Çağdaş Azərbaycan nəsrində bədii eksperimentlər: Vüsal Nuru yaradıcılığı örnəyində - Mətanət VAHİD

Mətanət VAHİD

 

2000-ci illər Azərbaycan nəsrində fərdi üslub axtarışları və tematik yenilikləri ilə seçilən Vüsal Nuru çağdaş ədəbiyyatımızın diqqətçəkən imzalarından biridir. O, "Eybəcərlər adası", "Prezidentin qızı", "999", "Dorantağ", "İlğımda çimən atlar", "Qaraqaşlı", "Çəhrayı buludun adamları", "Ölü yuxusu" da daxil olmaqla, on roman və onlarla hekayə, şeir, esse, müsahibə müəllifidir.

Nəsr yaradıcılığında mistik, fantastik, qotik elementlərə üstünlük verən, utopiya və antiutopiyaya yer ayıran Vüsal Nuru mətnlərində reallığı fərqli bədii gerçəklik prizmasından dəyərləndirməyi seçir. Bu baxımdan, müəllifin bütün əsərlərini birmənalı olaraq fantastik, yaxud qotik hesab edə bilmərik. Sadəcə, hər bir əsərdə bu elementlər bu və ya digər dərəcədə istifadə olunmaqla mətnin bədii reallığına xidmət edir.

Şeirlərdən ibarət "Yağış damlasıyam" adlı ilk kitabı 2007-ci ildə çap olunduqdan sonra müəllif qısa fasilələrlə romanlarını oxuculara təqdim edib: "Eybəcərlər adası" (2011) psixoloji trilleri və "999" (2012) fantastik romanının ardınca "Prezidentin qızı" əsəri (2014) işıq üzü görüb.

 

"Prezidentin qızı" mistik trilleri Azərbaycan nəsrində bu nümunəyədək yalnız motivlərinə rast gəlinən qotik roman örnəyidir. Vüsal Nuru bu romanda klassik qotik ədəbiyyatın strukturuna sadiq qalmaqla yanaşı, onu müasir kontekst, sosial reallıq və psixoloji ladlarla zənginləşdirməyə çalışır; əsərin özəlliyi onun sirr və qorxu üzərində qurulan süjetindən çox, bu hisslərin kəsb etdiyi mənəvi və simvolik dərinliyindədir. Dənizdəki uçuq estakadada baş verən cinayət hadisəsi və sonradan dostların bir-birinin ardınca müəmmalı şəkildə ölməsi keçmişin lənəti ilə indinin mənəvi-əxlaqi pozuntuları arasındakı əlaqənin ifadəsidir. Əsər oxucunu tədricən qaranlıq bir labirintə aparır və burada qarşılaşılan qorxulu situasiyalar həm də günahın, vicdanın və qisasın metaforaları kimi mənalanır. Romanda kabuslar, ruhlar, ikili reallıq, lənətlənmiş məkan və keçmişin ləkəli izi kimi klassik qotik elementlər mənəvi-psixoloji kontekstdə təzahür edir.

Müəllifin "Dorantağ" romanı (2019) bəşər tarixinin, varlığın, inancın, zamanın fəlsəfəsini araşdırmağa cəhd edən, hadisələri bu rakursdan görən və göstərən bədii təcrübədir. Janr xüsusiyyətləri və bədii strukturunu nəzərə alaraq tarixə alternativ prizmadan yanaşan "Dorantağ" romanını mistik-fəlsəfi macəra romanı hesab etmək mümkündür. Əsərdə zamanla eksperimentlər Əshabı-kəhf mağarasının tarixinə bilinəndən fərqli, yeni bucaqdan  baxmağa, oxucunu arxasınca aparıb keçmişi və beləcə, düşüncələri dəyişməyə hesablanıb.

