Əsrin o tayından keçmişin izləri bugünün aynasında - Mətanət VAHİD

Milli mətbuat-150

Mətanət VAHİD

 

 

Hər səhifəsində tarixin izlərilə birgə zamanın ruhunu qoruyan mətbu orqanların transliterasiyası yaddaşa qayıdış, xatirələri diri saxlamaq cəhdi, uzun illər öncə yazılmış məktubu bu günün oxucusuna ünvanlamaq istəyidir. MİMTA Fondunun həyata keçirdiyi işlər də bu mənada, bir növ, mənəvi diriltmə aktıdır. Milli mətbuatımızın 150 illiyi ərəfəsində "Dirilik" məcmuəsinin transliterasiya edilmiş toplusu fondun layihəsi əsasında MİMTA Yayımlarında (BP şirkətinin dəstəyi ilə) nəşr olundu. Fondun əməkdaşları Muxtar Cəfərli, Vüqar Mirzə və Əsəd Aslanoğlu tərəfindən transliterasiya edilmiş topluda 1914-1916-cı illər arasında nəşr olunan "Dirilik" dərgisinin bütün (28) nömrələri əksini tapıb.

Jurnalı vərəqləyib tarixə toxunduqca anlayırsan ki, zamanın hadisələri\olayları keçmiş ümmanına qərq etməyə gücü yetsə də, ideyalar yaşayır. "Dirilik" və onun kimi daha öncə bugünkü oxucu üçün əlyetən ola bilən qəzet və dərgilər bir millətin mənlik şüuruna varmaq yolunda necə təlatümlər yaşadığını, hansı intellektual suallar və mənəvi sınaqlarla qarşılaşdığını əks etdirməsi baxımından mühüm əhəmiyyətə malikdir.

"Dirilik" jurnalı dövrün ictimai-siyasi fikrini əks etdirmək və ədəbi prosesdə iştirak etməklə xalqın milli kimliyini dərk etməsi, hüquq və azadlıqlarının fərqinə varması üçün maarif ocağı və tribuna kimi, mətbuat tarixində özünəməxsus rola malikdir. Toplunun rəyçisi Mətbuat Şurasının sədri Rəşad Məcid ön sözdə məcmuəni "dövrün ictimai-siyasi düçüncəsini, maarifçilik və milli dirçəliş ideyalarını "dirildən" aparıcı platformalardan biri" adlandırır. Odur ki, yüz on bir il öncəki dövrün ruhunu, ziddiyyətlərini və aydınlarının səsini bizə çatdıran "Dirilik" dərgisinin transliterasiya edilərək müasir oxucuya təqdim olunması elmi və mənəvi baxımdan əhəmiyyətli hadisədir.

İctimai-mədəni tərəqqi ideyalarının yayılmasında mühüm rol oynamış "Dirilik" jurnalı Birinci Dünya müharibəsinin ən ağır dönəmində xalqın siyasi şüurunu formalaşdırmaq, milli varlığını qorumaq və istiqlalı uğrunda ideoloji zəmin yaratmaq missiyasını üzərinə götürmüşdü. Türk düşüncəsinin ictimai-siyasi tribunası olan jurnalın səhifələrində Əliabbas Müznib (mühərrir), Məhəmməd Əmin Rəsulzadə, Əbdülxalıq Cənnəti, Əli Səttarlı, Cəfər Cabbarlı, Abid Mətləbzadə, Əliağa Vahid kimi onlarla digər qələm sahibinin yazıları dərc olunurdu. Ə.Müznibin birinci nömrədə dərc olunmuş proqram xarakterli "Məqsədimiz" məqaləsində jurnalın əsas amalı açıq ifadə olunmuşdu: milləti ölüm-dirim mübarizəsinə səsləmək, xalqı tarixi imtahanlardan nəticə çıxarmağa və diriliyə, fiziki və mənəvi varlığını qorumağa çağırmaq. Bu çağırış publisistik yazılarda olduğu kimi, ədəbi-bədii nümunələrdə də əksini tapırdı.

