Nizami CƏFƏROV
Görkəmli başqırd ictimai-siyasi xadimi, tarixçi Ord.Prof. Dr. Zəki Vəlidi Toğanın "Türküstan və digər müsəlman Şərq türklərinin milli varlıq və mədəniyyət mücadilələri"ndən söhbət açan "Xatirələr"ində rus inqilabının ilk illərində qızğın müzakirələrin, mübahisələrin və münaqişələrin mövzusu olan, çox hallarda isə elmi yox, məhz ideoloji-konyuktur mövqedən şərh olunan türk dili, türk ləhcələri, türk dilləri kimi məsələlər müəyyən yer tutur. Və bu məsələlərə diqqət yetirməyimizin bir sıra səbəbləri içərisində üçü daha mühümdür: birincisi, dövrün milli dil proseslərinin (və mücadilələrinin) bilavasitə iştirakçısı olduğundan müəllifin mülahizələri etnoqrafik, mədəni-mənəvi və sosial-siyasi gerçəkləri kifayət qədər dərindən (və təfsilatı ilə) əks etdirir; ikincisi, "Xatirələr"in Ön sözündə də göstərildiyi kimi, həmin mülahizələr müəllif yaddaşı ilə yanaşı, konkret sənədlərə dayanır; üçüncüsü isə, dilçi olmasa da, türk tarixi üzrə böyük mütəxəssis kimi Z.V.Toğanın türk dilləri tarixinə baxışları ciddi maraq doğurmaya bilməz.
Dil məsələsi özünün ən müxtəlif tərəfləri ilə XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq türk ziyalılarının diqqətini əlifba, orfoqrafiya, terminologiyadan sonra (və onların hamısını özündə ehtiva etdiyinə görə!) daha mühüm bir problem üzərində cəmlədi ki, bu, ədəbi dil idi... Əlifba da, orfoepiya da, terminologiya da, nəticə etibarilə, ortaya belə bir sual çıxarmalı idi ki, söhbət hansı ədəbi dil təzahürünün əlifbasından, orfoepiyasından, yaxud terminologiyasından gedir?.. Ancaq bunun o baxımdan əksi (alternativi) də var idi ki, öz müstəqilliklərini get-gedə daha açıq şəkildə nümayiş etdirən türk xalqları özlərinə məxsus əlifba, orfoepiya və terminologiya problemlərini qaldırıb onun həllini tələb edirdilər.
Rusiya imperiyasının çökməsindən dərhal sonra o zamana qədər ləhcə, şivə sayılan türk dil təzahürləri müstəqil xalqları təmsil edən ədəbi hadisələr iddiasına düşür ki, bu, heç də o dövr üçün səciyyəvi olan polemik mövqedən birmənalı qarşılanmır. Və Zəki Vəlidi dövrün siyasi-ideoloji təbəddülatlarında dil məsələsinin nə qədər böyük önəm kəsb etdiyini xatırlayaraq belə bir təfsilata varır:
"Kulayev hökumət başçılığından istefa vermişdi (söhbət Başqırdıstan hökumətindən gedir - N.C.). Haris Yumaqulovu başçı seçdik... Kemelik başqırdlarından idi. Kənd təsərrüfatı mühəndisliyi təhsili almış atəşli bir gəncdi. O və böyük qardaşı Cahangir Yumaqulov Başqırdıstan muxtariyyəti hərəkatını başlanğıcdan bəri tam bir şövqlə dəstəkləyən ziyalılardandı. Biz başqırd və tatarların ədəbi dilinin bir olması zəruriliyinə qane olduğumuz və nəşriyyatımızı müştərək bir dildə apardığımız halda, Haris Yumaqulov başqırd dilini ədəbi dil eləmək fikrində idi. 1917-ci ildə ilk Başqırd qurultayı günlərində Orenburqda keçirilən nümayişlər əsnasında Yumaqulov meydana yoldaşlarının hazırladığı başqırdca yazılı bayraqlarla çıxdı. Biz 1918-ci ilin aprelində sovetlərlə qaçılmaz mücadiləyə girdiyimiz zaman onlar sovetlər tərəfində qalmışdılar. Haris o arada kommunist partiyasına da yazılmışdı. Stalin onu bizə - Saranska mərkəzi komitənin nümayəndəsi olaraq göndərdi. Saranska gəlincə, Haris bizə "Moskva məni öz evimə səfir olaraq göndərdi", deyə zarafat eləmişdi. Çünki o, milliyyətçilikdə bizim bütün digər yoldaşlarımızın ön sırasında gedirdi. Mərkəzi komitə Haris ilə birlikdə Zaretski adında bir rus kommunistini də göndərmişdi ki, bizi kommunizmə "irşad" eləsin" (səh. 220- 221).
