Cavanşir YUSİFLİ
"Qadın şairlər" ifadəsi fikrimizcə, səhvdir, həm də kökündən, çünki şeirin özü qadın "cinsindədir". Dəqiqləşdirək, fransız dilində poeziya (poesie) qadın cinsində, şeir (poeme) kişi cinsindədir. Bayatılarda da şeir fəsli sevişməni (...yemiş bülbül bağrını...), gözəlliyə heyranlığı və ondan ilham almaq anlamına gəlir. Yəni, qadın şeir yazmaya da bilər... Ancaq və lakin qadın şeir yazırsa, demək, dünyada nələrsə düz getmir, daşlar yerinə oturmur və iztirab, çəkiləsi əzab həddindən artıqdır, iztirab dağ oynadır yerindən...
Bu barədə irəlidə, şeirin özündə, həm bir modernist şairin...
Qadın şair hər şeydə sevgi görən, hər şeyi sevgiyə doğru çəkən varlıqdır. Məsələn, Marie Uguay, görün nə deyir:
Yazmaq dərk etmək, bilmək vasitəsidir. "Dərk etmək" və "bilmək" sözünün məhvərində "doğmaq" anlamı var. Heç vaxt barışmaz və hökmran olmayan, lakin həmişə spekulyativ olan biliyin reallığında daim doğulmaq. Ömrünü dildə və dil vasitəsilə çoxaltmaq, sanki hər şeyin getdiyi, hər şeyin daim geri döndüyü bir yerdə yaşamaq xülyası var. Xəyalların avtobioqrafik tərəfini dərinləşdirmək cəhdi... Bu, dəli sevginin başqa bir formasıdır.
Qadın şair dünyanı saran iztirabı, əzab və işgəncəni ilkin hiss edir və mükəmməl şəkildə ifadə edir, elə bir formada ki, kimsə onu bu şəkildə görə və hiss edə bilməz.
Məsələn, Svetayeva kimi: "Doğuşdan, insan çevrəsindən, cəmiyyətdən kənarda qalmışam (...) Bəlkə də Mən Həyatın özüyəm. ...Mən kim olduğumu bilirəm: ruhun rəqqasəsi (Odda yaşayan) ...."
Sonra, Ana Axmatova:
Xalıtək sakitdi boy atdığım yer,
Əsrin gəncliyində keçdi uşaqlıq.
Deyildim heç kəslə o vaxt qılıqlı,
Bilirdim nə deyir amma küləklər.
Kişi bunu uydura bilər, amma qadın şair küləyin dilini, dediyi sözləri dərindən hiss edir, bilir ki, külək qəddarlığın dilidir, sevginin kökünə vurulan baltanın ağzından əsir bəzən...
Daha sonra, Nadia Tueni, livanlı frankofon şair.
Nadia Tueni gözəllik, kədər və ruh şairi idi. Qızının faciəli şəkildə ölümü şeirlərinə heç zaman silinməyən matəm rəngini qatdı, şeirlərinin lirik axarı başqa istiqamətdən göründü. Bu andan etibarən o ruhun hiss edilməsini bilmək üçün üfüqlərə baxmalıydın, çünki məhz üfüqlərə baxdığın zaman dərdli qadın qəlbinin matəminin ordan çay kimi axdığının şahidi ola bilərdin. Mətnlərinin birində bu da var:
Yuxuma çaylar girir, tərsinə axan çaylar,
Ölüləri evinə gətirən çaylar,
Bir də dağlar
Durduqları yerdən yıxılmırlar, diz çökmürlər,
Sadəcə xatırlayırlar...
Bu isə dəhşətdir...
Karin Boye - İsveç şairi, ümidsizliyin və gücün ifadəsini kimsə onun qədər hiss edilən formada verməyib.
Dünyanı, onun içindəki zalımlığı, sehri, gücsüzlük və mərhəməti rəssam fırçasının füsunkar zərifliyi ilə təsvir edirdi. Və deyirdi:
...Amma dibində böyük bir ədalət gizlidir şeylər...
Hamımızın gözlədiyi mərhəmət var -
heç kimin qarət etməyəcəyi bir hədiyyə...
Onun haqqında gözəl bir cümlə də yazılıb: İsveç dilinin ruhuna yeni bir səs qatıb. Dildə, istənilən lisanda səsləri qadınlar yaradır. Nəhəng dəryanın suyuna damızdırılan bir damcı mərhəmət, bir damcı sevgi...
Küləklərlə bağlı:
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
Nigar Rəfibəyli
Dünyanın ən hüznlü, ən kədərli şeirini də onlar yazır:
Qızım, paltarını yığ, yığış, gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.
Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.
Rəbiqə
Modernist şair - Kathleen Raine: anası şotland, atası ingilis, özü şair və alim... bəli, Ketlin Cessi Reyn Kembric Universitetinin Girton Kollecində təhsil alıb. Əsərində elm və mistisizmin kəsişməsini araşdıran uzaqgörən şair Reyn öz əsərində Yunq psixologiyası və neo-Platonizm elementlərini birləşdirdi.
Misirli Andree Chedid poeziya haqqında nələr deyir? Bu sözləri yalnız qadın deyə, ifadə edə bilər; əlbəttə, poeziya haqqında.
"...Poeziyada heç nə bitmir. Hər şey əbədi yol üstədir. Başqa zamanlarda, başqa şərtlər daxilində, başqa uçurumlar qarşısında poeziya sevgi kimi özünü hər şeyin fövqünə qoyur. Məgər bizim özümüz ən yüksək dərəcədə poetik varlıqlar deyilikmi? Kim bilir, hardan gəlir, hansı sona doğru gedirik? Tale hiss edilən nəsnədir, əllə toxunsan, yanıb kül olarsan bircə anda. Bu sirri kim formalaşdırıb? Tanrımı, insanlarmı? Bilinmir... Bizi bir ağac kimi yerlə göy arasında, köklərlə yaradılışlar, xatirələr və uydurmalar arasında saxlayan bir şey var - poeziya, həyatın içindəki sehr..."
Amma cavab var, həm də sual altında, sual şəklində:
yuxuda göy rəngli,
qısaqol kişi köynəyi görmüşəm,
ipdən asılı...
günün altında
qurumuşdu tamam,
təkcə yaxası islaqdı...
hardasan, ay yuxuyozan?
Bir də:
yalnız gedəndən sonra
baxdım izinə -
batacağım qədər
dərinmiş, demə...
Jalə İsmayıl
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!