Azərbaycanın rusdilli ədəbiyyatı - Lalə HƏSƏNOVA

 

Azərbaycan ədəbiyyatının bir qolu olan rusdilli ədəbiyyatımızda ümumi prosesdən kənarda qalmır. Postmüharibə dövrünün problemləri,zəfər sevincimizmüəlliflərin yaradıcılığında yetərincə yer almışdır.

Konkret olaraq 2024-cü ilin ədəbi materialına keçid edərək, poeziyanümunələrindən başlamaq istərdik.  Poeziyada məhəbbət mövzusu, fəlsəfi lirika ilə yanaşı müharibə, zəfərimiz və itkilərimiz haqqında əsərlər yaranmışdır. Yelena Məmmədovanın məhəbbət, tənhalıq, dostluq kimi mövzularda yazılanlarla yanaşı əsgər analarına həsr olunmuş (“Tənhalıq”), müharibə mövzusunda (“Su qabı”) şeirləri, Azər Əfəndinin, Ləman Bağırovanın, Dinarə Gərəkməzlinin, Timur Bədəlbəylinin, Afaq Rafiq qızının, İrina Zeynallının və başqa şairlərin əsasən ənənəvi  üslubda yazılmış nəzm əsərləri çap olunmuşdur.

Rusdilli ədəbiyyatımızın tanınmış nümayəndəsi, “Söz” və “İgidlərin sözü” layihələrinin yaradıcısı Nigar Həsənzadə Mərakeş Mədəniyyət Nazirliyi və Mərakeş Poeziya Evinin təşkilatçılığı (25-30aprel)ilə keçirilən  ərəb dünyasının tanınmış şairləri, eləcə də dünyanın bir sıra ölkələrindən nümayəndələrin dəvət olunduğu Beynəlxalq Poeziya Festivalında iştirak edib.Müəllifin ərəb dilinə tərcümə olunmuş şeirləri festival antologiyasına daxil edilib, ərəb dünyasının nüfuzlu ədəbi orqanı olan“Thaqafat”da (https://thaqafat.com/2024/07/109082) yaradıcılığına həsr olunan məqalə çap olunmuşdur.

 Əsərləri bir çox dillərə tərcümə olunan, kitabları  müxtəlif ölkələrdə çap edilən  müəlliflərdən biri də Eldar Əhədovdur.[1]Rus, ingilis, ispan, italyan, serb, azərbaycan və başqa dillərdə Rusiyada, Azərbaycanda, ABŞ-da, Kanadada, Serbiyada, Meksikada, Hindistanda, Misirdə nəşr olunmuş 96 poeziya və nəsr kitabının müəllifidir. Ötən il yazıçı, şair Eldar Əhədovun yaradıcılığına həsr olunmuş məqalələr toplusundan ibarət "Məhəbbət məkanının üzərindən uçaraq" (“Пролетая над землёй любви») adlı kitab işıq üzü görüb. Kitabda rus müəllifləri ilə yanaşı (filologiya elmləri doktoru Natalya Tsımbalıstenko, filologiya üzrə fəlsəfə doktoru Lyubov Kalinina, tanınmış rus yazıçı və ədəbiyyatşünasları  Aleksandr Karpenko, Dina Krupskaya, Vlad Antikin, Yekaterina Kuznetsova, Natalya Lixtenfeld və b.) serbiyalı (Milutin Curiçkoviç (Belqrad), kosovalı (professor Faxreddin Şexu (Priştina), britaniyalı ədəbiyyatşünasların (Riçard Berengarten (Kembric), uruqvay-hollandiyalı yazıçının (Xuan Karlos Takses), ispan yazıçısının (Yordan Arroyo) və digər müəlliflərin rus dilinə tərcümə olunmuş məqalələri yer almışdır.  İl ərzində “Dünya şairləri” seriyası çərçivəsində “Allah şairləri sevir” (ingilis və çin dilində), “Aforizmlər”i (Serbiya), “Qayıdacağım məkan” (Bakı), “Mərkəzi və şərqi Sibirin toponimikası haqqında (Krasnoyarsk vilayətinin nümunəsi əsasında)” kitabları çap olunub. Qeyd edim ki, E.Əhədov, həmçinin "Xarıbülbül: Azərbaycan dastanı" (2023, Bakı)  kitabının müəllifidir. Onun Vətəninə, tarixinə bağlılığı hər kəs tərəfindən vurğulanır: “Eldarın müxtəlif xalqların mənəvi tarixini fundamental şəkildə anlamaq və ümumiləşdirmək istedadı var. O, hər kəs üçün həqiqətən, dəyərli olanı önə çıxarmağı bacarır. O, yaddaşın qoruyucusudur” (A.Karpenko). İl ərzində E.Əhədovun  əsərləri Qazaxıstanda(“Altay İzumrudnıy), ABŞ-da (“Prodıgy”), Banqladeşdə ("Red time"), Nepalda ("Poetry planetarıat")  və s.müxtəlif ölkələrdə çap olunan jurnallarda yer almışdır. 

