Bu, Fikrət Qocadır... - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

1994-cü ildə - Xalq şairi Fikrət Qocanın ömür və sənət yolu barədə "Ürəyimi sərdim günəşə" kitabımı yazıb başa çatdırdım, üç il sonra həmin kitab nəşr olundu. Fikirləşirdim ki, bir də bu mövzuya qayıtmaram. Bu kitabda müasir poeziyamızda özünəməxsus yeri olan Fikrət Qocanın yaradıcılığını küllən təhlil etməyə çalışmışam, şairin nəsri haqqında da söz demişəm, bununla kifayətlənməyib onunla həyat və ömür yolu barədə böyük bir müsahibə də təqdim etmişəm. İş elə gətirdi ki, şairin anadan olmasının 90 illiyi ərəfəsində həmin kitabı bir də nəzərdən keçirdim. Əlbəttə, hiss eləyirəm ki, kitabda demədiyim sözlər çoxdur. İndi sizə təqdim edəcəyim bu qeydlərin həmin kitaba heç bir dəxli yoxdur.

 

I

 

Hər hansı şairin poeziyasından söz açanda öncə onun şəxsiyyəti barədə düşünürsən. Fikrət Qocanın şəxsiyyəti - insan səciyyəsi mənə gün kimi aydındır. Mən onun poeziyasında onun şəxsiyyətini görürəm, bu şəxsiyyəti formalaşdıran mühiti, insanları görürəm.

Şəxsiyyətin özülü, başlanğıcı atadan, anadan, onun doğulduğu torpaqdan başlayır. Fikrət Qoca Ağdaş rayonunun Kotanarxı kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. Kotanarxı kəndi Azərbaycanın adi və kiçik kəndlərindən biridir. "Azərbaycan Sovet Ensiklopediyası"nda bu kəndin adına rast gəlmədim. Görünür, elə balaca kənddir. Amma Fikrət Qoca öz doğma kəndinə həsr etdiyi şeirlərində (bunların sayı o qədər də çox deyil) kəndinin kiçikliyinə, adi bir kənd olduğuna işarə vurmayıb. Amma bu şeirlərdə Kotanarxı kəndi kiçik bir Azərbaycan kimi gözlərimiz önündə canlanır. O kəndin ağacı, quşu, arxı, çəməni ana vətənin bir parçası kimi təqdim olunur.

Şeirimizdə Azərbaycanın - Vətənin yüzlərlə, minlərlə obrazını canlandırıblar. Fikrət Qoca poeziyasında da bu məhəbbətin ifadəsilə dönə-dönə qarşılaşırıq. Mən F.Qocanın Azərbaycana, onun bənzərsiz təbiətinə - dağlarına, çöllərinə, çaylarına, qayalarına həsr elədiyi şeirlərin hamısını oxumuşam, bu şeirlərin hər birində onun özünəməxsusluğu, şair fərdiyyəti hiss olunur.

 

Ana yurdun çinar kimi torpağından

Ucalmışıq.

Yarpaq-yarpaq tökülmüşük, qocalmışıq.

Hər yarpaqda bir an, bir gün, bir xatirə,

Biz əbədi yaşamaqçün qarışırıq

ana yurda, doğma yerə.

 

"Vətən torpağı, qocalıq və..." adlı bu şeir F.Qocanın adi şeirlərindən biridir, onun çoxşaxəli poeziyasında zahirən gözə görünmür, amma bu şeirdə F.Qoca yaradıcılığına xas olan ümumi bir cəhət var, o da fikrin ifadəsində təzəlikdir.

F.Qoca vətən və torpaq haqqında düşüncələrini qələmə alanda çox vaxt tərənnümdən, mədhdən qaçır, çalışır ki, fikrini orijinal bədii vasitələrlə ifadə etsin.

