Mir Cəlal yaradıcılığında müharibə mövzusu - Telman NƏZƏRLİ

 

Sentyabr ayının 28-i unudulmaz ədib və alim Mir Cəlalın dünyasını dəyişdiyi gündür. Hər kəs bu gözəl dünyada çox "ləngiməyə" çalışır. Lakin bu arzuya yalnız böyük əməllərlə çatmaq mümkün olur. Xatirələr və əsərlər bu cəhətdən əvəzsizdir. Böyük əməllər və əsərlər sahiblərinin ömrü onların yadigar miraslarında davam edir, həsrətlə xatırlanır. Yaşanmış ömrün xatirələrdə bir növ təkrarı, yada düşməsi və əzizlənməsi əslində böyük təsəllidir, ehtiramdır!.. Həqiqi sənət əsərləri isə mövzu və ideya uyğunluğu etibarı ilə ikinci ömrünü yaşamış olur, yeni aktuallıq qazanır. Tarixlərin və talelərin ən ağır dəhşət sınağı olan müharibələr mövzusu bəşəriyyətin əsas nigarançılığı olmuşdur. Bu cəhətdən Mir Cəlal yaradıcılığı da xüsusi aktuallığa malikdir.

Bu gün bəşəriyyətin müxtəlif məramlı, məqsədli müharibə vahimələri yaşadığı bir vaxtda tarixin ibrətli məqamlarını yada salmaq xüsusilə vacibdir.

Tarix boyu bütün müharibələr - elan olunmasından, yaxud olunmamasından asılı olmayaraq - insan qırğınına, fəlakətlərə, dağıntılara səbəb olub, şəhərlər, kəndlər xarabalığa dönüb, analar oğulsuz, gəlinlər dul, körpələr gözüyaşlı qalıb. Müharibənin vurduğu yaralardan bağrı param-parça olan torpağın ağrısını da insan çəkib. İnsan həm öz itkilərinə dözməli, həm psixoloji sarsıntılarını aradan qaldırmalı, həm də üstündə həyat qurduğu, ömür sürdüyü torpağın yaralarına məlhəm olub, dağılan şəhərləri, kəndləri yenidən nizama salıb, bərpa etməlidir. Ədalətsiz müharibələrdə təcavüzkar tərəfin döyüşçülərində mənəviyyat amili həmişə arxa plana keçib, qəddarlıq, yırtıcılıq, qəsbkarlıq şüurlarının alt və üst qatlarına hakim kəsilib, öldürdüklərinin, dağıtdıqlarının fərqində belə olmayıblar. Ədalətli müharibə etmək zorunda qalanlar isə öz torpaqlarını, dövlətlərini təcavüzkardan qorumaq məcburiyyəti qarşısında ayağa qalxmışlar. Əslində, yer üzündəki bütün torpaq bölgüləri, bütün sərhədlər şərtidir, mənafe toqquşmalarının sonucudur. İnsan bütün bunların hamısının fövqündə dayanır. İnsan müharibədə döyüşçü kimi, həkim kimi, mühəndis kimi, jurnalist kimi, sənət adamı kimi də iştirak edir. Müharibənin psixoloji təzyiqini də insan olaraq öz xarakteri və iradi keyfiyyətlərinə görə hiss edir. Döyüşlər bitəndən, quruculuq-bərpa işləri başa çatandan sonra belə, müharibə insanın canında "gəzir", şüurunda, yuxularında, davranış və yaşam tərzində vaxtaşırı "fırtınalar" qoparır.

Müharibə zaman-zaman şair və yazıçıların, incəsənət adamlarının müraciət etdiyi mövzu olub. Müharibə mahiyyətcə ölüm-itim, dağıntı, fəlakət olsa da, hər yazıçı qələmində "özünəməxsusluq" qazanıb, müəllifin "öz müharibəsi" kimi təqdim olunub.

Alman faşizminə qarşı 1941-1945-ci illər müharibəsi ədəbiyyatımızda çox geniş əksini tapıb. Bu mövzuda saysız hekayələr, povestlər, romanlar, şeir və poemalar yazılıb. Bu əsərlər içində böyük ədib Mir Cəlal Paşayevin yaradıcılıq nümunələri də xüsusi əhəmiyyət kəsb edir. Həmin müharibə illərində yazdığı "Xalqın ürək sözü", "Vətən hekayələri", "İlyas", "İsrafil", "Vətən yaraları", "Vətən" kitabları və digər əsərləri maraqla qarşılanıb. Mir Cəlal yaradıcılığına bələd olan hər kəs yaxşı bilir ki, lakonik fikir, yığcam cümlələr onun bütün əsərlərinə xasdır. Müharibə mövzusunda da belədir.

