Ədəbi prosesi illər üzrə təhlilə cəlb etsək də, araşdırmalarımız onu göstərir ki, bir öncəki ildə olan yaradıcılıq tendensiyası ənənəvi şəkildə davam edir. Bu fikir və ideya gedişi eyni mövzuların müxtəlif qələm sahiblərində təzahüretmə səviyyəsində aşkarlanır. Klassik təfəkkürü əks etdirən mövzular üstünlüyünü qorusa da, müasir insan obrazı və onun duyğuları da diqqət mərkəzində olmuşdur. Bölgə ədəbiyyatında bir neçə xətt üzrə fəaliyyət istiqaməti müşahidə edirik: a) Strukturun mətn kontekstində işlənməsi keyfiyyəti nəzərə alınaraq, yaradıcılıq prosesini çağdaş nəzəri prinsiplər müstəvisində inkişaf etdirmək. Bu da janrlar nöqteyi-nəzərindən mövcud ənənənin üzərində yeni nümunələr yaratmaq cəhdini şərtləndirir. b) Mövzu baxımından müşahidəçi funksiyasını yerinə yetirib, zamanın nəbzini tutan bədii örnəklərə üstünlük vermək. c) Şifahi xalq ədəbiyyatından, mifologiyadan məzmunu zənginləşdirmək üçün istifadə çoxluğu. ç) Tarixi mövzuya müraciət uzaq keçmişlə bu gün arasında əlaqə yaratmaq tələbatından irəli gəlir.
Poeziyada ənənəvi mövzular hakimdir. Nəsrdə tənqidi mühakimə, dramaturgiyada katarsis məzmun əsasdır. XX əsrin 80-ci illərində Kamal Talıbzadə tərəfindən bədii yaradıcılıqda tələb səviyyəsində qoyulan “Yazıçı və müasir həyat” probleminin XXI əsrdə bölgə ədəbiyyatında təzahürünə baxdıqda nəsr və dramaturgiyada üzə çıxdığını qeyd edə bilərik. Poeziyada çağdaş zaman xalqa bağlılıq, millilik və Vətən sevgisi ilə həmahəngləşir. Vətənpərvərlik şairin mənəvi keyfiyyəti kimi özünü göstərir. Poeziya haqqında yekun fikrimiz budur ki, bütün regionları birləşdirən cəhət “Azərbaycançılıq” ideologiyasıdır.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi əlamətdar hadisədir. Azərbaycanın beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmasıdır. Bu dövlət siyasətinə ədəbi mühit çərçivəsində diqqət Azərbaycan Yazıçılar Birliyinin “Yaşılım, yaşılım, hara gedirsən?” şeirlər toplusunda özünü göstərir. Bu topluda bölgələrdən olan şairlərin də şeirləri yer almışdır. Azərbaycan torpağını gəzməkdən doymayan Ağasəfa, fəsillərin dəyişməsi ilə möcüzəyə çevrilən təbiətə laqeyd münasibətin gələcəkdə pis nəticələrə səbəb olacağına işarə verən İsmayıl İmanzadə, insanın öz xeyrini düşünərək təbiətə vurduğu ziyana etiraz edən AY Bəniz Əliyar, quşları ovlayan ovçu qismində poetik obraza çevrilib sorğularla mənəvi dünyasını mühakimə edən Barat Vüsal, insana məxsus xüsusiyyətləri təbiətin gözəlliyi ilə uyğunlaşdıran Vaqif Aslan, təbiətin oyanışı ilə insan dünyasında yaz fəslinin gələcəyinə inanan Zakir Məmməd, baharın gəlişindən ilhamını götürən Həsənəli Eyvazlı, Sahib İbrahimli, təbiətin nəğməsindən şeirlərini yazmağa başlayan Nuranə Təbriz, ömrün qış lövhələrinə yol gedən
Ramiz Qusarçaylı, dağların seyrinə çıxmağı arzulayan Elvin Nuri təbiətlə insan arasında olan münasibəti müəyyənləşdirməyə çalışmışlar. Qafar Qərib Naxçıvan dağlarını, Zeyqəm Vüqar Batabatın gözəlliyini, İbrahim Yusifoğlu Şərurun Sarıbulaq yaylağını, Elxan Yurdoğlu isə Göygölü təbiətin insan düşüncəsinə təsir edən möcüzəsi kimi vəsf etmişdir. Sumqayıtdan olan Ofelya Babayeva, Məmməd İlqar, Rafiq Yusifoğlu, Rəfiqə Şəms, Əli Nəcəfxanlı, Natiq Qubadoğlu, Emin Piri, İbrahim İlyaslı, Xatirə Fərəcli yaşıl dünyanın insanın həyatında əhəmiyyətinə poetik çalarla diqqəti yönəltmişdilər. Cənubdan Aygün Abbas, Arif Fərzəli, Çoban Arif, Elxan Şovulu, Xanəli Toliş, Mərasim Hacızadə, Müşfiq Məmmədov, Namik Bağırov, Nurməmməd Ağa, Ofelya Nəzərova, Samit Nuriyev, Sərraf Talıb təbiətin insanın duyğuları ilə harmoniyasını tərənnüm etmişdilər.
