Ülviyyətin tərənnümü - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Görkəmli alim, professor Sabir Cümşüdün həm də gözəl şair - "Kamillik zirvəsi (1980), "Göyün çıraqları" (1981), "Günəş damcıları" (1983), "Bahar nəfəsi" (1989), "Talış dağları" (1997) kimi kitabların müəllifi olduğunu mənə Vaqif Nəsib demişdi. Ədəbi zövqünə heç vaxt şübhə eləmədiyim böyük ədəbiyyat adamının Sabir Cümşüdlə uzun illər dostluğu, əməkdaşlığı məndə də onun yaradıcılığına maraq yaratdı. Və ilk tanışlıqdan gördüm ki, texnika elmləri namizədi, iqtisad elmləri doktoru olaraq 60-cı, 70-ci illərdən göstərdiyi elmi- pedaqoji fəaliyyətini get-gedə genişləndirməklə yanaşı, fitrətindən gələn şairlik istedadını da heç zaman sönməyə qoymamışdır.

1986-cı ildə "Azərbaycan gəncləri" qəzetində "Yaylaq" şeirinin dərcindən on il sonra - artıq qeyd etdiyimiz kimi, həmin illərdə onun bir neçə şeir kitabları çıxıb müəllifinə kifayət qədər şöhrət qazandırmışdı - ədəbi-ictimai proseslərə son dərəcə həssas münasibətilə seçilən Xəlil Rzanın təşəbbüsü, hətta demək olar, təkidi nəticəsində Yazıçılar İttifaqına qəbul edilmişdir. "İstiqlal şairi" onu ədəbi ictimaiyyətə özünəməxsus bir ürək genişliyi ilə təqdim eləmişdi: "Sabir Cümşüdün bədii yaradıcılığı onun özü kimi tam səmimidir. O, bir şəxsiyyət kimi qüdrətli Azərbaycan oğludur. Şeirlərində obrazlılıq və özünəməxsusluq bizi sevindirir..."

Şairin Yazıçılar İttifaqına üzvlüyünə ikinci zəmanəti "Azərbaycanın ədəbiyyat filosofu" Yaşar Qarayev vermişdi. O göstərirdi ki, "Sabir Cümşüdün yaradıcılığındakı üslub özünəməxsusluğu, həyəcan və emosiya zənginliyi, ideyalılığı və daxili aləmin mənəvi zənginliyi ürək alovu ilə, bədii pafosla şeiriyyəti oxucuda estetik zövqün tərbiyə olunmasına təsiri inkaredilməzdir".

Üçüncü zəmanəti Xalqın şairi Hüseyn Arif vermişdi.

Və hər üç zəmanət, bir tərəfdən, Sabir Cümşüdün ilk gənclik illərindən, 60- cı, 70-ci illərdə isə artıq bir həvəskarın "yaradıcılıq laboratoriya"sından çıxaraq ictimai maraq doğuran hisslərin, düşüncələrin dəyərləndirilməsi idisə, digər tərəfdən, elə bir tarixi məsuliyyət idi ki, şair ona heç zaman biganə qalmamış, Yaşar Qarayevə həsr elədiyi "Zəka məşəlinə" şeirində etiraf etmişdi ki, yaradıcılıq ağrılarına dözməyərək "qələmi yerə qoyub əl qaldırmaq istəyəndə" bu zəmanət ona dözüm, güc, enerji verir:

 

Bir əlyazma - yadigar

Əmanətdən utandım.

Bir insana başarı

Yaşar əmanətidi.

Bir qələmə yaşarı

Yaşar zəmanətidi.

 

Sabir Cümşüdün bu günlərdə işıq üzü görmüş "Məhəbbət ülviyyəti" kitabına, əslində, şairin çoxdan gözlənilən "Seçilmiş əsərləri", yaxud "Külliyyat"ı kimi də baxmaq olar. Hər şeydən əvvəl ona görə ki, burada müəllifin əlli ildən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq axtarışları həm ideya-məzmunu, həm də poetika-forması (və bütün təkamül təfsilatı) ilə öz əksini tapmışdır. İkincisi, "Məhəbbət ülviyyəti"ndə ədəbiyyatımızın elə səciyyəvi mövzularına müraciət olunur ki, onlarda Sabir Cümşüd məhz özünə məxsusdur. Və fikrimcə, bu cür mövzulardan biri, bəlkə də, birincisi doğulub boya-başa çatdığı ailə, mühit, diyar - təbiətindən cəmiyyətinə qədər dərindən duyub tərənnüm etdiyi "müqəddəs dünya", onun baş qəhrəmanı isə "doğma kənd"dir:

 

Qucağında bəsləmisən məni sən,

Ürəyimi ancaq sənə açmışam.

