İŞIQ AXTARIŞINDA: 2024-cü ilin ədəbi prosesində gənclik - Südabə AĞABALAYEVA

 

İlk çərəyini yaşadığımız XXI yüzilin əsas səciyyəsi olan sürət təkcə  hadisələrin, proseslərin dəyişməsini şərtləndirmir, bu sürət axını daha çox mahiyyətləri  yeniləyir. Həyatın hər sahəsində, xüsusən,  müstəqil dövlətçiliyi ağır sınaqlarla üz-üzə qalmış Azərbaycanın 2020-ci ilin payızından başlayaraq, Zamanın keyfiyyətini, axarını yeniləyən uğurları və inkişafı fonunda  ictimai-siyasi məzmun dəyişikliyinin korrektə etdiyi mədəni-mənəvi proseslər də yeni mahiyyət qazandı. Dövlətçiliyin möhkəmləndirilməsində son dərəcə zəruri olan milli birliyin, milli ruhun  qorunmasına nail olmuşAzərbaycan təkcə haqq işi, doğma  torpağı uğrunda vuruşmadı, təyinləri dəyişdi, epik siqlətli süjetyaratma ənənəsini cilaladı, təkcə hərb, qəhrəmanlıq, barış tarixinin janr və üslubi keyfiyyətlərini yeniləmədi, ahəngi tamamladı. Bu tarixi uğurlar yeni dünya nizamında təyinedici rəng qazandıqca, qalib ruhun  cövlanı  milli mədəniyyətin, sənətin, ədəbi-bədii düşüncənin ərazisində havanı, ovqatı və intonasiyanı dəyişdi. Bu sətirləri bu mətnin müəllifi yazmır, mahiyyət etibarilə, bu fikri Azərbaycan gəncliyi yazdırır. Birlərin Birlik olduğu gərgin, mürəkkəb və möhtəşəm 44 gündə – savaş bölgəsində olduğu kimi!  Bu gün  hər kənddə, hər şəhərdə dincliyə keşik çəkən şəhid şəkilləri, yollar boyu sıralanan posterlər Azərbaycanı qarış-qarış, addım-addım birləşdirən, Bütöv eləyən Azərbaycan gəncliyinin  kimliyidir. Və onlar hər yerdədir!

Azad Şuşada ənənənin davamı kimi yaşanan  o anların fatehi həmin gənclərdir və gənc fatehlərin çıxışından sonra, subyektiv düşüncə başqa çıxışlara  yer tanımırdı. Hərbi geyimdə, əl ağacının köməyi, protez dayaqların dəstəyi ilə, amma məğrur heysiyyətlə, qazi – şairlər yaşadıqları ölüm ağrı-acılarını, itki qubarını şeirin dili ilə etiraf etməklə yanaşı, bir daha sübut etdilər ki, gənclik xalqın özünəməxsus sosial idealının və mənəvi normalarının daşıyıcısıdır hələ də.   “Azərbaycan” jurnalı  “Sözü Vətən olanlar” layihəsində  39  şəhid və qazi gəncin  bədii yaradıcılıq nümunələrini dərc etməklə, ədəbiyyatın haqq savaşında gənc ədəbi  nəslin də olduğunu  sözün və düşüncənin yaddaşına  bir daha qeyd etdi. Hesab edirəm ki,  həmin  şəhid  gənclərin adlarını burada qeyd etmək  heç də artıq görünməz: Elzamin Əhmədov,  Mehman Yusifov, Murad Nağıyev, Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Mikayıl Vahabzadə, Nadir Zəkarayev, Mirsalam Cəfərov, Saleh Əliyev, Kərim Əhmədəliyev,Samir Şükürov, Nəcməddin Savalanov. Onlar  bundan belə də ədəbi gənclik sıralarında olacaqlar.

Ötən ilin ədəbi prosesində gəncliyin yeri ilə bağlı  məruzəyə “uzaqdan” giriş günümüzün kütləvi mədəniyyət dəbindən, sənət, yaradıcılıq mühitinin  təbiətindən qaynaqlanır.Ədəbi proses, bir növ, cəmiyyətdə, xalqın həyatında baş verənlərin analitik bekqraundudur və yuxarıda xatırlatdığımız sürət və sərhədsiz çıxış imkanları ədəbi prosesin mənzərəsini bütövlükdə izləmək, araşdırmaq və təhlil etməkdə çətinlik yaradır. İnternet ədəbiyyatı, onlayn kitab, metavers dövrü, blockchain texnologiyaları  insan – cəmiyyət üzvi əlaqəsini qırmağa, “aqoran”ı (qədim Yunanıstanda toplantıların keçirildiyi meydan) sosial şəbəkələrə daşımağa cəhd göstərsə də, necə deyərlər, “demoqrafik keçid”in növbəti mərhələsi üzünü “virtual dünya”ya tutmuş kimi görünsə də, süni intellektin həyatın az qala bütün sahələrini “işğal  yürüşü” sürətlənsə də, canlı ünsiyyət, yaradıcılıq, ədəbiyyat “bir yaşıl ada kimi” özünü qorumaqda davam edir. Hələlik kitab təqdimatları, sərgilər, müsabiqələr, çap nəşrləri bu “səlib yürüşü”nün qabağında duruş gətirir.

