Birinci Türkoloji Qurultayda terminologiya məsələsi - Nizami CƏFƏROV, Mahirə HÜSEYNOVA, Aysel QƏRİBLİ

 

Birinci Türkoloji Qurultayda üç məsələ daha çox diqqət mərkəzində olmuşdur ki, onlardan birincisi, əlifba, ikincisi, orfoqrafiya, üçüncüsü isə terminologiya idi. Üçüncü məsələ bir də ona görə xüsusi maraq doğurmuşdu ki, termin anlayışı, adətən müzakirələrdə ümumən söz anlayışına qədər geniş miqyas almışdır.

Qurultayın səkkizinci iclası Təşkilat Komitəsinin üzvü, Bakıda çalışan eston ədəbiyyatçı Artur Rudolfoviç Zifeldt - Simumyaqinin "Türk dillərində elmi terminologiyanın yaranma prinsipləri haqqında" məruzəsi ilə başlamışdır. Marksizm-leninizm ideologiyasının dillə bağlı materialist görüşlərini N.Y.Marrın "yeni dilçilik nəzəriyyəsi"nin interpretasiyasında kifayət qədər konyuktur təfsilatı ilə "şərh" etdikdən sonra məruzəçi mətləbə keçmişdir:

"Ədəbi dilə münasibətdə türkdilli xalqların böyük əksəriyyətində 4 əsas cərəyan fərqləndirir və sadəlik üçün onlara şərti adlar veririk: panislamçılar, avropalaşdıranlar, pantürkçülər və xalqçılar (demokratlar). Panislamçılar köhnə qəbildən olan adamlar, irticaçılar, ərəb-fars jarqonunu saxlamağa və türk dilinin ərəb və fars sözlərilə yüklənməsini davam etdirməyə çalışanlardır. Avropalaşdıranlar daha müasir, daha mütərəqqi, daha inqilabi adamlardır, onlar mədəniyyət idealını orta əsrlərin müsəlman dünyasında yox, qabaqcıl xalqlar arasında axtarırlar, lakin rus və ya Avropa məktəbindən mənimsədikləri vərdiş nəticəsində dili amansızcasına Avropa varvarizmlərilə doldururlar".

A.R.Zifeldt-Simumyaqi sözünə davam edərək demişdir ki, o, pantürkçü deyəndə, "bir tərəfdən, bir dili - əksər hallarda osmanlı dilini süni şəkildə bütün türk xalqlarına zorla qəbul etdirməyə çalışan, digər tərəfdən, bütün türk xalqları üçün ümumtürk dilini dərhal işləyib hazırlamağa can atanlar"ı başa düşür.

Məruzəçi sonuncu xalqçı-demokratlar cərəyanı haqqında danışarkən demişdir:

"Bunlar bütün terminləri xalq dilində axtarmaq, tapmadıqda isə... onları xalq dilinin köklərindən süni şəkildə yaratmağın zəruri olduğunu sayanlardır... Ən sağlam nəzəriyyə xalqçı-demokratların nöqteyi-nəzəridir... Bundan başlamaq lazımdır".

Lakin o, "yüz faiz demokrat olmağ"ın ona görə əleyhinə olmuşdur ki, həmin halda "bir millət hüdudlarında ədəbi dil olmayacaq, yalnız uyezd, yaxud nahiyə dialekt və şivələri qalacaq".

Türk ədəbi dillərinin mövcudluğunu, demək olar ki, inkar edib, yeni ədəbi dillər yaratmağın "planı"nı verməyə cəhd göstərən A.R.Zifeldt-Simumyaqi təklif etmişdir ki, "bir dil hüdudunda, ya bütün dialekt və şivələr üçün ortaq, yaxud ümumi olanı tapmaq, ya da ümumi tarixi təcrübədən göründüyü kimi, ləhcələrdən birini, adətən paytaxtın bədii ədəbiyyat və dövri mətbuat vasitəsilə qonşu ləhcələrin söz sərvətlərilə zənginləşdirilən ləhcəsini əsas kimi götürmək lazımdır". Bununla yanaşı, o, əminliyini bildirmişdir ki, "indiki şəraitdə məhəlli sözlərin yalnız bu yollarla tarixi cəmlənməsini gözləməyə ehtiyac yoxdur, işi daha qısa müddət ərzində və daha planlı şəkildə elmi təşkilatlar, dövlət terminoloji komissiyaları, ədəbiyyat və dövri mətbuat birgə yerinə yetirməlidir".

