"Ədəbiyyat qəzeti" "1 şeir/2 rakurs" layihəsini davam etdirir. Bu həftə təhlilə cəlb olunan şeir Günel Şamilqızının "Məlikməmmədə" şeiridi.
MƏLİKMƏMMƏDƏ
Sən mənim quyuma xoş gəldin, oğlan,
Məni saçlarımdan asıb bu nağıl.
Alma axtarırdı sənə verməyə,
Bir quyu dibində azıb bu nağıl.
Bir div saçlarıma toxunan gündən
Uzanıb, uzanır bu edam, oğlan.
Mən bu div oğlanla tükəndim, bitdim,
Sənə külüm qaldı, ay adam oğlan.
Düşmən Məlikməmməd, dost Məlikməmməd,
Çıxart bu quyudan "sonra"larımı.
Sənin barmağında duz qalıb, oğlan,
Göynədir mənim də yaralarımı.
Alnımda yazılar yaman gündədir,
Bu qara sözləri kim ağardacaq?
Bütün quyuların dərini mənəm,
Məni öz içimdən kim çıxardacaq?
Bu nə pis yuxudur, ayılmaq çətin,
Hər gün diri olmur sağ görünənlər.
Nə olar, qoçların rənginə baxma,
Həmişə ağ olmur ağ görünənlər.
Bu yerin üstündə o qədər dərd var,
Quyu dərdlərimin izi itərmiş.
Bir simurq lələyi yandırıb yetiş,
Sənin qardaşların divdən betərmiş.
Sən mənim quyuma xoş gəldin, oğlan,
Məni saçlarımdan asıb bu nağıl.
Alma axtarırdı sənə verməyə,
Bir quyu dibində azıb bu nağıl.
Əbədi ümidin nağılı
Məti Osmanoğlu
Düzünü deyim ki, "Ədəbiyyat qəzeti"ndən bu şeirlə bağlı fikirlərimi yazmaq təklifi alana qədər Günel Şamilqızının mənə sadəcə imzası tanış idi. "Məlikməmmədə" xoş bir sürpriz oldu və məni Günelin digər yazıları ilə də tanış olmağa təhrik etdi...
G.Şamilqızı hər şeirində müəyyən bir əhval-ruhiyyəni, daha çox da tənhalığın, təkliyin, ümidsizliyin, çarəsizliyin yaratdığı ruhi vəziyyətləri gözlənilməz deyimlərlə, fərqli obrazlarla, poetik ştrixlərlə əyaniləşdirməyə çalışır. Şeirlərində işlətdiyi obrazlar hissin taxılıb qaldığı, "tıxaca düşdüyü", insanın içindən çıxa bilmədiyi anları sanki şimşək işığında əyaniləşdirir və bir anlıq görüntü oxucu yaddaşında həmin anı tutub əbədiləşdirən foto mənzərəsi yaradır. Bu mənada, "Məlikməmmədə" şeiri də istisna deyil. Şeir Qismətin "Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları" adlı şeirinə qızın cavabıdır. Hamımıza uşaqlıqdan yaxşı tanış olan bir nağılın havası üstündə yazılan hər iki şeir qaranlıq dünyanın içindən görüntülər təqdim edir və oxucu mətnin təqdim etdiyi əhvalın nağılı ilə yaşayır. Bu, artıq Məlikməmmədin tanış nağılından fərqli bir nağıldır və hər iki şeirin mətni Məlikməmmədin nağılı ilə, ümumiyyətlə, yaddaşımızın nağıl dəyərləri ilə alternativ təşkil edir, nağıl qənaətlərini xatırlatmaqla kifayətlənmir, onunla dialoqa girir. Poststrukturalist yanaşmaya əsaslansaq, mətnlərarası dialoq alternativlik sayəsində oxucunu da özünə cəlb edə, söhbətə qoşa bilir.
