Yaradıcılığı sözün fəlsəfəsi ilə də bağlı olan ziyalı - Pərvanə MƏMMƏDLİ

 

Ədəbiyyatın dərin qatlarına enmək, sözün sükutdakı mənasını duymaq hər kəsə xas deyil. Filologiya elmləri doktoru Rəhim Əliyev bu anlamda bir tədqiqatçıdan çox, bir dinləyicidir - sözün içindəki səsi dinləyən, onu yazıya, ideyaya və təhlilə çevirən alimdir.

1950-ci ilin noyabrında Bakı yaxınlığındakı Ramana kəndində doğulan uşaqlıq illəri, mavi Xəzərin dalğalı sahilləri və küləkli yarımsəhranın tozlu yolları içində keçməsi Rəhim Əliyevi bir ədəbiyyat həvəsi ilə böyütdü. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində aldığı təhsilini sözə sədaqət kimi yaşadı. Hələ tələbə ikən "Azərbaycan gəncləri" qəzetində 1973-cü ildə tanınmış professor Yaşar  Qarayevin (sonralar dissertantı olduğu) "Səhnəmiz və müasirlərimiz" kitabı haqqında yazdığı ilk rəyi ilə ədəbi tənqid dünyasına qədəm qoydu.

Sovet ordusunda zabit kimi keçirdiyi illər baxışlarını daha realist, daha psixoloji etdi. Qayıtdıqdan sonra Nizami adına Ədəbiyyat İnstitutunda elmi işə başladı və ədəbi tənqidin düşüncə müstəvisində formalaşdı, eyni zamanda "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi olub, tənqid şöbəsini idarə etdi, Prezident Aparatında və Teleradio Şirkətində məsul vəzifələrdə çalışdı. Sonralar yenidən Ədəbiyyat İnstitutuna qayıtdı, 2000-ci ildən Cənubi Azərbaycan şöbəsinə rəhbərlik etməyə başladı.

1983-cü ildə "1970-ci illər lirikasının inkişaf meyilləri" mövzusunda namizədlik, 1996-cı ildə "Cəfər Cabbarlının yaradıcılıq təkamülü: metod, üslub, janr" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmi pillələrin zirvəsinə qalxdı.

Onu mən ilk dəfə "Ədəbiyyat qəzeti"ndən tanımışam - 80-ci illərdə qəzetin səhifələri ədəbi fikrin nəfəs aldığı bir mühit idi. Mən də oraya sənət və ədəbiyyatla bağlı yazılar aparırdım. Daha çox sənətşünaslıq mövzularından yazdığımdan redaksiyada Mehriban xanım, Əşrəf İbrahimov (təəssüf ki, indi hər ikisi də həyatda yoxdurlar) kimi həmkarlarla təmasda idim. Amma bəzən  redaksiyada  sənət və ədəbiyyat söhbətləri  gedəndə orada Rəhim Əliyevi də görürdüm və fikirləri mənə çox maraqlı gəlirdi. Onun imzası qəzetin səhifələrində  də fərqli, təzə bir nəfəs kimi görünürdü.

Tale elə gətirdi ki, sonradan biz eyni institutda,  eyni şöbədə çalışmağa başladıq. Bu yaxınlıq mənə onu daha yaxından tanımaq imkanı verdi. Rəhim Əliyev çox maraqlı insandır - onun dünyaya baxışı, hadisələrə yanaşması, hətta gündəlik söhbətlərdəki tonunda belə, bir intellektual enerjisi duyulur. O, ədəbiyyata yalnız sənət kimi deyil, həm də düşüncə laboratoriyası kimi baxır.

Rəhim müəllim tənqidçi kimi hər zaman cəsarətli olub. Kiminsə haqqında düşündüyü bir fikri gizlətməz, bəyənmədiyi bir məqamı açıq deyər. Onun tənqidinin sərtliyi arxasında bir prinsip dayanır - ədəbiyyatı qorumaq, onu saxta pafosdan, səthi mühakimədən uzaq saxlamaq. Bu mənada o, klassik tənqid məktəbinin davamçısıdır.