Mir Cəlalın müraciət etdiyi müharibə çox fərqlidir. Böyük ədib oxucunu birbaşa odun-alovun içinə atmır, güllə, mərmi səsləri çox-çox uzaqlardan gəlir... Ancaq müharibənin bütün dəhşətini oxucu öz qanı-canı ilə hiss edir və bu ağrıları yaşaya bilir. Üzbəüz dayanmasa da, işğalçının - faşistin qatil, yırtıcı baxışlarını görə bilir, səngərdə, mərminin yaratdığı uçqunlar altında inildəyən, köməyə möhtac olan yaralılarımızın, xəyalən də olsa, yardımına can atır.

Mir Cəlalın müharibə mövzusu yaradıcılığındakı aparıcı xətlərdən biri qəhrəman soydaşlarımızın tanıdılmasıdır. O zamanlar ümumi vətənimiz sayılan SSRİ-nin alman faşizminə qarşı apardığı müharibədə Azərbaycanın da oğul və qızları iştirak edib və qəhrəmanlıq zirvəsinə ucalanlar, canlarını fəda edənlər, indiyə qədər də doğmalarının gözünü yolda qoyub, itkin düşənlər çox olub. Böyük ədibin Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr etdiyi "İsrafil" (1942) əsərində, həmçinin "Vətən yaraları" (1943), "Vətən" (1944), "İlyas" (1942) kitablarında Azərbaycan övladının qəhrəmanlığı, müxtəlif millətlərdən olan döyüşçülərin faşizmə qarşı çiyin-çiyinə, mərdliklə döyüşmələri böyük ustalıq və vətənpərvərlik duyğuları ilə qələmə alınıb. Bu əsərlər oxucuda düşmənə nifrət, qəhrəman döyüşçülərimizə sevgi, güvənc hissləri oyadır. Böyük ədibin müharibə mövzusundakı əsərlərinin xarakterik xüsusiyyətlərindən biri də odur ki, o, azərbaycanlını rusdan, gürcüdən, belorusdan və digər döyüşçülərdən milli-etnik baxımdan ayırmır, onların hər birini Vətənin gərəkli övladı, xilaskarı hesab edir və onları eyni məhəbbətlə tərənnüm edir.

Ədib çalışır ki, müharibənin vurduğu mənəvi və fiziki yaraları, eyni zamanda təbiətin, torpağın ağrılarını insanın timsalında oxucuya çatdırsın. Dağıntıların, fəlakətlərin ağrısı, göynərtisi insandan keçəndə daha təsirli və daha unudulmaz olur. Yazıçı heç bir döyüş səhnəsindən bəhs etmədən, palatada çarpayılar arasında bir ayağını mərmi aparmış, qoltuqağacı ilə gəzişən bir əsgərdən danışırsa, bunun oxucuya təsiri daha çox olur. Oxucu bütün emosional duyğularını səfərbər edib, əsgərin bir ayağını qoyub gəldiyi, itirdiyi yerlərə "baş çəkir", onun həmin yaralanma anındakı ağrılarının "səsini" eşidir, düşmənin yaxasından tutub ondan "itirilmiş" ayağın qisasını, intiqamını almaq istəyir. Bu istək müharibəyə, təcavüzkara, insan, torpaq qatillərinə nifrətlə çulğaşır. Bu qeyd edilən məqam böyük ədibin "Qayğı" ("Döyüşən ordudan") hekayəsindəndir. Bu hekayədə cəbhəyə yaxın, gecəsi-gündüzü olmayan bir xəstəxanadan söhbət açılır. Hekayə bir "Gürcüstan qızı Fəridənin" fədakar tibb bacısı fəaliyyətinə aid cümlələrlə başlayır. Doktor fasiləsiz çalışan Fəridəni dincəlmək üçün istirahətə göndərmək istəsə də, o: "Nigaranam", - deyir, - "doktor, xəstəm əməliyyat olunur, necə dözüm?" Bir-iki cümlədə xəstəxanada tibb işçilərinin ağır fəaliyyəti, fədakarlıqları, hər bir xəstənin - yaralının üzərində, necə deyərlər, tir-tir əsmələri, onları sevgi və qayğı ilə sağaldıb, yenidən döyüşən orduya göndərmələri böyük ustalıqla tərənnüm olunur.