Prezident İlham Əliyevin 2 iyul 2013-cü il tarixli, 934 saylı  fərmanı ilə təsis etdiyi Gənclər üçün Prezident  mükafatına  2 fevral  – Gənclər  Günündə ədəbi gəncliyin  nümayəndəsi Ulucay Akif  layiq görülüb. AYB üzvü olan 20 gəncə  Prezident təqaüdünün verilməsi ötən il də davam etdirilib. Aylıq ədəbi orqanlarda  dərc olunanlara qonorar verilməsi, bu imkan bu günün reallıqları fonunda çox az olsa da,  stimuldur. Yaradıcı, ağıllı münasibətin yox, nəfsin və emosiyanın idarə etdiyi səviyyənin azadlığını təbliğ edən kütləvi mədəniyyət dövründə bazar münasibətlərinin  diktəsinə boyun əyən mühitdə qazancın mənəvi kapital adına xərclənən əxlaqi sərvətlərini talan etməsi fonunda dövlətin gənclər siyasətinin olması çox vacibdir. Çünkibütövlükdə psixoloji aşınmalara məruz qoyulmuş insanı, sosial şizofreniya yaşamağa məhkum qalmış cəmiyyəti gözləyən təhlükələrin kütləviləşməsi həm də onların "zamanda davamlılığı"nı şərtləndirir. Ancaq həmişə xaos, anlaşılmazlıq, nizamsızlıq və ümidsizlikdən xilas olmağa bir fürsət var.  Bu fürsətə inandıran iki məqamdan biri  Rolan  Bartın  “Tarix – bizim Tariximiz  indi bizə yalnız bəzi fikirlərimizi dəyişməyə və  fərqli şəkildə ifadə etməyə, bəzi şeylərdə daha da irəli getməyə, bəzi şeylərdən isə imtina etməyə imkan verir” fikridir. Digər məqam isə budur ki,  2024-cü ilin ədəbi mənzərəsində tanış ola bildiyimiz yaradıcılıq nümunələrində gəncliyin obrazı bütövlükdə  bir gənc şairin  – Yeqzar Cəfərlinin misrasını xatırlatdı:

Hər birimiz bir ümidin közüyük”.

Biz də daha çox “köz”  işartısı sezilən bəzi nümunələr üzərində dayanmaq niyyətindəyik.

Ədəbi müsabiqələrdən başlayaq.  2024-cü ilin noyabrında TEASPress  Nəşriyyat Evi ikinci dəfə təşkil etdiyi “Gənclərin Roman müsabiqəsi”nin  ilkin seçim mərhələsinin  nəticələrini elan etdi.  18-35 yaşarası müəllifləri əhatə edən müsabiqənin ikinci mərhələsinə təqdim olunmuş 93 müraciət arasından münsiflər heyətinin  seçdiyi qısa siyahısında 10 imzanı təqdim etdi: Mahir Abbasov  “Şərin qürubu”, Orxan Həsənli “Berlindəki xarıbülbül”, Pərvin İsmayılov “İlğım”, Fatimə Qədirzadə “Qarabağ çiçəyi”, Hüseyn Qəhrəmanov “Görünməyən rəng”, Fərid Məhərrəmli, “Əmanət”, Samir Məmmədov “Zona”, Gülü Mustafayeva “Yolçu ruhlar”, Vasif Zahidov, “Sonuncu istintaq” əsərləri ilə  ədəbi prosesə  yeni adlar və maraqlı mövzularla daxil ola bildilər. 2022-ci ildə  elan olunmuş ilk müsabiqənin beşliyinə daxil olmuş  Əfrayıl Abbaszadə (“Mənguberdi”), Əşrəf Əşrəfov (“Gecənin ən qaranlıq anı”), Seymur Həmzəyev (“Nikolas Bonnet – Şərqə aparan hekayə”),  Elay İsmayılov(“Günah”)  və Pərvin İsmayılov (“Xanədan”) imzaları  münsiflərin rəyinə əsasən,  potensialları ilə ümidverən müəlliflərdən bəziləri, az sonra  ədəbi prosesdə  öz adlarını təkrar səsləndirdilər. Məsələn, Pərvin İsmayılov ikinci müsabiqədə də qısa siyahıya düşdü, Seymur Həmzəyevin adını isə başqa bir müsabiqənin qalibləri sırasında, özü də birinci yerdə  gördük. Müsabiqənin şərtlərinə əsasən,   yekun mərhələsində iştirakçılar arasından 3 qalib seçilir, I yerin qalib əsərinin çap olunaraq  LİBRAFF  kitab mağazaları şəbəkəsində təqdimatı  keçirilir. Və üstəlik, II müsabiqədə  qalibə 3000 manat pul mükafatı verilir. Bu sıralama II yerin qalibi 2000 man, III yerin qalibi 1500 manat  ardıcıllığını nəzərdə tutur. Layihənin məqsədi  yeni imzaları üzə çıxarmaq, gənc yazıçıların tanıdılması, eləcə də milli və  bəşəri dəyərləri təbliğ edən mövzuları roman janrının imkanları ilə  oxucuya tanıtmaqdır.

