Vaqif YUSİFLİ
Qatlayıb dizinin altına qoyar
Alim Bəxtiyarı şair Bəxtiyar.
Əlbəttə, bütün türk dünyası Bəxtiyar Vahabzadəni böyük şair kimi tanıyır və sevir. Bu isə dostluq şarjıdır, amma ciddi mənada bütün böyük şairlər haqqında söz açanda onların bədii təfəkkürü ilə elmi təfəkkürü arasında sədd qoymurlar. Bəxtiyar Vahabzadənin poeziyası əsrlər boyu yaşayacaq, amma bizim üçün onun alimliyi, tənqid və ədəbiyyatşünaslıq fəaliyyəti də çox dəyərlidir və açığını deyim ki, onun bədii təfəkkürü ilə elmi təfəkkürünü bir çevrədə birləşdirən yeganə bir xətt var - o da Düşüncə meyarıdır. Sözümə qüvvət kimi: "Bizi əhatə edən aləmdə hər nə varsa, Bəxtiyar Vahabzadəni dərindən-dərinə düşündürür" (Çingiz Aytmatov), "Şairin bədii təfəkkürü həmişə fəlsəfi ümumiləşdirmələrə meyil edir. O, bir çox əsərlərində bütün bəşəriyyəti düşündürmüş və düşündürən böyük fəlsəfi məsələlərin poetik ifadəsini yaradır" (Mirzə İbrahimov), "Bəxtiyar Vahabzadə düşüncələr şairidir" (Kamal Talıbzadə), "Onun şeirlərində özünə xas dərin fikir və düşüncə ilə qarşılaşırıq. Şair həyati müşahidələrini, duyğularını və fikirlərini şeirin əsrarəngiz dilinə çevirməyi bacarır" (Əli Yavuz Akpınar), "Bəxtiyar Vahabzadənin bütün şeirlərini bir "mən"in düşüncələri hesab etmək olar. Onların əsasında həmişə ömrün dolaylarında özünü, qəlbini gəzən bir şairin axtarışları durur" (Yaşar Qarayev).
Bəxtiyar Vahabzadəni "filosof şair" adlandıranlar heç də səhv etməmişlər. Əlbəttə, o, filosof deyildi, fəlsəfəyə aid heç bir tədqiqat əsəri də yoxdur. Amma Aristotelin "Poeziya tarixdən daha ciddi və fəlsəfidir" fikrini xatırlayıram. Və Aristotelin fikrincə, poeziya insana yalnız hisslər, duyğular vasitəsilə əldə edilmiş zahiri bilik vermir, həm də dərin, elmi bilikdən aşağı durmayan biliklər verir. Bu mənada, poeziya ilə fəlsəfə arasında bir-birini tamamlayan və eyni zamanda bir-birindən fərqli xüsusiyyətlər olmasını təsdiq və etiraf etmişlər. Nizami Cəfərov yazır: "Sənətdə fəlsəfə ümumiyyətlə fəlsəfədən seçilir; o mənada ki, sənətdə fəlsəfə konkret şəkildə insan münasibətlərinə əsaslandığına görə, ümumiyyətlə, fəlsəfənin normativliyinə sığmır, hətta bəzi obyektiv qanunlara da etiraz edir, hər şeyə insan istəklərinin gözü ilə baxır. B.Vahabzadə "Bilmirəm, bilmirəm, bu ölüm nədir - həyat var ikən, - deyəndə məhz sənət fəlsəfəsinin məntiqindən çıxış edir".
Fəlsəfi fikirlər, həyat və zaman haqqında düşüncələr Bəxtiyar Vahabzadənin elmi fəaliyyətində, tənqid və ədəbiyyatşünaslıq irsində də nəzərə çarpır. Xasiyyətinə və işgüzar xarakterinə sadiq qalan şair filologiya elmi və ədəbi tənqid sahəsində də fəal idi, ədəbiyyatla, xüsusilə, poeziya ilə bağlı mətbuat səhifələrində açılan müzakirələrə qoşulurdu, yeri gəldikcə, müasir ədəbiyyatın bir çox problemləri ilə bağlı məqalələr yazırdı, o, ədəbi tənqidin portret janrına daha çox meyil göstərir, həm ustadlar haqqında, həm də gənc ədəbi qüvvələrin yaradıcılığı barədə mülahizələrini söyləyirdi.
