Böyük şairimiz Əliağa Vahidin anadan olmasının 130 illiyinə (Əvvəli ötən sayımızda)
Vaqif YUSİFLİ
Füzuliyə gəldikdə isə...
Bir gün şairlər məclisində Füzuli sənətindən söhbət düşür. Əliağa Vahid deyirmiş ki:
- Füzulinin hər bir qəzəli möcüzədir. Mən təəccüb eləyirəm ki, bu böyük ustad, fövqəladə zövqə malik olan şair o zaman nə əcəb peyğəmbərlik iddiasında olmayıb. Əgər belə bir fikrə düşmüş olsaydı, kəlamlarını möcüzə kimi təqdim edib məqsədinə nail olardı...
- Ay Vahid, siz özünüz də Füzuli yadigarı, Füzuli şagirdisiniz.
Vahid etiraz etmiş, demişdi ki:
- A kişilər, nə deyirsiniz, mən Füzulinin şagirdinin şagirdi ola bilmərəm. O kişi aləm olub. Onun əsərləri dəryadır. Mən də o dəryadan bircə qaşıq götürə bilmişəmsə, o da çay qaşığıdır. Mən bu barədə yazmışam ki: "Böyük Füzulilərin xaki payının biriyəm"
Azərbaycan yazılı ədəbiyyatında ən uzunömürlü şeir forması hansıdır? Əlbəttə, QƏZƏL - cavabını verərik. Qəsidələrin bir hissəsi (nəsib) kimi diqqəti cəlb edən qəzəldə qadınlara olan sevgi hissləri tərənnüm olunurdu. Vətəni Ərəbistan olan qəzəl sonralar digər Şərq xalqları poeziyasına da təsir göstərir və hətta bir janr kimi hakimiyyəti ələ alır... Ərəb şairi Ömər ibn Əbu Rəbiə qəzəli qəsidədən ayırır və 6-8 beytlik şeirləri ilə ilk qəzəlxan kimi tanınır. Bizim ədəbiyyata isə qəzəl bir şeir forması kimi XI əsrdə daxil olur və ilk qəzəllər Qətran Təbriziyə məxsusdur (bu haqda mərhum professor Azadə xanım Rüstəmovanın "Klassik Azərbaycan ədəbiyyatında qəzəl" əsərində təfərrüatı ilə söhbət açılıb).
Biz qəzəl xüsusunda söhbəti davam etdirmək fikrində deyilik. Bu şeir formasının uzunömürlü olmasının, elə bizim zəmanədə də öz missiyasını yerinə yetirməsi ayrıca bir söhbətin mövzusudur. Böyük inkişaf yolu keçən, klassik poeziyamızın ən aparıcı janrı kimi məşhurlaşan, ictimai-siyasi həyatımızın, mənəvi dünyamızın, fəlsəfi fikrimizin ifadəsi kimi qəzəlin tarixini xatırlatmaq istəməzdik. Ancaq Azərbaycan ədəbiyyatında üç böyük sənətkarın üç qəzəl sarayı ucaltdığını mütləq nəzərə çarpdırmalıyıq: Füzuli, Seyid Əzim və Əliağa Vahid. Təbii ki, qəzəl yaradıcılığını təkcə bu üç şairin xidmətləri ilə məhdudlaşdırmaq olmaz. Həsənoğlu, Qazi Bürhanəddin, Kişvəri, Həbibi, Nəsimi, Xətai, Saib Təbrizi, Qövsi Təbrizi, Nəbati, Natəvan kimi ustad şairlərin də heç bir vaxt öz bədii təravətini itirməyən qəzəllərini unutmaq insafsızlıq olardı. Lakin qəzəli elita janr səviyyəsinə qaldıran, onu yaşadıqları dövrün və sonrakı əsrlərin ədəbi yaddaşına çevirən bu üç müəllif qəzəlin məzmun və formasında, sözün həqiqi mənasında bir inqilab yaratdılar. O inqilabın bütün parametrlərini öncə Füzuli cizgiləndirdi - qəzəli struktur baxımından dolğunlaşdırdı, onun yeni fiqur və obrazlar sistemini formalaşdırdı, ən başlıcası isə, "məndə tofviq olsa, bu düşvarı asan eylərəm" məramına sadiq qalıb Azərbaycan türkcəsində misilsiz nümunələr yaratdı, dilimizin poetik qüdrətini nümayiş etdirdi. Amma ən böyük missiya isə kamil Eşq konsepsiyasını yaratmaq oldu. Füzulidən sonra gələn şairlər də bu yolu davam etdirdilər. Seyid Əzim Şirvani isə XIX əsrdə Füzulinin binasını qoyduğu o sarayın yanında, amma ona bitişik yenisini yaratdı, onun qəzəllərində yeni poetik çalarlar, cizgilər, təzə və təravətli bədii təsvir vasitələri və əlbəttə, XIX əsrin bədii təfəkkürü öz əksini tapdı. Seyid Əzimin bir xidməti də onda oldu ki, o, Füzuli ilə Vahid arasında mənəvi varislik körpüsünün əsasını qoydu.
