Bədii yaradıcılıq insanın ümumi yaradıcılıq fəaliyyətinin tərkib hissəsini təşkil etməklə, həm də yeni estetik dəyərlərin yaradılmasını, hər şeydən öncə, sənət əsəri yaratma anlamını özündə ehtiva etməkdədir. Bu baxımdan, filologiya elmləri doktoru, professor, son dövrlərdə özünün orijinal nəsr nümunələrini geniş oxucu auditoriyasına təqdim edən Məmməd Əliyevin "Bir uzaq yaşıl ada" (Roman. IV kitab) romanı ilə bağlı söhbət etməyə ehtiyac vardır.
İlk növbədə, müəyyən etməyə ehtiyac vardır ki, ideya müəllifin ortaya qoyduğu başlıca fikrin ifadə edilmə imkanıdır. Çünki ideya ədəbi əsərin bədii məzmununun ümumiləşmiş formasıdır. İdeyasız yazıçının əsəri ölü kimidir. O, əsərin fəlsəfi-estetik ləngərini, pafosunu məhz onun köməyi ilə yaradır. "Bir uzaq yaşıl ada" romanında Məmməd Əliyev, əslində, XX əsrin 80-ci illərinin sonu XXI əsrin əvvəllərində gedən ictimai-siyasi, sosial-psixoloji, tarixi-mədəni, mənəvi-əxlaqi durum və proseslərin görümlü mənzərəsini ortaya qoyur. Əsər müəllifinin keçmişlə bağlı, müharibə dövrü, yəni İkinci Dünya müharibəsi, ondan sonrakı ərəfə, həyat və ömür haqqında düşüncələri, insan ovqatının rəngarəngliyi, 80-ci illərin sonlarından başlayan siyasi, ideoloji, geopolitik fırtına və qasırğaları, həmin dövrlərdə ölkənin maddi və mənəvi sıxıntılarını, erməni terrorunu, ermənilərin öz Avropa və Amerika havadarlarına güvənib, torpaqlarımızı al-qana boyamasını, SSRİ dövlətinin o vaxtlar sükanını itirmiş gəmiyə bənzədilməsi, Çernobıl Atom Elektrik Stansiyasının törətdiyi fəsadlar, Topxana meşələrinin ermənilər tərəfindən vəhşicəsinə kəsilməsi, Azərbaycanı qan çanağına çevirmək üçün Heydər Əliyevin Moskvada vəzifəsindən uzaqlaşdırılması, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt terrorunu ustalıqla törətməsi, 1988-ci ildə Ermənistanın Hamamlı (indiki Spitak) şəhərinə zəlzələdən zərərçəkmişlərə Azərbaycandan maddi və insan köməyini həyat keçirməyə gedərkən Azərbaycan təyyarəsinin Ermənistan səmasında ermənilər tərəfindən vurulması, Qazax-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun yenə də onlar tərəfindən partladılması və çoxsaylı insan tələfatı, Mixail Qorbaçovun rus qoşunlarını Azərbaycana yeridib xalqımızın yüzlərlə dəyərli insanının tanklar və BTR-in tırtılları altında qoyması, Qarabağdan ardı-arası kəsilməyən qara xəbərlərin gəlməsi, Qarakənd səmasında ermənilər tərəfindən Azərbaycan xalqının sayılıb-seçilən oğullarının vəhşicəsinə qətlə yetirilməsi, Azadlıq meydanında xalq hərəkatının ucsuz-bucaqsız dalğaları, şəhidlərimizin dəfn mərasimi, Azərbaycanın hüznlü günləri, meydandakı tribunada Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Şirməmməd Hüseynov, Ziya Bünyadov kimi elm və mədəniyyət xadimlərimizin çıxışları, xalq izdihamı və s. haqqında geniş panoramlı təfərrüatların yer alması oxucuları qeyd etdiyimiz dövrün reprezentasiyası müstəvisinə keçirir.