Məruzəçinin fikrincə, termin yaradıcılığının əsas qaynağı xalqın öz dilidir... "Anatomiya və tibb üçün terminləri hazır şəkildə, xeyli dərəcədə, qəssablar, baytar və türkəçarələrdə; aqronomiya və botanika üçün terminləri əkinçi və bağbanlarda; zoologiyaya dair terminləri isə ovçular və balıqçılarda tapmaq olar və i. Mürəkkəb anlayışları ifadə etmək üçün hazır sözlər olmadıqda ədəbi dilin populyarlığını qoruyub saxlamaq üçün doğma dilin köklərindən yeni sözlər yaradılmasına (məsələn, dəmiryol) əl atmaq daha səmərəlidir".

Başqa dillərdən alınmalara da, hər hansı halda, ehtiyac olacağını nəzərə çatdırarkən məruzəçi xatırlatmışdır ki, "eyni fonetik qanunları ilə fərqlənən dillərdən götürülən sözlər dilə daha asanlıqla daxil olur. Hər bir türk dili üçün beləsi digər bir türk dilidir, xüsusən də, iqtibas edilən dillə bir qrupa aid olduqda. Azərbaycan dili üçün belə dillər cənub-qərb qrupu dilləridir (ilk növbədə, türkmən, daha sonra Anadolu türkcəsi və Krım-tatar), tatar dili üçün - başqırd, mişar və s.)".

Əlbəttə, türk dilləri, xüsusilə, ədəbi dilləri arasındakı terminoloji mübadilə o dövr üçün hələ heç bir təcrübəyə yiyələnməmişdi. Və belə bir təklifin verilməsi türkologiya üçün aktuallığını bu günə qədər qoruyub saxlayan perspektivli bir hadisə idi. Ancaq bu da vardı ki, türk dillərinin bir-birinə terminoloji "köməy"i indiyə qədər son dərəcə məhduddur... "İkinci iqtibas mənbəyi kimi Qərbi Avropa dilləri və rus dili ola bilər" təklifinə gəldikdə isə, burada, prinsip etibarilə, Qərbi Avropa dilləri nəzərdə tutulur, rus dili, sadəcə, vasitəçi rolunda iştirak edir.

Qısaltma alınmaların ("ispolkom", "NEP", "VES" və s.) türk dillərinə keçəcəyinə heç bir şübhə etməyən məruzəçi ərəb və fars terminlərindən ancaq onların saxlanmasını mümkün sayır ki, "türk dilində yalnız dini anlayışlar ifadə edir".

"Türk dillərində elmi terminologiyanın yaranma prinsipləri haqqında"kı məruzə onunla bitir ki, "əcnəbi dillərdən terminləri yalnız ən zəruri hallarda, dilin özünün bütün imkanları istifadə edildikdə götürmək lazımdır". Və olduqca "demokratik" olan bu mülahizə bir məqamı ümumiyyətlə nəzərə almamışdı ki, həmin illərdə türk dillərində elmi terminologiya ümumiyyətlə yox dərəcəsində idi.

Professor B.V.Çobanzadə "Elmi terminologiya sistemi haqqında" məruzəsini türkcə etmiş, qurultayın stenoqrafik hesabatında məruzənin rusca tərcüməsi verilmişdir. Sözünə Avropa dilləri terminologiyasının get-gedə daha çox ümumi olmasından başlayan məruzəçi həmin xüsusiyyətin Asiya üçün qeyri-səciyyəviliyini göstərmiş, bunu Avropa xalqlarının sıx iqtisadi əlaqələri ilə izah etmişdir.

Türk dillərinin terminoloji qaynaqlarından danışarkən, əvvəlki məruzəçi kimi o da üçünün üzərində dayanmış, demişdir ki, birincisi ümumtürk bazasıdır... "Yoldaş Zifeldt həmin terminlərin, "ruhanilik" və i.a. sözlərin əleyhinə çıxsa da, daha bir baza var. Dillərimizin bu məqama hansı yollarla gəlib çıxmasından asılı olmayaraq, dünən də çıxışımda belə bir faktı göstərdim ki, onlara yalnız aqlütinasiya, yaxud sinharmonizm baxımından tərif vermək olmaz... Sırf türk dilinə xas olan aqlütinasiya, sinharmonizm bizdə ərəb, fars dillərindən alınmalarla pozulub.