Günümüzdə cahilliyin təzahürü kimi görünən bir reallığın tarixi kökünə enən roman bilinməyən keçmişin üzərinə işıq tutur. Əsərdən çıxan nəticə insanın sona qədər bilmədiyini ideallaşdırdığı, ona tapındığı düşüncəsidir. Tarixə ironik münasibət sərgilənən əsərdə mağaraya tapınma mövhumat və bilgisizlikdir. İnsanlar tarixin üzərindən sirr pərdələrini götürməyə cəhd belə, etmədən ona inanmağı, hətta lazım olsa, yeni sirlər uydurmağı seçirlər və bundan kimlərsə faydalanır. Bu saxtakarlığın üzərindəki örtüyü qaldırmaq arzusu ilə qəhrəman zaman tunelindən keçib əsrlər öncəki qədim dövrə adlayır. Gerçəyi görür və bu günün insanına göstərmək istəyir.

Romanın açıq ironiyası ona sosial-fəlsəfi tənqidi xüsusiyyətlər qazandırır: "Tövbə edəcəyim yerə girdim. Cənnət bağına qara qarğalar qonmuşdu - gəlinlər, arvadlar, çarşaba girib burda qayaların üstünə qarğa kimi qonmuşdular və oturub gözləyirdilər ki, çiyinlərinə su damcısı düşəcək. Nə qədər günahkar olduqlarını özləri yaxşı bilirdi. Başlarının üstündə suyun izləri görünürdü, amma deyəsən, Allah inad edib onları bağışlamırdı". Əsərdə dağ və mağara coğrafi məkandan daha çox öyrənməyə, yeni bilgiyə qapalı olan insan şüuru kimi təzahür edirsə, zirvədəki "cənnət bağı" səthi inancın, fanatizm və mövhumatın göstəricisidir. "Dorantağ" romanı real həyat hadisələrini, xalq inancları və mifləri tarixi həqiqəti üzə çıxarmaq üçün laboratoriya kimi istifadə edir və sonda insanın yalnız öz ağlına sadiq qalanda mənən azad olması barədə vacib qənaətə gəlir.

Vüsal Nurunun 2023-cü ildə "Azərbaycan" jurnalında çap olunmuş "Çəhrayı buludun adamları" romanında "çəhrayı bulud" Hamlet müəllimin reallıqdan qaçış arzusunun, saxta ümidlərin simvolu, xəyallarının yellənçəyidir. O, içki masasında hiss etdiyi yüngül sərxoşluqdan tutmuş, dünyanı yuxarıdan izləyib "çöp adamlar"a bənzətdiyi insanların taleyinə gülmək arzusuna qədər, bu xəyali yüksəlişini çəhrayı buludun sayəsində "reallaşdıra bilir". Ədəbiyyat və sənətin bazar qaydaları ilə idarə edilməsi, hər kəsin maraq güddüyü, yüksək tribunalardan pafoslu çıxışlar edənlərin rüşvət və tapşırıqla işlədiyi bir mühitdə yaşanan ümidsizlik və dəyərsizlik hissi ironik üslubda yazılmış roman boyu ona, həm də pessimist ahəng bəxş edir. Vüsal Nuru, demək olar, bütün əsərlərində obrazların daxili aləmini təsvir etmək üçün mürəkkəb psixoloji analiz və uzun-uzadı təsvirlər yerinə, sadəcə, personajın özünü danışdırır. "Çəhrayı buludların adamı" qrotesk romanında da hər obrazın nitqi xarakterin portretini cızır. Reallıqla xəyalın toqquşmasındakı absurdluqda Hamlet müəllimin buludu saxta təsəlli, reallıq isə sənətin Lebona (institusional oyun, korporativ tapşırıq və sifarişlərə, puç miflərə) məğlub olduğu amansız dünyadır.