Bəxtiyar Vahabzadənin elmi dünyagörüşü zəngin və çoxcəhətli bilikləri özündə əks etdirirdi. Təkcə ədəbiyyat tarixini, ədəbiyyat nəzəriyyəsini, ədəbi dilimizi, folkloru, keçmiş SSRİ-də yaşayan xalqların ədəbiyyatını deyil, muğam və opera sənətini də, teatrı da, rəssamlığı da, musiqinin ayrı-ayrı janrlarını da mənimsəmiş və yeri gəldikcə fikirlərini, mülahizələrini söyləmişdi.
Ədəbiyyat və Sənət, Həyat və Zaman haqqında düşüncələrini Bəxtiyar Vahabzadə ilk məqalələr toplusu olan "Sənətkar və zaman" kitabında (1976) oxuculara təqdim etmişdi. İndi bu kitabın çapından əlli il keçir, amma o kitabda, həmçinin on il sonra nəşr etdirdiyi "Dərin qatlara işıq" məqalələr toplusunda və illər boyu mətbuatda dərc etdirdiyi məqalələrini oxuyandan sonra bəzi ümumiləşdirmələr apardım.
"Heyrət, ey büt!.. Bəxtiyar Vahabzadə Azərbaycan klassik poeziyasının bilicisi və tədqiqatçısı idi. Onun Universitetdə tələbələri olan hər kəs bunun şahididir. O, Füzulini bizə sevdirən ilk müəllim, ilk yolgöstərən oldu. Saat yarımlıq mühazirələrində hansı mövzudan söz açırsa-açsın, mütləq Füzuliyə qayıdır, yeri gələndə, onun qəzəllərini xırdalıqlarına qədər şərh edirdi. "Heyrət, ey büt!" məqaləsi mənim fikrimcə, Azərbaycan Füzulişünaslığında maarifçilik nöqteyi-nəzərindən sanballı yazılardan biridir. Burada Bəxtiyarın alimliyi ilə maarifçiliyi (Füzulini dərk etdirmək, öyrədincəyə qədər tanıtdırmaq) vəhdətdədir. "Mən Füzuli tədqiqatçısı deyiləm. Füzulini tam mənada başa düşürəm - iddiasında da deyiləm. Lakin vaxtilə Füzuli sənətindən başa düşdüklərimi yaşımın bu çağında ayrı cür başa düşürəm".
Əlbəttə, Bəxtiyar müəllimin "Mən Füzuli tədqiqatçısı deyiləm" fikrini qəbul edirik. Amma onun məqaləsindəki müddəalarla tanış olanda görürük ki, Füzuli tədqiqatçısı olmasa da, onun dahi şairin yaradıcılığına yanaşma tərzi elə Füzulişünaslığın özündən gəlir. O, Füzuli eşqini sırf təsəvvüflə bağlayanların fikrini qeyd-şərtsiz qəbul etmir. Yazırdı ki: "Füzuli şeirindəki təsəvvüf, onun özündən əvvəlki ədəbiyyatın ümumi ruhundan, ənənəsindən gəlir. Füzuli, zəmanəsinin bütün biliklərinə sahib olan, özündən əvvəlki ədəbiyyat və fəlsəfəni dərindən bilən ustad şairdir. O, yəqin ki, Mövlana Cəlaləddin Rumini, Şəms Təbrizini, Şeyx Mahmud Şəbüstərini və Nəsimini dərindən bilirdi. Bu ədəbi təsir və ənənə Füzuli yaradıcılığına da öz təsirini göstərməyə bilməzdi".
Ümumiyyətlə, Füzulidə təsəvvüf məsələsinə münasibət birmənalı olmamışdır. Müasir Füzulişünaslıqda bu məsələ artıq həll olunub (Sabir Əliyevin, Samət Əlizadənin, Rafael Hüseynovun yazılarını, həmçinin tədqiqatçı Xuraman Hümmətovanın "Məhəmməd Füzuli poeziyası irfan işığında" məqaləsini oxumaq kifayətdir. "Azərbaycan" jurnalı, 2024, № 12), ancaq Füzulidə təsəvvüfü qəbul edənlərlə bunu qəbul etməyənlər arasında fikir müxtəlifliyi keçən əsrdə mövcud idi. Bəxtiyar müəllimin məqaləsində də bu haqda müəyyən məlumatlar təqdim edilir. Bircə misal: "Füzuli... kendini sırf təsəvvüfə vermiş, yaşayış, duyğu və düşüncəsi ilə bu fəlsəfə içində ərimiş bir insan deyildir. Onda təsəvvüf, sadəcə (yanğı artdıqca qoyulaşan və dərinləşən) bir düşüncə zövqüdür. Nitekim "Eşq" anlayışı da büsbütün təsəvvüfə bağlanmaz" (Əhməd Kabaqlı).