2017-ci ildə təsis olunmuş Mir Cəlal adına hekayə müsabiqəsi  “Ədibin Evi” Ədəbiyyat Fondunun hekayə janrının inkişafına töhfə vermək missiyası ilə Azərbaycan ədəbiyyatının  zənginləşməsinə xidmət edir. İki ildən bir  təşkil edilən müsabiqə, böyük axın və güclü marağı nəzərə alaraq, 2023-cü ildən başlayaraq, hər il keçirilir. Bu illər ərzində ənənəvi müsabiqəyə həm peşəkar, həm də həvəskar yazıçıların təqdim etdiyi 2000-ə yaxın hekayə qiymətləndirilib. 2024-cü ildə nəticələri elan olunmuş IV müsabiqənin   qalibləri   230 müəllifin 261 hekayəsi arasından seçilib.  Maraqlı cəhət budur ki, iddiaçıların yarıdan çoxu gənclərdir və daha xoş olan budur ki, qaliblərin sırasında da gənclər üstünlük təşkil edir, həm də ədəbi ictimaiyyətin heç tanımadığı imzaların qalib olması sevindirir. Ötənilki  hekayə müsabiqəsinin 6 qalibindən 4 nəfəri gənc imzalardır və bu imzalar  bu uğuru münsiflərin yekdil rəyi ilə əldə ediblər. Moskvada yaşayan gənc yazıçı Leyla Əliyeva (“İşıq”) I yerə və 3000 manat pul mükafatı, Nuranə Abbasova (“Yanğınların dili olsa”) II yeri istedadlı nasir Yaşar Bünyadla (Əhmədov) (“Heyvagülü”) bölüşsə də, hər ikisi 2000 manat pul mükafatına layiq görülüb.  Üçüncü yerin 3 qalibindən ikisi Asim Arazlı (“Kələntər dayı”) və Aysel Şıxlı (“Sonsuzadək gülümsəyən uşaq”)  (o da Azərbaycandan kənarda yaşayır), Aliq Məmmədov (“Naqafil alver”) 1000 manat pulla mükafatlandırılıblar.  Xatırladaq ki, yuxarıda  qeyd etdiyimiz kimi, roman müsabiqəsində seçilən azlıq sırasında adını çəkdiyimiz  Seymur Elsevər 3-cü hekayə müsabiqəsinin birinciliyinə layiq görülmüşdür. Münsiflər heyətinin görkəmli ədəbiyyatşünas, yazıçı, şair və naşirlərdən ibarət  tərkibinə ötən il Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının  sədri Fərid Hüseyn də daxil edilib. Bu, həm də, prosesin qiymətləndirilməsi kimi məsuliyyətli işə gənclərin cəlb olunması təşəbbüsü və onlara verilən avansdır.  Yeri gəlmişkən, bu mənada akademik İsa Həbibbəylinin Nizami adına Ədəbiyyat İnstitutuna rəhbərliyə gəldikdən dərhal sonra, Gəncləşdirmə siyasətini aktuallaşdırması, ümumən ədəbiyyatşünaslığın  ədəbiyyatı gerçəkliyə, real, konkret və dəqiq izah olunmuş fakta çevirmək təyinatında gənc ədəbiyyatşünaslara  yer verməsi, ədəbi gəncliyin ədəbi prosesdəki yerinə ayrıca məruzələr səviyyəsində diqqət ayırması,  gənc ədəbiyyatşünasların tədqiqatlarına gündəlik diqqəti işin dinamikasını şəxsən izləməsi, nəticə etibarilə ədəbiyyatşünaslıq məktəblərinin  layiqli davamçılarının  yetişdirilməsi kimi nəcib məqsədə xidmətdir.