Z.V.Toğan göstərir ki, Leninlə Stalin başda olmaqla, rus-sovet kommunistləri müxtəlif diplomatik, yaxud hiyləgər yollarla Türküstan türkləri, ilk növbədə, başqırd, tatar və qazaxların birləşmək imkanlarını aradan qaldırmaq üçün əllərindən gələni etdilər:
"...Başqırdıstanın və Qazaxıstanın idarəsini Orenburqda birləşdirməyə yol vermədikləri kimi, "Tatar-başqırd" tezisini də rədd edərək tatarlar ayrı, başqırdlar ayrı olmaq tezisini eynilə tatar kommunistlərinə, Seyitqaliyevə söylətdilər... Qazaxıstan üçün Aktübədə, Başqırdıstan üçün İsterlitamakda yerləşmək qərarı qəbul edildi" (səh. 245).
Əlbəttə, sovetlər hər nə qədər çarizmin "varis"i olsalar da, xüsusilə, hakimiyyətə gəldikləri ilk illərdə imperializmin "parçala və hökm sür!" siyasətini bu qədər hərfi-hərfinə həyata keçirmək iddiasına düşə bilməzdilər. Deməli, burada türk ziyalılarının, ya başa düşmədikləri, ya da başa düşmək istəmədikləri nə isə varmış.
Z.V.Toğan milli müqəddərat uğrunda mücadilə günlərində türk-osmanlı siyasətçilərinin iştirakı ilə keçirilən bir məclisi xatırlayır:
"...Camal paşa mənim türkcəmə diqqət edirdi. Onun türkcəsini bir neçə ziyalıdan başqa heç kim anlamadığı halda, mənim danışdığım türkcəni qazax, qırğız, özbək, tatar, azərbaycanlı hər kəs anlayırdı. Camal paşa "hər kəsin anlaya bildiyi bu dil ayrı bir şivəmidir?" deyə soruşdu. Mən də "xeyr, paşam, bu ləhcələri bildiyim üçün hamının anlaya biləcəyi şivə ilə danışıram", dedim" (səh. 277).
Rusiya türklərini məhz imperialist qüvvəyə münasibətdə ruhən birləşdirən "həmrəylik" imperiyanın dağılmağa başladığı illərdə gücdən düşdü ki, bu, özünü, ilk növbədə, türk xalqları ziyalılarının bir-biri ilə təmas və ya ünsiyyətlərində göstərdi... Ancaq türklər milli ziyalıların şəxsində sözügedən böyük problem üzərində ciddi düşünənə qədər "velikorus kommunistlər" qabaqlayıcı layihələr hazırlamışdılar:
"Biz Moskvadan ayrıldıqdan sonra toplanan Komintern Konqresində Rus Xariciyyəsinin və Kominternin Yaxın Şərq mütəxəssislərindən Pavloviç (Mixail Pavloviç - Ümumittifaq Şərqşünasları Elmi Assosiasiyasının sədri, yəhudi - N.C.) Yaxın Şərq və Orta Asiyada çalışacaq yoldaşları üçün çoxaldılmış bir yazı vermiş, ancaq bunu müsəlman kommunistlərdən gizlətmişdi... Bu yazıda Yaxın Şərqin ərəb, türk, iranlı və əfqanlı kimi millətlərdə kapitalizm və sinif fərqi inkişaf etməmiş olduğundan bunun yerini tutacaq olan digər xüsusları, məzhəb və təriqət ixtilaflarını yaşatmaq, onların Sovet Rusiya müsəlmanları arasından qaldırıldığı halda, qonşu müsəlman ölkələrində davam və inkişaf etdirilməsi gərəkliyi, şəxsi intriqa, tacirlər və şeyxlər arasında rəqabət və anlaşılmazlıqlardan istifadə etməsinin lüzumu göstərilmiş, bu millətlərin dilləri, imlaları dayanıqlı olmadığından aralarında qüvvətli ədəbi dillərin hüsula gəlməməsi yolunda bu dayanıqsızlıqdan istifadə edilməsi lüzumu, xalqa yanaşma hərəkətinin mövcud dillərin parçalanmasını zəruri olaraq doğuracağı, bunlardan istifadənin əhəmiyyətini, bu millətlərdə mədəniyyət işçiləri və fikir adamları çox incə bir təbəqə təşkil etməkdə olduqlarından bunları bölmənin və birləşdirmənin asan olacağı izah edilmişdi" (səh. 288).
