(Əvvəli ötən sayımızda)
***
M.Baxtinin polifonik roman nəzəriyyəsindəki yanaşmalardan çıxış etsək, birmənalı şəkildə təsdiqləyə bilərik ki, M.Əliyev çağdaş modern və postmodern yazı üslubuna üstünlük verənlərdən fərqli olaraq nəinki incələnməsini həyata keçirdiyimiz "Bir uzaq yaşıl ada", həm də ondan əvvəlkilərdə də öz personajlarının hamısının səsini müstəqil şəkildə təqdim etməyə müvəffəq olmuşdur. M.Əliyevin təhlil etdiyimiz romanının digər polifonik xüsusiyyətlərindən bəhs etdikdə əsərdəki sinxronluğa da nəzər yetirmək məqbul hesab edilə bilər. Kommentariyalı oxu zamanı və əsərə tənqidçi gözü ilə qavrayış prosesində yanaşdıqda yəqin etdik ki, bu əsərin süjet xətti və qəhrəmanların davranışı eyni bir zaman kəsiyində sinxron olaraq nümayiş etdirilir. Qeyd etdiklərimizlə bağlı bir məqamdan da yan keçmək olmaz ki, M.Əliyevin "Bir uzaq yaşıl ada" romanının başqa bir polifoniyası qəhrəmanlar arasında gedən dialoqla bağlıdır. Qeyd edək ki, "Bir uzaq yaşıl ada"da biz nəinki qəhrəmanın xüsusi daxili monoloquna, həm də onun digər qəhrəmanlarla olan dialoquna diqqət yetirməliyik. Əsərin üçüncü hissəsındəki Lidiya Rəsulova ilə bağlı təsvirlər Muradla Lidiya arasındakı söz atışmaları, yaxud klassik poetik terminologiyanın dili ilə desək, "hərbə-zorba" da müəllifin uğurlu dialoqqurma ustası olduğunu sübut etməkdədir.
Yeri gəlmişkən bildirək ki, bütün roman boyu Muradın nəinki Lidiya Rəsulova ilə olan mükalimələri, həm də digərləri ilə olanları eyni tonda deyildir. Bu da, fikrimizcə, roman müəllifi tərəfindən baş qəhrəmanın daxili aləminin ən incə məqamlarını səciyyələndirən tipik xüsusiyyətlərdəndir. O, belə demək mümkünsə, daim ziddiyyətlər burulğanındadır. Müəllif əsərdə bu tipli və formalı dialoqlara bilərəkdən yer verməklə personajlarının mənəvi aləmi və qəhrəmanının özünün içində gedən şüur elementlərini nümayiş etdirməyi hədəfləyir.
Məmməd Əliyevin "Bir uzaq yaşıl ada" romanını diqqətlə nəzərdən keçirdikdə görürük ki, M.Baxtin nəzəriyyəsi və fərdi baxış bucağımıza söykənərək polifoniyanın son dərəcə mürəkkəb bədii priyom olub, əsərin qəhrəmanlarının müxtəlif müstəvilərdə harmonik mövcudluğunu təmin etmək üçün çeşidli priyom və kompozisiya-struktur prinsipindən yararlanır ki, burada müəllif və qəhrəmanların mənəvi dünyasının dərki və həyat baxışları çeşidli yönlərdən xarakterizəolunma imkanı əldə edir. Odur ki, belə formatlı bədii-estetik yanaşmalar adını çəkdiyimiz müəllifin narrativ strategiyasında uğurlu mövqedə dayanır. Bütün bu aspektlərlə bağlı müşahidələr apardıqca müəyyənləşdiririk ki, M.Əliyevin adını çəkdiyimiz nəsr əsərinin daha dərinləşdirilmiş və əsaslandırılmış şərhini verərkən biz koqnitiv poetika və mətn tədqiqi instrumentarilərini - səs kateqoriyasını, koqnitiv poetika kateqoriyasını, dünyanın və ətraf aləmin qavrayışı üçün diqqətin, yaddaşın və nitqin təhlili, yəni nə varsa, hamısının düşüncəyə söykənməsi "Bir uzaq yaşıl ada" romanının bədii aləminin polifoniyasını, mətn təhlilini, Lidiya Rəsulova və onun kimilərlə Murad arasında olan ziddiyyətli düşüncə, yanaşma və ideoloji-mənəvi aləmlərin qarşıdurmalarında, dəyər sistemləri kontrastlarının, inam və ideallarının antaqonizmində, əsərin bir sıra səhifələrində bədii səs anlayışını, sovet ideologiyası, proletariat diktatı ilə yenilikçilik baxışları arasındakı ziddiyyətləri bədii çoxsəsliliyin aktuallaşmasında izomorf vasitələr və s. təhlilləri (izomorf - obyektlər arasında quruluş ümumiliyini ifadə edən münasibətə deyilir) nəzərdə tutur ki, onlardan hər birində təhlil obyektlərinin struktur xüsusiyyətləri müəyyənləşdirilir.