Mir Cəlalın haqqında söz açdığı döyüşçülərin heç kimin torpağında, malında - sərvətində gözü yoxdur. Onlar öz torpaqlarının təcavüzkardan azad edilməsi uğrunda döyüşürlər. Döyüşürlər ki, hərə öz torpağında sülh şəraitində yaşasın, körpələr gözüyaşlı qalmasın, şəhərlər, kəndlər xarabalığa çevrilməsin. Elə bu yolda, bu müqəddəs amal uğrunda "uf" demədən sinələrini düşmən güllələrinə sipər edirlər, inanırlar ki, tezliklə düşmən üzərində qələbə çalıb onları öz yuvalarına qədər qovacaqlar. Bu qalibiyyət arzusu və inamı həmin xəstəxanada hər kəsin - həkimin də, xəstənin də, yaralının da, adi tibb işçisinin də baxışlarından oxunur. Bu məqam Mir Cəlal yaradıcılığının xarakterik xüsusiyyətlərindəndir. Heç vaxt nə yaratdığı obrazı, nə təsvir etdiyi hadisəni işıqsız, çarəsiz qoymur. Oxucu səmimiyyətlə inanır ki, yaman günün ömrü az olar.

Hekayənin başqa bir yerində deyilir: "Bacılar burada zəhmətkeşlərin şərəfi, vəzifələrinin müqəddəsliyi ilə fəxr edirlər. Azad Azərbaycan qızının başının ucalığını, onun qəlbini dolduran şəfqət və qayğıkeşlik hisslərini burada yaxşı görmək olar". Bu azad Azərbaycan qızlarının sıralarında Gürcüstandan gəlmiş Fəridədən başqa, Nuxa Tibb Məktəbindən Pakizə və Zinət, Bakıdan Mariya Ağamirova, Tamara Rəsulova və digərlərinin də bircə amalı, məqsədi var - yaralılar şəfqətlə, qayğı ilə əhatə olunsun və tezliklə öz silahını götürüb yenidən düşmən üzərinə yürüsün. "Bu qızlar öz fədakar işləri, yorğunluq, solğunluq bilməyən, ayıqlıq, cəldlik, intizamlılıqla keçən fəaliyyətləri ilə bəzən xəstəyə xəstəliyi, yaralıya yaranı unutdururlar. Ağrıların yüngül keçməsinə səbəb olurlar".

Bu xəstəxanada "bir qılçasını itirmiş, gözəl, ukraynalı bir oğlan" yastığa dirsəklənib döyüş zamanı başına gələnlərdən danışır. İrəvandan gələn həkim onu müalicə edir, gürcü qızı, Azərbaycan qızı onun qayğısını çəkir, qoca rus qadını oğul məhəbbəti ilə onun qanlı paltarlarını yuyur...

İlk baxışdan döyüş xəttindən uzaqda olsalar da, burada - bu palatalarda müharibə bütün dəhşətləri ilə, mənəvi və fiziki ağrıları ilə hiss olunur. Mir Cəlal böyük ustalıq və həssaslıqla bu mənzərəni yaradır. Adətən, müharibədə bir ölüm, ayrılıq xofu, daxili yalqızlıq təbəddülatları olur və bu neqativ yaşantılara qalib gəlmək düşmənlə vuruşmaqdan o qədər də asan deyil. Bu psixoloji gərginlik aradan qalxmasa, əsgər bütün əzmi və iradəsi ilə döyüşə girə bilməz. Bu məqamları alt qatlarına qədər nəzərə alan böyük ədib təsvir etdiyi xəstəxananı döyüşə hazır bir poliqon ovqatına qədər yüksəldir.

Yaralılara arxa cəbhədən gələn məktublar, bağlamalar Mir Cəlal qələmində adilikdən çıxıb, obrazlaşır, onların sağalmasında, bərpa olunmasında mühüm rol oynayır.

Böyük ədib yazır: "Əsgərin arxasınca gələn, himayə kölgəsi kimi onu izləyən böyük qayğını həmişə, hər yerdə görürsən. Bunun üçün də əsgər, arxasının dağlara dayandığını düşünür. Bunun üçün o, başını, bayrağını uca tutur; bunun üçün irəliləyir, bunun üçün də onun sıraları silsilə dağlar kimi möhkəmdir".