Əlbəttə, sovet hakimiyyətinin ilk illərində (hətta ilk günlərində) bu cür hallar üçün təbii olan eyforiyanın təsiri altında dilləri (və xalqları) bölmək və birləşdirmək işinə kifayət qədər məsuliyyətsiz, yaxud volyuntarist yanaşıldığından belə vulqar "inqilabi" göstərişlər verilə, dil məsələsi sinfi, hətta "şəxsi intriqa" məsələsi səviyyəsinə endirilə bilərdi. Və bunu sonralar sovet-sosialist ideologiyasına xidmətin N.Y.Marr nümunəsi də son dərəcə aydın şəkildə nümayiş etdirdi. Ancaq həmin ideologiyanın nəzər nöqtəsindən müşahidəsi mümkün olmayan bir türk dili (və dilləri) tarixi vardı ki, milli ziyalı təfəkkürü siyasi- ideoloji konyukturdan ayrılan məqamlarda ondan yan keçmir.
Səmərqənd yaxınlığındakı Yaryaylaq adlı bir yerdə basmaçıların çadırındakı məclisdə söhbət Əlişir Nəvaidən düşərkən, Z.V.Toğan "gələcəyi olan türkcə qazax türkcəsidir" deyir. Və əlavə edir ki, "ərəb və fars kəlmə və idiomlarını mənimsəmiş çağatayca, Osmanlı ədəbiyyatındakı "divan" dövrünün dili kimi kənara atılacaqdır" (səh. 360).
Bu isə o deməkdir ki, ümumtürk ədəbi dil təzahürləri bütün möhtəşəm mədəni-mənəvi nüfuzu ilə yanaşı, artıq tarixdir, hər cür perspektivdən məhrumdur. Və həmin gerçəklik bu kəskinliklə yalnız inqilabi eyforiya illərində etiraf edilə bilir... Ancaq daha peşəkar baxış - Birinci Türkoloji Qurultaydakı geniş müzakirələr həmin məsələyə belə bir aydınlıq gətirdi ki, çağatayca hər nə qədər tarixin arxivinə verilsə də, qazaxca da məhz o qədər ədəbiləşməli, müasir dövrün ehtiyaclarını ödəyəcək həcmdə fonetik, leksik və qrammatik ifadə imkanlarına yiyələnməlidir. Qazax türkcəsinin "gələcəy"i ona görə ehtimal olunurdu ki, bir vaxtlar çağataycanın fəth etmiş olduğu ədəbi səviyyəyə yüksəlmək imkanları vardı.
Z.V.Toğan "Xatirələr"ində 1922-ci ilin iyul ayının 27-də Kabildən Parisə göndərdiyi məktublardan birinin icmalını vermişdir. Orada deyilir:
"Qazaxlardan Ali xan Bükeyxan, Əhməd Baytursun, Nəzir Türekulov, başqırdlardan Abdullah İsməti, Salah Atnaqulov, Manatov, azərbaycanlılardan Məhəmməd ağa Şahtaxtinski, Əli Əjdər Səidzadə, Cəlil Məmmədquluzadə, türkiyəli kommunistlərdən Əhməd Cavad, Nazim Hikmət, tatarlardan Sultan Aliyev, Nevşirvan Yavuşev hamısını Moskvaya çağırmışlar. Bunların hər birini öz qəbilələri mədəniyyətinə və kommunizm təşəkküllərinə dair böyük-böyük əsərlər yazmaq və ya tərcümə etməklə vəzifələndirmişlər. Moskvada bir Şərq Universiteti qurulmuş, Svanidze ilə Broydo ona rəhbərlik edirlər... Bu Broydo və prof. Polivanov azərbaycanlı qocaman rusçu Şahtaxtinski və türkiyəli Əhməd Cavadı yanına alaraq bütün türk dillərinə ayrı-ayrı latın və ta rus əlifbası tətbiq edib bizi bir-birimizdən tamamən ayırmaq siyasətini təqib edirmiş" (səh. 361- 362).
