Azər TURAN
Bu yazı unudulmuş Mehmet Ali Tevfik barədədir. O, 1912-ci ildə Füzulinin türkçülüyündən yazır, Nadir şahı türk Napoleonu adlandırır, Əli bəy Hüseynzadəni türk milli məfkurəsinin atası hesab edirdi...
***
1941-ci il sentyabrın 24-də Amerika qəzetləri Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Mehmet Ali Tevfikin vəfatı barədə xəbər yaydı. İntihar etdiyini deyənlər də var. 1949-cu ildə Nyu-Yorkdan İstanbula qayıtmış həyat yoldaşı Jalə İsmət xanım da 1951-ci ildə Səlimiyyə səmtində vapurdan atılıb özünü Boğazın sularında qərq etmişdi. Bunun də səbəbi məlum deyil. 1923-cü ildə evlənmişdilər. Övladları da yoxdur, olmayıb...
Ali Canip Yöntəm 1941-ci ildə "Cümhuriyyət" qəzetində yazdığı "Əski bir Türkçü: Mehmet Ali Tevfik" adlı yazısında bildirirdi ki, "Otuz il öncə biz Selanikdə "Gənc qələmlər"i çıxararkən oraya gəlmiş, bizə qatılmışdı. Yeni lisan, milli ədəbiyyat və türkçülük mücadiləsində başda Ziya Gökalp olmaq üzrə həpimiz onun şəxsində qüvvətli bir yardımçı bulduğumuzu dərhal anlamışdıq". Ali Canipin sıraladığı özəlliklər diqqəti cəlb edir: Yeni lisan, milli ədəbiyyat və türkçülük mücadiləsi... Mehmet Alinin o dönəmdə 22 yaşı vardı və Ziya Gökalpın, Ömər Seyfəddinin təmsil olunduğu dərgidə yazarlar heyətinin üzvü idi...
Əfsus ki, bioqrafiyası və yaradıcılığı yetərincə öyrənilməyib. Bilinənlər çox azdır. Haqqında çox az yazılıb. Azərbaycanda isə heç yazılmayıb. Həyatı barədə əsas bilgiləri Ali Canip, Alaaddin Govsa və Ali Birinci verir.
1889-cu il aprelin 1-də Çanaqqalada dünyaya gəlib. Ali təhsilinə 1908-ci ildə başlayıb. İstanbul Darülfünununa bağlı Hüquq Məktəbinə daxil olub, 1911-ci ildə savaş səbəbiylə təhsilini, yenə də İstanbul Darülfünununa bağlı Selanik Hüquq Məktəbində davam etdirib. Selanikin işğalından sonra İsveçrəyə gedib. Ali məktəbi orada bitirib. Qeyri-adi hafizəsi varmış. Orta təhsilini tamamlayanda fransız dilini fransız qəzetlərinə məqalələr yazacaq qədər mükəmməl bilirmiş. Birinci Cahan Hərbi illərində Təşkilati-Məxsusənin xətti ilə Berlində, Vyanada və İsveçrədə konfranslar vermiş, Türkiyənin Vyanadakı, Buxarestdəki, Moskvadakı səfirliklərində baş katib, yaxud müşavir olmuşdu. 1937-ci ildən etibarən, Türkiyə Cümhuriyyətinin Nyu-York baş konsulu olan Mehmet Ali Tevfik 1941-ci ildə 52 yaşında elə bu vəzifədə çalışarkən vəfat edib.
"Akşam" qəzeti 23 sentyabr 1941-ci il tarixli sayında yazırdı: "Nyu-York başkonsulumuz Mehmet Ali Yüksələnin Nyu-Yorkda vəfat etdiyini təəssüflə xəbər aldıq. Mehmet Ali Yüksələn geniş məlumatlı, əcnəbi lisanlara haqqıyla vaqif, çox dürüst və qiymətli bir zatdı".
