Xatirələrdə, ürəklərdə yaşayan Əliağa Kürçaylı - Vaqif YUSİFLİ - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

Əliağa Kürçaylı ilə şəxsən tanış deyildim. Amma elə tələbəlik illərindən başlayaraq bütün şeir kitablarını əldə eləmiş və bir oxucu kimi onun çoxsaylı pərəstişkarlarından birinə çevrilmişdim. Yetmişinci ildə Filarmoniyanın yay klubunda Əliağa Kürçaylının "Poeziya gecəsi"ndə onun öz dilindən şeirlərini eşitdim. Musiqili Komediya Teatrında onun "Ləpələr", "Nənəmin şahlıq quşu", "Boşanaq, evlənərik" pyeslərinin tamaşaçısı oldum.Sonralar, ədəbi aləmə qovuşduğum illərdə mən onu Yazıçılar Birliyində, ədəbi məclislərdə, şeir gecələrində, hətta küçədə, yolda dəfələrlə gördüm. Amma yaxınlaşmağa, onunla tanış olmağa cəsarət eləmədim. 1979-cu ilin dekabrında-"Azərbaycan" jurnalında təzəcə işə götürülmüşdüm - Kürçaylı bu jurnalın redaksiya heyətinin üzvü idi. Bir gün Ə.Kürçaylı redaksiyaya gəldi. Eşitmişdim ki, xəstədir, Moskvadan-müalicədən təzəcə qayıtmışdı.  O, içəri girdi, hamımızla salamlaşdı, sonra baş redaktorun otağına keçdi. Bu mənim Ə.Kürçaylı ilə sonuncu "görüşüm" oldu. Fevral ayında o, dünyasını dəyişdi. İndi təəssüf edirəm, yanıb-yaxılıram, mən Ə.Kürçaylı ilə görüşə bilərdim. Məni düşündürən, sırf onun yaradıcılığı ilə bağlı suallar verərdim ona.

Otuz səkkiz il keçir onun vaxtsız vəfatından. Əlli iki  il yaşadı, ömrünün son illərində sağalmaz bir xəstəliyə tutuldu, üz-gözündən sağlamlıq yağan, yanaqlarının qırmızılığı əksilməyən bir insanın ölümünə indi də inanmıram.

Əliağa Kürçaylı necə şair idi, bir şəxsiyyət kimi onu başqalarından fərqləndirən hansı özünəməxsus xasiyyətləri vardı? Mən Ə.Kürçaylı haqqında həm onun sağlığında, həm də vəfatından sonra qələmə alınan bütün yazılarla tanış oldum. Və gözlərim qarşısında şair-şəxsiyyət Əliağa Kürçaylı obrazı canlandı.

Əliağa Kürçaylı müharibədən sonra ədəbiyyata gələn nəslin sırasında idi. O nəsil böyük Səməd Vurğunun qayğısını, mənəvi dəstəyini hiss edirdi. 1976-cı il, "Azərbaycan" jurnalının 2-ci nömrəsində Ə.Kürçaylının "Səməd Vurğun taleyimizdə" xatirə yazısında Səməd Vurğunun onun həyatında, şairlik taleyində necə önəmli rol oynadığından söz açır.

1946-cı il. Salyan dram teatrında mühasib işləyən, amma ürəyi, hissi, duyğusu şeirlə dolu Əliağa Kürçaylının - on səkkiz yaşlı bir cavanın "Azərbaycan gəncləri" qəzetində "Sənin gözlərin" adlı ilk şeiri çap olunur. Həmin gün özünü dünyanın ən xoşbəxt bir adamı sayan Əliağanın gələcək uğurlarının başlanğıcı qoyulur.

1947-ci ilin iyun ayı. Salyan rayon partiya komitəsinin birinci katibinin qəbulu.  Katib ona bir məktub oxuyur.  "Rayon partiya komitəsinin birinci katibi Məmməd Bağırov yoldaşa.  Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək Gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik. Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri Səməd Vurğun".

Bu da Bakı. Yazıçılar İttifaqı. Cavan yazarlar bir-bir kürsüyə qalxır, ya ilk qələm təcrübələrini - şeirlərini, kiçik hekayələrini oxuyur, ya da Səməd Vurğunun suallarına cavab verirdilər. Səməd Vurğun şeir oxumaq üçün ona söz verir. "Ayağım ayağıma dolaşa-dolaşa  xitabət kürsusünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər?  Sifətim alışıb-yanır. Ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam.  Çəkinə-çəkinə Səməd Vurğuna baxıram.

