l Türkoloji Qurultay -100
Azər TURAN
Həyat yolları ləkə götürməyən iki böyük insanın - Fuad Köprülünün və Əli bəy Hüseynzadənin bu fotoda üzlərində ləkə yeri var. Bu mürəkkəb ləkəsi tarixdəki ağ ləkələrdən daha betərdir. Yəni stalinizmin barmaq izləridir... Üstündə mürəkkəb ləkəsi olan bu şəkil I Türkoloji Qurultay günlərində, daha doğrusu, qurultay bitəndən 10 gün sonra çəkilib. Əli bəy Hüseynzadə və Fuad Köprülü Hüseynzadənin qohumları arasındadırlar. Bu şəkil barədə çox yazmışam. Türkoloji Qurultayın 100 illiyi ərəfəsində yenidən bu 100 yaşlı şəklə qayıtmağım səbəbsiz deyil. Çünki burda həm də talelər var.
Şəkildə oturanlar: soldan Əli bəy Hüseynzadənin qardaşı arvadı Minəxanımdır. Onun qucağındakı körpə nəvəsi böyüyəndə tarix elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademik-katibi olacaq Hacımurad İbrahimbəylidir. Hacımurad müharibə illərinə qədər Zaqafqaz Hərbi Məktəbinin direktoru olmuş Hacıağa İbrahimbəylinin oğludur. Hacıağa İbrahimbəylinin bacısı Töhfə xanım Tolstoyla dostluq etmiş görkəmli maarifçi Əli Qasımovun həyat yoldaşıydı. Töhfə xanımın oğlu Ənvər memar Elbəy Qasımzadənin atasıdır. Digər oğlu Əkrəm isə məşhur opera müğənniləri Fidan və Xuraman Qasımovaların atasıydı. Şəkildə Minəxanımın yanındakı Əli bəyin xalası qızı Bədum xanımdır. Sonra üzləri, az qala, görünməz edilmiş Əli bəy Hüseynzadə və Fuad Köprülü əyləşib. Köprülünün yanındakı balaca Aynülhəyatdır. Aynülhəyat xanım Hüseynzadənin qardaşı nəvəsi və rəhmətlik akademik Əfrand Daşdəmirovun anasıdır. Sonrakı İsmayıl bəyin qızı Böyükxanımdır - Həyatın anası.
Ayaq üstə soldan birinci Minəxanımın qardaşı Əzizdir. Əziz 1920-ci illərdə Sənaye İnstitutunun professoru idi. 1926-cı ildə Bakıya Türkoloji Qurultaya gələn Əli bəy Hüseynzadənin daha çox ünsiyyətdə olduğu qohumlarından biri o olub; 1926-cı ildən sonra İstanbula gedib ömrünün axırına kimi orada yaşayıb. Milliyyətcə çeçen olan Səlma xanımla evlənib... Ayaq üstə dayananlardan ikinci adam isə, ehtimalıma görə, Hüseynzadənin xalası oğlu və İsmayıl bəyin qaynı Əhməd Ağa olmalıdır. Üçüncüsü Əli bəy Hüseynzadənin qardaşı İsmayıl Hüseynzadədir. İsmayıl bəy 1868-ci il martın 17-də Salyanda anadan olmuşdu. Müəllim idi. Əli bəyin qardaşı olduğu üçün və həm də Azərbaycan milli ordusunun zabiti Sultan Hüseynzadənin atası olduğuna görə başı müsibətlər çəkmişdi. Türkoloji Qurultaydan sonra bir neçə dəfə həbs olunub, nəhayət, 1937-ci ildə təkrar həbs edilərək sürgün olunub. 1943-ci ilin qışında sürgündə - Qazaxıstanda dünyasını dəyişib. Şəkildə onun yanında dayanan oğlu Şəmsəddin Hüseynzadədir. Şəmsəddin bəyin yanındakı isə İsmayıl müəllimin qaynı Əhməd Ağanın qızı, sonralar Mirzə Ələkbər Sabirin oğlu Məmmədsəlim Tahirli ilə ailə quracaq Naib xanımdır. Naib xanım 1911-ci ildə doğulmuş, 1991-də dünyasını dəyişmişdi. Sabirin oğlu ilə evliliyindən Sabir, Zakir və Fəridə xanım dünyaya gəlmişdi. Naibin övladlarının üçü də Tahirli soyadını daşıyır. Şəkildə sonuncu dayanan Böyükxanımın baldızı Zəkiyyədir...