 

II

 

F.Qoca elə bir dövrdə ədəbiyyata gəlib ki, həmin dövrdə, ya gərək təqlidçilik yolunu tutaydın, ustad şairlərin yazdıqlarını bir az başqa tərzdə təkrar edəydin, ya da təzə, orijinal ruhlu şeirlər yazıb tanınaydın. Şeirə gəlmək, poeziya aləminə qədəm qoymaq asan idisə, orada tanınmaq çətin idi. Bütün dövrlərdə olduğu kimi, 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində də şeirimizdə anormal hallar - şablonçuluq, təqlidçilik, məzmunçuluq davam edirdi. İstedadsızlar üçün bu mənada "şair" olmaq asan idi. Fikrət Qoca elə ilk şeirlərindən heç kimə bənzəməməyə çalışdı. O elə ilk şeirlərindən fərdi dəst-xətti ilə yaşıdlarından seçilməyə, fərqlənməyə başladı. İlk şeirlərində o da ənənəvi mövzularda qələmini sınayırdı. Amma elə bu şeirlərdə özünəməxsusluğu nəzərə çarpırdı. "Hamıya borcluyam" adlı ilk şeirlər kitabından eyniadlı şeirə müraciət edək:

 

Ataya borcluyam mən,

Anaya borcluyam mən.

Bəlkə də bu dünyada

Hamıya borcluyam mən.

Dağları aşa-aşa,

Selləri aşa-aşa,

Elləri aşa-aşa,

Məktubumu daşıyan,

Adını bilmədiyim

Adi bir vətəndaşa

Nə qədər borcluyam mən.

Əlimdə yandırdığım

Kibritin dənəsi də

Bir adamın işidir.

A mehriban adamlar,

Nə xeyrim dəyib sizə?

 

Bu şeir öz səmimiyyətilə diqqəti cəlb edirdi. Şeirdə təbliğ olunan ideya didaktik məna daşısa da, bütün dövrlər üçün müasir idi. Tezliklə F.Qocanın şeirləri ədəbi ictimaiyyətdə maraq doğurmağa başladı. Bu şeirlər haqqında xoş söz deyənlər də oldu, tənqid edənlər də. Həmin dövrdə - 60-cı illərdə istedadlı ədəbi gəncliyin bir hamisi vardı, o da Rəsul Rza idi. Məhz Rəsul Rza 60-cı illərdə ədəbiyyata gələn bir sıra istedadlı gənclərin, o cümlədən, Fikrət Qocanın şeirlərindəki yenilik hissini vaxtında duya bildi. O, "Fikrət Qoca haqqında" adlı məqaləsində yazırdı: "Son illər Azərbaycan poeziyasına bir dəstə təzə nəfəsli, istedadlı gənc şair gəlib. Bu şeir pöhrələri arasında Fikrət Qoca ilk yerlərdən birini tutur. Bir neçə il əvvəl onun dövri mətbuatda çap olunmuş şeirləri orijinal dəst-xətti, özünəməxsus üsulu olan narahat bir şairin gəlişindən xəbər verirdi. ... Fikrəti, bir şair kimi daha çox çağdaş dünyanın ən mühüm problemlərini insanların taleyi düşündürür. Onun "Anam yaman fikirlidir", "Sınaqlar", "Pəncərə", "İnsan arzuları", "Balıqçıyam" və bir sıra başqa şeirlərində sadə insanların taleyi üçün güclü bir şair narahatlığı var.... Mənə elə gəlir ki, Fikrətdə düşüncə - şeirlər daha yaxşı alınır, nəinki poemaları. Hər halda Fikrət bir şair kimi kiçik şeirlərində daha güclüdür.... Fikrət Qoca inkişafda olan istedadlı şairdir. O, qədim və zəngin Azərbaycan poeziyasının ənənələrindən bəhrələnərək, çağdaş dünyanın poeziyasından öyrənərək öz yolunu, öz poetik dəst-xəttini arayır. Bu cəhətdən Fikrət öz yaşına görə çox şeylərə nail olub. Və onun elədikləri əsas verir inamla deyəsən ki, Fikrət öz yaradıcı zəhməti ilə böyük uğurlar qazanacaq və Azərbaycan poeziyasında öz görkəmli yerini tutacaq".

