Hekayə diskurs kimi: "Abyssalis" - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Orxan Həsəninin "Abyssalis" hekayəsi ağrı və işarələri dərində gizlənən mətndir. Tale süjetində simvol və arxetiplər yetərincədir. Fəlsəfi-bədii havasını bəlkə də Z.Freydin ata kultuna bağlamaq olar. Uşaqlıq travması, yaddaş faktoru, qəmli, ümidsiz xatirələr, psixoloji depressiyalar və s. Ata tərəfindən atılıb, ana dəlixanada özünü asıb, keçmiş boşluq, gələcək yoxluq içində. Oğulun atası ilə söhbəti əsnasında məlum olur ki, atası da öz keçmişi, atası üçün darıxır, heçlik arasında var-gəl edir.

Orxan Həsəninin üslubunda ən mühüm çalar dilimizin poetik imkanlarından uğurla yararlanması, qəhrəmanlarının daxili aləmini təmkinli və ifadəli oyun tərzi ilə açmasıdır. Dil vasitələri xarici effekt və təəssürat yaratmaqdan daha çox xüsusi məntiqi gücü olan dəlil və əsaslara çevrilir. Bu hekayədə də yazıçı həmin keyfiyyəti qorumağa çalışır. İlk baxışda qəhrəmanın ömür məkanının üfüqlərində daha ata obrazına yer yoxdur: "Atam məni çağıranda, açığı, təklifini qəbul etmək istəmədim. Bütün bunlar nəyə lazımdır? Dedi, gəl, görüşək, danışaq, ancaq nə danışacağıq? Hər şey uzun zaman öncə danışılıb qurtarıb".

Amma gedişat zamanı aydın olur ki, hələ bağlar diridir. Qəhrəmanı dəniz kənarına, atası ilə görüşə gətirən,  hər situasiyada özü ilə atası arasında oxşarlıqlar qurmağa vadar edən içindəki o bağlılıqdır. Onun metaforik-simvolik yaddaşında keçmişlə bağlı hər şey yüksək işlənmə dərəcəsinə malikdir. Bütün mətn boyu yaddaş köhnə yara kimi sızıldayır:

"Bütün dünyanı gəzib ayaqdan saldım, bu sahili və bu şəhəri həmişə özümlə gəzdirdim.

- Səni bura yaddaşından başqa heç nə bağlamır.

- Bəyəm yaddaş elə-belə şeydir?".

Elə qəhrəmana da əzab verən xatirələri, keçmişidir. Atası ilə dialoqunda, ona hər baxdığında işə düşən yaddaş elementləri daxili səsin köməyi ilə açılır. Bu daxili səs addımbaşı obrazın düşüncəsində, davranış və ruhunda əks-səda verir: "Birinci görüşdə qarnının böyük olduğunu hiss eləməmişəm. Özünü bəyaz polo klassik geyiminin altında yaxşı gizləmişdi. Nə deməli? Gizlənməyi yaxşı bacarır".

Orxan Həsəninin nəsr dili üçün xarakterik olan məziyyətlərdən biri də ən minimal parçalarda situativ məqamlara vurğu etməsidir. O məqamlar ki, konkret ünsiyyət məzmunundan əlavə  obrazın keçmişi ilə uğurla motivlənirlər: "Çiyinləri ağır bir yük daşıyırmış kimi çöküb. Qocalıq özünü yavaş-yavaş bədənində büruzə verir. Cavanlıq şəklini görməmişəm deyə, nə vaxtsa cavan olduğunu təsəvvür eləmək çətindir".

Bu hekayə əslində, qəhrəmanın öz taleyinə mövqeyini müəyyənləşdirən məna strukturlarının açılması deməkdir. Mətndə üç yaş senzini simvolizə edən - uşaqlıq, gənclik və qocalıq qarşılaşdırılır, qurulan və dağıdılan qəsr - ümidlərin ovulub tökülməsi, görüş - ayrılıq, dondurma istəyi - ölümün mistik işarəsi kimi hər biri məchulluğa müncərdir. Bəlkə də real olan yazıdır ki, qəhrəman da bunu (ölümsüzlüyü!) seçməklə ömür mətnini əbədiləşdirməyə çalışır: "- Axı yazmağa dəyən nəyin var?

Doğrudanmı, danışmaq istədikləri bunlar idi?

- Anam özünü dəlixanada asdı. Yazmağa dəyən şeyim budur".

Amma müəllif qəhrəmanın travmatik əzablarını, daxili konfliktini dərinləşdirsəydi, daha iri planlarla, psixoloji rakurs və mizanlarla ötürməyə çalışsaydı psixoloji effekt yaradardı. Halbuki atasının soyuqluğu, biganəlik altında gizlənən iztirabları daha toxunandır və təhtəlşüura birbaşa işləyir.

Hekayədə refren kimi verilən öskürək səsləri çox yaxında olan ölümün müjdəçisi kimi mənalanır. Bəlkə öz "qəzavü-qədəri" atasının ürəyinə damdığına görə oğlunu dondurma almağa göndərir (ölüm ayağında olan öz atası da ondan dondurma istəmişdi). Geri qayıdan qəhrəman uşaqların qurduğu qəsrin dağıdıldığını görür. Bu dağılma yaşanmamış uşaqlığın, yarımçıq qalmış duyğuların, ovulub tökülmüş arzuların rəmzi olaraq modelləşir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!