Əliağa Kürçaylının 90 illiyinə
Azərbaycanın ilk bədii ədəbiyyat nəşriyyatı olan "Yazıçı"ya onun bir yaşı tamam olmamış gəlmişdim. Nəşriyyat üçün bir il qısa müddətdir, hər şey hələ yenicə başlanırdı. "Ədəbiyyat və incəsənət"qəzetinin yetkin və mürəkkəb kollektivindən;neçə baş redaktorun ədəbi iddəa və ərköyünlüyünü görəndən, daha doğrusu, bu qəzetin ədəbi dəyanət, vətəndaşlıq, halallıq, təəssübkeşlik məktəbindən keçəndən sonra nəşriyyatda işləmək su içimi qədər asandı. Onsuz da qəzet təkcə buranın bütün müəllifləriylə yox, mədəniyyətimizin, elmimizin, ictimai həyatımızın zirvələri, üzdə olan adamları ilə tanış olmağıma, onların güclü və zəif cəhətlərini öyrənməyimə şərait yaratmışdı; hər əsərin dəqiq qiymətini verməyi öyrətmişdi; bunsuz nəşriyyatda işləmək çətindi.
Məni "Yazıçı"ya nəşriyyatın baş redaktoru, görkəmli şairimiz Əliağa Kürçaylı dəvət etmişdi. Onun prinsipial, mərd bir qələm sahibi olduğunu bilirdim, ancaq necə gözəl insan, cəsarətli vətəndaş, etibarlı dost olduğunu da nəşriyyatda gördüm...
***
Bu məqaləni onun sağlığında çap elətdirməli idim, lakin arzumu bildirdiyim mətbuat işçilərinin təhər-töhüründən başa düşdüm ki, bir yerdə işlədiyimizə, "Yazıçı" nəşriyyatında onun baş redaktoru olduğuna görə məqalənin ruhu kiməsə qəribə görünə bilər. İşdə özündən yuxarı vəzifəli adam haqqında yazı yazıb... Nə məqsədlə? Əlbəttə, bu məqsəd mənim özümə aid idi. Bilirdim ki, onun ruhən və güclü vətəndaşlıq pafosuna görə mənə çox doğma olan yaradıcılığı barədə fikirlərimi özünə mətbuat vasitəsilə çatdırmaq üçün bu, bəlkə də son imkandır; haqqında nə qədər yazılsa da, mən də öz sözümü deməyə, bizi yaxınlaşdıran duyğuların onun poeziyasındakı köklərini araşdırmağa bir ehtiyac duyurdum; sanki həmin sözlərlə onun ağrılarını, azca da olsa, azaltmaq mümkün idi...
Yaşlı-cavan bilmədən, vəzifəsinə, mövqeyinə baxmadan xoşuna gələn adam, diqqətini çəkən əsər haqqında həmişə cəsarətlə, ürəkdolusu söhbət açmış, ədəbi gəncliyin yaxın dostu olmuş, onların həmişə ayıqlığa, vətəndaş fəallığına, aydın ədəbi mövqeyə səsləyən qəzet-jurnalda çıxan ala-babat şeirimizə görə də zəng vurub, arayıb-axtarıb öz obyektiv, prinsipial rəyini bildirən bir şair, bütün varlığı ilə xalqının mədəniyyətinə bağlı olan bir adam haqqında danışmağım kimdəsə təəccüb doğura bilərdimi? İnsanı ürək ağrısı və təəssüflə son mənzilə yola salandan sonra belə mülahizələr gülünc görünür... Niyə görə kimlərinsə şübhələri bizim səmimi inamla yazılmış ədəbi söhbətlərə kölgə salmalıdır? Hardasa ictimai borcunu yerinə yetirən, xeyirli bir işlə məşğul olan qələm sahibi haqqında - vəzifəsi var deyə - dostları niyə yazmaqdan çəkinsin?
