Bəxtiyar Vahabzadə çoxları kimi, mənim də Bakı Dövlət Universitetində müəllimim olub. Dördüncü kursda, 1972-ci ildə o bizə Azərbaycan sovet ədəbiyyatı kursundan mühazirələr oxuyub. Həmin illər "inkişaf etmiş" sosializm dövrü sayılırdı. Partiya tarixi fənnindən mühazirə deyən müəllimlər bizə belə deyirdi, qəzetlər, televiziya belə deyirdi. O vaxt fərqli düşünənlər çox az idi, biz isə hələ ata çörəyi yeyən tələbələr idik. Başqa cür düşünməyi hardan götürə bilərdik?! Ölkə bağlı bir həbsxana idi.
Amma tale elə gətirdi ki, başqa cür düşüncə faktlarını biz tələbə auditoriyasında, professor Bəxtiyar Vahabzadənin Azərbaycan sovet ədəbiyyatı kursundan dediyi mühazirələrdə tapdıq. Onun mühazirələrini üç qrup dinləyirdi, amma həmişə hər kəs istədiyini götürürdü eşitdiyindən. Mən bu mühazirələrdə alayı cür düşünmək nümunəsini, hər şeydə öz fərdi nöqteyi-nəzərini tapmaq, ədəbiyyatda xalqın taleyini aramaq ehtirasını gördüm və Bəxtiyar Vahabzadə mənim həyatımda, xüsusilə, gənclikdə ən çox təsirləndiym şəxsiyyətlərdən biri oldu.
İstehza doğuran hal bunda idi ki, alayı cür düşünmək faktını tapdığımız fənnin adı Azərbaycan sovet ədəbiyyatı idi! Biz tələbələr ilk dəfə gördük ki, Bəxtiyar Vahabzadə, ümumiyyətlə sovet ədəbiyyatını bəyənmir, onun titullu yaradıcıları haqda istehza ilə danışır və onları bizim gözümüzdə aşağılayır. Bunun özü bizim üçün görünməmiş cəsarət nümunəsi idi. Aşkar görünürdu ki, bu adam üçün heç bir avtoritet yoxdur, bəlkə də o, saxta nüfuzlara qarşı fikir bildirmək üçün bəhanə axtarırdı. Öz tələbələrinə müstəqil düşünməyi öyrətmək üçün onlara yazdırdığı referatların müzakirəsindən ustalıqla istifadə edirdi. Bir tələbə Mehdi Məmmədovun "Azəri dramaturgiyasının estetik problemləri" kitabı haqda bayağı təriflərdən ibarət referatını oxudu. Görünür, şit təriflər müəllimi yordu. O, üzünü referat müəllifinə tutub dedi: "A bala, sən götürüb "mehdinamə" yazmısan! O boyda kitabda bir dənə qüsur tapmadın?"
Bəxtiyar Vahabzadə bizə aşılayırdı ki, heç bir müəllifə, kitaba, əsərə mükəmməllik mücəssəməsi kimi baxmaq olmaz, bu, insanın gözünü bağlayır, obyektivlik hissini korşaldır. Qələm sahibi sağlam şübhə və sağlam tənqid üçün həmişə açıq və ayıq olmalıdır. Onun üçün tələbənin hər məsələdə öz mövqeyini axtarması və formalaşdırması başlıca məqsəd idi. Öz ağlına, öz fəhminə, məntiqinə güvənməyən adamlardan yaradıcılıq gözləməyə dəyməz. Yaradıcı adam, yaxşı mənada özünə güvənməli və eqoist olmalıdır. Hakim sovet ideoloji sxemlərinin məntiqsiz və yalan ehkamlarla dolu olduğunu görmək üçün biz gözüaçıq və şəkkak olmalı idik.