İllər keçəcək, Rəsul Rzanın bu böyük ədəbi missiyasını Fikrət Qoca belə xatırlayacaq: "60-cı illərin əvvəlləri idi, mən Rəsul Rza ilə tanış deyildim. Mətbuatda onun "Rənglər" silsiləli şeirləri kəskin tənqid hədəfinə çevrilmişdi. O zaman metroda işləyirdim. Rəsul Rza sevdiyim şairlərdən idi. Götürüb ona bir məktub yazdım. Məktubda bu böyük şairə ürək-dirək verirdim. Bir neçə cümləsi yadımdadı. Yazmışdım ki, hörmətli şair, bu tənqidlər sizi sarsıtmasın, mən sizin misralarınızı tikdiyim binanın divarlarına hörmüşəm. Sonralar tanış olduq, evlərinə gedib-gəldim. Amma o məktub barədə ustaddan heç nə soruşmadım, özü də bir söz demədi. Rəsul Rza, sözün əsl mənasında, mənim ədəbi atam olub. Bəlkə də atamın dözmədiklərinə o dözürdü. Cavan idim, yeyirdim, içirdim, keflənirdim, heç nə demirdi. Nə xahiş edirdimsə, qayğısını əsirgəmirdi. Bəziləri onu həddindən artıq sərt, ciddi, acıdil adam kimi tanıyırdı. Amma mən bilirəm ki, bəlkə də dünyada Rəsul Rza kimi son dərəcə kövrək, həssas bir adam olmayıb. Nə qədər qəribə görünsə də, deyim ki, o, bu kövrəkliyi, həssaslığı göstərmək üzünə sərt bir ifadə vermişdi. Rəsul Rza indi də yeri görünən əvəzedilməz bir şəxsiyyət idi". Bu məqamda Fikrət Qocanın ustadı Rəsul Rzaya həsr elədiyi şeirlərini və "Rəsulsuz ilk dəqiqələr" adlı poemasını xatırlayıram.

 

Ömrü boyu öz xasiyyətini 

danırdı Rəsul.

Elə bilirdi

yüz ağac boyundan görünür

kövrək olduğu,

sinəsində körpə ürəyi kimi

bir olduğu.

Sərtliyi üzünə, sözünə yaxırdı.

Bəzən sərtliyindən

öz nəfəsi də darıxırdı,

göz yaşları içinə axırdı.

... Stolun üstündə ağ kağızı.

Şair qocalmır,

Ömrü bir yaz olur, qurtarır.

Şair ölmür,

Qara qələm kimi yazılır, qurtarır.

 

III

 

Bütün yaradıcılığı boyu Fikrət Qoca üçün heç bir mövzu qıtlığı və məhdudiyyəti olmayıb. O, hər şeydən yazıb: atadan, anadan, övlad məhəbbətindən, onu sevindirən kiçik bir uğurdan, bir qələbədən, ürəyinə dəyən bir sözdən, öz kəndindən - o kəndin suyundan, çinarından, arxından, qarış-qarış gəzdiyi Azərbaycanın gözəl təbiət mənzərələrindən, tanıdığı və dostluq etdiyi adamlardan, sevgidən, məhəbbətdən, insan ülfətindən, gəzdiyi, səfərdə olduğu ölkələrdən, tariximizin şanlı və qaranlıq səhifələrindən, ilin fəsillərindən ... bir sözlə, şair qəlbini həyəcana gətirən duyğulardan, hisslərdən yazıb. Bu şeirlərin çoxu zamanla səsləşib, yazıldığı dövrdə oxucular tərəfindən yüksək qiymətləndirilib. Onların çoxu indi də bir ədəbi nümunə kimi öz bədii təravətini itirməmişdir. Uzun-uzadı misal gətirmək fikrində deyiləm. Amma Fikrətin elə şeirləri var ki, onlar həm bir poetik nümunə kimi, həm də müasirlik mənasında həmişə yaşayacaqdır.