Rəhim Əliyevin  bir maraqlı xüsusiyyəti ondadır ki, oxumadığı, amma haqqında eşitdiyi məsələlər barədə belə geniş düşünə bilir, yeni bucaqlar aça bilir. Bu xarakterinə görə onu mərhum  tənqidçi Aydın Məmmədovla müqayisə etməmək olmur. Deyirdilər ki, Aydın Məmmədov, bəzən oxumadığı, yalnız eşitdiyi bir məsələ haqqında elə yazırdı ki, həmin mövzunu illərlə araşdıran adam belə, onu bu qədər dəqiq ifadə edə bilməzdi. Rəhim müəllimdə də bu qabiliyyət var. O, nəyəsə maraq göstərdisə, o mövzu artıq yeni bir istiqamət qazanır. Danışanda qarşısındakı insandan fikirlər alır, amma həmin fikirləri elə sistemləşdirir, elə aydınlaşdırır ki, bir anlıq fikirləşirsən - "bu mənim dediyim idi, amma o məndən daha dolğun ifadə etdi". Bu onun tənqidçi intuisiyasının, yaddaşının gücündəndir, yəqin ki və  fikri dinləyib yenidən formalaşdırmaq bacarığıdır.

Uzun illər onunla bir yerdə işləyən və  xarakterinə bələd olan, yaradıcılığını izləyən eləcə də, verdiyi müsahibələrlə maraqlanan biri kimi, onun bədii portretini yaratmaq istədim.

Rəhim Əliyev ədəbiyyata sırf düşüncə adamı kimi deyil, həyatın dərin qatlarını hiss edən, onları bədii yaddaşla ifadə edən yaradıcı şəxsiyyət kimi daxil olub. O, dili yalnız ifadə vasitəsi kimi deyil, insan təcrübəsinin, yaddaşının və həyatın özü ilə əlaqələndirir. Onun fikrincə, yazı təfəkkürün deyil, yaddaşın məhsuludur; hər yazı əvvəl oxunan yazıların yeni bir variantıdır. Bu baxımdan, Rəhim Əliyev üçün yaradıcılıq - fərdi yaddaşın unikal düzüm formasıdır.

O, "ədəbi dil" anlayışını da adi bir termin kimi deyil, cəmiyyətin yazıya keçidi ilə formalaşan mədəni hadisə kimi izah edir. Onun baxışında yazı - həyatın müxtəlif sahələrində öz qaydalarını yaradan, bu qaydalar vasitəsilə insan təcrübəsini qoruyan sistemdir. Beləliklə, o, dili ədəbiyyatın deyil, daha çox insan təfəkkürünün və sosial yaddaşın təzahürü kimi görür.

Rəhim Əliyev həm də ədəbi mühitin sosial təbiətini dərin tənqidlə qarşılayan realistdir. O, tənqidi "ədəbiyyatın vicdanı" sayır, lakin bu vicdanın yaşaması üçün müstəqil mətbuatın zəruri olduğunu bildirir. Onun fikrincə, müstəqil mətbuat və ictimai rəy yoxdursa, vicdanlı tənqid də yaşaya bilməz. Müsahibim bu sahədə sovet irsindən gələn "sifarişli tənqid"in, eləcə də müstəqillik dövründə formalaşmış "məmur ədəbiyyatı"nın sərt və prinsipial tənqidçisidir. O, yazıçı və məmur anlayışlarının birləşməsini ədəbiyyatın fəlakəti sayır, belə yazıçıların "ölən kimi adlarının it dəftərində qalmayacağ"ını deyir.

Onun fikirlərində sərtlik olsa da, bu sərtlik kin və aqressiyadan deyil, ədalət hissindən doğur. O, yazıçının azadlığını müqəddəs sayır: "Doğulmaq bir şans verir, seçim etmək asan deyil. Amma şəxsiyyətin gücü seçimlərində görünür". Onun bu sözlərində həm bədii, həm də fəlsəfi bir ölçü var.

Rəhim Əliyevin qadın obrazlarına münasibəti də onun yaradıcılıq fəlsəfəsini açır. O, qadını yalnız mövzu kimi deyil, dünyanın bədii və mənəvi mərkəzi kimi görür. "Qadını bilməyən həyatı bilmir", - deyən yazıçı üçün qadın insan varlığının mənasını açan güzgüdür. Qadın onun üçün həm məhəbbət, həm hikmət, həm də həyatın görünməyən tərəfləridir.

