ilmə düşüb.

Bir arı oyanıb qış yuxusundan

Bir gülün canına üşütmə düşüb.

***

Ömür əldə bağ kimidi,

Yollar yaşıl tağ kimidi.

Vicdan da papaq kimidi,

Atdın, üstə toz yığılır.

Ramiz Qusarçaylı poeziyası başdan-başa yuxarıdakı bəndlər kimidi. Söz doludu, məna yüklüdü, fikir ağırlıqlıdı, duyğu daşıyırlar, həssasdırlar. 

Bir də şairin "Mən kənddən çıxanda gecə yarıydı" şeiri var. Gecənin yarısında kənddən çıxanların yoluna Ay işığı kimi işıq salan şeirdi. Arxada sevdiklərini, doğmalarını, əzizlərini qoyub yola çıxanda hər tərəf zil qaranlıq görünür, dünya başına fırlanır qara kabus kimi. Amma o şeir bambaşqa bir dünyadır. Xalq şairi Nəbi Xəzrinin dediyi kimidir lap: "Ramiz Qusarçaylının şeirlərini oxuyanda mənimçün elə bil qaranlıq tunel qurtardı və qarşıda işıqlı bir aləm gördüm". Bu fikirlərdən sonra Ramiz müəllimin "Zülmət qapısı" şeirini pıçıldamaq istəyirsən. Həm də düz zülmətin gözünün içinə. Çünki bu şeir şairin zülmətlə savaşının şeiridir:

Mən işığı sevmək üçün,

Gəldim zülmət qapısına.

Gözümün son işığını,

Sildim zülmət qapısına.

 

Düşdüm yerin kor izinə,

Möhtac qaldım gündüzünə.

Ağladım işıq üzünə,

Güldüm zülmət qapısına.

 

Qəlbimdədir işıq köçüm,

Ona görə işıq içim.

Mən işığı doğmaq üçün

Girdim zülmət qapısına.

Mən də yeniyetmə vaxtlarımdan Ramiz Qusarçaylının şeirlərilə işığı tapdım. Bəlkə də elə o şairin doğmaq istədiyi işığın özüdür ki, yolumuza işıq salır.

Bu il 60 yaşını tamamlayan ustad şairin işığı təkcə onun sözündən, şeirindən, poeziyasından boy göstərmir, həm də bütöv varlığıyla dimdik dayanan xarakterinin hər bir cizgisində özünü büruzə verir.

Ramiz Qusarçaylı mənim kimi onlarla şairin öz dünyasına, söz planetinə Ay misallı daim işıq saçan poeziya peykidir. O isə öz işığını Günəşindən - İlahidən alır.

10 il bundan əvvəl ustada yazdığım "Gül-çiçək dilində söz deyən adam" adlı şeirimin sonuncu bəndini xatırlayıram:

Söz öz sahibinin səsidi məncə,

Hər söz sahibinin ruhunu geyir.

Sözdü, "Ay işığı", bir də ki, gecə,

"Ramiz Qusarçaylı", axşamın xeyir!

İliyindən biliyinə kimi söz olan, şair olan Ramiz Qusarçaylının şeir kitablarını, xüsusən də bütün şeirlərinin cəm olduğu "Gedəsən dünyanın axırınacan" adlı son kitabını götürüb yazımın əvvəlində dediyim o səfərə çıxmaq, dünyanın axırınacan getmək olar. Biləndə ki, yol yoldaşın sözdü, şeirdi, bir də ki, Ramiz Qusarçaylı şeiridi, nə söz bitəsidi, nə dünya qurtarasıdı.

Naxçıvan

12-02-2018


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!