Üçüncü baza elmi anlayışlar, elmi nəzəriyyələr sahəsində ümumi istiqamət tutmağımız və bununla yanaşı, onların adlarının, terminlərinin Avropa tərzinə əsaslanmağımızdır".

B.V.Çobanzadə tamamilə doğru olaraq söyləmişdir ki, "hətta Çin sərhədində olsa belə, hər bir xalq Şərqə deyil, Qərbə üz tutur". Və görkəmli türkoloqun terminlərin "birincisi, elmi və ikincisi - pedaqoji" olmaqla ikili səciyyə daşıması, türk xalqlarının məhz pedaqoji sahədə, həm orta, həm də tədricən ali məktəblər üçün termin yaradılmasına üstünlük vermələri barədəki mülahizələri də dövrün tələblərindən irəli gəlirdi.

Məruzənin mətni (görünür, məruzəçinin dediklərinin yalnız icmalından və ya qısa məzmunundan ibarətdir) göstərir ki, qurultayda "termin" sözü bəzən dar, bəzən geniş mənada işlədilmiş, yəni bir sıra hallarda elmi anlayışları bildirən vahidlərə, bir sıra hallarda isə hər cür ada "termin" deyilmişdir. Əslində, bunların arasında, xüsusilə, o illərdə bu və ya digər dərəcədə kəskin sərhəd qoymaq da mümkün deyildi.

B.V.Çobanzadə demişdir:

"Qeyd etdiyimiz kimi, hər bir səsə ayrıca bir hərfin müvafiq gəlməsini tələb edən əlifba prinsipi kimi elmi terminologiya da hər bir anlayış qarşısında müvafiq bir ayrıca sözün dayanmasını və onların bir-birinə qarışmamasını istəyir".

Doğrudur, müqayisə bir qədər mübaliğəlidir, ancaq "termin" anlayışının dəqiqləşdirilməsi baxımından yerinə düşür.

Türk məktəblərində terminlərin tədrisi məsələsinə gəldikdə, məruzəçi rus, eləcə də Avropa məktəblərindəki təcrübənin tətbiq edilməsinin tərəfdarı kimi çıxış etmişdir. Belə ki, aşağı siniflərdə "sırf yerli terminlər" istifadə olunmalı, yuxarı siniflərə keçdikcə türk dilləri üçün ortaq olan terminlərə müraciət edilməlidir. Lakin bu da son deyil... Məruzədə göstərilmişdir ki, köhnə, qeyri-elmi prinsiplərlə hazırlanmış qamusları - lüğətləri bir kənara qoymaq lazımdır, "bu qamuslar elə ərəb terminləri təklif edirlər ki, onları artıq ərəblərin özləri də unudublar... Hamımız, bütün türk xalqları elmi terminologiyanın yaradılmasına və Avropa klassik ədəbiyyatına (əlbəttə, söhbət elmi ədəbiyyatdan gedir - N.C., M.H., A.Q.) keçidə hazırlaşmalıyıq. Sonda deyilmişdir ki, "Xalq Maarif Komissarlığı, yaxud inzibati orqanların göstərişlərilə yox, klassik Avropa ədəbiyyatını öyrənmək məqsədilə işləyən, elmi dili işləyib hazırlayan və xüsusi ifadələrin mənasını qeydiyyata alan və s. işləri görən ümumtürk elmi-tərcümə bürosu yaratmaq zəruridir".

Azərbaycanlı, jurnalist, redaktor Hənəfi Baba oğlu Zeynallı "Türk dilləri üzrə elmi terminologiya sistemi haqqında" məruzəsində əvvəl məsələyə dair tarixi arayış vermiş, sonra türk-tatar xalqlarının terminoloji məsələ üçün önəmli təsnifatına ehtiyac olduğunu göstərmiş, sonra isə sıra ilə bu sahədə rəhbər tutula biləcək müəyyən prinsiplər təklif etmiş, elmi dilin hüdudlarını təyin eləməyin zəruriliyinə toxunmuş, qəbul olunan terminlərin konstruksiyası barədə fikir söyləmiş, ixtisarlar haqqında söz açmışdır.