Az qala, hərbi nizamnamə keyfiyyəti daşıyan bu cümlələr yüz il əvvəllərdə yazılmasına baxmayaraq, bu gün üçün də çox aktualdır. Erməni  işğalçılarına qarşı Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən savaşında belə deyildimi?.. Müharibənin mahiyyətini, Qələbəyə gedən yolun əlçatanlığını böyük yazıçı ordu ilə xalq birliyində görür və bunu peşəkarlıqla ədəbi məhsula, tarixi mənbəyə çevirir.

Mir Cəlalın müharibə mövzusuna həsr olunmuş əsərlərindən biri də "Sorağın gəlsin" hekayəsidir. Bəlli həqiqətdir ki, müharibə başlayanda çox işlər yarımçıq qalır. Toylar, nişanlar, xeyir işlər, hətta təhsillər... Əlbəttə, başqa cür ola da bilməz. Vətən dara düşəndə bütün diqqətlər cəbhəyə yönəlir, oğullar and içib döyüşə getmək üçün silaha sarılır. Belə bir məqamda hekayənin qəhrəmanı Hacıbaba müəllim də orduya yazılıb, müharibəyə - ön cəbhəyə yollanır. İlk baxışdan düşünürsən ki, bir çox müəlliflərin əsərlərində olduğu kimi, Hacıbaba müəllimin şagirdləri də başsız qalacaq, məcbur olub əkin-biçin işlərinə dağılışacaq - təhsil arxa plana keçəcək. Ancaq Mir Cəlal təhsili, onun gərəkliliyini öz mərtəbəsindən endirmir. Hacıbaba müəllimi nişanlısı əvəz edir, onun dediyi dərsləri indi sevgilisi deyir və bundan qürur duyur. Qürur duyur ki, şagirdlər dərssiz qalmır, qürur duyur ki, sevdiyi oğlan Vətən uğrunda döyüşlərə gedib, qürur duyur ki, İsrafil Məmmədov kimi qəhrəmanlardan biri də Hacıbaba müəllim olacaq.

Mir Cəlal yaradıcılığının önəmli xüsusiyyətlərindən biri də müəlliflə oxucu arasındakı səmimiyyət və inam körpüsüdür. Bu körpünün təməli çox möhkəm, "get-gəli" çox nizamlıdır. Bu inamın, səmimiyyətin yaranmasında Mir Cəlalın müəllif təhkiyəsi böyük əhəmiyyətə malikdir. Şübhəsiz, təhkiyəçi müəllif özü olanda bütün personajların, surətlərin kimliyinin mənəvi-psixoloji qatlarına enmək, oxucunu da bu dolanbac yollardan keçirib bədii və ideya məqsədinə çatdırmaq, həmçinin obrazı və oxucunu "körpü"də görüşdürmək daha imkanlı olur. Mir Cəlal təhkiyəsi şirin, anlaqlı və cəlbedicidir - bir anlığa da olsa, oxucunun fikrini dağılmağa, yorulmağa qoymur. Bu keyfiyyətlər böyük ədibin bütün yaradıcılığına, o cümlədən, müharibə mövzusundakı əsərlərinə də xasdır. Müharibədən bəhs edən hekayələrində - istər "Vətən yaraları", "Vətən", "İlyas", "İsrafil", "Sorağın gəlsin", "Döyüşən ordudan", istərsə də digər əsərlərində təhkiyə dili daha da həssaslaşır, mövzu elementləri və xatirə notları ilə cilalanır: "Dünən Hacıbaba müəllim idi. Narlı-heyvalı, armudlu, almalı Şirvanın bağlı-bağçalı kəndlərində uşaq oxudurdu. Başına yığılan, həyat və bilik şövqü ilə böyüyən uşaqlara baxdıqca, özünü onların əhatəsində gördükcə həvəsi gəlir, sənətinə sevinirdi. Bunları, yenicə pərvazlanan quşlar kimi səs-səsə verən vətən balalarını öyrətmək Hacıbabaya ləzzət verirdi. Sabah onların hər biri bir hünər sahibi, hər biri bir sahənin adl-sanlı adamı olacaqlar" ("Sorağın gəlsin").

