Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı işığında
Tehran ƏLİŞANOĞLU
1. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı ümumxalq səsverməsində "Azərbaycan Respublikasının Konstitusiyası"nı qəbul etdi. Ana yasa olmaqla, bu həm də müstəqilliyini quran dövlətin proqram sənədi idi. Preambula hissəsində bəyan olunduğu kimi:
"Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək..." (Konstitusiya "Azərbaycan" Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi; - irəlidə də Konstitusiyadan sitatlar bu mənbədəndir)
Ana yasa müqəddəs olmaqla, nəinki bu zaman üçün Azərbaycan xalqının milli varlığını, tarixi iradəsini, mövcud reallığını mükəmməlcəsinə ifadə edirdi; daha da çox sabahını, gələcək hədəflərini müəyyən edir, nişan verirdi.
Belə ki, 70 illik (1920-1991) sovet həyat tərzi, qadağa-qarğaşa, çərçivə-qəliblərindən sonra müstəqilliyinə qovuşan, müstəqil dövlətçiliyini bərpa etməyə çalışan-çarpışan, müstəqilliyinin doğuşu, ağrısı, çətinliklərini yaşayan millət üçün belə bir müqəddəslik, and yeri, ali niyyət və real oriyentir, yol xəritəsi vacib, hava-su kimi gərək idi. Dövlət varsa, konstitusiyasız olamaz...
Konstitusiyanın müəllifi tarixi və siyasi düha Ulu Öndərimiz Heydər Əliyev, ona qərar verən, təsdiq edən xalq iradəsi, Azərbaycan xalqıydı: "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır" (Azərbaycan Respublikasının Konstitusiyası, Birinci bölmə, I fəsil, maddə 1.1)
2. Müstəqillik Konstitusiyası Heydər Əliyevin Respublika başçısı olaraq təşəbbüsündə olduğu ikinci konstitusiya idi.
1977-ci ildə Sovetlər İttifaqı ən nəhayət gecikmiş tarixlə Konstitusiyasını dəyişməyə qərar verərkən, Ümummilli lider Heydər Əliyev 1978-ci il Azərbaycan Konstitusiyasını xeyli qədər dövlət içində dövlət prinsipi ilə yazdırmağa nail olmuş, uzun mücadilələrdən keçmiş tarixi bir addımı - Azərbaycan dilinin dövlət dili kimi təsdiqlənməsini həyata keçirə bilmişdi. Dövlət ki, Ana dilində danışdı, (burda Dil məfhumunun həm də genişliyinə köklənirəm) xalqın mənəviyyatı, tarixi, mədəniyyəti, yaddaşı, ədəbiyyatı-sənəti..., üstəgəl gələcəyi də o Dildə danışacaq...
Belə bir detal. Çox maraqlıdır ki, "Sözləri Səməd Vurğun və Süleyman Rüstəmin olan 1945-ci il Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Himni, müəllifləri sırasına Hüseyn Arifin də artırılması ilə, yeni redaksiyada işlənilmiş, ... Stalinin adı Azərbaycan himnindən yalnız 1978-ci ildə, ölümündən 25 il sonra çıxarılmışdır. "Rəhbərimiz Stalindir - bizim həyat növrağımız" misrasının himnin mətnindən məhz Heydər Əliyev zamanında silinməsi Azərbaycan himnini yenidən dövriyyəyə qaytarmış, hər gün səslənməklə xalqı milli-mənəvi varlığına, müstəqilliyinə və suverenliyinə aparan yolda mühüm addım olmuşdur..." (T.Əlişanoğlu, E.Akimova, Heydər Əliyev və Azərbaycan ədəbiyyatı // Heydər Əliyev: Şəxsiyyətin miqyası və missiyası. Bakı, Elm, 2025; s. 433-434)
Stalindən qalma Sosrealizm epoxasının ədəbiyyatımızda da belə uzun davam gətirməsinin başqa bir izahı olmasın gərək...