 

Stenoqramdan görünür ki, terminologiya üzrə məruzəçilər, bir tərəfdən, məsələnin ümumnəzəri cəhətlərindən çıxış etmişsə, digər tərəfdən, türk dillərinin konkret təcrübələrinin təhlilini verməyə çalışmışlar. Hər nə qədər ümumi terminoloji bazadan danışılsa da, etiraf olunmuşdur ki, türk dilləri bir çox hallarda termin yaradıcılığında fərqli prinsiplər nümayiş etdirir.

Təşkilat Komitəsinin üzvü, Krım Dövlət Universitetinin müəllimi, Krım tatarı Xabibulla Abdurraşid oğlu Odabaş "Türk dillərində terminologiya" mövzusunda məruzə etmişdir.

Onun məruzəsi göstərir ki, məsələyə təfsilatı ilə yanaşan mütəxəssislər, əsasən, a) türk dillərində terminologiya ilə bağlı vəziyyət barədə mümkün qədər əsaslı təsəvvür yaratmağa çalışırlar; b) mövcud problemlərin həlli üçün obyektiv elmi-nəzəri prinsiplər təklif edirlər; c) özlərinin müəyyən təcrübələrinə dayanaraq subyektiv mülahizələr söyləyirlər.

Təşkilat Komitəsinin üzvü, Akademiya Mərkəzinin sədri, Kızıl-Ordadan gəlmiş Əhməd Baytursunoviç Baytursun sözünə belə başlamışdır:

"Mənim məruzəm bizim - qazax elmi və ədəbi işçilərinin xalqın ədəbiyyatı üçün terminologiyanı necə qurmağımız və ikincisi, terminologiya hazırlayarkən hansı prinsipə riayət etməyimiz barədə olacaq".

Mədəniyyətin ümumbəşəri xarakterindən bəhs edən görkəmli qazax ziyalısı hər bir cəmiyyətin inkişafında mədəni əlaqələrin əhəmiyyətini yüksək dəyərləndirdikdən sonra demişdir:

"...Mədəniyyət öz inkişafı üçün əlverişli şərait tələb edir. Rusiyada olan türk xalqlarının mədəniyyətinin inkişafı üçün məhz belə bir şərait yox idi. Nə isə əxz edə biləcəkləri xalqın onlardakı ilə heç bir oxşarlığı olmayan məişəti vardı, üstəlik, bu xalq hakim xalq idi, onun hökuməti başqa millətlərə münasibətdə kölələşdirmə, ruslaşdırma, pravoslavlaşdırma siyasəti yeridirdi. Bunun nəticəsi hökumətə tam etimadsızlıq, ruslardan gələn hər şeyə, o cümlədən, rus mədəniyyətinə qərəzli münasibət oldu. Digər tərəfdən, dini dözümsüzlük ruhunu mənimsəyən türk xalqları, ümumiyyətlə müsəlmanlığa məxsus olmayan hər şeydən uzaq qaçır, müsəlmanlığa aid hər bir şeyi isə kölə kimi təqlid edirdilər ki, bu da onların öz mədəniyyətlərinin, məsələn, elə ədəbiyyatın inkişafına mane olurdu".

Böyük mütəfəkkirin bu mühakimələri, ilk baxışda, kənaraçıxma kimi görünsə də, mahiyyətcə, mövzu ilə bilavasitə bağlı idi. Hər şeydən əvvəl ona görə ki, terminologiya məsələsi xalqlar arasındakı mədəni mübadilədən kənarda müzakirə oluna bilməzdi. Lakin Ə.B.Baytursunun mühakimələrində özünəməxsus bir sadəlövhlük və ya birtərəflilik də müşahidə olunur. Məsələn, o deyir ki, "qazaxlar və qırğızlarda din mənəvi-kölələşdirici təsirə malik deyildi və dini ədəbiyyat o qədər də geniş yayılmamışdı. Bunun sayəsində də dil özünün təbii inkişafının axarına tabe olurdu".

Əlbəttə, buradakı "təbii inkişaf" təsəvvürü, prinsip etibarilə, məruzəçinin yuxarıda haqqında danışdığı mədəni inkişafla bir araya sığmır. Və Qurultayda da dəfələrlə səsləndiyi kimi, qazax, qırğız dilləri məhz bu "təbii inkişaf"ına görə ümumən mədəni inkişafdan geri qalmışdı. Halbuki islam dini türk xalqlarının mənəviyyatına, ruhuna xurafatçılıq üzündən nə qədər boğucu təsir göstərsə də, elmin, maarifin tərəqqisinə də meydan açmış, Anadolu və Azərbaycan türklərinin, özbəklərin, Kazan tatarlarının dili terminoloji səciyyəli sözlərlə xeyli zənginləşmişdi ki, türk xalqlarının müstəqillik yoluna çıxdığı (və Birinci Türkoloji Qurultayın keçirildiyi) illərdə, məsələn, Kazan tatarları ilə qazaxlar arasında bu fərq özünü aydın göstərirdi.