Siyasətə münasibətində o, realist və ironikdir. Yazıçıların siyasətə qarışmasını "yaradıcılıq böhranı" kimi qiymətləndirir, amma eyni zamanda etiraf edir ki, bəzi yazıçılar hökumətdən də, müxalifətdən də istifadə etməyi bacarırlar. Bu fikir onun cəmiyyətə soyuq başla, amma ədalətli nəzərlə baxdığını göstərir.

 

Ədəbiyyata dair baxışlarında Rəhim Əliyev cəmiyyətin ruhi sağlamlığı ilə ədəbi səviyyə arasında birbaşa əlaqə görür. Onun fikrincə, "sağlam düşüncənin dəyəri olmayan yerdə Nobel mükafatçısı yetişə bilməz". O, ədəbi mühitin tənəzzülünü təkcə istedad çatışmazlığı ilə deyil, dəyərlərin sistemli şəkildə sıradan çıxması ilə əlaqələndirir.

"Ədəbiyyat insana daha rahat yaşamaq üçün lazımdır," - deyən Rəhim Əliyev üçün yazı - həm xilas, həm də insanın varlıqla təkbətək qaldığı andır.

Onun elmi fəaliyyətində ədəbiyyat nəzəriyyəsi əsas istiqamətdir. Rəhim Əliyevin nəzəri təhlilləri sadə təsvirlərlə məhdudlaşmır - ədəbi hadisəni ictimai düşüncənin tərkib hissəsi kimi izah edir. Ədəbiyyat tarixini bütöv şəkildə qapayan, müxtəlif mərhələlərin ideya dinamikasını açan əsərləri var.

Rəhim Əliyevin elmi dünyası yalnız ədəbiyyat nəzəriyyəsinin faktları ilə deyil, sözün fəlsəfəsi ilə də bağlıdır. Onun "Ədəbiyyat nəzəriyyəsi" kitabında irəli sürdüyü "dil yazıdan törəyib" ideyası elmi düşüncədə bir cığır açdı. O, sözü təkcə ifadə vasitəsi kimi deyil, həm də yaradıcı enerjinin mərkəzi kimi dərk edir.

Müəllifin "Poeziyanın təbiiliyi", "Taleyin sözü", "Sözün mifi", "Cavidannamə", "Nəsimi nədən ənəlhəqq dedi" və digər kitabları onun həm nəzəri, həm bədii düşüncəsinin məhsuludur. Hər bir əsərdə dilin mənşəyi, insanın ruhu və zamanın bədii təfəkkürdəki izləri ilə bağlı suallar səslənir.

Rəhim Əliyev, ilk növbədə, ədəbiyyat nəzəriyyəsi sahəsində tanınıb. Onun "Poeziyanın təbiiliyi" (1982) kitabı sovet dönəmində yazılsa da, pafossuz və orijinal yanaşması ilə diqqət çəkir. Burada  poeziya sosialist realizminin ideoloji qəliblərindən azad, insanın daxili ritmindən doğan təbii yaradıcılıq forması kimi şərh edilir.

Sonrakı əsərlərində - "Cəfər Cabbarlının yaradıcılıq təkamülü" (1989), "Dilimiz, ədəbiyyatımız, tariximiz" (1997), "Nəsimi və klassik dini üslubun təşəkkülü" (2006) - tədqiqatçı düşüncəsi daha da sistemləşir. Cabbarlının yaradıcılığını ideoloji qəlibdən çıxarıb onun daxili fəlsəfi təməlini aydınlaşdırır; Nəsimini isə təkcə sufizm kontekstində deyil, dini-fəlsəfi üslubun formalaşma mərhələsi kimi izah edir.

"Sözün mifi" (2011) adlı əsərində isə ədəbiyyatı mifoloji təfəkkürün davamı kimi izah edir: sözün mənşəyinə, dilin metafizikasına və simvolik təbəqəsinə enir.

Filologiya elmləri doktoru Rəhim Əliyev bir yazısında Nəriman Nərimanovu maarifçi-həkimdən "nümunəvi müsəlman sosialist respublikasının" ideoloquna çevrilən, lakin Moskvanın imperiya siyasəti ilə toqquşub "milli uklon" damğasına düçar edilən ziddiyyətli tarixi obraz kimi təqdim edir.

Rəhim Əliyevin Nəriman Nərimanova yanaşması mətndə aydın şəkildə hiss olunur və bu yanaşma həm elmi-analitik, həm də bədii-etik səciyyə daşıyır. Əliyev Nərimanovu nə bütləşdirir, nə də təkcə tənqid edir - onun obrazını ziddiyyətlər içində böyüyən tarixi bir fiqur kimi yaradır.

