Zakir Abbasın “Yazıya pozu yoxdur” kitabı haqqında
Cavanşir YUSİFLİ
Zakir Abbas bizim çox səliqəli, tərcümə etdiyi mətnlərin dilini yaxşı bilən mütəxəssislərdəndir. Həm də azsaylı mütəxəssislərdən. Tərcümələrində mətn orijinaldakı kimi suallar doğururmu? Bu suallara orijinalın alıb-verdiyi nəfəslə cavablar variantı varmı? Bu suallar, belə deyək, qəliz suallardır. Onları mütaliə zamanı hiss etmək lazımdır. Tərcüməçi zamanın barometridir, əlbəttə, mətnlərlə bağlı. Haçansa qələmə alınmış mətnin digər dillərdə doğulma anının bəlirləyicisi kimi...
Zakir Abbas necə gəldi, kim gəldi tərcümə edən müəlliflərdən deyildir. Əks təqdirdə, yuxarıda cümlədə "müəllif" sözünü işlətmək olmazdı. Bəli, tərcüməçi də müəllifdir, tərcümə elədiyi, nəfəs verdiyi mətnin (bədii, elmi, publisistik, filoloji və sair) müəllifidir. Demək, tərcümə elədiyi mətnlərdə sözügedən mətləblərdən xəbərdar olan, onlar haqqında düşünən, yaxud araşdıran mütəxəssis. Mən onun bu kitabdan qabaq bir neçə tərcüməsini oxumuşdum və o sual (... orijinaldakı kimi suallar doğururmu?...) o oxuda yerinə düşmüşdü. Sonra o mətni bir başqa insanın tərcüməsində oxudum, deyəsən, nəzəriyyə antologiyası idi, həmin suallar mətnin içində boğulmuşdu...
Bəli, Zakir Abbasın elə "Ədəbiyyat qəzeti"nin səhifələrində qızırqanmadan yer verilən tərcümələrində bir sistem var. Qədim, antik dünyanı izah edən, türklər demiş, yansıdan mətnlərindən başlayır, mürəkkəb dünyanın dərinliklərinə qədər, onun şah damarına işləyən mətnlərin üzərində çalışır, ayrı-ayrı xalqların bəşəriyyətə bəxş etdiyi dühaların işığı ilə yaranan (fantastika - !) mətnləri tələsmədən, o mətnlər sanki dəzgahın ağzından indi çıxırmış kimi isti-isti tərcümə eləyir.
Zakir Abbas bu tərcümələrdə həm də sər və izmlərin, ədəbi cərəyanların keçid həlqələrində yazıb-yaradan dühaların mətnlərində "ilişib qalır". Baş-başa gəlmiş ehtiraslar, bir-birini az qala, rədd edən sənət prinsipləri qədər bütün ədəbiyyatı, onun pafos və atişləməz yollarını izah edən ikinci bir nəsnələr yoxdur. Qolsuorsi haqqında yazdığı qısa annotasiya və elədiyi tərcümə ("Yazıçı inamı") maraqlıdır. Maraqlı olan hər şeydən öncə, tərcüməçinin mətn seçimidir. Qolsuorsini onsuz da hörmətli tərcüməçi Kamran Nəzirli tərcümə edib, roman və hekayələrini. "Yazıçı inamı" məqaləsinə Qolsuorsi özünün sənət baxışını ifadə edir, həm də Virciniya Vulfa və psixoloji məktəbə qarşı!
Başqa bir seçim - Yuxan Borgen - Yazıçı olmaq nə deməkdir?.. Bu sual hər bir yazıçının, sənətkarın hissində - ürəyində doğsa da, onu hamı yazı mövzusuna çevirmir. Yalnız keçid məqamlarında, sənə məxsus yazı manerasının üstünlüyünü göstərmək istəyəndə bu sual bütöv bir mətnə çevrilir. Yəni, ədəbiyyatda hər bir mövzunun yaranma məqamı var və bunun araşdırılması bəzən illər boyunca davam edir. Məsələn, Jan Pol Sartrın "Ədəbiyyat nədir?" traktatı... "Axı hər şeydən əvvəl, bizim daim can atdığımız heç də "zərif ədəbiyyat" yaratmaq deyil. Doğrudur, bu sözü işlədərkən, insanlar bir çox halda nə demək istədiyimizi başa düşürlər. Bu ifadə altında nəyi nəzərdə tuturuq? İlk növbədə, söhbət "yenidən yaratmaq"dan gedir. Bu isə fantaziya anlayışı ilə əlaqəlidir..." Bunları Zakirin tərcüməsində Borgen deyir. Daha sonra izah edir: "Çox adama elə gəlir ki, fantaziya səmada qanad çalan, göyün havasız qatında süzən bir anlayışdır. Lakin, bu heç də belə deyil. Fantaziya həmişə təcrübəyə və müşahidəyə əsaslanır. Belə deyək, fantaziya təcrübəni qeydə alan və ondan istifadə edən cihazdır..."
Bizim tərcümə məkanında bir müəllifin eyni yazısının dəfələrlə tirajlanması hadisəsi göz ağrıdır. Məsələn, U.Ekonun "Modernizm: ironiya və ləzzət", R.Bartın bəzi yazıları, Tomas Eliotun "Ənənə və fərdi istedad" və sair... Halbuki həmin müəlliflərin başqa maraqlı və elə bu gün üçün də aktual olan yazılarını seçmək olar. Eliotun Şekspirlə bağlı yazıları, tənqid və musiqiylə əlaqəli yazıları, Ekonun semiotika ilə əlaqəli yazıları və ümumən ədəbiyyata onun baxışını ifadə edən məqalələri...
Bu mənada, Leonard Xakslinin "İncəsənət və bayağılıq" yazısı da maraqlı tərcümə nümunəsidir. Nəyə görə? Təkrar edək: seçim düzgündür. Bir qayda olaraq dünya ədəbiyyatında gedən prosesin bir qanunauyğun məqamı həmişə diqqət çəkib: yaradıcılığa satirayla, satirik tonla başlayan sənətkarlar, xüsusən, nasirlər daha sonralar təzadlı yollar keçib, bir sıra aşırımlardan adlamaq məcburiyyətində qalıblar. "Master və Marqarita"nın müəllifi istisna deyil, onun da ilk gənclik yazılarında felyeton, ümumən satira dərin lağım misalındaydı. Eynən, Xaksli də. Xaksli Zakir Abbasın dediyinə görə, keçən əsrin 20-ci illərində rasionalizmə vurulur, özü də dəlicəsinə. Realist tərzdə kəskin satirik lövhələr yazılır. Sonra... mistika, Şərq fəlsəfəsinin xristian təlimi ilə birləşməsi. Tərcüməçinin qeydi: "Əsərlərində mövcud cəmiyyətdə sürətlə gedən mənəvi aşınmaya qarşı aparılan radikal mübarizə metodunu qəbul etməyib, elitar ədəbiyyata qarşı çıxır. O, modernistləri həqiqətə yaxın olmaq adıyla həyatdan çox uzaqlaşan formalistlər, realistləri isə yalvar-yaxar edib gerçəkliyə sığınan sadəlövhlər adlandırır..."
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!