Başqa bir misal, ədəbiyyatın öz içindən. Məlumdur ki, sovet dönəmində Heydər Əliyev epoxası Liberallaşma proseslərinin Azərbaycan həyatında olduğu kimi, ədəbiyyatda da yeridiyi illərdir. Anarın "Unudulmaz görüşləri"ndə belə bir anı var. Yazıçıların 1981-ci il qurultayında çıxışından sonra 60-cılardan daha biri, dostu Araz Dadaşzadə ona telefon açır: "Araz onu da dedi ki, sənin çıxışın öz xeyrinə olmadı, birincisi, ona görə ki, müsbət qəhrəman məsələsinə qarşı çıxdın, ikincisi, sənin sözündən belə alındı ki, neqativ hallara qarşı mübarizəni biz - yazıçılar başlamışıq..." (Anar, Unudulmaz görüşlər. Bakı, Təhsil, 2009, s. 59) Ümummilli lider Heydər Əliyev isə başqa fikirdədir: "-Amma, hər halda, bir partiya işçisi kimi, bir ata kimi sizə tövsiyə edirəm ki, irimiqyaslı əsər yaradasınız, bizim bugünkü həyatımızı əks etdirən bir əsər. Qoy orda neqativ hallara qarşı mübarizə də olsun, amma eyni zamanda bizim əxlaq prinsiplərimizi, ideyalarımızı aydın, fəal təsdiq də olsun..." (Anar, Unudulmaz görüşlər. Bakı, Təhsil, 2009, s. 62)
Azərbaycanda 60-cılar ədəbiyyatının zirvə dönəmləri məhz bu dövrə düşür...
3. Azərbaycan Konstitusiyasında bilavasitə Ədəbiyyata ayrılan yer çox deyil, amma mahiyyətcə az da deyil...
Başlıca olaraq, "Əsas hüquqlar, azadlıqlar, vəzifələr" bölməsi, "Yaradıcılıq azadlığı" (İkinci bölmə, III fəsil, maddə 51): "I. Hər kəsin yaradıcılıq azadlığı vardır. II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir"; və "Ana dilindən istifadə hüququ" bəndlərində: "...Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır..." (İkinci bölmə, III fəsil, maddə 45, 1).
Dolayısı ilə "Mədəniyyət hüququ" (İkinci bölmə, III fəsil, maddə 40): "I.Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır" - kimi.
Yenə dolayısı "Fikir və söz azadlığı" (İkinci bölmə, III fəsil, maddə 47): "I.Hər kəsin fikir və söz azadlığı vardır. II.Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz..." - müddəaları ölkədə yaradıcı Sözün, ideyanın, fikir və məfkurənin varlığını nəzərdə tutur, o sırada(n) Ədəbiyyatın funksionallığına təminat verir.
Və bir də ümumən: "Vətənə sədaqət" (İkinci bölmə, IV fəsil, maddə 74): "I.Vətənə sədaqət müqəddəsdir..."; Dövlət rəmzlərinə hörmət" (Maddə 75): "I. Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir..."; "Vətəni müdafiə" (Maddə 76): "I. Vətəni müdafiə hər bir vətəndaşın borcudur...); "Tarix və mədəniyyət abidələrinin qorunması" (Maddə 77): "Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur..."; "Ətraf mühitin qorunması" (Maddə 78): "Ətraf mühitin qorunması hər bir şəxsin borcudur" və s. kimi mənəvi borc, vəzifə, məsuliyyətlə bağlı Konstitusiya yasaları həm də Ədəbiyyatın yazılmamış qaydalarına şamil, həm boynuna bir minnət qoyur...
Axı diqqət edərsək, millətin Ana yasası nəyi deyirsə, Ədəbiyyatı da onu deyir; nəyə hədəflənibdisə, Sözü, ədəbiyyatı da ora can atır... Yaxud da əksinədir, xalqın ruhu, həyatı, Sözü, Ədəbiyyatından süzülən milli-mənəvi varlığı Ana yasasına yansıyır, hopur...