Nasirlərimizdən Sənan İsmayılovun (“Hər(i)flərin oyunu”),  şairlərimizdən Ədalət İsmayılov (“Daltonik”) və Marat Şəfiyevin (“İkinci nəfəs”) əsərləri “Russkaya premiya”nın  (xaricdə yaşayan və rus dilində yazan müəlliflər üçün nəzərdə tutulmuş yeganə mükafat) uzun siyahısına daxil olmuşdur. Ədalət İsmayılov müsabiqənin laureatı olaraqikinci yerə layiq görülmüşdür.

Rusdilli ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısıNatiq Rəsulzadənin yubiley (75 yaş) ilində  “Poker oyunu” adlı  yeni povesti çap olunub. İntrovert, taleyinə sovet və postsovet olaraq iki fərqli mərhələlərdə ömür sürmək yazılmış insanın, Ədəbiyyat İnstitutunun tələbəsi və sonda məhkum həyatı yaşamaq nəsibi olmuş birinin, həyatın amansızlığına baxmayaraq özünü yazıçı kimi təsdiq etməyə çalışmasının psixoloji aspektdə canlandırdığı romanda yuxu, xəyali obrazlar, “yaşanmamış” həyat konsepti əks olunub.

Ötən ilin maraqlı nümunəsi olaraq Leyla Tarıverdiyevanın “Eksperiment” povestinin üzərində dayanmaq istərdik. Eksperiment obyektinə çevrilən insanlara, gün ərzində onlara əvvəlki həyatlarını xatırlamaq imkanı verilir, bu dəyişilmə yaxşı heçnə vəd etmir. İdeya maraqlı olsa da,mətn povestdən daha çox, ssenari olaraq yazılmış kimi görünür, vizuallıq üstünlük təşkil edir, müxtəlif yozumlara yer qalmır. Məsələn, «Niyə bu təcrübə yaxşı sonlanmamalı idi? Ümumiyyətlə, bu nəyə lazım idi? İnsanlara onların düşüncəsiz və düzəlməz məxluqat olduğunu göstərmək üçünmü?... Mən anlamıram, – Alik davam etdi, – niyə hər şey belə alındı? Axı əksinə də ola bilərdi, hər kəs bir-biri ilə doğmalaşa da bilərdi. Yoxsa ola bilməzdi?” “Bu gün hamıya düşünmək imkanı verildi. Məhz buna görə də – sizi əvvəlcədən təcrübə barədə xəbərdar etdilər. ... kimsə bizim reflekslərimizi yox, şüurlu fəaliyyət qabiliyyətimizi yoxlamaq istəyir” (Nərminə – L.H.74). Göründüyü kimi, müəllif qaldırdığı problemləri əsərin personajı olan Nərminə vasitəsilə çözməyə çalışaraq, oxucuya öz qənaətlərini təqdim etməyə çalışır, bu zaman isə bədii şərhləndirmə, oxucu refleksiyası aradan qalxır. Həmçinin povestdə bədii əsərin əsas məziyyətləri olan dilinbədiiliyi, bədii ifadə vasitələrindən istifadə, bədii şərhləndirmə yer almır. Və ya təsvirin vizuallığı ilə bağlı bəzi epizodlara nəzər yetirək: «Ulubəyli ürəyindən tutdu və arxaya aşmağa başladı. Alik və Həsən Həsənoğlu onun qolundan yapışaraq həyətə apardılar. Bu vaxt Nərminə Gulyanı qucaqlayıb evə keçdi və qapını arxasınca bərk bağladı, elə həmin anda qapını döyməyə başladılar». Balaca qızıcığazın söylədikləri fəlsəfi anlamla yüklənsə də (“Həyatda bizə mənsub olan heç nə yoxudr”), təəssüf ki, “düşüncəsiz” böyüklərin  bütün suallarını cavablandırmağa hazır olan balaca müdrik qızcığaz personajı bədii gerçəklikdən doğmur, bu səbəbdən də özünü doğrultmur.