Müsabiqənin şərtlərinə uyğun olaraq, nəticələr elan olunduqdan sonra qalib hekayələr  “Azərbaycan” jurnalında  dərc olunur. IV müsabiqənin qalib hekayələri ilə jurnalın 2024-cü il 6-cı nömrəsində tanış olmaq mümkündür.

Ötənilki müsabiqənin qalibləri ilə bağlı kədərli bir faktı da qeyd etməyi borc bilirəm. Çox təəssüf ki, istedadlı yazıçılarımız – hekayəsi yüksək dəyərləndirilmiş, potensialı böyük ümidlər vəd edən  Asim  Arazlı, ədəbiyyata gec gəlsə də, ciddi nasir imzası, ədəbi əxlaqı ilə  nümunə olan Yaşar Bünyadı, eləcə də gənc yazıçı Mahmud Mahmudlunu, yaradıcı istedadı böyük ümidlər verən Rauf Ranı amansız əcəl sıralarımızdan apardı və fərqi yoxdur, ötən il, yaxud bu il,  dünyasını dəyişən bütün yazıçılarımızın əziz xatirəsinə ehtiramımızı bildirir, dərin hüznlə yad edirik.

Ötən ilin daha bir  hekayə müsabiqəsini  “Ulduz” jurnalı və Ədəbiyyat Fondunun Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə təşkil etmişdi.  Ədəbiyyatşünas Bədirxan Əhmədli  müsabiqənin 3 qalibinin  –  Cavid Babayevin “Üçnəfərlik motosikletlər", Orxan Cuvarlının  “Daş”və Xan Abdullanın (Xanbala Mahmudov) “Yazgülün nənəsi” hekayələri ilə bağlı fikirlərini  Tənqid rubrikasında “Üç hekayəyə bir baxış”  məqaləsində bölüşür. Professorun gəldiyi ümumi qənaət: “Bu hekayələr onu təsdiq edir ki, nəsrimiz onların yaradıcılığı ilə dil, üslub, obraz, ideya baxımından dəyişib və yeniləşib. Süjetli nəsrin ən kiçik və çətin formalarından olan hekayə janrında  bu cür  uğur onların gələcək yaradıcılıq yoluna tutulmuş aydın bir işıqdır.” Əsas olan bu işıqdır.  Əsas olan inandırmaq bacarığıdır. Əsas olan odur ki, müəllifin həqiqəti ədalətə çevirmək bacarığı ilə ortaya gələn mətn ədəbiyyat faktı ola bilsin.

Gənc tənqidçi Ülvi Babasoy ötən ilin nəsri olmasa da, “Amanabənd” romanı ilə bağlı düşüncələrini qələmə almaqla, bu əsəri, bir növ, ötən ilin ədəbi prosesində dövriyyəyə qaytarıb. Və deyək ki, yaxşı da edib.  Gənc yazıçı Cavid Ramazanovun yaradıcılığına diqqət yönəldən yazısında həm də müəllifi daha yaxşı tanımağa maraq oyadır. Və Cavidin müsahibələri, öz romanı ilə bağlı fikirləri maraqlı, kifayət qədər intellektli, istedadı olan bir yazıçı obrazı ilə oxucunu məmnun edir.

Ötən il həm də “Ədəbiyyatda postmodernizm:oyun estetikası” adlı dərs vəsaiti (“Hədəf” nəşriyyatı, Bakı,2024, 208 səh.)  çapdan çıxmış filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoy sənətin  estetila və inestetikasını gənc yazıçı Cavid Ramazanovun “Amanabənd” romanı kontekstində izləyir. Bayaq qeyd etdik; roman 2024-cü ilin nəşr faktı olmasa da, tənqidçi “Ulduz”un  2024-cü il yanvar sayında bu əsəri, əslində müasir Azərbaycan romanının dinamikasını incələmək  niyyətilə incələyir və bu baxımdan uğurlu sayır.

Kəm-kəsirləri, müəllif cəhdləri fonunda “Amanabənd”in  fikir, ifadə, struktur estetikasında lokallaşmasının səbəblərini izah edir, həm də onu “işığı közərən roman janrımızda yeni bir işıq, yeni bir məzmun, Bakıya və sevgiyə yeni bir baxışyaratma cəhdi” kimi, müəllifin potensialına ümidlə, kifayət qədər iddialı əminliklə, təkcə oxucuya yox, Azərbaycan yazıçısına, ədəbiyyat adamlarına tövsiyə edir.