2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi ilə bağlı mətbuatda və elmi mühitdə bir sıra tədbirlər keçirilmişdir. Bölgələrdə poeziyada Füzuliyə nəzirə yazan şairlər də az deyildir. Ağamir Cavadın Füzulinin “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim” şeirinin təsirində yazılan qəzəlində birinci beytin qafiyələnmə sistemi Füzuli ilə eynidir. Ağasəfa onun “Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda! / Saliki-rahi-həqiqət eşqə eylər iqtida” beyti ilə başlayan qəzəlinə nəzirə yazmışdır. Füzulinin təsiri ilə yazılmış bu şeirdə vəhdət vadisində ustad yanında məşq etməkdən zövq aldığını ifadə etmişdir. Ağasəfanın şeirində ilk üç misra onun, axırıncı iki misra isə Füzulinin qəzəlindəndir, yəni təxmis nümunəsidir.
Poeziyada lirik “Mən”in işlənmə meyarları fərqlidir. Sərvaz Hüseynoğlunun şeirlərində sənətkarın “mən”i “sən”in içərisində itir. Orxan Fikrətoğlunun “Mən” obrazı şairin daxilinə yönəlir. Hüseyn Bağıroğlunun, Xanəli Kərimlinin şair “mən”i cəmliyə tabe edilir. Fazil Əsədin (Beyləqan) “mən”i sorğu-sual axtarışındadır. Barat Vüsalın (Qazax) “mən”i təzadların arasında özünə yer tapmağa çalışır. Arif Buzovnalının (Xəzər) lirik “mən”i subyektiv hisslərin Vətənə sevgi notları ilə bağlanmasında üzə çıxır. Fəxrəddin Əsədin (Ağdaş) “mən”i xatirələrin izinə qovuşub qaranlıqdan çıxmağa çalışır. Ağasəfanın (Xızı) birinci şəxsin dilindən yazılan şeirlərində ictimai fikirdə “mən” bütövlük anlayışını ifadə edir, ədalətin bərpasına xidmət edir, kəskin ifşa əsasdır. Zabil Pərviz (Neftçala) dəyişən zamanda itirilən gəncliyini doğuran səbəbləri poeziyasına mövzu seçir, vaxt anlayışı “mən”in içində gizlənir. Adilə Aslanova (Zaqatala) günahlarının içində zərrə olan “mən”lə arzularının içində itən “sən”i qarşılaşdırır. “Biz ağaclara, divarlara, torpaqlara yazdıq ismimizi, qanımızla itkin düşməsin deyə” yazan Gülnarə Cəmaləddin şeirlərini təbiətlə insanın müqayisəsi üzərində qurur. İbrahim Yusifoğlunun şair ovqatı Naxçıvandan başlayan ömrün Bakının təbiətinə uyğunlaşma prosesində üzə çıxır. AY Bəniz Əliyar (Şabran) bitən nağıllarda ömrün qadın fəslini etiraz motivinə kökləyir. İsmayıl İmanzadənin lirik “mən”i xalqın səsinə çevrilir. Elvin İntiqamoğlunun (Sumqayıt) içində gizlənən bitməmiş sətirləri ömrün son günlərinə qədər ifadəsini tapmaq arzusuna yönəlir. Namizəd Xalidoğlu (Şəki) heç kəsin şeiriylə dəyişik düşməyən misralarını diqqətə çatdırır. Ağamir Cavadın cavabı axtarılan “mən”inin mahiyyətində Allaha çatan yolda zərrə dayanır. Yaqut İntizar antonim sözlərdən istifadə edib bədii təzad yaratmaqla lirik “mən”i ilə həyatın qəribəliklərini tərənnüm etməyə çalışır.
