Kamal Abdulla: mətnin mətn daxilində möcüzələri - Lyudmila Bejenaru

Dramaturgiya - Kamal Abdullanın  çoxşaxəli yaradıcılığının mühüm tərəflərindən biri olan sənət dünyasında xüsusi yer tutur. O, azərbaycanlı yazıçılar arasında nadir şəxsiyyətlərdəndir ki, postmodernist paradiqmanın təsiri altında həm XX əsrin sonu - XXI əsrin əvvəllərinin ədəbi-tarixi prosesini, həm də tənqidi realizmdən sonrakı mərhələdə Azərbaycan ədəbiyyatının modernizmdən postmodernizmə doğru inkişaf yolunu yaradıcılığında əks etdirməyi bacarmışdır. Azərbaycan ədəbiyyatında postmodernist dramaturgiyanın təşəkkülündə aparıcı sima olan Kamal Abdulla nasir və şair kimi də əsərlərini janr səviyyəsində mətnlərarası ümumiləşdirmələr əsasında qurur, mədəni intermətni dekonstruksiya edir, qeyri-xətti sitat yazı praktikası tətbiq edir, çarpaz sitatları yenidən kodlaşdırma yolu ilə yaradır. Beləliklə, intertekstuallıq vasitəsilə onun bədii mətni mənaca yenilik kəsb edir və mədəni ənənəni bütün səviyyələrdə - süjet, struktur, dil, oyunda ötürür. Kamal Abdullanın teatrallaşdırılmış dramatik əsərlərində postmodernizm mədəniyyətinin təsirlərini isə həm xüsusi mətn növü kimi, həm də intertekstuallıq konsepsiyasının işarəvi strukturu və mətnlərarası qarşılıqlı əlaqə kimi nəzərdən keçirmək olar.

Mətnlə oyununda (onun pyesləri gah həqiqət oyunundan dramatik mozaika, gah "həqiqi oyun", yaxud "fantastik və real oyun", bəzən də "təsəvvür oyunu" kimi təqdim olunur) azərbaycanlı dramaturq incəsənət morfologiyasına, sənət aləminin quruluşu haqqında təlimə (T.Manro, M.Kaqan) müraciət edir, çünki o, bədii yaradıcılıq fəaliyyətində mahiyyətin və strukturun qırılma qanunlarından özünün müxtəlif spesifik ədəbi formalarında istifadə edir. Ədəbiyyatda pyes - səhnə üçün yazılmış və hadisələrin personajların birbaşa nitqi vasitəsilə inkişaf etdiyi əsərdir. Teatr sənətinin morfologiyası isə burada sintez olunan müxtəlif sənət növləri arasındakı əlaqələri aşkar etməyə və müəyyənləşdirməyə, həmin sənətlərin zəngin dillərini təhlil etməyə, həmçinin onların sintezinin nəticələrini öyrənməyə imkan yaradır. Kamal Abdullanın pyesləri litvalı bəstəkar və rəssam Mikaloyus Çiurlionisin əsərlərinə bənzəyir. Romen Rollanın ifadəsi ilə desək, Çiurlionisin "dahi və təkrarsız yaradıcılığı bəşəriyyətə yeni mənəvi qitə bəxş etmişdir" və onun sintezə əsaslanan ümumiləşdirici yanaşmasını mistik adlandırmaq olar. Mətn forması ilə oynayarkən Kamal Abdulla emosiyaları və obrazları səhnə dilinə çevirmək, dramaturqun ruhunda və genetik yaddaşında gizlənmiş dərin arxetipləri üzə çıxarmaq üçün titrəyiş və harmoniya axtarır. O, sanki səslər, obrazlar və emosiyalar arasında əlaqəni görür və ətrafına nur saçaraq hər birimizi öz ruhumuzu gərginləşdirməyə, onun pyeslərinin mənəvi məzmununa nüfuz etməyə çağırır.

