"Fətəli fəthi" romanında mövzu palitrası, tarixi duyum və janr özəllikləri - Fidan VAHİD

 

Dünənki ömür bu gündə, bugünkü ömürsə həm dünəndə, həm də sabahda yaşayır...

"Fətəli Fəthi"

 

Ömrünün az qismini vətəni Azərbaycanda keçirən, dünya ədəbiyyatında tanınan və dəyərləndirilən araşdırmaçı-yazar, fikir adamı Çingiz Hüseynov çoxşaxəli yaradıcılığında tarixi mövzuya və şəxsiyyətlərə yanaşma tərzi ilə diqqət çəkir. Əsərləri dünya dillərinə tərcümə olunaraq yayılan yazıçı bütün yaradıcılığı boyu bu mövzuya sadiq qalmış, təkrarsız sənət örnəkləri yaratmışdır. Təsadüfi deyil ki, araşdırmaya cəlb olunan "Fətəli fəthi" romanına bir çox tənqidçilərin baxış müxtəlifliyi maraq doğurur.

Çingiz Hüseynovun ikidilli (rus və Azərbaycan) orijinal əsəri olan və müəllifin "sənədli fantaziya" adlandırdığı, işğalçı sovet rejiminin can verdiyi dövrdə, ötən əsrin qürubunda Azərbaycan tarixi roman janrının əsas ideya yükünü və yenilikçi forma xüsusiyyətlərini özündə daşıyan "Fətəli fəthi" Axundovun həyat və taleyinə bədii-fəlsəfi baxış yaradan örnəklərdən biridir. Azərbaycan ədəbiyyatının, ümumən Şərq ədəbi-düşüncəsinin inkişafında müstəsna rolu olan, tarixin dönüş nöqtəsi hesab edilən on doqquzuncu əsr hadisələrinin canlı şahidi Mirzə Fətəli Axundovun bədii ədəbiyyata obraz kimi gəlişi bu romanla başlamamış, ona qədər və daha sonra yazıçılar hər üç ədəbi janrda əsərlər meydana qoyaraq ədibə çoxyönlü baxışı zənginləşdirmişlər. Tarixdən bu yana, Əlisa Nicatın "Gəncəli müdrik" romanı, Hüseyn Arifin "Ürəklər birləşəndə" poeması, Əbdürrəhim bəy Haqverdiyev "Xəyalat", Mikayıl Rəfili "Səbuhi", Şəfaət Mehdiyev "Mirzə Fətəli", Arif Mədətovun "İdrak işığında" pyesləri, Əli Kərimin "Qarlı qış axşamında" şeiri və digər ədəbi örnəklərdə Mirzə Fətəli ruhu duyulur.  Axundzadə obrazına Azərbaycan ədəbiyyatında bu qədər geniş qayıdışın başlıca səbəblərindən biri uzun illər Tiflisdə çar məmuru kimi çalışan Mirzə Fətəlinin həyatı ilə bağlı kifayət qədər arxiv materiallarının varlığı, öz qələmdaşları, dostları və Avropada təhsil alan oğlu Rəşidlə mütəmadi məktublaşmasıdır.

