Bir söz ki, şairin ürəyindən, sazın köynəyindən keçə... - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi İbrahim İlyaslı bir neçə ay öncə mənə şeirlərini göndərib telefonda demişdi ki, vaxtın varsa, oxu.

Şair aşıq şeirinin əsas nəzm şəkillərində və janrlarında (qoşma, gəraylı, təcnis, müxəmməs, ustadnamə, mənzum məktublaşma...) bir kitab bağlamışdı. Bütün şeirlər "sazın köynəyindən keçmişdi". Bu, bir tərəfdən, İbrahim İlyaslının türk sazına və sözünə sədaqətliliyinin nişanəsi, digər tərəfdən, rəqəmsal texnolojilər dönəmində də, virtual-vizual sistemlərin düşüncəmizə hakim kəsildiyi vaxtda da klassik şeir formalarının imkanlarının genişliyinin təsdiqi idi.

İbrahim telefon söhbətində onu da əlavə etmişdi ki, Elmlər Akademiyasının Folklor İnstitutunun rəyi ilə çap olunacaq. Dedim ki, şair, qorxmursan, səni folklor hadisəsi kimi qəbul etsinlər?

İbrahim İlyaslı öz "ədəbi əcdadlar"ını yaxşı tanıyır. Bütün incəli şairlər kimi, "Avdı baba" ismi İbrahimin də dilindən düşmür. Avdı babanı şeir təriqətinin mürşidi, özünü də onun müridlərindən biri hesab edir...

Rəhmətlik Akif Səməd deyirdi ki, saz su kimidir, murdar götürməz. Akif Səmədin sözünün qüvvəti, saz su daşı kimi sözü duruldur. Yad kəlmələri, diləyatmaz sözləri öz ahəngində - avazında əridir və könüləyatımlı şəklə salır. Dilimizin, sözümüzün bu xasiyyətinə İbrahim İlyaslı dərindən bələddir.

 

Beyqafıl sinəmin altı göynədi,

Elə qəribsədim, oyy... səndən ötrü.

 

Divan şeiri kimi, aşıq şeiri də yazılan və yazılmayan qanunları ilə bir mükəmməl sistemdir. Vəzni, havacatı, janr repertuarı, qafiyə-rədif yaddaş ilə bir etnomədəni ənənə təcrübəsidir. İbrahim İlyaslı gözünü açandan bu sistemin və təcrübənin içindədir.

 

Qoy öpsün mübarək qədəmlərini

Bəxtəvər-bəxtəvər yol, sənə qurban.

 

Şeirlərin "sazın köynəyindən çıxdığı"nı misraların təzad-sinonim cərgəsindən, ritm-intonasiya bölgüsündən, təkrirlərin və qafiyələrin məhrəmliyindən bilmək olur.

İbrahim İlyaslı aşığın dilini - lüğətini, qoşma, gəraylı qanunları ilə fonetik düzənini gözəl bilir. Aşıq şeirinin forma-şəkil tərəflərini, dilini və üslubunu, aşıq şeirinin fəlsəfəsini dərindən mənimsəməsi də bu üzdəndir.

 

Nə nüsrətim yeriyəndə          

Nə bazarım, ağrın alım.

Mənim bazar olan yerdə

Nə azarım, ağrın alım?!

 

Elə bu deyimlər uyğun "janrın aurası"nı qoruyub saxlayır. O, aşığın "yaddaş şanalarında" hər sözün, deyimin yerini öncədən hiss edir. Ona görə də aşıqlar etiraf edirlər ki, İbrahimin sözlərini oxuyanda yaddaşları əziyyət çəkmir. Çünki aşığın yaddaşı şairin sözünü "tanıyanda" qəbul edə bilir.

 

Bircə yol tel vurub səsini duydum,

Bir ildi ovcumdan gül ətri gəlir.        

