Müasir Azərbaycan dramaturgiyası (2024-cü ilin materialları əsasında) - Şahanə ƏLİYEVA

 

Dram nəzəriyyəsində mərkəzi yeri tutan konfliktkompozisiyanın qurulmasında əsas mövqeyə malik olub, antoqonist güclərin toqquşma məqamlarını özündə kodlaşdıran bir anlayışdır. Bu baxımdan kon­flikt təkcə klassik ədəbiyyat nəzəriyyəsində qəbul edilən kimi dra­mın hərəkətverici amili deyil, o həm də cəmiyyətin şüurunda ge­dən daimi mübarizənin maddiləşmiş formasıdır. Konflikt anlayışı təkcə dram nəzəriyyəsinin kateqoriyası kimi yox, sosiologiya, psixologiya, o cümlədən, konfliktologiya elmlərinin metod və üsullarından istifadə edilərək geniş kontekstdə araşdırılanda daha tutarlı və elmi nəticələrə gəlmək mümkün olur.

Bildiyimiz kimi, dram meydana çıxandan dövrün siyasi, ictimai, mədəni hadisələrinə uyğun olaraq konflikt tərəfləri də dəyişmişdir: tarixən müvafiq cərəyan və istiqamətlərə uyğun olaraq yunan dramaturgiyasında fərd və ali qüvvələr, intibah dramaturgiyasında insan və çərçivələr (cəmiyyət, ailə, kral), klassisizmdə ağıl və hisslər, romantizm dövrü dramaturgiyasında ideal və həqiqət, absurd teatrda insanın mahiyyəti və mövcudluğu arasında toqquşma müxtəlif konflikt tiplərinin meydana çıxmasına səbəb olmuşdur. İqor Çistyuxin yazır ki, “konflikt tipinin dəyişməsi həm də incəsənətdə epoxanın dəyişməsidir. Fikrimizcə, novator o kəsdir ki, təkcə dramaturgiyaya yox, ümumiyyətlə incəsənətə yeni tip konflikt gətirsin”. Deməli, konflikt tərəflərindən asılı olaraq insan təfəkküründə gedən proseslərin mahiyyəti də dəyişmiş, şüurdakı dəyişiklik sosial münasibətlərə, o cümlədən, mədəni sistemə də təsirsiz ötüşməmişdir.

Bəs müasir dramaturgiyamızda konflikt tərəfləri kimlərdir? 2024-cü ilin pyeslərinə əsasən bu məsələni diqqət mərkəzində saxlamağa çalışacağıq. 2024-cü ilin dramaturgiya mənzərəsinə nəzər yetirdikdə əsas mövzunun müharibə və insan taleyi olduğunu müşahidə edirik. Yazıçı-dramaturq Hidayət Orucovun “İrəvanda yanan çıraq”, Əli Əmirlinin “Xeyir xəbər”, Ülviyyə Heydərovanın “Torpaqlar”, Adilə Nəzərin “Axirətdən gələn səs” pyeslərində torpaq uğrunda canından keçənlər, öz qəhrəmanlıqları ilə tarix yazanlar ön plandadırlar. Real gözönü konfliktin – müharibənin əksi dramaturgiyada ən müxtəlif rakurslardan – həm real döyüş səhnələrindən,həm də müharibənin ən qaynar nöqtələrindən keçib gəlmişinsan yaşantıları mövqeyindən təqdim edilir.

