Məhəbbət qapının ağzında kirimişcə dayanmışdı. Heç kim bu böyük bəlanı götürmək istəmirdi. Dəlinin biri qapını açdı, bəla Məcnunu tanıdı...
Təranə Vahid
Təranə Vahid çox sayda hekayə və esselərin müəllifidir. Əsərlərinin əsas mövzusu insan və cəmiyyət münasibətləri, Qarabağ müharibəsi, vətən həsrəti, yaddaş və kimlik haqqındadır. Təranə Vahidin əsərlərinin əksər qəhrəmanları xoşbəxt olmayan, taledən yarımayan insanlardır. Onları cəmiyyət, cəmiyyətin çərçivəli münasibətləri, çərçivədən boylanan baxışlar xoşbəxt olmağa qoymur. Zamanı, ümidi, xəyalı, incəsənəti çərçivəyə salan adamlar xoşbəxtliyi də çərçivəyə salırlar. İnsanların kədərini kətana köçürüb, çərçivəyə salıb, adını "Monokədər" qoyub bir milyona satışa çıxarırlar.
Yaxud "Xırda bəhanələr" hekayəsində daxmaları kəndin kənarında yerləşən nənə ilə nəvə ikilikdə çox xoşbəxt yaşayırlar. Xırda bəhanələr: günəşin doğması, yazın gəlişi, yağışın yağması, təzə bişmiş südün ətri də onları xoşbəxt edə bilir. Nənənin qurduğu dünyada xoşbəxt olmaq elə asan idi ki, "xoşbəxtlik üçün padşah-zad olmaq gərək deyildi, xoşbəxtlik üçün sevgi bəs edirdi. Bu köhnə, taxtapuşu əyilmiş daxmada o qədər sevgi, istək, şəfqət vardı ki, bütün dünyaya bəs edərdi". Amma bu xoşbəxtlik uzun sürmür, nəvə cəmiyyət içinə - kənd mərkəzinə gedəndə yaşıdları anasının onu atıb getdiyini söyləyirlər. Beləliklə, evdən xoşbəxt çıxan nəvə geriyə dünyası dağılmış kimi qayıdır. İnsanlar başqalarının həyatında baş vermiş hadisələri qəbul etməyə, özlərinə rahatlıq tapa biləcəyi dünyanı qurmağa əngəl yaradırlar.
Təranənin hekayələrində Qarabağdan, elindən-obasından məcburən köçkün düşmüş insanların faciəli və ağır həyatları, Vətən həsrətinin acı yaşantıları var. Yazıçı əsərlərində köçkünlük həyatı yaşayanların daxili və zahiri portretini dəqiqliklə, canlı, təbii detallarla əks etdirmiş, onların bədii və tutumlu obrazlarını yarada bilmişdir. Qəhrəmanlarının psixoloji yaşantılarını, mənəvi əzablarını, sosial çətinliklərini olduqca canlı ifadə etməsi təkcə özü də içində olduğu həyatı müşahidə qabiliyyətindən deyil, həm də o ruhi ağrıları içdən yaşadığı, eyni ovqata kökləndiyi üçündür. O obrazların içində ahıl yaşında el-obasını itirmiş, məcburən şəhərə - oğlunun darısqal evinə sığınan ananın xəcalət içində keçən ömrü, əsir düşüb həmkəndlilərinin yerini demədiyi üçün ermənilər tərəfindən ulamağa məcbur edilən, həmin travmanın nəticəsi olaraq azadlıqda da ulayan, elə ələ vermədiyi yerliləri tərəfindən JEK-ə şikayət edilən, ruhi xəstəxanaya yerləşdirilən yeniyetmənin faciəsi, qaçqın olduğu üçün hər gün qonşuların tənəli baxışlarıyla rastlaşan, yumağa dönən Kübra nənənin, sinəsindəki dərdlərin kürəyində donqar əmələ gətirdiyi Cahanın həyat hekayələri fonunda müharibənin insan həyatında açdığı yaralar, qoyduğu dərin izlər öz əksini tapır.
Hər səhər evdən çıxıb vağzala - "vətəni axtarmağa gedən", axşam dispetçerin sonuncu qatarı elan etməsindən sonra ayaqlarını sürüyə-sürüyə geri qayıdan, Ağdama yola düşən qatarı gözləməkdən usanmayan yaşlı qadın "Vağzaldakı qarı" hekayəsinin qəhrəmanıdır.

"Boz sərçə, müharibə və nənə" hekayəsindəki nənənin həyat yoldaşı və oğlu torpaqlarımız uğrunda şəhid olublar. Sığındıqları evin eyvanında hər gün sərçələri yemləyən nənə boz sərçədən bir xahiş edir: "Bax, səni and verirəm balalarının canına, qanadlarını bərkit, uç get mənim Vətənimə. Dağların, meşələrin, gül-çiçəyin arasında balaca bir kənd görəcəksən. Ermənidən qorxub eləmə, Allah vurmuşdu onları, o kənd bizim kəndimizdir. O kəndin üstündə bir dövrə vur, doyunca nəfəs al, imkanın olsa, bulaqların birindən bir dimdik də su iç, de ki, Nənə bütün dərdlərini unutdu, amma o torpağı unuda bilmədi". Şəhid olmuş övladını, ömür-gün yoldaşını, evsizlik dərdini, çətin güzəranı "unudan" nənə yurd həsrətini ovuda bilmir. Vətən, ocaq yeri, yurd yeri bu insanlar üçün bütün müqəddəslərin ən müqəddəsidir. Onların içində vətəni itirəndə ağlını itirən də var, xoşbəxtliyini itirən də, həyatını itirən də, amma yaddaşları həmişə diridir, ümidləri də.
