Azərbaycan ədəbiyyatşünaslığında, nəzəri fikrində müstəqillik baxışı formalaşdıran, XX əsrin əvvəlləri ziyalılarımızın milli tərəqqi yolunda fədakar mübarizə əzmini XX-XXI əsr qovşağında əzmlə davam etdirən alimlərimizdən birinin, tələbələrinin, doslarının qəlbində monumental obrazını yaradan Hüseyn Həşimlinin yer üzünə gəlişindən 60 il keçir. Hüseyn müəllimin elmi tədqiqatları ədəbiyyatşünaslığın fərqli istiqamətlərinə aid olsa da, əsas dayaq nöqtəsi ədəbiyyat nəzəriyyəsidir. Alimin ədəbiyyat nəzəriyyəsinə həsr olunmuş tədqiqatları, əsasən, aşağıdakı problemləri əhatə edir:
- Ədəbi cərəyanlar
- Poetik forma, janr
- Nəzəriyyə tarixi.
O, "Azərbaycan ədəbiyyatında sentimentalizm" (bu mövzuda fəlsəfə doktorluğu dissertasiyası 1998-ci ildə müdafiə olunmuşdur) mövzusunda tədqiqata başlayarkən ədəbiyyatşünaslığımızda həmin cərəyanın mövcud olub-olmaması mübahisəli məsələ idi. Hüseyn müəllim sentimentalizmi Qərbdə öz təsdiqini tapmış fəlsəfi-estetik hadisə kimi dəyərləndirməklə bərabər, milli ədəbiyyat ənənələrimizlə sintezləşməsi, Şərq qaynaqları, üslub rəngarəngliyi, əsas təmsilçilərinin müəyyənləşdirilməsi kimi problemləri əhatə edən çoxplanlı bir əsər yazıb təqdim etdi. Aşağıda adları göstərilən fəsillər tədqiqatın aspektləri haqda müəyyən təsəvvür yarada bilər:
- Azərbaycan sentimentalizminin qaynaqları və təşəkkülü ərəfəsi;
- Azərbaycan ədəbiyyatında sentimentalizmin təşəkkülü və inkişaf problemləri;
- Azərbaycan sentimentalizminin poetikası.
Dissertasiya təkcə sentimentalizmin öyrənilməsi ilə məhdudlaşmır, eyni zamanda, Azərbaycan ədbiyyatında hər hansı cərəyanın varlığını sübut etmək üçün diqqət edilməli cəhətlərə aydınlıq gətirilir; cərəyanlarla bağlı yazılacaq yeni tədqiqatların modelini müəyyənləşdirir. Fəsillərin ayrıldığı yarımbaşlıqlarda ədəbi cərəyanın ilkin elementlərinin qaynaqlarda müəyyənləşdirilməsi, təşəkkülünü şərtləndirən amillər, təmsilçilərinin ədəbi görüşlərinin bədii və publisistik yaradıcılıqlarında əksi, nəsr, dramaturgiya, poeziyada təzahürü, ədəbi qəhrəman, üslub, janrlar kimi problemlər tədqiq olunur. Bu elmi əsərlə Hüseyn Həşimli təkcə sentimentalizmin Azərbaycan ədəbiyyatında varlığı məsələsini aydınlaşdırmadı, həm də o vaxta qədər ya adı məlum olmayan, ya da haqqında çox az məlumat verilən sənətkarların yaradıcılığı ilə bağlı informasiyaları arxiv araşdırmaları ilə təqdim edərək ədəbiyyatşünaslığımızı zənginləşdirdi.
Hüseyn müəllimin sentimentalizm haqqında monoqrafik tədqiqatı ilə tanışlıq insanda qəribə bir ovqat oyadır. Sentimentalizm üçün xarakterik olan hissiyyat, nisgil, ayrılıq elə bil bu cərəyana xas Azərbaycan yazıçılarının taleyinə yazılıb. Əksəriyyəti ədəbiyyat tarixindən uzaq qalmışdı. Professor Hüseyn Həşimli ədəbiyyat tarixində onlara haqq etdikləri yeri qazandırdı. Sentimentalistlərlə elmi yaradıcılığa başlayan Hüseyn Həşimli elə onların yaradıcılığı üzərində apardığı tədqiqat, unudulmuşları ədəbi-elmi mühitə qovuşdurmaq üçün çalışmaları ilə bu dünyaya əlvida dedi. Sonuncu işləri də onlardan birinə, Ələkbər Qəribə həsr olunmuşdu. Ələkbər Qərib haqqında yazdığı monoqrafiyanı bitirməsinə və onun əsərlərini toplayıb çapa hazırlamasına baxmayaraq onların nəşrini görmək özünə nəsib olmadı.