Azərbaycan Yazıçılar Birliyinin  60-cı illərin sonunda ədəbi gəncliyin birbaşa tribunası kimi  təsis etdiyi, profil media nümunəsi olan 58 yaşlı “Ulduz”  aylıq ədəbiyyat dərgisinin ötən il bəzi sayları birgə layihələr kimi düşünülmüşdür:Yanvar nömrəsi jurnalın C. Cabbarlı adına Respublika Gənclər kitabxanası, həm də “525-ci qəzet”lə  yeni nəsil: tənqid, 3-4-cü birləşmiş sayda layihə ortağı AMEA  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun uşaq ədəbiyyatı şöbəsi olub. Yanvar nömrəsində bir neçə gənc tənqidçi çıxış edir. Gənc tənqidçilərin yazılarında təəssüfedici məqam odur ki, Qərb ədəbiyyatına, ədəbiyyatşünaslığına maraq (zəruri olmaqla), diqqət, terminlərə (hətta qarşılığı milli ədəbiyyatşünaslıqda gen-bol  işləndiyi halda) aludəliyin,  bəzən aşırı təsirlənmələrin fərqinə varılmır, yaxud Qərb ədəbiyyatına maraq, rəğbət, ayrı-ayrı yazıçıların estetikasına nabələdlik  gənc tənqidçilərin  ifadə tərzində də anlaşılmazlığa gətirir. Daha bir meyil isə,  yenilikçi ruhu yalnız bütün mətnlərdə postmodernizm izləri, elementləri axtarmaq, bunu görmədikləri mətnləri isə survival qalıq kimi qiymətləndirmək cəhdlərinin müşahidə olunmasıdır. Bu mənzərə Dovjenkonun “Torpaq” filmini xatırladır. Bəlkə, bu filmi xatırlayanlar azdır, necə deyərlər, köhnəlik qalığı kimi tarixin zibilliyinə atılıb, amma traktorun dayandığını görüb onun ardınca qaçan  adamlar, onların “Traktor dayana bilməz!” harayındakı təlaş.... adamların  başını Allaha yox, uçan aeroplanlara  qaldırması dövrü... bəzən tənqidçiliyə iddialı olanların yazılarında hiss olunan  hər mətnə, hər yaradıcılığa postmodernizm “gözlüyü”ndən baxmaqla qiymət vermək cəhdləri  milli ədəbiyyatı, milli nəsri aşağılamaq cəhdləri, nihilist mövqe təəssüf doğurur və bu meyil yalnız gənc tənqidçilərdə  müşahidə olunmur. Hərdən gənc yazıçılar da yazılarına peşəkar tənqidçi yanaşmalarının qəliz, anlaşılmaz dilini, müstəntiq ədasını anlamaqda çətinlik çəkdiklərini dilə gətirir və adətən peşəkar  ədəbiyyatşünasların nəzəri-metodoloji çıxışlarının yaradıcılıqlarına stimul, istiqamətverici amil ola biləcəyini düşünənlər də az deyil. Bu yöndən yanaşıldıqda “Ulduz”un, “525-ci qəzet”in səhifələrində Əli Əmirlinin dramaturgiya dərsləri, ədəbiyyatşünas Məti Osmanoğlunun apardığı  “Gənc yazarlar üçün  ustad dərsləri” rubrikası, o cümlədən, Cavanşir Yusiflinin “Kulis.az” saytında  ədəbiyyatın nəzəri məsələləri  ilə bağlı yazıları ədəbi gəncliyə yaradıcılıq imkanlarını cilalamağa kömək məqsədi daşıyır. Gənclərin yaradıcılığına daimi qayğı və diqqəti ilə seçilən tənqidçilərdən Vaqif Yusifli, Elnarə Akimova, Nərgiz Cabbarlı, Lalə Həsənovanın obyektiv, operativ təhlillərini, mətnə, müəllifə  yanaşması  xüsusi qeyd edilməlidir.