Naxçıvan Muxtar Respublikasının 2024-cü ildə 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli sərəncamı Naxçıvanda silsilə tədbirlərin keçirilməsinə səbəb olmuşdur. İlin ədəbi mənzərəsində bu istiqamətdə bədii yaradıcılıq nöqteyi-nəzərindən Asim Yadigarın “Bu yol Heydər yoludur”, Rəqsanə Tapdıqlının “Zəngəzurdan Naxçıvana” (Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin 100 illiyinə həsr edilmişdir), Sevinc Azadlının “Məktubunu oxudum: oxu məktublarımı”, Məftunə Nurun “Bütün dünya sən yaşayan küçədir”, Yaqut İntizarın “Ürək pıçıltılarım” kitabları mühüm rol oynayır. Asim Yadigarın poeziyası ümummilli lider Heydər Əliyevə və Ali Baş Komandan İlham Əliyevə həsr olunmuşdur. Milli kimlik, milli mənsubiyyət anlayışının gözəl biçimdə ifadəsi bu şeirlərdə reallığını tapır. “Bir Vətən var Azərbaycan adında” deyən Sevinc Azadlı doğma yurdun sərvətini təcəssüm etdirən mənəvi dəyərləri vəsf edir. Sevinc Azadlının builki fəaliyyətini həmkarlarından fərqləndirən cəhət əruz vəznində şeir yazmaq bacarığını nümayiş etdirməsi ilə bağlıdır. Rəməl bəhrində olan şeirləri “FəilAtün, FəilAtün, FəilAtün, Fəilün” təfiləsinə əsasən yazılmışdır. Onun Vüsal Fateh, Cümşüd Əli, Ramin Əhmədoğlu, Arzu Əyyarqızı, Bəxtiyar Neymətov, Azər İqrar, Arzu Tahirqızı, Sakit İlkin, Vüsal Həbibli ilə şeirləşmələrində müşairələrdən, deyişmələrdən fərqli bir məzmun müşahidə edirik. Mübahisə, rəqibi məğlubetmə məqsədi yoxdur. Şairə şeirləşməyə daxil olduğu müəllifin fikirlərini təsdiq etməyi, qüvvətləndirməyi üstün tutur. Ötən illərdə Qumru Qüdrətin kitabında rast gəldiyimiz şəhidlərə həsr olunan şeirləri ənənəyə sadiqlik timsalında Rəqsanə Tapdıqlı davam etdirir. Onun Zəngəzur arzusu narahat edən duyğuların izi ilə həsrətin bitəcəyi ümidinə köklənir. Məftunə Nur poeziyası kimlik axtarışına yönəlir. “Axtarma möcüzəni, möcüzənin özüsən” ideyasını təbliğ edən şeirlərin məzmununda insan duyğularını dərketmə dayanır. Bu dərketmə prosesində sorğu-suallarla həyat sanki istintaqa çəkilir, insanın ən böyük zəfərinin özünü tanımaq olduğu aydınlaşır. Ruha tabe olan ağıl, yoxsa duyğusuz ağıl arasındakı keçid şairəni fikirləşdirən, tərəddüdlər gətirən məqamlardır. Bir tərəfdən, “ürəyin öz yeri, ağlın öz yeri” fikrini müdafiə edir, digər tərəfdən, “Qalıb yol ayrıcında möcüzə gəzən insan ∕ Ruhun hara baxırsa, sən də o tərəfə get” müddəasının tərəfdarı kimi çıxış edir. “Mənim həyatımda tək möcüzənin, Elə mən olduğun xatırlasaydın” misrası Məftunə Nurun bütün yaradıcılığına hakim bir yanaşmadır.