Bəli, Əliağa Kürçaylı nəşriyyatımızın baş redaktoru idi, amma onun yaradıcılığına rəğbətim, məhəbbətim bu iş bağlılığından çox-çox əvvəldən başlanmışdı. Bu məhəbbətin səbəbi hər şeydən öncə, onun bütövlüyü idi, söz və əməl bütövlüyü, şəxsiyyət bütövlüyü, yaradıcılıq idealının bütövlüyü. Həmin bütövlük sonralar onun ən iri şeir toplusunun, indi haqqında danışmaq istədiyim və respublika Dövlət mükafatına təqdim edilmiş kitabının adına çevrildi...
"Bütövlük" və ölümündən sonra çıxmış "Ülkər" kitabını tərəddüd etmədən Əliağa Kürçaylının poetik portreti adlandırmaq olar; çünki bu kitablar onun yaradıcılığına xas olan ən ümdə cəhətləri göstərə bilir; sənətkar mövqeyinin fəallığını, vətəndaşlıq pafosunun kəsərini, cəmiyyətin inkişafına ayıq münasibəti, mübarizliyi və sair…. Burada onun Kür qırağındakı Qaraqaşlı kəndindən başlanan, dünyanın uzaq guşələrinə uzanan, yüz elə, min mənzilə çatan ömür yolunun ən unudulmaz anları əksini tapıb; bu anlar gözümüz önündə duman çökmüş bərəkətli Muğan çöllərində sürü dalınca gəzən, qurdla göz-gözə dayanan bir uşağın həyəcanlarını da canlandırır; müasir Azərbaycan şeirinin böyük hüquqlu nümayəndəsi kimi Avropa ölkələrini gəzən, ciddi beynəlxalq məsələlər barədə söhbət açan tanınmış bir sənətkarın daxili aləminin zəngin mənzərəsini də. Bu kitab elə bir əsrdaşın, vətəndaşın qələmindən çıxıb ki, onun bütün düşüncələrinin kökü Azərbaycanda, onun qədim, şöhrətli guşəsi olan Muğandadır. Lakin onun ayağı bu torpağa nə qədər möhkəm bağlısa da, nəzəri dünyanın uzaq meridianlarına zillənib. Buradan - Kür qırağından onun gözünə uzaq İngiltərə də, Dantenin vətəni də, Lorkanın güllələndiyi İspaniya da, qədim hikmətləri ilə heyrət doğuran Yunanıstan da, Yeseninin ağcaqayın meşələri də, Pasternakın qəbri də, Təbrizin qanlı səngərləri də görünür… Bu poetik portret qürurlu, qəlbi el-obanın mənəviyyat aləminə bağlı olan bir şəxsiyyətdir, elə bir şəxsiyyət ki, ən möhkəm ürək telləri ilə dünyanın ulu fikir bahadırlarına bağlıdır. Təsadüfi deyil ki, "Bütövlük"də belə böyük tarixi simalara və müəllifin ruhən özünə doğma saydığı sənətkarlara həsr etdiyi şeirlər "İlham övladları" adlı bütöv bir fəsil təşkil edir. Burada Nizami, Dante, Nəsimi, Bayron və Vaqifdən tutmuş Əliağa Kürçaylının öz müasirləri olan qələm dostlarına qədər müxtəlif dövrün, müxtəlif millətlərin sənətkarlarına müraciətlə yazılmış şeirlər toplanmışdır. Həmin şeirlər şairin fikir və maraq dairəsinin genişliyini, onu düşündürən, narahat edən ictimai-əxlaqi problemlərin aktuallığını və çoxcəhətliyini parlaq şəkildə göstərir... O, "dünya səadətinin parçaları" saydığı söz ustalarına, uğurlu və ya faciəli tale sahiblərinə poetik müraciətləri ilə elə bil özünün bütün ədəbi məramını, ictimai ideallarını da oxuculara çatdırır… Nəhayət, "Bütövlük" özünü sevgidə "Füzuli yadigarı", "məhəbbətin bayraqdarı" adlandıran, ürəyi böyük, təmiz duyğularla dolu olan həssas ürəkli bir lirik qəhrəmanın portretidir...
Kitabda "Bütövlük" arzusunun işığı, əsasən, üç istiqamətə düşür: Vətənin bütövlüyü, insanın bütövlüyü, sevginin bütövlüyü. Bu qanadlar - Əliağa Kürçaylının yaradıcılığını müasir şeirimizin geniş üfüqlərinə ucaldır.
