Seyid Əzim Şirvani qəzəllərində ruhun seyri - Xuraman HÜMMƏTOVA

 

XIX əsr Azərbaycan ədəbiyyatının gedişatına nəzər salsaq, görərik ki, bu əsr ən çox maarifçi ideyaların yaranması və çiçəkləndiyi dövr kimi xarakterizə olunur. Maarifçi sənətkarlar təkcə bu ideyaların təbliği və tətbiqi ilə məşğul olmamış, onlar həm də insanların ruhi varlıqlarına təsir etmək üçün lirik şeirlər də yazmışlar. Belə şairlərdən biri də Seyid Əzim Şirvanidir (1835-1888).

XIX əsr Azərbaycan poeziyasında qəzəl janrının ən mükəmməl nümunələrini yaradan Seyid Əzim Şirvani Füzuli ədəbi məktəbinin davamçılarından olmuşdur. Şair Füzuli irsindən bacarıqla istifadə etməklə yanaşı, onun yaradıcılığını incəliklərinə qədər dərk etmiş, onun poeziyasının dərin qatlarına nüfuz edə bilmişdir.

Seyid Əzim Şirvani ədəbi irsinin əsas hissəsini lirik şeirlər təşkil edir. Şairin lirik şeirləri içərisində qəzəlləri xüsusi əhəmiyyət kəsb edir. Onun qəzəllərində sevən aşiqlə cəfakeş məşuq bir qütbdə birləşir. Bu qütblərin mərkəzində isə şairin lirik "mən"i dayanır. "Gəlmişəm kuyüvə yüz səy ilə can vermək üçün", "məndən özgə hüsnünə bir kəs nigahban olmasın", "verdim dilü can nəqdini, aldım qəmi-eşqi" və s. kimi qəzəllərində cəfakeş, sevən aşiq obrazını görürük. Qəzəllərinin birində şair "gün o gün olsun ki, səni məclisi səhbada görüm", deyərək, real aləmdə olan sevgilisini "şərab" məclisində görmək istəyir, o günün tez gəlməsini arzulayan aşiqin məqsədi məşuqəni hər gün: gecə də, gündüz də, yuxuda olsa belə, onun işıq saçan camalını yenə görmək istədiyini deyir.

 

Özgə aləmdir həqiqətdə bu vəhdət aləmi,

Kəsrət ilə aşiqin halı pərişan olmasın.

 

Məşuqə ilə birlikdə olan aşiq bəzm aləmində onunla "ol meyi-nab ki, vəslində səninlə içdim" (494) deyir. Aşiqin məşuqəyə içirdiyi eşq şərabıdır ki, hələ vəhdət aləmində bir canlı varlıq olmazdan əvvəl yaranan eşqin tərənnümüdür. Şair "bəzmi-ələstə" işarə edərək ruhların "qalu-bəla" Tanrının "mən sizin rəbbinizəmmi?" sualına ruhların verdiyi "bəli" cavabı deməsindən qabaq haqqın dərgahında olduğunu bildirir. Belə ki, ruh ilahi məzmunlu olduğu üçün öz əslinə qovuşmağa can atır. Aşiqin surətə (gözələ) olan vurğunluğu da ilahi mənaya olan vurğunluğudu:

 

Məqsədim, şəşəeyi-mahi cəmalındır sənin,

Xah məsciddə onu, xah kəlisada görüm.

 

Seyid Əzim yaradıcılığında din ayri-seçkiliyi yoxdur. Onun yaradıcılığında istər müsəlman, istər büthəpərəst, istər nəsrani olsun, hamı birdir. Aşiq üçün  sevgilisinin məsciddə, istərsə də kilsədə olmasının heç bir fərqi yoxdur, onun arzusu məşuqəni görməkdir.

Şair qəzəllərinin bəzisində mifik, dini, əfsanəvi obrazlardan istifadə etməklə özünün poetik fikir yükünü oxucusuna çatdırır. Bəzi qəzəllərində isə seyi-sülük yolu ilə sanki fövqəltəbii qüvvə vasitəsi ilə bu aləmdən ayrılaraq, başqa bir aləmdə olduğunu, ruhunun dili ilə gördüklərini danışır.

 

Boynuma saldın o müşkin zülfüvün zünnarını,

Ey bütü-tərsa, məni eşqində Sənan eylədin.