Hər nə qədər böyük intellekt sahibi olsa da, görkəmli qazax ziyalısının düşüncələrindəki birtərəflilik öz əksini onda da tapır ki, bütövlükdə türklərin problemlərinin müzakirə olunduğu ali məclisdə, bir qayda olaraq, "qazax təmayülü"nün təmsilçisi kimi çıxış etmiş, məsələn, sözügedən məsələ ilə bağlı demişdir:

"Məndə başqa türklərdə terminlərin işlənib hazırlanmasına dair kifayət qədər məlumat olmadığından yalnız bizdə - qazaxlarda bu işin vəziyyətindən danışa bilərəm, qalan türklərə isə terminologiya məsələsinə prinsipial tərəfdən baxarkən yalnız ötəri olaraq toxunacağam".

Əlbəttə, türk ziyalılarının çoxu (xüsusi elmi-türkoloji məktəb keçmiş professor Bəkir Çobanzadə kimi bir neçəsini çıxmaq şərti ilə!) artıq ümumtürk miqyasında düşünmək imkanlarından məhrumdurlar, türk xalqlarının (və dillərinin, ədəbiyyatlarının, mədəniyyətlərinin və s.) orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən dərinləşən diferensiasiyası ayrı-ayrı türk ziyalılarının düşüncəsinə də öz təsirini göstərmişdir. Ancaq bununla belə, xüsusən, Ə.B.Baytursun miqyaslı ziyalılar üçün Birinci Türkoloji Qurultay yalnız mənsub olduqları xalqın deyil, ümumən türk xalqlarının dil, ədəbiyyat, mədəniyyət problemlərinin həll olunduğu mötəbər forum idi.

Xalq dili ilə ədəbi dil arasındakı tipoloji fərqliliyi nəzərə almayan, ədəbi dilin xalq dilinin fövqünə yüksəlməsi faktına "barbarizm" kimi baxan qazax ziyalısı ədəbi dilin yeni yaranan türkcələrə münasibətini belə bildirmişdir:

"Başqırdlarda ədəbi dil təzəcə yaranmaqdadır, həm də onlarda dillərini barbarizmlərdən qorumaq xeyli nəzərə çarpır. Türkmən ədəbiyyatı da bu yola qədəm qoyub. Yabançı dillərin təsirindən və barbarizmlərdən azad olan dillərdən biri qırğız dilidir və ədəbi dilin işlənib hazırlanmasında o da bizim qazax dilinin rəhbər tutduğu prinsipə riayət edir".

Məruzəçi öz nitqini yekunlaşdırarkən demişdir:

"Biz öz mədəniyyətimizin səviyyəsini yuxarıların topladığı biliklərin miqdarı ilə yox, onun aşağılarda nə dərəcədə yayılması ilə ölçməliyik".

Hər bir xalqda "yuxarılar"ın mədəniyyətinin "aşağılar"a yayılmasına ehtiyac vardır, ancaq bu şərtlə ki, "yuxarılar" adlandırdığımız məqamın özü formalaşmış olsun... Birinci Türkoloji Qurultayın keçirildiyi dövrdə "hökmfərman" olan sovet proletkultçuluğu "aşağılar"ın diktaturasına əsaslandığından türk xalqlarının ziyalıları, görünür, "aşağılar"la "yuxarılar" arasında tərəddüd edirdilər.

Səkkizinci iclas Kazandan şəxsən dəvət olunmuş Maarif Komissarlığı kollegiya üzvü Qayaz Kısımoviç Maksudovun tatarca məruzəsi ilə bitib, doqquzuncu iclas terminologiya məsələsi üzrə müzakirə ilə başlamışdır. Başqırd X.A.Qabitovun tatarca çıxışından sonra qazax B.S.Suleyev söz alaraq demişdir:

"Yoldaşlar, öz milli mədəniyyətlərinin yaradılması işində türk xalqları elə bir tarixi dönüş məqamında meydana atılırlar ki, bu zaman köhnə mədəniyyət dünya miqyasında öz ömrünü başa vurur, yeni mədəniyyət - proletar mədəniyyəti yaradılır.

