Elnarə QARAGÖZOVA
Azərbaycan ədəbiyyatı tarixinə özünəməxsus zirvə imza kimi daxil olan Yusif Səmədoğlu yaradıcılığı ilə həm ideya, həm mövzu, həm də üslub baxımından müstəqillik dövrü Azərbaycan nəsrinin demiurqu mövqeyindədir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ilkin rüşeymlərini öz əsərlərində əks etdirən ədiblərdən biri olan Yusif Səmədoğlunun yaradıcılığı yeni dövrün yeni ədəbi mühitində fərqli mövzu axtarışlarına stimul vermişdir. Yusif Səmədoğlunun yaradıcılığında milli və ümumbəşəri dəyərlər, ədəbi-bədii arxetiplər və stereotiplər Azərbaycan oxucusunun milli dəyərlərinə uyğun, orijinal üslubda təqdim olunur və bütün bu məqamlar milli kimlik, xalqın mədəni irsi və tarixi keçmişi kimi məsələləri ön plana çıxarmaq, vurğulamaq kimi ali bir məqsədə xidmət edir. Yaradıcılığının böyük bir hissəsi sovet dövrünə təsadüf edən Yusif Səmədoğlu həmin dövrdə yaratdığı əsərlərində belə sosialist realizminin sərhədlərini aşaraq dərin psixoloji və fəlsəfi motivlərə yer verirdi. Altmışıncılar nəsrinin sosrealizmin qəfəsindən çıxmağa cəhd edərək dağıtmağa çalışdığı sxematik sovet insanı anlayışına Yusif Səmədoğlu özünəməxsus tərzdə yanaşır. Onun əsərlərinin qəhrəmanları canlı-qanlı, özünəməxsus, hətta bəzən deyilməsi qadağan olanı deyən, düşünülməsi belə "həbs qoxuyan" fikirləri cəsarətlə önə çıxaran obrazlardır. Məhz sadə olduqları qədər mürəkkəb olan bu obrazlar Yusif Səmədoğlu nəsrinin təkrarsızlığını təmin edir.
Yusif Səmədoğlunun sovet ideologiyasına, sovet müstəmləkə zülmünə etirazı yalnız bədii yaradıcılığı ilə məhdudlaşmırdı. Yusif Səmədoğlu milli dirçəliş, azadlıq mübarizəmizin ön sıralarında yer alan bir ziyalı kimi də ictimai-siyasi tariximizdə iz qoyan şəxsiyyətlərdəndir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının hərbi hissələri Bakıda kütləvi qırğın törətdi. Bu dəhşət, azadlığa vurulan zərbə Yusif Səmədoğlunu həm bir insan, bir vətəndaş, həm də bir ziyalı kimi dərindən sarsıtdı. Azadlıq meydanında xalqın yanında dayanan və azadlıq mübarizəsinin məşəlini daşıyan ziyalılardan olan Yusif Səmədoğlu bu vəhşiliklə bağlı gerçəkləri "Azadlıq" radiosu vasitəsilə beynəlxalq ictimaiyyətə çatdıraraq, tariximiz və vətənimiz qarşısında bir ziyalı kimi müstəsna xidmət göstərdi. Ümummilli lider Heydər Əliyev, ədibin 60 illik yubileyində çıxış edərkən, Yusif Səmədoğlunun bu müsahibəsinin əhəmiyyətini vurğulayaraq bildirmişdir: "O vaxt - yanvarın 20-də mən çox həyəcan içində idim. "Azadlıq" radiostansiyasının verilişlərini tutdum və o verilişlərdən Azərbaycanda olan vəziyyəti özüm üçün müəyyən qədər aydınlaşdırdım. Xatirimdədir, Yusifin səsi ilə - yəni o, telefonla bəyanat vermişdi, - məlumat verdilər. O, Sovetlər İttifaqının böyük qoşun hissəsinin Bakıya girməsini "Azadlıq" radiostansiyasına telefonla nə qədər həyəcan hissi ilə bildirirdi. Qoşunların vəhşiliyindən, təcavüzkarlığından danışırdı. Mən bunları "Azadlıq" radiostansiyasından Yusifin səsi ilə özüm eşitdim... Güman edirəm ki, təkcə bu yox, - bu sadəcə mənim şəxsən hiss etdiyim bir hadisədir, haldır, - ancaq Azərbaycanın o ağır dövründə, 20 Yanvar faciəsi ərəfəsində və 20 Yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox olubdur..." Bu müsahibə Yusif Səmədoğlunun yalnız milli ziyalı kimliyinin təzahürü kimi deyil, eyni zamanda xalqımızın tarixi yaddaşında mühüm yer tutan bir sənəd olaraq da qiymətləndirilməlidir. Həmin günlərdə bir ziyalı kimi xalqın yanında olmaq, onun acılarına, göz yaşlarına ortaq olmaq yüz illər boyu çətin sınaqlara qarşı varlığını qoruyan bir millətin iradəsinə sayğının ən gözəl təcəssümüdür.