Kamal Abdullanın pyesləri - mənəvi axtarışların labirintləri - cəmiyyətin normativlər və dəyərlər haqqındakı təsəvvürlərinə təsir göstərən, mürəkkəb sosial məsələləri tarixi və əxlaqi kontekstdə hərtərəfli təqdim etməyə imkan verən mədəni narrativlər formalaşdırır. Dramaturqun 1993-2003-cü illər arasında yazdığı doqquz pyes - "Bir, iki - bizimki!" (1993), "Mələk" (1994), "Ruh" (1996), "Yağışlı gecələr" (1997), "Pis oğlan" (1997), "Kim dedi ki, Simurq quşu var imiş!" (1997), "Şah İsmayıl və ya hamı səni sevənlər buradadır", "Casus" (2003) - "Vse moi peçali" adlı topluya daxil edilmiş və 2009-cu ildə "Mütərcim" nəşriyyatında çap olunmuşdur. Həmin kitaba yazdığı "Kamal Abdullanın gizli teatrı" adlı Ön sözdə rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu bu əsərləri "Kamal Abdullanın gizli teatrı" ifadəsi ilə səciyyələndirmişdir. Bu pyeslərdən bəziləri - "Bir, iki - bizimki!", "Casus", "Mələk", "Ruh" Bakı və Lənkəran səhnələrində, həmçinin Estoniya, Gürcüstan, İran, Türkiyə və Rumıniyada tamaşaya qoyulmuşdur.

Ən son premyera - Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanının eyniadlı teatr variantı əsasında hazırlanan tamaşa - 2025-ci ildə Azərbaycanın paytaxtında yerləşən Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuşdur. Tamaşa - həqiqəti anlamağa çalışan insanın faciəvi taleyi haqqında səhnə əsəridir. Burada paralel dünyaların harmoniyası, Sehrbazlar dərəsində yaşayan Ağ dərvişlə Ruhun sirli görüşü, həmçinin hər iki dünyada mövcud olan Səyyah Sehrbazın həyat həqiqətini göstərmək, insanın mənəvi saflığa və davranış müdrikliyinə yetişməsinə yardım etmək missiyası təsvir olunur. Kamal Abdullanın dramaturgiyasının polifoniyası oxucu və tamaşaçını müəlliflə işləməyə, təhlil aparmağa, onunla mübahisə etməyə və ya razılaşmağa vadar edir, eyni zamanda onları Səyyah Sehrbazın paralel aləminə qərq edir.

Dram əsərlərində dialoqlar - personajların replikaları - süjetin irəliləməsini təmin edir, onların xarakter və motivlərini açır. Nitqin ifadəliliyi və məzmunluluğu, bizim fikrimizcə, xüsusilə monoloqlar səviyyəsində - məsələn, Qadın və Kişinin dialoji-monoloji müraciətlərində ("Bir, iki - bizimki!") və ya Gözəlin səsinə çevrilmiş fəlsəfi çalarlarda ("Kim dedi ki, Simurq quşu var imiş!")   zirvəyə çatır. Məhz bu ifadə gücü və mənalandırma prosesi böyük Sirri təşkil edir. Bu məqamda, o, insan ruhunu təsəvvür edilən, özünəməxsus "mənəvi məkan"a malik olan və ədəbi mətn - pyes əsasında dramaturq, rejissor, aktyorlar, rəssam və digər iştirakçıların birgə yaradıcılığı ilə formalaşdırılmış ucalıqlara - əlçatmaz zirvələrə qaldırır. Burada söhbət yalnız yazılı şəkildə sabitləşdirilmiş ədəbi mətndən getmir. Hərçənd bədii əsərin mətni müəyyən "sabitlik" daşıyır, səhnə mətninin isə variantlılıq xüsusiyyəti mövcuddur. Məhz bu mürəkkəblikdə tamaşa - mətn kimi başadüşülən teatr əsəri - dramaturqun yazdığı mətndən, gələcək tamaşanın rejissorunun mətnindən, aktyorun mətnindən, rəssamın mətnindən ibarət ümumi struktur kimi formalaşır. Bu da tamaşanın mətninə xüsusi məna tutumu qazandırır və həmin tutum "oyun situasiyası" vasitəsilə daim dəyişir. Məhz bu cəhət səhnə mətninin polifoniklik xarakterini müəyyənləşdirir. Tamaşanın məna tutumu aktyor oyununun xüsusiyyətlərindən, "oyun situasiyası"ndan, pyesin səhnələşdirildiyi mədəni və dil mühitindən, həmçinin tamaşaçı faktorundan asılı olaraq dəyişir. Nəticə etibarilə Kamal Abdulla və onun pyesləri, Vaqif İbrahimoğlu ifadə etdiyi kimi, iki etik tələbi qoruyur: onlar həm "zülməti dağıdır" (N.Hikmət), həm də "yuxarıdan gələn ruhla ilhamlanmışdır" ("Kitabi-Dədə Qorqud"). Bu isə ondan irəli gəlir ki, səhnədə baş verən hadisələr çoxlaylı və çoxistiqamətlidir; onları yalnız mənəvi-əxlaqi və ya tarixi-mifoloji aspektlərdə deyil, eyni zamanda  İslam mədəniyyəti prizmasından sufi fəlsəfəsinin prioritetliyi ilə də dəyərləndirmək mümkündür (Afət İslam).