Günelin şeiri nəzirə olsa da, ona yeni rənglər gətirən, şeirin məna tutumunu genişləndirən başlıca keyfiyyət yaddaşımızda hazır olan ilkin nağıl mətninə və anlayışlarına yeni məna və yozumlar verməsindədir. Nağıl Məlikməmmədi sehrli alma dalınca göndərir, doğma qardaşları tərəfindən kəndiri kəsilib quyuya salınan Məlikməmmədin yolu qaranlıq və işıqlı dünyalardan keçir. Günelin şeirində (və ya bizə təqdim etdiyi nağılda) isə həmin nağılın özü qaranlıq bir quyunun dibində azıb. Bu, alnındakı yazıların çaşbaş düşdüyü, qara bəxtinin ağarmağa ehtiyacı olan lirik qəhrəmanının iç dünyasının quyusudur:
Alnımda yazılar yaman gündədir,
Bu qara sözləri kim ağardacaq?
Bütün quyuların dərini mənəm
Məni öz içimdən kim çıxardacaq?
Günelin Məlikməmmədə müraciətində poetik əhvalı yaradan və tənzimləyən öz içinin dərinliklərinə qapılmış insanın çıxılması mümkün olmayan quyu dibindən səslənişidir. Çıxılmaz duyğuların əsirliyində olan qəhrəmanın səslənişi, içində yaşadığımız zamanın ictimai havası və qayğıları ilə yüklənir, Məlikməmmədin kəndirini kəsib quyuya göndərən qardaşlar bu günümüzə gətirilərək müasirləşdirilir:
Bu yerin üstündə o qədər dərd var,
Quyu dərdlərimin izi itərmiş.
Bir simurq lələyi yandırıb yetiş,
Sənin qardaşların divdən betərmiş.
Görünür, insanın öz içindən asılmağı, öz içində edam olunmağı əbədi bir qədər yazısıdır, nağıl bu yazını bir cür "oxuyur", şeir başqa cür. Özü ilə bərabər insanın xəyallarını da həmin quyudan çıxaracaq Məlikməmməd isə heç vaxt ölməyən əbədi bir ümidin qəhrəmanıdır...
Şeirdə obraz, detal və kontekst
Cavanşir YUSİFLİ
Filoloji araşdırmaların birində belə bir fraqmentə rast gəldim: kitabın (mətnin...) mənası nədir? Onda deyil ki, burada nələrdən danışılır, odur ki, həmin kitab (mətn...) nə ilə mübahisə edir... Əsas məqam budur. Günelin bu şeirini biz məhz bu baxımdan çözmək istərdik. Şeirdəki obraz və detalların necə sıralanması, hərəkiliyi, dinamikası bizdə belə bir təəssürat oyadır: hisslər bir-birinə "yapışıb" təmas qurmaq istərkən trayektoriya (yəni, yol, xətt) qırılır, necə deyərlər, vahid metafora "parçalanaraq" sətirdən-sətrə keçir, təsvirin (virtuallaşan mənanın-!) konsentrasiya mərkəzi, ifadə etmək enerjisi bütün mətndən yığılıb bir nöqtəyə cəmlənir və burdan geri hərəkətlə bütün ərazini zəbt edir. Misralar daxilində hərəkət əvvəldən axıra bu şəkildə davam edir. Məncə, Günelin şeirlərindəki fərqli rahiyə də məhz bu kompozisiya elementi ilə sıx bağlıdır. Adi toxunuş, təsvir edilən, yaxud uydurulan məkanda adi bir titrəyiş tale və qismətin bütün koordinatlarını dəyişir: Bir div saçlarıma toxunan gündən // Uzanıb, uzanır bu edam, oğlan.