Şəkil sürgün yollarından keçib. Bakıdan Sibirə aparılıb, Sibirdən Bakıya qayıdıb. Şəklin üzərinə mürəkkəbi başı müsibətlər çəkmiş İsmayıl bəy dağıdıb ki, Əli bəy Hüseynzadə və Fuad Köprülü tanınmasın.
***
Şəklin yeganə nüsxəsi, yəni orijinal nüsxə Şəmsəddin bəyin qızı Cəmilə xanımdadır... Şəkildəki adamların kimliyini də 2008-ci ildə Əli bəy Hüseynzadə barədə kitab yazarkən o mənə tanıtdırmışdı.
Və 4 kartpostal
Əli bəy Hüseynzadə Fuad Köprülü ilə birgə Dram Teatrının arxasında, Şah döngəsindəki evin ikinci mərtəbəsində - yaxınlarının mənzilində əqrəbaları ilə görüşüb. Bakıdan 13-16 mart tarixlərində İstanbula - həyat yoldaşı Ədhiyyə xanıma və övladlarına məktublar yazıb:
"Əzizim Ədhiyyə, bir həftə əvvəl Türkoloji Qurultay qapandı. Şimdi mənim söyləməklərim daha təfsilatlı olaraq bir kitab halında burada çap olunmaqdadır. Bir qaç günə qədər bitəcək. Qurultaydan sonra Salyan deyil, Gəncəyə gedib orada iki gün qaldıq. Dün övd etdik (qayıtdıq). Bütün əqrəbam buradadır. Batumdan, ya Odessadan münasib bir vapor bəkliyoruz".
"Əzizim, sevgili Saidəm. Burada amcan İsmayıl və bütün əqrəbalarla görüşüyorum... Minaxanım, Böyükxanım, Əhməd Ağanın qızı Naib xanım, Sultan bəyin qızı Şeyda xanım və digər əqrəbam cümlənizə selam ediyorlar".
"Mini-mini qızım Feyzavər, sana buradan Böyükxanımın çocuqları Həyat xanımla Hacımurad selam ediyorlar. Annələriylə nənələri də sənin, Saidənin və Məhməd Səlimin gözlərindən öpüyorlar".
"Məhməd Səlimə. Əzizim, amcan və bütün sair əqrəbamız şimdi buradadırlar. Həpsi və əz cümlə Əzizlə Şəmsəddin selam ediyorlar".
Heç bir qaynaqda olmayan bir həqiqət Hüseynzadənin Ədhiyyə xanıma yazdığı məktubdadır: "Türkoloji Qurultay qapandı. Şimdi mənim söyləməklərim daha təfsilatlı olaraq bir kitab halında burada çap olunmaqdadır. Bir qaç günə qədər bitəcək". Deməli, həmin günlərdə Bakıda nəşr olunmuş "Qərbin iki dastanında türk" əsəri Əli bəy Hüseynzadənin Türkoloji Qurultayda söylədiyi məruzənin mətnidir və Ədhiyyə xanıma yazdığı məktub bu barədə müzakirəyə yer qoymur.
Məncə, Türkoloji Qurultayın 100 illiyi ilə bağlı hazırlanacaq kitablara bu fotonun da, bu məktubların da daxil edilməsi zəruridir. Çünki bu şəkildə və Bakını təsvir edən kartpostallarda zamanın obrazı var...
7 oktyabr 2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!