Mir Cəlalın gənclik illərində şeir yazması nəsr yaradıcılığına da təsirsiz ötüşmür. Müharibə mövzusu ağır mövzu olsa da, obrazların istər nitqlərində, istərsə də düşüncə tərzində, keçmişə və gələcəyə pərvazlanan xəyallarında, həyəcanlarında, sevinc və kədərlərində şair Mir Cəlalın "müdaxiləsi" şifahi və yazılı mətnin bədii siqlətini artırır. Eyni zamanda, mövzunun ağrı və sıxıntısını oxucuya yük eləmir. Mir Cəlal təhkiyəsinin şirinliyini, axıcılığını və cəlbediciliyini təmin edən amillərdən biri də ədibin obrazlı poetik düşüncə tərzidir. "Qayğı" hekayəsində hərbi tibb bacılarından bəhs edən Mir Cəlal yazır: "Bunlar döyüş şəraitinə, cəbhə tələblərinə, vəzifələrinə əla alışmışlar ki, fitrətən döyüşçü yarandıqlarını güman edirsən. Bunlar, ehtimal ki, heç bir zaman indiki kimi dolğun məzmunlu həyat keçirməmişlər. Sanki hərbi libas bu qızlara, dünən arxada "incə" deyilən adamlara möhkəmlik, sağlamlıq, güc-qüdrət, mətanət gətirmişdir. Bunu libas gətirmişdir. Bunu hərbi vəzifə duyğusu, vətən eşqi, xalq eşqi gətirmişdir".

Yaradıcılığın elə məqamları var ki, Mir Cəlal müəllif təhkiyəçiliyindən "ayrılıb" obrazın təhkiyəsinə üstünlük verir. Bu da böyük ədibin hadisənin və ya hadisə-faktın təqdim olunmasında ən optimal variantın seçimi ilə bağlıdır. Müəllif təhkiyəsi ilə yazılan "Döyüşən ordudan" hekayəsində müəllif-obraz təhkiyəsi paralellikdən çıxıb eyniləşir: "Bir qılçasını itirmiş, gözəl, ukraynalı bir oğlan gördüm. O, yastığa dirsəklənərək başına gələnlərdən, faşistlərin başına güllə yağdıran avtomatından danışırdı". Müəllif bu məqamda təhkiyəçilikdən çıxıb bir ayağını itirmiş ukraynalı oğlanın yanındakı - palatadakı personajlardan birinə "çevrilir". Şübhəsiz, yaralı ilə bir yerdə olmaq, onunla bir yatıb, bir durmaq, mövcud palata ab-havasının bütün çalarlarını yaşamaq üçün obrazın təhkiyəsini - söyləntilərini oxucu daha əhatəli və daha səmimi qəbul edir.

1941-45-ci illər alman faşizminə qarşı müharibənin ilk illərində yazılmış "Vətən yaraları" hekayəsində Mir Cəlal təhkiyəni obrazlardan birinə "etibar" edib. Üç Azərbaycan övladı, üç uşaqlıq dostu, üç orta məktəb yoldaşı döyüş xəttində də bir yerdə olur, düşmənə qarşı birgə vuruşurlar. Düzdür, bu hekayədə də güllədən, mərmidən ön planda mənəviyyat amilidir. Gənclərin dostluğu daha da möhkəmlənir və cəbhə dostluğuna çevrilir. Dostlar ayrı-ayrı məqamlarda düşmən gülləsinə tuş gəlib yaralanır və bir-birindən ayrı düşür. Ancaq sağaldıqdan sonra yenidən əldə silah çiyin-çiyinə dayanırlar. Hərbi hospitaldan çıxandan sonra dostlardan biri qısa müddətə evə buraxılır, kəndə gedir. Yenidən cəbhəyə qayıdanda isə anasının hər üç dostun birgə açması şərti ilə göndərdiyi bağlama bir xeyli müddət açılmalı olmur - üç dostun ikisi rastlaşanda biri cəbhənin başqa tərəfində olur. Beləcə, bağlamanı gah bu dost yanında saxlayır, gah ikinci, gah üçüncü dost... Necə deyərlər, bağlama bütün cəbhəni dolaşır və nəhayət, bir gün üçü bir yerdə olanda bağlamanı açırlar... Böyük ədib bu bağlamanı azərbaycanlı anaların ürək dolu sevgisi kimi rəmzləşdirir və övladlarının qoruyucusuna çevirir. Döyüşcü övladlar əmin olurlar ki, onların arxasında dağ kimi dayananlar, onları qələbəyə ruhlandıranlar, onları qələbə ilə gözləyənlər var. Düşmən nə qədər qəddar olsa da, yırtıcı olsa da, siz daha güclü, daha yenilməzsiniz. Çünki siz işğalçıya qarşı vuruşursunuz və haqq sizin tərəfinizdədir.