Əvvəlki illərdə olduğu kimi, bu il də həm poeziyada, həm də nəsr sahəsində kiçik janrlara müraciətüstünlük təşkil edir. Mədinə Eldarovanın miniatürləri, Gülüş Ağaməmmədovanın, Fəridə Məmmədovanın pritçavari novellaları (“Noa tayfasının qadınları”, “Büllur at”), xeyli sayda hekayələr(Şirin Manafovun “Mən Sarmısağı öldürməliyəm”, Laçının “Dante”, Tamerlan Hacıyevin “Çovğun”, Marat Şəfiyevin “Yeremey haqqında” və b.) buna misaldır. Hekayə-portretlər olaraq  Saveliy Kolmanovskinin “Həsənbala”, Aytən Aqşinin “Madam Raşlinin Brançı”, “Həmdərd” hekayələrini misal göstərmək olar.

Qafar Cəfərlinin “Altıncı barmaq” hekayəsində nankor övlad, “Cənnət ayaqlar altındadır” hekayəsində anasızlıq (xəyanətkar ana və düşmən tərəfindən öldürülən ana) təsvir olunur. “Gülgəzi”, “Məhəbbət”, “Tənha qadın” hekayələrində bir-birini sevən iki insanın münasibətlərinin fərqli variasiyaları əks olunursa, “Həyatın 61-ci dəqiqəsi” hekayəsi müharibə mövzusundadır.

Gülüş Ağaməmmədovanın il ərzində bir neçə novellası çap olunub.Sənət insanlarının əks olunduğu novellalarda hər sahənin professional özəlliklərinin ustalıqla canlandırılması (“Model”, “Xoşbəxtlik geni”, “Diva”, “Aktyor sənəti”)sənətlə bağlı gizlin qalan məqamların təsvirinə imkan verir.Beləliklə, oxucu yalnız personajın taleyi ilə deyil, həm də sənətkar həyatının özəllikləri ilə tanış olur ki, bu məqam obrazın təsvirini dolğunlaşdıraraq, oxucunu indiyə qədər onun üçün qaranlıq qalan sənət dünyasına daha da yaxınlaşdırır.

Özrubrikalarına sadiq qalan “Literaturnıy Azerbaydjan” jurnalı yeni imzalar olaraq Sevda Ağalarovanın (“Hiyləgər plan” yumoresko), Aliyənin, Yelena Şetkinanın (şeirlər) əsərlərini oxucularına təqdim etmişdir.