Roman qəhrəman, obraz, surət və personajlar, çeşidli arxitektonika, polifonik təhkiyə aurası və s. baxımından da kifayət qədər zəngindir. Oxucu burada Murad, Nəcibə, Səadət, Nizami, Vidadi, Heybət, Kamran, Tengiz, Adri, Tural, Nadya, Anatoli Pavloviç, Ənvər Nəzərli, Rafiq Babaşoviç, Zinaida, Mirzə, Xəlil Rza Ulutürk, Valeri və b. bu kimi koloritli şəxsiyyət və obrazlarla tanış olur.
Xeyli digər obrazlarla yanaşı, oxucunun gözü qarşısında Murad daha çox hadisələrin burulğanında dayanmaqdadır. O, bütün həyata baxışı, düşüncələri, pozitiv münasibətləri, yaranmış vəziyyəti diqqətlə təhlil edən əsl azərbaycanlı oğlu kimi müxtəlif situasiyalardan uğurla çıxmağı bacaran, tədbirli təkliflər irəli sürən zəngin və əhatəli düşüncə daşıyıcısıdır. Bununla belə, müəllif romanın lap ilk səhifələrində onunla bağlı bir vacib detalı da qeyd etməyi unutmamışdı: "Murad sevgi bağından yalnız acı meyvələr dərmişdi". Adriana xəstələnərkən onun beyninin sağ yarımkürəsində qırmızımtıl rəngə çalan ləkə aşkar edilmişdi. Odur ki, Moskvadaki Onkoloji Mərkəzdə onun əməliyyat edilməsi üçün 1,5 - 2 mln. dollar vəsaitin zəruri olduğunu qeyd etmişdi. Murad gənc professor idi...
Əslində, müəllifin aparıcı konseptual bədii ideyasında elə əsərin baş qəhrəmanı Muradın timsalında Azərbaycanda keçən əsrin 50-ci illərindən tutmuş ölkənin tarixinə və qəhrəmanın taleyinə işıq tutmaq vacib idi. Bəri başdan bildirməyi zəruri hesab edirik ki, müəllif bu baxımdan əsərdə qarşıya qoyduğu məqsədinə nail ola bilmişdir. Məmməd Əliyevin romanında kristal, dözümlü və ayıq təfəkkürə söykənən azərbaycanlı professorun bədiilik sənətinin xüsusiyyətlərinə uyğun olaraq yaradılmış obrazının keyfiyyətlərini qeyd etməyi özümüzə borc bilirik. Muradın həyat yolu, onun dünyabaxışı, xarakteri əsər müəllifinin xeyli cəhətləri ilə üst-üstə düşür.
Məmməd Əliyevin "Bir uzaq yaşıl ada" romanının süjet və fabulası da ədəbi-nəzəri baxımdan diqqəti cəlb etməkdədir. Belə ki, burada əksini tapmış və oxucu üçün müəyyən qaydalara söykənən bir sıra hadisələr, o cümlədən əsərdə zəncirvari şəkildə təcəssümünü tapmış nə varsa, hamısı, personajların həyatı, fəaliyyəti, birinin digərləri ilə əlaqələri, müəyyən məkan-zaman ölçülərini əhatə etməklə əvəzlənə-əvəzlənə bədii mətn qanunauyğunluqlarına görə hərəkətdə olur.
"Bir uzaq yaşıl ada" romanında yer almış fabula elementlərində bir-biri ilə qarşılıqlı şəkildə bağlı olan motivlər təsdiqləyici səbəb-məqsəd əlaqələri ilə birləşən hadisələr cərgəsində qruplaşdırılır. Əsərin fabulası təsvirin tematik-faktik predmeti olaraq romanın aparıcı hərəkətinin planı olub, motivlərə verilən rolun və personajların yerinin uğurlu göstəricisi kimi çıxış edir.