Nəhayət, Əliağa Vahid. Qəzəl janrının sonuncu korifeyi. Vahidin qəzəl yaradıcılığı, Azərbaycan poeziyasında bu janrın oynadığı rol heç də tam, yəni elmi-tənqidi fikir baxımından dolğun şəkildə işıqlandırılmayıb. Bu yazıda Vahidin qəzəl janrına gətirdiyi yenilikləri, bir novator kimi yerinə yetirdiyi missiyanı yığcam şəkildə nəzərə çarpdırmaq istərdik.
1. Vahid XIX əsrdə başlanan, amma tam şəkildə reallaşmayan bir vəzifəni həyata keçirdi. Qəzəli xəlqiləşdirdi. Onu həm məzmunca, həm də formaca geniş xalq kütlələrinin istifadəsinə verdi; qəzəli mümkün qədər ərəb və fars kəlmələrindən təmizlədi, qəzəl birbaşa xalqın auditoriyasına daxil oldu. Qəzəl xalqın bütün zümrələrinin, təbəqələrinin mənəvi dünyasına yol tapdı. Onun qəzəllərində işlənən ərəb və fars kəlmələri də sanki azərbaycanlaşdı. Xalqın eşq, məhəbbət, həyat, ölüm, varlıq, yoxluq, gözəllik və cəngavərlik haqqında inam və inancları çox sadə, anlaşıqlı şəkildə qəzəllərə hopdu.
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə canana ki, ilqarı gözəldir.
Mən bir uca boylu gözəlin zülfünə bəndəm,
Ruxsarı gözəl, şivəsi, rəftarı gözəldir.
Yüzlərcə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün elcarı gözəldir.
Yar olsa mənimlə, mənə biganə nə eylər,
Uçmaz elə bir xanə ki, memarı gözəldir.
Mən istədiyimçün o gülü qeyri də sevdi,
Qiymətli o şeydir ki, xiridarı gözəldir.
Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə-əşarı gözəldir.
Keçən əsrin otuzuncu illərində qələmə alınıb bu qəzəl. Amma sanki indi, XXI əsrdə yazılmış kimi diqqət çəkir. Nə qədər sadə, təbii, xəlqidir, amma bu sadəlikdə və təbiilikdə dərinlik, ucalıq, genişlik göz qabağındadır. Vahid qəzəlinin bu xüsusiyyətini vaxtilə ədəbiyyatşünas Məsud Əlioğlu belə qiymətləndirmişdi: "Vahidin qəzəllərində həyatın, varlığın və dövranın ecazkar sirlərinə vaqif müdrik bir təfəkkür, xalq zəkası dil açıb danışır. Qəzəl yazmaq bacarığı xalq təfəkkürünün itiliyinə, vüsətli fikirləri söz, misra və beytlə ifadəyə gətirmək qabiliyyətinə dəlalət edir. Digər tərəfdən, həmin müdrik təfəkkür yanar bir qəlbin hərarəti ilə - səmimiyyət və saflıq dolu xalq mənəviyyatının sönməz odu ilə qızınır".
2. Vahid bir şeirində yazır ki: "Vahidəm, xalqımın qəzəl şairi, Məhəbbət şairi, gözəl şairi". Bəli, Vahid bütün ömrüboyu məhəbbətdən yazıb, eşqin qüdrətini tərənnüm edib. O, eşq, məhəbbət mövzusunu daha çox canlı münasibətlər, real hisslər, duyğular üzərində qurdu.
Gül incədirsə, sən, gözəlim, güldən incəsən,
İncə nəzakətin qədər incə düşüncəsən.