Bəxtiyar Vahabzadə Füzulinin "Leyli və Məcnun" poemasından söz açır, bu əsəri haqlı olaraq dünya ədəbiyyatının şah əsərlərindən biri hesab edir. "Romeo və Cülyetta", "Gənc Verterin iztirabları" kimi dünya ədəbiyyatının misilsiz məhəbbət dastanlarında məhəbbət fərdi sevginin himnidirsə, "Leyli və Məcnun"dakı məhəbbət, ümumiyyətlə sevginin özünə himndir". Bəxtiyar Vahabzadə bu poemanı təhlil edərkən burada heç bir təsəvvüf nişanəsi axtarmır, Leyli və Məcnunun faciəsini "Gülə xavr, lələ xarə deyən zəmanə"də axtarır.
Şairin əksər şeirlərində - poemalarında iki aləm. İki bir-birinə zidd təzadlı lövhələr, xarakterlər qarşılaşdırılır, Bu, şairin bütün yaradıcılığını səciyyələndirən bir xüsusiyyətdir. O, həqiqət axtarışındadır - bəzən müsbət-mənfi qarşılaşdırılmasına deyil, iki ideal görünən zirvələr arasında da müqayisələr aparır. "Sənətkarın faciəsi" məqaləsində B.Vahabzadə XX əsrin iki böyük şairi - Sabir və Hadini qarşılaşdırır: "Sabir xalqın dərdinə çıraq kimi yanmışdır. Hadi də yanmışdır. Lakin fərq burasındadır ki, Sabir bir istiqamətdə yanmış, heç bir külək, heç bir tufan onun alovunu başqa səmtə əyə bilməmiş, Hadinin alovunu küləklər istədiyi səmtə əymiş və bəzən onu tamam keçirmişdir. O, yenidən yanmış, burula-burula, əyilə-əyilə yanmışdır. Sabirin alovu - uğrunda yandığı xalqına çatmış, Hadinin alovu isə xalqına çatmamışdır".
Bəxtiyar Vahabzadənin klassik ədəbiyyata bu sevgisini müasir ədəbiyyata həsr etdiyi yazılarında da görürük. Yaşadığı illər ərzində o, ədəbiyyatımızda mühüm yer tutan sənətkarlar, ədəbi hadisəyə çevrilən əsərlər barədə öz sözünü demişdi. Burada, ilk növbədə, onun Səməd Vurğunun həyat və yaradıcılığına həsr etdiyi monoqrafiyasını xatırlamalıyıq. Səməd Vurğun gənc Bəxtiyar Vahabzadəni "Yaşıl çəmən, ağac altı, bir də tünd çay" şeirinə görə otağına dəvət etmiş, ədəbiyyatın qapılarını onun üzünə açmışdı. Bəxtiyar Vahabzadə Səməd Vurğun ədəbi məktəbinin ilk müdavimidir, - desəm, səhv etmərəm. Ancaq şagird nəinki öz müəlliminin yolunu davam etdirmiş, şeirimizdə bir "Bəxtiyar Vahabzadə yolu"nun da müdərrisi olmuşdur.