Bu üç əsas mövzu - başlıca mübarizə idealı kimi, lirik qəhrəmanın yetəcəyi məqsəd kimi səslənir və öz müəllifini bir mübarizə şairi kimi səciyyələndirmək imkanı verir. Bu mübarizə indiki dövrdə çox aktual olan ictimai və mənəvi qələbələr uğrundadır: Azərbaycan torpağının bütövlüyü uğrunda, insanın dözümlülüyü, mərdliyi, kişiliyi, məhəbbətin bütövlüyü uğrundadır. Kitabda bu mövzuların hər biri ayrı-ayrı şeirlərin ana xəttinə, mayasına çevrilsə də, çox yerdə həmin cəhətlər qovuşuq şəkildə, bir-birini tamamlaya-tamamlaya meydana çıxır. Belə şeirlərdən aşkar olan fəlsəfi-əxlaqi nəticə budur ki, əslində sevginin, insanın, Vətənin bütövlüyü biri digəri ilə sıx bağlı olan, biri-birindən asılı olan anlayışlardır.
Amansız hökmdartək
tutub salam zindana
Yarımçıq azadlığı,
yarımçıq səadəti!
Bu, yuxarıda deyilənlər baxımından Əliağa Kürçaylının bütün yaradıcılığına açar olan proqram şeirlərdəndir...
Vətən intəhasız, ömür azdı, az,
Bu qısa ömür də keçməsin hədər.
Adam səadəti evə çağırmaz,
Adam səadətin dalınca gedər.
Belə misralar kitabdakı poetik portretin parlaq cizgilərindəndir və təkcə "Bütövlük" kitabının müəllifinin yox, yarandığı dövrdə bütün Azərbaycan poeziyasının mübarizə yönünü nişan verən nümunələrdəndir…
Əliağa Kürçaylı həm öz həyatında, həm də bütün ədəbi-ictimai fəlaiyyətində belə bir həqiqəti təsdiq edirdi ki, doğrudan da indiki vaxtda şair bitərəf, laqeyd mövqe tuta bilməz, "dəymə mənə, dəymərəm sənə - fəlsəfəsi" mübariz sənətin ən böyük düşmənidir, sözü kəsərdən salır, sənətkarı tərk-silah edir. Bu mənada onun öz mövqeyi həmişə aydın idi; o, ədəbi döyüşün ön cərgələrində olmağa öyrənmişdi. Ən yaxşı şeirlərində - mərdlik, cəsarət, kişilik, dözüm, inam, etibar kimi yüksək insani keyfiyyətlər müəllifin üz tutduğu uca mənəvi zirvələr kimi dəyərləndirilir və yaradıcılığında mərkəzi möqe qazanan vətəndaşlıq mövzusuna qovuşur. Əliağa Kürçaylının otuz ildən artıq davam edən ədəbi fəaliyyətində vətəndaşlıq ideallarının ifadəsi həmişə ön cərgədə, diqqət mərkəzində dayanıb; lakin xüsusən "Bütövlük" kitabında şairin səsi bu kökdə çox gur və təsirlidir. Vətən haqqında şeirlərində onun lirik qəhrəmanının ən aydın görünən keyfiyyəti - milli qürurdur, doğulduğu torpağa borc duyğusudur, el-obasının gözəlliyindən, xalqının qədim və zəngin mədəniyyətindən, Azərbaycan adının ululuğundan doğan iftixar hissidir.
Gözümdə qalmayıb arzu da, kam da,
Həyat, yalnız sənə minnətdaram mən.
Uğurlu bir gündə, xoş bir məqamda
Məni bu torpağa oğul etmisən.
Məni yad yurda da ata bilərdin,
Övlad da edərdin başqa mənana.
Onda həsrətimdən yanıb-ölərdim
Uzaqdan baxanda Azərbaycana.
Həyat, çox sağ ol ki, dillər içində
Mənə Azərbaycan dili vermisən.
Sərraftək seçmisən ellər içində
Mənə bu torpağı, eli vermisən.
"Torpağım"
Bu qüruru ifadə etmək üçün şairin poetik ümumiləşdirmələrdən, təbiətlə üzləşdirmələrdən necə uğurlu istifadə etdiyini göstərmək üçün kitabda istənilən qədər misal var.
