Kitabdan parça
Tehran ƏLİŞANOĞLU
Bəzən elə bilsək də əksinədir, amma yox, Sözün, Ədəbiyyatın necə vardırsa, o cür olmağa qadirsən.
İlin əvvəlində (mart, 2020) şair Arzu Əsədin "Və Nida!" adlı bir kitabı çıxdı (Bakı, Elm və təhsil, 2020). Kitab, adından da göründüyü kimi, Ali Baş Komandanımız Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri bədnam Paşinyana cavab Nitqinin ruhundan yaranmışdı:
Eşitdinmi, duydunmu - püskürmədə o vulkan,
Bir an qulaqlarından əskilməsin o səda.
Bu xalqın nifrətinə, qəzəbinə sıxılan
Əsrlərin bağrından qopub gəldi o "Nida"!
O ruh ki, 44 gün durmadan bizi Qələbəyə qaldırdı, qanadlandırdı, apardı:
Milyonlar ayaqdadır, milyonlar hazır durub,
Milyonlar qurban gedir o günün gəlməsinə.
Azərbaycan - çırpınan əlli milyon NİDADIR
Ali Baş Komandanın bir "Hücum" kəlməsinə!
O ruh ki, xəbis düşməni beşiyindəcə məzara gömür, aqibətini xəbər verirdi:
Bu yaralı torpaqda yallımı oynayırsan,
Qorxmursanmı ahlardan, ey əsrin zavallısı?!
Başının üzərində oynanacaq bir azdan
Uçuşan mərmilərin, raketlərin yallısı!
O ruh ki, yumruq kimi birikən, bir olan Millətin poeziya salnaməsini yazırdı:
Nəsillər gömüləcək, nəsillər doğulacaq,
Keçmiş, bu gün, gələcək - bir nöqtəyə dolacaq.
Ya mənim məzar daşım, ya bayrağım olacaq -
Qarabağın bağrına o Nida qoyulacaq!
Hələ nə iyul hadisələri vardı, nə avqust, nə də 27 sentyabr - Qələbə marşının ilk yaylım atəşi... Kitabdakı şeirlər 44 günlük Zəfər yürüşünün altyapısınıəvvəlcədən heyrətamiz ardıcıllıqlacızırdı: "Və Nida!", "Mən səni sındırdım Lələtəpədə", "Lələtəpə dastanı", "Azərbaycan dəyişir", "Ölkəm əmin əllərdədir", "Azərbaycanlılar", "O gecə", "Didərgin bayatıları", "Ver, ver bizə zəfəri", "Dalğalan, bayrağım, dalğalan!", "Qələbə"...
Kitabda Ali Baş Komandanın təkrarsız obrazı var:
Yaşın o yaşa çatır, damarlarında o qan -
Dönüb keçən yüzilin yetmişlərinə baxsan.
Bundan sonra sən böyük tarix yaradacaqsan!
QƏLƏBƏ - bu möhtəşəm tarixin şah əsəri!
Ver, ver bizə zəfəri!
Ali Baş Komandanın obrazı az qala bütün şeirlərdən, kitabın tüm fəsillərindən keçir. Xalqına xitabən, Dünya kürsülərində(n)Nidalar söylədiyi kimi, Prezident görəvində, tarixi missiyasında,əməllərində görünür:
Elə bil hər tərəfə bir sehirli əl dəyir,
Bu yurdu, bu vətəni başdan-başa süsləyir.
Millətimin haqqıdır bolluq, bərəkət, xeyir,
İl-ildən rəvan gəlir, gün-güzəran dəyişir,
Azərbaycan dəyişir!
Harda Qələbə varsa,məhz ora mübarək imzasını qoyur:
Gəldi o müqəddəs an,
sən Ali Baş Komandan!
Əmrindədir bu yurdun,
bu torpağın ərləri,
Ver, ver bizə zəfəri!
44 günlük Zəfər yürüşündə ("bircə dəfə də geri çəkilmədən"!) biz buna əmin olduq!
Bütün dünya od içində,
ölkəm əmin əllərdədir,
Kim yaşadıb, kim ucaldıb
yenə həmin əllərdədir...
Biz onu - Ali Baş Komandanı Xalqı ilə birgə, Sabaha açılan nəzərlərində(n) görürük:
Biz aqilik, biz zərgərik,
meyarları dəyişirik,
Ürəkləri əridirik -
əyarları dəyişirik.