Hər oynadanda xəm qaşını, qan olur könül,
Sanki bu fikirlə əl atırsan qılınca sən.
Zalım, həmişə könlümü incitdi firqətin,
Ömründə qoymadın məni bir ləhzə dincə sən.
Ayinələr xəcalət olur görcək əksini,
Naz ilə şanə zülfünə hərdən çəkincə sən.
Füzulinin eşq konsepsiyasında sevgilinin özü ilə yox, onun ideyası ilə yaşamaq, son nəticədə canını da qurban verib əbədi həyata qovuşmaq əsasdı, Vahiddə isə canını qurban vermək, ölmək-dirilmək heç də platonik səciyyə daşımır. Baxın:
İcazə ver, baxım, ey gül, o qarə gözlərinə,
Vurulmuşam, nə edim, aşikarə gözlərinə.
Qəm etmərəm, məni yüz dəfə gündə öldürəsən,
Baxanda bir də dirilləm, dübarə, gözlərinə.
Olaydı qismət, öpəydim o nazik əllərini,
Ürəkdən eyləmişəm istixarə gözlərinə.
Gözüm götürməyir əğyarlar baxanda sənə,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə.
Şikəstə Vahidə olmaz təbiblərdən əlac,
Qalıbdır indi sənin bircə çarə gözlərinə.
Vahidin eşq-məhəbbət düşüncəsində klassik, artıq ənənəvi mahiyyət daşıyan modellər də dəyişir, aşiq və məşuqun bir-birinə münasibətləri konkretləşir, onların sevgisi öz məqsəd aydınlığı ilə real mahiyyət kəsb edir, deyir ki: "Sevirəm mən o nəzakətli gözəl dilbəri ki, Musiqi elmini, rəssamı, qəzəlxanı sevir. Piri könlüm gəlir ilhamə, görürkən hərdən, Bir nəcabətli gözəl qız, gözəl oğlanı sevir". Vahid qəzəllərində, hətta bir əhvalat, bir vaqeə də adilik örtüyündən çıxır, yeni məna kəsb edir: "Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm, Get, hər kiminlə gəzirsən, gəz, inciyən deyiləm", yaxud: "Dedi ol yar mənə, dəftərimiz evdə qalıb, Eşqə dair yazılan sözlərimiz evdə qalıb".
3. Vahidə qədər Azərbaycan obrazı qəzəliyyat dünyasına daxil deyildi. Qəzəllərdə Vətən adı çəkilsə də, bu vətənin mənası daha çox mücərrəd yer, məkan səciyyəsi daşıyırdı. Vahid ilk qəzəl ustadıdır ki, Azərbaycan obrazını və bununla da sırf vətənpərvərlik ideyasını şeirə gətirdi. "Könlüm yenə bülbül kimi şeydayi-vətəndir, Məcnun edən aşiqləri leylayi-vətəndir" - deyən Vahid əksər qəzəllərində azərbaycançılıq duyğusunu -Vətən sevgisini etiraf etmişdir: "Vahid, cəhənnəm, istəməsin qoy rəqiblər, Sən fəxr qıl ki, Azərbaycan sevir səni" və ya: "Bu şərafət mənə nəslən qalacaqdır, Vahid, Nə qədər xidmət edəm Azərbaycanım üçün". Vahidin bir çox qəzəlləri var ki, Azərbaycanın ayrı-ayrı şəhərlərinə, bölgələrinə həsr edilib. Bunu təsadüf saymaq olmaz. Vahid üçün Vətən məfhumu doğulduğu Masazır kəndindən başlayıb o taylı-bu taylı Azərbaycana aid idi.