 

IV

 

Fikrət Qoca poeziyasında "Keçmiş" adlanan anlam yoxdur. Keçmiş və tarix bu günün - müasirliyin tərkib hissəsidir. Tarix də, Zaman da müasir bədii təfəkkürün işığında, Fikrət Qoca anlamında yeni məna kəsb edir.

 

İçərişəhər;

damları pillə-pillə, dama-dama.

Divarları

yol vermək istəmir adama.

Qalanın qəhrəmanlığından

bircə top güllələrinin yeri qalmışdı,

Orda da sərçələr yuva tikdi.

neylərsən,

qocalığın işi belədir.

 

Fikrət Qoca bu şeirdə İçərişəhərdən qədim bir abidə kimi yox, insan kimi danışır. Bu cəhəti mən onun əksər şeirlərində müşahidə etmişəm ki, F.Qoca üçün qalalar insandır, insanlar qala, "dağlar babalardır", insanların dənizə və dənizin insanlara oxşarlığı var.

 

V

 

Vaxt var idi şeirimizdən bir "suçlu" Araz axırdı. Dərdli-dərdli... və bəzi şairlər Arazı günahlandırırdılar ki, o, insafsız iş görüb, Azərbaycanı tən yarıya bölüb. Araz beləcə günahkar-günahkar axırdı. Halbuki dünyada, yer üzündə Araz tək deyildi, şeirimizdə Araza milli kontekstdən, tarixi Azərbaycan anlamından daha geniş bir dərdlər zirvəsindən baxan ilk şair Fikrət Qoca oldu.

 

Araz axır Koreyadan,

Ağılların, ölkələrin

Fərqindən Araz axır.

Keçidlərlə damğalanmış

Hər tindən Araz axır.

Araz xəstəliyi var

Dünyanın yarasında.

...Əsrimizdən Araz axır!

Araz axır dünyadan.

 

Ümumiyyətlə, F.Qoca şeirindən çox çaylar, dənizlər, göllər, okeanlar, bir sözlə, böyük sular axır. Amma Xəzər bu sularda birincidir. Bunu deyəndə, F.Qocanın məşhur "Xəzər" şeiri yada düşür. F.Qocanın Xəzəri adi su deyil və hətta mən deyərdim, adi dəniz də deyil. Xəzər F.Qoca şeirində şair məhəbbətinin sonsuzluğundan doğan qeyri-adi poetik mənzərədir. Bu məqamda F.Qoca şeiri Toğrul Nərimanbəyov və Səttar Bəhlulzadə tablolarından geridə qalmır. Baxın, görün:

 

Xəzər dalğalandı, su yırğalandı,

Dedim ki, ulduzlar ürküşər indi.

Sahil işıqları Xəzərdə yandı,

Dedim, dalğalara od düşər indi.

Xəyalım qırpındı boz dalğalarda,

Suya qanad çalan qağayılartək.

Qoşa uçuşdular, kim bilir, harda,

Qağayı da ürkək, xəyal da ürkək.

 

Bərq vuran rəngləri dəyişir hər an,

Bilmirsən daş-qaşdı, ya adi sumu?

İstədim dənizdə alışıb yanan

Aydan alışdırım papirosumu.

 

VI

 

Hərdən mənə elə gəlirdi ki, Fikrət Qoca dünyanın ən nikbin adamıdır. O mənada nikbin yox ki, heç bir dərdi-səri olmayıb. Yaxşı bilirəm ki, qazandıqları müqabilində F.Qocanın itirdikləri də çox olub.

Amma bəs necə nikbindi? Elə bilirəm ki, bu xüsusiyyət onun öz təbiəti ilə bağlıdır. Onunla kitab üçün hazırladığım sonuncu müsahibədə belə bir sual verdim: Fikrət Qoca öz qocalığını hiss etdimi? Cavabında dedi ki, hər axşam gözlərimi yumub yatanda səhəri düşünürəm. Sabahın bu gündən də maraqlı olacağını xəyal edə-edə yuxuya gedirəm.

 

Bu gözəl dünyaya, gözəl aləmə

Kədərlə boylanma, kədərlə baxma.

