Məti OSMANOĞLU
Sənətdə sürrealist üslubun nə vaxt yaranmasının dəqiq tarixi ilə bağlı konkret zaman göstərmək, bunun ilk dəfə harada, kim tərəfindən yaradıldığı fikrini irəli sürmək mübahisəlidir. Məsələn, bəzi rus ədəbiyyatşünasları sürrealist üslubun mənşəyini Qoqolun yaradıcılığında, "Burun", "Şinel" kimi əsərlərdə axtarırlar... Sürrealizm cərəyanının yaranma tarixi isə daha konkretdir. XX əsrin əvvəllərində Avropada modernizm axınının içində araya-ərsəyə gəlmiş sürrealizm cərəyanı sənətkarın nəzərlərini göz önündə olan real gerçəkliklərdən irreal fantaziyaların və ya psixi aləmin alt qatlarına yönəldirdi. Burada, heç şübhəsiz ki, psixoanaliz elminin də sənətə müdaxiləsi təsirsiz deyildi...
1916-cı il iyulun 14-də Sürixdə "Cənab Antipirinin manifesti" elan edilmişdi: bu, dadaizm cərəyanın ilk manifesti idi. Nəzəri ədəbiyyatda XX əsrin əvvəllərində bir cərəyan kimi formalaşan sürrealizm cərəyanın nəzəri sərhədlərinin müəyyənləşdirilməsi dadaizmlə əlaqələndirilir: 1917-ci ilin yazında Giyom Apollenerin irəli sürdüyü "Yeni ruh" manifestində ilk dəfə olaraq "sürrealizm" ("fövqəl realizm") termini işlədilmişdi...
Sürrealizmin mədəniyyət tarixində vətəndaşlıq qazandığı zaman isə 1924-cü ilə təsadüf edir. Həmin il fransız yazıçısı Andre Breton bu cərəyanın əsasını təşkil edən "Sürrealizmin manifesti"ni nəşr etdirmişdi. Breton sürrealizmi bədii fikrin ağıldan gəlmədiyi və mənəvi amillərdən asılı olmadığı psixi avtomatlaşma kimi təqdim edirdi. Onun sözlərinə görə, "sürrealizm sırf psixi avtomatizmdir, məqsədi ya şifahi, ya yazılı şəkildə, ya da başqa bir üsulla fikrin real fəaliyyətini ifadə etməkdən ibarətdir. Fikrin, ağlın hər cür nəzarətindən, hər cür estetik və ya əxlaqi mülahizələrdən kənar diktə olunmasıdır".
A.Breton qeyd edirdi ki, sürrealizm ona qədər laqeydlik göstərilmiş müəyyən assosiativ formaların yüksək reallığına inama, xəyalların qüdrətinə inama, fikirlərin ortada udub-uduzmaq marağı olmayan oyununa əsaslanır. O, bütün digər psixi mexanizmləri sındırmağa və həyatın başlıca problemlərinin həllində onların yerini tutmağa can atır. A.Breton mütləq sürrealizm yaratmış sənətkarların siyahısına özü ilə bərabər Araqon, Baron, Buaffar, Vitrak, Deltoy, Desnos, Jerar, Karriv, Krevel, Limbur, Malkin, Moriz, Navil, Noll, Pere, Pikon, Supo, Elüar kimi məşhur sənətkarların adını daxil etmişdi.
Bu cərəyan Avropada dərhal populyarlaşdı və 1924-cü ildə Berlindən Parisə yenicə gəlmiş, öz əsərlərini fransızca yazan İvan Qoll Pol Elüarla birlikdə "Sürrealizm" adlı jurnal nəşr etdirməyə başladı.
Beləliklə, yeni bir cərəyanın həm proqramı yaradılmış, estetik prinsipləri müəyyənləşdirilmiş, həm də xüsusi mətbuat orqanı nəşr olunmağa başlamışdı. Yenicə yaranmış sürrealizm elmin təhlil və tədqiqat obyektinə çevrilmişdi - sürrelizmi təhlil edən alimlərdən ibarət ayrıca araşdırma mərkəzi fəaliyyət göstərirdi.