4. Bu ki, həmin ali dəyərlər, niyyət və amal yolunda ədəbiyyatımız ictimai-siyasi dövlətçilik çabaları qədər, bəlkə daha artıq işlər görmüş; dövlətçiliyin itirildiyi dövrlərdə də (məsələn, uzun rus işğalı zamanı) bu arzu-istək-ideyaları yaşatmış, ölməyə qoymamışdır. "Ədəbiyyatımızda Azərbaycançılıq ideyalarının tarixi elə İdealın özünün tarixi qədərdir. Əsrlər boyu xalqın arzusu-istəyində, xəyallarında cücərmiş, bədii düşüncəsində, söz sənətində inikas olunmuş; ən nəhayət, çağdaş şəklə, milli dövlətçilik ideyasına çevrilənədək əsr yarımdan artıq yol gəlmişdir. Ədəbiyyat milli fikir və düşüncə ilə bahəm, nəinki bu ideyaları təcəssüm etdirmiş, yaranmasında bilavasitə iştirak etmiş, rol oynamışdır. Ötən əsrin əvvəllərində konkret, sistemli Azərbaycançılıq ideologiyası formalaşanadək bu, ədiblərimizin yaradıcılığında Millət idealı, millətçilik, Vətən kultu, Vətənçilik, toplumun birliyi ideyalarında təzahür tapmış, cəmiyyətin şüuruna da geniş şəkildə məhz ədəbiyyat vasitəsilə yerimişdir..." (T.Əlişanoğlu, Milli nəsrdə Azərbaycan obrazı, Bakı, Elm və təhsil, 2017, s. 298)
Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Cəlil Məmmədquluzadənin 125 illik yubileyindəki nitqində ədibin "Cümhuriyyət" əsərini təfərrüatlı şərh edərək deyir: "... onun yazılarında cümhuriyyət anlayışı bu gün bizim quracağımız demokratik, hüquqi dövlət prinsipləri ilə bir səsləşir. Mən onu oxuyanda fikirləşirəm ki, bunlar bu günmü yazılmışdır? Yox, bunları Cəlil Məmmədquluzadə o zaman yazmışdır. Hələ o vaxtlar o yazırdı ki, "cümhuriyyət elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın, xalqın öz öhdəsində və ixtiyarındadır və vicdan azadlığı, yığıncaq azadlığı, birlik azadlığı, mətbuat azadlığı, siyasi firqələr düzəltmək azadlığı, şəxsiyyət azadlığı, qanun qarşısında bərabərlik, seçki üsulunda həmrəylik, bərabərlik və müstəqillik, gizli səsvermə prinsipləri cümhuriyyət quruluşunda əsas olmalıdır". Biz bu gün bu prinsiplər əsasında demokratik hüquqi dövlət yaratmaq istəyirik, demokratik hüquqi cəmiyyət yaratmaq istəyirik..." (Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı (nitqlər, məruzələr, çıxışlar). Bakı, "Ozan", 1999, s. 246)
Və ümumən də romantizm-realizm ədəbiyyatı, "Füyuzat"çılıq və "Molla Nəsrəddinçilik" bir medalın iki üzü - eyni bir idealın daşıyıcısı kimi Millət, Vətən, Azadlıq, İstiqlal kəlmələrini milli düşüncənin məhvərinə gətirdi, xalqın şüuruna yeritdi... "Yazmış miləl imzasını övraqi-həyata,/ Yox millətimin xətti bu imzalar içində..." - hayqıran Məhəmməd Hadinin səsinə M.Ə.Sabir "Hophopnamə"si ilə, H.Cavid möhtəşəm dramaturgiyası ilə, A.Səhhət, A.Şaiq şeirləri ilə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli hekayələri ilə və onlarla romantik və realist sənətkarlar əsərləri ilə səs verərək millətin doğuluşu və varlığı yolunda yorulmadan qələm çaldılar. Əsrin əvvəllərində romantizm hərəkatının ictimai-siyasi və mədəni proqram kimi irəli sürdüyü "Türkləşmək, islamlaşmaq, firəngləşmək (avropalaşmaq)!" - şüarı çox tezliklə, "Açıq söz" qəzetində: "İnsanlara hürriyyət, millətlərə istiqlal"- deyə sırf siyasi xarakter kəsb etdi və böyük millət hərəkatını yaratdı. Milli istiqlal hərəkatının şah əsəri - Azərbaycan Xalq Cümhuriyyəti belə yarandı..." (İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Müstəqillik haqqında oda // Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. 2 cilddə. I cild. Bakı, Elm və təhsil, 2016, s. 53-54)
5. Ulu Öndər Heydər Əliyev: "Müstəqilliyi qoruyub-saxlamaq, onu əldə etməkdən daha çətindir" deyirdi. "Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq..." - Konstitusiyanın Müstəqillik aktına əsaslanan müstəqillik, suverenlik və ərazi bütövlüyü müddəası hələ Azərbaycanın ərazisi iyirmi faiz işğalda, yaralı bir vəziyyətdə olduğu vaxtlarda qəbul edilmiş, dövlətin Ana yasasına, millətin şüuruna yazılmışdı...