Məmməd Əliyevin bəhs etdiyimiz romanının xronotopları nəinki Azərbaycan, Rusiya, Avropa, hətta Amerikanı da əhatə edir. Bir də görürsən, müəllif maraqlı bir təhkiyə üslubundan istifadə etməklə hadisələri Gürcüstan, Almaniya münasibətlərinə yönəldir, hətta Şevardnadzenin Almaniyanın birləşməsində rolunu qabardır, Xruşşovun hakimiyyətə gəlməsini, Beriyanın edam edilməsini, bundan sonra meydan hərəkatının yenidən vüsət almasını, Dilarə Əliyeva, Aydın Məmmədov, Sabir Rüstəmxanlı, Bəhlul Abdulla, Rafiq İsmayılov və başqalarının DTK tərəfindən izlənilməsinə keçirirsə, oradan da Bakı-Zaqatala yolunda Azərbaycan Xalq Cəbhəsi fəallarının avtomobil qəzasına salınmasını təsvir predmetinin nüvəsinə yönəldir.
Romanda heç də yalnız Azərbaycanda gedən ictimai-siyasi proseslərin etiologiyasına nəzər salınmır, həm də SSRİ-ni belə vəziyyətə gətirən halların səbəbləri və həmin dövrdən əvvəlki hadisələr xatırladılır. Qorbaçovun hakimiyyətə gəlməsi ilə Pelşe, Qromıko, Solomentsev, Suslov, Ponomaryev, D.Kunayev və başqa bu kimi Sov. İKP funksionerlərinin istefaya göndərilməsi, H.Əliyevin hakimiyyətdən uzaqlaşdırılması, Çexoslovakiyada hərbi çevriliş, Oşda özbəklərlə qırğızlar arasındakı münaqişələr, Litvada SSRİ əleyhinə etirazlar, Qafqazdakı etnik münaqişələr, ABŞ Mərkəzi Kəşfiyyatının erməni terrorçularına dəstəyi, Moskva metrosunda ermənilərin törətdiyi partlayışlar, Dağıstan və Çeçenistanda müstəqillik uğrunda qızışan mübarizə, Qorbaçovun arvadı Raisa Maksimovnanın Amerika və sovet erməniləri tərəfindən mükafatlandırılması, erməni vandalizmi və başqa bu kimi məsələlərin morfologiyası roman qanunauyğunluqlarına görə açılır. Əsər qeyri-adi inandırıcı detal və hadisələrlə zənginləşdirilir.
Romanda yaddaqalan maraqlı bədii ifadə üsulları və detallar yetərincədir. Məsələn, SSRİ Xalq yazıçısı Boris Oleynikin (o, SSRİ Ali Soveti Millətlər Palatasının sədri idi) Qorbacovu "knəzğ tğmı" ("zülmət sultanı") adlandırması, Muradın işə Salyan kazarmalarının yanından piyada keçib gedərkən ölümlə üz-üzə dayanmaşı, onun Muradın rus polkovnikinə "Camaatı qırdırmayın" kimi kinayəli replikası, Yazovun qoşunları Bakıya yeritməsi, XI Qızıl ordu meydanında top atəşlərinin ard-arasının kəsilməməsi, xalqın barrikadalar qurması, meyitlərin daşınması, nümayişçilər tərəfindən zirehli maşınların mühasirəyə alınması, Elmira Qafarovanın bu hadisələri dövləti cinayət kimi səciyyələndirib dünyaya bəyan etməsi, erməni Slavikin Bakıda yaxşı vəzifədə çalışmasına baxmayaraq, hadisələr başlayınca Bakıdan qaçıb qatillərlə bərabər azərbaycanlılara qənim kəsilməsi və s. əsərin birinci hissəsində uğurla yerləşdirilmişdir.