Sovet siyasi orqanları onu həmişə nəzarətdə saxlayır, mühazirələrini təftiş etməyə çalışır və onu o zaman üçün ən ağır cəza olaraq, universitet müəllimliyi hüququndan məhrum etmək istəyirdilər. Onun 1959-cu ildə çap etdirdiyi "Gülüstan" poeması Azərbaycan cəmiyyətində qalmaqal doğurmuşdu, çünki bu, antirus mahiyyətli bir əsər idi. Rus imperiyasına qarşı çıxmaq isə həmişə ən ağır siyasi cinayət sayılırdı. Otuz dörd yaşlı şair tarixi ədalətsizliyə etiraz edirdi: Azərbaycanı ikiyə parçalayan "Gülüstan" müqaviləsi Rusiya və İran imperiyaları arasında bağlanıb. Bəs bölünən ölkənin özü niyə burda iştirak etməyib? Rəsmi tarix baxımından sadəlövhlük sayılan bu etiraz bizim özümüzdən olan İmperiya nökərlərini daha çox qeyzləndirmişdı. Amma Təbrizdə qan içində məğlub olmuş Milli Hökumətin ağrısını hələ də yaşayan gənclik bu əsərə görə Bəxtiyar Vahabzadəni həmişəlik sevdi. Çünki o, ədəbiyyatımızda ilk dəfə Azərbaycanın öz siyasi taleyini həll etmək hüququnu ədəbi gündəmə gətirmişdi.
Şair bunları bilirdi və mühazirələrində çox ehtiyatlı davranır, əsas fikirlərini məcazi yollarla ustalıqla ifadə edərək, özünü və tələbələrini, ümumiyyətlə Azərbaycan gəncliyi ilə əlaqələrini qoruyurdu. Bu ona mənəvi müvazinəti, yaradıcılıq ideallarına sədaqəti saxlamaq ücün çox vacib idi. Ölkə rəhbərliyində də onun istedadının milli mənasını bilən, yaradıcılığının misilsiz vətənçi qiymətini görən adamlar da vardı, xüsusilə, Heydər Əliyev onu himayə edir və qoruyurdu.
Bəxtiyar Vahabzadə mühazirələrində mən ilk dəfə "Molla Nəsrəddin" jurnalı ilə "Füyuzat"ın yeni cür müqayisəsini gördüm. Dərsliklərdə yazılırdı ki, "Molla Nəsrəddin" birinci inqilabçı demokratik jurnaldı, "Füyuzat" isə mürtəce romantizmin təmsilçisidir. Bu əsassız iddiaları rədd edən şair daşdan keçən arqument gətirdi: nəyə görə çar hökuməti 32 saydan sonra "Füyuzat"ı bağladı, satirik jurnal isə 25 ildən çox çıxdı? Çünki "Füyuzat" Azərbaycan elitası üçün çıxır və onu formalaşdırırdı. Novruzəlilər təhlükə deyildi, imperiya üçün təhlükə Əli bəy Hüseynzadələr, Məhəmməd Əminlər, Əlimərdan bəy Topçubaşovlar idi. Son illərdə öyrəndim ki, 28 yaşında güllələnmiş Əhməd Əhmədov da 20-ci illərdə rusca yazdığı "Azərbaycan türkləri I Rus inqilabında" kitabında "Füyuzat"a və onun işlətdiyi ədəbi dilə böyük və doğru qiymət verib. "Füyuzat" çıxan illərdə onun dili qəliz olsa da, bütün müasir elmi-siyasi bilikləri ifadə edə bilən ədəbi dil idi. "Molla Nəsrəddin" isə qurulacaq Azərbaycan dövlətinin öz milli ədəbi dilini yaradırdı hələ.
Xalq yazıçılarını bəyənməmək nə idi o zaman? O demək idi ki, rəsmi ədəbiyyat dərsliklərində, qəzetlərdə ayrı-ayrı məsələlər, yazıçılar haqda yazılanlar, qiymətlər səhv və həqiqətə uyğun olmaya bilər. Bu, elə bir vaxt idi ki, dərslikdə yazılan fikir və tezislər şərtsiz obyektiv həqiqət sayılırdı. Dünya həqiqəti bir cür - o da bolşevik həqiqəti kimi təqdim olunurdu. Şair isə bizə deyirdi: "Heç kimin tituluna, adına baxmayın, əsərlərini oxuyub, özünüz nəticəyə gəlin!"