Azərbaycan sentimentalizminə həsr olunmuş dissertasiya işi məhəlli xarakter daşımır, burada qaldırılan problemlər, beynəlxalq səviyyədə nəzəriyyə üçün əhəmiyyətlidir. Cərəyanlar içərisində sentimaentalizmin yeri və mövqeyi məsələsi nəzəriyyədə həllini tapmamışdır. Həmin səbəbdəndir ki, ədəbi cərəyanların təsnifatına aid bir çox qaynaqlarda sentimentalizmin adı çəkilmir. Onu müstəqil ədəbi cərəyan və ya romantizm öncəsi, preromantizm kimi dəyərləndirənlər də var. Məsələn, romantizmin klassizmdən ayrılma, keçid dövrünü Rene Vellek preromantizm kimi səciyyələndirir. Hüseyn Həşimli sentimentalizmdən ayrıca bir cərəyan kimi bəhs edir, eyni zamanda onun romantizmlə kəsişdiyi məqamı da göstərir; onların metod, tip müstəvisində birləşdiyini göstərən müddəa ilə çıxış edir.
"Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar" elmlər doktorluğu dissertasiyası ədəbi-nəzəri fikir tariximizdə özünəməxsus yeri olan çox əhəmiyyətli elmi əsərdir. Bu, uzun illərin ciddi elmi axtarışları nəticəsində yerinə yetirilmişdir.
Bir neçə monoqrafiyanın ("XX əsr Azərbaycan ədəbiyyatında yeni lirik janrlar". Bakı: Elm, 2002, "Azərbaycan poeziyasında sonet və terset". Bakı: Elm, 2003, "Azərbaycan mənsur şeirinin təşəkkülü". Bakı: Nurlan, 2006 ) yekunu kimi ərsəyə gələn "Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı" (2009) tədqiqat əsəri ilk növbədə ədəbiyyat nəzəriyyəsinin əsas problemlərindən birinin konseptual öyrənilməsinə həsr olunmuşdur. Monoqrafiyada Avropa mənşəli lirik janrların ədəbiyyatımıza gəlişinin dinamikası, janrın yayılma prosesindəki sabitlik və dəyişkənlik çoxplanlı formada araşdırılır. Əsər XX əsrin başlanğıcı Azərbaycan poeziyasının zənginləşməsində Qərb şeir şəkillərinin yerini və rolunu müəyyənləşdirməklə məhdudlaşmır, həmin janrların poeziyamıza daxil olma yollarına, səbəblərinə, tarixinə, yeni mühitdə uğradığı dəyişikliklərə, kimlərin yaradıcılığında ilk nümunələrinin görünməsinə, yayılma arealına, ədəbi coğrafiyasına, təzə mühitin onlar üçün əlverişli olub-olmaması məsələlərinə elmi aydınlıq gətirir.
Hüseyn Həşimli janrları həm forma, həm də məzmun prinsiplərinə görə araşdırır. Bəziləri üçün formanın bir o qədər də mütləq olmadığını qeyd edir. O mənada forması sabitləşmiş janrların ədəbiyyatımızda milliləşməsi, ənənə ilə sintezləşməsi məsələsi daha ciddi problem kimi qarşıya çıxır. Tədqiqatçı onun da öhdəsindən gəlir və istər strukturda, istərsə də məzmun funksiyasında yaşanan dəyişmələri mərhələlər, cərəyanlar və müəlliflər üzrə sistemləşdirir. Hansısa bir janrın ədəbi məkanımıza daxil olmasından başlayaraq "ömür yolunu", hərəkət trayektoriyasını, normativ xüsusiyyətlərini dəyişmələrinin xarakterini diqqətlə izləyib göstərir.