Hidayət Orucovun “İrəvanda yanan çıraq” birhissəli mistik tarixi dramında konflikt Azərbaycan dramaturgiyasında ənənələri olan erməni-azərbaycanlı qarşıdurmasındadır. Faktların təhrifinə, tarixin saxtalaşdırılmasına cəhd edən ermənilərlə real sənədlərə əsaslanaraq Qərbi Azərbaycan torpaqlarının tarixən türk, azərbaycanlı etnoslarına mənsubiyyətini sübut etməyə çalışan azərbaycanlı ictimai fikir adamları – tarixçilər, yazıçılar arasında toqquşma pyesin konflikt tərəflərini təmsil edir. Müəllif erməni fitnəkarlığının icraçılarını xırda məmur, asanlıqla idarə edilə bilinən qadınlardan, azərbaycanlılardan isə tarixçi, alim, yazıçı təbəqədən seçməklə konflikti ilk baxışdan həll etmiş kimi görünür. Şah İsmayılın İrəvan xanı Rəvanqulu xana əbədiyyət rəmzi kimi əmanət etdiyi çırağınpyes boyu daim yanmasıtarixi həqiqətlərin gec-tez öz təsdiqini tapacağı və ədalətin bərqərar olacağına işarədir.

Süjetinin əsasında real müharibə rejiminin təsviri duran Ülviyyə Heydərovanın “Torpaqlar” adlı birpərdəli dramında konflikt artıq pyes mətnindən öncə mövcuddur. Pyesin çərçivəsindən kənarda başlamış konflikt personajların dialoqlarında, replikalarda səpələnmiş şəkildədir. Pyesdə torpaqların azadlığı uğrunda döyüşənlər torpaqla eyniləşdirilmiş, bu torpaqlara qan yaddaşı ilə bağlı olan hər bir insanın da torpağın bir dənəsi olduğu onların xatirələrində, gələcək arzularında vurğulanmışdır. Hərbçi, müəllim, tarixçi, musiqiçi, sürücü, ofisiant kimi ən müxtəlif sosial təbəqələrdən olan döyüşçülər başçıları Kapitanın ölümündən sonra belə, intiqam qarışıq döyüşkənlik ruhlarını itirmir, doğma torpaqlarına qovuşma anlarını ən müxtəlif emosional hisslərlə ifadə etməyə çalışırlar.

 

2024-cü il ərzində dramaturqların müraciət etdikləri mövzular içində sosial mövzuların da xüsusi çəkisi var. Müasir sosial gerçəkliyə alternativ olaraq fantastik gerçəklik fonunda – yeni erada insanlararası münasibətin yeni mənzərəsi Vüsal Nurunun “Yadplanetli kürəkən” pyesində təqdim edilir. Mədəniyyətin öz yerini cəngəllik qanunlarına verərək insan daxilindəki vəhşi instinktləri üzə çıxarmasıkonfliktin tərəflərini müəyyənləşdirir. Bir tərəfdə süni şəkildə mədəni-etik normalar təqdim edən tərəf, o biri tərəfdə isə öz heyvani instinktləri ilə fəxr edən və maskaya bürünməməyə qərar verən tərəf yeni ictimai-sosial münasibətləri ironik üslubda təqdim edir.

Ən yeni dramaturgiyadan bəhs edilərkən, əsasən, üç amil önə çəkilir: real xarakterlər, real konfliktlər və gündəlik danışıq üslubu. Bu baxımdan müasir dramaturgiya təkcə müraciət etdiyi mövzulara görə yox, həm də mövzunun təqdimedilmə formasına görə fərqlənir. Konflikt tərəflərinin dəyişməsindən asılı olaraq dramın məzmunu ilə yanaşı, strukturunda da müəyyən dəyişikliklər baş verdi.  Hadisə iştirakçılarının sayının azalması, insanın daxili “mən”i ilə ziddiyyəti nəticəsində ünsiyyətin daha dar çərçivədə baş tutması, reallıqda qarşılaşdığımız problemlərin mətndə müxtəlif rakursdan – retrospektiv metodla, gələcəyə dair xəyallarla əksi, açıq finallı kompozisiyalar konfliktin həlli yolunda müəllifin irəli sürdüyü çoxsaylı variantlardandır.