Məcmuənin əsas yazarlarından olan Məhəmməd Əmin Rəsulzadənin "Dirilik nədir?" məqaləsi milli dirçəlişin ideoloji bəyannaməsi, müəllifin milli şüur konsepsiyasının proqramı kimi qəbul olunur. "Milli dirilik" silsilə məqalələrində də millətin yaşaması üçün ilk növbədə, siyasi və mənəvi gücə ehtiyacı olduğunu vurğulayan M.Ə.Rəsulzadə göstərirdi ki, mədəniyyət bəşəriyyətin təbiətlə apardığı mübarizədən qazanılan qənimətdir. Ancaq bu qənimətdən yalnız bacarıqlı, tərəqqipərvər, öz amalına sıx birləşən millətlər faydalana bilirlər. Qüvvətsiz, ölgün fikirlərlə yaşayan xalqlar isə başqalarının tərəqqisindən asılı qalır, onların nemətlərinin "rizəxarı"na çevrilirlər: "Bəncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə o yekuna xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə edir ki, bir millətin ölməsi və yaxud ölkün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil edir." (16 sentyabr, 1914, №1)

"Dirilik" məcmuəsi səhifələrində M.Ə.Rəsulzadənin millət, dil, din və beynəlmiləlçilik barədə fikirləri ardıcıl şəkildə işıqlandırılırdı. Müəllif bu anlayışın iki mənasından bəhs edərək, imperiya içində xalqların assimilyasiyası kimi başa düşülən beynəlmiləlçiliyi kəskin tənqid edir, ümumbəşəri mədəniyyətə öz töhfəsini verməyi isə müdafiə edirdi. Bu yanaşma milliliyi qoruyaraq da dünya mədəniyyətinin ayrılmaz tərkib hissəsi olmağın mümkünlüyünü göstərirdi. Rəsulzadəyə görə, bir millətin ölməsi (yaxud ölgünləşməsi) yalnız onun bədbəxtliyi deyil, həm də bəşəriyyət üçün böyük nöqsan və itki deməkdir.

"Dirilik" məcmuəsinin ideya məkanında dil məsələsi də xüsusi yer tuturdu. Bu barədə də aparıcı fikrilər yenə M.Ə.Rəsulzadəyə aid idi. O yazırdı ki, dil millətin həm zahiri, həm də batini varlığını ifadə edən əsas ünsür olduğu üçün milləti məhv etmək istəyən siyasətlər, ilk növbədə, onun dilinə hücum edirlər. Bu baxımdan müəllif milli dilin qorunması, lüğətlərin tərtib edilməsi və xalq ədəbiyyatı nümunələrinin toplanılıb elmi surətdə işlənməsini milli tərəqqinin vacib şərti sayırdı.

Din məsələsinə gəlincə, Məmməd Əmin Rəsulzadə ona böyük mədəni qüvvə kimi baxsa da, dini avamlıq və xürafatla qarışdırmağın əleyhinə idi. O, islam aləminin tərəqqidən geri qalmasını məhz dinin sağlam mahiyyətindən uzaqlaşması ilə izah edir, islah olunmuş, milliliyi boğmayan dini isə mühüm tərəqqi amili hesab edirdi. Belə bir din, onun fikrincə, həm mədəniyyəti zənginləşdirə, həm də millətin diriliyinə xidmət edə bilərdi.

"Dirilik" məcmuəsində, demək olar, ən sanballı məqalələrin müəllifi olan M.Ə.Rəsulzadənin imzasını on altıncı saydan etibarən, təəssüf ki, görə bilmirik. 15-ci nömrədə Lermontovun "İsmayıl bəy" poemasının tərcüməsi "bitmədi" qeydi ilə verilsə də, elə bununla da bitir. Səbəb "Dirilik" səhifələrində kəskin tərəqqi və istiqlal mövzulu mətnlərin yer alması idi. Söz azadlığının "Dirilik" məcmuəsinə verilən "limiti" tamamlanır və jurnal cərimələnir; beləcə, sözünün kəsəri də demək olar, yoxa çıxır.

Həmin dövrün ictimai fikrində "hürriyyəti-nisvan" - qadın azadlığı problemi də xeyli aktual idi və tək-tək nümunələrin simasında Azərbaycan qadını öz hüquqları uğrunda mübarizə aparırdı. Bu mübarizənin ilk vasitəsi isə əlbəttə, mətbuat idi. Mütərəqqi ideyalar yayan dərgi və qəzetlərdə bəzi aydınlar qadın haqlarının müdafiəsinə həsr olunmuş yazılarla çıxış edir, problemi göstərməklə yanaşı, həlli istiqamətlərini də nişan verirdi. Qadın məsələlərindən daha çox elə qadınlar özləri bəhs edirdilər.