"Əli Məhzun və "Ədəbiyyata dair" əsəri" monoqrafiyasında XX əsrin əvvəllərinin ədəbi-nəzəri görüşləri, yeni dərslik yaratma cəhdləri üzərində tədqiqat aparmışdır. Bu əsər bir çox baxımdan xüsusi elmi əhəmiyyət daşıyır: XX əsrin əvvəlləri İrəvan mətbuatında ziyalıların fəaliyyəti haqda fikir formalaşdırır, ədəbi fikirdə klassik bəlağət ənənəsi ilə yeni nəzəriyyələrin birlikdə öyrənilməsi prosesində atılan ilk addımlara aydınlıq gətirir, Azərbaycanda nəzəri fikrin inkişaf mərhələlərinin öyrənilməsinə xidmət edir. İrəvanda nəşr olunan "Bürhani-həqiqət" jurnalının ayrı-ayrı nömrələrində nəzəriyyəyə dair ensiklopedik məlumat xarakterli məqalələri bir yerə toplayıb kitab halında çap etdirən Hüseyn müəllim, həmin məlumatların əlçatanlılığını, istifadə imkanlarını asanlaşdırmışdır.
Əli Məhzunun "Ədəbiyyata dair" silsiləsindən yazıb çap etdirdiyi məlumatlarda müasir nəzəriyyə üçün əhəmiyyətli olan çoxlu terminlər yer alıb. O, terminlərin bir qismi hazırkı dövrdə ya fərqli adlarla öyrənilir və ya haqlarında, demək olar ki, məlumat verilmir. Məsələn: Zəfi-təlif, təqid, qərabət, kisrəti-təkrar, tənafür, vüzuf, müftəhiyyət və s. Hazırda ədəbiyyat nəzəriyyyəsində üzərində geniş dayanılan problemlərə də həmin topluda (onu Hüseyn Həşimli toplu halına gətirmişdir) rast gələ bilərik: ədəbiyyat nədir, üslub və növləri, məcaz və s. kimi.
Elmi axtarışlarında həm Qərbə, həm də Şərqə geniş yer verən, Azərbaycan ədəbiyyatını bu kontekstdə dəyərləndirən Hüseyn Həşimlinin ədəbi əlaqələr sahəsində də apardığı tədqiqatlar, əsasən nəzəri aspektdədir. Ona görə də onlardan nəzəri araşdırmalar kimi bəhs etmək daha doğru görünür. Ancaq tərəflərin müqayisəsi və faktların zənginliyindən çıxış edərək müddəalar irəli sürməsi onun əsərlərindən müqayisəli ədəbiyyatşünaslıq kimi də bəhs etməyə əsas verir.
Hüseyn Həşimlinin elmi əsərləri, daha çox XX əsrin ilk onilliklərinə həsr olunub. Həmin dövrdə ədəbiyyatımızın Qərblə əlaqələri əsasən üç istiqamətdə gerçəkləşməkdə idi: birbaşa Qərb ədəbiyyatı ilə təmasla; rus və türk (Türkiyə) ədəbiyyatının vasitəçiliyilə. Hüseyn müəllim elmi araşdırmalarında qaynaqlardan bəhs edərkən hər zaman mövcud gerçəklikdən çıxış etmiş, əhatəli müqayisələr aparmışdır. Onun sentimentalizm ədəbi cərəyanının Azərbaycan ədəbiyyatında mövcudluğunu əsaslandıran dissertasiyasında artıq bu üfüqlər görünməkdədir. Lakin daha geniş müqayisələrə "Azərbaycan ədəbiyyatında avropa mənşəli lirik janrlar" mövzulu elmlər doktorluğu dissertasiyasında şahid oluruq. O, Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın mədəniyyətində hər iki sivilizasiyanın izlərini görür və bu mədəniyyət tipinə dünyaya töhfələr verən unikal hadisə kimi yanaşır. Hüseyn Həşimlinin Azərbaycan ədəbiyyatının kənar qaynaqlarını müəyyənləşdirmək məqsədilə apardığı müqayisələrdə hər zaman milli dəyərlərimizi, nailiyyətlərimizi, özünəməxsusluqları böyük məhəbbətlə çəkib üzə çıxarması aparıcı prinsip kimi müşahidə olunur; müqayisəni ona görə aparır ki, Azərbaycan daha aydın görünsün.