2024-cü il Sumqayıt şəhər statusu almasının 75-ci ildönümü ilə yadda qalır. “Sumqayıtın tarix yazan canlı əfsanəsi” adlandırılan Eyruz Məmmədovun “Sumqayıt – sabahın şəhəri” kitabı tarixi oçerklərdən ibarətdir. Ömrünü, yaradıcılığını yaşadığı və böyüyüb boya-başa çatdığı məkana həsr etmək Eyruz Məmmədova məxsusdur. Sumqayıtın dünənini, bu gününü işləyib gələcəyinin proqnozlaşdırılması kimi məsul vəzifəni üzərinə götürən yazıçının tarixi materialları, sistemli təhlili təqdirəlayiq hadisə kimi qiymətləndirilə bilər. Tarixi keçmişə müraciət müasir həyatı daha yaxşı dərk etməyə şərait yaradır. Mədəniyyət çərçivəsində şəxsiyyət və onun ədəbi mühitdə yeri məsələsi kulturoloq Hafiz Ataxanlının Sumqayıt Dram Teatrının rejissoru Firudin Məhərrəmova həsr etdiyi “Altıncı hücrənin remarkası” kitabında vardır. Samir İmanovun “Arzularımın rəqsi” kitabı tipik və atipik insanları inklüziv cəmiyyətin parçası kimi təsvir edir, fiziki
qüsurlu insanları qaranlıqdan çıxıb potensialını dərk etməyə həvəsləndirir. Asif Asiman “Ömür vəfa etsə” kitabı ilə ilin mənzərəsində seçilməyi bacarmışdır. Rafiq Yusifoğlunun 20 cildliyində bütün yaradıcılığı – poeziyası, nəsri, publisistikası, monoqrafiyaları, başqa ölkələrdə yazdığı hekayələr toplanmışdır.
2024-cü ildə isə Gəncə ədəbi mühitini Xəzangül, Qərib Mehdi, Fazil Sənan, Sahib İbrahimli, İmam Cəmilli, Aləmzər Əlizadə, Eltun Türkel, Nüşabə Əsəd Məmmədli, Rəfiqə Sadıqova, İradə Aytel, Ümbülbanu, Fərruxə Umarova, Almaz Yusifqızı, Vüsal Hicran, Zahir Şirani, Müşviq Məhərrəmov, Tofiq Əmrahov təmsil edir. Bu il Xəzangülün “Qəzəllər”, Qərib Mehdinin “3 cüt ayaqqabı”, İmam Cəmillinin “Yaddaşımın ağrıları”, Səadət Təhmirazqızının “Nəğmə də bir silahdır”, Almas Yusifqızının “Bu şəhər bir simfoniyadır” kitabları işıq üzü görmüşdür. Uşaq ədəbiyyatı istiqamətində Aləmzər Əlizadənin yaradıcılığı bu il də aktuallıq kəsb edir. Onun “Balqabağın ay yuxusu” əsəri Gəncə Dövlət Kukla Teatrında tamaşaya qoyulmuşdur. Nəsrdə məhsuldar bir yaradıcılıq izlənilir. Fazil Sənanın “Gözəllik salonunda”, “Ov”, “Limit” hekayələrində yumoristik çalarlar vardır. “Limit” hekayəsində ailədaxili münasibətlərin istiqamətini analar – gəlinlər müstəvisindən qayınana və qayınata arasında baş verən hadisələrin təsvirinə yönəldir. Motiv oxşar, lakin qarşı-qarşıya gələn tərəflər fərqlidir. Qayınana zülmündən bezən tərəf onun ailə üzvləri, əsasən də həyat yoldaşıdır. Öz diktatorluğunu ailə üzərində qurmağa çalışan qadının qəzəbini, nifrətini tökəcəyi yerin ərin üzərində cəmləşməsi “gəlin, qayınana, ortada qalan oğul” üçlüyünün daha böyük insan çərçivəsinə yayılmasına səbəb olur. Bu əsərdə köhnəliklə yeniliyin mübarizəsi deyil, mühafizəkar qüvvələrin uzlaşma meylindən uzaqlaşmasına əsaslanmış bir qarşıdurma vardır. Nüşabə Əsəd Məmmədlinin “Nur yolu” hekayəsində onun yaradıcılığı üçün səciyyəvi olan qadının psixoloji vəziyyəti ilə yanaşı, cəmiyyət hadisələri qarşısında güclü duruşu əsas götürülmüşdür. Cəmiyyət və bu cəmiyyətdə qadının taleyi Nüşabə Əsəd Məmmədlinin başlıca mövzuları sırasındadır.