Şəfiqə xanım Əfəndizadə mətbuat səhifələrində, o cümlədən "Dirilik" jurnalında qadının hüququnu, şərəf və ləyaqətini müdafiə edən publisist idi. Azərbaycan qadınlarının ictimai statusu və məişətdəki durumu ilə bağlı fikrilər yürütdüyü məqalələrində Şəfiqə xanım həmcinslərinin problemlərini üzə çıxarır və onlara doğru yol göstərməyə çalışırdı. Məsələn, "Dirilik" jurnalının üçüncü nömrəsində (16 oktyabr, 1914) "Türk dili müəlliməsi: Şəfiqə Əfəndizadə" imzasıyla yazdığı "Dirlik və varlıq qadınlar ilədir" başlıqlı kiçik yazısında yenicə fəaliyyət göstərən mətbuat orqanının adı və amalından yola çıxaraq tərəqqi səbəblərindən biri kimi "qadınlığın diriliyi"ni önə çəkir. Məqalənin ideya və bədii yükünü şişirtməkdən uzağam, çünki mətndə bir qədər deklamasiya və tavtologiyaya yol verilir. Amma dövrün yazı və fikir təcrübəsi kontekstindən yanaşanda bunu normal qəbul etmək olar. Müəllifin "...dirilik və varlığın bəqası qadınlardır" cümləsi ilə yekunlaşan mətninin ana fikri isə evdar olsa belə, qadınlara təhsilin vacibliyini vurğulamaqdan ibarətdir: "Qadınlıq yüksəlmədikcə milliyyət tənəzzül edər. Hər qadına diriliyin və varlığın həqiqətinə vaqif olmaq lazımdır."

Şəfiqə Əfəndizadənin jurnalın yeddinci sayında işıq üzü görmüş "Qadınlarda dirilik və nöqsanat" adlı digər məqaləsində məsələlərə daha konkret yanaşma sərgilənir. Məqalənin başlanğıcı sanki hansısa bir fikrin davamı kimi səslənir: "Bu halda yaşamaqda olduğumuz şəhər və kəndlərdə həmcins qadınlarımızın tutmuş olduğu mövqe və hallarına, ictimai işlərinə və məişətlərinə diqqət gözü ilə baxacaq olursaq, bir çox nöqsanlarımız vardır ki, bu hal cümləyə məlumdur." Beləcə, öncə qadınların təhsil məsələsinə münasibətdə irəliləyiş olduğundan ümidlə bəhs edən publisist bunun yetərli olmadığını da ürək ağrısı ilə qeyd edir. Bu məqaləni yazmaqda məqsədinin qadınlar arasında milli ruh, milli dil və milli tərbiyələrinə dəyən zərərin qarşısını almaq olduğunu vurğulayır.

Qadınları məişətdə daha fəal görmək istədiyini bildirərək mütləq hansısa peşəyə yiyələnməli olduqlarını, küçələrdə dilənçilik etməkdənsə xidmətçiliklə dolanmalarını tövsiyə edir. Dil məsələsindən bəhs edərkən müəllifin mövqeyi daha da kəskin xarakter alır: "Ancaq təəssüf ediləcək hallarımız daha çoxdur. Bunlar da bəzi xanımlarımızın əlbisə cəhətiylə "moda"ya tabe olduqları kimi, qəlbən, ruhən dəxi milli lisanlarını tərk edib əcnəbi lisanında qonuşmalarıdır. Böylələrinin külfətləri arasında öz ana dilləri büsbütün unudulub tərk olunmaqdadır. Bu kimi rəftar böyük şərafət hesab edilib, aşağa dərəcədə olanlara həqarət gözü ilə baxmalarıdır. Hələ əziz övladlarını, istər qız, istər oğlan, milli dil, milli tərbiyə ilə dimağını qüvvətləndirəcəkləri yerdə, biləks, daha dil açmamışdan əcnəbi mürəbbiyyələrin qucaqlarına təslim edirlər.