Yuxarıda misal çəkdiyimiz araşdırmada daha sonra deyilir ki, "yazıçı mənaya çata bilmir (yaxud ona çatmamağa, onu əldə etməməyə məhkumdur-C.Y.), əksinə, sözün hərfi, yaxud cismani mənasında onunla döyüşür". Bu ərazidə istənilən döyüş əvvəlcədən bilinən məğlubiyyətin acısına görə gedir, oynanılır, həmin "tamaşada" bu aqibət gizlədilir, gizlənpaç oyunu gedir, tapılacaq şey əldən-ələ ötürülür, olmayan, olmayacaq şeyin bu şəkildə "oynadılması" həqiqət illüziyası yaradır, yəni bu tamaşada doğru olan nə varsa, gerçəkliyin təhrif edilməsi hesabına yaradılır. Ancaq gerçəklik artıq bir dəfə təhrif edilib, "uydurulub", nağıla dönüb, nağıldan gerçəkliyə dönüş ikiqat yalan illüziyası yaradır, çünki geri dönüşdə o gerçəklik ərazisi artıq tutulub, başqa mifoloji-semantik qata keçib. Bir niyyət çərçivəsində söylənilən nağıl fərqli mətn-diskurs içində o qədər başqalaşır ki, ordan fərdi taleyə keçid sürəkli hal alır, deyək ki, əvvəlki ərazidə çərtilən barmağa basılan duz bu mətndə ağrıya, qaysaq bağlamış yaraya çevrilir. Bu qövr edən yadan əvvəlki fraqmentə keçid poetik təssüratı - talenin dönüş anlarını dirildir: Mən bu div oğlanla tükəndim, bitdim// Sənə külüm qaldı, ay adam oğlan.
Adı çəkilən ərazidə iki fərqli dünya (nağıl və nağıl sonrası gerçəklər) qovuşduğu üçün poetik məntiqin istənilən şəkildə təhrifi həmin yaranın dərinliklərini göstərməyə xidmət edir.
Bu nə pis yuxudur, ayılmaq çətin,// Hər gün diri olmur sağ görünənlər// Noolar, qoçların rənginə baxma,//Həmişə ağ olmur ağ görünənlər.
Haqqında danışdığımız mətnin ərazisinin hörüldüyü obrazların mətnin içində ehtiva olunan hərəkətlə münasibətlərinə baxaq. Hər hansı mətnin mənasına (məna ərazisinə) onu yazan müəllif obrazı da daxil olur (bədii obraz nədir? Odur ki, ... başqa birisi mənim (sənin...) haqqımda nə düşünür). Müəllifin obrazı bu sistemdə ən hərəki, ən tez dəyişən nəsnə kimidir. Özünü təsdiq etdiyi anda yoxa çıxa, qeybə çəkildiyi an birdəfəlik ifadə oluna bilər.
Sənin barmağında duz qalıb oğlan // göynədir mənim də yaralarımı.
Yaxud:
Alnımda yazılar yaman gündədir
Bu qara sözləri kim ağardacaq?
Bütün quyuların dərini mənəm,
Məni öz içimdən kim çıxardacaq?
Bunu bir az başqa şəkildə ifadə etməyə, yaxud cavablandırmağa çalışaq.
Deyək ki, Günelin "Məlikməmmədə" şeirinin məlum poetik konteksti var. Şeir Qismətin bir şeirinə ithaf edilib, onun getdiyi cığırı genişləndirmək, yanaşı getmək və bəlkə də ondan ayrılıb başqa cığır açmaq anlamında.
İlk baxışdan oxuyub keçirsən. Və hiss edirsən: başqa tipli parçadı.
Musa Yaqubun bir müsahibədə dediyi sözlər yadıma düşür.
Musa Yaqub: "Şeiri başa düşmək elə şairlə yarıdır. Başa düşmək dedikdə - o hissə girmək çətindir. Hamı başa düşə bilir, ancaq hamı kapilyarlarıyla, xətləriylə şeirə girə bilmir, sevə bilmir. Hisslər üst-üstə düşəndə elə bilirsən bu şeiri sən özün yazmısan. Bu, çox qəribədir…"
Daha sonra Saibi misal çəkir:
Bir qədəh badə ilə könlümü açmaq dilədim,
Bilmədim ki, açılmazdır düyün islansa əgər.…
Yəni istədim ki, badə ilə könlümü açım, daha bilmədim ki, badə ilə düyün açılmır, daha demir ki, könlüm düyün bağlayıb. Bu da çox güclü müşahidədən doğub. Saibin 6 yaşı olanda anası deyir ki, get buzovu aç gəlsin anasının altına, gedir, yer şeh, çomağı islanıb, islaq düyünü aça bilmir. 40 yaşında yada düşür ki, o düyün açılmadı axı.