Klassik dramaturgiyada konflikt birxətt üzrə tamaşaçının, oxucunun gözü qarşısında motivdən məqsədə, səbəbdən nəticəyə gedən “personajların real toqquşması”nda üzə çıxırdı. Yeni dramaturgiyada, xüsusilə, Çexovdan başlayaraq personajlar birxətlilikdən xilas olur, motivdən “ikinci plan”a, “mətnaltı”ya, “daxili monoloq”a  keçir – davranışların əsl motivləri dramaturji təhkiyənin çərçivəsindən kənarda qalır. İsmayıl İmanın 2024-cü ildə oxusu baş tutan “Əziz ata” pyesi də məhz yeni dram istiqamətinin bariz nümunələrindəndir. Yay tətilini bağda anası ilə keçirməyə qərar verən Səidə ilə anası Şəfiqə arasında gedən mübahisələr, fikir ayrılıqları ilk baxışda konfliktin ana-qız arasında olduğunu təqdim edir. Lakin Səidənin hər fəslin sonunda həyatda olmayan atasına yazdığı məktublarla konfliktin mahiyyəti tamamilə dəyişir. Əslində öz xatirələri, gələcəyə dair narahatlıqları ilə daimi döyüş vəziyyətində olan Səidənin konflikti öz daxili “mən”i ilədir. 6 fəsil boyunca personajın daxilində gedən toqquşma sonuncu fəsildə geoloq atasının uşaq vaxtı onunla oynadığı oyunla çözülür. Filosof, siyasi xadim Nikkolo Makiavelli münaqişənin dağıdıcı funksiyası ilə yanaşı, yaradıcı funksiyasının da olduğunu qeyd edir. Makiavellinin fikirlərini dramaturgiyadakı konfliktə tətbiq etsək, görərik ki, həqiqətən də, konflikt xarakterə yeni cizgilər əlavə edir və konfliktdən çıxan tərəflər artıq konfliktəqədərki tərəflər deyil. Pyesin finalında Səidənin xəyallarındakı həyatın gerçəkləşməsi personajın daxilindəki konfliktin çözülmə anını işarələyərək konfliktdən əvvəlki və sonrakı Səidənin arasındakı fərqi üzə çıxarır. Ana-qız arasında olan dialoqlardan və hər aktın sonunda ataya yazılan məktublardan ibarət olan pyes öz quruluşuna görə də ənənəvi dramaturgiyadan fərqlənir və hadisə əsaslı deyil, psixoloji əsaslı konflikti önə çəkir.

Xatırladaq ki, bu pyes hələ 2023-cü ildə Rusiyada keçirilmiş VII Müstəqil Beynəlxalq Müasir Dram Müsabiqəsinin qaliblərindən biri olub, həmçinin Polşada baş tutan “Avrora” müsabiqəsinin də uzun siyahısına daxil edilib.

2024-cü ildə dramaturgiya ilə bağlı həyata keçirilən layihələr – elmi seminarlar, pyes oxuları, müsabiqələr də ədəbi prosesi canlandırmağa xidmət etmişdir. Müasir dünya dramaturgiyası ilə tanışlıq baxımından həyata keçirilən layihələr – “KATALİZATOR ArtHub” tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil edilən “Böyük Britaniyanın çağdaş dramaturgiyası:tanıma” layihəsi, Çilinin Azərbaycandakı səfirliyi və CHARACTERS Müasir Dramaturgiya festivalının təşkilatçılığı ilə Çili dramaturqu və rejissoru Pablo Manzinin “Barbarların yaşadığı yer” (“Donde Viven los Bárbaros”) pyesinin oxunuşu müasir dramaturgiyada gedən prosesləri izləmək baxımından mühüm əhəmiyyətə malik layihələrdir.

2024-cü ildə CHARACTERS Müasir Dramaturgiya festivalının elan etdiyi pyes müsabiqəsinə 2020-ci illərdə qələmə alınmış 40-a yaxın yeni pyes təqdim edilmişdir. Müəlliflər arasında Jalə İsmayıl, Ülviyyə Heydərova, Şəbnəm Xeyrulla kimi ardıcıl pyes müəllifləri ilə yanaşı, Hacı Səfərov, Emin Əliyev,Türkan Hüseyn, Elçin Məhərrəmli, Əli Sadiqi, Nəvid Əzimi kimi yeni müəlliflərin də adlarını görmək mümkündür.