Böylələri böyüyəndə tamamən öz dillərindən bixəbər qalırlar. Bu hal, bu gedişlər yavaş-yavaş bir çox ailələrdə dilimizin tərk olduğu görünməkdədir ki, bu da ürəfa xanımlarımızın nöqsanıdır." (16 dekabr, 1914)

Jurnalda qadın mövzusuna diqqət ayrılması xüsusən qadın oxucuların ürəyindən idi. Məsələn, Şəfiqə xanımın elə bu məqaləsinin ardınca qəzet kiçik bir arayışla Səltənət Səhiyyə Axundzadə adlı oxucunun redaksiyaya məktubunu yerləşdirmişdi. "Möhtərəm Müznib əfəndi!" müraciəti ilə başlayan məktubda oxucu "İşıq" məcmuəsini biz kəmali-iştiyaq ilə oxuyurduq. Və güman edirdik aləmimizi nurlandıran Günəş işığı nə qədər kəsbi-bəqa edərsə, aləmi-nisvana doğan "İşıq" məcmuəsi də o qədər davam edəcək" deyə, qəzetin bağlanmasından ürək ağrısı ilə bəhs edir. Məcmuənin bəqasını düşünüb onu müavinətlə təmin etmədikləri, fəaliyyətinin davam etməsi üçün çalışmadıqları barədə özlərini qınayır. İndi "Dirilik" dərgisinin qadın mövzusuna müraciətini təqdir edərək xahiş edir ki, hər sayda iki səhifə qadınlara ayrılsın. Qəzetdə buna bənzər başqa nümunələr də yer alır və bütün bunlar o vaxt mətbuatın bir nəfəslik, bir işıq mənbəyi olduğunu aydın nümayiş etdirir.

"İşıq" məcmuəsi yada düşmüşkən, qeyd edim ki, MİMTA iki il öncə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihə əsasında mətbuat tariximizin ilk qadın nəşri olan "İşıq" qəzetinin 47 nömrəsinin transliterasiya olunmuş toplusunu da nəşr edib. 1911-ci ilin yanvarında işıq üzü görən "İşıq" qəzeti də qadın azadlığı ideyasının mətbuatdakı təzahürü idi. Nəşrinə hüquqşünas və publisist Mustafa bəy Əlibəyov rəhbərlik etsə də, qəzetin əsas siması həyat yoldaşı - təhsilli və maarifpərvər qadın olan Xədicə Əlibəyova idi.

Qəzetin üz qabığında təsvir olunan uşağı günəşə doğru aparan çadralı qadın rəsmi maarif və elmin gələcək nəsillərin azadlığı və xoşbəxtliyi üçün yeganə yol olduğunu rəmzləşdirirdi. "İşıq"ın səhifələrində qadınların cəmiyyətdəki yeri və maarifçilik ideyaları, xüsusən də təhsil məsələləri üstünlük təşkil edirdi.

Xədicə Əlibəyova öz yazılarında qadının təhsilsizliyini millətin geriliyinin əsas səbəbi kimi qiymətləndirir, savadsız anaların övladlarını düzgün tərbiyə edə bilməyəcəyini vurğulayırdı. Bununla belə, qadınların kişi ilə tam bərabər hüquqlara sahib olması məsələsində daha ehtiyatlı mövqe tutur, ailədə kişinin əsas söz sahibi olduğunu yazırdı. Bu yanaşma onları qatı din xadimlərinin nifrətindən qismən qorusa da, qəzetə qarşı təzyiqləri tam aradan qaldıra bilmədi. Əlibəyovlar isə öz növbəsində, ittihamlara cavab verir, qəzetin fəaliyyətini həm qadınların hüquqlarını müdafiə etməyə, həm də dini dəyərlərə ziddiyyət yaratmamağa yönəltdiklərini bildirirdilər. Bəzi ruhanilər hətta minbərdən "İşıq"ı oxumağı günah elan edir, oxucuları hədələyirdilər. Nəticədə, qəzet abunəçi və müəlliflərini itirməyə başladı.

"İşıq"ın ən böyük dayaqlarından biri qəzetin fəaliyyətini açıq şəkildə müdafiə edən Axund Molla Ruhulla Məhəmmədzadə idi. Lakin onun faciəvi şəkildə qətli ilə qəzet ən güclü himayədarını itirdi. Nəhayət, 1912-ci ilin aprelində "İşıq" son nömrəsini dərc edərək bağlanmaq məcburiyyətində qaldı. Ömrünün qısalığına rəğmən "İşıq" qadınların səsini mətbuat vasitəsilə ictimaiyyətə çatdıran ilk platforma kimi, Azərbaycan qadın hərəkatı tarixində dərin iz buraxdı. Tam mətni Siyasi sənədlər Arxivi tərəfindən 2020-ci ildə çap edilən məcmuənin MİMTA tərəfindən transliterasiyası da mətbuat tarixinin incəliklərinə bələd olmaq istəyən geniş ictimaiyyət üçün dəyərli töhfə oldu.