Burada "inqilab"ın yatmış Şərqdə doğurduğu "daha böyük inqilab"dan irəli gələn təəssürat çaşqınlığı aydın görülür. Millətçilər kommunistlərlə qarışdırılır... Ən anlaşılmaz hal isə odur ki, türk "qəbilələr"i ilə "kommunizm" qarşılaşdırılır... Bu cür qarşıdurma dövr üçün səciyyəvi olan "bəşər tarixini sıfırdan başlamaq" meyli baxımından nə qədər yerində olsa da, məlum məsələdir ki, get-gedə öz "perspektiv"ini itirəcəkdir: kommunist ideologiyası "güc"dən düşəcək, türk "qəbilələr"i isə türk xalqlarına çevriləcəkdi. Və bunun türk xalqları (və dilləri) tarixinə, təbii ki, elə bir təsiri olmamışdı, ancaq türkologiya tarixi üçün ona görə əhəmiyyətlidir ki, o (türkologiya) bir elm kimi nüfuzunu itirmək təhlükəsi altında qalmışdı.
Zəki Vəlidi hadisələrin gedişi barədə nə qədər obyektiv məlumat vermək istəsə də, onun ideoloq-siyasətçi əhval-ruhiyyəsi bir çox hallarda tarixçi məsləkinə, peşəkarlığına üstün gəldiyindən sözügedən obyektivlik zədələnir.
"Xatirələr"də Z.V.Toğanın V.İ.Leninə 20 fevral 1923-cü il tarixli məktubu verilmişdir ki, burada dil məsələsinə həsr olunmuş mülahizələr də yer alır:
"Türk-müsəlman qövmlərinin kommunist aydınlarını "Qızıl Şərq" dərgisi və tək ədəbi dil ətrafında toplamaq istəmələri velikorus alimlərini qəzəbləndirməkdə imiş. Özbək və qazax aydınlarının da iştirak etdikləri bir söhbətdə latın əsasında tək əlifba tezisini müdafiə edən azərbaycanlı Şahtaxtinski və Cəlal Quliyevə cavab verən prof. Polivanov və digər ruslar latın əlifbası qəbul olunsa da, sonda yerini kirilə tərk edəcəyini, sayı qırxa çıxan türk ləhcələrindən hər biri üçün ayrı əlifba düzəldiləcəyini söyləmişlər. Şahtaxtinski də qayələrinin istiqrarlı bir ədəbi dili yaşatmamaq olduğunu ifadə etmişdir. Artıq anlaşılmışdır ki, siz velikorus yoldaşlar hansı bir millətin dili və imlası ilə məşğul olmağa başladınızmı, tam rus oluncaya qədər o millətin yaxasını buraxmayacaqsınız" (səh. 394).
V.İ.Leninin bir vaxtlar verdiyi sözə əməl etməyib hər sahədə - həm ictimai, həm iqtisadi, həm də mədəni sahələrdə eyni dərəcədə velikorus çirkabına yuvarlandığını deyən məktub müəllifi onu da əlavə edir ki, ""Axına qarşı" və sair əsərlərinizdəki millətlərin haqları ideal bir şəkildə əllərinə veriləcəyinə dair sözlərinizlə indiki siyasətiniz arasındakı ayrılığı görərkən təəccüblənməmək mümkün olmur... Rusiyada sosializm imperialist ənənələrinin əsiri dərəcəsinə enməmiş olsaydı, onun məhkum millətlər üçün əlifba və danışıq ləhcələrindən uydurulacaq yeni ədəbi dillər məsələləriylə nə kimi alış-verişi ola bilərdi?" (səh. 394-396).
