"Qəbulə xanım və I Pyotr" - unudulmuş müqavimət tarixinə işıq salan kitab - Mətanət VAHİD

Mətanət VAHİD

 

Azərbaycan tarixinin səhifələrində əsrlər boyu qadınların milli taleyə yön verəcək dərəcədə cəsarət göstərdikləri məqamlara rast gəlmişik. Bu kontekstdə XVIII əsrin ilk rübündə torpağımıza uzanan əlləri kəsən, rus qoşununun zabit-əsgər heyətini məhv edən, adı tarixin səhifələrindən bilərəkdən yoxa çıxmış Qəbulə xanım I Pyotrun siyasətinə, "Rusiyanın istila və işğal hərəkatına qarşı Azərbaycanda ilk açıq və böyük qanlı etiraz"ın səbəbkarı, öncülü olan qəhrəman qadındır. Azər Turanın bu günlərdə çapdan çıxmış "Qəbulə xanım və I Pyotr" kitabında tariximizin qəsdən qaranlıqlaşdırılmış bu səhifələrinə işıq tutulur, əlimizdə olan az-çox mənbələrə istinadlarla həmin qanlı olayın səbəb və motivləri araşdırılır.

XVIII əsrin əvvəllərində Dərbənd və Bakı ilə yanaşı, Salyan bölgəsi də imperiya maraqlarının hədəfinə çevrilmişdi. Çar Rusiyasının bu coğrafiyada apardığı genişmiqyaslı hərbi-siyasi müdaxilələr yalnız ərazi işğalları ilə məhdudlaşmır, həm də yerli idarəçilik strukturlarını, demoqrafik tərkibi dəyişdirməyə yönəlirdi. Məhz bu dövrdə baş verən və imperatorun öz yüksək rütbəli hərbçisinə təhlükə xəbərdarlığı etməsinə səbəb olan hadisə Qəbulə xanımın adı ilə birbaşa bağlıdır. Rus ordusunun Salyanda hərbi qərargah qurması və yüksək rütbəli zabitlərin yerli idarəçilərlə "sülh şəraitində" təmas qurması fonunda baş verən qəfil qətl hadisəsi, sadəcə, şəxsi intiqam deyildi - bu, strateji qarşıdurma və qətiyyətli milli duruş idi.

"Qəbulə xanım və I Pyotr" kitabında Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərinə istinadla qeyd olunur ki, Dərbənd və Bakını, demək olar, müqavimətsiz işğal edən I Pyotr öz generalı Matyuşkinə xəbərdarlıq edib, "Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin", - deyə bildirib. Kitabda bu ehtiyatkarlığın səbəbi araşdırılaraq qan düşmənçiliyinin tarixinə qısa nəzər salınır.

Hadisənin özünə gəlincə, 1724-cü ildə Salyanda bir gündə rus imperiya ordusunun bütün zabit heyəti zərərsizləşdirilir. Belə ki, payızda podpolkovnik Zambulatovun süvari batalyonu Salyana daxil olur və Kürün sahilində - Salyan hakiməsi Qəbula xanımın malikanəsinin qarşısında qərargah qurur. Qəbulə xanım bütün heyəti malikanəsində təşkil etdiyi ziyafətə dəvət edir və öz silahlıları tərəfindən onları qətlə yetirdir. Kitabda müxtəlif tarixi mənbələrə istinadla hadisənin mümkün detalları əksini tapmaqla yanaşı, suallar da qoyulur:

Necə olur ki, Salyan naibi Həsən bəy dörd ay öncə Bakıda çara sədaqət andı içir, amma xanımı imperiya ordusunu məhv edir?

Necə olur ki, I Pyotrun xüsusi xəbərdarlığına baxmayaraq, ordusu bunca ehtiyatsızlıq göstərib ziyafətə qatılır? (və bu malikanə belə bir miqyasda ziyafət keçirmək üçün müsaid idimi?)

Qəbulə xanım 56 il öncə baş vermis hadisənin - Stepan Razinin qurban verdiyi adaşı, gözəl azərbaycanlı qızı Qəbulənin qisasını alırdımı?

Bəs bu hadisədən sonra nələr oldu, nə baş verdi? Doğrudanmı, Dərgahqulu bəy Qəbulə xanımı öldürüb başını Bakı komendantı Ostafyevə verdi?