Heç bir qaynaqda məzarının yeri barədə məlumat yoxdur. Ölümünün səbəbi bilinmədiyi kimi, məzarının yeri də bilinmir. 1941-ci ildə İkinci Dünya müharibəsi illərində qərib bir diplomatın cənazəsini əhalisi 7 milyondan çox olan Nyu-Yorkdan İstanbula kim gətirəcəkdi ki?!. Həmin illərdə Amerika Birləşmiş Ştatlarında Türkiyə Cümhuriyyətinin səfiri olan Münir Ertegün də 1944-cü ildə Vaşinqtonda vəfat etsə də, cənazəsi vətənə yalnız iki il sonra - amerikan zirehli gəmisi ilə gətirilmişdi... Amma Mehmet Ali Tevfik barədə belə bir məlimat yoxdur. Deməli, Mehmet Ali Tevfik məzarının yeri bilinməyən fikir adamlarımızdandır... Bir düşüncə adamı bu şəkildə qeyb olub gedib; həm türk düşüncə tarixindən, həm millətinin hafizəsindən silinib. Ən mühüm məqalələrindən birini "Milliyyətin zirehi - Hafizə" başlığı ilə yazan adam, özü də türk fikir həyatında ən parlaq imzalardan biri kimi yaşamalıykən, qısa müddətdə unudulub. Amma zamanında türkçülüyün əsas simalarından biriydi. Buna rəğmən, Hilmi Ziya Ülkenin "Türkiyədə çağdaş düşüncə tarixi" əsərində adı belə çəkilmir. Nihat Sami Banarlının "Rəsmli Türk ədəbiyyatı" kitabında hamı var, o yoxdur. İndi bu sətirləri yazarkən, Vikipediada haqqında məlumat axtardım. Heç Vikipediada da "Mehmet Ali Tevfik" məqaləsi yoxdur. Deməli, diqqət mərkəzində deyil. Görüşləri əsaslı şəkildə tədqiq olunmadığı kimi, külliyyatı da bu günə qədər nəşr olunmayıb. Sağlığında çap olunan yeganə kitabı 1914-cü ildə İstanbulda "Dərsaadət: Kütüphanei-lslam və Askeri" mətbəəsində basılmış "Turanlının dəftəri" əsəridir. Son nəşr olunan kitabı da elə "Turanlının dəftəri"dir. Kitab 1971-ci ildə latın qrafikası ilə təkrar nəşr olunub. O da 1912-ci ildən 1914-cü ilin mayına qədər yazdığı məqalələrdən ibarətdir. Baxmayaraq ki, 1920-ci illərin sonuna qədər də Türkiyənin yazı həyatında fəal iştirak edib. "Tanin", "Təsviri-əfkar", "Bəsirət" qəzetlərində, "Rəsmli kitab", "Müsəvvər mühit", "Türk yurdu", "Gənc kalemler" dərgilərində şeirləri, kifayət qədər ciddi araşdırma və portret yazıları dərc olunub. Elə 1941-ci ildə dünyasını dəyişdiyi günün sabahı, Ali Canip "Cümhuriyyət" qəzetində dərc etdirdiyi yazısını bu sözlərlə tamamlayırdı: "Məcmuələrdə, qəzetlərdə çıxan yazıları toplansa ki, həpsi çox faydalı şeylərdir, bir kaç cildi tutar"...
"Turanlının dəftəri" Türk-İtaliya (Trablisqərb) savaşında türklərin məğlubiyyəti illərində yazılıb. Romantik bir türk mücahidinin kitabıdır. Məğlubiyyət acısını millətin içindən qovan, onu sabaha, dirilişə səsləyən böyük bir fikir adamının əsəridir.
1912-ci ildə Ali Canip Selanikdəki Osmanlı mətbəəsində onun "İntiqam şeirləri" adıyla yazdığı 7 sonetini ayrıca kitabça kimi çap edib. Sonetlər italyan ordusu Trablisqərbi işğal edərkən yazılıb. Poeziyada estetika zamanı deyildi. Hərçənd, o bunu həmin sonetlərdə bir sıra mənalarda - istər nəzəri, istərsə də mənəvi baxımdan etmişdi. Əsasən, lirik duyğular bəsləyən bu şeir növünə müharibə və qisas motivini gətirmiş, hələ üstəlik, sonetin vətənini elə sonet dilində lənətləmişdi. Çünki özünün dediyi kimi, "Sevda, qadın, çiçək... Bana bunlar deyil məram". Səlib məfkurəsi Turan məfkurəsi ilə ölüm-dirim savaşına girmişdi. Türk millətinin tarix səhnəsindən silinməsi təhlükəsi vardı. Mehmet Ali Tevfik yazdığı yeddi sonetlə savaş apofeozu yaradır, müharibəni ilahiləşdirirdi. Müharibə apofeozunu isə yalnız bu ruhda və bu ritmdə yaratmaq olardı. "Pislik yeri iftiraçı Romaya" nifrin yağdıraraq: "Bir gün üfüqlərində hilal görünəcək, türkün bayrağı dalğalanacaq, bir böyük budun - bir Çingiz ordusu torpağını tapdayacaq, qorxunc məbədlərin çökəcək" deyərək. "Səndən qisas almaq ruhumun şəfasıdır" söyləyərək. "Roma məzarlarla dolsun, Tiber çayında su əvəzinə qan axsın" deyə dua edərək, intiqam hissini qutsallaşdıraraq, müqəddəsləşdirərək. Əli bəy Hüseynzadənin və Ziya Gökalpın eyniadlı "Turan" şeirlərinin intonasiyasında yazılan bu poetik parça Trablisqərbi işğal edən Romaya xitabdır:
Ta uzaqda qeyz ilə vəhşətlə sarsılan
Ey fuhşi-məlanət yeri ey muftəriz Roma!
Türk kavminin doğar yarın ilhanı mütləqa,
Qalmaz qürur səltənətindən yarın nişan.
Bir gün üfüqlərində hilal aşikar olur,
Pamal edər zəminini bir Çingiz ordusu.
Heybətli xaçların yıxılır möhtəşəm ulu
Məbədlərin çöküverir... Bir parça bəklə dur!
Bir müdhiş infilaka (partlayışa) içim səhnə daima,
Asi qanım dimağıma saçmaqda ihtilal
Öc almaq... İştə dərdimə yalnız budur şəfa.