Yusif Səmədoğlunun parlaq ədəbi, ictimai fəaliyyəti ədibin sağlığında yüksək qiymətləndirilmiş, yazıçı "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adına (30 iyul 1979), "Şöhrət" ordeninə (19 dekabr 1995), "Azərbaycan Respublikasının Xalq yazıçısı" fəxri adına (23 may 1998) layiq görülmüşdür. Sağlığında "220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitabları nəşr olunan yazıçı "Dostluq məşəli" (film, 1965), "Səməd Vurğun" (film, 1966), "Cəlil Məmmədquluzadə" (film, 1966), "Göllərin tacı" (film, 1966), "Monrealda Azərbaycan günü" (film, 1967), "Polşada Azərbaycan günləri" (film, 1970), "Yeddi oğul istərəm…" (film, 1970), "Foto "Fantaziya" "(film, 1970), "Azərbaycan SSR" (film, 1971), "Çiçək yağışı" (film, 1971), "Səmt küləyi" (film, 1973), "Axırıncı maqın sonu" (film, 1974), "Azərbaycan teatrının 100 illiyi" (film, 1974), "Qətl günü" (film, 1990) kimi filmlərdə də öz imzasını, "Yusif Səmədoğlu dəst-xəttini" qoyaraq Azərbaycan filmoqrafiyası tarixinə də müstəsna xidmət göstərmişdir.
Azərbaycan nəsrinin inkişafı kontekstində Yusif Səmədoğlunun yaradıcılığı mühüm mövqeyə malikdir. Yazıçının yaradıcılığının əsas hissəsinin təsadüf etdiyi XX əsr Azərbaycan ədəbiyyatı üçün bütün aspektlərdə həlledici, zəngin bir etap kimi ədəbiyyat tariximizə daxil olmuşdur. Həmin dövrün ədəbi prosesində mühüm imzalardan biri olan Yusif Səmədoğlunun əsərləri fərqli aurası, kompozisiyası və üslubu ilə seçilirdi. Yusif Səmədoğlunun nəsri süjet xəttinin, bədii konfliktin transformasiyalarının, fərqli poetik fiqurların, priyomların, arxetiplərin, xronotopun tədqiqi baxımından zəngin bədii mənbədir.
Dövrünün ictimai-siyasi həyatında fəal iştirak edən ədibin əsərlərindən millilik, azərbaycançılıq qırmızı xətt kimi keçir. Bu əsərlərin yazılmasından keçən dövrdə mühüm ədəbi-mədəni, ictimai-siyasi dəyişikliklər baş vermişdir. Lakin Yusif Səmədoğlunun qəhrəmanları milli kolorit baxımından zəngin olduqları üçün bu gün də müasir səslənir, gələcəyə doğru yol gedir. Yusif Səmədoğlu müstəqillik dövrü Azərbaycan ədəbiyyatının formalaşmasına mühüm təsir göstərən yazıçılardan biridir. Onun "Qətl günü" və yarımçıq qalan "Deyilənlər gəldi başa" romanları müstəqillik dövrü Azərbaycan ədəbiyyatının qidalandığı əsas mənbələrdən biri olmuşdur.
Yusif Səmədoğlunun yaradıcılığı Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində tədqiqinə geniş üfüqlər açır. Millilikdən, azərbaycançılıq ideologiyasından yoğrulmuş bu əsərlərin xarici ölkələrdə təbliği ədəbiyyatımızın, mənəvi sərvətimizin dünya kontekstində tanıdılmasında mühüm addımlardan biri ola bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!