Fransız sürrealistlərinin arasında böyük fərqliliklər olsa da, onları birləşdirən yeganə məqsəd təkcə sənətdə yeni bir üslub formalaşdırmaq deyil, həm də kökündən dəyişmiş bir dünya yaratmaq idi - sürrealistlərin qənaəti belə idi ki, yer üzündə ən ali həqiqət şüurdankənar, ağıla tabe olmayan başlanğıcdan ibarətdir.
Sürrealist yazıçılar öz ruhlarını idrakın hökmündən xilas etməyə çalışır, bunun üçün müxtəlif bədii üsüllara, təsvir vasitələrinə əl atırdılar. Məsələn, hipnoz seanslarını, hər kəsin ayrı-ayrılıqda gördüyü yuxuların birgə müzakirəsini bədii mətnə gətirirdilər. Şüurun alt qatlarına enən yazıçılar yuxulara, yuxu ilə gerçəkliyin hüdudlarına, ruhun qeyri-adi hallarına, qarabasmalara, gözəgörünmələrə daha çox müraciət edirdilər. O dövrdə özünün dinamik inkişaf çağını yaşayan və çox populyar olan psixoanalitik tədqiqatlardan faydalanan sürrealistlər insan şüurunun dərinliklərini, ruhun fövqəladə keyfiyyətlərini üzə çıxarmağa, göz önündə mövcud olandan tam fərqli bir gerçəklik yaratmağa çalışırdılar. Sürrealistlər predmetin özünü deyil, ideya və obrazları canlandırmağa və bunun üçün gerçəkliyi görünən tərəfindən deyil, iç üzündən göstərməyə üstünlük verirdilər.
Gerçəkliyin iç üzü Salvador Dalinin və Maks Ernestin rəsmlərində, Lüis Bonyuelin filmlərində, Andre Bretonun, Lui Araqonun, Rene Şarın, Anri Mişonun, Rober Densonun, Pol Elüarın müxtəlif janrlı ədəbi-bədii əsərlərində öz parlaq ifadəsini tapmışdır.
İyirminci illərin sonunda sürrealizm cərəyanında özünü göstərən ciddi parçalanmalar bu cərəyanın tarixinə təsirsiz qalmadı, Pol Elüar və Lui Araqon marksistlərin tərəfinə keçdi, bundan sonra onların yaradıcılığında kommunist ideologiyası üçün məqbul olan neoklassik formalar və obrazlar üstünlük təşkil etməyə başladı.
İkinci Dünya müharibəsi başlayanda isə sürrealizmin mərkəzi Parisdən ABŞ-a daşınmalı oldu: Breton, Düşan, Dali, Tanqi kimi sənət adamları Avropadan Amerikaya köçdülər...
Sürrealizm İkinci Dünya müharibəsindən sonra da dünya ədəbiyyatına öz təsirini göstərməkdə davam etmişdir. Bu, Latın Amerikası ölkələrinin yazıçılarının yaradıcılğında özünü daha aydın göstərir. Məsələn, Kolumbiya yazıçısı Qabriel Qarsia Markes ədəbi mətn üslubu ilə sürrealist rəsm texnikasını bir araya gətirməyə müvəffəq olmuş böyük söz ustalarından biri hesab edilir.
1960-cı illərdən başlayaraq Azərbaycan rəngkarlıq sənətində və ədəbiyyatında da sürrealizmin təsiri müşahidə edilir.
Əsl adı İsaak Lanq olan İvan Qollun 1924-cü ildə nəşr etdirdiyi "Sürrealizmin manifesti" bu cərəyanın başlıca estetik prinsipləri haqqında müəyyən təsəvvür yaradır.
İvan Qoll
Sürrealizmin manifesti
Bədii əsər fövqəlreal gerçəkliyi yaratmalıdır. Poeziya yalnız bundan ibarətdir. \ İ.Q.
Reallıq - istənilən böyük sənətin əsasını təşkil edir. Onsuz nə həyat var, nə də substansiya. Gerçəklik ayağımızın altındakı torpaq, başımızın üstündəki göydür. İstənilən bədii yaradıcılığın mənbəyi təbiətdir. Kubistlər özlərinin ilk əsərlərində ən sadə, miskin əşyalara tapınaraq o yerə qədər gəldilər ki, rənglənmiş kağızları, oyun kartlarını və ya kibrit qutularının etiketlərini heç dəyişiklik etmədən kətan üzərinə yapışdırdılar. Gerçəkliyin bu cür daha yüksək bədii səviyyəyə köçürülməsindən sürrealizm meydana gəldi.