Müsabiqənin qalibi Şəbnəm Xeyrullanın “Arqon” birpərdəli monopyesində konflikt Arqon adlı şəxsin dilindən təqdim edilir. Ümumiyyətlə, monopyeslərdə gözönü konfliktin olmaması, yeganə personajı qarşı tərəfin də düşüncəsini təqdim etməyə məcbur edir ki, bu da konfliktin birbaşa fəaliyyətdə yox, təhkiyədə inkişafını şərtləndirir. Monopyesdəki konflikt insan və başqaları – onu anlamayanlar arasındadır. Cəmiyyətin onu anlamadığını və qəbul etmədiyini hesab edən,öz lazımsızlığından bezərək intiharı yeganə çıxış yolu kimi görən Arqon konflikti passiv yolla – fiziki olaraq məhvi ilə həll etməyə çalışır.

 Eyni motiv – konfliktin fərd və “başqaları” arasında getməsi müsabiqənin qaliblərindən olan Hacı Səfərovun “Aysu və başqaları” pyesində də müşahidə edilir. Bu pyesdə konflikt ilk baxışda fərqli nəsillər və siniflər arasında olsa da, finala yaxın konfliktin əsl mahiyyəti üzə çıxır – itmiş qızılların axtarışı zamanı yeni evli cütlüklər – Aysu və Eldarın valideynləri bir-birlərini günahlandırsalar da, sonda konfliktin bir tərəfində Aysu, digər tərəfində isə valideynlər və Eldar personajı qalır ki, bu da pyesin adında olduğu kimi, baş qəhrəman Aysunın təkbaşına mübarizəsini təsdiqləyir. Jan Pol Sartrın “Cəhənnəm–başqalarıdır” ifadəsinin aktual olduğu bu pyeslər fərdi dünyaqavramını önə çəkərək başqaları ilə daxili konfliktdə olan personajların psixoloji portretlərini ortaya çıxarırlar.

Müsabiqənin daha bir qalibi Jalə İsmayılın “Göyərçin dimdiyində bir qəfəs küçə” pyesində isə konkret sosial konflikt mövcuddur. Evlərinin sökülməsinə qarşı çıxan küçə sakinləri və söküntü aparan tərəf gözönü konfliktin tərəfləridir. Sosial psixologiyada konflikt anlayışı ilə bərabər konflikt şəraiti, yəni toqquşmanı meydana çıxaran şərtlər və səbəblər ətraflı öyrənilir. Bu pyesdə də konflikt şəraiti uğurla təsvir edilmiş, bir küçənin timsalında sosial problemlərdən asılı olaraq insan taleyinin müxtəlif  yön aldığı göstərilmişdir.

Yuxarıda qeyd edildiyi kimi, yeni dramaturgiyanın ən mühüm xüsusiyyətlərindən biri də dil faktıdır. Pyes canlı danışıq dilinə yaxın bir strukturdur. Ən yeni dramaturgiyada isə nitq gündəlik danışıq dilinə maksimum yaxınlaşır, mürəkkəb cümlə quruluşları öz yerini daha sadə cümlə konstruksiyalarına verir.Müsabiqəyə təqdim edilən pyeslər arasında qısa siyahıya düşən Emin Əliyevin qara yumorla yazılmış “Pivə və biskvitlər” pyesi də dinamik dialoqları və fikrin nitqdə birbaşa, pafossuz, metaforadan uzaq ifadəsi ilə özündə absurd teatrın konfliktini ehtiva edir. Məhz bu pyesdə absurd teatrın konflikti əyaniləşir – insanın mahiyyəti ilə mövcudluğu arasında konflikt meydana çıxır. Ölmüş bildikləri oğulları Fuadın dirilib gəlməsi absurd situasiya yaradır. Dağılmaqda olan ailə xatirələrindən belə, imtina etdikləri oğullarının yenidən var olması ilə yeni qərarlarvermə məcburiyyətində qalırlar.