Qərib Mehdi “3 cüt ayaqqabı” kitabında geyimlərə rəmzi mahiyyət yükləyib bədii əsərin materialına çevirmək funksiyasını yenidən nümayiş etdirir. Qərib Mehdinin hekayələrində süjet elə qurulur ki, artıq kuliminasiya mərhələsində müəllifin təbliğ etdiyi ideya ortaya çıxır. Vəzifə hərisliyinin insanlıq keyfiyyətinə vurduğu zərbənin təsvirinə yönəlmiş “Alın yazısı”, kəskin heyvansevərliyin yol açdığı absurd düşüncələrin qələmə alındığı “Ay it” hekayələrində tənqidi mühakimə yumoristik səpki ilə tamamlanır. Qərib Mehdinin üslubu Eltun Türkelin yazılarında hiss olunur. Onun “İtin iti yaddaşı” hekayəsinin ekspozisiya hissəsində əhvalatların cərəyanetmə prinsipi və ardıcıl inkişaf edən hadisələrin mahiyyəti baxımından oxşarlıq vardır. Lakin Qərib Mehdidən fərqli olaraq, kuliminasiyanın qurulması zamanı hadisələr gərginləşmir, yazıçının aşıladığı fikir yalnız final mərhələsində aydınlaşır. Bizim fikrimizcə, Eltun Türkeli Qərib Mehdinin davamçısı kimi qiymətləndirmək olar.
2024-cü ildə çap olunan “Cənub inciləri” antologiyası bölgənin fəaliyyətini üzə çıxaran mühüm hadisədir. 2004-cü ildə, 2015-ci ildə nəşr olunan “Ömürdən yarpaqlar” antologiyasından sonra bölmənin üçüncü uğuru kimi diqqətimizi cəlb edən bu antologiyada poeziya və nəsr üstünlük təşkil edir. İstər paytaxt, istərsə də bölgə dramaturgiyasında kəmiyyət və keyfiyyət nöqteyi-nəzərindən inkişaf qənaətbəxş deyildir.
Belə bir şəraitdə çağdaş ədəbi prosesdə bu janrın katarsis mahiyyətini dərk edib yeni bədii nümunələr yaratmaq ustalığını Qafar Cəfərli nümayiş etdirir. “Ömür yolu” avtobioqrafik romanından sonra müəllifin dramaturgiyaya müraciət etməsi həyat hadisələrinin canlı, hərəkətdə təqdimini şərtləndirir. Çünki dramatik əsərlərin başlıca funksiyası obrazların monoloji və dialoji nitqi vasitəsilə həyatı göstərməklə dərk etdirməkdən ibarətdir. “Qıl körpüsündə rəqs” kitabında toplanan əsərlərdə konflikt dramaturgiyaya xas ibrətamiz sonluqla bitir. “Qıl körpüsündə rəqs” əsərində narkotik asılılıq və onun ailə daxilində yaratdığı faciələr, “Tanrı əmanəti” əsərində isə ailə-məişət çərçivəsində namus məsələsi işıqlandırılmışdır. Müasir dünyanın mənfiliklərini qavraya bilməyən insanın mənəvi dünyasının təqlidində meyar zamana uyğunlaşa bilməyən şəxsiyyətin üzərində cəmləşir. Lənkəran bölməsinin sədri Qafar Cəfərlinin dramatik əsərlərində təsdiq qismində insan və inkar qismində cəmiyyət dayanır. “Şəhid bayraq” pyesi bu il Füzuli Dövlət Dram Teatrında səhnələşdirilmişdir. “Narkomaniyaya YOX deyək!” mövzusunda keçirilən müsabiqədə “Altıncı barmaq” hekayəsi ilə qalib müəlliflərdən biri olması nəsrdə də Qafar Cəfərlinin qələminin seçildiyini göstərir.