Türk qövmü - ey şərəfli nəsil, ey böyük budun,
Bir gün unutma sən, bu əziz intikamı al.
Dolsun məzarla həp Roma, axsın Tiberdə hun!
Yaxud:
Öc almaq... İştə qəlbimi aşqıyla dolduran,
Əzmək səfil İtalyayı... Görmək o milləti
Səhrası qan, dənizləri qan, asimanı qan...
Ahəngindən bəllidir ki, Mehmet Ali Tevfik bu misraları əsəb içində yazıb. Romaya hiddət püskürəndə şair, həqiqətən, xəstələnmişdi. Bu barədə bir az sonra ətraflı bəhs ediləcək.
Mehmet Ali Tevfik "Türk Ocaqları"nın qurucularından biriydi. Hətta təşkilatın rəhbərliyində təmsil olunurdu. "Türk Ocaqları"nın tarixindən bəllidir ki, 1911-ci ildə İstanbul Universitetinin 190 tələbəsi - Tibbiyyəli gənclər, "fikirlərindən yararlana biləcəkləri" insanlara məktub yazaraq, "türk qövmünün məhvolma dövrünü yaşadığını" bildirir və "türk millətinin millət kimi formalaşmasına çalışmaq" arzusunda olduqlarını bəyan etmişdilər. Onlara ilk səs verənlər arasında 22 yaşlı Mehmet Ali Tevfik də var idi. Deməli, o da fikirlərindən tələbələrin yararlana biləcəkləri adamların sırasındaydı. 1911-ci ildə "Türk Ocağı" Cəmiyyətinın ilk təsis toplantısında qəbul edilən qərara görə, Ocağın qurucuları olaraq milli şair Mehmet Emin Yurdakul (başqan), Əhməd Fərid Tək, Əhməd Ağaoğlu, Fuad Sabit, Yusuf Akçura (ikinci başqan) və Mehmet Ali Tevfiqin (katib) adları göstərilir.
Ömər Seyfəddinin çağırışı ilə Yeni Lisan hərəkatının tribunasına çevrilmiş "Gənc qələmlər"in baş yazarı Ali Canip onu dərginin yazı heyətinə Əli bəy Hüseynzadənin tövsiyəsi ilə dəvət edir. Yaxud Ali Canipin yazdığına görə, "Mehmet Ali Tevfiki Əli bəylə mənim tövsiyələrimiz və mədhimiz üzərinə, Mərkəzi-Ümumi bilxassə Selanikə dəvət etdi".
Mehmet Ali Tevfik bütün hallarda "İttihad və tərəqqi"nin ideologiyasını təmsil edir. İstanbulda "Türk ocaqları"nın rəhbər heyətində olduğu kimi, Selanikdə "Gənc qələmlər"in də əsas simalarından biri odur. Amma əfsus ki, Türkiyə ədəbiyyatşünaslığında Mehmet Ali Tevfikin "Gənc qələmlər"dəki fəaliyyəti də, Yeni lisan hərəkatındakı xidmətləri də xatırlanmır. Ya da ən yaxşı halda epizodik xatırlanır. Ali Canipin əvvəldə xatırlatdığım "Yeni lisan, milli ədəbiyyat və Türkçülük mücadiləsində başda Ziya Gökalp olmaq üzrə həpimiz onun şəxsində qüvvətli bir yardımçı bulduğumuzu dərhal anlamışdıq" fikri əsaslı şəkildə şərh olunmur. Yaxud yenə Ali Canip Ziya Gökalpın "Yeni lisan ictimai türklükdə, mənəvi yurd məfkurəsində böyük bir yardımçı buldu" qənaətini xatırladır və "Gökalp bu qənaəti irəli sürərkən Mehmet Ali Tevfiki nəzərdə tuturdu" deyir, amma yenə də Mehmet Ali Tevfikin xidmətləri xatırlanmır. Buna rəğmən, harda türklüyü qorumaq lazımdırsa, harda milliyyət fikri varsa, Mehmet Ali Tevfik ordadır. 1912-ci il yanvarın 18-də Selanikdə İttihat və Tərəqqi Rıhtım Klubunda "Yeni Həyat: Mənəvi Yurd" mövzusundakı məruzəsi türk gəncliyinin fikri istiqamətinə yön verəcək təsirə malik olmuşdu. Ali Canip yazır ki, "Qayət gözəl konuşan Mehmet Ali Tevfikin yaşından bəklənməyən bir olğunluqla verdiyi bu konfransı klubun böyük salonunda binlərcə kişi dinlədi və alqışladı".
Türkcənin sadələşdirilməsi Mehmet Ali Tevfikin idealları sırasındadır. "Hədiqətüs süəda"ya, xüsusən, əsərin "Dibaçəsi"ndə Füzulinin türk dili ilə bağlı iltimaslarına Yeni Lisanın, az qala, manifesti kimi baxan Mehmet Ali Tevfik Balkan hərbi sıralarında yazırdı ki, sonradan türk qramerinə qayıtdıq. Fəqət onun qızıl kəlmələri yerinə yabançı ifadələr qoyduq. Türkcə unuduldu. Sonra türk ərəbcəsi, türk əcəmcəsi oldu. Və sonra türk fransızcası adlanan mənəvi canavara keçdik".