Tarixin tozlu rəflərindən qurtularaq dilindən qıfılı götürülən sənədlər fonunda Azərbaycanın yaşadığı dramatizmi Axundzadə taleyindən keçirən, baş verən olayların qəhrəmanın mənəvi və ruhi aləmində yaratdığı köklü dönüşümləri ustalıqla canlandıran Çingiz Hüseynovun bu əsərinə münasibət birmənalı olmamışdır. Bir çox tədqiqatçılar romanın tarixi mövzuda yazıldığını qəbul etsələr də, janr məsələsində zaman-zaman fərqli meyillər özünü göstərir. Yavuz Axundov romanın daha çox fəlsəfi-psixoloji məzmunu ilə diqqət çəkdiyini vurğuladığı halda, tənqidçi Həsən Quliyev dramatik roman, tədqiqat-roman, roman-etiraf, pritça adlandırmağın daha doğru olacağını bildirir və əsəri Azərbaycan tarixi roman ənənəsində yeni söz kimi mənalandırır. Ədəbiyyatşünas Rəşid İsmayılov da "Fətəli fəthi" fantaziyasında geniş istifadə olunan şərtilik meyarını əsas götürərək, onu sadəcə tarixi əsər adlandırmağın düzgün olmadığını vurğulayır. Tədqiqatçıların janrla bağlı fikir ayrılıqları müəyyən mənada yazarın "İzahat" hissəsində vurğuladığı "olanı olan kimi yazdım, olmayanı ola biləcək kimi" fikrindən qaynaqlanır. Çingiz Hüseynovun təsvir predmetinin yalnız tarixi fakt və hadisələr olmadığını, bədii xəyala burada daha böyük "hüquqlar" verildiyini öz tədqiqat işində əsaslandıran Təyyar Salamoğlu isə Varfolomeyev bölgüsünə əsaslanaraq, əsəri tarixi-romantik tipdə yazılmış tarixi-bioqrafik roman növünə aid edir. Bu fikir ayrılıqlarının digər bir səbəbi isə  əsərin daxili quruluşu ilə bağlıdır.

Belə ki, "Fətəli fəthi" özülündə ayrı-ayrı sahələrin və eləcə də janrların xarakterik xüsusiyyətlərini daşıyan postmodern sinkretik tarixi romandır. Əsərdə müxtəlif bədii priyomlardan - fantastika, yuxu, qrotesk, simvol və s. geniş istifadə olunmuşdur. Yazar memarlıqdan şəbəkə üsulunu, musiqidən leytmotivi, dilçilikdən nidaları, sualları, tarixdən susqun sənədləri, romandan təxəyyülü, həyatdan qəhrəmanları və özündən Cadugəri alaraq əsərində əridib "sehrli iksir" yaratmağı bacarmışdır. Yaşar Qarayev yazır: "Şərti üslub və bədii təsvirdə yeni formalar axtarışı Çingiz Hüseynovun yazıçı dəst-xəttini həmişə fərqləndirmişdir. Ona məxsus "daxili nitq" və "ucadan düşünmə" üsulu bu dəfə də gərgin dramatik fikirlərin gözlənilməz dalğaları ilə, publisist passajlarla, bədii hipotezlərlə zəngindir". Qeyd etməliyik ki, bəzi səbəblər üzündən Azərbaycan alimləri tərəfindən hələ ki hərtərəfli araşdırmaya cəlb olunmayan "Fətəli fəthi" dünya miqyasında janrın bənzərsiz nümunəsi kimi dəyərləndirilir.

Hər nə qədər mübahisəli görünsə də, romana verilən təriflər içərisində onu digər janrlardan ayıran başlıca özəllik kimi mətnin süjetində xalqın iştirakı məsələsi əsas götürülür. Çingiz Hüseynov da yabançı mühitlərdə yaşayıb-yaratmasına baxmayaraq, qan yaddaşı ilə bağlı olduğu Azərbaycan toplumunun etnoqrafiyasını, folklorunu, ruhunu özündə oluşduran, hər qatında milli nəfəs duyulan, iblis Əjdaha dövrünün siyasi panoramını qəhrəmanının "düşüncə selində" təsvir edən mükəmməl roman yaratmağa nail olmuşdur. Lakin ideyanın oxucuya ötürülməsində ənənəvi metodlardan istifadə etməmiş, əsərin zahirini yox, batini quruluşunu - alt qatını zənginləşdirərək, mifoloji ünsürlərin bilinməz gücü ilə əsrarlı roman dili yaradır. Romanın "Cadugərlə söhbət" hissəsində Fitilbörk əjdahasından söhbət düşən zaman Axundzadə sadə dillə Xasay xanı inandırmağa çalışır ki, biz istəsək, çar Rusiyasını məhv edə bilərik, necə ki, bircə sözü ilə Cadugər Parisi dağıtmışdı. Elə bu anda zamanda yolçuluq edən oxucu Fətəlinin uşaqlıq xatirəsi ilə qarşılaşır, bir payız günü, Fətəli həyətdə oynayan zaman qonşu evdə qadınlar sirkə tuturlar. Axund Ələsgər Fətəliyə tapşırır ki, bu küpələrdən ehtiyatlı olsun, onları sındırmasın. Uşaq Fətəlini atasının sözləri düşündürür, axı o hara, bu irilikdə küpü sındırmaq hara? Amma birdən əlindəki balaca daşı atmaqla iri küpə çatlayıb sınır və ətrafa sirkənin iyi yayılır. Əslində, Çingiz Hüseynov burada "sirkə nə qədər tünd olsa, öz qabını çatladar" atalar sözünü iki zaman arasında paralel apararaq zahirən tünd, daxilən isə çürüyüb rəngini itirən çarlığın aqibətinə işarə edir. Və ya romanın irəliləyən səhifələrində Axundzadənin yandırdığı kağız-kuğuzların külündən nə isə yaranacağına qəti inamı, küllərindən yenidən doğan Zümrüd quşu əfsanəsi ilə görünməz bağlarla əlaqələndirilir. Eləcə də, Sisianovun ölümə məhkumluğunun qurd kimi ulayan it motivi ilə bağlanması...