Ağ günlərə səsləmisən məni sən,

Ağ günlərin arxasınca qaçmışam.

 

...Harda olsam, köməyimə çatmısan

Qorxuzanda duman məni, çən məni,

Çətin gündə əllərimdən tutmusan,

Çətinlikdən çıxartmısan sən məni.

 

...Bu yollardan qov dumanı, çəni sən,

Mən gəlmişəm bu gün səni görməyə.

Eşitdim ki, çağırmısan məni sən,

Gəldim, görüm, nə sözün var deməyə.

 

Sabir Cümşüd havası, suyu, torpağı, gülü-çiçəyi ilə ona doğma olan Talış dağlarını sonsuz məhəbbətlə tərənnüm edirsə, bu onun öz yurduna, elinə-obasına bağlılığının hər cəhətdən təbii (və bəşəri!) göstəricisidir. Öz kiçik vətənini tanımayan insanda "böyük vətən"in təsəvvürü də lazımı dərinlikdə ola bilməz.

 

Torpağın bağçalı, çölün bəhərli,

Gündüzün günəşli, gecən səhərli,

Küləyin sehrli, atın yəhərli,

Buluddan çətrin var, Talış dağları.

 

Günəş camalını şəfəqlə bəzər,

Zərif çiçəkləri küləklər üzər,

Gözəllər ətirli güllərə bənzər,

Nə gözəl ətrin var, Talış dağları!

 

Zirvənə qalxanda bulud töyşüdü,

Şehində çiçəklər, güllər üşüdü,

Boran-qar qorxutmaz Sabir Cümşüdü,

Yanında xətrin var, Talış dağları.

 

Şair "Talış dağları", "Talış meşəsi", "Talış qızları" deyəndə, könlü atlanır, Lənkəranın, Astaranın, Lerikin gözəlliklərini sevə-sevə, qürurla vəsf edir, Həzi Aslanovdan danışanda xəyalına sıra dağlardan biri gəlir... Bununla belə, tamamilə təbii olaraq Sabir Cümşüdün Vətən anlayışı dünyaya göz açdığı diyardan çox-çox genişdir: burada Bakı, Təbriz, Dərbənd, Gəncə var; Kür, Araz var; Xəzər dənizi, Göyçə gölü, Göygöl var...

Ona görə də şairin ən çox diqqətçəkən mövzularından biri Ali Baş Komandanın öndərliyilə ərazi bütövlüyü uğrunda illərlə mübarizə apardığımız (və Zəfər qazandığımız) Azərbaycandır ki, onu Xocalı-Xocalı, Şuşa-Şuşa tərənnüm edən şairin hər misrasında hissiyyatlı bir ürəyin ritm-ritm döyündüyünü duymamaq mümkün deyil:

 

Çapdı ağ atlı oğlanlar,

Etdi Zəfər yürüşünü.

Kəsdi Bozqurd diyarından

Erməninin hürüşünü.

 

Doğma torpaq yadsız oldu,

Düşmənin bilindi pak-zatı.

Adsız oldu,

atsız oldu, -

yeksan oldu yeddi qatı.

 

Ərlərim Daşaltını

İldırımtək aşdılar...

İgidlik meydanında

Ər kimi savaşdılar.

Daşaltı zirvəsində

düşmən

daş altı oldu...

 

Cıdır düzündə erməni "böyüklər"inin oynadığı "yallı"ya Azərbaycan şairinin verdiyi "şərh" isə bundan ibarətdir:

 

Qart düşmənimizin

pozuldu birlik rəqsi.

İgidlərimiz keçdi

onlara Yallı dərsi...

 

Sabir Cümşüd tarixin dərinliyinə vardığı qədər də cəmiyyətin genişliyini - insan mənzərəsini müşahidə etmək ustasıdır.

Heç bir şübhə yoxdur ki, etnos dünyanı həmişə miflə gerçəklik arasında dərk edir, əhval-ruhiyyəsindən asılı olaraq gerçəkliyə, gah da mifə arxalanır. Sabir Cümşüd yaradıcılığı da bu baxımdan istisna təşkil etmir. Və şairin şeirlərində möhtəşəm, son dərəcə parlaq bir Günəş obrazı var, həmin obraz öz mənbəyini məhz atəşpərəstlikdən, "Avesta" ideyalarından alır:

Ömrü boyu Günəş atam

Yer anama verir işıq.

Biz gördüyün bu atadan,

Bu anadan yaranmışıq.