...Ümumiyyətlə, türk xalqları üçün ortaq terminologiya məsələsinə pessimist münasibət bəsləyirəm. Türk xalqlarının terminologiyasının yaxınlaşmasından danışmaq olar, birləşməsindən yox... Qabaqcıl türk millətlərinin (Azərbaycanı götürək) köhnə türk ədəbiyyatından dili tamamilə korlayan ərəb və fars sözlərini çıxarsaq, sırf türk sözləri qalar. İkincisi: terminologiya qəbul edərkən yeni sözləri bu və ya digər türk ləhcəsinin qaydalarına tabe etmək lazımdır. Bunsuz əhalinin geniş təbəqələri üçün əlverişli olan terminologiya yarada bilmərik".

Çıxış edən, əslində "yenilikçilik" şüarı altında müəyyən ziddiyyətə yol vermiş, bir tərəfdən, ərəb və fars sözlərini tarixən qəbul etmiş türk dillərində danışıb-yazan xalqı, haqlı olaraq, "qabaqcıl" adlandırmış, digər tərəfdən isə, məsləhət görmüşdür ki, həmin dillərdən bu cür sözlər çıxarılsın... Lakin onun "bu Qurultayda dilimizi ərəb sözlərindən heç olmasa, 50% təmizləməyə səsləyən yoldaşların ən azı özləri çıxışlarında bunu etməyə çalışsınlar" təklifi, əlbəttə, təqdirəlayiq olmuşdur:

"Məsələn, bir yoldaş dedi ki, "fazla olmaz zənn edərim". Sadə və anlaşıqlı şəkildə "artıq olmazdı" desəydi, yaxşı olmazdımı?"

Tiflisdən gəlmiş başqırd müəllim Ş.A.Manatov öz çıxışında alınma sözlərin türk mənşəli sözlərlə əvəz olunması təklifinə münasibət bildirərək demişdir ki, məruzəçilərdən birinə görə, "qaraçay dilində "baylıq" sözü var. Nə üçün də "kapital" sözünü "baylaq" sözü ilə əvəz etməyək? Əlbəttə, "baylıq" sırf türk sözüdür, lakin o bizim anladığımız mənada kapital yox, var-dövlət deməkdir... Onu "baylıq" sözü ilə heç vəchlə əvəz etmək olmaz".

Çıxışçı məruzəçilərə kəskin tənqidi qeydlər eləməkdən çəkinməmişdir:

"Burada yoldaş Odabaş çox yersiz bir ifadə işlətdi. O deyir ki, hər hansı bir terminologiyamız yoxdursa və həmin terminologiya hər hansı bir türk xalqında varsa, həmin sözü o xalqdan iqtibas etməliyik... O deyir ki, həmin sözü qəbul etməsəniz, bu, əyalətçilik olacaq. Mən bunu yanlış sayıram. Əyalətçilik o demək deyil ki, qazax sözü özbəklər tərəfindən qəbul edilmişdir".

Əlbəttə, bu cür tənqidlər və ya fikir ayrılıqları göstərir ki, türk xalqları arasında termin mübadiləsinə dair o illərdə hələ az-çox müəyyənləşmiş heç bir prinsip, yaxud ənənə yoxdur.

Ş.A.Manatov ondan əvvəl çıxış edən qazax B.S.Suleyevi isə məruzəçi Zifeldtə qarşı haqsızlıqda qınamışdır:

"Biz yaxşı bilirik ki, yoldaş Zifeldt elm adamıdır və o da bizim kimi türk dili yaratmaq istəyir. Yoldaş Suleyev bunu bilməli idi. Yoldaş Zifeldt rus müstəmləkəçisi deyil. Yoldaş Zifeldtin fikri kiminsə xoşuna gəlmirsə, onu "müstəmləkəçi" sözünü işlətmədən də tənqid etmək olar, çünki bu söz çox kəskin, ədəbsiz və pis sözdür".