 

Elə bu misalda göstərir ki, İbrahim İlyaslının lirik qəhrəmanı sevgi şeirlərində köhnə kişilərin, irfan aşıqların qəhrəmanları kimi davranır: yardan ərkyana umu-küsüsü ilə, "ismi-pünhanı" ilə, Vaqifanə zarafatı ilə...

 

İbrahim İlyaslı - qəm bəylərbəyi,

Tanrıya aşkarın pünhandı nəyi?

Dünya ha dağılmaz, sevgilim deyib,

Bir gün də çağırsam ad ilən səni.

 

İbrahim bir sənətkar həssaslığı ilə sinonim, epitet sırasını duyur. Məsələn, aşağıdakı nümunədə "qəlbidaş"ın yanında "könlükəsək" sözünü işlətməsi fikrimizin sübutlarından biri ola bilir.

 

Könlükəsəklərin, qəlbidaşların

Nə dərdi olacaq, nə dərdi, əmi?        

Oxu, bu qoşmaya qiymat qoy özün,

Adına bağladım - nətərdi, əmi?

 

İbrahim ənənəvi rədiflərə də öz nitq şirinliyini qatır. Həmin rədiflərin (məsələn, Molla Pənah Vaqifin və İbrahim İlyaslının "Əfəndim" rədifli şeirlərini müqayisə etsək) söylənişində öz səsini eşidirsən.

Məlumdur ki, aşıq-ozan şeiri kommunikativ sənətdir. Aşıq şeirinin bu gün zəifləməsinin, əksər janrların unudulmasının bir səbəbi də ənənəvi kommunikativ məkanların - ağır el məclislərinin, dastan gecələrinin, yaylaq şölənlərinin sıradan çıxmasıdır. İndiki məclislər aşıq şeirində yeni mətnlərin yaranmasında, yeni məna formalarının yaranmasında sanki maraqlı və uyğun görünmür. İbrahim İlyaslı bu boşluğu qismən də olsa, doldurmağa, klassik sözün dadını-duzunu yazıda çatdırmağa qadir olan azsaylı şairlərdən biridir. Aşağıdakı parçada çağdaş metaforik-vizual düşüncənin tapıntısı ("Süd gölündə üzdürür/Ay eşikdə çinarı") ilə, leksik vahidləri ilə ("oda", "türkü") süsləsə də, janrın məntiqi yenə də hər şeyi "yerbəyer edir".

 

Dil açıb türkü deyir

Odamın daş-divarı.

Eyvanımdan qopan ah

Göydə əridir qarı.

 

Süd gölündə üzdürür

Ay eşikdə çinarı.

Sizin həyət-baca da

Belədimi, ay Nigar?

 

Ustadlar kimi, İbrahim İlyaslı da hər janrın struktur bütövlüyünə əməl edir, qafiyədən səmərəli yararlanır, yəni üç-beş bəndin çevrəsində qafiyələnməni yekunlaşdırıb sözünü deyir:

 

Təntidi çaparlar, qaraldı atlar,

Yazın yaz günündə saraldı otlar.

Yanıq verə-verə ötdü buludlar,

Çiçəklər çığıra-çığıra qaldı.

 

Amma burda bir kiçik nəzəri haşiyə çıxarıb bildirim ki, bütün forma-məzmun, dil-üslub oxşarlıqlarına baxmayaraq, aşıq qoşması ilə şair qoşması fərqli yaradıcılıq hadisələridir: aşıq qoşması öncə musiqili janr olub, yəni sazın sinəsinə qalxıb, saz havalarından "nəm çəkib". Şair qoşması isə kağızla qələmin "işbirliyi"ndən yaranır. İbrahimin qoşması milli şeirimizin bu iki yaddaş tipinin ortaq təzahürüdür, - düşüncəsindəyəm.

 

Qorxum budur - qəfil qırılar yollar,

Payızı yetişər, gül rəngi solar.

Bircə yol gözünə görünsə, nolar,

"Ona zəhmət - mənə xəcalətdimi?"