Gözlərim, dünyanı boyama qəmə,

Payız sularıtək kədərli axma.

İnsantək yaşasaq dünyada əgər,

Bir ömür insanın gen-bol bəsidir.

Böyüklər dünyaya "gözəlsən" deyər,

Kədər acizlərin bəhanəsidir.

 

VII

 

Doğrudan da, F.Qoca poeziyasında nikbin notlar çoxdur, amma bu o demək deyil ki, insanın ruhi sarsıntıları, mənəvi əzabları bu poeziyaya yaddı. Ümumiyyətlə, əgər poeziyada Ağrı yoxsa, Dərd yoxsa və o Ağrının, o Dərdin çalarları görünmürsə, ondan poeziya kimi danışmaq olarmı?

Bir bahar səhəri "Günəşə açılmış zərif dodaqlar kimi Külək əsəndə milyon-milyon lalələr, dönüb olur Qıpqırmızı şəlalələr. Çıxart ürəyimi, günəşə sər Səhər-səhər". Güman edirsən ki, bu şeirdə Fikrət Qoca nikbinliyi qan kimi fışqıracaq, amma belə olmur. Mənzərə dəyişir.

 

Əri döydümü, söydümü, nə bilim,

Bir qadın ağladı qonşuda;

hıçqırıqlar arasından

Yağdı çöllərə

            Söyüşü də, qarğışı da.

Çöldə günəşli bir bahar,

Mənim ürəyimdə, bir də qonşuda

Payız. Soyuq bir yağış.

Dünyaya heç nə olmayıb.

Təkcə mənim üçün

            bu gün

                        quşlar qəmli.

 

Doğrudan da, bu səhnəni əri tərəfindən döyülən, təhqir olunan qadının hıçqırığını ancaq kövrək bir şair qələmə ala bilər. Yaxud, başqa bir misal: qışın soyuğunda qapılara sığınan, gözləri yaşla dolan bir it küçüyü küncə büzüşüb imdad diləyir. Çoxları laqeyd-laqeyd onun yanından ötüb keçir, şair isə bu soyuqda küçüyün taleyinə acıyır.

 

Deyirlər, murdarsan, elə olsa da,

Körpə taleyinlə əzizsən, küçük!

Eh, elə murdarlar var ki dünyada

Onlardan min dəfə təmizsən, küçük!

 

İstəsən şeir də oxuyum sənə,

Nə olar, ay yazıq, adın küçükdür.

Düşüb, eləsinə şer oxumuşam,

Görmüşəm fəhmdə səndən kiçikdir.

 

Zarafat həddini bəlkə aşıram,

Xilqətin dözümlü, igid küçüyü,

Elə sən susursan, mən danışıram,

Tutur söhbətimiz, ay it küçüyü!

 

Yenə bir şeirini xatırlayıram...

 

Biri qaçaq olub,

Mərd olub.

Biri qoçaq olub,

Mərd olub.

Biri kasıb olub,

Mərd olub.

Bəs bu namərdlər hardandı?

Bax, bu mənə dərd olub.

 

F.Qoca son dərəcə həssas şairdir. Onun həssaslığı dünyanın çox-çox uzaq nöqtələrində baş verən hadisələr, olaylar - inqilablar, müharibələr zamanında neçə-neçə şeirə, poemaya çevrilib. Nikbin adlandırdığım Fikrət Qoca çöldə ağacların ağlamasını görəndə, onların niyə qurumasının, budağını quşların, yarpaqların tərk etməsinin səbəbləri haqda düşünəndə mənə daha kövrək insan təsiri bağışlayır. Eyni zamanda, sanki birnəfəsə yazdığı "Vyetnam süitası"nda böyük bir xalqın faciəsinə biganə qalmayanda, Argentinada doğulan, Meksikada yaşayan, Kubada inqilab edən Çe Qevaranın Boliviyada qəhrəmanlıqla həlak olmasına yas saxlayanda da, Viktor Xaranın ölümünə elegiya yazanda da kövrəkdir, dərdlidir. F. Qoca 20 Yanvar şəhidləri - Fərizə və İlhamdan sənədli məhəbbət dastanı bağlayanda da, xalqımızın müstəqillik uğrunda ölüm-dirim savaşından söz açan "hələlik, qiyamətəcən" povestini yazanda da Ağrı şairidir. Amma məsələ burasındadır ki, ən ağır dərddən, ağrıdan yazanda da onun şeirlərindən inam adlı işıq süzülür:

Vətən deyəndə,

Vətən torpağı kimi dodağım parçalanır.