***
Üç hissədən ibarət bu romanın ikinci hissəsində oxucu yenə də Murad obrazı ilə daha sıx-sıx qarşılaşır. Burada Quba Müəllimlər İnstitutunun açılması, ona müstəqil status verilməsi, eyni zamanda müəllif tərəfindən keçmiş hadisələrin retrospeksiyasının yaradılması, Muradın Lenin muzeyi və 26 Bakı komissarları muzeyini dağıtması, Stepan Şaumyanın portretinin və Leninin maketinin dağıdılıb tonqalda yandırılması, 1918-ci il hadisələrində emənilərin Şaumyanın fitnəsi ilə Azərbaycan türklərini soyqırıma məruz qoymaları, bu qatı daşnak dığasının göstərişi ilə Bakı, Salyan, Şamaxı, Quba və ölkəmizin digər ərazilərində törətdikləri vəhşiliklər, Şaumyanın Azərbaycan tərk edib Türkmənistan ərazisindən gizli yollarla Hindistana qaçırılması, övladları Levon və Georginin onun qəbrinin üstünə getmələri və s. və i.a. kimi hadisələrə oxucu diqqətini yönəltməsi maraqlı və diqqəti məşğul edən təsvirlərlə ortaya çəkilməsi Məmməd Əliyevin təhlilini apardığımız əsərinin önəmli səhifələri kimi dəyərləndirilməlidir.
Roman müəllifinin geniş fərdi yaradıcılıq stixiyası və priyomu kimi istifadə etdiyi retrospeksiyalar əsərin dilinin ifadə formasının gücləndirici elementi olaraq əvvəlki faktual-məzmun informasiyasının oxucuya daha geniş təfsilatı ilə çatdırılmasında aparıcı rol oynayır. Müəllif burada keçmişi təftiş etmək məqsədini güdməyib, bununla təhkiyənin deyim narrativinin daha da maraqla izlənilməsinə diqqət çəkməyi vacib hesab etmişdir. Eyni zamanda müəllifin keçmişin ürək ağrıdan hadisələrinə diqqət yönəltməsi heç də onun öz fərdi maraqlarına xidmət etməsi ilə bağlı deyildir. Bu indidən keçmişə gedib, keçmişdən indiyə qayıtmada baş vermiş hadisə və proseslərin, bir tərəfdən, faciəviliyinə, digər tərəfdən, taleyüklü olduğuna hesablanmışdır. Əsər müəllifinin Tofiq İsmayılov, Anar, Polad Bülbüloğlu və b. çıxış və davranışlarında Mərkəz rəhbərliyinin Azərbaycana laqeyd münasibətini geniş auditoriya qarşısında ön plana çıxarmağı, milli münasibətlərin vətənimizdə son həddə çatdırılıb alovladırılması, Qarabağa İrandan, Livandan, Suriyadan muzdlu terrorçuların gətirilməsi, Qarabağ uğrunda başlayan iğtişaşların Ermənistanı, Gürcüstanı, Moldovanı, Estoniyanı və Litvanı bürüməsi, Pribaltika respublikalarının Rusiya ilə əməkdaşlıqdan imtina etmələri, M.S.Qorbaçov dövründə ölkədə hərc-mərcliyin baş alıb getməsi, SSRİ-də Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin yaradılması, Kommunist partiyasının ləğvi, Qərbi Azərbaycandan gələn soydaşlarımızın didərginlik həyatı yaşamaları, oyuncaq Artsax rejiminin qurulması, Azərbaycanın sayılıb-seçilən övladlarının (Salatın Əsgərova, Əlyar Əliyev, Əlif Hacıyev və digərlərinin) cəngavərliyinin öyülməsi, 1992-ci ilin fevralında Aşağı və Yuxarı Quşçular, Malıbəyli və digər yaşayış məskənlərində əhalinin erməni yaraqlıları tərəfindən qətli, Xocalı genosidi, Beynəlxalq təşkilat, birlik və ölkələrin bu vandallığa və düşmənçiliyə göz yumması, ABŞ senatının Azərbaycana qarşı əsassız sanksiyalar tətbiq etməsi, ATƏM, ATƏT, BMT, Avropa Şurası, Avropa İttifaqı kimi demokratiya və insan haqlarından durmadan dəm vuranların ağızlarına su alıb dayanması və s. kimi hiss və duyğularımıza narahatlıq verib, əsəblərimizi tarıma çəkən məqamların hamısı Məmməd Əliyevin "Bir uzaq yaşıl ada" romanının ikinci hissəsini təşkil etmiş hadisələrin çeşidli mənzərələrini yaratmaqdadır.