Bəxtiyar Vahabzadə niyə belə deyirdi? Ona görə ki, Moskvanın yaratdığı total mətbuat Azərbaycanda sağlam ictimai rəy üçün yer qoymurdu. Kommunist tərbiyəsi din kimi beyinlərə yeridilirdi. Guya kütlə hər şeydir və haqlıdır, güclü şəxsiyyətlər isə cəmiyyətə lazım deyil. Bu, bəşəri tərəqqiyə qarşı olan tezis idi və öz işini gördü. SSRİ rəhbərliyində Stalindən qalan sonuncu güclü şəxsiyyətlər ölən kimi, dünyanın yarısını idarə edən dövlət öz içindən dağıldı. Bu, bolşeviklərin "nomenklatura" adı ilə yaratdığı süni elitanın mənəvi iflasının nəticəsi idi. Nomenklatura yaddaşsız idi, həqiqi elita isə dövlətçi yaddaşın qoruyucusu və daşıyıcısı idi.
***
Onun şairlik istedadının ən parlaq dövrü olan 60-cı illər sovet ədəbiyyatının çox təriflənən illəridir. Mən də tərifləmişəm. Amma həmin illər həm də İ.Stalindən qalma bolşevik nomenklaturasının ədəbiyyatda, qəzetlərdə və jurnallarda amansız basqısı olan dövr idi. "Azərbaycan" jurnalı 50-60-cı illərdə 4-5 imzadan ibarət idi. Ədəbiyyata gəlmək üçün bu bolşevik nomenklaturasından kimsə sənə "uğurlu yol" yazmalı idi. Bu, partiyaya girmək üçün yazılan təqdimat kimi bir şey idi. 1950-60-cı illərdə Bəxtiyar Vahabzadə, Sabir Əhmədov, Atif Zeynallı və başqaları MK qərarlarına düşmüşdülər. Bunun əsas səbəbi o idi ki, stalinçi koqorta onu acıq müdafiə edə bilməsə də, əməldə ona sədaqətini qısqanclıqla qoruyur, bolşevik senzurasının davam etməsi üçün canfəşanlıq edirdi. Onları bu senzura yaratmışdı və yaşadırdı. Bunu yaxşı başa düşürdülər. Yalnız SSRİ dağılandan sonra bolşevik nomenklaturası Azərbaycan ədəbiyyatının inkişafı yolundan kənar oldu, o da tam şəkildə yox.
Xüsusilə, poeziyada Cənubdakı Milli Hökumətin təsiri ilə güclü vətənçilik meyli vardı. Lakin Milli Hökumətin tarixçəsinə senzura qoyulmuşdu. Milli ovqatla davadan sonra ədəbiyyata gələn şairlər nəsli çap oluna bilmir, xüsusilə, kitablarını nəşriyyat planlarına saldıra bilmirdilər. Bu isə Bəxtiyar Vahabzadə başda olmaqla, bu nəsildə küskünlük yaradır və bolşevik nomenklatura yazarlarına qarşı protest ovqatları doğururdu; gənclərin özləri və ailələri maddi korluq çəkirdilər.