Azərbaycan ədəbi-nəzəri fikri və estetik yanaşmalarında gərəyincə diqqət yetirilməmiş polifonik roman nəzəriyyəsi problemlərinə milli ədəbiyyatşünaslığımızın diqqət yetirməsinə bu gün daha böyük ehtiyac duyulmaqdadır. Ədəbiyyatşünaslığımızdakı bu boşluqları doldurmaq üçün M.Baxtinin nəzəri-metodoloji yanaşmaları, Mariya Berdnikovanın "Bədii məkanın janr spesifikası (F.M.Dostoyevskinin polifonik romanı)", V.Rudnevin "Polifonik roman" // Polifonik cisim. XX əsr mədəniyyətində və şizofreniya, V.Pelevinin "Mafusaila Lampası, yaxud çekistlərlə masonların sonuncu döyüşü: böyük polifonik narrativ", N.Tamarçenkonun. "Monoloji roman" // Poetika. Aktual termin və anlayışlar lüğəti" və s. bu kimi əsərlərdə yer almış anlayış və terminoloji izahlardan yararlanmaq Azərbaycan nasirlərinin əsərlərinin təhlilində uğurla istifadə edilə bilər.
***
Biz Məmməd Əliyevin "Bir uzaq yaşıl ada" romanının çeşidli tərəflərindən bəhs edərkən "narrativ" istilahından da istifadə etməyi zəruri hesab edirik. Oxucular və tənqidçilər üçün kifayət qədər aydın olsun deyə, bədii ədəbiyyatda belə terminoloji ifadələrdən daha sıx-sıx ona görə istifadə etməyə meyilli oluruq ki, "narrativ" oxucu, yaxud dinləyiciyə bir-biri ilə çoxsaylı qarşılıqlı əlaqədə olan hadisələrdəki söz və fikirlərin ardıcıllığı, yaxud obrazların köməyi ilə müstəqil yaradılan təhkiyəni nəzərdə tutur ki, bu baxımdan "təhkiyə" ilə "hekayət" ifadələrinin əsasən üst-üstə düşdüyünü nəzərə çarpdıraq. Romandakı hadisə və obrazlar, onlar arasında mövcud olan qarışıqlıq yaradan situasiyalar sona qədər aydın olmadıqda, bunların nədən baş verməsi ilə bağlı fikirlər yaranır. Məsələn, romanda yer almış Muradla Lidiya Rəsulova arasında tarıma çəkilmiş münasibət və söz atışmalarının səbəblərini biz Lidiya Rəsulovanın fərdi həyat baxışları, türkə münasibəti fonunda daha aydın şəkildə təyin edə bilirik. Onu da əlavə edək ki, "narrativ" heç də yalnız ədəbiyyatşünaslıqda yox, həm də psixologiya, tarix, politologiya, sosiologiya və digər elm sferalarında da tətbiq edilməkdədir. Ədəbiyyat və ədəbiyyatşünaslıqda narrativdən ona görə istifadə edilir ki, bu oxucu, yaxud tənqidçi auditoriyasını daha çox maraqlandıra bilir.
Məmməd Əliyevin "Bir uzaq yaşlı ada" romanının episentrində Muradla digər personajlar, epizodik obrazlar arasında müəllif maraqlı təhkiyə nüvəsi yarada bilir. Bu isə qəhrəman üçün başlıca problem (avtomatik olaraq insanla yaranan emosional, yaxud davranış reaksiyası, yaxud emosional partlayış, yaxud impulsiv hərəkət və s.) trigger olaraq konfliktətrafı süjetin əksər tərəflərinə sarılmaqla diqqət mərkəzinə düşür.