Kamal Abdullanın dramaturgiyasına xas olan heyranedici intellektual azadlıq emosiyaların və obrazların səhnə dilinə çevrilməsinə xidmət edir. Məhz bu dil vasitəsilə həyatın simfoniyası və sonsuz kədər səhnələşdirilir; həmin kədərin içində isə, sanki qədəhdəki şərabın qığılcımları və ya şampan qabarcıqları kimi, işığın ağ ləkəcikləri oynayır. Qeyd etmək lazımdır ki, "işıq" leksik vahidi dramaturqun pyeslərində dəfələrlə təkrarlanır. Postmodernist dramaturgiyanın özünəməxsus poetikasının formalaşmasına töhfə verən Azərbaycan yazıçısı Kamal Abdulla işıq, rəng və səs vasitəsilə mətnini vizual obrazlara transformasiya edir. "Bu mənada səhnədə təzahür edən rəng, işıq və səs qamması insan ruhunda və varlığın dərin mahiyyətində baş verənləri adekvat şəkildə ifadə edir. Səslər və rənglər - insan ruhunun dərinliklərində gedən proseslərin fiziki ifadəsidir. Buna görə də onlar bəzən oxucuya və ya tamaşaçıya səhnə hərəkətlərindən və sözlərdən daha çox şey deyir". Kamal Abdulla bu təsviri-ifadəvi vasitələrdən "ən yüksək peşəkarlıqla" istifadə edir. Musiqi isə onların hərəkətlərini, jestlərini, düşüncələrini, nitq və davranışlarını ilğıma çevirir (Sakit, melodik musiqi ürəklərə balzam kimi yayılır; musiqi gah səngiyir, gah kəsilir, gah gurlaşır, davam edir, gurultuyla səslənir, sonra yenə zəifləyir, yavaş-yavaş tamamilə kəsilir, susur, hüzn oyadır; bəzən təntənəli səslənir, musiqi keçidləri ilə səhnə axarını müşayiət edir). Kamal Abdullanın dramaturgiyasında səs - Xəzərin dəniz dalğalarının pıçıltısı kimi təzahür edir: dərin sükutdan başlayaraq pıçıltı və çığırış səviyyəsinə qədər yüksəlir və bir qədər sonra Ruhun səsinə çevrilir. Bu səs gah səngiyir, gah pıçıltıya dönür, gah gurultu ilə eşidilir, gah da tamamilə yoxa çıxır. Müəllif səsləri sevir və onların içində yaşayır, çünki hər bir səs, hər bir söz ürəyin döyüntüsü kimi səslənir. Müxtəlif təcəssümlərdə Kamal Abdullanın səhnə mətnlərində səs effekti heyrətamizdir!

Kamal Abdulla yaradıcılığının inkişaf dinamikası göstərir ki, rəng mənası daşıyan sözlər (xüsusən də, "Sehrbazlar dərəsi" romanında) illər ötdükcə sadəcə təsviri funksiya daşımaqdan çıxaraq başqa bir reallığa keçid edir. Onun nəsr və dramaturgiyasında "rəng sahəsi" 9 mikrosahədən ibarətdir: ağ, boz-qara, qara, tünd qırmızı, qırmızı, çəhrayı, mavi, yaşıl və sarı. Bu mikrosahələr əsərlərdə həm estetik, həm də simvolik funksiyanı yerinə yetirir. Mikrosahələr içərisində ən həcmlisi ağ rəng sahəsidir; ən çox işlədilən rəng adları isə ağ, qırmızı və yaşıldır. Müəllifin yaratdığı işıq - rəng aləmi çoxqatlı məkan və Şərq nağıllarına xas kolorit ilə oxucu və tamaşaçını valeh edir. Bu məqsədlə dramaturq öz mətnlərini təbii hadisələrlə zənginləşdirir - göydən ulduzlar düşür, haradasa şimşək çaxır, leysan yağır. Yağış Kamal Abdullanın dramaturgiyasında mühüm aktyora, hətta əsərlərin başqa bir dünyasına çevrilir ("Yağışlı gecələr", "Pis oğlan"). Yağış həm ümumbəşəri, həm də daimi hərəkəti ifadə edir - "bu yağış" gah leysan olur, gah da "lənətlənmiş". Yağışda olmaq qəhrəmanların (Mələk, Molla, Səlim, Qadın) mühüm psixoloji və fəlsəfi halıdır: onlar dünyanı kiçik, özlərini isə təbiətlə sərhədsiz görürlər. Bu isə birbaşa vəhyə, insanın özünə dönüşünə və yağış içində fikrin uçuşuna aparan yoldur. Yağış Kamal Abdullanın yaradıcılığında zamanın ölçü vahidinə çevrilir (Beləcə min il yağacaq; Mənim vaxtım - yağış yağana qədərdir. Yağış dayananda, mən də gedəcəyəm). Eyni zamanda yağış iztirabların sonu da ola bilir.