“Sonet” dedikdə, təbii ki, Şəkər Aslanın timsalında Cənub bölgəsi yada düşür. 2024-cü il sonetdə ustalıq göstərmək vəzifəsini Əhməd Haqsevər öz üzərinə götürmüşdür. Onun yaradıcılığında akrostik sonet (misraların baş hərflərinin yuxarıdan aşağı oxunması ilə “Şəkər Aslan” adı yaranmışdır), mesostix sonet (sətirlərin ortasındakı hərflərdən “Ağamir Cavad, Lənkəran, müəllim” sözləri yaranmışdır), mini sonet (hər sətir bir hecadan ibarətdir), ikili sonet və akrostik diaqonal sonet növlərinə təsadüf olunur. Yeni sonet növü yaratdığını iddia edən şairin qayıdan sonetlərində birinci katrenin ilk misrası ikinci tersetin sonuncu misrası ilə eynidir. Qafiyələnmə sisteminə nəzər yetirək: abba, abba, cca, cca və ya abab, cdcd, eef, ggf. Deməli, katrenlərdə dairəvi (qapalı) və çarpaz (açıq) qafiyələnmə sistemi mövcuddur. Bəhri-təvildə yazan müəllif uşaqlara satirik üslubda müstəqillik, azadlıq məfhumunu qafiyəli nəsrlə axıcı bir üslubda çatdırır. Məmməd Əvəzoğlunun bəhri-təvilində isə eşq mövzusu əsasdır, axıcı üslubu ilə birqafiyə bəhri-təvil nümunəsi yaranır.
Tənqidi mühakimənin hakimliyini qoruduğu janrlardan “təmsil”ə Tarıverdinin (Kitab – “Bir ildə yaşa”) yaradıcılığında təsadüf edilir. Didaktik mahiyyət daşıyan bu təmsillərdə nəql, təsvir və əxlaq hissələri uşaqlara nəsihətamiz fikirlər aşılamaq gücündədir. Antropomorfizmdə heyvanlar əsas vasitə seçilir, əsas mövzu hiyləgərliyin üzərində qurulur. Sakit Üçtəpəli Tarıverdidən fərqli olaraq şəxsləndirmə prosesini cansız əşyalar üzərində aparmışdır. Musa Xanbabazadənin bir bənddən ibarət olan şeirlərində böyük bir məzmun dörd misraya yerləşdirilir. İlham İlhaminin ustadnamələri didaktik fikirləri aşılamaq baxımından əhəmiyyətlidir.
“Dünyanın mizanı pozulub tamam / Haqq yerində deyil, ədalət köçüb” deyən Hidayət Ölməzin (Kitab – “Göydən gələn səda”), “İnsanlar çox, insanlıq az / Bilinmir qış, bilinmir yaz/ Pozulubdu nizam, taraz / Dünya, sənin haqqın hanı?” söyləyən Salman Məmmədoğlunun (Kitab – “Dünya, sənin haqqın hanı?”), “Haqqı görməyə əzəldən kor olub gözü dünyanın” yazan Əfrahim Abbasın poeziyasında zəmanəyə etiraz motivi vardır. “Dünya kimə qalacaq?” sualını müzakirə edən Hacı Qərib etibarsız dünyadan gileylənərək Məmməd Arazın “Dünya sənin, dünya mənim, dünya heç kimin” misralarına köklənir. Eyni zamanda Firəngiz Ümid “Hər şey gəldi-gedərdi / Acısı bol dünyada” misrası ilə Hacı Qəribin fikirlərini tamamlayır. Ziya Dilsuz “Bu kirli dünyaya necə qarışım?” sualı ilə insanlığın ölümündən bəhs edir. Musa Məftun isə dünyanı təqsirləndirən müəlliflərin əksinə olaraq, hər şeyin səbəbkarını insanlığın