Roman boyunca yazar kiçik detallara dərin mənalar yükləyir. Lakin əsərin mükəmməlliyini şərtləndirən başlıca cəhət bədii təxəyyülə əsaslanaraq, tarixi interpretasiya cəhdidir. Müəllif ciddi elmi araşdırmalarla mümkün olan bütün qaynaqları sərf-nəzər etmiş, tarixə sənədlərin gözüylə aydınlıq gətirmişdir. Tənqidçi Vaqif Sultanlı qeyd edir ki, məhz bu əsərdə ilk dəfə olaraq yazıçı və tarix, yazıçı və imperiya, yazıçı və hakimiyyət, yazıçı və xalq problemi bütün çılpaqlığı ilə qoyulmuşdur. Bilindiyi kimi, tarix və roman hər zaman bir-biri ilə qarşılıqı mənbə "alış-verişi" aparan yaxın sahələr kimi tanınır. Türkiyə professoru Şerif Aktaş iki sahə arasındakı fərqə diqqət yönəldərək tarixçini fotoqrafa, roman ustasını isə rəssama bənzədir. Material eynidir, fərqi yaradan görmə bucağıdır. Bu baxımdan, "tarixi romanda sənədlilik qanunauyğun haldır. Lakin sənədi oxumaq, tilsimini qırmaq, açmaq - bu, sənətkar işidir. Sənəd çox vaxt həqiqətin mahiyyətini açmır, əksinə, gizlədir. Tarixi romanda isə o, təsvir olunan dövrün ab-havası, psixologiyası, əhval-ruhiyyəsi haqda təsəvvür yaratmağa müəllifə kömək etməlidir" (Yavuz Axundlu).

Faktların və tarixiliyin özündə də bir şərtilik vardır. Çünki tarix birmənalı deyil: yaşanılan, kağız parçalarında əks olunan və tarixən hakimlər tərəfindən quraşdırılan tarix arasında böyük fərqlər vardır. Buna əsasən də, taleyinə qürbətdən-qürbətə ömür yolu yazılan Çingiz Hüseynov əsrin faciəvi hadisələrinə analitik münasibətini tarixi mövzu vasitəsilə nəql etmiş, olayların siyasi kökünü roman nəsrinin inandırıcı dramatizmi ilə göstərməyə çalışmışdır. Yazar tarixi özduyumla Fətəli mühitini dövrü ilə həmahəngləşdirərək, bəzi yazılmayan olaylara da bədii don geyindirməyi ustalıqla bacarmışdır. Çünki müəllif üçün başlıca mövzu siyasi hadisələr yox, onun qəhrəmanında doğurduğu mənəvi dəyişmə və dərketmədir. İdrak və yaddaş arasındakı mühüm bağın önəmini dərindən anlayan yazar tarixə biganəliyin gələcəyə yönəlik məğlubiyyət və əbədi milli məhrumiyyət olduğunu həm yaşamında, həm də əsərlərində sübut edir. Tənqidçi Rüstəm Kamal da romanı yüksək dəyərləndirərək onu iç (səs) yaddaşın təcrübəsi kimi mənalandırır. Beləliklə, Axundzadənin əsərin sonunda yaşadığı fərdi tragizmi bütöv xalqın faciəsi kimi ümumiləşmiş, şəxsiyyət-mühit qarşıdurması millət-tarix kontekstində mənalandırılır.