Bu məsələdə V.İ.Lenin qədər Z.V.Toğan da haqsızdır: ilk növbədə, ona görə ki, "dünya inqilabı"nın lideri, "Xatirələr"də də qeyd olunduğu kimi, ictimai- iqtisadi mülahizələrdən çıxış edir, "Xatirələr" müəllifini maraqlandıran isə "türk qövmü" (!!!)nün taleyidir. O tale ki, yalnız "xaric"dən deyil, "daxil"dən də elə bir "birlik" vəd etmirdi. Təşəkkül tapmaqda olan sovet rejimi də çarizm üsul-idarəsi kimi imperialist xarakterli olub, "ayır-buyur" siyasəti yürütsə də, bu, o demək deyildi ki, türk xalqları (və dilləri) hələ də orta əsrlər dövrünü yaşayırlar, hər cür daxili (təbii) diferensiasiya prosesindən kənarda qalmışlar.
Berlinə gələn Z.V.Toğanın Türküstan Milli Birliyinin (TMB-nin) başçısı olması digər Türküstan mühacirlərinin etirazı ilə qarşılanır. "Bir başqırdın başçı olmasının özbəklər üçün şərəfsizlik olacağı haqqında bəzi qaranlıq şəxsiyyətlərin söyləntiləri"nə "tatarlardan keçmiş unitaristlər" də tərəfdar çıxırlar. TMB-nin 23 noyabr 1924-cü ildə keçirilən konqresi Z.V.Toğanın başçılıqdan istefasını qəbul etmir. Və "Xatirələr"də göstərilir ki, konqresdə "əvvəlcə tək bir ölkə olan Türküstanın Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan şəklində beş cümhuriyyətə ayrılması əleyhinə mühüm qərarlar verildi. "Türküstan" ifadəsi xarici nəşriyyatımızda işlədilməyə davam edəcək, ayrı cümhuriyyətlərə isə məsələn, "Türküstanın Özbəkistan qismi" deyiləcəkdi" (səh. 481).
Əlbəttə, "daxili" gerçəkliyə "xaric"dən bu cür idealist reaksiya o qədər də təsirli bir hərəkət deyildi. Və ona görə də zaman-zaman bəzi "redaktə"lərə ehtiyac duyulmuşdu:
"9 mayısda Türküstan Milli Birliyinin (TMB) Avropada son toplantısını keçirdik... İstanbulda gerçəkləşdirəcəyimiz nəşriyyatın dili və proqramı xüsusunda da yaxşı qərarlar aldıq, yəni qazax, özbək, tatar və başqırdlar türkcə nəşriyyatlarında öz şivə xüsusiyyətlərini və ayrı ləhcə kəlmələrini mühafizə etməklə bərabər, etimoloji və morfoloji xüsuslarında müştərək qaydalara riayət edərək yazacaqlardı" (səh. 505).
Bu gün (yəni təsvir edilən hadisələrdən yüz il sonra!) yenə də belə mülahizələrə təsadüf olunur ki, yalnız bir türk dili var, yerdə qalanlar ləhcələrdir... Nəyin "türk dili", nələrin "ləhcələr" olduğu barədə isə yüz ildən çoxdur ki, əksəriyyətin qəbul edə biləcəyi ciddi bir fikir söylənilmir. Və belə məlum olur ki, dilin metafora törətmək istedadı yeri gələndə onun özünə də tətbiq edilirmiş. Yəni biz qədim dövrlərdəki, yaxud qismən orta əsrlərdəki kimi vahid (ümumi) bir türk dilinin olmasını çox istədiyimizdən artıq bir (əslində, üç) əsrdən çoxdur ki, onun bölündüyünü (diferensiasiyasını) heç cür qəbul edə bilmir, istək-arzumuza zidd olan reallıqları - dillərimizin (və xalqlarımızın) bölünməsini müxtəlif metaforik ifadələr (məsələn: qazax türkləri / qazax türkcəsi, özbək türkləri /özbək türkcəsi, türkmən türkləri /türkmən türkcəsi və s.) altında gizlədirik ki, bu həmin metaforikliyə terminoloji məzmun verməyə cəhd göstərməkdən irəli gəlir.