Yüz illərlə daş kəsilmiş
qəlibləri dağıdırıq.
Şərqdən Qərbə, Qərbdən Şərqə
nur selləri axıdırıq...
Kitabda çağdaş Azərbaycan toplumunun, xalqın obrazı var; Xalq obrazı kitabın tüm fəsillərindən, bütün şeirlərdən keçir.
Qəzəbinə, nifrətinə yığılan xalq,
Bir sevdaya düyümlənən,
bir yumruğa sıxılan xalq
- Dayan! - dedi...
Özünə, keçmişinə, dünəninə sığmayan, artıb-böyüyüb Günə açılan Xalq obrazı:
Cəsarəti, idrakı
nəsillərdən irs alıb,
Səadəti əlində
bir götürüb, bir salıb,
Yıxılıb, qalxıb, durub,
dünənindən dərs alıb,
Addım-addım dəyişir,
insan-insan dəyişir,
Azərbaycan dəyişir!
Dövlətçiliyi ilə qürur duyan, müstəqilliyinə aşina Xalq obrazı:
Bu dövlət bu vətənin,
bu xalqın varlığıdır,
O mənim göz bəbəyim,
düşmənə göz dağıdır.
İndi qeyrət dəmidir,
indi hünər çağıdır -
Dərk edir bu tələbi
qoca, cavan dəyişir,
Azərbaycan dəyişir!
Kitabda milli xarakterin dərki, dərinliyi, əvəzsiz imkanları açılır:
Siz ki, hamıdan gözəl, hamıdan məğrursunuz,
Bədənlərə bürünənbir ilahi nursunuz.
Qəlblərə, ağıllara işıq sovurursunuz,
Azərbaycanlılar, azərbaycanlılar...
Kitabda Xaliqdən gələn bu Xalqın əbədi-əzəli torpaq, Vətən, yurd obrazı var:
Sanırdılar kiçilərsən,
kəsilərsən, bölünərsən,
Əriyərsən, qarışarsan,
Yer üzündən silinərsən,
Bilmədilər sən başqasan,
sən tilsimsən, sən sehirsən,
Zərrə qalsan yenə dönüb
bir dünyaya çevrilərsən...
Kitabda bu dünyanın bitib-tükənməz, əsrarəngiz Azərbaycan nağılı var:
Yığılın, ey zərrələr,
bir işığa yığılın,
Bir ürəyə boşalın,
bir yumruğa sıxılın.
Bitməsin bu dünyanın
Azərbyaycan nağılı,
Azərbaycanlılar,
azərbaycanlılar!
Elə də oldu; yığılıb-yığılıb bir yumruğa sıxılanAzərbaycan varlığı 2016-nın Aprelini və 2020-nin 27 Sentyabrını başlatdı...
Aprel döyüşləri kitabda ümdə yer tutur. Bu, yeni Poeziya salnaməmizin düyün nöqtəsidir:
Lələtəpə - tariximin
sınan, dönən nöqtəsidir,
Azərbaycan varlığının
Yer üzünə diktəsidir!
Lələtəpə - sevdamızı
süsləyəcək zəfər tacı,
Lələtəpə - qalibiyyət
eramızın başlanğıcı!
Ardıyca bütöv bir Aprel ədəbiyyatını gətirir, "28 aprel ədəbiyyatı"na ən nəhayət nöqtə qoya bilmiş Ədəbiyyata ayaq verir:
300 illik zülmün, qəsbin
son saatı, dəqiqəsi, saniyəsi
Lələtəpə zirvəsində
bitdi getdi!
300 illik xəyanətin,
cinayətin təntənəsi
Lələtəpə kölgəsində
itdi getdi!
Bundan sonra düz 300 il
Zaman bizə işləyəcək,
Tarix bizə çalışacaq!
Dünya buna alışacaq...
Kitabda modern müharibə necə olur və Azərbaycan Ordusunun obrazı var:
Zireh dələn, beton dələn,
Məsafədən məsafəyə
Hədəfi tam birdəfəyə
Vuran raket mərmiləri
Silkələyir göyü-yeri.
Modern ölüm dühaları -
Dronları - İHA-ları,
Göy üzünün qorxuları -
Yeni zenit qurğuları,
Uçaqsavar, raketsavar -
Ən modern, son silahlar...
