Elnarə QARAGÖZOVA
Müstəqillik dövründə Azərbaycan povesti həm forma, həm də məzmun baxımından intişar etmiş, fərqli modifikasiyaları meydana gəlmişdir. Povestin məzmun baxımından fərqlənməsində ölkədə gedən ictimai-siyasi proseslərin, dəyişən cəmiyyət həyatının, dünyaya inteqrasiyanın güclənməsinin mühüm rolu olmuşdur. Bu zəmində yaranan yeni, müstəqillik dövrü povesti dinamikliyi və rəngarəngliyi ilə diqqəti cəlb edir.
1990-cı illər üçün Azərbaycan povestinin: Anarın "Otel otağı", Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", Vidadi Babanlının "Ana intiqamı", Əzizə Cəfərzadənin "Bəla", Rəhim Əliyevin "Bütövlənməyən borc", Miraslan Bəkirlinin "Yiyəsizlər", Aslan Quliyevin "Serjant mülki geyimdə", Səfər Kəlbixanlının "Son əmanət", İman Usuboğlunun "Yox kəndinin adamları", Səfər Alışarlının "50 hektarlıq avqust", Səyyad Aranın "Soyuq günəş", Sara Oğuzun "Ümid ulduzu", "Beton evdən yazılar", "Tale damğası", "Kəpənək ömrü", Mehriban Xalıqın "Biz nəğməydik", "Tərs qadınlar və sevimli kişi", "Adi günlər", "Bir damla qan", Nüşabə Məmmədlinin "Zəngulə", Fəxri Uğurlunun "Şair Şulumun şeirləri", Elçin Hüseynbəylinin "Əsirlər", Mübariz Cəfərlinin "Qarabasma", "Əkslər labirintində", "Ölüm oyunları", "Gedər gəlməz", Əyyub Qiyasın "Qarışqa", Zümrüd Yağmurun "Ölümdən yüz səksən səkkiz gün sonra", Firuz Mustafanın "Dəniz köçü", Novruz Nəcəfoğlunun "Bu dərənin uzunu", "Çarəsiz yolçu", Vaqif Nəsib Sarıhüseynoğlunun "Qara qanadlar", "Danaqırandan ləpəqırana", Mərziyyə Səlahəddinin "Bağışlanmayan günah", Sabir Rüstəmxanlının "Dünya təmizlənir", Əli Həsənlinin "Nəslin qiyamı", Ərşad Əzimzadənin "Qara kahada həyəcan", Məmməd Orucun "Namərd körpüsü", "Əzrayılla görüş", Aydın Dadaşovun "Ceviz ağacı", Sərvinaz Həsənlinin "İmperiya", Şəmşad Rzanın "Bənövşə yarpaqları", Natiq Rəsulzadənin "Stansiya", İsi Məlikzadənin "Qırmızı şeytan", Mənzər Niyarlının "Yola dikilən gözlər", "Yarımçıq məzuniyyət", "Səhv atılan addımlar" və s. müxtəlif tematikalı, cəmiyyət həyatına ayna tutan, janrın ənənələrini günün aktual problemlərinə yönəldən nümunələri işıq üzü görmüşdür.
1990-cı illərin povestlərində nəzərəçarpan əsas tendensiya - ötən sovet quruluşundan qurtulmanın bədii təsviri, simvolistik ifadəsidir.
Sabir Rüstəmxanlının "Dünya təmizlənir" (1999) povestində hadisələr müstəqilliyin qazanıldığı ilk illərdə cərəyan edir. Keçid dövrünü yaşayan kənd camaatının həyatı fonunda ölkədə gedən dəyişikliklər işıqlandırılır. Povestin qəhrəmanı - Qürbət kişi yeni dünyanın kandarında baş verənlərə, bulanıb-durulan sulara qoca dünyanın özü kimi təmkinlə yanaşır. Kolxoz dağılandan sonra insanlar öz torpaqlarında yenidən əkin-biçinə başlayır, öz köklərinə qayıdırlar. "Hər kəsin bir parça yerə sahib olması ilə kəndin unudulmaqda olan adətləri, mərasimləri, yaddan çıxan əşyaları da qayıdırdı. Bu ibtidai dönüşdə bir az da xiffət vardı. Çünki təkcə keçmişə dönüş deyildi, hər kəsin uşaqlığına və gəncliyinə qayıdış da deyildi: həm də köçüb gedən kişilərin, ağsaqqalların şirin, unudulmaz xatirələrinə, atalı-analı günlərə dönüş idi. Təkcə kəndə bərəkət gəlmirdi, həm də adamların münasibətinə ilıqlıq, istilik qayıdırdı, keçmiş günlərin söz-söhbəti həm də ömrün ötəriliyini xatırladırdı və adamları bir-birinə sığınmağa məcbur edirdi".
Hələ son sovet dönəmində nəsrdə formalaşmış, gizlinləri ehtiva edən simvolika "Dünya təmizlənir" povestinə də xasdır. Məhz yağışın yağmasına ümid kəsiləndə, taxıl biçini günü kənddə leysan tökür. Amma bu, adi yağış deyil. Sədrin rüşvətlə biçilən taxılını aparır, qəsəbədəki alverçi budkalarını, haram yuvası olan yeməkxanaları, haram yeyənləri saf sulara qərq edir. Yalnız çay qırağındakı iki binaya - "iki ayağı ağacdan olan" Eynulla kişinin evinə və qədim məscidə toxunmur. "Otuzuncu illərdə axundu sürgün edib, məscidi də baytarlıq apteki eləmişdilər. Altımışıncı illərdə bütün çaylağı iyləndirən dərmanları burdan rədd elədilər. Amma məscidi bərpa eləməyə də cəsarətləri çatmadı. Amma hər halda bura müqəddəs yerdi... Ən qəribəsi bu idi ki, sel binaya heç nə eləməmişdi. Binanın selə verməyə bir şeyi yox idi". Beləliklə, əsərdə sel katarsis prosesini mənəvi anlamdan maddi dünyaya proyeksiya edir, Nuhun tufanı kimi mənəvi eybəcərliklərin fiziki təmizlənməsini gerçəkləşdirir.
Simvolika Sabir Rüstəmxanlının "Dünya təmizlənir" (1999) povestini Mövlud Süleymanlının "Dəyirman" (1979) əsəri ilə müqayisəyə imkan verir. Hər iki povestdə haramın təntənəsi, insanların daimi sərxoşluğu, arağın, yemək məclislərinin qutsallaşdırılması, kanonlaşdırılması müşahidə predmetidir. Belə bir total deqradasiya fonunda Qürbət kişi ("Dünya təmizlənir") və Temir müəllim ("Dəyirman") kütlədən seçilir, təmizliyin, ənənəyə sadiqliyin simvolu kimi ucalırlar. Qürbət kişi ağsaqqal gözü ilə ətrafda baş verənləri izləyir, bəzən birbaşa, bəzən sükutla etirazını bildirir. Fərq burasındadır ki, "Dünya təmizlənir"də haqq-ədalət yerini alır. Müqəddəs, mübarək sayılan çayın, halalın, təmizin üstündə qurulmuş haram, şər-şeytan yuvası (Dadaşın kababxanası) dağılır. "Dəyirman"da cəza gerçəkləşmir, sadəcə ayılma, ilkin oyanış, harama ilk etiraz baş qaldırır. "Dünya təmizlənir"də isə müqəddəs ünsür - minillik saflıq mənbəyi su, totem qisasını alır, halala haram qatanları sel qoynuna alıb aparır. Dünyanın təmizlənməsi yeni əyyamların gəlişini müjdələyir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