Qeyd edək ki, "Vətən yaraları" hekayəsində də məzmunun tələbinə uyğun olaraq təhkiyə "əldən-ələ" keçir - müəllifdən obraza, obrazdan müəllifə...

Ordusunun şəxsi heyət üzvlərinin sayı qarşı tərəfdən çox olan ölkə döyüşlərdə həmişə qalib gəlmir. Ordunun gücü, döyüş qabiliyyəti kəmiyyətdən daha çox, keyfiyyətdən asılıdır. Hər əsgər, hər zabit döyüşdə öz yerini və ona verilən tapşırığı dəqiq bilməlidir. Yoxsa, xaotik bir vəziyyət alınar və məğlubiyyət qaçılmaz olar. Bədii əsərdəki surətlərin "missiyası"nı da ordudakı döyüşçülərin nizamına və ya nizamsızlığına bənzətmək olar. Yerində olmayan, ümumi qayəyə, mərama xidmət etməyən, zəif surət (surətlər) də əsəri uğursuzluğa aparar. Surətlərin "ali baş komandanı" da həmin əsərin müəllifidir. Bu baxımdan, mübaliğəsiz deyə bilərik ki, Mir Cəlalın əsərlərindəki surətlər "nizami ordu" kimidir - hər şey öz yerində, öz fəaliyyətində, başqa sözlə, müəllif "tapşırığı"nın icrasında...

Böyük ədibin yaradıcılığında surətlərin sayı çox olan əsərləri, hətta kiçikhəcmli hekayələri də var. Ancaq bu surətlər o qədər dolğun, fərdi xarakterik xüsusiyyətlərə malik, eyni zamanda obrazlı, bədii siqlətli, "ölçülü-biçili"dir ki, hansısa bir surəti kənara qoya bilmirsən. Müəllif məqsədinin oxucuya çatdırılmasında hər surətin öz əhəmiyyəti var. Digər yandan, surətlərin nitq xüsusiyyətləri də çox önəmlidir - ilk baxışdan, müəyyən yaxınlıqlar, bağlılıqlar olsa da, hər birinin öz "pasportu" var. Və bu "pasport"a, bu "vətəndaşlığa" uyğun nitq tutumları, çeşidli söz "baqaj"ları var. Bütün bunlar isə surətlərin rəngarəng talelərin daşıyıcıları kimi, hərtərəfli təqdimatında, oxucu ilə ünsiyyətində və dostluğunda gərəkli rol oynayır.

"Vətən yaraları" hekayəsində tibb bacısının nitqindən: - "Yoldaş əsgərlər, xəstə yuxudadır, oyada bilmərəm..." Və ya: - "Həkim bilsə, mənim atamı yandırar..." Burada söhbət yaralı silahdaşlarına baş çəkməyə gələn döyüşçüləri belə, palataya buraxmayan, hər bir xəstə, yaralı əsgər, zabit üzərində tir-tir əsən, qayğıkeş, eyni zamanda  məsuliyyətli bir tibb bacısından - müharibəni, döyüşləri bütün ağırlığı, həyəcanı, ümidi ilə hiss edən, yaşayan şəfqət bacısından gedir. Bu tibb bacısının nitqini heç bir surətin danışığı ilə eyniləşdirmək, qarışdırmaq olmaz.

"Sorağın gəlsin" hekayəsindəki dialoqa fikir verək: "Serjantlıq məktəbini bitirha-bitirdə komissar Hacıbabanın təhsili ilə yenə maraqlandı. Komandirlər bir ağızdan "Hacıbaba" deyib durdular. Komissar, əmr ilə, rəsmiyyət ilə yox, yoldaşlıq yolu ilə onu yanına çağırdı:

- Məmmədov, - dedi, - leytenantlıq məktəbinə meylin varmı?

Hacıbaba öz komissarının hər sözünü vacib əmr sayırdı:

- Hara əmr etsəniz, - dedi, - getməyə hazıram!

Komissar gülüb əlini onun kürəyinə qoydu:

- Axı, - dedi, - Mamedov İsrafil də leytenantdır! Mamedovlar gərək seçilsin!

- Hər əmrin icrasında seçilməyə səy edəcəyəm, yoldaş komissar!"