Beləliklə,  rusdilli ədəbiyyatda, əsasən, kiçik formalara maraq davamlı olsa da (qeyd etdiyimiz novellalar, Tatyana Rüstəmlinin aforizmləri, şeirlər), bu əsərlərə xas psixologizm, müşahidələrin dəqiqliyi müəlliflərin tədricən iri formaya keçid edəcəklərini təxmin etməyə imkan verir.  Начало формы

Texnologiyanın inkişafı ilə müasir sənətdə və ədəbiyyatda yeni insan konsepsiyası formalaşır. Texnologiyalar – maşınlar, robotlar vasitəsilə həyatı yenidən qurmaq və mükəmməlləşdirmək cəhdləri müasir ədəbiyyatda transhumanizm ideyalarının yer almasına səbəb olur.  Sənan İsmayılovun əsasənfantastika janrında qələmə aldığı, insan və maşın birliyinin hansı şəkildə inkişaf edəcəyinin əks olunduğu əksər əsərlərində qeyd olunan tandemin səbəb olacağı mənfi təsirləri canlandırması bu mövqedən yanaşmanın bariz nümunəsi kimi maraq doğurur.  Yazıçının“Çarpaz yuxular” kitabı kiçik bir müqəddimə ilə başlayır: “Texnologiyanın sürətlə inkişaf etdiyi əsrdə insan tez-tez öz gələcəyi haqqında düşüncələrə dalır. Necə olacaq? Gələcək zaman nəsillərə nə verəcək? İnsanlar və maşınlar birgə, dinc şəraitdə mövcud ola biləcəklərmi? Maşınlara həyatın bütün sferalarını tapşırmaq olarmı?”Müəllifin ötən ilMoskvada çap olunan kitabına (Перекрестные сны. Москва, 2024, Флобериум, 313с.) “Üçüncü dairə”, “Rəddedilmə”, “Çarpaz yuxular” və “Ədədlər” povestləri daxil olunmuşdur.

Rüfət Mustafazadənin “Meqabeyin” elmi-fantastik,Yelena Andreyevanın “Yenidən yaşanan həyat” (real və real olmayan hadisə) hekayəsini ədəbiyyatımızda bu yanaşmanın davamı kimi qiymətləndirmək olar.

Rusdilli ədəbiyyatımızın nümayəndələri Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, tarixi həqiqətlərinin dünyayaçatdırılması, təbliği sahəsində durmadan fəaliyyət göstərirlər.2024-cü ilin noyabr ayında PraqadaAzərbaycan Mədəniyyət Evinin  açılışı bu istiqamətdə atılan addımlardan biridir. Mədəniyyət Evinin rəhbəri şairə, dramaturq, yazıçı Leyla Bəyim Cəfərovadır. Leyla xanımınyaradıcılığı, fəaliyyəti haqqında əvvəlki illərə aid icmallarımızda geniş bəhs etmişik.  Fəaliyyətə başladığı gündən Mədəniyyət Evində xeyli sayda tədbirlər təşkil olunmuşdur ki, bu da Çexiyadakı Azərbaycan icmasının və yerli cəmiyyətin əlaqələrinin inkişafında böyük rol oynayır. Hazırda ümumən 18 ölkədə 29 Azərbaycan Mədəniyyət Evi fəaliyyət göstərir ki, mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində onlar mühüm  rol oynayırlar. 

 Ötən il Praqada yerləşən “Divadlo D21“ teatrında “Sevginin iştahası böyükdür” (“U lyubvi appretit piranyi”) tamaşasının premyerası keçirilib.  Əsər Leyla Bəyim və ssenarist-dramaturq Yefim Abramovun növbəti işbirliyi nəticəsində ərsəyə gəlib. Həmçinin Leyla Bəyimin ssenari müəllifi və rejissoru olduğu daha bir layihəsi “Olmaq, yoxsa olmaq?” qısametrajlı filmi Nyu-York – İstanbul Qısametrajlı Filmlər Beynəlxalq Festivalının qalibi olub. Praqa və Bakı şəhərlərində lentə alınmış film, həmçinin başqa festivallarda (“Prague İnternational Film Awards” və “Roma Prisma Film Awards”) da müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.