Azərbaycan ədəbiyyatında avropa mənşəli lirik janrlar mövzusunda apardığı tədqiqatlar və çap etdirdiyi monoqrafiyalarda müəllif elmi-nəzəri müddəalarını əsaslandırmaq üçün çoxtərəfli müqayisələr aparır. Yeni dövr Azərbaycan ədəbiyyatının əsas novatorluqlarından birinin ənənəvi olmayan janrların ədəbiyyatımıza gəlişi və milliləşməsi prosesini tədqiqatçı son dərəcə diqqətlə izləyir. Mövzu Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı münasibətlərinə həsr olunsa da, müəllifin müraciət etdiyi geniş masştab problemi məhəlli çərçivədən çıxararaq qlobal miqyasda regionallaşdırır, XIX əsrdən Şərq xalqlarının ədəbiyyatında gedən yeniləşmənin mahiyyətinin açılmasına yardımçı olur. Alimin təkcə Avropa və Azərbaycan ədəbiyyatlarını deyil, vasitəçi mədəniyyətləri, xüsusən XIX əsr Türkiyə ədəbiyyatını araşdırmaya cəlb etməsi tədqiqatın fundamentallığını və sistemliliyini təmin edir.
Ənənədə Şərq xalqlarının ədəbiyyatları üçün yad olan poetik formalar yeniliəşmə dövründə təkamül keçirərək, öz sabit şəkillərini saxlamaqla yerli xüsusiyyətlərlə sintezləşib milli ədəbiyyatların doğma janrlarına çevrildi. Bu proses H.Həşimli tərəfindən əhatəli şəkildə tədqiqata cəlb olunmuş və uğurlu elmi nəticələr əldə edilmişdir.
Haqlarında müfəssəl elmi-nəzəri məlumat verilən elegiya, sonet, terset, tersina, marş, himn kimi janrların tarixi poetika istiqamətində bədii faktlarla şərhi istər-istəməz mənşəyə və təbii olaraq Qərbə üz tutmağa zərurət yaradır. Lakin Hüseyn müəllim o sadəlövh tədqiqatçılardan deyil ki, prosesi mexaniki təkrarlama kimi izah etsin. Tipoloji müqayisədə o, həm normativləri, həm də yeni mühit və mərhələ ilə bağlı dəyişkənliklər ehtimalını nəzərə alır. Gəldiyi qənətlərin elmi-nəzəri əsaslılığını təmin etmək üçün istər Avropa, istərsə də Azərbaycan poeziyasından çoxsaylı nümunələri təhlil edir. Maraqlıdır ki, Hüseyn müəllim Qərb mənşəli janrların ilkin təkamülü üzərində dayandığı vaxt, yeri gəldikcə, müqayisənin aspektlərini genişləndirir, yaranış dövrünün belə uyğun paralellərini axtarır, bunun üçün Yaxın, bəzi məqamlarda hətta Uzaq Şərq poeziya janrlarına da müraciət edir.
Ədəbi əlaqələr tarixinə aydınlıq gətirilməsində H.Həşimlinin "Fərhad Ağazadənin "Ədəbiyyat məcmuəsi"ndə ədəbi-elmi fikir" monoqrafiyası mühüm elmi tədqiqat kimi dəyərləndirilə bilər. O, Fərhad Ağazadənin dərsliyini dünya xalqları ədəbiyyatının Azərbaycanda tədrisi yolu ilə həm ədəbi əlaqələrin inkişafına xidmət etdiyini, həm də şagirdlərə dünyanı tanımaqda yardımçı olduğunu bildirir. Dərslik müəllifinin gənc nəslin dünyaya inteqrasiyası üçün ayrı-ayrı xalqları, ölkələri (İspaniyanı, Fransanı, Faros yarımadasını (Misirdə yerləşir) və s.), onlara mənsub tarixi şəxsiyyətləri tanıdan mətnləri kitaba daxil etməsini də Hüseyn müəllim təqdirəlayiq hal kimi qiymətləndirir. Üç fəsildən ibarət olan dərsliyin ilk fəslində ədəbi-elmi kontekst probleminə, növbəti iki fəsil isə dünya ədəbiyyatı haqda verilən məlumat və seçilən bədii nümunələrə həsr olunub. İkinci fəsil ""Ədəbiyyat məcmuəsi"ndə Şərq xalqları ədəbiyyatı məsələləri", üçüncü fəsil isə "Avropa xalqlarının ədəbi irsi "Ədəbiyyat məcmuəsi"ndə" adlanıb.