 

Aşiq eşqi yolunda Sənan kimi sevgilisinin zülflərini zünnar edib boynuna bağladığını, deyir. Seyid Əzim burada oxucusunun yaddaş kodunda yer alan dini rəvayəti poetikləşdirir. Bu beytlə bağlı Qurani-Kərimdə elə bir ayə keçməkdədir. "Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın". Poeziyada ip, saç, tel, tük və.s kimi təsəvvüf terminləri bağlılıq anlamı kəsb edir. Burada zülf vəhdətlə kəsrət arasındakı əlaqəni göstərən vasitə kimi dəyərləri özündə əks etdirir. Bu beytdə zülf öz müstəqim mənasından uzaqlaşaraq irfani məna kəsb edir. Zülf həm də cism ilə can ( ruh) arasında əlaqə yaradan bir vasitədir. Dini rəvayətə görə müsəlman şeyxi Sənan xristian keşişinin qızına vurulur. Sevgisinə qovuşmaq üçün boynuna xaç asır və belinə zünnar bağlayır. Başqa bir qəzəlində:

 

Oldu hər zərrədən eşqin təcəllası əyan,

Aləmi Musatək, ey xurşud, heyran eylədin.

 

Şair bu beytdə İlahi Yaradanın hər bir varlıqda təcəlla etdiyini, bütün canlı və cansız aləmdə onun zərrələrinin olduğunu vurğulayır. "Ey günəş, sən də Musa kimi ələmi heyran etdin", deyir. Şair burada günəşə xitabən Musa peyğəmbərin möcüzələrinə işarə edir və bunlardan biri də onun əsasının işıq saçıb aləmi işıqlandırması ilə bağlıdır.

Təsəvvüf təlimində Allahın varlığı işıqla təzahür olunur, hər şey, həmçinin insan da bu işığın təzahürüdür. İlahi məqamda Məhəmməd peyğəmbər də teoqatda işıqla təmasda olur.

Seyid Əzim qəzəllərində bəzən şairin öz iç dünyasına xəyalən və ruhən seyrini görür, bu seyr zamanı gördüklərindən bəhs etdiklərinin şahidi oluruq.

 

Bu gecə bir mah ilə ovci-Sürəyyada idim,

Vəsli meracı ilə ərşü-müəlladə idim.

 

Təsəvvüf ədəbiyyatında seyi-sülük gəzmək, səyahət etmək anlamını verir. Bu səyahət adi gəzmək deyil, insanı tərbiyələndirici, əxlaqverici bir səyahət formasıdır.

Bu səyahət insanın öz daxili dünyasından ilahi varlığın vüsalına doğru hərəkətidir. Bu irəliləyiş tərbiyələndirici və özünüdərk anıdır ki, insan onu yaşayır. Ruhumuzun Allaha dönərək Allahın Zatına ulaşmasının, yaxınlaşmasının səyahətidir, Tanrı məqamında ona təslim olmasıdır. Poeziyada gerçəkləşən bu səyahət, şair ruhunun varlıq aləmindən ayrılaraq Allaha doğru olan yolçuluğunun gerçəkləşdirilməsidir.

 

Çıxıban şəhrdən, ey mah, cigərqan gəldim,

Bu səfərdən tapıban ay kimi nöqsan, gəldim.

 

Seyid Əzimin "Gəldim" rədifli qəzəlində Aya müraciət edən şair "çıxıban şəhrdən, ey mah, cigərqan gəldim" deyərək, yaşadığı aləmdən ayrıldığını, "ay kimi nöqsan gəldiyini" etiraf edir. Burada şair "ay kimi nöqsan gəldim" deməklə, yaddaş kodumuzda yer alan Ayla bağlı əfsanəni yadımıza salır.

Sonrakı beytdə:

 

Muri-avarə idim, daməni-səhranı gəzib.

Bildim Aqabəgi aləmdə Süleyman gəldim.

 

Şair qəzəldə bədii təsvir vasitəsi olan litotadan istifadə etməklə, özünü cismən zəif, kiçik olan qarışqa ilə müqayisə edir və "muri-avarə idim, daməni-səhranı gəzib", səhranı qarışqa kimi avara dolanırdım, deyir və bu aləmə Süleyman kimi gəldiyini etiraf edir.

Seyid Əzimin "Genə gəldim" rədifli qəzəli məzmun baxımından təsəvvüf ideyalarını özündə təzahür edir. Sufi fəna-fillah halına yetişmək, həqqi-mütləqə qovuşmaq üçün müxtəlif çətinliklərlə rastlaşır və onları dəf etməkdən ötrü müəyyən məqamlardan keçərək, mərifət əhlinə, hal əhlinə çevrilir. Son anda fənaya qovuşub, həqqi mütləqə yetişir və bununla da o, öz əvvəlki halından çıxaraq, başqa bir yolun yolçusu olur.

 

Canan yoluna verməyə can mən genə gəldim,

Bu Kəbə ara olmağa qurban genə gəldim.

 

Qəzəlin mətlə beytində aşiq ilahi varlıq yolunda özünü qurban vermək üçün yenidən gəldiyini etiraf edir. Bu gəlişinin səbəbi ilə Kəbə zinətlənəcək, onun gəlişi ilə Kəbənin yeni bir təravət alacağını deyir.