 

İbrahim İlyaslının bir müəllif özəlliyi də ondadır ki, bütün ruhu - vücudu ilə məclisi hiss edir. Dəfələrlə fikir vermişəm: məclisin (auditoriyanın) havası sanki şeirinin havasına yansıyır, yəni şeir ilə məclislə bütövləşməyi bacarır (Sonuncu dəfə bunu xalq şairi Zəlimxan Yaqubda müşahidə etmişdim...).

O, şeirini bir peşəkar qiraətçi kimi deyil, ozan kimi söyləyir. Yox, səhv eləmədim: məhz ozan kimi! Üç-beş bəndlik qoşmasında da, xatirə nisgilli süjetli şeirində də ("Sizin məhləyə də yağış yağırmı?") əhvalat danışır, hadisəni məclislə paylaşır... Şairin bu "ünsiyyətcilliyi" ənənədən və mənsub olduğu coğrafi, ədəbi-mədəni məkandan gəlir. İbrahim öz şeirini məclisdəkilərə bütün səmimiyyəti ilə inandırmaq gücündədir - oxucu/dinləyici onun təbiiliyinə, yəni iç tarixçəsinə inanır... Ustad aşıq dastan qəhrəmanlarının gerçək varlığına inanan kimi, nəzəri dillə desək, İbrahim də öz lirik personajlarının gerçəkliyinə inanır. Əks halda, belə ürəkdən yaşayıb söyləyə bilməzdi...

Şairin təxəyyülündə və təhtəlşüurunda kitab/yazı oxucusunun deyil, şifahi sözün/səsin obrazı canlanır.

Aşıq sənətinin magik gücü şairi müdrik edir. Xəstə Qasım, Qurbani, Abbas Tufarqanlı, Aşıq Alı, Aşıq Ələsgər... ilə təması olan yazılı sözün müəllifini sanki müdrikləşdirir, ağsaqqallaşdırır - hər halda mənim filoloji hissiyyatım bunu deyir... Yeni texnolojilər dövrünün şairi İbrahim İlyaslının könül yaddaşı bu magik təsirdən qurtula bilməyib. Düşüncəsinin aforistik olması, sözünü ibrətli-hikmətli söyləməsi bu üzdəndir.

 

Yüz arxı qaldırıb bağla dəhnəyə,

Dəhnədən çıxandan çay olmaz-olmaz.

 

Yaxud:

 

Bir kəlmə tulladın üz qarasınnan,

Ömürlük giymərəm söz yarasından.

Haqq-hesab çox olar dost arasında,

Hər şeyi çəkməzlər pul ayağına.

 

Təcnisdə, "qafiyənin sınaq meydanının darlığı" ona ibrətli, müdrik söz söyləməsinə mane ola bilmir.

 

İrmağa su gələr, dolar arxa da,

Xəlq eləyən Xaliq olar arxa da.

Atişləməz yollar qalar arxada -

Ya köhlənə yol var, ya səməndədi.

 

Azərbaycanın hər yerində olduğu kimi, qazaxlı şairlərin Qazaxa, doğma yurd yerlərinə şeirlər həsr etməsi bir ədəbi ənənə halıdır. İbrahim İlyaslının bu poetik ənənədən kənarda qalması mümkünsüzdür. Və İbrahimin bu ikicə misrası kifayət eləyir ki, mən onun ayrılıq həsrətinə, görüş nisgilinə inanım. Üç feilin ("dartınmaq", "tərpənmək", "atdanmaq") bir beyt məkanında məna vəhdəti də bu hissləri bir az da məhrəmləşdirir.

 

Dartınıb Gəncədən tərpəndi qatar,

Ürəyim atdandı: budu... Qazaxdı.

 

Nə rus dilindən bədii tərcümələri, nə də dörd tərəfində şəhər insanlarının "yadlaşması" onun içindəki qoşma, gəraylı, ustadnamə... damarını qətiyyən qıra bilmədi - bu, şifahi söz ilə yazının, irfan sözü ilə saz havasının mübarək ortamında yazıb-yaradan görkəmli şairimizin istedadının və dilinin təbii gücündəndir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!