Tənqidçi Bəxtiyar Vahabzadə haqqında söz açmaq istəyirəm. B.Vahabzadə, heç şübhəsiz, ədəbi tənqidin missiyasını düzgün dərk edirdi. Onun ustad tənqidçi Məmməd Arif haqqında bir yazısı var: "Arif müəllimin tənqidindəki kəsər, dəqiqlik və xüsusi aydınlıq, yığcamlıq məni həmişə heyran etmişdir. Hörmətli alimin bir sözünü xatırlatmaq istəyirəm: "Yazıçıda ancaq nöqsan axtarmaq nə qədər zərərli isə, ancaq müsbət cəhətlər axtarıb nöqsanlara göz yummaq da bir o qədər zərərlidir, Arif müəllim həm tərifində, həm tənqidində sözün müstəqim mənasında arifanədir". Bu arifanə tənqidi B.Vahabzadə "Şeirimiz haqqında bəzi düşüncələr", "Poeziyamızda sənətkarlıq məsələsi", "Müasirlik və şeirimiz", "Sənətkar və zaman", "Tənqidmi, tərifmi?", "Dildə təbiilik və gözəllik","Ədəbi şəxsiyyət və dil" kitabının müəllifinə açıq məktub" və s. məqalələrində görə bilirik. O, bu tənqidi məqalələrində açıq söhbət ahəngini - yolunu seçir...
Bəxtiyar Vahabzadə ədəbi gəncliyin ən yaxın dostlarından biri idi. Onun müxtəlif illərdə ayrı-ayrı gənc şairlər və nasirlər haqqında qələmə aldığı yazılardan illər keçir. İndi o gənclərin çoxu altımış-yetmiş yaşlarını başa vurublar və müasir ədəbiyyatda sayılan-seçilən söz adamlarıdır (vəfat edənlər də var).
Ağahəsən Bədəlzadənin (bu yaxınlarda o, dünyasını dəyişdi) bu şeiri ətrafında onun digər şeirlərinə də dəyər verən B.Vahabzadə elə o yazıda deyirdi ki: "Ədəbiyyat aləminə qədəm basmaq istəyən hər kəsə deyərdim: Vətəninə deməyə təzə sözün, mətləbin varsa, buyur, gəl, yox, əgər qəlbin boşdursa, sənət aləminə gəlmək xatirinə, ucuz şöhrət xatirinə gəlmək istəyirsənsə, qələmini yerə qoy".
Bəxtiyar müəllim söz sərrafı idi, haqqında söz açdığı, yaradıcılığına ümidlə baxdığı hər cavan müəllifin özünəməxsusluğunu açıqlayırdı. Nüsrət Kəsəmənlinin şeirlərini təzə rəng, təzə nəfəs adlandırır və yazırdı ki, bu şeirləri oxuyanda Qədir Rüstəmovun "Sona bülbüllər" mahnısı yadıma düşür. Adil Cəmil haqqında yazırdı ki: "Adilin şeirləri xalq ruhundan süzülür. Hiss olunur ki, aşıq şeirini, folkloru yaxşı bilir. Buna görə də deyimləri təbii və səmimidir". Şəkidə yaşayan Namizəd Xalidoğlunun "kövşən ətirli şeirləri" barədə isə: "Ümumiyyətlə, onun yazıları torpaq ətri ilə yoğrulduğundan şairin hissləri dönə-dönə rast gəldiyimiz şablon ifadələrdən deyil, kənddən, özü də mənim yaxşı tanıdığım Kiçik Dəhnə kəndinin havasından, iqlimindən, suyundan gəlir", - fikrini söyləmişdi. O, Zakir Fəxrinin şeirlərində poetik düşüncənin təzəliyini sezmişdi. Baba Vəziroğlunun hekayələrində "təsvir etdiyi hadisələrdə həyat qoxusu" gəldiyini nəzərə çarpdırırdı. Tələbəsi olmuş Rahilə İsmayıllını isə ona görə təqdir edirdi ki, klassik və müasir şeirimizin gözəl ənənələrini mənimsəyir. Yusif Nəğməkarı da orijinal deyimlərinə görə dəyərləndirirdi.
Mən də Bəxtiyar Vahabzadənin tələbəsi olmuşam (1971-ci ildə). 1998-ci ildə mən "Tənqid yarpaqları" məqalələr kitabımı müəllimimə hədiyyə verdim. Üstündən heç bir ay keçməmiş "Xalq qəzeti"ndə Bəxtiyar müəllimin "Tənqid yarpaqları" haqqında qeydlər" məqaləsi çap olundu. O, kitabımda olan ayrı-ayrı məqalələrdən səmimiyyətlə söz açır, mənim bu kitabımı ədəbiyyatşünaslıq elmimizə qiymətli töhfə hesab edirdi.
Bütün ömrüm boyu mən müəllimim - ustadım Bəxtiyar Vahabzadənin bu qədirbilənliyini unutmayacağam...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!