Tədqiqatçı qeyd edir ki, "F.Ağazadənin "Ədəbiyyat məcmuəsi" dərsliyində dünya ədəbiyyatı məsələlərinə daha geniş yer verilmişdir." O, kitabda xarici ədəbiyyatdan dörd qisimdə bəhs edildiyini göstərir: "... türk ədəbiyyatı, fars ədəbiyyatı, rus ədəbiyyatı, Qərb ədəbiyyatı." Ayrılan bölgülər üzərində araşdırma aparan Hüseyn Həşimli onların hər biri haqda dolğun məlumat verir. F.Ağazadənin dərslikdə dünya ədəbiyyatını belə geniş şəkildə işıqlandırmasını dövrün tələblərindən irəli gələn şərtlərlə xarakterizə edir. Müəllifin bir pedaqoq kimi yetişən gənc nəslə dünyanı tanıtmaq cəhdini təqdir edir. Dərslik haqda əhatəli təsəvvür formalaşdıran Hüseyn Həşimli Azərbaycanda ədəbi əlaqələrin inkişafı, eləcə də dünya ədəbiyyatının tədrisi tarixinə aid qiymətli bir məxəzin layiqli yer almasının yollarını açır.
Hüseyn Həşimlinin müqayisəli ədəbiyyat sahəsində apardığı tədqiqatlar içərisində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin özünəməxsus yeri var. Bu problem onun araşdırmalarının əsas ana xətlərindən birini təşkil edir və demək olar ki, ardıcıllıqla davam etdirilir, nəhayət alimin 2009-cu ildə birbaşa problemin özünə həsr olunmuş monoqrafiyası nəşr olunur. "Azərbaycan ədəbi mühiti və türk dünyası" adlanan monoqrafiya Azərbaycanda və daha sonra onun əsasında hazırlanmış "Türk halklarının edebiyat ilişkilerine dair araştırmalar" kitabı Türkiyədə işıq üzü görür. Bu kitabda Azərbaycan-Türkiyə ədəbi əlaqələri mərkəzdə saxlanılmaqla digər türk regionlarının təmsilçilərinin də yaradıcılığı (Türkmənistandan Məhtimqulu, Kıbrıstan Ahmet Raik, Özbəkistandan Osman Koçkar) Azərbaycan ədəbi mühiti və ədəbiyyatı ilə əlaqədə araşdırılmış və onlara aid bir sıra məlumatlar ilk dəfə elmi ictimaiyyətə təqdim olunmuşdur. Hüseyn müəllim türk dünyasının ədəbi əlaqələri kontekstində türk birliyinin mövcud xətlərini üzə çıxarmağa və onları daha da inkişaf etdirməyə çalışır. Kitab ilk baxışda məqalələr toplusu təəssüratı yaradır. Lakin ayrı-ayrı məqalələri birləşdirən vahid ideya-məfkurə bağı ona monoqrafiya kimi baxmağa əsas verir. Başlıqların ardıcıllığı və sistemliliyi də kitabı bütövləşdirir. Hər bir mövzuya aid ədəbiyyat siyahısının ayrıca verilməsi problemin detallaşdırılmasına, fraqmentlərin daha dəqiq qavranılmasına yardım edir. Müəllifin araşdırdığı mövzular haqda müəyyən bir təsəvvür yaratmaq üçün əsərdən bəzi başlıqları təqdim edirik:
- Bir məqalənin izində və yaxud İzzədin Həsənoğlunun şeiri Osmanlı əlyazmasında;
- Türkmən şairi Məhtimqulunun mirası "Azərbaycan" dərgisinin səhifələrində;
- Kıbrıslı yazar Ahmet Raikin mənsur şeirləri "Füyuzat" dərgisində;
- Azərbaycanlı yazar Abdulla Surun şeirlərində İstanbul;
- Azərbaycan mənsur şeiri və türk dünyasının ədəbiyyat klassikləri;
- Özbək şairi Osman Koçkarın sonetlər silsiləsində azərbaycan ədəbiyyat çevrəsi və s.