Bu o vaxtlar idi ki, Ədəbiyyatımız "Haran ağrıyır, Vətən" (İsa İsmayılzadə) deyib, əks-səda qoparır, poeziyamız "Nə yatmısan, qoca vulkan, səninləyəm! / Ayağa dur, Azərbaycan, səninləyəm!.." (Məmməd Araz) - deyə hayqırır, millətə çağırış edirdi. Bədii nəsr, publisistika, dram əsərləri reallığın arxasınca yeni mövzulara, görünməmiş yerlərə gedib-çıxırdı: əsir Azərbaycanım, yesir Azərbaycanım... Sabir Əhmədli Qarabağ trilogiyasında ("Axirət sevdası", "Kef", "Ömür urası") millətin usanmaz müharibə ağrılarına varır, Elçin qaçqınlıq faciəsini İnsanlıq ölçüsü-ağlına sığışdıra bilmir ("Qarabağ şikəstəsi", "Bayraqdar"), Aqil Abbas vuruşan millətin əlacsız məğlubiyyəti ilə heç vəch barışmırdı ("Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Dolu"). Hətta Anarın "Otel otağı"nda belə, başqa dərdlər bir yana, Ana Vətəndən baş götürüb Ata Türkiyəyə pənah aparan milli insanın durmadan sızlayan bircə ağrısı vardı - Qarabağ...
Bu o vaxtlar idi ki, Xəlil Rza Ulutürk: "Ağ bayraqlar kəməndində düşən zaman Şuşa bəndə / Ağdam yalın əllərini yumruqlayıb döyüşəndə / Bir səs qopdu ürəyimdən: -Nə yaxşı ki, Türkiyə var..." (1988) deyə ümidlə, Bəxtiyar Vahabzadə: "Bir millətik, iki dövlət / Eyni arzu, eyni niyyət / Hər ikisi Cümhuriyyət / Azərbaycan-Türkiyə..." (1991) - deyib inamla, sabaha baxırdılar...