 

Şairin hər şeirinə, hər misrasına, ümumən dil-üslubuna bu Günəş işığı damla-damla yox, bol-bol daxil olur.

Bütün istedadlı qələm adamları kimi, Sabir Cümşüdün əsərlərində də elə ifadə-obrazlar var ki, onlarsız nə şeirə şeir, nə də şairə şair demək olar... Məsələn, "Ömrün ilhamlı ovqatından" şeirində Sabir Cümşüd yazır: "Leylilər saçını yolan zamanlar, Aşıqlar bulud tək dolan zamanlar, Sazıyla qolboyun olan zamanlar Özləri bir Kərəm, Əsli söz olur". Yəni aşıq - söz ustası bütün hallarda özündən danışır, özünü yaradır, Əsli də o baxımdan Kərəmin özüdür ki, onu Kərəmin məhəbbəti yaratmışdır... Dağlara qalxan cığırlar barədə şair deyir ki, "izləri çiçək kimi Köksünə taxar onlar"... Boz çöllərə gəldikdə isə, onların taleyinə ayrı cür yanır: "Yazı yaz tək gəlməyəndə, güllər ilə gülməyəndə, Çiçək doğa bilməyəndə qısır düzlərim ağlayır".

Məlum olduğu kimi, keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri Azərbaycana, bir tərəfdən, çoxdan arzuladığımız azadlığı, demokratiyanı, dövlət müstəqilliyini gətirdi, digər tərəfdən isə, hərcmərcliyə, mənəvi-etik deqradasiyalara, özbaşınalığa hədsiz-hüdudsuz meydan açdı ki, bu cür naqis hallardan biri də "işbazlar"ın hər işdə qabağa düşüb cəmiyyətə yeni iqtisadi, sosial, əxlaqi "normalar" diktə etməyə göstərdikləri cəhdlər idi. Şair belə bir "işbaz"ın obrazını yaradır:

 

Təmtəraqlı belə ömür kimə gərəkdir?

Min-min adam dayanıbdır tabeliyində,

Hamı ona səcdə qılır, bu nə deməkdir?

Bəlkə, elə şahlıq edir o öz evində.

Görən kimdir, o nəçidir, rütbəsi nədir?

Heç bilmirəm lal dayanım, baxım hara mən?

 

Bununla kifayətlənməyən, nahaqqa güzəştə getməyən şair-mütəfəkkir haqq idealını da lirik bir ironiya ilə ifadə etməkdən özünü saxlaya bilmir:

 

Ev yiyəsi, icazə ver, evimə gedim,

Sığışmıram bərbəzəkli saraylara mən.

Sabir Cümşüdün özünəməxsus iki ifadə-obrazından biri Astara çayına, ikincisi isə, Viləş çayına aiddir. Birincisində deyir:

 

Dəryada inci dəndi,

Suları incidəndi.

Elləri incidəndi

Bu ayrılıq küçəsi.

 

Gözlənilməz obrazdır, ancaq ikincisi bundan da gözlənilməzdir:

 

Bu Viləş coşanda

Dağları ovalar,

Götürüb əlinə

O dəmir ağacı

Daşlara sürtərək

Qovalar.

Bu yerə gələndə

Kimsə görsə günəşi

O görər Viləşi.

 

Sabir Cümşüdün şeirlərinə yazılmış mahnılar var, uşaqlar üçün yazdığı gözəl şeirlər var... Bir də fəlsəfi esseləri var ki, onların barəsində ən böyük fəlsəfi esseistimiz Asif Əfəndiyev (Asif Ata) bir vaxtlar yazmışdı ki, onun esselərində məhəbbətin böyüklüyü, aliliyi, ülviliyi haqqında romantika dili ilə əsl inamla, ürək alovu ilə, bədii pafosla danışılır, onun romantikası, şeiriyyəti aşkara çıxarılır, oxuculara sevgi hissinin müqəddəsliyinə, paklığına hörmət və heyrət hissi aşılanır. Həqiqi temperament, coşqunluq, fikir-emosiya, obrazlılıq yazının ruhuna hakimdir. Onun tərbiyəvi, estetik mahiyyətinə və əhəmiyyətinə əminəm..."

"Məhəbbət vəcdi", "Əsillər və naqislər", "Sənət və məhəbbət" esselərində Sabir Cümşüd poeziya ilə fəlsəfəni eyni bir idrak məcrasında birləşdirməyin uğurlu örnəklərini verir. Və yalnız kitabının adını daşıyaraq qalmayan, bütövlükdə, yaradıcılığının mahiyyətinə işıq salan "məhəbbət ülviyyəti" anlayışını bədii-intellektual konsept səviyyəsinə yüksəldir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!