Vüsal Nurunun realist "Qaraqaşlı" romanı (2020) Qarabağ müharibəsi fonunda xalqın mənəvi mübarizəsinin, milli kimlik uğrunda apardığı ölüm-dirim savaşının bədii ifadəsidir. Torpaq itkisi ilə bağlı dərdlər, işğala etiraz və müqavimət, düşmənə qarşı nifrət və qələbəyə inamı əks etdirən roman bir qəhrəmanlıq salnaməsidir. Romanda "Qaraqaşlı" tüfəngi şərəf və güc rəmzidir. Onun əvvəlcə itməsi və sonra geri qaytarılması Azərbaycan vətəndaşına qayıdan güvənin, qurtuluşa aparan iradənin ifadəçisidir. Əsərin başqa əhəmiyyətli detalı olan dəyirman bərəkət, həyat rəmzi kimi, Mövsüm kişinin hesabına son günədək açıq qalır: yalnız kənd boşalandan sonra  qapısı bağlanır. Qarışıq nikahlı ailələrin timsalında Vüsal Nuru həm etnik qarşıdurmanın ailədaxili fəsadlarını, həm də bu insanlar arasındakı parçalanmanın ağrısını göstərir. Sabir müəllim və erməni arvadı Mayranuşun ailə dramı müəllifin tərəfsiz mövqeyini nümayiş etdirir: heç bir tərəfi müdafiə etmədən, sadəcə, hadisəni oxucuya göstərərək seçimi oxucunun ixtiyarına buraxır.

"Qaraqaşlı" romanı yazıçının özünün yaşantıları, Qarabağlı kimliyi ilə də bağlıdır: müəllif hadisələrin müşahidəçisi olmaqla yanaşı, həm də iştirakçı, yaddaş daşıyıcısı kimi yanaşır. Hətta uydurma epizodlar belə, gerçəkliyin təsiri ilə yazıldığından inandırıcılıq kəsb edir. Xalqın inanc və yaddaşına sadiqliyi ilə seçilən, milli kimliyimizi, torpaq sevgimizi, şəhidlərin ruhuna sədaqətimizi yaşadan "Qaraqaşlı" romanı Vüsal Nurunun bədii-estetik istiqamətinin davamı olmaqla bərabər, yaradıcılığında baş verən üslubi dönüşün də göstəricisidir.

XXI əsr ədəbiyyatında texnoloji modernləşmə və rəqəmsal transformasiyanın insan varlığına təsiri ilə bağlı mövzular xeyli aktualdır. Posthumanist yanaşmalar, yaddaş və şüur manipulyasiyaları, sistem qarşısında fərdin psixoloji deformasiyası məsələləri Azərbaycan ədəbiyyatının da maraq dairəsindədir. Vüsal Nurunun "İlğımda çimən atlar" romanı (2022) bu kontekstdə müasir nəsrimizin diqqətəlayiq nümunələrindən biridir.

Anti-utopik "İlğımda çimən atlar" romanı ənənəvi süjet xəttinin hüdudlarından kənara çıxaraq oxucunu kimlik və yaddaşla texnoloji müdaxilənin kəsişmə nöqtəsinə gətirir. Burada hadisələrdən çox, insanın daxili aləmində baş verən proseslər ön plana çıxır; zaman duyğular, xatirələr və illüziyaların içində əridilir. Romanın üslub xüsusiyyətinə uyğun olaraq hadisələr "Miroqrad" adlanan qapalı bir şəhərdə cərəyan edir. Ölkənin ən tanınmış həkimlərini guya yeni insan modeli yaratmaq və müxtəlif eksperimentlər aparmaq məqsədilə buraya toplayırlar. Daha yaxşı həyat və əlverişli iş şəraiti vədlərinə aldanıb gələnlər elə ilk andan bu şəhərin, əslində, bir tələ olduğunu anlasalar da, buranı tərk etməyin qeyri-mümkünlüyünü görürlər. Uzun müddət burada yaşayan köhnə sakinlər isə artıq keçmişlərini unudub yaddaşsız, köksüz, bir-birləri ilə əlaqəsi olmayan bir kütləyə çevriliblər. "İlğımda çimən atlar" romanında sistemin insan yaddaşını təmizləyib yeni proqramlarla əvəzləməsi süjeti posthumanist ədəbiyyatın əsas fərqləndirici cəhətlərindən biridir: insan artıq bioloji varlıq deyil, informasiya subyektidir.