Alimin bu  yanaşması elmi və bədii baxımdan post-sovet reallığa uyğunlaşdırılmış, arxiv faktları ilə etik şərhi birləşdirən bir modelləşdirmədir. O, Nərimanovu nə idealizə edir, nə də məhkum edir; onu həm maarifçi, həm bolşevik, həm də öz xalqı ilə imperiya arasında sıxılmış bir insan kimi görür.

Bu yanaşma sayəsində Nərimanov obrazı ideoloji maskalardan təmizlənir və tarixdə "düşünən, səhv edən, mübarizə aparan" canlı bir şəxsiyyət kimi canlanır.

S.C.Pişəvərinin çoxcəhətli fəaliyyəti Azərbaycanda və ümumən İranda araşdırma mövzusu kimi daim diqqət mərkəzində olub. Seyid Cəfərin siyasi, publisistik, ədəbi və tərcüməçilik irsi tədricən toplanaraq xalqın yaddaşında milli düşüncənin, azadlıq ideallarının təcəssümünə çevrilib. Yazılmış məqalələr, xatirələr və publisistik əsərlər Pişəvərinin həyat yolunu gələcək nəsillərə örnək kimi təqdim edən dəyərli mənbələr sayılır. Bu istiqamətdə aparılan elmi işlər təkcə bir şəxsiyyətin taleyini deyil, həm də XX əsrin ortalarında milli kimlik uğrunda mübarizə aparan bir dövrün mənəvi panoramasını əks etdirir.

Rəhim Əliyevin elmi maraq dairəsinə sonralar akademik Mirzə İbrahimovun sayəsində Cənubi Azərbaycan ədəbiyyatı da daxil olub. Lakin  bu sahəyə sonradan gəlsə də, mövzunu mənimsəməkdə böyük sürət göstərdi. Güney ədəbiyyatını tarixi-siyasi kontekstlə bərabər, milli özünüdərkin ədəbi ifadəsi kimi araşdırdı.

Rəhim Əliyevin təşəbbüsü və ideya müəllifliyi ilə ərsəyə gəlmiş "M.C.Pişəvəri "Azərbaycan" qəzetində: gizli imzalı məqalələr (1945-1946)" kitabı, Cənubi Azərbaycan tədqiqatlarında əlamətdar hadisədir. Müəllifin kitaba yazdığı Ön sözdə biz yalnız Pişəvərinin publisist bacarığını deyil, həm də onun fikir azadlığı uğrunda apardığı gizli mübarizəni görürük.

Pişəvərinin "Azərbaycan" qəzetində müxtəlif gizli imzalarla çıxan məqalələri uzun illər tədqiqatçılar üçün açıq deyildi. Bu nəşrdə ilk dəfə olaraq yalnız "Novruz" imzası ilə çap edilmiş, səksən il əvvəl yazılmış anadilli və farsdilli məqalələrin tərcümələri bir araya gətirilib. Kitabda, həmçinin onun öz müəllimi Şeyx Məhəmməd Xiyabani haqqında yazdığı geniş və indiyədək naməlum qalan araşdırma da yer alır. Bu məqalələrin kitab şəklində çapının bu qədər gecikməsi sovet rejiminin senzura siyasəti və Milli Hökumət mövzusuna qoyduğu qadağalarla bağlı idi.

Kitabın Ön sözündə Rəhim Əliyev Pişəvərinin "Novruz" imzası ilə dərc etdiyi yazıların mahiyyətinə aydınlıq gətirmişdir.

Alim S.C.Pişəvəri ilə bağlı elmi redaktoru və layihənin rəhbəri olduğu digər "Qızıl səhifələr" kitabı Milli Hökumətin tarixi haqqında sanballı ensiklopediya adlandırılır.Yenidən nəşr olunan  kitaba Milli   Hökumətin (1945-1946) yaranması və fəaliyyəti ilə bağlı sənədlər, eləcə də hökumətin başçısı S.C.Pişəvəri və həmin dövrün siyasi fəallarının tarixi hadisələrin gedişini əks etdirən məqalə və məktubları daxil edilib (bu sətirlərin müəllifinin də mətbuatda  kitab haqqında ayrıca "Seyid Cəfər Pişəvərinin tarix yaratmaq missiyası adlı" yazısı dərc olunub).