Düz otuz il. "Otuz ildən bu yana Azərbaycan ədəbiyyatının bir mövzusu olubdur - Qarabağ müharibəsi..." (T.Əlişanoğlu, Qalibiyyət və Ədəbiyyatın dərsləri // T.Əlişanoğlu, Müxbir üzvün qeydləri. Bakı, Elm və təhsil. 2022, s. 105) Düz otuz il, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci il 44 günlük Vətən müharibəsi, 8 noyabr Zəfər gününəcən Ədəbiyyatımız bir nöqtədə dayanıb-durub: "Açılmır ki, açılmır / Düyünü bu torpağın... / Ümid sənədir ancaq, / Azərbaycan əsgəri!" (Qabil) deyib də israr edibdir. Qarabağ harayından tüm bir Ədəbiyyat sırası qopubdur: Bəxtiyar Vahabzadə, "Şəhidlər"; Sabir Rüstəmxanlı, "Difai fədailəri"; Fərman Kərimzadə, "Vedinin yanı dağlar"; Hidayət, "Burdan min atlı keçdi"; Mövlud Süleymanlı, "Erməni adındakı hərflər"; Azər Abdulla, "Sarı tağ"; Cabir Novruz, "Özünü qoru, xalqım"; Zəlimxan Yaqub, "Bir əli torpaqda, bir əli haqda"; Hüseyn Kürdoğlu, "Yaralı torpağım, yaralı sevgim"; Nəriman Həsənzadə, "Qarabağdan gələn var"; Adil Cəmil, "Qan borcu"; Ələmdar Quluzadə, "Şəhid şəhər"; Ələkbər Salahzadə, "Xocalı xəcilləri"; Nurəngiz Gün, "Xocalı simfoniyası"; Vahid Əlifoğlu, "Çadırda yazılan şeirlər"; Musa Yaqub, "BMT"; Məmməd İsmayıl, "Yoxun varlığı"; Eyvaz Zeynalov, "Qarabağ hekayələri"; Azad Qaradərəli, "Müharibə uşaqları"; Vaqif Aslan, "Şəhid köynəyi"; Vahid Qazi, "Ruhlar şəhəri"; Musa Urud, "Zəngəzur bayatıları"; Əlabbas, "Qaraqovaq çölləri"; Şərif Ağayar, "Gülüstan"... (...)
Nerədən nerəyə: - ...Arzu Əsəd, "Və Nida!"; "Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" (toplu); "44 fəsil. Payızda gələn bahar hekayələri" (toplu); Sabir Rüstəmxanlı, "Qarabağa dönüş"; Ramiz Qusarçaylı, "Vətən"; Nəriman Həsənzadə, "Zəfər yolu"; Zahid Xəlil, "Dəmir yumruq dastanı"; Elxan Zal Qaraxanlı, "Savaş ayələri"; Abuzər Turan, "Zəfər nəğməsi"; Rafiq Yusifoğlu, "Zəfər dastanı", Vahid Əziz, "Heyrət səcdəsi"; "Bütün yollar Şuşaya aparır" (toplu); Səyyad Aran, "Tacın qaytarılması"...
Nerədən nerəyə... Ötən əsrin əvvəllərindən 20 yanvar qırğınlarına; erməni vandallığı, amansız Xocalı qətliamından 30 ilin səbri, Laçın dəhlizi, Azərbaycan humanizminə; qaçqınlıq-köçkünlük ağrı-acılarından İrəvan gündəliyinə; bitməz-tükənməz "atəşkəs macəraları"ndan Lələtəpə dastanına; 8 may Şuşanın ucuz işğalından 8 noyabr Tacın qaytarılması möcüzəsinə; Zəngəzur bayatılarından Zəngəzur dəhlizinə; 1991-ci il Milli Müstəqillik Aktından 2023-cü il Suverenliyin təntənəsinə...
2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ilin bir günlük antiterror əməliyyatı Müstəqillik-Suverenlik-Ərazi bütövlüyümüzə Ana yasa tələbini gerçəkləşdirdi, milli şüuru, düşüncəni, hədəfləri yeni müstəviyə qaldırdı...
6. Azərbaycan Konstitusiyası İdeal bir dövlət modeli irəli sürmüşdür: - "Konstitusiya çərçivəsində demokratik quruluş"; "xalq iradəsinin ifadəsi olan hüquqi, dünyəvi dövlət"... - demokratik Azərbaycan. "Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır..." (Birinci bölmə, II fəsil, maddə 7.1)
1990-cı illərdə Azərbaycan həyatı real olaraq bu ölçülərdən hələ çox uzaq idi. "Ətirşah Masan" romanında Əkrəm Əylisli məhz bu reallığı parodiya edirdi. "Azadlıq" romanında Afaq Məsud demokratiya illüziyasını yuxulara yozurdu. "Ağ qoç, qara qoç"da Anar əldə olunmuş müstəqil, demokratik Azərbaycanın itirilməsi xofunu yaşayırdı. Ədalət demokratiyadan ümdədir deyir tarix; "Yarımçıq əlyazma" romanında Kamal Abdulla tarixə dalır, bugünü düşünürdü. Bütün ekstremal, kataklik hallarda xalqı, milləti, cəmiyyəti yalnız Ədalətin hakim olduğu dövlət qoruya bilər...