Gənc tənqidçi Ülvi Babasoyun artıq neçə ildir tanış olan imzasını izləməyə marağı təmin edən filoloji esseləri Azərbaycan ədəbi tənqidinə yeni,  özünəməxsus  çalar qatan nümunələr sırasındadır.  Onun 2024-cü ilin yanvarında  yazdığı “Fərd olmağın harmoniyası” essesi  Azərbaycan  romanını, ən azı, yarım əsr irəli sala bilmiş Yusif Səmədoğlu, İsa Hüseynov, Çingiz Hüseynov  “üçlüyü”nün özəlliyini səciyyələndirən əsas amili – “Yusif Səmədoğlu və İsa Hüseynovdan sonra Azərbaycan ədəbiyyatında Çingiz Hüseynovla da “təhkiyə meşələrinə”  səyahət  başladı“ qənaətində ümumiləşdirməklə yanaşı, Çingiz Hüseynovun obrazını son dərəcə dəqiq, aydın və ən əsası, fərqli  şəkildə təqdim edir: “Çingiz Hüseynov Azərbaycan ədəbiyyatında bir etalon idi. Yaradıcılığında kəsir və qüsurlar  varıydımı, vardı. O, Azərbaycan ədəbiyyatında elitist, avanqardist yazıçı idi. Şəxs olaraq kübar, elitar şəhər mühitini, xarizmatik yazıçı simasını təmsil edirdi.Onun haqqında keçmiş zamanda danışdığım üçün üzr istəyirəm.Hər kəs öz bioqrafiyasını  yazır və Çingiz bəy Hüseynov bunu ləyaqətlə tamamladı...,  o, kollektiv düşüncədən uzaq yazıçı ömrü yaşadı.Fərd kimi yaşamağın gözəl melodiyası idi bu... Onun ədəbi missiyası... “Fətəli fəthi” romanı oldu”.

Gülnar Səma  Ulucay Akifin  “Pulaxtaranlar” hekayəsində, “bədii mətn kimi mükəmməllik” gördüyü qənaətindədir, ancaq bu mükəmməlliyin təfərrüatlı şərhi fonunda “hekayənin ümumilikdə çox sadə olması” nəticəsi  oxucunu  nagüman qoyur.

Yanvar sayına  imzası ədəbi prosesdə tez-tez görünən Elnarə Qaragözova redaktorluq edib. Burada da özünə sadiq qalaraq, müraciət etdiyi bütün mətnlərdə  postmodern  estetika axtarışını davam etdirir. Başadüşüləndir; elmi-tədqiqat mövzusudur. Redaktorluq etdiyi  bu say üçün, məlum kontekstdə  təhlil obyekti kimi  tənqidçinin gənc  bir  imzanı seçməsi  peşəkar etika baxımından daha məntiqli olardı, nəinki “Ulduz” jurnalının baş redaktorunun nəsrini.

Ədəbi mühitə doğma olan  “525-ci qəzet”də, eləcə də, “Ədəbiyyat qəzeti”nin 27 dekabr sayında  gənc tənqidçi Sevinc Mürvətqızının ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlinin ötən il çapdan çıxmış “Tərcümə təcrübələri” kitabı haqqında resenziyası  dərc olunub. Yazının peşəkar səviyyəsi,   mətnləri, müəllifi duymaq, ədəbi təsərrüfatımızda  tərcümə ilə bağlı ustad dərsi səviyyəsində qiymətləndiriləcək bir nəşr haqqında olan bu yazı resenziyanın az-az rast gəlinən gözəl nümunəsidir və rezonansı elə kitabın özü qədər oldu. Onun  mətnə səriştəli nüfuzetmə qabiliyyəti ilə fərqlənən  esseləri, gözəl üslubu ilə də  yadda qalır.

Kitab nəşri ilə bağlı vəziyyət necədir? Əlbəttə, hər şeydən əvvəl, maliyyə problemləri, günümüzün nəşr mənzərəsi hamıya məlumdur. Bununla belə, nəşriyyatlar, məsələn, “Qanun” nəşriyyatı  təsdiq edir ki,  sifarişlər üzrə gənc müəlliflərin müraciəti kifayət qədər çoxdur. Olsun. Bu gün gənclərin kitablarını nəşr edən xeyli nəşriyyat adı  sadalamaq olar. Gəncədə fəaliyyət göstərən “Kitab Oxu”  nəşriyyatının ötən il buraxdığı iki gənc müəlliflin kitabını aldım: Adil Samirin “Səndən nigaranam” romanı, Aydın Kərimlinin “Sonuncu təbəssüm” hekayələr kitabı. “Səndən nigaranam” adı çox tanışdı.

Üç hekayəsini oxucuların  mühakiməsinə verən “Sonuncu təbəssüm”ün müəllifi debüt intizarını annotasiya  zəmanətinə  etibar  edib, annotasiya da oxucuya vəd edir ki: “Kitabdakı hekayələrin fərqli-fərqli süjetləri olsa da, adama elə gəlir ki, onlar vahid bir əsərin parçalarıdır.  Şirin, axıcı dil, gözəl təbiət təsvirləri, rəvan təhkiyə, maraqlı dialoqlar...mərhəmət, sevgi, vicdan, peşmanlıq, qisas...” Bir sözlə, insan halı, tanış insanlar. Amma bəzən baxdığımızı görürükmü? Gördüyümüzü tanıyırıqmı?  Təhsildə sosial-psixoloji xidmət üzrə ixtisas almış gənc müəllifin ilk kitabını hansı hisslərlə oxuyub, hansı hisslərlə bitirəcəyik, fərq etməz, debütün uğurunu,oxucu marağını  arzulayaq. Gəncədə yaşayan gənc müəllif ədəbi proseslə görüşə gəlib. Bu sətirləri yazıram, özünü (“Şərq.az” 18.03. 2024) Hər sözə dönəcək adam deyiləm// Sən məni Allahın sözüylə çağır  – deyə nişan verən Taleh Mansurun   misraları  düşür yadıma:

Sevsəniz insanı, ürək görərsiz,

Hər yeri, hər yanı ürək görərsiz.

Bu kələk dünyanı ürək görərsiz,

Gözlərdən boylanıb, ürəkdən baxın.

(“Ədəbiyyat qəzeti”, 12 oktyabr, 2024-cü il)

Daha bir gəncin yeni kitabı: “Hardasa, olardı 13-14 yaşım”. “Qanun” nəşriyyatında keçən il çıxan bu kitab Vüqar Vanın 3-cü romanıdır. Kitabın 3 redaktorunun hər birinin əsərlə bağlı fikri sanki oxucunu yönləndirir. Seymur Baycanın “Vüqarın romanı oxuyacağınız ən gözəl əsərlərdən biri olacaq” əminliyindən sonra Şəhriyar Del Geraninin təəssüratı yolayrıcındadır:”...təkrar oxuyanda gördüm, yox, ilk dəfədir...” Nadir Yalçına görə bu, həyatın müxtəlif  üzləri ilə tanış olanların manifesti, maraqlı süjet, oxucunu özünə cəlb edən situasiyalarla zəngin romandır. Olsun. İlk baxışda adama elə gəlir ki,eksperimentlərə meyilli, dinamik Vüqar Van  həmişə hər yerdə var, həmişə harasa tələsir, elə tələsə-tələsə, çaparaq  danışdığı bioqrafik fraqmentləri birləşdirib, sonra ardıcıllıqla, amma səliqəylə düzüb. Ancaq mütləq dinləmək istəyirsən, maraqla gözləyirsən ki, sonra nə olacaq. Təhkiyəsi rəvandır, gündəlik həyatın sürətini hopdursa da, büdrəmir. Təbiətini mətninə  yansıtmağı bacaran az  müəllif görərsən, amma mənim həm də kitabını aldığım satıcının təsadüfən müəllif olduğunu biləndə gördüyüm Vüqar Van “gördüyünüz” adam deyil. Və mən mütəəssir baxışından üz-gözünə çilənmiş  “təbəssüm”ün  bu kitabın müəllifi olduğuna inandım. Köşə yazılarında və “cığallıqlarında” özünü xərcləməyinə heyfsiləndiyimiz bir neçə yazıçıdan biridir ki, məcburiyyətlərindən sıyrılıb, oxuyacağımız daha yaxşı romanlar yaza biləcəyinə inandıran bu kitab,  həmin o  yazıçının kitabının, yaxud kitablarının müjdəçisi və deposudur. Redaktorluğu, təhlilləri, kredosu da belə deyir. Vüqar Van o yazıçının gəlişinə hazırlıq görür. Sağlıq olsun.

Ədəbi prosesi canlandıran, hərəkətə gətirən kitab müzakirələrinin əhəmiyyəti, faydası Ədəbiyyat İnstitutunun müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin “Ədəbiyyat qəzeti” ilə birgə təşkil etdiyi  müzakirələr fonunda  cavab axtarılan suallarda daha yaxşı ifadə olunur. Ötən ilin yazında gənc yazıçı Ataqanın  “Qanadlı körpü” kitabının müzakirəsi “yaxşı hekayə necə yazılmalıdır? – sualına cavab axtarışı və “Janrın tələbi nəzərə alınan, təhkiyəsi ədəbi təcrübədən yararlanan mətn yaxşı alınacaq”(Tehran Əlişanoğlu)  nəticəsi ilə maraq doğurur. Gənc yazıçı Orxan Həsəninin “Və dalğalanırdı yaddaş dalğası” romanının müzakirəsi fonunda gənc nəsr üçün çevik düşüncənin dinamik yazı dilinin vacibliyi vurğulanıb.

Ötən il dövri nəşrlərdə gənc imzalar necə görünüb?