Şair biz tələbələrinə alternativ tərzdə düşünmək öyrədirdi. Birhəqiqətli dünya amansız bir yalandır, tragik bir aldanışdır. Bu, ovaxtkı partiya düşüncəsinə zidd idi. Kommunist tərbiyəsi gəncliyə partiya sənədlərində olduğu kimi düşünməyi öyrədirdi. Başqa cür düşünmək "fraksiyaçılıq" adlanırdı və qadağan idi. Bəxtiyar Vahabzadə isə şüurlu surətdə bizə alayı cür düşünməyi təlqin edirdi. Düzü, o, ideoloji məsələlərə toxunmurdu, ancaq Azərbaycan sovet ədəbiyyatı haqda danışırdı; amma rəsmi proqramda olduğu kimi yox, öz başa düşdüyü kimi şərh edirdi əsərləri. Onun parlaq şəkildə təhlil etdiyi əsərlərdən biri Cəfər Cabbarlının "Od gəlini" dramı idi. Ərəb sərkərdələrindəki qızıl hərisliyini vurğulayan müəllimimiz ehtirasla deyirdi: "Vali qızıl yığar!" Yəni, öz milli əqidəsini təmsil etməyən idarəçi məmurlar qızıl aludəsidilər, çünki onlarin milli arzu və idealları yoxdur. Bununla şair o zaman ölkədə gedən rüşvətlə mübarizə kampaniyasına işarə edirdi. Anladırdı ki, raykom katibləri ona görə rüşvətə qurşanır ki, onların milli əqidə və idealları yoxdur, onlar özgələrin iradəsini təmsil edirlər, yəni validilər.
C.Cabbarlı bu əsərində ərəb-islam işğalı timsalında rus imperializmini nəzərdə tuturdu. Bu ittihamı əsərin 20-ci illərdəki ilk tamaşalarından sonra özümüzdən olan bəzi bolşevik nökərləri də yazmışdılar. Lakin o vaxt bolşevik komissarı Mustafa Quliyev cəsarətlə "Od gəlini" pyesini islama qaşı əsər kimi müdafiə etmişdi. Əsərdə ərəblər məhz istilaçı və işğalçı kimi təqdim olunur. Müəllimimiz bunu xüsusi vurğulayırdı, çünki 1920-ci ilin aprelində Bakıda heç bir inqilab olmamışdı. Azərbaycan Cümhuriyyətinin Milli Məclisi dinc yolla hakimiyyəti yerli bolşeviklərə ciddi şərtlər əsasında təslim etmişdi. Lakin XI Qızıl Ordu Bakıya daxil olub bütün inzibati və hərbi hakimiyyəti öz əlinə almışdı, yəni faktiki olaraq, Moskvanın hərbi istilası baş vermişdi. Xaricə getmiş Müsavat liderləri də buna "27 aprel istilası" deyirdilər. Gəncliyin və tələbələrin bunu bilməsi Bəxtiyar Vahabzadə üçün bir müəllim kimi çox vacib idi.
Hələ hadisələr vaxtı bir çox Azərbaycan ziyalıları bunu görüb, istila kimi qiymətləndirmişdilər. Hüseyn Cavid də "Peyğəmbər" pyesində islamın dünyada hərbi yolla yayılması ilə bolşeviklərin Rusiya xalqlarını və Azərbaycanı Qızıl Ordu süngüləri ilə istilası arasında paralellər aparmışdı. Ərəblər bunu islam bayrağı, bolşeviklər isə fəhlə inqilabı bayrağı altında etmişdilər. Bəxtiyar Vahabzadə "Od gəlini" pyesini çox sevirdi, çünki bu əsərdə Azərbaycan xalqının tarixi taleyi məsələsi qoyulmuşdu ilk dəfə. Bu, bir əsər olmaqdan çox, milli manifest idi. Azərbaycanın tarixi taleyi Bəxtiyar Vahabzadə üçün də ömrünün sarsılmaz ideyası, yaradıcılığının əsas leytmotivi idi. Onun bütün əsərləri bu məsələ ilə bu, ya digər dərəcədə bağlı idi.