Qeyd edək ki, Kamal Abdullanın postmodernist əsərləri özünəməxsus, parlaq bir spesifikaya malikdir. Bu xüsusiyyət, o cümlədən, insanın davranış və fəaliyyətinin daxili tənzimləyicilərini, dəyərlərə əsaslanan meyarları bərpa etmək cəhdi ilə bağlıdır... Müəllif Azərbaycan ədəbiyyatında yeni bir dramatik janr - ruh dramı yaradır; bu janrda o, bir-birinə zidd görünənləri vəhdətdə təqdim edir: zərif lirik duyğuları qrotesklə, reallığı absurdist fantastika ilə, məişət dramını isə fəlsəfi məsəllə birləşdirir. Onun bütün əsərlərində eyni vaxtda həm həqiqət, həm uydurma, həm gündəlik həyatın təfərrüatları, həm də fövqəltəbii hadisələr mövcuddur. Pyesləri - ruhun səyahətləridir. Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanında olduğu kimi, Kamal Abdulla da öz dramlarında mifləri, məsəlləri və paralel aləmləri birləşdirərək elə hekayələr yaradır ki, orada dağlar, dəniz, yağış və kosmos həyatın mənası barədə verilən suallar üçün fon rolunu oynayır. Onun əsərlərində hər bir kəlmə sahilə dəyən dəniz dalğası və ya qapalı qalmış insan ruhlarına toxunan yağış damlaları kimi səslənir, onları dərinliklərə - miflərə, əbədi suallara doğru aparır. Bu, sadəcə ruh dramları deyil, bunlar həm də vəhy anları, ruhla təmaslar, qəlbə toxunuşlardır. Bu toxunuşlar səhnə mətni ilə qarşılaşan və sadəcə süjeti deyil, həmin mətnin dərinliyini duymağa hazır olan insanların daxili dünyasının ən gizli qatlarında iz buraxır. Belə bir təcrübədən sonra insan sanki uzun bir səfərdən qayıdır - yeni düşüncələrlə, yeni baxışlarla, təmizlənmiş və saflaşmış şəkildə.

Kamal Abdullanın dramaturgiyasında, həmçinin şəxsi refleksiya və bədii nəsr elementlərinə də rast gəlinir. Müəllif, əsrlərin müdrikliyini və çoxsaylı nəsillərin təcrübəsini zamandankənar simvollar kimi əks etdirən təsəvvüri obrazlar yaratmağa çalışaraq, əxlaqi-mənəvi suallara, yaddaş və tale mövzularına toxunur. Müəllif özünün möhtəşəm təfəkkür və təxəyyül uçuşlarında sözlərlə ustalıqla davranır, təkrarolunmaz bir üslub yaradır. Bu üslub ilə bir dəfə tanış olan oxucu onu heç vaxt unutmaz və başqa yazıçı ilə səhv salmaz. Kamal Abdulla sözləri pyeslərin xəttinə elə sehrli bir şəkildə düzüb-qoşur ki, mətn yalnız oxucunun təfəkkürünə deyil, eyni zamanda onun hisslərinə, duyğularına və düşüncələrinə də təsir göstərir. Onun əsərlərinin hər bir elementi - obraz, nitq elementi, rəng çaları, musiqi motivi və ya təbiət hadisəsi - müəyyən dərəcədə rəmzi xarakter daşıyır. Kamal Abdulla özünün "ruh dramları"nı hamı üçün deyil, axtarışda olanlar üçün yazır. Onun sənətkarlığı elə bir həddə çatır ki, "möcüzə təsiri bağışlayır və sanki müəllif bu ifadə formalarına məntiqi, intellektual yolla deyil, yaradıcı ilham vasitəsilə gəlmişdir." Sirlər, müəmmalar və möcüzəvi nişanələrlə zəngin olan bu cəlbedici dramlar möcüzənin açıq-aşkar səhnə təcəssümü ilə səciyyələnir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!