4. Vahidin musiqi ilə, muğam sənəti ilə bağlılığı da mühüm mövzulardan biridir. Əgər belə demək mümkünsə, o, qəzəldə hansı yeniliklərə nail olubsa, musiqidə də eynən o missiyanı həyata keçirib. Əvvəla, Füzulidən və Seyid Əzimdən sonra musiqinin insan mənəviyyatındakı rolunu ifadə edən məxsusi qəzəllər qələmə alıb: "Musiqi nəşəsi min sevgili cananə dəyər. Əsəri-naleyi-ney arif üçün canə dəyər" mətləli qəzəli (məqtə beyt isə belə bitir: "Musiqilə məni dəfn eyləsələr, Vahid, əgər, Qəbrimin torpağı min rövzeyi-rizvanə dəyər") və əksər qəzəllərinə misra-misra, beyt-beyt səpələnən təbliği fikirlər. İkincisi, Azərbaycanın və məxsusən Qarabağın musiqi diyarı, muğam ölkəsi kimi tanıdılması: "Qarabağdır bizim öz ölkəmizin Şirazı, Qoy bu tarixi həqiqətləri hər yan oxusun". Üçüncüsü, tanınmış muğam ustalarının vəsfi: "Tarında, Vahid, əgər Qurbanın məlahəti var, Dayan bir indi görək, Zülfünün segahı nədi". Dördüncüsü, muğam sənətinin Vahid qəzəlləri ilə yeni bir məna kəsb etməsi, Vahidin poetik ləfzi ilə muğam ləfzi arasında harmoniyanın yaranması. Xüsusilə, təsnif yaradıcılığında Vahid qəzəllərinin təsiri danılmazdır.
5. Vahid əruzun Azərbaycan poeziyasında süqutuna yol vermədi, öz qəzəlləri ilə sübut elədi ki, XIII əsrdən Azərbaycan dilində yazılan əsərlərdə işlənən əruz əsrlər boyu doğma heca vəznilə yanaşı yaşayıb. Qüdrətli şairlərimiz əruzu bizim şeir dilimizdə özününküləşdirib, milli poeziya faktına çeviriblər. Əliağa Vahid də artıq Azərbaycan əruzunun ən gözəl nümunələrini yaratdı, şeirimizdə əruzla ifadə olunan musiqi, ritm tonunu artırdı. Sovet dönəmində klassik poeziyaya, əruza və qəzələ münasibət bir qədər dəyişsə də, bu biganəlik buzunu Vahid və Süleyman Rüstəm kimi şairlərimiz əritməyə başladılar. Əruz Vahidi, Vahid də əruzu yaşatdı və onların hər ikisi qəzəli yaşatdı.
6. "Vahidin ədəbi məktəbi var", fikri qətiyyən mübahisə doğurmamalıdır. Vahidlə yanaşı və Vahiddən sonra neçə şair Vahid yolunu öz yaradıcılıqlarının başlıca axarına çevirdilər. Ələkbər Şahid, Seyidağa, Əliağa Bakir, Hacı Mail, Hacı Ələmdar, Şahin Fazil, Ənvər Nəzərli, indinin cavan qəzəlçilərindən - Arif Buzovnalı, İlqar Fəhmi Vahid ədəbi məktəbinin üzvləridir, - desək, yanılmarıq.
Nəhayət, Vahidlə bağlı bir məqama da toxunmaq istərdik. Əliağa Vahid 37-ci ilin repressiya tufanında qərq olmadı. Sual olunur: klassik ədəbiyyatın bir çox tədqiqatçıları gedər-gəlməzə yola salındılar, bəs onda əruzu və qəzəli yaşadan Vahid necə bu bəladan xilas oldu? Əvvəla, Vahid o zaman ümumxalq məhəbbəti qazanmışdı, xanəndələr gecə-gündüz onun qəzəllərini oxuyurdular. Xalqın sevgisi hər addımda onunla idi. İkincisi, Vahid siyasətdən uzaq bir adam idi. Ailəsi ilə birgə yarımqaranlıq, darısqal bir otaqda yaşayırdı və hər gün işə gedib-gəlirdi, ailəsinə ruzi qazandırırdı. Rəsmi dairələrdə kim idi Vahidi yada salan?! Bəzən qəzəl yazdığına görə onu tənqid də edirdilər, amma Vahid bütün bunlara biganə idi. Laübalı bir həyat tərzi keçirirdi, içirdi-içmirdi, indi bunun məsələyə heç bir aidiyyəti yoxdur, əsas odur ki, sadə bir həyat tərzi keçirirdi. Ona ictimaiyyətçi demək olmazdı, amma öhdəsinə nə iş düşürdüsə, onu ləyaqətlə yerinə yetirirdi və buna görə də repressiya Vahiddən yan keçdi. Sonrakı illərdə də onun sadə həyat tərzi dəyişilmədi. Rəsmi dairələrdən qaçırdı, amma hamı (əlbəttə, xalq) Vahidi sevirdi və bu sevgi də onu ruhən qocalmağa qoymadı.
Gözəl həyatını Vahid, fənayə sərf etmə,
Səni zəmanə yetirməz, dübarə, bir dənəsən!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!