Caz üslubunda romanlar icad edən yazıçının xoşbəxtlik xülyaları... - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Gülnar Yunusovanın Haruki Murakami yaradıcılığından bəhs edən "Postmodernist ədəbiyyatın kultu" kitabı nəşr edilib. Gülnar xanım ədəbiyyatı yaxşı, yapon dilini mükəmməl bilir. Əlahiddə post-modernist kontekst inşa edən yazıçının yaradıcılığına müəllif ən müxtəlif mövqelərdən nəzər yetirir: tarix, coğrafiya, üslub dəyişmələri və sair. Və ən əsası musiqi qamması.

Əvvəla, belə bir faktı qeyd edək ki, istənilən normal əsaslarla qələmə alınmış tədqiqat işi illərlə sürən ağır zəhmətin bəhrəsidir və yazılan rəydə həmin zəhmətin "çətin dolanbaclar"ı nəzərə alınmalıdır. Bu mənada, həmin kitab da istisna deyil, tədqiqatçının orijinal dil bilgisi, mövzuya hakimliyi və sair məsələləri nəzərə almaqla tədqiqatın strukturunda yer alan konseptual aspektlərə nəzər salmaq mümkündür.

Tədqiqatın fəsil adlarından da bilindiyi kimi ("Yapon ədəbiyyatı və postmodernizm") ("Yaponiyada postmodernizmin formalaşması və başlıca cəhətləri"), yapon ədəbiyyatında postmodernizmin təşəkkülü ilə bağlı məsələlərə həsr edilib. Kitabda Yaponiyada postmodernizmin hadisəyə çevrilməsi, cəmiyyət həyatının və mədəniyyətin nəfəs alıb-vermə prosesinin mahiyyətinə dönüşməsi ilə bağlı keçid və proseslər təsvir edilir. Bu məqsədlə tədqiqatçı epizodik də olsa, tarixə müraciət edir, bir ölkə kimi Yaponiyanın dərin köklü mədəniyyətinin  digər sivilizasiyalarla, xüsusən, Qərb mədəni dəyərləri ilə toqquşması nəticəsində yaranmış yeni reallıqlar detallaşdırılır. İnsanların getdikcə (gecikmiş kapitalizmdə) istehlak mallarından asılılığının güclənməsi, buna paralel olaraq onların cəmiyyətə yadlaşması prosesi araşdırmada diqqət mərkəzinə gətirilən mövzudur. Yapon postmodernizmi əslində zahirən bilinən, daxilən isə son dərəcə ziddiyyətli və mürəkkəb bir hadisədir, çünki 250 il ərzində dərin köklü ənənələrindən ayrılmaq təhlükəsi səbəbindən özünü bütün dünyadan təcrid etməsi, sonra İkinci Dünya müharibəsindən sonra yeni reallıqların yaranması ilə "yapon hadisəsi"nin parçalanması və fonda baş verən ziddiyyətlərin öyrənilməsi çətin anlayışlardandır. "Bir modelə uyğun şəkildə yaradılması sonucunda meydana çıxan gerçəyin gerçəkdən daha real olması" prosesi yapon həyatı və mədəniyyətinə də sirayət edirdi.  Keçmişdən miras qalan obrazlar xəyal elementi ilə süsləndirilir, süni obrazlar bütün canlı aləmi əvəz etmək iddiası ilə artdıqca artır. "Öz"ün mənə və əksinə çevrilməsi prosesi başgicəlləndirci ovqat yaradır və bu simulyasiya mədəni proseslərə də sürətlə nüfuz edir.