Ədəbi əlaqələrin sıx olduğu ötən illərdə ölkəmiz, tanınmış şəxslərimiz haqqında bir çox xalqların  müəllifləri əsərlər qələmə almışlar. Belə müəlliflərdən biri də Boris Ozyernıdır. Saratovda anadan olsa da, işi ilə əlaqədar olaraq Azərbaycana gələn (1929) şairin ilk şeirləri yerli qəzetlərdə çap olunub. Dörd il Azərbaycanda yaşayıb və yenidən Saratova qayıdıb. Müharibədən sonra SSR Yazıçılar Birliyinin Saratov bölməsinin məsul katibi olub. 1954-cü ildə sovet yazıçılarının Ümumittifaq Qurultayında nümayəndə olarkən Səməd Vurğunla tanış olub.  Nəticədə Azərbaycana, Bakıya, “Səməd Vurğunun xatirəsinə” şeirlər həsr edib, bu ənənə müasir dövrdə də unudulmamalıdır. 2023-cü ildə Bakıda olarkən S.Vurğunun ev-muzeyini ziyarət edən Boris Ozyernının qızı şairə İrina Ozyernaya “Kreşendo” triptixini Vurğun Vəkilov yaradıcılığına həsr edib.Təəssüf ki,  müasir mərhələdə əlaqələrin o qədər də sıx olmaması səbəbindən bu istiqamətdə yazılan əsərlərin sayı azdır. Zənnimizcə, bu məqama diqqət yetirilməli, “Azərbaycan” mövzusunun, müstəqillik epoxasının  digər xalqların ədəbiyyatında əks olunmasına çalışmalıyıq.

Beləliklə, rusdilli əsərlərdə yaddaş konsepti, milli-mədəni dəyərlərə bağlılıq üstünlük təşkil etsə də, (sovet dövründə Rüstəm və Maqsud İbrahimbəyovları bütün sovet məkanında sevdirən bu xüsusiyyətlər deyildimi!?), eksperimentlərə də açıqlığı, müasir zamanla ayaqlaşmaqda olduğu, beynəlxalq tədbirlərdə, saytlarda (Sənan İsmayılovun https://dzen.ru/a/aEAKtwSAvXmO_dRH, Aliyənin  və başqa müəlliflərin əsərləri poeziya.ru, litmir.club və litfond.net saytlarında) yetərincə təmsil olunduğu görünür.

Onlarla azərbaycanlı müəllif, həmçinin əcnəbi müəlliflər rus dilinə tərcümə olunur (Nicat Məmmədovun Azərbaycan dilindən rus dilinə, Laçının ukrayna dilindən azərbaycan dilinə və.s).

Son illərakademik mühitdə qələmə alınan onlarla məqalə, tədqiqat ("Rusdilli ədəbiyyatın milli ədəbiyyatlar kontekstində aktual problemləri və inkişaf perspektivləri: Beynəlxalq elmi-praktik konfransın məqalə və materiallar toplusu Kazan, 16-17 noyabr 2020-ci il), həm də ədəbi orqanlarda təşkil olunan müzakirələr(“Drujba narodov” 2009, 9) rusdilli ədəbiyyata olan marağın göstəricisidir. Bu cür yanaşma müasir dünyanın dialoqa kökləndiyini, bu baxımdan da  xalqlar arasında “dialoqu tərənnüm edən rusdilli ədəbiyyatın” (N.Leyderman) hələ uzun zaman aktuallığını itirməyəcəyini proqnozlaşdırmağa imkan verir.



[1]Avrasiya Xalqları Assambleyasının Ədəbiyyat Şurasının həmsədri, VII Dünya Ədəbiyyat Müsabiqəsinin (WOW LIFFT–2024) koordinatoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü (2021), Beynəlxalq PEN-klubun üzvü (2019), Rusiya Yazıçılar Birliyinin (2000), Cənub Rusiyası Yazıçılar İttifaqının (Odessa, 2018) və Rusiya Coğrafiya Cəmiyyətinin (2016) üzvü.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!