Roman kimliyin əsas dayaq elementlərinin necə zəbt oluna biləcəyinə dair dərin bədii-fəlsəfi müşahidədir. Mətn boyu duyulan ümid işığı sönməyən daxili müqavimətin işarəsi kimi, "ilğımda çimən atlar" metaforasına çevrilir. Bu mənada, mətn mifoloji, metaforik və psixoloji qatları ilə çoxlaylı bir bədii məkan yaradır. Gerçəkliklə ilğım, yaddaşla unudulma, insanla texnologiya arasındakı sərhədlər bulanıqlaşıb bədii mətn gerçəklərini əks etdirən xüsusi estetik alətə çevrilir. Əsərin bədii-estetik yükünü daşıyan "ilğımda çimən atlar" obrazı motivi uşaqlıq yaddaşına, azad düşüncəyə və sistemin təzyiqinə rəğmən ruhun dirəniş gücünə işarədir.

Vüsal Nurunun nəsrində hansı üsluba müraciət edilməsindən asılı olmayaraq, niyyət əsasən, cəmiyyət problemlərini qabartmaq olur. Hələlik sonuncu olan "Ölü yuxusu" (2025) qotik romanında da gerçəkliklə irreal dünya arasında qurulan paralellər insanın daxili boşluğu və tənəzzülünün metaforik göstəricisinə çevrilir. Əsərin protaqonisti Zaur həyatdan bezmiş, öz yerini tapa bilməyən bir ziyalı olaraq "ölü yuxusu"na "getmək" üçün psixoloji hazırlıq vəziyyətində ikən qarşısına çıxan kamp elanı ona nəfəslik kimi gəlir. Humayla tanışlıq, karavan səfəri, ayı dərisi geyinmiş uşaq müqəvvası, zaman və məkan sərhədlərinin pozulduğu, canlıların ruh kimi dolandığı qəribə kamp və burada qarşılaşdığı hər şey Zaurun reallıq hissini itirməsinə gətirib çıxarır.

Əsərin süjeti konkret zaman-məkan sərhədləri ilə məhdudlaşmır, əvəzində, oxucunu tədricən tanış reallıqdan ayıraraq qeyri-müəyyənlik və qəribəliklə dolu bir mühitə aparır. Bu isə, hər şeydən əvvəl, insanın öz içində ilişib qaldığı, nə oyanıq, nə də yuxuda olduğu "ölü yuxusu" kimi metaforik bir məkandır. Aparıcı ideyası insanın içində baş verən "çürümə"ni və mənəvi ölümlə həyat arasında var-gəl edənlərin acınacaqlı vəziyyətini göstərməkdən ibarət olan  "Ölü yuxusu" romanı və bu irreal zaman və məkan sahəsi sosial-psixoloji uyuşma halının poetik simvoludur.

Romanlarından əlavə, Vüsal Nurunun hekayələri də əsasən, zaman və insan qarşıdurması, bu fonda fərdlə cəmiyyət arasındakı toqquşmalar məsələsini qabardır. "Qapılar quduranda", "Siluetin harayı", "Zamanın arxasında", "Xəyal məhkumu", "Qara duman", "Luvrda hadisə", "Paltarboğan kəndi", "Tüklü sabun", "Dörd nömrəli kağız", "Diş qatili" və s. onlarla hekayəsində Vüsal Nuru insanın əndişə və qayğılarını, qorxu və ümidini, kədər  və sevincini, gülüş və göz yaşlarını tərənnüm edir. Nəticə etibarilə, Vüsal Nurunun yaradıcılığında mistik, fantastik, qotik, realist üslub fərqindən asılı olmayaraq bədii düşüncə forması çağdaş nəsrimizin məzmun və forma baxımından zənginləşməsinə xidmət etməyə cəhddir. Yazıçının əsərlərində fantastik təxəyyülün sərbəstliyi ilə psixoloji müşahidənin dəqiqliyi qovuşaraq cəmiyyətin mənəvi durumunu və insanın daxili sarsıntılarını bədii gerçəklikdə əks etdirir. Bu qarşılıqlı təsir Vüsal Nurunun yaradıcılığının çağdaş Azərbaycan nəsrində forma və  məzmun etibarilə özünəməxsusluğunun əsas xüsusiyyətinə çevrilir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!