Bu əsərlər həm tədqiqatçılar, həm də oxucular üçün ikiqat əhəmiyyət daşıyır: o, bir tərəfdən, milli tariximizin gizli səhifələrini açır, digər tərəfdən, Güney və Quzey ədəbi düşüncəsini birləşdirən körpüyə çevrilir.

Rəhim Əliyevin tənqidçi və yazıçı obrazı bir-birini tamamlayır. O, sözü yalnız ifadə vasitəsi yox, həm də məsuliyyət kimi görür; hər bir fikrində sınaqdan keçmiş bir həyat müşahidəsi dayanır. Əliyevin "Taleyin sözü" (2008) və "Nəsimi nədən ənəlhəqq dedi" (2020) kitabları onun tənqidçi düşüncəsinin ən yetkin mərhələsini təmsil edir. Burada müəllif sözün taleyini, fikir azadlığının mənəvi məsuliyyətini açır.

Bu gün Rəhim Əliyevin yaradıcılığı Azərbaycan ədəbi tənqidinin bütöv bir mərhələsini təmsil edir. Onun 2024-cü ildə çap olunmuş "Yeni Azərbaycan ədəbiyyatı tarixi oçerkləri" kitabı isə bu bütöv prosesin elmi yekunudur - həm təcrübənin, həm də həyatın ümumiləşməsi.

Rəhim Əliyevin bədii yaradıcılığı onun tənqidçi təfəkkürünün davamıdır. "Göndərilməmiş məktub" (1984) və "Bütövlənməyən borc" (1995) kimi nəsr kitablarında insanın mənəvi parçalanması, zamanla barışmazlığı, yaddaşın ağrısı əsas xətti təşkil edir. Bu əsərlərdə müəllifin dili analitik olduğu qədər də emosionaldır. O, hadisəni izah etmir - onu yaşayır. Qəhrəmanlarının daxili monoloqları, bəzən elə ədəbi tənqidçinin öz düşüncə mexanizmini xatırladır: suallarla dolu, özünütənqidçi və axtarışda olan bir təfəkkür.

"Zülmətdə çəhrayı" (2014) hekayələr toplusu və "Qoşulub qaçmayan qız" (2017) romanı müəllifin bədii üslubunun kamilləşdiyini göstərir. Burada Rəhim Əliyev insana estetik varlıq kimi baxır: onun üçün insanın gözəlliyi məhz düşüncəsindədir.

"Tağ Ev" romanı (2022) Azərbaycan ədəbiyyatında burjua sinfinin faciəsini roman janrında canlandıran nadir nümunələrdəndir. Hadisələr 1820-1920-ci illərin Bakısında, neft və milli idealların toqquşduğu bir zamanda cərəyan edir. Müəllif burada yalnız varlı təbəqənin yox olmasını deyil, həm də ziyalılığın məhvini, bir millətin düşünən qatının susdurulmasını göstərir.

Romanın səhifələrində Nuru Paşa, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, N.Nərimanov kimi tarixi simalar bədii surətlərə çevrilir. Oxucu roman boyu həm tarixin faciəsini, həm də insanın daxili parçalanmasını duyur. "Tağ Ev" təkcə bir roman deyil, həm də milli yaddaşın təzələnmiş salnaməsidir.

Bu əsərdə o, milli-mənəvi dəyərlərin deformasiyasını, müasir insanın öz kökündən uzaqlaşmasını dərin fəlsəfi dillə göstərir.

Azərbaycan ədəbi fikrində müəyyən dövrlər var ki, həmin dövrlər təkcə yazılmış əsərlərlə deyil, həm də o əsərləri müşayiət edən düşüncə mühiti ilə yadda qalır. Bu mühitin formalaşmasında tənqidçilərin rolu birmənalıdır. Rəhim Əliyev məhz belə tənqidçilərdəndir - yazının sərhədlərini aşaraq, fikir meydanına çevrilmiş bir qələm sahibidir. Onun məqalələrində və kitablarında ədəbi faktın izahı ilə yanaşı, düşüncənin aydınlığı, ifadənin cəsarəti dayanır.

O, həm nəzəriyyəçi, həm yazıçı, həm də ziyalı mövqeyi ilə bu gün də ədəbi düşüncənin içindədir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!