Öz adından danışıb başqalarını hədəfə almaq yox, onları ifadə etmək, onların qəlbinə gedən yolu axtarmaq... Şeirdə necə olur ki, obraz başqasının düşüncəsi qəlibində ifadə olunur və bunu hiss etmirik.
Başqa bir şairdən eşitmişdim: uşaqlıqda yaxın həyətlərin birində mağar qurulmuşdu, deşikdən baxıb ağlayırdım, təkcə bu yadımda qalıb. İndi də ixtiyar yaşımda ağlayıram. İndi niyə ağladığımı anlayıram, ancaq o uşağın ağlamasını başa düşə bilmirəm...
Açılmayan sirləri mətnə gətirməyin məqsədi varmı? Olmalıdır.
Poetik kontekstdə söz durmadan şəklini dəyişir. Ədəbi kontekst ən müxtəlif həcmlərdə olur və çox zaman bir əsərin sərhədlərini də adlayır. Bütöv bir ədəbi cərəyana və ayrıca poetik sistemlərə müxtəlif tip kontekstlər xas olur. Kontekst - sözün oxunmasına bir açardır; o, sözü sıxır, daraldır, onun bəzi əlamətlərini digərlərinin hesabına irəli çəkir, dinamikləşdirir və eyni zamanda onun bətnində assosiasiya layları "əkməklə" onu genişləndirir. Bunu Lidiya Ginzburq yazmışdı. Ötən əsrin əvvəllərində.
Günelin şeirində, yuxarıda dediyimiz kimi, metafora mənanın "sətirdən-sətrə keçməsi" təsəvvürünü yaradır. Məna planlarının sinxronluğu, təsəvvürlərin uyğunlaşdırılması metaforanın əsasını təşkil edir; ancaq poetik olan nəsnə ümumən metaforik olmaya da bilər, hər hansı eyham burda olmaya da bilər, ancaq kontekstin estetik vəhdəti ona çoxplanlı, geniş məna aşılayır və gözlənilməz əlamətlərə həyat bəxş edir.
Sən mənim quyuma xoş gəldin, oğlan,
Məni saçlarımdan asıb bu nağıl.
Alma axtarırdı sənə verməyə
Bir quyu dibində azıb bu nağıl.
Olur ki, səni böyüdən, həyat bəxş edən bir nəsnə, deyək ki, nağıl içində azdığın yola çevrilir. Şeirdə məlum nağıldan digər mətnlərə də keçid var, "məni saçlarından asıb bu nağıl" başqa bir mətndən (yaxud mətnlərdən) gəlir. Müəllifin hədəf (bəhanə-!) kimi seçdiyi şifahi mətn bütün nağılların, həm də tale dayanacaqlarında etdiyin günahların içindən keçir və bu "dolaşıqlıq", nağılların bir-birinə qarışması məhz bu ovqatdan doğur.
Günelin şeirində yolun bitdiyi anda burulması, keçidlərin variantlar şəklində meydana çıxması müşahidə edilir. Nağılın cızdığı yol var, Qismətin şeiri, bir də Günelin özünün bu labirintlər içində metaforalardan yeni labirint inşa etməsi.
Kontekst strukturdur, şeir isə zamanda axır (daha doğrusu, şeir zamanda axan çaydır...). Ondakı mənalar "calaq edilir, əkilir", semantika açıldıqca açılır. Burda məsələ heç də birinci oxudan getmir (əsl şeirlər ümumən bir dəfəyə oxunmağa hesablanmayıb). Tam kontekst, tam struktura (bitmiş) hərəkətin daimiliyini aradan qaldırmır; kontekst bu hərəkəti dayandırıb özündə hifz edir, mərhələlər qismində özündə saxlayır. Və hər bir mərhələ əvvəlkinə yeni məna aşılayır. Və beləcə "bitdi" deyilən şey bitmir, sonsuzluğa açılır...
Bu yerin üstündə o qədər dərd var,
Quyu dərdlərimin izi itərmiş.
Bir simurq lələyi yandırıb yetiş,
Sənin qardaşların divdən betərmiş.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!