"Lələtəpə dastanı"nı yazan da odur - 4 gün və 44 gün Tarix yazmış müzəffər Ordumuz!
Addımından yer titrəyən,
nərəsindən göy sallanan,
İnsan oğlu idrakının
son gücüylə silahlanan,
Vətən, torpaq sevdalısı
bir müəzzəm, modern ordu
"Bilsin dünya, varlığımla
qoruyacam mən bu yurdu..."
Sonra Günnüt gəldi, İyul gəldi, Sentyabr ədəbiyyatı gəldi. 44 gün sərasər Ədəbiyyat da, "Ədəbiyyat qəzeti" də bir müqəddəs şüara tapındı:"Qarabağ Azərbaycandır və Nida!" Bütöv bir Zəfər ədəbiyyatı yarandı.
Kitabda bayatı nisgili var. Qəsidə, müxəmməs pafosu var. Ağı, mərsiyə acısı da var, Əruz ruhu,Qoşma təntənəsi də var.Kitabda Şəhriyar, Bəxtiyar, Sabir, Hadi, Cavid, Cavad, Müşfiq, S.Rüstəm,R.Rza, X.Rza, M.Araz, Z.Yaqub, Qabil, C.Novruz, R.Rövşən... - hər birindən bir pay, bir not, ahəng, çalar, iz... Kitabda başdan-başa Səməd Vurğun ruhu, nəfəsi yaşayır:
Tarix nələr görmədi,
nə simalar, nə canlar,
Bəşərə güzgü oldu
gəlib keçən zamanlar.
Adam kimi adamlar,
insan oğlu insanlar -
Azərbaycanlılar,
azərbaycanlılar...
Ədəbiyyatımız bu notu tarix boyu yazıbdır; nədən uzaq düşmüşük bəs:
Müharibə aşkardadır,
müharibə gizlindədir,
Kəlmələrin çölündədir,
cümlələrin içindədir.
Sözlər məsum, sözlər dustaq
mənaların girovunda,
Ağla, zamana dirənən
ehtiraslar buxovunda...
Yadlığa, yabançılığa,"modernizmin sədləri", "qlobalist təfəkkür", "metafizik sancılardan doğulan absurd dünya"ya Şair etirazı, üsyanı var kitabda:
Dəyərlər necə saxlansın
altında bir mütləq yoxsa,
İnsan nəyə can atsın ki,
üstündə bir Allah yoxsa,
Dünya Xaos girdabında,
içə, dışa bax, görünməz,
Bu tozda, bu tozanaqda,
əlbəttə, Allah görünməz...
1990-nın 20 yanvarından, otuz ilin müstəqillik dərslərindən keçib-gəlir "Və Nida!":
Qan içində boğulurdu o gecə,
Azadlığım doğulurdu o gecə!
Ədəbiyyatın nədirsə, necədirsə - o cür olmağa qadirsən. "O gecə"dən "Didərgin bayatılar"a, "Lələtəpə dastanı"na və "Qələbə"yə - ağrılardan, səbrlərdən, arzulardan, inamlardan, istəm və (ilahi)əmrlərdən doğmuş "Və Nida!" hələ neçə il öncədən bugünün Zəfərini də necə dürüst ehtizazla xəbər verir:
Ey ulu qələbə, ey ulu zəfər,
ey göz yaşlarını donduran qəhər!
Ey üfüqlərdə gülən istiqbal,
qəlbləri yandıran atəşli xəyal!
İllərdir həsrətindəyəm!
Gəl!
Nə canlar getdilər uğruna,
nə qanlar tökdülər umruna,
yoluna şəhidlər döşədim,
bir ömür gözlədim,
gəl,
çiçəklə, güllə də olsan,
sinəmə sancılan güllə də olsan.
Gəl, şəhid ruhları çağırım,
sonunda mən də
bir köküs dolusu bağırım:
- Qələbə! Qələbə!
Arzu Əsədin "Və Nida!"sı idrak poeziyası əyarıdır. Kitabın rəyçiləri Xalq şairləri Nəriman Həsənzadə, Fikrət Qoca və akademik Nizami Cəfərovdur. Akademik kitaba dəyərli Son söz yazmışdır: "Azərbaycan - çırpınan əlli milyon Nidadır!"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