Müəllif əsərin baş qəhrəmanı Muradı, əslində, çoxsaylı sınaqlardan keçirir. Quba Rayon Ticarət şöbəsinin müdiri Muxtar Abbasov Azərbaycanda cərəyan edən hərcmərcliklər fonunda işbazlar, əliəyrilər, hər yeri özəlləşdirdiyi bir tarixi kəsimdə onun kitab evini özəlləşdirdikdən sonra oradakı nüsxələri çaya töküb məhv etmək dovdunda olduğu bir vaxtda Muradın ondan bir qədər gözləməyi xahiş edib, öz vəsaiti hesabına kitabları instituta daşıtdırması və 17 min nüsxədən artıq elmi, nəzəri, bədii, metodik-didaktik səpkili Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərini, ensiklopediyaları burada yerləşdirib, kitab fondu və qiraət zalları yaratması, Muradın elm adamı olub ədəbiyyatşünaslıq sahəsində fundamental tədqiqatlar aparan alimləri yaxşı tanıdığından, onlara sayğı ilə hörmət bəsləməsi əsər müəllifinin narrativ poetexnologiysına səriştəli yanaşmaları ilə bağlıdır. Onun Məmməd Cəfər müəllimə rəğbəti olduğundan bu böyük alimin dünyasını dəyişməsi xəbərini də ürək ağrısı ilə qarşılaması və s. fərdi təhkiyə axarında mətn kontekstinə uğurla daxil etmə bacarığı əsəri oxunaqlı edən məqamlardandır.
Məmməd Əliyevin "Bir uzaq yaşıl ada" romanı, əslində, Azərbaycanımızın tarixi taleyində əlahiddə dövr olan həmin illərin ağrılı panoramını təqdim etməklə qaçqınlıq, köçkünlük, xalq cəbhəsinin hakimiyyətə gəlməsi, Əbülfəz Elçibəyin prezident seçilməsi, ölkədə hərc-mərclik, kənd təsərrüfatı obyektləri, torpaq və əkin sahələri, mal-qaranın yiyəsiz qalması, özəlləşdirmə adı altında talan edilməsi, vətənin çörəklə imtahana çəkilməsi, Rusiya ilə qırılmış müxtəlif tipli əlaqələrin insanların həyatına təlatümlər gətirməsi, Dərbəndlə əlaqələrin yenidən bərpa edilməsi, əslən qubalı Seyid Camal oğlu Qurbanovun müfuzundan (o, Dağıstan Dövlət Duması Şurasının sədr müavini idi) Muradın istifadə edib institut əməkdaşlarına 250 çörəyi birdən paylaması və s. başqa bu kimi hadisələrin mahiyyətinin açılması Murada hamının "milli oğlan" kimi dəyər verməsi ilə nəticələnir. Seyid Qurbanovun Azərbaycana etdiyi köməyə görə onun 70 illiyinin Prezident Administrasiyasının yüksək rütbəli nümayəndələrinin iştirakı ilə Qubada keçirilməsi, Heydər Əliyevin onunla yaxın münasibətlərdə olması, Muradın Meydan hərəkatına yaxından dəstək verməsi, Əlikram Hümbətovun Talış Muğan Respublikası yaratmaq cəhdləri və özünü lider kimi təqdim etməsi və s. kimi məsələlər obyektiv tarixi gerçəkliklər fonunda incələnmişdir. Bu hadisələrin ölkə və xalq üçün uyğun məcraya düşməsində xalqın inanıb etibar etdiyi Heydər Əliyevin hakimiyyətə gətirilməsi, 8 iyun 1993-cü ildə Bakıya dəvət olunması və bir həftə sonra Milli Məclisin sədri seçilməsi, onun Gəncəyə gedib Surət Hüseynovla danışıqlar aparması, Surətin Bakıya qoşun yeritməsi planının qarşısını alması romanın infrastrukturunda oturan məzmun çalarlarını milli və yerli koloriti yüksəltmək baxımından əhəmiyyətlidır.