Hər bəbəyimdə yeddi günəş yanır.

Bu boyda yarası olanın

Əyilməyə haqqı yoxdur.

Bu boyda yarası olanın

Ölməyə haqqı yoxdur.

Bu boyda yarası olan

Ağrıdan qorxmasın gərək daha.

Bu boyda yarası olanın

İnamı olmalıdır sabaha.

 

VIII

 

Fikrət Qoca fikir və düşüncə şairidir. Onun şeir və poemalarında əsas vurğu həyat və ölüm, varlıq və yoxluq üzərində cəmləşir. Bu düşüncə poeziyasının mayasında təbii ki, adı böyük hərflərlə yazılan insan durur. XX əsr İNSANı bütün dərdi, ağrısı, sevinci, kədəri, ən başlıcası isə duyğu və düşüncəsi ilə Fikrət Qocanın şeirlərində əsas qəhrəmana çevrilir. Azərbaycan poeziyasında fəlsəfi xətt bizim qədim poeziyadan üzü bəri bütün qüdrətli şairlərin yaradıcılığında öz ifadəsini tapıb. Bizim yaşadığımız illərin ən qızğın, ən amansız və ən sərt hadisələri, olayları şairlərimizi bir az filosof olmağa, dünyanın gərdişi haqqında düşünməyə sövq edib.

Şeirdə filosofluq etmək lazım deyil. Onsuz də filosoflar elmi şəkildə dünya və kainat, tarix və müasirlik, varlıq və yoxluq barədə cild-cild əsərlər yazmışlar. Poeziyada isə dünyanın fəlsəfəsi poetik düşüncələr vasitəsilə öz təsdiqini tapır. Əgər şair poeziya yox, fəlsəfi fikir naminə nəsə yaradırsa, bu, artıq nə poeziyadır, nə də fəlsəfə.

 

Yaşayıram bu dünyada

Başım üstə mavi səma -

            mavi çadır.

Buludlarla tala-tala,

Şimşəklərlə cadar-cadar.

Dünyaya bax,

məzarlarla yamaq-yamaq,

məzar deyil - min illərdən

keçib gələn insan izi,

Kim bənzədər göz yaşına

            göy dənizi?

Biz dənizlər quruyanda

            ağlamışıq,

Sısqa-sısqa bulaqlarla,

Duzlu-duzlu göz yaşıyla

Dənizləri qurumağa qoymamışıq,

            saxlamışıq.

 

Mən bu şeiri qeyd-şərtsiz fəlsəfi poeziyanın gözəl bir nümunəsi hesab edirəm.

...Fikrət Qoca çoxəsrlik Azərbaycan poeziyası ənənələrinə hədsiz dərəcədə sədaqətli olan, eyni zamanda ən modern poeziya nümunələrinə də biganə qalmayan yenilikçi şairdir. 60-70-ci illərin ədəbi mübahisələrində onun adı tez-tez hallanırdı: F.Qocanı da mücərrədçilikdə, modernizmdə təqsirləndirirdilər, ancaq illər gəlib keçdi, məlum oldu ki, F.Qoca yenilikçi - novator şair olmaqla bərabər, həm də yaxşı mənada ənənəyə bağlı şairdir.

Bu yazıda mən dünyasını dəyişmiş bir şairdən deyil, dünyamızda yaşayan bir şairdən söz açdım. Çünki Fikrət Qoca bir şeirində yazmışdı:

 

Şair nəğmə kimi gəlir cahana,

Nəğmə ölümünə mən inanmıram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!