XX əsr Azərbaycan ədəbiyyatının inkişafı milli mətbuatın təcrübəsi ilə sıx bağlı olub. Cari ədəbi prosesi əks etdirən, istiqamətləndirən və tarixiləşdirən mənbə olan ədəbi jurnallar ədəbiyyatın estetik obrazının, ideya-məzmun istiqamətinin dəyişməsinin mənzərəsini verməklə yanaşı, onu izləməyə imkan verir. Alternativ ədəbi-mədəni tribuna və platforma olmaq iddialarının nümayişi olan nihilist mövqe, ədəbi nəsillərə dözümsüzlük fonunda sağlam, ağıllı, dərrakəyə sığışacaq həddə yeniliyi alqışlamağın tərəfdarı olan klassik  “Azərbaycan” jurnalı, peşəkar yazıçıların tribunası olsa da,  istedadlı gəncliyin özünüifadə imkanlarını  Ədəbi gənclik, Debüt, Gənc tənqidçinin tribunası rubrikalarında təmin edir. 2024-cü ildə  jurnal Tural Cəfərli, El Roman, Günel Ağazadə, Fərid Hüseyn, Elvin İntiqamoğlu, Fərqanə Səfərli, Səbinə Xosiyeva,  Günel Rəcəb,  Pərviz Qurbanlı, Leyla Əliyeva, Nuranə Abbasova, Həmid Piriyev,  Asim Arazlı, Aysel Şıxlı, Əfsanə Rəvan, Səddam Laçın, Mir Kamilin yazılarına tribuna oldu. “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalı bu adlara  əlavə kimi Taleh Mansur, Nadir Yalçın,  Təvəkkül Boysunar, Eminquey, Orxan Saffari, İntiqam Yaşar, Ulucay Akif, Yeqzar Cəfərli,  Aysel Zülfüqar,  Gülay Tahirli, İlkin Öz, Bəşir Niftəliyev, Fərqanə Səfərli, Rəvan Cavid, Nihat Pirin yaradıcılığından nümunələr təqdim etdi. Əslində, bu  imzalar ədəbi prosesdə, bu və ya digər platformalarda, həm nəsrdə, həm poetik ovqatda, tərcümə sahəsində, ədəbi essedə fəaldırlar. Görüntülər ayrı-ayrılıqda bəzən  gözlənilməzliklərlə sevindirir, bəzən  gözləntiləri sozaldır.  Olsun.  Heç bir yaradıcılıq həmişə yüksəliş nümunəsi ola bilməz.  Heç bir şair də tənqidlə istedadlı olmaz. “Ulduz” jurnalı bəzən onların “Özü ilə söhbət” rubrikasında sərbəstliyinə imkan yaratdı.

Gəncliyin maksimalist ruhu  hər nə qədər güzəştə hazır olmasa da, bu gün də müşahidə olunan inkarçılıq, ənənəvi dəyərlərdən tez-tələsik imtina olunması, xüsusən,  yeni  dəyərlər  yaradılmadan “köhnə”  dəyərlərin  arxivə  göndərilməsi, onlardan  üz  döndərilməsi, yaxud  ənənəvi  dəyərlərin  inkar  olunması, hətta bu, ən yeni postmodernist konsepsiyanın səciyyəsi olsa belə,  heç  də yaxşı deyil.   Gəncliyi itaətkarlığa dəvət heç deyil. Sınaqdan çıxmış  “ən yaxşı yeni – unudulmuş köhnədir”  nəticəsi  ehkam  kimi   qiymətləndirilməyə  layiqdir,  həm  də ona  görə ki, cəmiyyətin də, fərdin də inkişafının  keyfiyyəti  dəyərlərin   sintezinə  nail  olmaq və  onlara  yaradıcı yanaşmaqdan  asılıdır. Başadüşüləndir ki, Mədəniyyəti  təkcə  yaradılanlar  deyil, həm də yaradılanlara  münasibət  kimi qavrayan,  qəbul  edən  düşüncədən  yanaşılsa,  klassik  ədəbi irsə münasibətdə  diqqətli  və   həssas  yanaşma  müasir ədəbi  prosesin  əsas  keyfiyyət göstəricilərindən  biri kimi  xarakterizə  olunmalıdır.  Klassik irsə  dəyər  səviyyəsində  münasibət  – tarixə müraciət, klassik irsin tədqiqi və təbliği, sənətkarların təcrübəsindən bəhrələnmək,  ayrı-ayrı sənətkarların yaradıcılıq  nümunələrinə  nəzirə, təbdil və iqtibaslar, ən başlıcası, ənənəyə  novatorcasına  yanaşma  – müasir  ədəbi prosesin  inkişaf  etdirilməsində, onun bir sıra problemlərinin həllinə istiqamətlənmiş  yanaşmalarda,  gənc ədəbi nəsillərin düzgün istiqamətlənməsində mühüm ictimai-estetik  amillərdəndir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!