"Fətəli fəthi" digər tarixi romanlardan fərqli olaraq vahid süjet xəttinə malik deyil. Bir-birinin davamı olaraq 3 hissəyə bölünən əsər, hər fəslin daxilində də ayrı-ayrı bölümlərə ayrılmışdır ki, hətta bu müstəqil adları olan yarım bölümlər də öz daxilində müstəqil süjetlərə şaxələnir. Burada hadisə inkişafında bəzən bir söz, hadisə bənzərliyi özgürlük qazanır və süjet içində süjet yaranır. Məsələn, II fəsildə Fətəli şahın ağlasığmaz edamlarına paralel Çingiz Hüseynov  neçə-neçə tarixi faciəni xatırlayır və süjetə uğurla düyünləyir: Qərbdə Filipp şahın öz ailəsini öldürməsi, Şah Abbasın bəzi tayfaları yer üzündən silməsi, monqolların kəllədən qalaları, körpəlikdən süd əvəzinə qan içən Həccacın vəhşilikləri və s. Həmin fəsildən başqa nümunəyə nəzər salaq. Axundzadə öz əsəri üçün Fətəli şahın həyat yoldaşına ad düşünərkən bir anda pərdə onun otağında enib Qafqazın sıra dağlarına səfər edir, elə bu anda gözü qarşısında dağlılar, Hacı Muradla Səlma xatunun dialoqu canlanır. Çingiz Hüseynov həm də əsərdə fikir içində fikirlər yaradır. Öz obrazının simasında əsərdə ad seçiminin əhəmiyyətinə sətiraltı toxunur. Axundzadə bu məsələyə çox həssaslıqla yanaşır, çünki böyük ideallar uğruna yazılan əsərlərdə hər bir detal vahid məqsədə xidmət edir. "Ad, bir növ, əsərin bütün informasiyasını özündə cəmləşdirir, irəlicədən oxucuda əsərin ideya istiqaməti, problematikası, qəhrəman xarakteri, taleyi haqqında xəbər verir" (Qorxmaz Quliyev). Bu yerdə fransız yazarı Floberin öz əsərləri barədə dediyi fikirləri də xatırlamış oluruq: "Mənim kitabımda yersiz heç bir təsvir yoxdur, hər bir detal qəhrəmanlara, hadisələrə yaxından və uzaqdan təsir edir".

Yuxarıda qeyd olunduğu kimi, bir çox məziyyətlərinə görə indiyə kimi Azərbaycan ədəbiyyatında mövcud olan tarixi əsərlərdən seçilən, klassik tarixi romanla alternativ roman hüdudlarında yaranan "Fətəli fəthi" sənədli-fantaziyasına Floberin dünyagörüşündən yanaşsaq, təsvirlərin fərqli yozumları baxımından düşündürücü sonuclar əldə edilir. Axundzadənin yaratdığı cadugər obrazını dekonstruksiya edərək, "adında "ibn", fars "zadə", "türk "oğlu", "viç", tapılan, atadan və ata yurdundan məhrum kosmopolit obraz yaradan müəllif öz qəhrəmanını səhnəyə belə "gətirir": "Cadugər yorğan-döşək yığılan yük yerinin önündən asılan və üstündə narın çiçəkləri olan çit pərdənin arxasından çıxdı". Bu gəliş təsadüfi deyil. İlk baxışdan adi çit adlandırılan pərdə, əslində, gələcəyin pərdəsi idi. Məhz romanın ilk səhifələrindən cadugər bütün gələcəyi təfsilatı ilə bilirdi. Onun dili ilə söylənən: "Sən hökmən bu dünyaya gəlməli idin, necə ki, gəldin də", - fikrini Fətəlinin dünyaya gəliş səbəbini zəmanin ona müntəzir olması ilə bağlayır, taleyin hökmü adlandırır və yaşanılan, gələcəkdə görəcəyi bütün hadisələri alın yazısı adlandırır. Zaman-zaman ortaya çıxan və əsas təhkiyəçiyə ideyanın çatdırılmasında yardım edən yanağı xallı Cadugər, həm də yaxşı bir siyasətçidir. Bu, Güney Azərbaycanla bağlı Fətəli ilə etdiyi söhbətdə aydınlaşır: Cadugərin "özü də necə ayrılıq?! Qılıncla kəsib ikiyə bölüblər diyarı, qanlı-burulğanlı Araz sərhəd olub, necə keçəsən? sualına Fətəli yanıqlı-yanıqlı düşünür və bunun mümkünlüyünə tam inam göstərir, özünün də dediyi kimi, çünki onun atası bir dəfə bunu bacarmışdı, o taylı-bu taylı ailəsini birləşdirə bilmişdi, deməli, xəyal mümkünsüz deyildi. Əsərin sonunda müəllifin oxucusuna ünvanladığı fikir də bunu sübut edir: ümid telləri qırılmazdır, səslər eşidilməkdə, deyilən deyilməkdədir, həm o tayda, həm də bu tayda...