Sözünün sonunda çıxışçı ümumi bir türk ədəbi dili yaratmaq təşəbbüsünə qarşı çıxaraq demişdir:

"Professor Çobanzadə məruzəsini elmi baxımdan çox gözəl əsaslandırdı, məruzə çox maraqlı idi, lakin onun bütün məruzəsi ümumi türk milli deyilən dil yaratmaq ideyası üzərində qurulmuşdu. Mən bununla razılaşa bilmərəm. O, birinci pillə məktəbinin, sonra ikinci pillə məktəbinin, daha sonra isə universitetin, bütün türk xalq kütləsinə rəhbərlik etməli olan ziyalıların dilini fərqləndirir. Bunlar üçün özlərinin xüsusi dillərini də yaradır. Bu dil sanki millətin fövqündə duran bir dildir. Mən bununla razılaşa bilmərəm... Yeri gəlmişkən, bu yaxınlarda Anqorada bir tatar yazıçısının çox böyük maraqlı bir məqaləsi çıxıb; məqalədəki əsas fikir ondan ibarətdir ki, dünyanın bütün türkləri üçün nə Anadolu köylüsünün, nə Azərbaycan kəndlisinin, nə Özbəkistan dehqanının, nə Qazaxıstan oyrat-kəndlisinin başa düşə bilməyəcəyi, millətlərin fövqündə duran ziyalı dili yaratmaq lazımdır. Belə bir millət fövqündə duran dildən həmişəlik imtina etmək lazımdır, biz buna aludə olmamalıyıq".

Bu çıxış, heç şübhəsiz, bütün elmi dəqiqliyi ilə birlikdə ideoloji bir çıxış idi... Bilavasitə professor B.V.Çobanzadəyə gəldikdə isə, onun ümumtürk mövqeyindən olan baxışları hər nə qədər Birinci Türkoloji Qurultayın strateji tələblərinə uyğun olsa da, ümumi elmi-akademik görüşlərindən irəli gəlirdi ki, tədricən müəyyən diferensial xüsusiyyətlər kəsb etməyə başladı.

Lakin Qurultayda vaxtaşırı olaraq bu cür "ideoloji" çıxışların olması o demək idi ki, türklər heç də təsəvvür edildiyi qədər özbaşına buraxılmamışlar.

Müzakirə başa çatdıqdan sonra iclasın sədri Qurultay nümayəndələrinin nəzərinə belə bir tarixi məlumat çatdırmışdır:

"Türkiyənin nümayəndəsi onların keçmiş sultan-müstəbidlərinin adını xatırladan "osmanlı türkü" ifadəsini tamamilə kənara atmağı təklif edir. Bundan sonra onlar "Anadolu türkü" adını daşıyacaqlar. Mən natiqlərdən "osmanlı" yox, "Anadolu türkləri" ifadəsi işlətmələrini xahiş edirəm".

Bu da, bir növ, terminoloji məsələ idi!..

Terminologiya məsələsi üzrə qətnamə layihəsi hazırlamaq üçün B.V.Çobanzadənin sədrliyi ilə komissiya yaradıldıqdan sonra məruzəçilərdən B.V.Çobanzadə və H.B.Zeynallı yekun sözü söyləmişlər.

Birinci Türkoloji Qurultayın "Türk dillərində elmi terminologiya sistemi haqqında" qətnaməsində terminologiya baxımından türk dillərinin müəyyən alternativlik ənənələrinə malik olduğu etiraf edilir:

a) "aşağılar"ın terminologiyası - "yuxarılar"ın (aristokratiyanın) terminologiyası;

b) Milli (türk) terminologiyası - ənənəvi ərəb-fars terminoloji alınmaları, eləcə də perspektivliyi heç bir şübhə doğurmayan beynəlmiləl terminologiya.

Və onların aradan qaldırılması üçün yeni, kifayət qədər rassional alternativlər təklif olunur:

1) kütləvilik (demokratizm) - elmilik (akademizm);

2) məhəllilik (hər bir türk dilinin mövcud terminoloji imkanları) - ümumtürklük, yaxud bu və ya digər türk dil (oğuz, qıpçaq, karluq və s.) qrupu (müvafiq imkanlar); eləcə də millilik və beynəlmiləllik.

Qurultay göstərdi ki, terminologiyaya münasibətdə türk dillərinin ən azı müəyyən təmayül, yaxud cərəyan miqyasında ümid bəslənən ədəbi (intellektual) inteqrasiyası qarşısında keçilməz maneələr var ki, bunlardan ən başlıcası, məhz "aşağılar"dan, yaxud "kütləvilik"dən gələn təbii diferensiasiya prosesidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!