- Danışım, ya şeir oxuyum?

- Şeir oxu, natiqimiz onsuz da az deyil.

"İlk bahar çiçəyi" adlı şeirimi oxuyuram:

Yadımdadır, güllələr şığıyıb keçən zaman

Səni qanlı otların üzərindən dərdiyim.

O incə tellərini mərmilər biçən zaman

Xatirə dəftərimin arasına sərdiyim.

Qayıtmışam cəbhədən, indi yenə bahardır,

Bitmisən çəməndə sən, ləçəklərin qan kimi.

Üzündə nə həyəcan, nə qorxu izi vardır,

Mən qorudum güllədən səni qəhrəman kimi.

Şeiri oxuyub gah salona, gah da Səməd Vurğuna baxıram.

-Birini də oxu.

Bu, onun səsidir.

Bu dəfə adını elan etmədən "Qurtardı" şeirini oxuyuram:

Hərbin alovu söndü,

Gedənlər geri döndü.

Çölüm əkilməməkdən,

Qəlbim dardan qurtardı

İntizardan qurtardı.

Şeiri oxuyub qurtaran kimi, birbaşa danışığa keçirəm. Səməd Vurğun qəflətən sözümü kəsir.

- A bala, harda oxuyursan?

- Oxumuram.

- Harda işləyirsən?

- Dəmir yolunda.

- Nə işində?

- Hesabdar.

Salondakılar gülüşür. Mən tez əlavə edirəm:

- Hesabdar idim. İndi fəhlə işləyirəm.

- Gəl səni düzəldim universitetə.

- Götürməzlər.

- Niyə?

- Kamal attestatım yoxdur. Mən 9-cu sinfi bitirmişəm.

Rəyasət heyətində oturanlardan kimsə əyilib onun qulağına nəsə deyir. Görünür, Səməd Vurğuna kamal attestatı olmadan universitetə qəbul edilməyin qeyri-mümkün olduğunu söyləyir.

- Uşaq oxumalıdır.

Sonra mənə baxır".

Məhz Səməd Vurğunun dəstəyi və köməyi ilə Əliağa Kürçaylı Salyandan Bakıya köçür, fəhlə-gənclər məktəbinin son sinfini bitirir, ADU-nün filologiya fakültəsinə daxil olur. Yenə S.Vurğunun  dəstəyilə Moskvaya-Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna göndərilir, amma səhhəti ona imkan vermədiyi üçün Bakıya qayıdır, ADU-da təhsilini davam etdirir. Səməd Vurğunun qayğısını o, sonralar da hiss edir.  Xalq yazıçısı Hüseyn Abbaszadə yazır ki: "1954-cü ildə o, "Muğan axşamları" adlı poema yazmışdı. Əliağa poemanı rusca çap olunmaq üçün "Literaturnı Azərbaycan" jurnalına təqdim eləmişdi. Jurnalın baş redaktoru İmran Qasımov əsərə rəyini bildirmək üçün Səməd Vurğuna vermişdi.  Bir gün Əliağanın sevincinin həddi-hüdudu yox idi. İmran Qasımov onu çağırıb demişdi ki, Səməd Vurğun poemanı bəyənib, çox müsbət rəy yazıb".

