Cavanşir YUSİFLİ
Müharibə... zəfər... bu sözlər məndə belə bir deyimi canlandırır: zərrəbin. Niyə zərrəbin? Çünki ən dəhşətli hadisələr də, ən sevincli olay da özündə aniylə əbədiyyəti birləşdirir, top səsindən hər şey var gücüylə kənara sıçrayır, milyon- milyon gülün ətrini qoxlamaq istəyinin içində əbədiyyət yatır. Həm də əlacsızlıq. Məlikməmməd nağılında olduğu kimi gözüaçıq, yuxu aparmasın deyə barmağın kəsilməsi... Bunu, milyon-milyon gülü qoxlamaq istəyini Məhəmməd Füzuli ifadə edibmi? Bunu Füzuli kimi dünyanın nəhəng şairləri nəhəng misraların içində, bətnində gül qoxusu kimi gizlədiblər.
Bu fontan vuran hadisə ləçəklərini biz, olsa-olsa, zərrəbin altında axtararıq. Biz aydındır ki, o zaman həyatda olmamışıq, yaxud olsaq belə, hadisədən indicə xəbər tutmuşuq - bax, anla, əbədiyyətin sevişdiyi məqamda insanın qəfildən yaddaşını itirməsi elə budur. Bir də min ildən sonra oyanıb o gül ləçəklərini yadımıza salırıq, ondan da qabaq həmin üstü qan qoxulu ləçəkləri yuxuda görürük. İnsan göbəyinin kəsildiyi yerə əbədiyyən bağlıdır, o yurdun, o məqamın üstünə düşmən gələndə sinəsini qabağa vermək lazımdır. Əks təqdirdə, sən hər şeyini itirməli olarsan, hər şey yalan olar. Hər şeyin yalan olduğu dünyada sən həqiqət sözünü dərhal unudarsan? Pyer Emmanuelin bir şeiri var.
Çılpaq bir ağac
Tək bir yarpaqdan başqa
Hələ də duruş gətirir,
Hələ də...
Çılpaq bir insan
Üzünün bir tərəfindən başqa
Aldadır hələ də...
Ağacı kəsmək
Yerə düşsün.
Həqiqi olsun deyə,
İnsanımı öldürmək?!.
Birinci Qarabağ müharibəsindən həmişə gördüyümüz (həyatın hansı üzündəsə sanki çox yaxın olmuşuq...) qəhrəmanların adi insan görünüşləridir. Bir də bu: qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün... Bir də rus aparıcının, çox məşhur aparıcının azərbaycanlı zabitin düşməni saymadan cəsarətli davranışı haqqında heyrətli sözləri.
İkinci Qarabağ müharibəsi, ağıl, zəka şücaəti, xarici jurnalistlərin, həm də düşmən cildində təşrif gətirən jurnalistlərin yaylım atəşi olmadan susdurulması.
Birinci Qarabağ müharibəsinin sətirləri arasına səpilən toxumlar üzü gələcəyədir, üzü dan yerinədir. "Uf" demədən canını Vətən uğruna qurban verən qəhrəmanlar hamının yuxusuna sərin su kimi çilənir. Ayılmaq mənasında.
Ancaq... Hər şey vaxtilə yazılan şeirlərin misralarının içinə düyümlənib, şübhəsiz ki, ürəkdən gələn, qaiblə bağlantısı olan şeirlərin bətnində. Vaxtilə belə bir şeir vardı - Əsgər məktubu. Seçdiyimiz iki şeir çox məşhurdur, birinci misra gələn kimi, eşidilən kimi ardı səslənir. Müəllifini susduran şeirlərdir bunlar, müəllifsiz oxunan, hamının könlündən gələn şeirlər. Dinləyin:
Sizə zəfər gətirəcəyik,
bizə məktub yazın, heç olmasa,
sətirlərdən ürəyiniz boy versin,
səbirlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını;
üz çevirib getməyin uşaqlarımız dilənəndə,
su verin
çörək verin!
Atalarımıza siqaret,
analarımıza ürək-dirək verin...
Sizə zəfər gətirəcəyik,
bizə barıt qoxusu dadmayan
səhər saxlayın,
bir az günəş
bir az dəniz...
bir az da soyuq xırdalan pivəsi
şəxsən mənim üçün
və sevməyin, ay əclaflar,
bizi gözləyən qadınları.
Zəfər haqqında ən gözlənilməz, ən gözəl və ən unudulmaz şeirlər məhz müharibənin qanlı-qadalı günlərində yazıldı. Sizə zəfər gətirəcəyik... Burda yadıma nə düşür, Ernst Bloch düşür yadıma. Filosof deyir ki, həqiqi utopiya ümidin düşüncəyə çevrildiyi məqamdır. Sizə zəfər gətirəcəyik... Birinci müharibədə mən müharibəylə nəfəs-nəfəsəydim. İkincidə qocalmışdım və bu iki şeiri hər gün oxuyurdum. Məqsədlə yox, qarşıma çıxdığından...
İkinci şeir. Bunu mən müəllif onu söylərkən, ətrafda hər şeyin qəfildən yoxa çıxması, ətrafda hər şeyin yazı lövhəsində olduğutək silinməsi, anidən yer üzünün boşalması kimi, şəxsən özümün sezdiyim hadisələrə görə sevirəm. Müəllifin söylədiyi şeir havanı, ordakı gözlə görünməyən zərrəcikləri musiqi qammalarına çevirir, bütün dünya havadakı dalğalarla yırğalanır.
Müəllifini susduran şeir:
Müharibə başlayıb... Nəbatat bağındayam,
Hava yaman soyuqdu, özüm də bir az xəstə.
Heyif, evdən çıxanda papaq da qoymamışam,
Anam elə bilir ki, ölüm ayağındayam.