Dostum, bu yerlərə yolun düşübsə,
Sən də keç bir kərə dəmir meşədən.
Yurdumda ağac da dəmirləşibsə,
Onun taleyindən arxayınam mən.
"Dəmirağac"
Əliağa Kürçaylı ən adi həyat hadisələrini, detalları, yad görünən məlumatları da vətəndaşlıq baxımından mənalandırmağı bacarırdı. Fikrimizi təsdiq üçün "Dörd əməliyyatı", "Balıqçı oğlunun nəğməsi", "Yedək gəmisi" və s. şeirləri xatırlamaq kifayətdir.
Bölünmüşəm tikə kimi, bölünmüşəm zər kimi,
Elə bil ki, bölünməkçin doğulmuşam anadan.
Hər bəlaya, hər əzaba mən dözərdim ər kimi,
Bax, bircə bu bölünməkdir ürəyimi qanadan.
Bu dünyada daş-kəsəkli yollar çıxıb qarşıma,
Fəqət yenə yerimişəm, dönməmişəm əlbəəl.
Sən bilmirsən ömrüm boyu
yüz yol gəlib başıma
Bu vurulma, bu bölünmə,
Bu çıxılma, üstəgəl.
"Dörd əməliyyat"
Vətəndaşlıq duyğusu Əliağa Kürçaylının poeziyasında kəskin ictimai motivlərə qanad verən cəhətlərdəndir. Bugünkü həyat haqqında cəsarətlə, inandırıcı, doğru danışan, hər şeyi xalqın taleyi baxımından saf-çürük edib qiymətləndirmək qabiliyyəti - onun poeziyasını müasir şeirimizdə ön mövqelərdən birinə keçirmişdir. Otuz ildən artıq bir dövrdə o, öz qələmi ilə xalqımızın, cəmiyyətin parlaq ideallarının qələbəsinə, milli taleyimizin irəli sürdüyü sənət vəzifələrinin həyata keçirilməsinə xidmət göstərirmiş, müasirlərimizin mənəvi kamilliyi uğrunda mübarizədə bir şair, dramaturq, publisist, tərcüməçi kimi fəal iştirak etmişdir. Əllinci illərin əvvəllərindən başlayaraq şair həmişə ədəbi mühitin gur axınında olmuş, respublikamızın mədəni həyatında baş verən bütün yeniliklərə həm yaradıcı şəxsiyyət, həm də fəal ziyalı mövqeyindən ürəkdən qoşulmuşdur. Bu illərdə xalqımızın həyatında və ədəbi bir prosesdə elə bir əhəmiyyətli hadisə yoxdur ki, Əliağa Kürçaylının yaradıcılığında əksini tapmasın; onun yaradıcılığı söz sənətimizin son otuz illik dövrünün qabaqcıl meyillərini öyrənmək baxımından gözəl nümunələrdən biridir.
Şairin yaradıcılığı Azərbaycan poeziyasının qədim, zəngin və çoxşaxəli ənənələrinə əsaslanmaqla, xalqın mənəvi sərvətlərinə bədii söz abidələrinə son dərəcə yaxından bağlı olmaqla həm də yenidir, müasir ruhlu bir sənətkarın novatorluq axtarışlarının məhsuludur. Onun əsərlərində milli ədəbiyyatın və müasir dünyanın mütərəqqi söz sənətinin ən yaxşı keyfiyyətlərinin sıx vəhdətini görürük. Həm insan kimi, həm də şair kimi o, daim məhdudluqdan uzaq idi, yaradıcılıq fəaliyyətinin meydanı həmişə əhatəli, mövzu üfüqləri həmişə geniş idi. Yüksək mədəniyyətli ziyalı olmaqla Əliağa Kürçaylı milli ədəbiyyatı və ümumiyyətlə dünya ədəbiyyatı hadisələrini yaxşı bilməsi ilə seçilirdi. Bu cəhət onun əsərlərinin, o cümlədən səyahət şeirlərinin ideya və məzmununa uğurlu təsir göstərmişdir. Xüsusən, son ildə yaranmış əsərləri həm bədii kamilliyinə, həm də ictimai mündəricəsinin dolğunluğuna görə şairin ədəbi fəaliyyətinin yeni yüksək mərhələsi sayılmalıdır ki, həmin əsərlərin də mühüm hissəsi "Bütövlük" kitabında toplanmışdır.