Sürrealizm Qiyom Apolloner tərəfindən irəli sürülümüş bir konsepsiyadır. Onun yaradıcılığına müraciət etsək, orada ilk kubistlərin əsərlərində rast gəldiyimiz elementlərlə qarşılaşırıq. Gündəlik həyatdakı sözlər özündə qəribə bir magiya gizləyir - o bunlarla, dilin ilkin materiyası ilə işləyirdi. Maks Jakobs danışır ki, bir dəfə Apolloner küçədə eşitdiyi cümlələri və sözləri yazıya alaraq onlardan şeir düzəltmişdi. Yalnız bu elementar materialla o, poetik obrazlar yaratmışdı. Bu gün obraz yaxşı poeziyanın məhək daşıdır. İlk və son təəssürat arasında obrazın ifadəsinin assosiasiya tezliyi onun keyfiyyətini müəyyənləşdirir.
Yer üzünün ilk şairi bunu müəyyənləşdirib: "Göy mavidir". Daha sonra başqası kəşf edib: "Sənin gözlərin göy kimi mavidir". Çox-çox illər sonra isə bunu deməyə cəsarət ediblər: "Göy sənin gözlərindədir". Müasir şair isə belə deyərdi: "Göy sənin gözlərindir!" Ən yaxşı obrazlar gerçəkliyin bir-birindən uzaqda yerləşən elementlərini ən kəsə və sürətli yolla bir araya gətirənlərdir. Beləliklə, obraz müasir poeziyanın sevilən atributlarından birinə çevrilib...
XX əsrin əvvəllərinə qədər şeirin keyfiyyətini eşitmə müəyyənləşdirirdi: ritm, səslənmə, intonasiya, ölçü - bunun hamısı eşitmək üçün idi. 20-ci illərdən görmə zəfər çaldı. Biz kino əsrində yaşayırıq. Get-gedə daha çox vizual işarələrlə anlaşırıq. Bu gün keyfiyyəti sürət müəyyən edir. Sənət - həyatı və insan təbiətini içinə alır. Onun səciyyəvi simptomları bizim zəmanəmizin ifadəsi kimi sürrealizmə xasdır.
Sürrealizm özünü birbaşa, intensiv ifadə edir, ikinci əldən alınmış abstrakt anlayışlara: məntiqə, estetikaya, qrammatik effektlərə, söz oyunlarına əsaslanan vasitələri rədd edir. Sürrealizm hər hansı bir ölkədə hər hansı bir qrupun ifadə vasitəsi olmağa qane deyil: o, beynəlmiləldir. Bizim hamımızı, Avropanı parçalayanları özünə çəkir, hər birimizdən ən mühüm elementləri alır.
Sürrealizm bizim zəmanənin uzağa gedən hərəkətidir. O, sağalma deməkdir və yaradıcı prosesin getdiyi hər yanda özünü göstərən dağıntı və xəstəlik təmayüllərinin hamısını əks etdirəcək.
Əyləncə sənəti, əsəbləri qıdıqlayan yüngül balet və müzikl, rəsm sənəti eqoistik sənətdir, müharibədən sonra yadırğama axtaran nəsli sərbəst və dekadentcəsinə əyləndirməkdən tezliklə qalacaq.
Bir sıra keçmiş dadaistlər tərəfindən bürqerləri çaşdırmaq üçün sürrealizm adına uydurulmuş saxtakarlıq isə üfüqlərdən çəkiləcək. Saxtakarlıq "yuxunun hökmranlığını" elan edir və Freydi yeni muza adlandırır. Guya Freydin təlimini poeziya dünyasına gətirmək mümkün imiş! Bu, psixiatriyanı incəsənətlə qarışıq salmaq deyilmi? Psixiatriyanın yuxuya əsaslanan və fikirlərin oyununa laqeyd olan psixi mexanizmi bizim psixi orqanizmimizi heç vaxt dağıda bilməz. Ona görə ki, psixi orqanizm bizə gerçəkliyin həmişə düz olduğunu, həyatın fikirdən daha gerçək olduğunu öyrədir. Bizim sürrealizm təbiəti, insanın ilkin duyğularını yenidən kəşf edir və onu yeni bədii materialın köməyi ilə yaratmağa can atır.
1924
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!