Əksər cavan şairlər o illərdəı  Səməd Vurğun yolunu tutur, onun kimi yazmağa can atırdılar.  Hətta təqlid edirdilər onu, amma illər keçdikcə hərə öz yolunu tapır, öz fərdi üslubunu yaradır. Əllinci illər bu mənada Əliağa Kürçaylının özünü təsdiq etmək, axtarış illəri olur. "Kommunist", "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri" qəzetlərində, "Azərbaycan" və "Literaturnı Azerbaycan" jurnallarında  ədəbi işçi, şöbə müdiri, məsul katib kimi çalışdığı , Azərnəşrdə və "Yazıçı" nəşriyyatında işlədiyi 60-70-ci illərdə ədəbi həyatın ən fəal üzvlərindən biri də Əliağa Kürçaylı idi. Sağlığında 14 şeirlər, 4 tərcümə kitabları çapdan çıxan, pyesləri teatrlarda tamaşaya qoyulan Ə.Kürçaylı artıq yetkin bir şair və tərcüməçi kimi tanınırdı. Onun yaradıcılığı tənqidçilərin və qələm dostlarının diqqətindən kənarda qalmır. Ə.Kürçaylı etiraf edirdi ki, onun bir şair kimi formalaşmağında Səməd Vurğunla yanaşı , Süleyman Rüstəmin də böyük rolu olub. Süleyman Rüstəm Ə.Kürçaylının "Kənd işıqları" poemasını bəyənmiş və ona demişdi ki, sən gün-gündən inkişaf edirsən. Görkəmli tənqidçi Əkbər Ağayev 1970-ci ildə Ə.Kürçaylının  "Seçilmiş əsərləri" kitabı haqqında çox dəyərli bir məqalə yazmışdı ("Yetkinlikdən kamilliyə"). Bu məqalə ədəbi tənqidin Əliağa Kürçaylını etiraf etməsinin bariz nümunəsi demək idi. "Seçilmiş əsərləri"n müəllifi Ə.Kürçaylının bir şair kimi inkişafı təbii yolla gedir, istedadı orijinaldır, kitabdan-kitaba daha da parlayır və öz yeni xüsusiyyətlərini büruzə verir".Anadan olmasının 50 illiyi münasibətilə ən yaxın dostlarından biri - Qabil yazmışdı ki: "Siz hansı mövzuda  şeir yazırsınızsa-yazın, oxucuları düşündürən mətləblərə toxunur, həmin mətləbləri öz üslubunuza məxsus ustalıqla poeziya dilinə çevirirsiniz". Xalq yazıçısı İlyas Əfəndiyev Ə.Kürçaylının "Daşlar" silsiləli şeirlərini  "müasir fikrin, müasir hisslərin qüvvətli təlatümündən doğan həqiqi poeziya" nümünələri kimi dəyərləndirirdi: "Dostum Əliağa! Sənin bu il "Ədəbiyyat və incəsənət" qəzetində çıxmış "Daşlar" silsiləsi ona görə mənə çox təsir elədi ki, "daşların lal baxışında"  mən əsl insanın, həyatı çıraq kimi xalq üçün  yanan insanın kədərini duydum. Daşa dönmüş fədakarlığını duydum. Elmi-texniki inqilab əsri bizim müasirimizin poeziyaya, sənətə olan tələbini, onun bədii-estetik zövqünü  çox dəyişmişdir və mən çox şadam ki, sən istedadlı bir şair kimi bunu hiss edirsən. Bu hiss sənin poeziyanın ən yaxşı nümunələrinə yeni, məhz bizim əsrimizə məxsus təzə bir ahəng, təzə bir ruh verməkdədir".

Ə.Kürçaylının yaradıcılığı haqqında yazıların sayı çoxdu. Təkcə sağlığında deyil, ölümündən sonra da o, unudulmadı. Bəkir Nəbiyev, Nəbi Xəzri, Elçin, Xəlil Rza Uluturk, Mahmud Mahmudov, Sevda Əliyeva Kürçaylı poeziyasından söz açdılar, vaxtsız vəfatına təəssüfləndilər.

Bəs insan kimi necə xatırlanır? Muğan elinin mənəvi ağsaqqalı (ruhu şad olsun) İmamverdi Əbilov (o, canlı ensiklopediya idi)  Əliağa Kürçaylı haqqında gözəl bir xatirə yazıb. Onu təkcə şair kimi deyil, həm də həssas qəlbli bir insan kimi xatırlayır İmamverdi müəllim.

"Bu,  həmin Əliağa idi ki, 1945-ci ildə Salyan stansiyasında onunla qarşılaşanda  uşaq kimi ağlayan görmüşdüm.  Qucaqlaşdıq, göz yaşının səbəbini soruşdum. Stansiya binasının  tininə söykənib hönkürən on-on iki yaşlı  oğlanı göstərdi, sonra titrək səslə nağıl elədi ki, həmin uşağın atası müharibədən qayıtmayıb, xəstə anasını, nənəsini və özündən kiçik  bacısını dolandırmaq üçün gecələr yatmır, səhəri Aqquşa çayının üstündə açır ki, üç-dörd balıq  tutub satsın, evdəkilərə ruzi pulu qazansın. Bu gün, hansı namərdsə onun balığını oğurlayıb, uşağı belə ağlar qoyub... Kaş əlimə düşəydi o dəyyus".

Əliağa Kürçaylının çox kövrək, sevincə də, qəmə də şərik bir insan olduğunu, kimsəsizlərə hayan durduğunu İmamverdi müəllim dönə-dönə xatırlayır. Onun uşaqlığı və ilk gənclik illəri maddi ehtiyac içində keçib:

Yetimlik çəkmişəm...

Bəlkə yetimlik

Belə sərt yoğurub təbiətimi?