O, dildə sadələşmə mücadiləsinə, yeni lisan uğrunda mübarizəyə Füzulini örnək alaraq başladı... Maraqlıdır ki, "Turanlının dəftəri" kitabında Füzuli ilə bağlı bir deyil, bir neçə yazısı var. Hətta Füzuli ilə bağlı yazılarından birini "Milliyyətçiliyin müjdəçisi" adlandırıb. Sonralar Türkiyədə bu xətt davam etdirilsə də, məncə, bu, Füzuliyə türkçülük nöqteyi-nəzərindən yanaşmanın ilk örnəyidir. Özü də necə? "Füzuli bir lisan ustadıdır. Bir böyük şairdir. Alman şairi Heynedən daha sevdalı bir aşiqdir. Qüdrətli bir şeir qurucusu və gerçəkdən parlaq bir şeir ustasıdır. Bu sifətlərin yalnız biri Füzuli adının böyüklüyünü qəbul etməyə yetərlidir. Bununla bərabər böyük Bağdadlının digər bir ünü vardır ki, sahib olduğu sifətlərin hamısını unutdura bilər. Füzuli böyük bir dahi olmaqla bərabər, səmimi bir milliyyətçidir".
Mehmet Ali Tevfik, hətta Vətəni qorumağın da Füzuli düsturunu bəyan edirdi:
Verməyən canın sana bulmaz həyati-cavidan,
Zindeyi cavid ona derlər ki, qurbandır sana.
22 yaşlı Mehmet Ali Tevfik "şimdi kahrolmayan ümid yenə varlığıma həyatverici iksirini tökmüşdü. Üfüqə doğru qollarımı uzatdım və əzmkar bir səslə Füzuliyə dedim ki: "Yarın sənə türk şəhərlərinin hər birində möhtəşəm abidələr vəd edərək və önündə diz çökərək əfv diləyirəm". O, bu sətirləri 1912-ci ildə yazır. Bunu heç unutmayaq.
Xronoloji sıralamaya əməl etsək, inanmalıyıq ki, Türkiyədə XX yüzil Füzulişünaslığının əsasını Mehmet Ali Tevfik qoymuşdur. Məqaləsində də buna bir işarə vardır: "Füzuli şimdiyə qədər heç incələnmədi. Deniləbilir ki, o şeir və gözəllik dünyası bizə fəzanın dərinliyində gəzən uzaq bir günəş qədər məchuldur..." Bu qeydləri edərkən, bu yaxınlarda Bakıda nəşr olunmuş "Məhəmməd Füzuli. Biblioqrafiya" kitabına da baxdım. Türkiyə ədəbiyyatşünaslığına aid füzulişünaslıq nümunələrinin siyahısında Mehmet Ali Tevfikin 1912-ci ildə çap olunmuş və Füzuli yaradıcılığından bəhs edən "Satır zait gibi..." və "Milliyyətçiliyin müjdəçisi" məqalələri yoxdur. Hərəmiz onu bir az unutmuşuq.
(22 yaşlı Mehmet Ali Tevfikin 1912-ci ildə Füzuli barədə yazdığı məqalələrindəki üslub heyrətamizdir. "Fəzanın dərinliyində gəzən uzaq bir günəş qədər məchul" ifadəsini 1912-ci ildə kim yaza bilərdi ki?.. Hələ 19 yaşındaykən Türkiyənin ilk modern astronomlarından və ruhanilərindən Xacə Təhsinin astronomiya barədə yazdığı bir mənzuməsinin şərhinə həsr etdiyi məqaləsi Mehmet Ali Tevfikin erudit zəkasından soraq verirdi).
Mücadiləsinin əsas ideoloji məramı Rumeli torpaqlarını yenidən Türkiyəyə qazandırmaqdır. 1912-ci ildə Balkan savaşlarında bolqarlar tərəfindən işğal olunmuş Ədirnə də o sıradaydı. "Milliyyətin zirehi - Hafizə" məqaləsini tamamlayarkən yazırdı ki, "Bu konuya son vermədən öncə bu gün otuz yaşını keçən bir evli arkadaşımın dərin bir acı içində bana söylədiyi şu həyəcanlı soruyu da unutmamalıyam: "Qardaşım, bu günlərdə bir çocuğum olacaq... Əcəba, adını Ədirnə qoysam, olurmu?"
Ədirnə yalnız Ənvər Paşanın, yaxud Atatürkün hərbi zəkası ilə deyil, həm də məhz belə ədəbiyyat təlqinlərinin hesabına fəth olundu. Mehmet Ali Tevfikin yön verdiyi məfkurə, hətta uşaq ədəbiyyatını da yurdu işğaldan azad etmək naminə səfərbər etdi. Səkkiz yaşlı Pakizələr əldən getmiş yurd üçün yasa batdılar. Gəlinciklərinin paltarını dəyişib onlara qara libaslar geyindirdilər. Səkkiz yaşlı Səidlər oyuncaq gəmilərinə "Ədirnə" adını verdilər, "Bəybaba, mən admiral olacağam, düşmənlərin gəmilərini batıracağam", dedilər.