Müharibə başlayıb... Nəbatat bağındayam...
Mən səni gözləyirəm....
Eləcə dayanmışam Eldar şamının altda.
Gör e, adam adında ağaclar var həyatda,
Ağacların üstündən yıxılan balacalar böyüyür,
igid olur.
Mən səni gözləyirəm, amma indi, bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur.
Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən vətən səninçün nədi?
Bax, indi dediklərim hamısı bəhanədi:
Anamın olduğu yer, atamın yatdığı yer,
bir də sən hardasansa, ora mənə vətəndi.
Anam heç vaxt ölməsin, sən də ölmək istəmə,
Mən atamdan bilirəm, ölüm bədahətəndi.
Mən də mütləq öləcəm, elə Eldar şamı da,
Bir əsgər anasının ümidi ölmür heç vaxt,
bir də əziz şəhidlər ölmür, başına dönüm,
Məni bərk qucaqlama, axı atan deyiləm,
Məndən barıt qoxusu gəlmir, başına dönüm.
Hər şeyə baxmayaraq
yenə də məni sevmək
çox xoşuna gəldisə,
dua et, ayrılmayaq,
duadan yaxşı nə var
ürəyin gözəldisə...
Müəllifin "çıxıb getdiyi" şeir o qədər sevilib, o qədər ürəkdən dinlənilib ki, mətn məlum misrada bitib: ...Mən atamdan bilirəm, ölüm bədahətəndir.
Ondan sonra elə bu şeirin davamı kimi başqa, tam fərqli şeir başlayır və duadan yaxşı nə var, ürəyin gözəldisə, misraları ilə sonsuzadək davam edir, uzanır, siz işıq zolağının gecə qaranlığında təzəcə yerimək öyrənən balaca uşaq kimi hoppana-hoppana qaçdığının şahidi oldunuzmu heç?
Müəllifin susdurulması haqqında - Pol Valeri təsdiqləyirdi ki, poeziya gözəl, cilvəli şəkildə geyinmiş və poetik aparatura ilə təchiz olunmuş proza deyildir; şeir hansısa ideya qəlibinə qədər sıxılmış bir nəsnə ola bilməz. Bir məqamda ona "sırınan" ideyadan qaçıb qurtulmağın yolunu mütləq bular. Buna görə də şeir bu boyda məkanda - Yer kürəsində sahibsiz, tək-tənha gəzib dolaşmağı sevir və özünü bölük-bölük dəstələrin arasında hiss edər. Hər iki mətndə bu dediklərimizə dəstək olan nələrsə, hansı məqamlarsa yox deyil. Sizə zəfər gətirəcəyik... Bunu müharibənin dərinliklərində bizi görən, baxıb sarsılan əsgər deyir. Bölük-bölük insan sənin xalqındı və sən onun üçün döyüşürsən.
Nə vaxt ki biz doğrudan da, şeiri hiss edirik, o zaman tərkibinə düşüncə və varlıq hissinin daxil olduğu poetik vəziyyətin kəşfinin və ötürülməsinin şahidi oluruq. Şeirin mövcudluğunun mütləq səbəbi olan poetik vəziyyətin yaşanması, həmin unikal vəziyyəti silib atmadan şeirin özündən başqa bir ifadə formasına çevrilə bilməz. Hər bir şeir yalnız özü üçün yaşayıb nəfəs alan bir tikilidir. Poeziyanın hər bir ayrıca şeirdə "dil içində dil" konstruksiyasını yaratmaq üçün istifadə etdiyi dil yalnız hər şeirin özünəməxsus dünyasında anlaşıla bilər; mətni oxuduqdan və təkrar-təkrar oxuduqdan sonra anlaşıla bilən bu dil ayrıca götürülən şeirin yaşantısını ötürə bilir. Bu iki şeir bu mənada fərqli nəsnələr, fərqli prinsiplər üzərində qurulmuş mətnlərdir. Birinci şeir müəllifin də haçansa unutduğu, yadından çıxardığı sözdən - deyimdən yaranır. O unudulan deyimin aurası o qədər gözəl və yenidir ki, oxucu bu "dil içində dili" başa düşəndə şairin yaratdığı poetik dünyaya daxil olur. Bura poetik musiqinin, harmoniya, səs və konnotasiyaların qarşılıqlı təsirindən, o cümlədən, şeirdəki sözlərin denotasiyasından meydana gələn rezonans dünyasıdır. Oxucu doğrudan da, bu poetik dünyada "qərq olanda", şeirin xalis mətni estetik əks-səda hissiyyatında yaranır. Şeir daim müəllifini kənarlaşdırmağa, dəf etməyə çalışır, dil içində dilin anlaşılmasında ən böyük maneə müəllifdir. Bayatı və oxşamalar, bunlara bənzər parçalar niyə bu qədər gözəldir, həm də dünyanın yaşamaq üçün heç nəyə ümidi olmadığı halda, dünyaya gələn bu formalar niyə bu qədər gözəldir?
Müharibənin dəhşətlərini, zəfərin dünyaya sığmayan sevincini məhz bu ovqatla yaranmış mətnlər ifadə edə bilir. Zəfər bir andır, hamının düşüncəsini, ruhunu bir nöqtədə ifadə edən məqam. Zəfər ayrıca bir fəsildir, bütün fəsillərin ən gözəl mənzərəsini özündə birləşdirən bu xalqın dünyaya sığmayan ürəyi...
Zəfər şeiri bir anın içində, bir göz qırpımında yazılır və müharibənin alovunda yanıb külə dönür, ürəklərə köçür və unudulmur, bu iki gözəl şeir o mətni görükdürmək, tam olaraq yada salmaq üçün bir cəhddir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