Konstitusiyanın hər maddəsi, bəndinin altından Ədəbiyyatımızın həyəcanı, narahatlığı, çabaları boy verir; yeri, payı, müdaxiləsi görünür. Ədəbiyyat başlıcası fərdin, insanın, ümumbəşəri dəyərlərin mövqeyindən çıxış edir, Konstitusiya ilk əvvəl toplumun, xalqın, millətin mənafeyindən. Odur ki, bəzən ziddiyyətli görünür, ziddiyyətlər də olur, antoqonizm də.... Elə ədəbiyyat, sənət də bunun üçündür; real və ideal, fərd və cəmiyyət, bəşəri və millilik arasında(n) keçənləri göstərmək, nişan vermək, qabartmaq, gərəkirsə həyəcan təbili çalmaq...
"Ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinə nail olmaq..." - bir ideyadır, ali niyyəti ifadə edən konstitusion iddiadır, birdən-birə realizəsi çətin; zəruri qanunlar,- bir yazırıq, iki yadda, - milli iradə, əzm, fəaliyyət və zaman istəyir. Az qala müstəqilliyin otuz ili ərzində Ədəbiyyatımızın bir ərzi və tərzi də elə bu olmuş. Rafiq Tağının balaca əyalət qəhrəmanları böyük dünya icində məhz bu çətinlikləri yaşayır. Seyran Səxavətin nekroloji, Səfər Alışarlının psixoloji, Zahid Sarıtorpağın, Nəriman Əbdülrəhmanlının ekzistensial, Çingiz Abdullayevin detektiv, İlqar Fəhminin aristokratik, Pərviz Cəbrayılın demonik, Azad Qaradərəlinin, Əlabbasın sosial, Elçin Hüseynbəyli Qaraçuxanın macəraçı, Aslan Quliyevin realist-fantastik qəhrəmanları bu yolda çarpışır-vuruşur. Aliq Nağıoğlunun, Rövşən Yerfinin, Sevinc Elsevərin, Alpay Azərin, Aləm Kəngərlinin, Qafar Cəfərlinin... (və onlarla digərlərinin) hekayələri də bu qəbildən. Şakir Xanhüseynlinin lirik qəhrəmanı bunun (sosiallığın) fəlsəfəsinə dalır, Qulu Ağsəs - ironiyasına, Səlim Babullaoğlu seyrinə-imitasiyasına, Rövşəni estetikasına... Qəşəm Nəcəfzadənin şən kinayəsi, Zahir Əzəmətin acı sarkazmı da, Seymur Baycanın, Aqşin Yeniseyin, Qan Turalının anarxiya qəhrəmanları da əslində elə bu çabalardan doğulmuş...
Ədalətli, sosial, layiqli həyat həm də Konstitusiyamızın hər maddəsi, bəndi ilə məsuliyyət və hüquq tələb edən: "- Vətəndaş cəmiyyətinin bərqərar edilməsi" demək... Necə, nədən, nə qədər - Ədəbiyyatımız bu xüsusda da heç vəch susmamışdır. Rasim Qaraca, Murad Köhnəqala, Həmid Herisçi imzaları, bütövlükdə AYO yazarları bu yolda səfərbər, daim qələmləri müsəlləh. Tofiq Qəhrəmanovun çətin, Əjdər Olun mətin yaradıcılıq bioqrafisi də buna timsal. Əli Əmirlinin dramatik, Firuz Mustafanın prozaik azərbaycanlıları, Rəşad Məcidin qələmsiz yazılanları həm bu müstəvidə...