Balkan savaşındakı məğlubiyyətin acısını millətə sindirməyən Mehmet Ali Tevfik 1913-cü ildə "Turanlının dəftəri" silsiləsindən "Tanin" qəzetində dərc etdiyi "Böyük hicran" məqaləsində yazırdı: "Dünyada behişti qeyb edən bir adam varsa, bugünkü Türk gəncidir" və Mehmet Ali Tevfik türk gəncliyini behişt uğrunda savaşa hazırlayırdı...
***
Yahya Kamal Bayatlının "Siyasi və ədəbi portretlər" kitabında kifayət qədər ilginc bir məqam var. Bu barədə əvvəllər "Əli bəy Hüseynzadə" kitabımda da yazmışdm: 1915-ci ilin aprelində Canaqqalanın ardıcıl və şiddətli bombardman olunduğu, İtilaf dövlətləri (Antanta) ordularının İstanbula hücumu gözlənildiyi günlərdə Daxiliyyə naziri Tələt Paşanın təklifi ilə xalqın etimadını qazanmış ziyalılar Cəlal Sahirin Ayasofiya səmtindəki evində toplantı keçiriblər. Bu, İstanbulun gələcək taleyinin müzakirə olunduğu tarixi toplantılardan biridir. Yahya Kamalın bildirdiyinə görə, müzakirədə Tələt Paşa, Əli bəy Hüseynzadə, Cəlal Sahir, Fuad Köprülü, Yahya Kamal Bayatlı, Ziya Gökalp, Xalidə Ədib Adıvar, doktor Adnan, Ömər Seyfəddin, Yusuf Akçura ilə yanaşı, bir də Mehmet Ali Tevfiq iştirak edib. Aralarında ən kiçiyi də odur - 26 yaşı var. Nəyi müzakirə edirdilər? Əgər hökumət Anadoluya köçürülərsə, İstanbulun idarəsi bu insanlara əmanət olunacaqdı. Və toplantıda bəziləri İstanbulu tərk etməmək, bəziləri ailələrinin təhlükəsizliyi səbəbilə Anadoluya keçmək fikrini tərcih edir. Yalnız Mehmet Ali Tevfik hamının İstanbul uğrunda son damla qanına qədər vuruşmasını təklif edir.
***
Mehmet Ali Tevfikin imzasına ilk dəfə 2007-ci ildə Əli bəy Hüseynzadənin "Müxtəsər Bioqrafik Məlumat"ını oxuyarkən təsadüf etdim. Haqqında yazılmış önəmli yazıların sırasında Hüseynzadə Mehmet Ali Tevfiqin "Təsviri-əfkar"da çap olunmuş məqaləsini xatırladırdı. Sonra "Təsviri-Əfkar"da çap olunmuş həmin yazını da tapdım və "İrqin mükəmməl bir ənmüzəci" adlanan həmin məqaləni Əli bəy Hüseynzadə haqqında dərc olunmuş məqalələrin toplusundan ibarət "Milli məfkurənin atası" kitabına daxil etdim (kitabın adını da Mehmet Ali Tevfikin məqaləsindəki bir cümlədən götürmüşdüm. O, Hüseynzadəni "Milli məfkurənin validi (atası) adlandırırdı).
Sonra İstanbulda Bəyazid meydanındakı Sahaflar çarşısında Mehmet Ali Tevfikin 1914-cü ildə nəşr olunmuş "Turanlının dəftəri" kitabının nəfis bir nüsxəsinə rast gəldim və kitabı aldım. Xalidə Ədib Adıvarın 1912-ci ildə nəşr olunmuş "Yeni Turan" romanından sonra sərlövhəsində "Turan" sözünün göründüyü ikinci kitabdır (üçüncü kitabı isə Fuad Köprülü 1915-ci ildə dərslik olaraq nəşr etmişdi: "Turanlının kitabı").
Burda bir haşiyə çıxmağa ehtiyac duyuram. Hər iki əsər - istər Xalidə Ədibin "Yeni Turan" romanı, istərsə də Mehmet Ali Tevfikin "Turanlının dəftəri" kitabında toplanan yazıların bir qismi eyni illərdə "Tanin" qəzetində dərc olunub və Mehmet Ali Tevfikin məqalələri qəzetdə elə "Turanlının dəftəri" silsiləsindən təqdim edilib.
Bu mənada, yəni ictimai fikrə Turan məfkurəsinin təlqini baxımından da Mehmet Ali Tevfik çağdaş düşüncə tariximizin önəmli və örnək şəxsiyyətlərindəndir.