1925-ci ilin 29 mayında Z.V.Toğan İstanbul Darülfünunun Türkiyyat İnsitutunda ilk konfransını verir. Xatırlayır ki, "Türkiyə türkcəsini hələ konfranslar verəcək qədər bilmirdim. Bununla belə, diqqətlə dinlədilər və çox müxtəlif suallar verdilər. Anlada bilmədiyim kəlmələri Raqib Hulusu bəy izah etdi" (səh. 517).
Z.V.Toğanın türk təəssübkeşliyi imkan verməmişdi ki, türk dillərində gedən təbii diferensiasiyanı hiss etsin. Və bu, yalnız o zaman hələ çox gənc olan dərin düşüncəli vətənpərvərə aid deyildi, adı çoxlarına məlum daha bir sıra türk ziyalıları da vardı ki, türklüyün "ümumi" və "xüsusi" qütbləri arasında qalmışdılar. Maraqlıdır ki, bu cür tərəddüdlər "imperialist" rus türkoloqları üçün də az səciyyəvi deyildi.
Z.V.Toğan, çox maraqlıdır ki, 1925-ci ilin 9 iyulunda Ankaraya gəlib onunla görüşən (və ona Sovetlər Birliyinə qayıdıb elmi karyera qurmasını təklif edən!) Aleksandr Nikolayeviç Samoyloviçlə söhbətləşərkən köhnə tanışını mühakimə edir:
"1922-ci ildə Moskvada Şərq Universitetində və Elmlər Akademiyasının filoloji qismində Rusiya məhkumu türk qövmləri üçün rus əlifbası ilə 19 ədəbi dilin vücuda gətirilməsi gərəkliyi xüsusunu müzakirə edən rus türkoloqları arasında siz yox idinizmi?.. Bəzi rus yoldaşlarımız slavyan dillərində olmayan q və n hərflərini türkcəyə yaxınlaşmağa qoymayan başlıca əngəl sayaraq onların yox edilməsi gərəyindən bəhs etmişlər. Siz orada yox idinizmi?.. Əlbəttə, aranızda unitar bir latın tərəfdarı olan bəzi mərd gənc türkoloqlar da olduğunu eşitdim. Ancaq Şərq türkləri arasında ədəbi dil adına müştərək hərəkətə yol verilməməsi gərəyini, əlifbaların fonetik əsasda tamamilə müstəqil dillər qurmaq fikriylə tərtib ediləcəyini irəli sürənlər, türk qövmlərinin az bir zaman içində ruslaşıb aradan qalxacaqlarını söyləyənlər bu gün sizdə hərəkətdədir... Bunları Türküstandan İrana keçmədən iki gün öncə göndərdiyim məktubda Leninə də yazmışdım. İndi Türkiyədəyəm, burada qalacağam" (səh. 526).
Bu mühakimə, ilk növbədə, ona görə əsassız idi ki, A.N.Samoyloviç 1937-ci ildə məhz pantürkist kimi ittiham olunaraq sorğu-sualsız güllələnmişdir. İkincisi, bu görkəmli rus türkoloqu Bakıda keçirilən Birinci Türkoloji Qurultayda məhz ümumi türk ədəbi dili tərəfdarı kimi çıxış etmişdi.
Nəticə etibarilə, müəllifin müqavimətinə rəğmən, "Xatirələr" aydın göstərir ki, Rusiyada sovetləşmənin ilk illərində yürüdülən "dil siyasəti"nin hansı konyuktur məqsədlər izləməsindən asılı olmayaraq, türk xalqları (və müvafiq türk ədəbi dilləri) artıq tarix səhnəsinə çıxıb öz milli müstəqilliklərini israrla nümayiş etdirirdilər.
Və bu təbii-tarixi diferensiasiyanın qarşısını almaq mümkün olmadığı kimi, hər hansı siyasi iddialarla onu sürətləndirmək də imkan xaricində idi. Odur ki, "Xatirələr" müəllifi nə qədər ümumtürklük təəssübkeşi olsa da, gəzib-dolaşdığı hər yerdə ümumən türklər yox, başqırdlar, tatarlar, qazaxlar, özbəklər, türkmənlər, Azərbaycan türkləri, Türkiyə türkləri (və onların dilləri, ədəbiyyatları, tarixləri) ... ilə üz-üzə gəlməli idi. Və gəlmişdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!