Yazıçının "Bir uzaq yaşıl ada" əsərinin struktur kompozisiya planında fərdi təkrarolunmaz baxışı aşağıdakı məqamlarda özünü daha yaxşı ifadə edir. Burada ilk olaraq retardasiyadan (ləngimələrdən) istifadə göz önünə gəlir ki, belə priyom təhkiyəni lirik ricətlərin, qəhrəmanın fəlsəfi düşüncələrində özünü biruzə verdiyini, retrospektivlik (məsələn, Muradın, Tengizin və digərlərinin fəaliyyət və hərəkətləri ilə bağlı məqamlarda ortaya çıxır. Onlardan əsasən qeyri-xətti narrativlərdə istifadə olunur. Eyni zamanda biz romanda futurospektivadan (gələcəyə baxışdan) istifadə, introspeksiyadan - qəhrəmanın özünün öz davranış və hərəkətləri üzərində düşüncələri, personajın öz diqqətini əsasən özünün fiziki, emosional və mental vəziyyəti üzərində qurması hallarında (məsələn, hamının Muradı "milli oğlan" kimi nəzərdən keçirməsi kimi məqamlarda) daha aydın görə bilirik.
Yeri gəlmişkən dediklərimizə onu da əlavə edək ki, termin "narrativ" (lat. narrare - danışmaq, təhkiyə etmək) - özünün hər hansı tarixi qeyri-xüsusi nitqilə ərz etmək mənasına gəlir ki, ədəbiyyatşünaslıq və linqvistikaya bu termin tarixşünaslıqdan "narrativ nəzəriyyə" konsepsiyasının köməyi ilə A.Toynbi tərəfindən gətirilmişdir. Başqa sözlə desək, "narrativ" hər hansı məsələni dərindən bilən mənasını çevrələməkdədir. Beləliklə, insan danışarkən, yaxud yatarkən hadisələrin ardıcıllığını yaradıb, ətraf aləmi interpretasiya etməklə özünü də tanıya bilir. Azərbaycan ədəbi-nəzəri fikrində özünə hələ də vətəndaşlıq hüququ qazanmamış belə nəzəri baxışa söykənərək nəinki yuxarıda qeyd etdiyimiz sahələrdə, həm də ədəbiyyatşünaslıqda narratologiyanın imkanlarından yararlanıb monumental nəsr nümunələrinin çeşidli yanaşmalardan istifadə edib problemin öyrənilməsində izah və təfsirlərinin aparılmasına nail olmaqla belə yanaşmanın səmərəliliyini gözə çarpdıraq. M.Əliyevin "Bir uzaq yaşıl ada" romanına tətbiqən danışdıqda isə metodoloji baxımdan və həm də bu əsərin çərçivələrində biz dil, təfəkkür, mədəniyyət və ədəbi nümunələrin qarşılıqlı dialektik vəhdətdə olduğunu daha çox təşkil etməsini göstərməyə çalışırıq.
Narrativlər həm real hadisələr, həm də bədii xülya üzərində araya-ərsəyə gələ bilər. "Bir uzaq yaşıl ada" romanında isə bu real hadisələrin müəllif tərəfindən yaradılmış ümumi mənzərəsi olmaqla, M.Əliyevın özünün bədii ustanovkalarına və real hadisələrdən ortaya çıxan təəssüratlara söykənilməklə oxucu auditoriyasına təsir etməyi nəzərdə tutmuşdur. Məmməd Əliyevin bəhs etdiyimiz romanında biz müəllifin bacarıqlı təhkiyəçiliyini heç də yalnız hadisələrin, personajların adlarının sadalanmasında görmürük. O, sanki maraqlı bir mozaik panno üzərində hadisələri zəruri ardıcıllıqlarla düzərək, əsərin detallarına gətirilmiş elementləri və onlar arasındakı münasibətləri inandırıcılıqla təqdim etməklə narrativi qaydaya salıb, baş qəhrəmanın layiq olduğu bir məkan yaradır. Əsərdə yer almış bütün personajlar baş qəhrəmanla həmahənglik təşkil etməklə mətndə parlaq və maraqlı obrazlar araya-ərsəyə gətirir.
M.Əliyevin haqqında bəhs etdiyimiz və onun tetralogiya janrında qələmə aldığı nəsr əsərlərinin bədii nümunələr sırasında özünə layiqli yer tuta biləcəyi arzusu ilə hələki təhlillərimizi sonuclamağı məqbul hesab edirik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!