Əsərdə Muradın əvvəlki Azərbaycan hökumətində təmsil olunmuş nazirlər - Fikrət Yusifov, Heydər Əsədov, Saleh Məmmədov, Səlim Müslümov və b. ilə münasibətlərinin məhz Muradın baxış kontekstində yer alması və digər çoxsaylı məqamlar bu romanın maraqlı nəsr nümunəsi kimi nəzərdən keçirilməsi ilə bağlı dolğun təsəvvürlər yaratmaqdadır.
Muradın bütün romanboyu təfəkküründə gedən proseslərə nəzər saldıqda, haradasa elə bil ki, onun iç dünyasında metafizik bir qiyama, bunta, romantikliyə, nihilizmə, dekadansa, hətta neoromantik düşüncəyə yuvarlandığı ilə bağlı da fikirlər söyləmək mümkünləşir. Eyni zamanda qeyd edək ki, burada Məmməd Əliyev rus, Şərq, Qərb və Amerika nəzəri fikrində olduğu kimi nə simvolik süjetlərə, nə A.Veselovskinin "Süjetlərin poetikası"na söykənir, nə K.Q.Yunqun kollektiv şüursuzluq (şüuraltı) yanaşmasına, nə Q.Velflinin qiyamçı individualistinə, nə də digərlərinin nəzəri baxışlarından irəli gələn yanaşmalara uymur. Əsərin bütün təhkiyə kəsimlərində biz müəllifin fərdi polifoniyasını hiss edir, eşidir, duyur, görürük.
"Bir uzaq yaşıl ada" romanında hadisələr müəllifin fərdi yaradıcılıq manerasının XX əsrin "ən vicdansız dövrü hesab etdiyimiz 80-90-cı illərə qədər" titrədici və tükürpədici kataklizmlərlə (siyasi, hərbi, iqtisadi, mədəni, psixoloji və s. kimi aşınmalarla) müşayiət edir ki, əslində, M.Əliyev tərəfindən zamanın bütün əyintiləri də burada xüsusi cərrah bıçağı ilə kəsilib sanki qəssabxanadan asılan heyvan cəmdəklərinin içini dəlib keçən yaraların ortaya çıxarılması ilə bizləri təsvir predmetinə çevrilən məsələlərə təkrar-təkrar qayıtmağa sövq edir.
M.Əliyev digər nasirlərimiz kimi öz əsərlərində 80-ci illərin ikinci yarısından avanssenaya çıxmış Qarabağ bölgəmizin tarixi taleyi, müharibə mövzusu, insan, dövlət və s. kimi məsələlərə birbaşa, yaxud dolayısı ilə bağlı məmur özbaşınalığı, sevgi, məhəbbət kolliziyaları, insan qəlbinin ambivalentliyi (ikili təbiəti) mövzusu və s. nəzərdən keçirməsi ilə gəlmişdir. M.Əliyev bir əsər müəllifi kimi yaxşı başa düşür və dərk edir ki, müasir ədəbi nümunə, hər şeydən öncə, zamanın ruhunu, həyatın qavrayış xüsusiyyətlərini, oxucusunun sosial-mədəni təcrübəsini və s. məqamları öz əsərinin infrastrukturunda yerləşdirməli və birləşdirməlidir. Burada müəllifin ortaya qoyduğu problematika oxucunun siyasi, ideoloji, mədəni, mənəvi fəallığına təsir etməli, vətənə barmaqarası baxanların hərəkətlərinin və taleyinin nəyə gətirib çıxaracağı detalları ilə oxucuya çatdırılmalıdır.
(Davamı gələn sayımızda)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!