Hüseyn Həşimli Azərbaycan ədəbiyyatşünaslığında Türkiyə ədəbiyyatı ilə əlaqələrin inkişafına ən çox xidmət edən alimlərimizdəndir. XX əsrin ilk onilliklərinin mətbuatını, dərsliklərini diqqətlə izləyən müəllif dövrün faktlarını təqdim etməklə türk ziyalılarını yaxınlaşdıran ideya-mübarizə platformasının vahidliyi təsəvvürünü formalaşdırır. "Yeni Füyuzat"ı geniş elmi təqdimatlı "Ön söz"lə çapa hazırlaması, jurnalda dünya ədəbiyyatına, xüsusən də Türkiyə müəlliflərinə aid faktlara diqqət çəkməsi, Əhməd Kamalın Bakıdakı redaktorluq və yaradıcılıq fəaliyyətinə aydınlıq gətirməsi də alimin ədəbi əlaqələr sahəsində əhəmiyyətli xidmətlərindəndir.
"Əli Məhsun və "Ədəbiyyata dair" əsəri"ni araşdırıb çapa təqdim edərkən də Hüseyn Həşimli XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının intellektual mühitin formalaşdarılmasında və dünyaya inteqrasiyada ədəbi əlaqələrin imkanlarından istifadəyə xüsusi əhəmiyyət vermələrini də nümayiş etdirir. İrəvanda çap olunan "Bürhani-həqiqət" jurnalında silsilə məqalələr şəklində yayımlanan "Ədəbiyyata dair" əsərində nəzəri mövzuların izahı üçün verilən bədii mətnlərin Türkiyə yazıçılarının yaradıcılığından seçilməsi istər-istəməz elmi məlumatların da qaynaqlarında Türkiyə mənbələrinin, xüsusən Recaizadə Əkrəmin "Talimi-ədəbiyyat"la formalaşdırdığı yeni nəzəri görüşün təsirliliyi qənaətini formalaşdırır. Bu isə, öz növbəsində, XX əsrin başlanğıcında Türkiyə ilə elmi, ədəbi əlaqələrə Azərbaycan ziyalılarının nə qədər önəm verməsini göstərir.
Naxçıvanın yerləşdiyi coğrafi ərazi, üç dövlətlə həmsərhədd olması, İran və Türkiyə ilə əlaqələrə sovet dövründə qoyulan ciddi yasaqlar, tikanlı məftillərin o üzündə soydaşlarımızın yaşaması bu bölgədə yaşayan insanların qəlbində hər zaman yasaq zonaya həsrət və yanğı oyatmışdır. Müstəqil Türkiyə ümid məkanı kimi şüurlarda özünə yer etmişdi. Azərbaycan müstəqilliyini qazanan kimi Türkiyə ilə Azərbaycan, xüsusən Naxçıvan arasında sıx münasibətlər yarandı. Naxçıvan Dövlət Universiteti mədəni əlaqələrin qurulub inkişaf etdirilməsində müstəsna rol oynadı. Naxçıvanda ədəbiyyatşünaslıq sahəsində aparılan çox az tədqiqat işi tapılar ki, orada Azərbaycan və Türkiyə ədəbiyyatları arasında müqayisələr aparılmasın. Hüseyn Həşimlinin yuxarıda üzərində durduğumuz əsərləri bunun bariz nümunəsidir.