Mövzunun işlənməsinə sosioloji aspektdən yanaşdıqda da, bəzi  özünəməxsusluqlar görünür. Bir əlində medal, digərində qələm təsvir olunan Axundzadənin yaşadığı tarixi mərhələnin siyasi-ideoloji uçurumları fonunda qəhrəmanın mənəvi sarsıntıları qabardılsa da, tarixi faktları dərindən bilməyən oxucu üçün zaman qeyri-müəyyənlik və hüdudsuzluq qazanır. Roman janrında etnoqrafik zamanın müəyyənləşdirilməsi üçün əsas sayılan geyim tərzi, obrazların nitqi, yemək kültürü, adət-ənənələr, inanclar, bir sözlə, yaşam tərzinin hərtərəfli təsvirinə "Fətəli fəthi"də rast gəlinmir ki, bu da dolayısıyla müəllif ideallarının çatdırılmasında bir üsul kimi diqqət çəkir. Milli düşüncə ilə yaşayan Azərbaycan ziyalılarının və fikir adamlarının əsrlər boyu dönə-dönə ümidlərini yabançı və saxta mühitə bağlayaraq aldanması, yalançı nicatı gözləyə-gözləyə sönən faciəli taleyini ümumiləşdirən Çingiz Hüseynov öz əsərini konkret bir mərhələ ilə məhdudlaşdırmamış, keçmişə, gələcəyə qırılmaz tellərlə bağlayaraq əbədiyyət qazandırmışdır. Və nəticədə hər dövrün oxucusu "Fətəli fəthi"də bir az özünü görəcək, səhvlərindən kimliyini tanıyacaq...

Sosial mənzərə ilə zamansızlıq qazanan müəllif əsər boyu təbiət və məkan təsvirlərinə də yer ayırmamaqla oxucusu üçün nəhayətsiz genişlik yaradır. Maraqlıdır ki, mövzu dairələri bir-birindən kəskin fərqlənsə də, əksər romanlarda janrın həcmə verdiyi imkanlarla müəllif təbiət təsvirlərinə sətirlər, səhifələr həsr edə bilir, çünki pyes üçün səhnə dekoru nədirsə, roman üçün də təsvir eyni mahiyyəti daşıyır, yəni birbaşa mövzu-ideya ilə əlaqəlidir. "Fətəli fəthi"də isə bu təsvirlər görünmür. Əsər boyu əsas məkan Qafqaz diyarıdır, lakin müəllif heç bir halda təbiət təsvirlərinə yer vermir. Həcmcə ən kiçik hekayəsində belə düşündürücü söz oyunu quraraq ahəngdar bədiilik yaradan Çingiz Hüseynovun bu yanaşması bir neçə cəhətdən oxucunu düşündürür:

1. Müəllifin öz qəhrəmanı ilə eyni düşüncədə olması və uzun illər yetərincə mədh olunan Qafqazın "gül-bülbül" metaforalarından imtina edərək oxucunun diqqətini onun faciəvi taleyinə mərkəzləşdirmək.