özündə axtarır. Gülbala Teymur “Söz tapa bilmirəm ağa, qaraya / Bilmirəm dünyanın harasındayam” yazaraq öz yerini tapmağa çalışır. Xanlar Həmid “Könlümün eşq fəsli” kitabında “Hara gedir bu dünya?” sualının axtarışına çıxır. Ruhunun azadlığını arzulayan şair söz ilə haqq arasında qalır, nəticədə sözünü İlahiyə doğru yönləndirir. Anar Seyidağa “Göy cənnətdir, yer cəhənnəm, doğrumu?” sualı ilə sevgi hisslərinə aydınlıq gətirməyə çalışır. Bilal Alarlının sərbəst vəzndə yazdığı “Göynərtilər”inin silsilə poetik hissələrində xatirələrdən gələn kədər hissi zamanın haqsız gərdişinə gətirib çıxarır, Tanrıya müraciətlə yaşamaq eşqini, üzlərdəki sevinci qorumağı istəyir. Samid Rzazadə isə ümidsizlikdən uzaqlaşıb Allaha şükür etməyi, “Bəs niyə yaradıb Yaradan bizi?” deyərək öz yolunu müəyyənləşdirməyi məqsədəuyğun hesab edir.
Qorxmaz Kadusinin “Azərbaycan əsgəri” şeiri marşa məxsus xüsusiyyətləri özündə birləşdirən bir şeirdir. Aydın Rza Baxşıyev Kadusinin bu marşından təsirlənərək şeir yazmışdır. Bu marşlarda Azərbaycan əsgərinin şücaətindən doğan iftixar hissi mövcuddur. Xaqani Muğamatoğlu Mehmet Akif Ersoyun “İstiqlal marşı”nın təsiri ilə üçrəngli bayrağa şeir həsr etmiş, onun misralarına qarşılıq olaraq, “O mənim millətimin bayrağıdır, parlayacaq” misralarını işlətmişdir. Bəxtiyar Əliyar Qafar Cəfərlinin “Şəhid bayraq” dramına həsr etdiyi şeirdə “Bayraqları bayraq edən üstündəki qandır” ideyasını tamamlayır. Xudaverdi Cavadın “Generalla söhbət”, Salman Məmmədoğlunun “Zəfər soraqlı yollar” sənədli lirik-epik poemalarında Vətən və qəhrəmanlıq motivi paralelləşir. Xudaverdi Cavad Həzi Aslanovun Lənkəranda ucaldılan abidəsinə xitab edərkən öz hiss və duyğularını da ifadə edir ki, dialoji nitq qurulmuş olur, generala ünvanlanan şeirlərlə generalın təhkiyəsinə çevrilən parçalar bir-birini tamamlayır. Salman Məmmədoğlunun poemasında anadan olduğu Boladi kəndindən çıxmış oğulların şücaəti tərənnüm olunarkən assosiativ proses monoloji aspektdən götürülərək şairin duyğularının ifadəsinə çevrilir.
Hafiz Mirzənin “Günəş şəhərinin sirləri” və povestlərindən ibarət “Sonuncu güllə” kitabları cənub bölgəsinin nəsr sahəsində builki fəaliyyətini irəliyə istiqamətlənmiş uğurlu təşəbbüs kimi təmsil edir. “Günəş şəhərinin sirləri” romanı Bakı şəhərinin tarixinə metafizik baxışı göstərən nümunədir. Qeyb aləminə səyahət və etnoqrafik məlumatların mövcudluq xüsusiyyətlərini diqqətə çatdıran, ontologiya, teologiya və kainat haqqında bilikləri, mifologiyanı özündə təcəssüm etdirən bu romanda Günəş şəhəri Bakı şəhərində, Günəş qalası Qız qalasında kodlaşdırılır.