Nəyə görə Qəbulənin nə özünün, nə də davamçılarının taleyi barədə sonradan heç bir məlumata rast gəlinmir? Halbuki dövrün mənbələri göstərir ki, bu ailənin siyasi təsiri uzun müddət Salyanda hiss olunub. Üstəlik, tarix kitablarında sələfi Qəbulə ilə Salyan hakiməsi Qəbulə xanım haqqında məlumatlar qarışdırıldığından "kələfin ucu qarışır".

"Qəbulə xanım və I Pyotr" kitabında bu suallar qismən cavabını tapsa da, Qəbulə xanımın özü və şəcərəsi haqqında geniş, dərindən bir obyektiv araşdırmaya ehtiyac olduğu da vurğulanır.

Çünki Salyanda baş verən qanlı olayın - rus ordusunun zabit və əsgər heyətinin qətli arxasında Salyan naibinin xanımı olan bir qadının dayanması faktı sadə bir kişi - dominant siyasi münasibətlər sisteminə qarşı bir qadının çıxışı deyil, həm də etnik-mədəni özünüdərk nümunəsidir. Rus hərbçilərinin bu qədər qəddarlıqla məhv edilməsi bir xalqın heysiyyatının, tarixi iztirablarının və qürurunun partlayış nöqtəsi kimi başa düşülməlidir. Üstəlik, bu qiyamın təməlində ailə faciəsinin - onilliklər əvvəl doğma torpağından zorla aparılmış və həyatına qəddarcasına son verilmiş bir qızın taleyinin durması ehtimalı yalnız hadisənin emosional yükünü deyil, simvolik anlamını da dərinləşdirir.

Tarixin kifayət qədər açılmamış bu səhifəsi türk dünyasında qadının yalnız ailə içində deyil, ictimai və siyasi sferada da əhəmiyyətli yer aldığı anlayışını bir daha təsdiqləyir. Mümkündür ki, qurban verilmiş qız və Qəbulə xanım arasında genetik deyil, mənəvi qohumluq daha güclü olub - çünki onların qan qohumluğunu təsdiqləyən tutarlı faktlar yoxdur. Bu hadisə, doğrudan da, həm də bir qisas aktı idisə, onda qadın yaddaşının nəinki bir ailənin, nəslin, həm də millətin tarixi davamlılığını təmin edən güclü bir vasitə olduğunu nümayiş etdirir.

Olayları təhlil edərkən həmin dövrün geosiyasi kontekstini nəzərdən qaçırmamalıyıq. Kitabın səhifələrində dövrün mənzərəsinin dəqiq cızılmış cizgilərini izləmək  mümkündür. Məhz həmin illərdə çar hökuməti bölgədə qeyri-türk etnoslarını yerləşdirmək, əhali strukturunu dəyişmək və ərazinin milli kimliyini zəiflətmək siyasəti yürüdürdü. Bir ziyafət süfrəsini ölüm hökmünə çevirmiş Qəbulə xanım Salyanda rus hərbi qüvvələrinin tamamilə zərərsizləşdirilməklə həmin ərazidə rus şəhəri salınması, ermənilərin məskunlaşdırılması planlarının pozulmasına səbəb olmuşdu. Nəticə olaraq bu hadisə imperatorun əmrinin ləğvinə qədər gedib çıxmışdı. Deməli, Qəbulənin atdığı addım imperiya miqyasında siyasi sarsıntı doğuran bir hadisə idi.

Qəbulə xanım dövrünün siyasi şərtləri daxilində azadlıq, milli ləyaqət və tarixi intiqam uğrunda hərəkətə keçən qadın modelidir. Onun barəsində susmaq, tarixin qaranlıqlarında unutmaq bir xalqın tarixi müqavimət yaddaşını kölgədə saxlamaq deməkdir. Ona görə də Qəbulə xanımın adı tarixdə yalnız "silahlı qətlin arxasındakı qadın" kimi yox, milli müqavimətin, ləyaqətin, siyasi uzaqgörənliyin və qadın iradəsinin simvolu kimi yaşadılmalıdır. Onun haqqında daha çox yazmaq, öyrənmək və düşünmək tarixi borc, milli ehtiyacdır. Azər Turanın "Qəbulə xanım və I Pyotr" kitabı da belə bir zərurətin doğurduğu nəticə olaraq meydana çıxıb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!