Başqa bir başlıq altında ("Postmodernizm II Dünya müharibəsindən sonrakı yapon ədəbiyyatının əsas istiqaməti kimi") Yaponiyada baş verən mədəni proseslər və postmodernizmin formalaşması prosesi müzakirə edilir. Müharibədən sonrakı ilk on beş il ərzində yapon ədəbiyyatının hansı yöndə irəliləməsi, müharibə sonucunda əldə etdiyi təcrübəni hansı yollarla bədii mətnlərə çevirməsi, hansı imzaların meydana çıxması və onların yaradıcılığından bəhs edilir. Bu mənada, Oka Syouheyindən, Noma Hiroşi, Dazay Osamun, İbuse Masuci və başqa yazıçıların axtarışlarından, bədii təcəssüm üsullarından bəhs edilir. Məsələn, Fukunaqa Takehikonun "Ölüm adası" romanında bədii təcəssüm üsulu kimi ikili zaman axışı maraq doğurur. Amma təəssüf ki, tədqiqatçı bu prinsipin roman strukturu, bədii mətnin digər komponentləri ilə əlaqəsini açmamışdır, zənnimizcə, bədii təcəssüm üsulunun açılması, onun roman mətninin dərinlikləri ilə əlaqələndirilməsi nəzəri yöndə bir sıra müddəaların yaranıb-formalaşmasına təkan verə bilərdi. Onların arasında Keyci Nakazava atom bombasının atıldığı Hiroşima şəhərində dünyaya göz açıb. Onun daha sonralar radiasiya zəhərlənməsi səbəbindən anasını da itirməsi istər-istəməz yazıçını yaddaşın dərin şırımlarına enməyə məcbur edib. Bu yazıçılar arasında Oe Kenzaburo bizim ölkəmizdə də müəyyən dərəcədə tərcümə edilmiş məşhur yazıçılardandır. Onun "Okinava qeydləri" əsəri bu mənada diqqəti çəkir. Nə ilə? Kenzaburo təsbit edir ki, atom bombasından yayılan yaddaş dalğaları heç zaman sönmür, təkcə keçmişə aid olmaqla qalmır, gələcəyə də sirayət edir. Bu, fabulanın özəyidir. Ancaq bu xətt, belə sadə, həm də dərin bir mövzu hansı metodla bədii mətnə çevrilir, zənnimizcə, tədqiqatçı bunu bir abzasla olsa belə, izah etməliydi.  Yəni, sadəcə "bədii inikas" sözüylə kifayətlənmək olmaz.

Tədqiqatçı yapon postmodernizminin gəlişməsini şərtləndirən ikili yolayrıcı məsələsini mükəmməl izah etmişdir: milli kimlik və beynəlmiləlçilik. Bu fonda Haruki Murakami, Tyu Murakami və Şimada Masahikonun yaradıcılığından bəhs edilir, onların əsərlərinin başlıca olaraq problematikasına diqqət yönəldilir. Masahikonun romanlarında postmodernizmin paradoiya, pastiş və meta-fiction texnikası güclü hiss edilir. Adıkeçən zaman çərəyində ədəbiyyatın təsvir və təcəssüm xəritəsinin genişlənməsi məsələsi də yarımfəsildə qoyulur və postmodernizmdə antiutopik futurist şəhər obrazının qabarıqlaşması faktı bu əsnada izah edilir.

Haruki Murakaminin postmodern dünyagörüşünü formalaşdıran amillər hansılardır? "Haruki Murakaminin yaradıcılıq yolu postmodernizm kontekstində" adlı yarım fəslində yazıçının ömür və yaradıcılıq yolundan bəhs edilir. Bu hissədə Murakaminin həyatından səhnələr, başlıca olaraq gənclik illərində mütaliəsi, cəmiyyətdə baş verən hadisələrə, məsələn, keçən əsrin 60-cı illərində başlanan tələbə hərəkatına münasibəti və bütün bunların onun "Norveç meşəsi", "Sərhəddən cənuba, Günəşdən qərbə" və s. romanlarında bədii əksi yer tutur.

Tədqiqatçı analiz və şərh təhkiyəsində daha çox nələri əsas götürür? Zənnimizcə, fakturadan yapışıb onu izah edən müxtəlif mənbələrin açılışını. Bu mənada, Murakaminin ilk romanının haradan, hansı mənbədən, o mənbənin hansı cümləsindən başlaması məsələsinə diqqət yetirilir. Və bu məqamda yazıçının bədii təxəyyülü, bioqrafiyası və daha sonralar qələmə aldığı xatirə və esselərindən gələn sızıntıları nəzərə alınır. Tədqiqatçı H.Murakaminin ilk romanından başlayaraq qələmə aldığı əksər əsərlərini təhlil edir, onların süjetini nəql edir və bunları uğurla iki istiqamətdə - həm yazıçının dünyagörüşü və bioqrafiyası, həm də o dövrdə Yaponiya və dünya ədəbiyyatında baş verən hadisələrlə əlaqələndirir. Ən maraqlı şərhlərdən biri tədqiqatda Murakaminin hər bir romanının hansı caz musiqisinə dayanmasının təsbitidir. Musiqi necə insanın daxili dünyasına səyahətin nəticəsidirsə, roman da ("Norveç meşəsi") həmin funksiyanı icra edir. Zənnimizcə, bu məqamda tədqiqatçı belə bir məsələni də aydınlaşdıra bilərdi: görəsən, hər bir əsərinə musiqi parçasının, musiqi mənbəsinin adını qoyan, onun ritm və melodiyasından təsirlənən yazıçının mətni ilə həmin musiqinin daxili dünyası necə səsləşir? Şübhəsiz ki, yapon dilini bilən bir tədqiqatçı musiqi melodiyası ilə romanın təhkiyə quruluşu arasında hansı keçidlərin olmasını bilir.