***
Tələbəlik illərindən mən Bəxtiyar Vahabzadəni izləyirdim. Cari ədəbi tənqidlə onun münasibətləri sağlam deyildi, bəlkə paradoksal idi. O, Səməd Vurğun haqda namizədlik və doktorluq dissertasiyası yazmışdı. Gənclikdən onu sevirdi. Lakin məhz S.Vurğunu bütləşdirən adamlar onun yaradıcılığını öz xeyirxah müəllimi ilə qarşı-qarşıya qoyurdular. Bunların çoxu ədəbi mühitdə senzura nökərçiliyi edənlər idi. Onlar sayırdılar ki, Bəxtiyar Vahabzadəyə "Gülüstan"ı yazmağını bağışlamaq olmaz. Amma xalq, gənclik, xüsusilə, Azərbaycanın taleyi ilə maraqlanan çoxluq onu sevirdi. Onlar, dediyim kimi, çox idilər. Amma Bəxtiyar Vahabzadənin şair üslubunu bəyənməyənlər də vardı. Onlar sadəlövh idilər. Elə güman edirdilər ki, Azərbaycanın gələcək böyük şairlərinin hamısı Səməd Vurğun üslubu üstündə yazacaqlar. Müharibədən sonra ədəbiyyata gələn şairlər nəslinin hamısı buna can atdı və çalışdı; Bəxtiyar Vahabzadə başda olmaqla, Adil Babayev, Atif Zeynallı, İslam Səfərli, Qasım Qasımzadə, Balaş Azəroğlu, Qabil və s. hamısı Səməd Vurğunu hamıdan çox sevirdilər. Amma nəticə dramatik oldu. Bunların hər birinin yaxşı-pis, balaca-böyuk də olsa, öz üslubu formalaşdı. Nəyə görə belə oldu? Ona görə ki, üslub - insandır. Yazıçıların fərdi üslubu təbii bir şeydir, anadangəlmədir. Min şair Səməd Vurğun kimi yazmaq istər, təqlid eləyə bilər, amma təqlid dövrü bitən kimi hər kəs özünü yazır və buna "fərdi üslub" deyirik.
Bəxtiyar Vahabzadə özü də bu dramdan keçib və öz fərdi üslubunu tapıb. Amma Səmədsevər kimi mövcud olan azlıq Bəxtiyar Vahabzadənin formalaşan fərdi üslubunu qəbul etmədi. Onlardan biri, tanınmış şair dostum mənə dedi: "Bəxtiyarın yazdıqları kəllə suyudu". Yəni ürəkdən yox, ağıldan gəlir. Axı, ağıldan gəlməyən əsər olmur. O, demək istəyirdi ki, Bəxtiyarın sözündə emosiya azdır. Bu, əslində oxucu sözüdür, yəni sıravi oxucu. Ədəbiyyat müəllimi ola bilər ki, ancaq bir şairi çox sevsin, bu, normaldır. Amma peşəkar ədəbiyyatçı üçün yox. Peşəkar ədəbiyyatçı Azərbaycan ədəbiyyatını öyrənir, ona qiymət verir və digərlərinə, məsələn, ədəbiyyat müəllimlərinə öyrədir. Bizim böyük şairlərin isə hər birinin öz yaradıcılıq fərdiyyəti və üslubu var. Peşəkar ədəbiyyatçı bu üslubların hamısını doğru qiymətləndirməyi bacarmalıdır. Bunu ədəbiyyatın inkişaf məntiqi tələb edir.
Bu məntiq nədir? Odur ki, hər bir yeni böyük şair və yazıçı ədəbiyyata öz fərdi üslubunu və yaradıcılıq fərdiyyətini gətirir, onların ədəbiyyat tariximizə ən böyük töhfələri budur. "Aşıq poeziyası" deyilən anlayış var və bura məxsus olanlar folklora aid edilir. Nəyə görə? Ona görə ki, onların işlətdiyi üslub xalq folkloruna aiddir, onların özününkü deyil. Şair, ilk növbədə, böyuk, zəngin fərdi üslub yaradandır. Bəxtiyar Vahabzadə də S.Vurğun məktəbi çərçivəsində ən böyük və dəyərli yeni üslub yaradan şairdir. Hesab edirəm ki, Musa Yaquba və Sabir Rüstəmxanlıya məxsus yaradıcılıq üslubunu da Bəxtiyar Vahabzadədən sonrakı mərhələnin ən dəyərli və zəngin üslubları saymaq olar.
Bu mənada, Bəxtiyar Vahabzadə S.Vurğundan sonrakı poeziyamızın aparıcı inkişaf istiqamətlərini təyin etmiş böyük şairimizdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!