Ə.Kürçaylının poeziyasının damarlarından təmiz qan axırdı, bu poeziyanın nəbzi dünyanın taleyinə köklənmişdi.
Geniş ağılla, geniş miqyasda düşünə bilmək, konkret və ümumi, milli və bəşəri hadisələrdən əxlaqi-poetik dəyərli nəticələr çıxara bilmək onun şair müdrikliyinin qaynaqlarından biri idi, yaradıcılığına fəlsəfi qanad verirdi. Bu cəhətdən sevimlisi Ülkərə yazdığı "Düşüncələr" silsiləsi, "Daşlar" silsiləsi, səyahət şeirləri və bir sıra başqa əsərləri maraqlı söhbət mövzusudur. Tarixi hadisələri və ya adi həyat faktlarını fəlsəfi ümumiləşdirmək, müasir sənətkar mövqeyindən mənalandırmaq baxımından həmin əsərlərin başlıca keyfiyyətini bir şeirin timsalında gözdən keçirək.
Qədim Yunanıstanda yaşamış qaçaq Prokrust haqqında əfsanə çoxlarına məlumdur. Bu qaçağın dəhşətli bir vərdişi varmış:
Əylədiyi yolçunu uzadarmış tez yerə,
Tutduğunun yanında özü də uzanarmış.
Yolçunun boyu ondan artıq olsa bir qarış -
Prokrust o dəqiqə əl atarmış xəncərə,
O kəsərmiş artığı ya ayaqdan, ya başdan
Yolçu Prokrustdan qısa olduğu zaman
Düzəltdiyi dəzgaha salarmış qaçaq onu,
Dartaraq öz boyuna çatdırarmış boyunu.
"Prokrust"
İndi də bu qədim əfsanədən çıxarılan müasir mənaya bax:
...Başqa prokrustlar gəlib indi cahana,
Onlar qaçaq deyildir, əllərində hökm var,
Onlar beyin kəsirlər, fikir tarazlayırlar.
Deyirlər mənim kimi düşün, anla, danış, din.
Fikirlər eyni olsun mənim fikirlərimin.
Mənim kimi nəğmə de, mənim kimi oxu, yaz.
Mənim fikirlərimin fövqündə durmaq olmaz!
Şair beynəlxalq imperializmi də, başqa xalqların taleyi ilə oynayan qəsbkarları da, Nəsimiləri diri-diri soyanları da Prokrust hesab edir… Əliağa Kürçaylının bütün yaradıcılığı hər cür siyasi, cismani, mənəvi prokrustçuluğun, yapmaqəlibliyin, zorakılığın əleyhinə idi. O, ümumiyyətlə, şairi həmişə həqiqət mövqeyində dayanmağa səsləyirdi:
Şair yalan danışsa
Qara geyər həqiqət.
Göydə günəş qaralar,
Örtər torpağı zülmət.
Allah yalan danışar,
Şair yalan danışmaz.
Yurdun taleyinə bağlılıq, həqiqəti, düzlüyü, ruhi-mənəvi azadlığı tərənnüm baxımından şair öz yaradıcılığının mövqeyini özü yaxşı duyurdu:
Mənimçün biçinçi dəryazı kimi,
Mənimçün dəmirçi kürzü kimisən.
Vətənin torpağı, səması kimi,
Ata ocağının közü kimisən.
Doğrusu, bilmirəm,
Özümə də mən
Dönüklük etmişəm həyatda bəlkə,
Sənin şərəfinə, fəqət qətiyyən
Şeirim,
Vurmamışam kiçik bir ləkə.