Misal gətirdiyimiz bu parçada hər iki surət - komissar və Məmmədov bir-birinə bağlı, mahiyyətcə eyni söz baqajından, nitq "fondundan" istifadə edən surətlərdir. Hər ikisi hərbçidir. Ancaq Mir Cəlal bu surətlərin nitq fərdiliyini o qədər ustalıqla təqdim edir ki, oxucu danışıq, nitq səmimiyyətini inamla və rahat qəbul edir. Oxucu üçün əminlik yaranır ki, komissar bu cür danışmalı, onun tabeliyindəki hərbçi bu cür cavab verməlidir. Böyük ədib hər surəti, onun nitqini, xarakterini, hətta davranış tərzini öz baxış bucağından keçirir, özününküləşdirir və bu surətin "adamlığına" tam əmin olandan sonra ona əsərdə "iş" verir və oxucuya təqdim edir.

Başqa bir hekayədən - "Qayğı"dan Pakizə adlı şəfqət bacısını xatırlayaq: "Evlərini xatırlayanda Pakizə deyir: - Anam arxayındır. Ona demişəm ki, cəbhədə baş feldşer olmayınca, qayıtmayacağam". "Vətən yaraları" hekayəsindəki tibb bacısının həyəcanlı və bir az da hirs-qəzəb dolu danışığından fərqli olaraq, bu hekayədəki tibb bacısı Pakizə daha təmkinli, daha sakitdir, bu sakitlik onun danışığına da sirayət edir. Çünki Pakizə arxa cəbhədəki anası barədə, qoyub gəldiyi həyat barədə düşünür. Mir Cəlal ölümdən, müharibənin odundan-alovundan uzaq bir düşüncənin dilə gətirilməsinə də sakit nitq fərdiliyi seçir. Bu sakitliyi, əlbəttə, "Vətən yaraları" hekayəsindəki şəfqət bacısının danışığından ummaq düzgün olmaz. Çünki bu tibb bacısı ağrılardan qıvrılan, hər an, hər dəqiqə ölümlə çarpışan bir yaralı əsgərdən bəhs edir və onu yoluxmağa gələn döyüşçü yoldaşlarına verdiyi cavab da elə bu cür olmalıdır - qayğı və qəzəbqarışıq; "Yoldaş əsgərlər, xəstə yuxudadır, oyada bilmərəm!"

Mir Cəlalın istənilən əsərini oxuyanda səlis təhkiyə ilə yanaşı, dilin poetik gözəlliyi də diqqətdən kənarda qalmır. Böyük ədibin o qədər axıcı və şirin dili - təhkiyəsi var ki, oxucu heç bir cümlənin yaddaşa ötürülməsində əziyyət çəkmir. Mövzu dairəsindən asılı olmayaraq, onun bütün əsərlərində poetik üslub belədir. Xalq şairi Bəxtiyar Vahabzadə Mir Cəlal yaradıcılığının dili haqqında yazır: "Mir Cəlal yaradıcılığının üstün cəhətlərindən biri də onun təmiz, şaqraq və büllur dili idi. Onun dili xalq danışıq tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin və bədii dildir".

Bəlli həqiqətdir ki, bədii əsərin dili oxucu üçün həm də bir açara çevrilir, bu "açar"ın vasitəsilə "sirli qapılar" açılır. Mir Cəlal dilini cəlbedici və yüksək emosional təsirli edən amillərdən biri də obrazlılıqdır. Şübhəsiz, bu keyfiyyət böyük ədibin təbii obrazlı düşüncə tərzindən, həyata, ətraf mühitə, təbiətə, insanlara, həmçinin hadisələrə, obrazlı baxışından irəli gəlir. Mir Cəlal heç vaxt obrazlı cümlə yazmağı, surətlərin dilini obrazlı ifadələrlə yükləməyi qarşısına məqsəd qoymayıb. Əks halda, oxucu hansısa məqamda bu "calağı" hiss etməmiş olmazdı. Maraqlıdır ki, müharibə mövzulu əsərlərində də Mir Cəlalın dili "yüksüz" deyil, az qala, bütün cümlələri, dialoqları obrazla keyfiyyətlənib.

Ədibin maraqlı əsərlərindən biri olan "Vətən yaraları" hekayəsinin başlanğıcına fikir verin: "Səngərdən çıxanda üzgüçü suya atılan kimi, ön xəttin atəşinə atılmışdım. Nə gurultu, nə alov, nə də sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb örtülən alov da mənəm".