Yediyim dərd olub, bir də ki yemlik,

Fəqət qorumuşam heysiyyətimi.

Yerimdən durmuşam dan qızaranda,

Bəzən naharımı əvəz edib şam.

Özgə uşaqları konfet soranda

Mən konfet yerinə barmaq sormuşam.

İmamverdi müəllim Ə.Kürçaylı - ən yaxın dostu ilə son görüşünü belə xatırlayır: "1980, 8 fevral. Yanına kimsəni buraxmırdılar. Qapının zəng düyməsi kağızla örtülmüşdü. Şəhla xanım və Ülfət məni içəri dəvət etdilər. Aman Allah. Bu Əliağa idimi?  Bircə yuxarı dartılmış  qaşlarının qapqara rəngi dəyişməmişdi.  Sifətində həyat əlaməti yox idi. Əllər, qollar, qupquru... Nədənsə mənə elə gəldi ki, heç nə üçün, heç kim qarşısında, heç vaxt əyilməyən  məğrur Əliağa  məhz indi - ölümlə əlbəyaxa olduğu məqamda ölümə meydan oxuya-oxuya yaşamaq üçün insanlardan imdad istəyir. Birdən, yaddaşında itirdiyini tapmış bihal adamlar kimi sifətində güclə sezilən ani bir tərpəniş hiss etdim.  Qupquru dodaqlar zorla bir-birinə  yaxınlaşdı, elə bil qeybdən gələn  qırıq-qırıq kəlmələr eşidildi: "Ge-di-rəm, el-oğ-lu. Məndən sə-nə əmanət.."  Sözünün ardını deyə bilmədi, buna taqəti çatmadı, zorla açılan gözlər yavaş-yavaş qapandı..."

Xatirələr çoxdu. Hamısında Kürçaylıya böyük məhəbbət hissi yaşayır. Xalq şairi Xəlil Rza Uluturk yazır ki, böyük rəssam Mikayıl Abdullayev Nəsiminin portretini yaradarkən ondan altı yüz il sonra  ömür sürmüş Əliağa Kürçaylının üz cizgilərindlən, qaşlarından istifadə etmişdir. Xalq şairi Nəbi Xəzri  yazırdı ki, biz Əliağa ilə birlikdə Yazıçılar İttifaqının Rəyasət heyətinə ərizə yazdıq ki, Sergey Yeseninin kitabını nəşriyyat planına salmaqda bizə kömək etsinlər. Rəyasət heyətinin iclasında hörmətli yazıçılardan kimsə təklif edir ki, Nəbi Xəzri də, Əliağa Kürçaylı da İttifaqdan çıxarılsın, ona görə ki, S.Yesenin öz şeirlərində əxlaqsızlığı vəsf edlib, əxlaqsız şairi tərcümə edənlər də elə əxlaqsızdırlar. Yaxşı ki, İlyas Əfəndiyev  o yazıçının cavabını verib.

Yeri gəlmişkən, burada qeyd etməyi lazım bilirəm ki, Əliağa Kürçaylı nadir istedada malik tərcüməçi idi. Onlarla rus və dünya ədəbiyyatından gözəl poetik tərcümələrin müəllifiydi. Elə ikicə nümunə göstərmək kifayətdir. Dahi italyan şairi Dantenin "İlahi komediya"sını, rus şairi S.Yeseninin şeirlərini, poemalarını dilimizdə  sanki azərbaycanca  yazıblarmış kimi səsləndirib və bu tərcümələrin elə bilirəm, alternativi -əvəzi yoxdur.

Bu yazıda xatirələr işığında Əliağa Kürçaylını  yad etdim... Onun bir şair və tərcüməçi  kimi bənzərsizliyindən,  nəğmələrindən, bir publisist kimi fəaliyyətindən söz açmadım. Onsuz da onu sevənlər çoxdur, şeirləri indi də oxunur. Kürçaylı poeziyasını təbliğ eləməyə ehtiyac duymadım. Amma son olaraq bu yazını onun çox sevdiyim bir şeiri ilə bitirmək istəyirəm:

Sən mənə ömrüm boyu

Bir bulanıq Kür suyu,

Bir söyüd yarpağı ver.

Canımdan əziz olan,

Üstündə çiçək solan

Şor Muğan torpağı ver.

Mən onda hara düşsəm,

Hansı diyara düşsəm,

Deyərəm vətəndəyəm.

Sən ey Milim, Muğanım,

Doğma Azərbaycanım,

Deyərəm ki, səndəyəm!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!