Ə.Kürçaylı xırda, ötəri, cılız mətləblərdən bəhs edən şeirə yad idi və buna görə də ən adi təbiət şeirlərində də xalq taleyi ilə bağlı problemlərə toxunmağa çalışırdı. Bu mənada onun poeziyası şəxsiyyətini tamamlayırdı; onun şeirləri özünə çoz bənzəyirdi. İnsan kamilliyi şəxsiyyət bütövlüyü, mərdlik, cəsarət, öz səadəti uğrunda döyüşkənlik, düzlük, müstəqillik kimi mənəvi keyfiyyətlər onun ömürlük idealı idi. O həyatda belə yaşamağa çalışrdı və öz oxucusundan da bunu "tələb edirdi".
Zərrəyə, kiçikliyə, cılızlığa yadam mən,
İstəmişəm hər şeyin nəhəngliyinə çatam mən.
Nəhəng olsun məhəbbət -
pultək xırdalanmasın.
Nəhəng olsun nifrətim -
kükrəsin, dayanmasın.
Mənəvi müstəqillik arzusu ("Yedəkdə salamat qalmaqdan xoşdur, müstəqil qərq olmaq fırtınalarda") - onun yaradıcılığında həm də poetik müstəqillik arzusu şəklində meydana çıxırdı.
Əliağa Kürçaylının bir çox şeirinə mahnı bəstələnib: "Təki sən səslə məni", "Gedək üzü küləyə", "Mənə yaşamağı öyrət, əzizim!", "Mən sənin yanına qışda gələrdim", "Yadıma sən düşürsən", "Belə ola həmişə", "Heç xəbərin yoxdu sənin" kimi gözəl lirika nümunələri dillər əzbəridir…
Bu lirika qoyulan ciddi əxlaqi-mənəvi problemləri ilə əslində, yuxarıda təhlil etdiyimiz ictimai mündəricəli şeirlərlə, vətəndaşlıq poeziyası ilə sıx bağlıdır…
Digər tərəfdən, Əliağa Kürçaylının sevgi lirikası yığcamlığı, təsirliliyi, böyük səmimiyyəti ilə seçilir. Psixoloji - poetik süjet xətti, aydın çəkilmiş portretlər, daxili aləmin, qəmli və sevincli anların zəif əks-sədası, güclü əhval-ruhiyyə - nə qədər yığcam olsalar da, bu şeirlərin bəzilərini - bütöv bir poemanın bədii materialını öz içinə sığışdırmış əsərlər səviyyəsinə qaldırır…
Əliağa Kürçaylının sənətkarlıq gücü Azərbaycan dilinin qüdrətindən istifadə bacarığında da özünü göstərir. Yüksək ideya və məzmun onun yaradıcılığında yüksək bədii səviyyədə əksini tapır…
İnamla demək olar ki, Əliağa Kürçaylının poemaları poeziyamızda bu janrın inkişafında mühüm rol oynamışdır. "Durnalar cənuba uçur" poeması həm mövzusuna, həm ideyasına, həm də bu ideyanın bədii həllinə görə, tərəddüdsüz, çağdaş poemalarımızın ən yaxşılarından biri sayılmalıdır. Mirzə Cəlilə həsr olunsa da, əlində, bu poemanı şimallı, cənublu Azərbaycanın taleyi barədə düşüncələr də adlandırmaq olar; həm epik lövhələrin genişliyi, həm təsirli lirik ricətlər poemada qoyulan ideyanı parlaq bədii cizgilərlə ifadə etmək imkanı yaratmışdır.
Cabir Novruz haqlı olaraq Əliağa Kürçaylının poeziyasını - "hamını düşündürən ciddi mətləbləri tərənnüm edən" poeziya, "sətirləri, sözləri ilham, cavanlıq ehtirası ilə çağlayan" bir şairin qələmindən çıxmış "ciddi poeziya" adlandırmışdır...
Əliağa Kürçaylının poeziya Ülkəri sönən deyil. Bütöv xalqın, bütöv taleyin, bütöv həyatın tərənnümçüsünün bütöv sənət yolu davam edir, min-min oxucunun ürəyindən keçib getdikcə onun sənətkar ölümsüzlüyünə olan inamını bir daha təsdiqləyir:
Ellər xatırlayar məni o zaman,
Deyər: bir Kürçaylı oğlum da vardı.
Üzünə döysə də külək, qar, boran
Mənim taleyimə nəğmə yazardı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!