"Postmodernizmə keçidi təşkil edən ədəbi cərəyan və istiqamətlər" adlı hissədə H.Murakami yaradıcılığında hansı ədəbi cərəyan ünsürlərinin varlığı məsələsi araşdırılır. Tədqiqatçılardan biri onu bir sıra "izm"ləri öz yaradıcılığında birləşdirən "mədəni provakator" adlandırmışdı. Tədqiqatçı qeyd edir ki, H.Murakaminin ilk romanı daha çox kosmopolitizm elementinin qabarıq olması ilə səciyyələnir. Tədqiqatçı qeyd edir: "Beləliklə, "kosmopolit kimlik nədir?" sualı ilə çıxış edərək Haruki Murakaminin kimliyini ortaya çıxarmaq məsələsi meydana gəlir. Tədqiqatçı doğru olaraq qeyd edir ki, "H.Murakami qəhrəmanlarının şəxsiyyət axtarışlarını təsvir edərkən yapon tarixini və coğrafiyasını qlobal (əsasən Qərb) mədəni istinadları və ədəbi estetikası ilə birləşdirən və inkişaf etdirən bir kosmopolit yazıçıdır".

Tədqiqatçı daha sonra H.Murakaminin əsas əsərlərindən biri - "Norveç meşəsi" romanında yapon gerçəkliyi məsələsini qoyur.

Tədqiqatçı daha sonra H.Murakami yaradıcılığında sürrealist metoddan istifadənin şərtlərini şərh edir. Bu bölümdə tədqiqatçı postmodernist estetika və texnikanın imkanlarını da sərf-nəzər etmir və hardasa məhz bu prinsiplərə istinad edir. Məsələn, "Postmodernizmin çoxluq prinsipinə əsasən, H.Murakaminin ən yaxşı postmodern əsərlərindən biri kimi dəyərləndirilən "Kafka sahildə" romanında yazıçının dünyaya estetik münasibətindəki sürrealist baxışları açıq şəkildə izlənir."

"Haruki Murakaminin yaradıcılıq yolunda önəmli keçidlər" adlı hissədə bütövlükdə adıkeçən yaradıcılıqda postmodernizm hadisəsi hərtərəfli öyrənilir. Bu fəsildə yazıçının ən müxtəlif romanlarında metaqurğu, tarixə yönəlmə və antiutopik şəhər modelləri nəzərdən keçirilir.

H.Murakaminin detektiv janrından öz romanlarında istifadə etməsi araşdırmada müəyyən yeri zəbt edir. Bu arada hard-build üslubunun sirləri, pratoqonistin düşdüyü cəncəlli vəziyyətdən necə qurtulması da tədqiqatda şərh edilir. Bu üslub yazıçıya bir sıra ədəbi vasitələri qatışıq halından tətbiq etmək üçün geniş imkanlar açır. Bədii mətndə magik realizm ünsürləri ilə detektiv komponentlərinin kəsişməsi üslub özəlliyini yaradır və roman dünyasında ayrıca rəng qammaları inşa edə bilir. Nəticədə (həm də mətnlə oyun sayəsində, çoxluluq prinsipinə söykənərək...), vahid mətn bölünür, vahid ideya və obrazlılıqdan uzaq bir aləmin seyrinə dalınır...

Caz üslubunda romanlar icad edən Murakami bir təsadüfdə belə yazırdı: Hadisələri həddindən artıq ciddiyə alıb düşünməyin. Bizlər qüsurlu bir dünyada yaşayan qüsurlu insanlarıq. Həyatımızı bank hesablarının mexaniki dəqiqliyi ilə yaşamırıq, xətlərimiz, bucaqlarımız da transportir və xətkeşlə ölçüləcək qədər düzgün deyil. Odur ki, daha çox, daha çox xoşbəxt olun. Xoşbəxt olmaq üçün yaşayın.

Ancaq caz melodiyaları sürətlə ölümə aparır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!