Şübhəsiz, müharibə mövzusunda çox əsərlər yazılıb. Məkanından, məzmun və mahiyyətindən asılı olmayaraq, müharibə əsərlərində qəhrəmanların (əsas surətlərin) təqdimatında, adətən cəsurluq, qorxmazlıq, düşmənə nifrət kimi keyfiyyətlər önə çəkilir. Mir Cəlalın təqdim etdiyi surətin qəhrəmanlıq keyfiyyətlərinin üzə çıxması, aşkarlanması isə oxucunun öhdəsinə buraxılır. Oxucu bilir ki, səngərdən güllə kimi özünü odun-alovun içinə atan bu gənc vətən sevdalısının sinəsində əsl qəhrəman ürəyi çırpınır.

Bu hekayələrdə dilin obrazlılığı o qədər tutumludur ki, bu obrazlılıq bədii enerjiyə çevrilərək oxucunu emosional şəkildə cazibəsinə çəkir, hadisənin iştirakçısına - döyüşçüyə, yaralıya çevirir. Oxucu onu da görür ki, Mir Cəlalın qəhrəmanı yenə üzü işığa doğru - qələbəyə doğrudur. Yaralansa da, odun-alovun içində çırpına-çırpına qalsa da, mübarizəni dayandırmır, ağrılara əyilmir, yenə döyüşlərə can atır.

Mir Cəlalın poetik sənətkarlığı dildəki obrazlılığı ən üst səviyyəyə qaldırır, sözün, cümlənin faktoloji təqdimatından sıyrılıb fikrin, hadisənin bədii mahiyyətinə enir və oxucunu daha duyğusal qatlarda qarşılayır. "Uşaqlar bəzən onu qayğılı görür, simasında ayrılıq kədərinin əlamətlərini axtarmaq istəyirlər. Ancaq gənc müəllimə işindən, vəzifəsindən o qədər şad və razıdır ki, Hacıbabanı öz yanında hiss edir" ("Sorağın gəlsin"). Və ya "Əllərində torpağın ətri, gözlərində ulduz parlaqlığı, təbəssümündə sabah təravəti, mülayim deyilən sözlərində lirik şeir zərifliyi görürdüm".

Bəli, oxuduqca, dilin obraz yükünə, obrazlılığın şirinliyinə və səmimiyyətinə valeh olursan. "Ulduz kəndinin şəfəqləri" hekayəsində kəndin təqdimatına - tanışlığına fikir verin: "...qar sularının səsinə alışan Ulduz kəndi..." Qar sularının səsi oxucunu ovsunlayıb haralara aparmır!? 

Mir Cəlalın müharibə qəhrəmanları - Azərbaycanın vətənpərvər oğul və qızları düşmənə qarşı döyüşlərdə mərdliklə vuruşmaqla yanaşı, fəhmi və zəkaları ilə də seçilirlər. Komandirlər onların döyüşçü peşəkarlığından, çətin məqamda uğurlu qərar qəbuletmə qabiliyyətlərindən razılıq edirlər. "Sorağın gəlsin" hekayəsinin qəhrəmanı Hacıbaba müəlim üç ay ərzində komandanlıqdan beş dəfə təşəkkür alıb. Bu qəhrəman Azərbaycan oğlu əvvəlcə serjant məktəbinə, oranı bitirdikdən sonra isə yüksək zabit məktəbinə göndərilir. Böyük ədibin öz qəhrəmanına belə yanaşması, Azərbaycan övladının hərbi sınaqlardan ləyaqətlə keçib mərtəbə-mərtəbə ucalması, reallıq öz yerində, həm də arzu olmaqdan əlavə, gələcəyə ünvanlanan ismarıcdır. Başqa sözlə, Azərbaycanın oğul və qızlarının potensialı səngər qazmaqla, nişan almaqla və ya yara bağlamaqla məhdudlaşmır. Onun əsərlərində azərbaycanlı gənclər hərbi idarəetmədə də yetərincə qabiliyyətlidirlər. Göründüyü kimi, böyük ədib hadisələri təsvir etmək və ya dialoqları çatdırmaqla kifayətlənmir, alt qatda olan perspektiv imkanları da qiymətləndirir və oxucunun diqqətinə çatdırır.

Bu keyfiyyətlər Mir Cəlalın müharibə mövzusunda yazdığı bütün əsərlərinə xasdır. Oxucu bu əsərləri oxuyanda müharibəyə, işğalçıya nifrət etməklə yanaşı, inanır ki, haqqın, ədalətin tərəfində, torpağının uğrunda döyüşənlər sonda mütləq qalib gəlir. Yetər ki, övladlar da "Vətənin yaşadığı arzu ilə" yaşasınlar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!