Çoxsahəli yaradıcılıq fəaliyyəti ilə ədəbiyyatşünaslığımızın inkişafında müstəsna xidmətləri olan Hüseyn müəllim ədəbiyyat tarixçiliyinə də öz elmi töhfələrini vermişdir. Onun ədəbiyyat nəzəriyyəsi və ədəbi əlaqələr sahəsində apardığı araşdırmalarında tarixilik prinsipi, ədəbi hadisələrin dinamik və xronoloji ardıcıllığının da izlənilməsi həmin tədqiqatları ədəbiyyat tarixi baxımından da faydalı elmi qaynağa çevirir. Bununla yanaşı, Hüseyn müəllimin birbaşa ədəbiyyat tarixinə həsr olunmuş əsərləri də mövcuddur. Alimin ayrı-ayrı müəlliflərin həyat və yaradıcılığı, ədəbi mühiti üzərində apardığı monoqrafik araşdırmalar, dərs vəsaitləri, tərtib etdiyi kitablara yazdığı geniş ön sözlər ədəbiyyat tarixi ilə bağlı yüksək səviyyəli, orijinal elmi tədqiqat nümunələridir. Görkəmli alimimizin çap olunan 400-ə yaxın məqaləsi də ədəbiyyatşünaslığımızın, o cümlədən ədəbiyyat tarixinin bir sıra problemlərinin həllində mühüm elmi əhəmiyyət kəsb edir. Hüseyn müəllimin ədəbiyyat tarixçiliyi faktlrın, arxiv materiallarının zənginliyi və elmi təhlilin dəqiqliyi, orijinallığı ilə maraq doğurur. Alimin ədəbiyyat tarixi araşdırmalarında şəxsiyyət və mühit qarşılıqlı əlaqədə öyrənilir, müəllif hər iki tərəf haqqında yeni və zəngin faktlar təqdim edir. O, məlum və işlənmiş informasiyaları toplayıb ədəbi portret yaratmır, özü arxivlərdən, şahidlərdən ağır zəhmət bahasına nə qədər yeni məlumat toplayır, onları özünəxas həssaslıq və yüksək elmi hazırlıqla təhlil edir, nəticə və müddəaları sistemləşdirir, unudulmuşları haqlı olduqları yerə gətirir ... Beləliklə, Əli Səbri, Səid Səlmasi, Məmmədli Sidqi, Ələkbər Qərib və başqalarının ədəbi fəaliyyətlərinin, ömür yolunun parametrlərinin müəyyənləşib üzə çıxması Hüseyn Həşimlinin tədqiqatları ilə tamamlanır. Hüseyn müəllim yaradıcılığını araşdırdığı hər bir yazıçıya millətin işıqlı siması və fədakar vətəndaş kimi yanaşır, onların çəkdiyi zəhməti qədirbilənliklə qiymətləndirir. Bu, tədqiqatçının özünün də zəhmətkeşliyindən və bir pedaqoq-ədəbiyyatşünas kimi strateji hədəflərindən xəbər verir. O, elmi mətnin psixoloji təsir imkanlarını gücləndirir, şəxsiyyətin fəaliyyəti ilə yeni şəxsiyyətlərin yetişməsinə nümunə kimi istifadə edir. Hüseyn müəllim həm də xalq yolunda çalışanları, məfkurə və missiya sahibi olanları sevir, özü də o sırada yer alır, tələbələrə ideal uğrunda fədakarlığın zövqünü, həzzini nümayiş etdirir. Beləliklə də, intellektual mühitin cəsur, geridönməz əsgərlərini yetişdirir.
Hüseyn müəllimin ədəbiyyat tarixçiliyi fəaliyyətində naxçıvanlı yazıçıların ömür və yaradıcılıq yolunun tədqiqi ayrıca yer tutur. "Məktəb", "Şeypur" jurnallarına, eləcə də onun Naxçıvandan olan təmsilçilərinə ədəbiyyat tarixində haqlı yer qazandıran məhz Hüseyn Həşimlinin tədqiqatlarıdır.
"Həşimli həmin jurnalda ("Məktəb" jurnalında - T.M.) iştirak etmiş 4 naxçıvanlı yazıçıdan - Hüseyn Cavid, Məhəmmədəli Sidqi, Əli Səbri Qasımov və Ələkbər Qərib Naxçıvanlıdan bəhs etmiş, onların burada çap olunmuş əsərlərinin mətnini vermiş və həmin əsərlər haqqında araşdırma aparmışdır. Görkəmli maarifçi Məhəmmədtağı Sidqinin oğlu Məmmədəli Sidqinin 1914-1915-ci illərdə adıçəkilən jurnalda dərc olunmuş yeddi pedaqoji hekayəsi ilk dəfə Hüseyn Həşimli tərəfindən bu kitaba salınmışdır".