2. Bölünən Azərbaycanın parça-parça torpağında qara daşlar göyərməz, bərraqlığa alışmış namütənahi dəniz dalğalanmaz, küskün durnalar vüsal nəğməsi ötə bilməzdilər... Beləliklə, Şimal pəhləvanının müstəmləkə əsarətində olan bir ölkənin solğun günlərini qabartmaq.

3. Klassik romanlarda məkan statik mövqe durumunda olsa da, müasir mərhələdə ədəbiyyatın öz tələbindən doğan yeni düşüncə yanaşması ilə hərəkətlilik qazanmaqda, təsvirlər bilavasitə mənanın altqatına nüfuz edərək fikri qüvvətləndirməyə xidmət etməkdədir. Bu baxımdan, yazar xarici aləmin təqdiminə xəsisliklə yanaşmış, oxucunu qəhrəmanının iç dünyasında, kəsik-kəsik xatirələr və psixoloji yaşantılar səpkisində gerçək səyahətə cəlb edə bilmişdir. Deməli, olaylara Fətəlinin daxili aləmindən nüfuz etmək cəhdi.

4. Və nəhayət, romanı hipertekstuallıq səviyyəsinə qaldırmaq istəyindən doğan sərhədləri dəqiq cızılması mümkün olmayan hüdudsuz məkan qavrayışı yaratmaq.

Roman boyu maraqlı təhkiyə üsulları ilə Axundov şəxsiyyətini olduğu yerdən daha yüksəklərə qaldıran, bitib-tükənməyən xəyallar və ümid qığılcımları ilə yaşadan münəccim müəllif sonluğu məhz qəhrəmanı Bakıxanovun dilindən söylədiyi "mənim bu günüm, sənin gələcəyindir, Fətəli" fikri ilə iflasa uğradır. İkinci Cahan müharibəsindən sonra "SSRİ-də müşahidə olunan ideologiyanın xətrinə tarixin təhrif edilməsinə, saxtalaşdırılmasına qarşı etiraz, kənar torpaqlarda yaşayan xalqların, o cümlədən, Azərbaycanın "Rusiyanın tərkibinə könüllü daxil olması" fikrinin çürüklüyünü göstərmək, bu birliyin könüllü birlik yox, Lermontovun yazdığı kimi, "qanlı tabeçilik" olduğunu bütün əsər boyu yeri gəldikcə təlqin edən, zamana və məkana sığmayan böyük yazar sovet dövründə yazmasına baxmayaraq, "Fətəli fəthi" ilə quruluşu da iflasa uğradır...

Əsarət zəncirləri ilə sıxılıb-boğulan bir toplum üçün bu hissi yazıya daşımaq çox çətindir əslində. Ağrılıdır, eyni əsərdə həm özünü, həm də cəlladını yaratmaq. Əzabdır, alın yazın ilə aldanışının sərhədini çizmək... Eyni səhifələrdə bitib-tükənməyən ümidlərini yazıb, irəlidə öz əllərinlə yıxıb dağıtmaq. Keçmişini işğal senzurasında yandırıb, millətinə ölüm hökmü oxumaq, Yaradan olsan belə, gələcəyi cızanda qələmi sındırmaq... Çətindir, düşüncə və hissləri havasız mühitə məhkum olunan Vətəndə özgürlük nəğmələri bəstələmək. Bu və başqa səbəblərdəndir ki, Azərbaycan ədəbiyyatında əsarət və hürriyyət aparıcı mövzuya çevrilə bilməmişdir. Çingiz Hüseynov isə bir çox yazarlardan fərqlənərək yaradıcılığı ilə bu boşluğu doldurmağa çalışmış, "Fətəli fəthi" romanında çar Rusiyası, ya da Sovet rejimini yox, hər daim cildini dəyişən kölə düşüncəsinin (düşüncəsizliyin) yaddaqalan obrazını yaratmışdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!