Təsəvvüf poeziyasının özünəməxsus rəmzlər dili var, bəzi şairlər bu dili "quş dili" adlandırıblar. Seyid Əzim də bu dili özünəməxsusluqla işlədərək, söz içərisində söz yarada bilmişdir. Qəzəldə "can" sözü müxtəlif anlamları özündə ehtiva edir. İşlənmə məqamından asılı olaraq bu cinas ifadənin məzmun və fikir yükü dəyişir. Əgər bəzi yerlərdə "can" sözü "qurban olmaq, fəda olmaq, can vermək, ölmək mənalarında işlənirsə, bəzi məqamlarda "ruh" mənasında işlənir. Şair bu məqamda ruhun müxtəlif varlıqlarda təcəlla edib dönüşündən söz açır. Deməli, şair ruhunun artıq bu aləmə bir dəfə gəldiyini, amma onun hər hansı bir varlıqda - insanda təzahür edə bilməyib yenidən öz aləminə döndüyünü etiraf edir.  

Sonrakı beytdə şair deyir:

 

Bir gəlmiş idim verməyə can, olmadı qismət,

Getdim, dolanıb bir dəxi ey can, genə gəldim.

 

Beytin birinci misrasında "can" sözü fəda olmaq, özünü qurban vermək mənasında işlənirsə, ikinci misrada "can" sözü ruh mənasında işlənib. Şair ikinci misrada ruhun yenidən dolanaraq döndüyünü, yenidən bu aləmə gəldiyini deyir.

 

Dərman dedilər dərdi nihanimə dəhanın,

Yox yerdə sanıb dərdimə dərman, genə gəldim.

 

Beytin açılışı: aşiqin gizli dərdinin dərmanını məşuqənin ağzın (dəhanın) bildilər, amma mən yenə dərmanın o yoxluq aləmində olduğunu bilərəkdən, yenə gəldim, deyir.

Klassik poeziyada dəhan (ağız) anlamında işlədilən bu ifadə fars sözü olub zahirən danışıq mənasını bildirir. Təsəvvüf poeziyasında "yoxluq" mənası kəsb edən (dəhan) bu söz haqqın kəlamı mənasında işlədilir. Dəhan - yoxluq aləmində bəzən gizli olan sirlərin faş olması üçün ötürücülük funksiyasını yerinə yetirir.

 

Yüz dəfə xəzan olmuş idi bağü baharım,

Bu bağı görüb, fəsli-gülüstan, genə gəldim.

 

Bu beytdə dəfələrlə bağ-bağçasının xəzan olduğunu görən aşiq, bahar fəslində gülüstana dönən bağını görüb, yenə gəldiyini deyir.

 

Aldım ələ payi-mələx-asa dilü canı,

Sandım ki, çıxıb təxtə Süleyman, genə gəldim.

 

Bu beytdə şair bizim gen yaddaşımızda yer alan "Qarışqa və Süleyman" əhvalatını yadımıza salır. Qarışqa Süleymanın taxta çıxmasını eşidib ona hədiyyə olaraq çəyirtkənin budunu hədiyyə aparır, mən isə səni görmək üçün hüzuruna ürəyimi çıxarıb gəlmişəm. Sevgilinin hüzurunu şair Süleymanın taxtı ilə müqayisə edir, yenə üstünlüyü sevgilisinin məqamına verir.

Qəzəlin məqtə beytində şair deyir:

 

Seyyid, neçə yol gəlmiş idim mülki-cahanə,

Səd şükür tapıb surət-insan, genə gəldim.

 

Bu beytdən belə aydın olur ki, şair insan ruhunun dövr edərək bu aləmə müxtəlif formalarda gələ bilməsinin mümkün olduğunu deyir. Ruhun bu aləmə dönüşünün və insan cismində bərqərar olmazdan öncə hansı vəziyyətdə olması haqqında A.Gölpınarlı yazır: "Onlar bu aləmə gəlməzdən əvvəl nəşir halında idi. Onların hissələri yəni, cüzləri heyvan, bitki və cansız varlıqlarda təzahür idi. Bu hal hərflərə bənzəyir. Ana və baba yeyib-içdikləri şeylərdən onun mayasını toplamış, sonra ana rəhmində tərkibə düşərək, həşr edilərək bu aləmə gəlmişdir ki, bu da hərflərin birləşərək kəlmə, kəlmələrin birləşərək söz oluşuna bənzəyir".

Seyid Əzim poeziyası fəlsəfi və irfanyönlü bir poeziyadır. Şair dövrünün bütün elmlərini mükəmməl bilmiş, onlardan yeri gəldikcə şeirlərində istifadə etmişdir. Bu baxımdan onun "Genə gəldim" rədifli qəzəlinin məqtə beytində demək istədiyi fikir yükü ruhun insan cismində bərqərar olmazdan öncə başqa-başqa məqamlarda və varlıqlarda olmasına bir işarədir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!