Təranənin əsərlərində nə qədər acı, yaralanmış talelərdən bəhs olunsa da, sonda mütləq bir ümid işığı közərir. Əlil arabasında olan Birinci Qarabağ savaşının iştirakçısı oxucunu vətənə qayıdacağı gün başını torpağa basdırıb yenidən diriləcəyinə inandırır. Hər gün qatar yoluna çıxan nənə də mütləq o qatarın gələcəyinə ümid oyadır. Yaxud gəlininin tənəsindən bezib evdən çıxan, yolu itirib parkda axşamlayan nənə heç vaxt evi, hətta qəbrinin olmayacağının dərdini çəkir. Amma oğlu nəvəsiylə birlikdə onu tapıb, çiyinləri üstünə alıb evə aparanda ürəyində nə vaxtsa gözəl evinin olacağına ümidlənib için-için ağlayır; o ev son mənzil olsa belə. Bəzən, hətta ölüm belə, Təranənin hekayələrində ümidverici məqamdır. "Qarışqa təqvimi" hekayəsində başqa tayfanın qarışqaları içinə düşən, bütün vaxtı kölə kimi işlədilən və elə adı da kölə, deyə çağırılan sarı qarışqa əsirlikdən qaçıb öz nəslinə mənsub yuvanı tapır. Amma əsir düşdüyü üçün öz doğmaları tərəfindən edamına fərman verilən qarışqa ölümə xilaskarı kimi baxır. Həyatın yazılmamış və ağır qanunları körpə qarışqanı tez haqlamış olur. Ölümün hələ nə olduğunu bilməyən bala qarışqa onun sayəsində köləlikdən qurtulacağına sevinir. "Yuva onu qəbul etməsə də, müdrik ölüm onu doğması kimi qarşıladı. Axı köləlikdən azadlığa can atmağın başqa adı qəhrəmanlıqdır..." Qarışqa qəhrəman ola bildiyi üçün, bunda özünə cəsarət tapdığı üçün sevinirdi. Təranə Vahidin əsərlərində milli koloritin ifadəsi çox güclüdür, ailə münasibətləri: nənə-nəvə, gəlin-qayınana, qadının həyat yoldaşına olan münasibəti və s.
"Müharibə, nənəm və itən vaxt" hekayəsində düşmən kəndin girəcəyinəcən gəlib çıxıb, əhali, nə qədər çətin olsa da, yurd yerini tərk etməlidir. Bu arzuolunmaz köçün bütün ağrı və yaşantılarını təbiiliklə ifadə edən yazıçı sakinlərin köç vaxtı "kurzavoy" maşının arxasında dərdlərinə ağı deyə-deyə kəndi tərk etmələrini təsvir edir. Hekayədə diqqətçəkən bir epizod da nənənin həyatda olmayan yoldaşından icazə istəməsidir. "Nənəm özünü itirmişdi. Başıalovlu qapını açıb içəri keçdi. Mən də kölgə kimi nənəmi izlədim. Nənəm babamın divardan asılmış şəklinin qarşısında dayanıb dodağının altında nə isə mızıldandı. Bilmirəm, dua edirdi, yoxsa babamla halallaşırdı, Allah bilir; bəlkə də babamdan, həmişəki kimi "a kişi, gedim, getməyim?" - deyə, icazə istəyirdi". Bu kiçik epizodda yazıçı həyat yoldaşına, müqəddəs dəyərlərə həmişə sədaqətli olan Azərbaycan xanımının obrazını yaratmışdır. Evini məcburən tərk edən qadın çörək təknəsini həyətdən yol qapısının qarşısına qoyur, sadəlövhlüklə düşmənin onun üstündən adlamayacağına inanır.
Təranə xanımın əsərlərində təbiət lövhələri, peyzajın təsviri də olduqca canlı və təbiidir. Təbiət hadisəsinin canlı və detallı təsviri məzmunun güclənməsinə xidmət etməklə yanaşı, yazıçının müşahidə qabiliyyətini də ifadə edir.
Təranə Vahidin həyat müşahidələrindən, təhlil və şəxsi yanaşmasından doğan qısa aforizm xarakterli deyimləri var. Bu deyimlər onu bir yazıçı kimi oxucularına daha yaxından tanıdır. Məsələn: Bütün insanların buynuzu var, amma hamı İsgəndərə baxıb sirrini gizlədir. Yaxud, şəhər onu işıqları ilə cəlb edirdi, doğulduğu torpaq səhərləri ilə və s. Bu qısa deyimlərə onun hər hekayəsi üçün verdiyi epiqrafda da rast gəlirik.
Təranə xanımın "Mədəniyyət yazıları silsiləsi" adlı doxsan imza kitabında ədəbiyyat və sənət adamları haqqında maraqlı yazıları, araşdırmaları və müsahibələri toplanmışdır. İncəsənətin müxtəlif sahələrinin yaradıcıları, söz adamları haqqında bu nümunələrdə Adil İsgəndərov, Cabbar Qaryağdıoğlu, Niyazi, Ramiz Mirişli, Eldar Quliyev, Xəyyam Mirzəzadə, Sabit Rəhman, Əli Tudə, Ağ Aşıq, Aşıq Pərinin portret-oçerkləri yaradılmışdır.
Təranə Vahid öz fəaliyyəti və yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafına xidmət edən, hekayələri ilə janrın tarixi ənənələrini davam etdirən, eyni zamanda ona doğulduğu məkanın koloritini əlavə edən bir müəllifdir. Onun əsərlərindəki müsbət məziyyətlərdən söz açanlar yazıçının mətn dilinin gözəllik və sadəliyindən, təhkiyə və dialoqlarının səmimiliyindən, ağır mövzulara toxunsa da, həmişə təlqin etdiyi işıqdan müəllifin uğuru kimi danışıblar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