Mehmet Ali Tevfiki Fuad Köprülü miqyasında bir yurdsevər adlandıran görkəmli yəhudi alimi Yakob Landau "Pantürkizm" kitabında "Turanlının dəftəri" barədə bunları yazır: "Osmanlı imperatorluğunun Liviya və Balkanlardakı əsgəri yenilgisi ardından imperatorluq içindəki türk olmayan ünsürlərin milliyyətçi və ayrılmaya yönəlik üsyan və gizli çalışmalarının yaratdığı atmosfer bir çox türkü pantürkizmi son çıxış olaraq mənimsəməyə vadar etdi... Fuad Köprülü çapında yurdsevər bir türk olan Mehmet Ali Tevfik ilk olaraq 1914 yılında basılan anılarını "Turanlının dəftəri" adıyla çıxarmaqdan çəkinmirdi. M. Ali Tevfik bu əsərində bir milliyyətçinin pantürkçülükdən ziyadə indi Rumelinin gələcəyi ilə daha çox ilgilənməsi gərəkdiyi düşüncəsini işləyirdi. Bununla birlikdə o, hər zaman "kəndisinə yönəlik mərmilərə aldırmayan türk irqi" örnəyində olduğu kimi qürurlandığını göstərərək - kəndi Turan görüşünü açıqlayırdı."
Bəli, o bir turançıydı. Amma eyni zamanda onun üçün Vətən anlayışı daha geniş bir coğrafiyanı qapsayırdı. Mənzərəni aydınlatmaq və təsəvvür etmək üçün bu mülahizələri oxumaq yetərlidir: "Türklərin cənnət kimi bir yurdu olmuş. Fəqət nə yazıq ki, orda insanlıq adına yalnız fəzilətli qəlblər bulursun. Dimağlar dəmirdən bir qutu içində, idrak və şüur tərkedilmiş və nəsibsiz. O yurd şənlənmək üçün səni bəkliyor! Durma, get, Baburun, Əkbərin, Uluqbəyin Əbdülhəq Hamidin irqindən olduqlarını isbat üçün sənin feyzli təlqinlərinə möhtac olan yavrularımızın gözəllik və yüksəkliyini qafalarına yerləşdir. Bu mərd insanların diyarından bilgisizliyin qaranlığını qaldır. Uliss və Aşilin mənqəbələrinə şahid olan Çingizin, axsaq Teymurun, Türk Napoleonu Nadir şahın - Hind fatehinin cəngavərliklərini yavrulara öyrət və həyəcanlandır. Homerin məmləkəti sənin himmət və qüdrətinlə Türk yurdu olsun... " O, Ziya Gökalpın əbədi və mənəvi vətən olaraq görmək istədiyi Turanın miqyasını belə düşünürdü. Bura təkcə Türkiyə və Türküstan deyil, Balkanlar da, Krit adası da... daxil idi.
Buna görə də, Gökalpın "Türk vətəni, Türklərin oturduğu, türkcənin konuşulduğu bütün ölkələrdir" tərifinə qarşı çıxır və Gökalpa xitabən, "Böyük və əsil qardaşım, mən buna təhəmmül edəməm. Türk qanının töküldüyü hər topraq, türk vətəninin bir cüzüdür, hər damla qan orada bizim için bir haqq təsis etmişdir və o topraq bizim nəzərimizdə müqəddəsdir. İştə mənim etiqadım!" deyirdi. "Yaşadıqca fəlakətinə acıyacağım, kəndisini sevəcəyim və üstündəki sərmədi-hüququmuzdan kəndi hesabıma əsla farağat etməyəcəyim Krit ... Bu min kərə bədbəxt, min kərə sevgili vilayətimiz ... Şübhə yox ki, hələ bu gün, qardaşım Gökalp, sənin tərifinə nəzərən bir Türk toprağıdır. Fəqət iyirmi sənə zərfində oradaki türklərin nə qorxunc bir nisbəti-həndəsiyəylə azaldığını göz önünə alınca bir əsr sonra Krit toprağında artıq heç bir türk qalmayacağına hökm etmək zəruri deyilmidir?"
***
Mehmet Ali Tevfik türkçülüyün yaranma səbəblərinə aydınlıq gətirir, dominant olaraq din anlayışını da içərisində hifz edən dil birliyini önə sürür. 1912-ci ildə yazdığı bir məqalədə üç il əvvəl gördüklərini, yəni Arnavutların, ərəblərin təşkilatlandığını xatırladan Mehmet Ali Tevfik "Birdən türk düşüncəsi doğdu, qərib və kimsəsizlər kəndilərinə uzanan əli nə qədər minnətlə və səbirsizliklə sıxarlarsa, biz də ruhumuza şəfqət, dimağımıza aydınlıq vəd edən bu sevgili duyğunu o qədər sıcaq aşq ilə mənimsədik", deyirdi. O, məsələni labirintə salmır, sadə və aydın danışır: "Birdən türk düşüncəsi doğdu". Qənaətində isə israrlıydı: Milli məfkurənin validi, yəni atası Əli bəy Hüseynzadədir.
Onu İstanbulda İttihad və Tərəqqinin sıralarına sövq edən də, Selanikdə "Gənc qələmlər"in yazı heyətinə uğurlayan da Əli bəy Hüseynzadə olmuşdu.