"Şeypur" jurnalını çapa hazırlaması, onun üzərində apardığı monoqrafik tədqiqatla Hüseyn Həşimli ədəbiyyatşünaslıqda az müraciət olunan bir mənbəni üzə çıxarır, bu mətbuat orqanının əsas yazarları, ədəbi-ictimai mövqeyi, janr və üslubu haqda verilən məlumatlar təkcə yeniliyi ilə yox, həm də elmi dəyərləndirilməsi ilə əhəmiyyətlidir. Hüseyn müəllimin yaradıcılıq missiyasının əsasında qaranlıqları aydınlatmaq, unudulmuşları haqlı yerinə gətirmək dayanır. "Şeypur"dan bəhs edərkən yazır: "... mətbuat tariximizdə mühüm yer tutan bir sıra qəzet və jurnallar da vardır ki, onlar bu vaxtadək əhatəli araşdırma predmetinə çevrilməmişdir. Bunlardan biri də məşhur maarifçi Məhəmməd Tağı Sidqinin oğlu, istedadlı pedaqoq, jurnalist və publisist Məmmədəli Sidqinin müdiri, yəni redaktoru, tanınmış ədib Səməd Mənsurun isə naşiri olduğu "Şeypur" jurnalıdır".
Əli Səburun da yaradıcılığına bilinməzləri üzə çıxarmaq məqsədi ilə üz tutur: "XX əsrin ilk onilliklərində ədəbi mühitdə fəal iştirak edən, fəqət həyat və sənət yolu lazımınca araşdırılmayan istedadlı ədiblərdən biri biri də Əlipaşa Səburdur."
Ələkbər Qərib haqda tədqiqat da eyni məqsəd, eyni zəhmətlə yazılır: "Ələkbər Qərib Naxçıvanlı (Abbasov Ələkbər Kərbəlayi Tağı oğlu) 1910-30-cu illərdə ədəbi prosesdə yaxından iştirak edən, nəsr, publisistika, ədəbi tənqid və bədii tərcümə sahəsindəki səmərəli, məhsuldar fəaliyyəti ilə diqqəti çəkən istedadlı, fəqət unudulmuş, yaradıcılığı araşdırılmamış sənətkarlarımızdan biridir."
İstinadlardan da göründüyü kimi, hər tədqiqatda yeni və çətin bir yola üz tutur Hüseyn Həşimli.
Alim "Şeypur"dan "Məktəb"dən, "Yeni Füyuzat"dan, "Bürhani-həqiqət"dən, Səburdan, Ələkbər Qəribdən və başqalarından bəhs edərkən ilk növbədə onların ya öyrənilməməsinə, ya da az öyrənilməsinə diqqəti yönəldir, sonra isə arxiv materiallarının diqqətlə toplanması, elmi təhlili, tərtibi və çapı gəlir.
Hüseyn Həşimlinin tədqiqat istiqamətlərinin mərkəzində XX əsrin ilk onilliklərinin ədəbi hadisələri və şəxsiyyətləri dayansa da, o, həm müəllim, həm də tədqiqatçı kimi orta əsrlərin də tədqiqi və tədrisi ilə məşğul olmuşdur. Orta əsrlərdə də əsas işi bilinməzləri üzə çıxarmaq, ədəbiyyat tarixini yeni faktlarla zənginləşdirmək olmuşdur; Həsənoğlu yaradıcılığına həsr etdiyi monoqrafiyada olduğu kimi.
Araşdırdığı problemlərdə ardıcıllıq, sistemlilik və nizam var; izinə düşdüyünü tamamlayır, cavabsız suallar saxlamaq istəmir. Araşdırdığı müəlliflərə çox doğma münasibət bəsləyir və onların yaradıcılığına dəfələrlə müraciət edir. Maraqlıdır ki, nakam taleli insanlara haqq etdikləri yeri qazandırmaq, onları tanıtdırmaqla nə qədər uğur qazansa da, özü də yarımçıq qalan işlərinin nakamlığını yaşadı; yaradıcılığının ən məhsuldar dövründə həyata əlvida dedi... Yazdığı əsərlər, fədakar elmi-pedaqoji fəaliyyətlə nəsillərə öz tapıntılarını, qənaətlərini və işıqlı enerjisini ötürdü, ömrünü əbədiləşdirdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!