Nümunələrdən də göründüyü kimi, ən yeni dramaturji mətnlərə nəzər yetirdikdə konfliktin 1. Sosial məzmun kəsb etdiyi; 2. Fərd və daxili “mən”; 3. Fərd və “başqaları” arasında getdiyinin şahidi oluruq. Valideyn-övlad münasibətləri də konfliktin əsas təkanverici motivlərindən olub, son illərin dramaturgiyasından qırmızı xətt kimi keçir. İsmayıl İmanın “Əziz ata” pyesində Səidənin, Hacı Səfərovun “Aysu və başqaları” pyesində Aysunun, Emin Əliyevin “Pivə və biskvitlər” pyesində Fuadın öz doğma ailəsinə ögeylik hiss etməsi dramaturgiyamızda yeni bir xətt – valideynləri sorğulamaq, doğmalıq bağlarının qırılma səbəblərini üzə çıxarmaq və bu yolla daxildəki konfliktin həllinə çalışmaq bu mövzunu dramaturgiyamızın əsas süjetlərindən birinə çevirir.

2024-cü ilin ədəbi məhsulu olan pyeslərdən bir neçəsinin artıq səhnəyə qoyulması da müsbət hallardandır. Hidayət Orucovun “İrəvanda yanan çıraq”, Adilə Nəzərin “Axirətdən gələn səs” pyesləri İrəvan Dövlət Dram Teatrında, Əli Əmirlinin “Xeyir xəbər” pyesi Sumqayıt Dövlət Dram Teatrında, Şəbnəm Xeyrullanın “Arqon” pyesi Yuğ Dövlət Teatrında geniş tamaşaçı kütləsinə təqdim edilmiş,  İsmayıl İmanın “Əziz ata” pyesinin Yuğ Dövlət Teatrında məşqlərinə başlanılmışdır.

Təbii ki, yalnız bir və ya bir neçə il ərzində yazılmış mətnlər əsasında konflikt kimi mürəkkəb kateqoriyanı hərtərəfli öyrənmək mümkün deyil. Lakin 44 günlük İkinci Qarabağ müharibəsi, çoxdan gözlənilən qalibiyyət duyğusu, insanlar arasında sosial münasibətlərin xarakterinin dəyişməsinə səbəb olan pandemiya şəraiti 2020-ci ildən başlayaraq, növbəti illərin mətnlərinə də əhəmiyyətli dərəcədə təsir göstərdi. Bədii-sənədli pyeslərin qələmə alınması, real tarixi faktlar əsasında pyeslərin meydana gəlməsi (İsmayıl İmanın reportaj metodu ilə yazılmış “Hamar üzdə” sənədli pyesi, Adilə Nəzərin şəhid Vüsal Vəliyevin həyat və döyüş yolu haqqında yazdığı “Axirətdən gələn səs” qəhrəmanlıq dramı, Əli Əmirlinin 44 günlük müharibədə Füzuli uğrunda könüllü kimi döyüşən Muradın döyüşdən sonrakı həyatına həsr edilmiş “Xeyir xəbər” pyesi) bədii mətndə maksimum reallığın təqdiminə şərait yaratdı.

Yeni dramda çox vaxt tərəflər arasındaaçıq, kəskin toqquşma, qarşıdurma başvermir, şəxsiyyətlərarası münasibətlər, davranışlar, bəzən bir replika, aparte belə, konflikt situasiyasını müəyyənləşdirir. Bu xüsusiyyətləri biz 2024-cü ilin dramaturji nümunələrində də müşahidə edirik. Personajların xarakter səviyyəsində açılmasına yönələn süjet xətti konfliktin daha çox sosial-psixoloji zəmində cərəyan etməsinə gətirib çıxarır və nəticədə hadisə əsaslı yox,daha çox psixoloji əsaslı konfliktin dominantlığını şərtləndirir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!