...Yuxarıda "İntiqam şeirləri" ilə, xüsusən, "Roma" soneti ilə bağlı yazarkən, bildirdim ki, şeirin ahəngindən bəllidir ki, Mehmet Ali Tevfik onu əsəb içində yazıb. İndi bəzi məqamları əlavə etmək istəyirəm. İtalyanların Tarblüsqərbi işğal etdiyi sıralarda şair, həqiqətən, xəstələnmişdi. Bunu 1912-ci ilin payızında, yəni sentyabrın 4-də İstanbula, doktor Əli bəy Hüseynzadənin Nuri-Osmaniyyədəki ünvanına yazdığı məktub da təsdiq edir. Məktubu Çanaqqalanın (Dardanelin) təsviri olan bir kartpostalda (açıqcada) göndərib. Kartpostalın üz tərəfində yazdığı qeydlərdə bildirir ki, çox yorğun olduğum üçün İstanbulda sizə uğramadan birbaşa Çanakkalaya gəldiyim üçün əfvinizi diləyirəm: "Sevgili və muhtərəm ustadım, əsəbi hastalığım birdən-birə nüksettiğinden temmuz ibtidasında buraya ebeveynimin (ata-anamın) nəzdinə gəldim... İki aylıq bir tədavi nəticəsi olaraq əhvali-səhiyyəm hiss ediləcək dərəcədə iyiləşdi. İnşallah, yaxında İstanbula avdət edəcəyim."
Məktubdan görünən bu ki, 1912-ci ilin iyul-sentyabr aylarında Mehmet Ali Tevfik Çanaqqaladadır. Əsəb xəstəliyindən əziyyət çəkirmiş və 1912-ci ilin iyulunda xəstəlik yenidən baş qaldırıbmış. İki aylıq müalicədən sonra hiss ediləcək dərəcədə yaxşılaşıbmış...
Burda bir neçə ciddi məqama aydınlıq gəlir. Məktub 1912-ci ildə yazılıb və bu onun səhhətindəki problemlə - əsəb pozuqluğu ilə bağlı ilk yazılı qeyddir və bu hal ömrünün sonuna qədər Mehmet Ali Tevfiki təqib edib. İyirminci illərin ikinci yarısında müxtəlif diplomatik vəzifələrdə çalışdığı dönəmdə də əsəb xəstəliyi onu əldən salırdı. Hətta ölümündən 4 gün əvvəl Nyu-Yorkdan Türkiyə Xarici İşlər Nazirliyinə yazdığı məktubda da həkimlərin məsləhəti ilə uzunmüddətli istirahət etmək üçün İstanbula dönüşünə izn istəmişdi. 1912-ci ilin sentyabrında Əli bəy Hüseynzadəyə yazdığı bu məktub sübut edir ki, Mehmet Ali Tevfikin əsəblərini zədələyən Türkiyə-İtaliya müharibəsində baş verən hadisələrdir. Yuxarıda bildirdiyim kimi, "Roma" sonetindən də bu, aydın şəkildə hiss olunmaqdadır.
Məktubdan görünən bir də budur ki, Əli bəy Hüseynzadə ilə çox doğma münasibətləri varmış. Bu üslubda yalnız ən yaxın və munis adama yazırlar...
Mehmet Ali Tevfik Əli bəy Hüseynzadəyə kult kimi yanaşırdı. "Turanlının dəftəri"ndəki istər "Selanik və İzmir", istər "Yenə Rumeli", istərsə də "Layəmit Poloniya" yazılarında Əli bəy Hüseynzadəni "ustadım", "ustadi-zişanım" deyə zikr etməkdədir.
"Yenə Rumeli" yazısından: "Milli məfkurə Selanikdə doğmadımı? Əziz ustadım Hüzeynzadənin ən mühəyyic (həyəcanlandırıcı) təlqinlərinə, irşadlarına təcəlligah olan yer şimdiki "Thessaloniki" deyilmidir?"
Yaxud "Selanik və İzmir" məqaləsindən: "Milli məfkurəyi həvariyunun ən bəliğ və atəşinanə xas bir dərin qənaət və qüdrətlə təlqin edən və sağ ikən tarixə keçən böyük zümrə türklərin daimən dərin bir məftuniyyət və minnətdarlıq içində xatırlayacağı mücahidəyə Selanikdə başladı. Bu müqəddəs irşadın yalnız bir səhifəsini zikr edim. 1327 (1911) qış mövsümündə ustadım Hüseynzadə Əli bəy hörmətkar və mütəhəllik bir heyət hüzurunda altı əsrdən bəri bəklədiyimiz sözləri söyliyor. Türklərə yek bir üfüq göstəriyor, onlardan əqim və öldürücü yəsi (ümidsizliyi) alaraq yerində zində bir ümid iqamə ediyordu. Məzhəb vəz edərək əzim kütlələri xüsrandan (ziyandan) qurtaran, barmağı onlara zümürridin (yamyaşıl) feyzli bir iqlim göstərən mürşidlərin təlqinatda bulunduqları yerlər tabeləri (müridləri) üçün nə qədər qiymətli isə Hüseynzadənin unudulmaz nitqləri ilə ehtizaz edən Selanik türkləri nəzərində o qədər müəzzəzdir".
Yaxud "Layəmit Poloniya" ("Ölümsüz Polşa") məqaləsindən: "Qafqazyada, Bakıda ustadi-zişanım Hüseynzadə Əli bəyin vaxtilə nəşr etdiyi "Füyuzat" şimdi təkrar basılsa, həm mənim, həm də bir çoxumuzun məfkurəmizi uzun müddət aydınladar."