"Dirilik" məcmuəsinə gəlincə, burada "Tənqid qismi" adı altında ədəbi tənqidi mətnlərə yer ayrılması da diqqəti cəlb edir. Xüsusən, üç və dördüncü saylarda Tiflisdən Mahmud adlı bir şəxsin "Ədəbiyyat məcmuəsi" ilə bağlı tənqidi mülahizələrinə 11, 13 və 16-cı nömrələrdə ətraflı cavab və şərh verməsi məsələlərə spontan, başdansovdu yanaşılmadığını, nəzərdə saxlanıldığını göstərir.

"Dirilik" yalnız ideoloji və ədəbi yazılarla kifayətlənmir, tarixi sənədlərə də yer verirdi. Məsələn, rus imperiyasının dünyaya hökmranlıq planlarını açıq göstərən "Rusiya imperatoru Böyük Pyotrun vəsiyyətnaməsi" də burada çap edilmişdi. Belə materiallar xalqın tarixi yaddaşını oyadır, müstəmləkə siyasətinin mahiyyətini açırdı. Xatırladaq ki, jurnal bütün bunları çar senzurasının sərt təzyiqləri altında həyata keçirirdi. Müharibə illərində qəzet və jurnalların yazıları senzor tərəfindən yarıbayarı silinirdi. Belə şəraitdə açıq şəkildə türkçülük və milli varlıq ideyalarını təbliğ edən "Dirilik" məcmuəsinin mövcudluğu böyük bir qəhrəmanlıq idi.

Milli mətbuat tarixində ədəbi-məfkurə mərkəzinə, ideya laboratoriyasına çevrilən orqanlarda yetişən fikirlər sonradan Azərbaycan Xalq Cümhuriyyətinin elmi-nəzəri dayaqlarına çevrildi. "Dirilik" Əliabbas Müznibin məşhur "Mətbuatın kəlamı, əsrin kəlamı olmalıdır" prinsipinə sadiq qalaraq qısa fəaliyyəti ərzində dərin iz və böyük irs qoydu.

Milli dirilişin simvolu kimi, "Dirilik" məcmuəsi səhifələrində səslənən fikirlər, yazılan şeirlər, dərc olunan sənədlər Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasına, öz varlığını dərk etməsinə xidmət etdi. Bu gün də həmin jurnal tariximizin çətin, lakin şərəfli bir dönəmində azad fikir, milli kimlik və istiqlal mübarizəsinin parlaq nişanəsi olaraq qalır.

Mətbuat zamanının aynası, gələcəyin yaddaşıdır. "Dirilik" məcmuəsinin səhifələrində dövrün mədəni mənzərəsini əks etdirən elanlar da xeyli maraqlıdır: açılan, fəaliyyətinə xitam verilən mətbuat orqanları, nümayişi nəzərdə tutulan teatr tamaşaları, yayılan xəstəliklər və onlara əlac olan dərmanlar haqda qısa bilgilər, dünyanın hər yerindən xəbər verən materiallar, bir sözlə, ötən əsrin əvvəllərində Vətənimizin və demək olar, ünü yetdikcə bütün dünyanın ədəbiyyatı, mədəniyyəti, siyasi düşüncəsi ilə yanaşı, məişətinin nə ilə nəfəs aldığı barədə də təsəvvürümüz olmasına imkan yaradır.

Milli mətbuatımızın 150 illiyində "Dirilik" kimi mətbu orqanların transliterasiya edilərək bugünkü oxucuya təqdim olunması təkcə elmi araşdırma üçün mənbə deyil, həm də mənəvi yaddaşın dirçəldilməsi aktıdır. Hər səhifəsində zamanın ruhunu yaşadan, xalqın kimlik axtarışlarını, ideoloji çarpışmalarını, maarifçilik səylərini əks etdirən bu nəşrlərin transliterasiyası həm də tarixlə canlı təmasa girmək, bir əsr öncənin səsini bu gün eşitmək imkanıdır. MİMTA Fondunun həyata keçirdiyi bu missiya milli irsin qorunması, gələcək nəsillərə ötürülməsi baxımından əvəzsizdir. Çünki mətbuat - bir dövrün güzgüsü, millətin səsi, tarixi yaddaşın yazılı şəklidir; həmin yaddaşı diri saxlamaq isə gələcəyin sağlam təməllərə söykənməsi deməkdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!