AYB-nin Şimal-Qərb bölməsinin Zaqataladan olan şairləri bölgə ədəbi mühitinin formalaşmasında mühüm rol oynamışdır. Özünü öyrənən fənn axtarışına çıxan Adilə Aslanova, sürətlə axıb gedən illərə təəssüflənən Nəbi Mülk, qısa ömürdə yaşamaq eşqini üstün tutan Nüsrət Musa, cəmiyyətə doğru yolu göstərmək vəzifəsini özünə nəsihət üslubunda qələmə alan Züleyxa Azad, köçdən ayrı düşən durna kimi özünü qərib hiss edən Gülniyar Məmmədova, sözün gücündən istifadə edib estetik zövqü gözəlləşdirən şair obrazını tərənnüm edən Güldanə Zərif, bəxtə düşən ömrü yaşayarkən insanlığa ehtiyacını ifadə edən Şükufə Göyçəli, qəlbinin sirlərinə ortaq olan qələmə etiraz edən Kifayət Mütəllibqızı, fəsillər kimi dəyişən insanların əməllərində gözəllik axtaran Ömər Dinçili, bəşərin sülh içində yaşamasını arzulayan Gülbahar Cahanlı poeziyada bölgəni təmsil edir.
2024-cü ildə Mingəçevir bölməsinin yaranmasının 25 illiyi tamam olmuşdur. Ədəbi mühitdə vətənpərvərlik mövqeyi üstünlük təşkil edir. Bu cəhətdən Məmməd Mərzilinin doğma yurdun müdafiəsində iştirak edən qəhrəman övladlara həsr etdiyi “Üç qardaş” və “Zülmətin açarı” kitabları mühüm rol oynayır.
Mingəçevir Dövlət Dram Teatrında dramaturq Aygün Həsənoğlunun “Adsız qadın” əsəri səhnələşdirilmişdir. Xocalı soyqırımına həsr olunan bu əsər 2016-cı ildən hər il İstanbulda tamaşaya qoyulur.
Fikrimizcə, yaşadığımız cəmiyyətə müdaxilə etməyi yaradıcı şəxsiyyət öz üzərində vacib vəzifə kimi dərk etsə, bədii mətnlər də ədəbi prosesdə hakimliyini qoruyub saxlayar. Eyni mövzulara müraciət edilən keyfiyyətli, sənətkarlıq xüsusiyyətlərinə görə tələblərə cavab verən poetik nümunələr kəmiyyətin içərisində itir, bu şeirlərin gələcəyə qalma ehtimalı azalır. Bəlkə də müasir dövrün inkişaf dinamikasında bizim şairlərdə görmək istədiyimiz bu kiçik iradımız yaradıcı şəxsiyyətin qüsuru kimi deyil, zamanın qlobal problemləri içərisində seçilmənin çətinliyindən asılı olaraq formalaşan bir xüsusiyyətdir. Məmməd Arazın “Dünya sənin, dünya mənim, dünya heç kimin” misrasına köklənən şeirlərin bir misrasının belə ədəbi prosesdə özünə yer tapması vacib bir məsələdir. Çünki miqdar deyil, estetik zövq və bu duyumu çatdırma qabiliyyəti bizi maraqlandırır.
2024-cü ilin regionlar üzrə ədəbi-mədəni fəaliyyətini əvvəlki illərlə müqayisəli şəkildə qiymətləndirdikdə bu nəticəyə gəlirik ki, Naxçıvanda poetik fiqur tarixi konsepsiyaya söykənir, Sumqayıtda nəsr tarixi keçmişin gələcəyə təsirinə yönəlir, Cənub bölgəsi dramaturgiyanın inkişafında ibrətamiz motivi əsas seçir, Gəncə bölməsi xatirə xarakterli, avtobioqrafik məlumatların yer aldığı mətnlərə üstünlük verir, Şimal-Qərb regional bölməsi poeziyanı mənəvi-əxlaqi problemlərə kökləyir, Mingəçevir bölgəsi mətnlərdə doğma yurdu qorumaq amilini əsas götürür. 2024-cü ildə fəaliyyət istiqaməti baxımından AYB Naxçıvan və Lənkəran bölməsi seçilir. Həm nəzəri baxımdan araşdırılmağa imkan verən bədii mətnlərin çoxluğu, həm də dramaturgiyada inkişafın olması bizim bu nəticəyə gəlməyimizə səbəb olmuşdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!