Cavanşir YUSİFLİ
1
Həqiqət anı, əsl həqiqət anı...
Nə vaxt gəlir o? Ümumiyyətlə gəlirmi?
Hər kəs onu ürəyində yanğıyla duyanda, gəldiyini biləndə nələr hiss edir?
Və təəssüfdən sonra ürəyi ağrıyırmı?
Bunlar və verilən cavablar əmin olmadığımız nəsnələrdir. Və hər kəsin taleyi, qədəri, məhkumluğu və arzuları ilə bağlı şeylərdir.
Elçin Əfəndiyev vəfat etdi...
Elçin Əfəndiyev narahat sualları, bəli, dövrün ən aktual suallarını səsləndirməyin ustası idi. Ən çox sevdiyim əsəri, şübhəsiz ki, "Mahmud və Məryəm" idi. Yəqin ki, tələbəykən oxuduğuma görə. Sonra "Ölüm hökmü" yarandı. O zaman onun idarəsində çalışırdım və bu əsəri yazdığına, yaza bildiyinə görə çox sevinirdi. Elçinin tənqidlə verdiyi narahat suallar onun bədii mətnlərində də var idi. Mətnlərində xeyli ətək qeydləri olurdu...
Ən gözəl yazılarından biri - Aydın Məmmədov haqqında xatirə yazısı, ağrılı və istedadla yazılmış mükəmməl mətn. Bu yazıda həmin qeydlər yerli-dibli yox idi...
O yazını oxuyanda Aydının "Ulduz" jurnalında çap edilmiş şeirlərini xatırlayırdım.
2
Tənqid təhlükəli sənətdir. Xüsusən, sən həm də yazıçı, bədii mətn yaradıcısı olanda tənqid yazmağın və ədəbi tənqidə münasibətin bir anda hamını çaşbaş sala bilər.
Tənqidçi kimi yüksək meyarlara əsaslanarsan. Yazıçı kimi tənqidə dözümsüz ola bilərsən.
Ümumi götürdükdə, iki tənqidçi obrazı var: hər şeylə barışan, hər şeyə ümumi münasibət göstərən və heç nəylə barışmayan, istisnasız olaraq hər şeyi tənqid edən tənqidçilər...
Bizdə bu iki obraz aparıcıdır.
İnsanlar, qələm əhli, daha çox zamanın sınağından keçhakeçdə başı söhbətə qarışan bir-iki münəqqidin nə istədiyini anlamadılar.
Diqqət edin: "...Ümumiyyətlə, yaradıcılığın yalnız tək-tük yazıçıya gətirdiyi şöhrətin gözqamaşdırıcı parıltısı ilə, maddi təminatla əsl ədəbiyyatı qarışdırmaq olmaz. Bunlar fərqli şeylərdir. Burada əsas meyar, yəqin ki, belədir: ədəbi istedadla doğulmuş insan üçün özünü reallaşdırmaq imkanı ən ali mükafatdır və üstəlik, müvəffəqiyyət qazanacağı halda əldə edəcəyi hər şeydən daha artıq arzuolunandır. Ədəbi istedadın digər cəhətləri mənim üçün "yeddi möhür arxasında gizlənən" sirr olsa da, yazıçının öz ruhu ilə hiss etdiyinə qəti əminəm".
Bu mənada və kontekstdə Lyosanın Seyfəddin Hüseynlinin tərcüməsində essesi ("Gənc yazıçıya məktublar") diqqətimizi cəlb etdi, yəni ara-sıra o essedə verilən ideya barədə düşündüyümüzə görə. Olur ki, sən bir şeyi düşünürsən, o fikir, o ideya səndən əl çəkmir və dünyanın hansı bucağındasa onunla bağlı yazılanlar axışıb üstünə gəlir... Düşündüklərinlə yazılanlar arasında körpü qur, yol çək və üstündən birinci özün keç, gör çəkdiyin yol, saldığın körpü etibarlıdırmı? Deyilsə, gizlən, bu, oyun olsa belə, səni kimsə gəlib tapmayacaq...
Amma bir gün ölüm hər şeyin yerini dəhşətli dəqiqliklə göstərir...
Bədii yaradıcılığın arxeologiyası çox mürəkkəb məsələdir və Lyosa haqlı olaraq bu sahədə Prustun gördüyü işi xaraktercə inqilabi adlandırır. Prust böyük bir cəsarət nümayiş etdirərək, bizim nağıllarda deyildiyi kimi, əlində dəmir əsas... yaddaş tarlasında gəzmiş, dərininə müşahidələr aparmış və gələcək nasirlər və ümumən ədəbiyyat üçün mükəmməl düstur, formul yaratmışdır. Keçdiyi yolun tamamında belə bir düstur yaratmaq hər böyük nasirə, Mirzə Cəlil demişkən, üz vermir, ən azından ona görə ki, həmin formul və düsturda o böyük yazıçının öz təcrübəsiylə yanaşı, bütün mümkün yazı tipləri haqqında yanıb-sönən işarələr - nöqtələr mövcud olur. Essesində Lyosa belə bir sual verir: nasir şüuraltında iz buraxan hadisələri necə olur ki, bədii ədəbiyyatın malı edir? Bu suala o, əvvəlcə öz təcrübəsindən çıxış edərək cavab verir və dəqiq bilir ki, öz təcrübəsindən çıxış edərək dediyi sözlər özünün də addımladığı mina tarlasında xeyli boşluqlar yaradacaq, ayaq basan kimi gözlərin yumulacaq... İnsanın yığdığı, yaxud özbaşına formalaşan şəxsi təcrübə bir gün kosmik ahəng qazanır, o ana qədər sadəcə yazırdın, həm bax gör, o ana qədər səni kimlər tərifləyib, qaldırıb dağın başına qoyublar, amma bu, sadəcə yazmağın bu ana qədərki ləpirləri də silinib getmir, çünki yaddaş kosmik bağlantının ilk siqnalını özündə ehtiva edir...
Sənin o ana qədər ruhuna, beyninə və ürəyinə yığdığın hər hansı təcrübə kosmosla əlaqə müstəvisinə keçir və özünəməxsus düzüm qaydası yaradır. Yaddaş, bədii yaddaş ilahi, kosmik hadisədir, bu burulğanın içindən keçdinsə, yüz illik ömrün bircə anın içinə sığışmalı olur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!