Və bir də bu dünyanın hər sifəti... "- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində... fəaliyyət..." (Təkrar kursivlər Konstitusiyanın preambula hissəsindəndir) Sivilizasion şüur üzərinə millətin, milli fərdin/insanın özünü araması-axtarması: Ramiz Rövşəndən, Vaqif Səmədoğludan, Fikrət Qoca, Çingiz Əlioğlu, Vaqif Bayatlı, Adil Mirseyid, Rüstəm Behrudi, Vaqif Bəhmənli, Fəxri Uğurlu, Salam Sarvan, Orxan Fikrətoğlu, Xanəmir, Etimad Başkeçid, Məqsəd Nur, Aydın Talıbzadə, Qurban Yaquboğlu... (...) ta Qismətəcən... - nə qədər də şair, ədib, yazarımız bu əsnada müntəzir, ayıq, ayaqda... Ekzistensial məqamın çözümü, təbii ki, Konstitusion haqqımız, Ədəbiyyatımız - dünya içrə gərək...
7. Prezident sərəncamı ilə 2025-ci il - "Konstitusiya və Suverenlik İli"mizdir. Burda Suverenlik məqamının ayrıca vurğu alması səbəbsiz deyil də. Məhz bugün biz qürurla, fəxarətlə, var qüvvəmizlə Suverenlikdən danışa bilərik və danışa bilirik! Bu yolda fəda olmuş Şəhidlərimizin ruhu şad! 2020-ci il 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan qurtulması, ərazi bütövlüyümüzün tam bərpasından sonra! Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, diplomatik ustalığı və uğuru sayəsində, Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabr bir günlük anti-terror əməliyyatında erməni qəsbkarlarını Qarabağdan təmizləməsi və xarici qüvvələrin ölkəmizdən tam çıxarılmasından sonra! Konstitusiyamız və Beynəlxalq qətnamələrlə de-yure Müstəqillik və Suverenliyimizin de-fakto bərqərar olmasından sonra! İndi biz qürurla, fəxarətlə, qətiyyətlə Konstitusiya və Suverenlik ilimizi bayram edə bilərik...
Bütün dünya od içində, / ölkəm əmin əllərdədir, Kim yaşadıb, kim ucaldıb / yenə həmin əllərdədir... (Arzu Əsəd)
Ulu Öndərin sözlərinə isnadən: Suverenliyi qoruyub-saxlamaq, təsdiq və təsbit etmək - Müstəqilliyin özü qədər çətindir... Son illərdə Azərbaycan Prezidentinin beynəlxalq arenada və ölkə həyatında, geopolitikada və diplomatiya dünyasında, qlobal problemlərin həlli və bu proseslərdə bilavasitə iştirakı - atdığı hər bir addım bunu təsdiq edir. Məhz bu qətiyyətli addımlarda Azərbaycanın gücü, necə, nə qədər böyüdüyü, hüdudlarından çox-çox kənara çıxdığı; tarixə və coğrafiyaya, gəlişən dünyaya və mədəniyyətə doğru durmadan artması, dağılıb-qurulan yeni dünya düzənində ansızın yerini tapmağa çalışması aydın görünür, sözünü deyir. Burada ötüb-keçən 250 il, Kürəkçaydan, Türkmənçaydan, 28 apreldən bu yana axıb-axıb yığılan problemlər də var, lap təzə, işıqlı sabahlar - dünyanı birləşdirəcək, Şərqdən Qərbə, Qərbdən Şərqə gedəcək qatarlar da... Bir şey şəksizdir. Prezident qətiyyətinin mərkəzində Suveren, azad, müstəqil, özü öz sözünün ağası Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan insanı durur...
Konstitusiyamız təsbit etmiş və Ədəbiyyatımız deyir: Suverenliyi yazmalı!
- E-hey! Yazıçılar, şairlər, tüm qələm əhli! Suveren Azərbaycanı yazmalı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!