Mehmet Ali Tevfikin "Təsviri-əfkar"da çap etdirdiyi "İrqin mükəmməl bir ənmuzəci" məqaləsində Hüseynzadə barədə yazdıqları isə adi portret qeydləri deyil, türk düşüncə tarixinin xülasəsi, özətidir: "Ziya Gök Alp, ilk şüurlu milliyyət hissini Hüseynzadədən iqtibas edən zümrə içində idi... Hüseynzadəyə Yalavaç ləqəbini verən kəndisidir. ...Başladığı cihad ilə ustad, az zaman içində bir əcəm əyalətini məfkurəli və imanlı bir Türk yurdu yapdı. Hüseynzadənin Qafqazı Moskovlardan və əcəmlərdən qurtarması bir vətənpərvər üçün təhəyyül oluna biləcək müvəffəqiyyətlərin ən parlağı, hizmətlərin ən böyüyüdür. Ustad 1910 sənəsində ikinci dəfə olaraq İstanbula gəldiyi zaman bir az kəndi övladı olan məfkurə yavaş-yavaş iməkləməyə başlamışdı. Bu gürbüz yavrunun bir an əvvəl inkişafını təmin etmək lazımdı.... "Türk yurdu" ilə "Türk ocağı"nın təsisində fəal bir amil olan Hüseynzadə nevzadın (körpənin) çocuqluq və gənclik dövrlərini heyrətverici bir sürətlə adlayacaq kühalət (olğunluq) çağına gəlməsinə bütün mövcudiyyətiylə çalışanların ilk səfindədir. Milli məfkurənin validi (atası) eyni zamanda Türklüyün mükəmməl bir ənmuzəcidir (örnəyidir)".
***
Fransız, ingilis, alman, italyan və rus dillərində sərbəst danışırdı.
Fransız dilində çıxan qəzetə redaktorluq edirdi, Amerika mətbuatında ingilis dilində məqalələr yazırdı.
Fransız şairi Alfred de Müsse və ingilis şairi Alfred Tennisonun yaradıcılıqlarını müqayisəli ədəbiyyatın predmetinə çevirirdi...
Çağdaş türk ədəbiyyatı klassiklərinin, məsələn, Ömər Seyfəddinlə Əhməd Haşimin yazışmalarında adı etibar ediləcək fikir adamlarından biri kimi keçir.
"Həyat və Hatiratım" əsərinin müəllifi Rza Nurun təbiycə, Mehmet Ali Tevfik "pək namuslu, pək tərbiyəli, alim, gözəl fransızca və ingiliscə bilən, iyi mühərrir"dir. Ali Canip də elə düşünür və "Əski bir türkçü: Mehmet Ali Tevfik" məqaləsində yazır: "Mehmet Ali Tevfik xalis bir milliyyətçi idi. Hər xalis milliyyətçi kimi, o da şəxsi davalardan uzaq, mütəvazi, göstərişsiz, fəqət mütətəbbi (araşdırıcı) bir adamdı. Bizim məmləkətdə fransızcanı ən iyi bilənlərdən biri də o idi".
***
İyirminci illərin ikinci yarısından başlayaraq o, diplomatik vəzifələrdə çalışdı. Türkiyənin Vyana, Buxarest, Moskva səfirliklərində baş katib, Nyu-Yorkda baş konsul vəzifələrində işlədi. Türkiyənin Rumıniyadakı səfiri və zamanında Türk Ocaqlarının başqanı və Türkiyənin Təhsil naziri olmuş yazıçı Həmdullah Sübhi "İyirmi ildən bəri tanıdığı, sevdiyi və hörmət etdiyi" Mehmet Ali barədə Buxarestdən Türkiyənin Xarici işlər naziri Tevfik Rüştüyə yazırdı: "Mehmet Ali Tevfik bəy burada qayət müsaid bir xatirə buraxmışdır. Çalışqanlığı, dürüstlüyü, işlərə vüqufu, uzun bir araşdırmaçı həyatının kəndinə vermiş olduğu elmi ləyaqət rəsmi və əcnəbi heyətlər qədər, səfarətdəki arkadaşlarının nəzərində də onu möhtərəm və əziz qılmışdır".
***
İlk kitabı 22 yaşında 1914-cü ildə çıxıb. Üstündən 111 il keçib. Osmanlı imperiyası çöküb, 101 ildir ki, Türkiyə Cümhuriyyəti yaranıb. İkinci kitabı, yaxud külliyyatı hələ də yoxdur. "Türk Ocağı"nın qurucularından olan, türk milli düşüncəsinin təşəkkülündə və daha da dərinləşməsində böyük xidmətlər göstərmiş Mehmet Ali Tevfikin külliyyatını hazırlayıb nəşr etmək doğrudanmı, bu qədər çətindir?
***
Mehmet Ali Tevfik XX yüzilin əvvəlləri türk düşüncəsi, ədəbiyyatı və diplomatiyasının ən önəmli simaları sırasında tədqiq və təqdim olunmalıdır. Onu unutmaq fikir həyatımızın ciddi kəsiridir...
14 sentyabr 2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!