Cavanşir YUSİFLİ
Sözügedən il ərzində Azərbaycan bədii nəsri haqqında nə demək olar? Sualla başlamaq təsadüfi deyil: doğrudanmı, bir il ərzində nəsrimizdə böyük təbəddülatlar baş verib? Qızğın müzakirələr, polemik məqamlar, zövqlərin baş-başa gəlməsi və sair... Bu məqamlara baxıb mənzərəni aydınlaşdırmaq olar.
İkinci müəyyənləşdirici cəhət bədii mətnlərin keyfiyyəti ilə bağlıdır. Deyəcəksiniz ki, əsas da elə budur. Ancaq keyfiyyət, bədii-estetik dəyər aşağı olmayanda polemika qızışa bilər. Yeni şeylər həmişə mübahisələrlə müşayiət olunur. Bir il ərzində bu kimi əsərlər olubmu? Bunu birbaşa demək çətindir. Həm də nəsrin “hərəkəti” elədir ki, sözügedən dəyər illərlə aşkarlanır. Ona görə də məruzədə biz təkcə konkret illə məhdudlaşmayacayıq.
Mən həmişə gənc ədiblərin yaradıcılığına üstünlük vermişəm, indi də o ənənəni davam etdirmək istərdim. Əli Zərbəlinin “Hər şey dəyişəndə” kitabı. Orxan Həsəninin “Anka” hekayəsi və iki romanı – “Və dalğalandı yaddaş zəmisi” və “Müharibəni gözlərkən”... Vüqar Vanın “Hardasa, olardı 13-14 yaşım”, Ulucay Akifin hekayə və şeirləri, Səddam Laçının şeir kitabı və bir neçə hekayəsi, Orxan Cuvarlının hekayələri...
Daha sonra Şərif Ağayarın, Mübariz Örənin, Şəhriyar Del Geraninin, Ömər Xəyyamın hekayələri... Konkret ili unudaraq seçdiyimiz mətnlərin bizim ədəbi proses üçün önəm daşıyacaq cəhətlərindən bəhs etməyə çalışacağıq.
Anarın, Elçinin hekayələri. Anarın “Qatardan qalan adam” hekayəsi haqqında yazmışıq və bu hekayənin “danışdığı” mətləblər usta şəkildə işlənib.
Professional yazıçı Elçinin mətnlərində, fikrimizcə, bir yorğunluq hiss olunur, “yazmaq xətrinə yazmaq” təəssüratı uzaqdan adamın üzünə vurur. Bir də dərs keçmək niyyəti ilə təcrübəli tənqidçinin nəzəri bazasız tənqidi-ədəbiyyatşünaslıq yazıları yorur, yorğunluq yaradır...
Son zamanlar süni intellektin geniş intişarı, ən müxtəlif şəbəkə və kəsiklərdə real olanı, gerçək olanı əvəz etməsi hallarına rastlanır. Süni intellekt tam olaraq elm faktoru olsa da, kompüter möcüzəsi olsa da, əslində və daha çox siyasət çubuğudur. Süni intellektdə realla reallığı arzulanan nəsnələr qarşılaşdırılır və məqsəd gerçəkliyin unutdurulmasıdır. Bununla bağlı filmlər də mövcuddur. Əslində həyatda olmayan bir şeyi – sənin də iştirak etdiyin ən dəhşətli bir olaydan bədii əsər, kino lenti quraşdırmaqla elə bir inandırıcılıq effekti yaratmaq olar ki, yer yerindən oynar. Türkiyə Prezidenti Ərdoğanın el şairi Sücaətdən şeir deməsi. Süni intellekt əslində heç nəyi uydurmur, Ərdoğanın siyasi leksikonunda şeir məsələsi daim gündəlikdə olduğundan, şeirləri siyasi-ideoloji məqsəd və mesaj ötürmək üçün dediyindən mahiyyətcə Sücaətdən də şeir deyə bilər. Süni intellekt şeir deyən adamın intonasiyasını ideal şəkildə təqlid edir. Yəni, süni intellekt bədii ədəbiyyatın, ən irəli post-modern ədəbiyyatın texnologiyasına sürətlə yiyələnir, bir azdan ədəbiyyatda bu kimi nəsr əsərlərinin yazılması aktual olmaya da bilər. Süni intellekt hər şeyi sürətlə əvəz edir. Nəsrdə, fikrimizcə, auto-fiction janrı bu baxımdan gündəliyə gəlir. Bu janrda real olanda fantaziya qəribə şəkildə qaynayıb qovuşur. Vüqar Vanın “Hardasa, olardı 13-14 yaşım” romanı məhz belə bir ehtiyacdan yaranıb. Roman boyu bütün obrazların üstündə, yan-yörəsində bir fotoqraf cihazı var, görünür və dərhal yoxa çıxır. Bu cihaz uşaq gözləridir, ən müxtəlif situasiyalarda hadisələrin axarında önəmli bir detala “sancılır” və roman təhkiyəsində “fləş-yaddaş”a çevrilir. Janr üçün önəmli olan məqamlardan biri məhz budur. Hər yerdə, xüsusən, Ərdəbildə gəzərkən bütün danışıqların, seyr edilən mənzərələrin içindən nələrsə seçilir, onların məhz uyğun olmayan tərəfləri qarşı-qarşıya gətirilir və belə bir ağrılı nöqtəni döyəcləyir: ola bilər ki, haçansa bu gördüklərimiz silinib yox ola bilər, çünki biz sürətli bir axının – dəyişmənin içindəyik. Kommunikasiya texnologiyasının həniri üzümüzə vurduğu dönəmdə bunun gerçəkləşməsi çox asan və olası bir məsələdir. Hər şey silinsə də, insanın ruhunu və beynini, düşüncələrini və alt şüurunu birləşdirən gözlərin “çəkdiyi” məqamlar özünü bərpa edə bilər. Bu “texnika”nın bir önəmli üstünlüyü də var ki, fləş-yaddaş özündən əvvəlki hadisələr haqqında da semiotik xəritə yarada bilmək gücünə malikdir.
Rəşad Səfərin “Keçilərin nəğməsi” romanı haqqında. Bu roman 2024-cü ilin məhsulu olmasa da, haqqında danışmaq, fikrimizcə, yuxarıda vurğuladığımız səbəbdən vacibdir. Bu barədə danışmazdan əvvəl belə bir arqumenti dilə gətirək: bizdə roman bumu özü ilə çətinliklərlə bərabər müəyyən üstün nəsnələri də qalıcı etdi. Nəsr təfəkkürü sırf sosial mövzuların içində itib-batmaqdan xilas olmaq yoluna qədəm qoydu. Rəşadın romanı roman sənətində irəli atılmış, həm də cəsarətlə irəli atılmış yeni söz sayıla biləcək gücə malikdirmi? Yaxud: heç bir tənqidə tab gətirməyən çox zəif bir romandır? Bunu təhlillərlə təsdiq etmək olar. Bu suala ətraflı və dəqiq cavab verə bilmək üçün romandakı gerçəkliyin (bədii, fiktiv gerçəkliyin) tipini müəyyənləşdirmək lazımdır. Diqqətli oxu zamanı fikir haçalanır, romandakı hadisələrin nüvəsində ani, mikroskopik çevrilmələr yatırsa da (bu fikir İlham Əzizin roman haqqında yazdığı qeydlərdə də var), əsas məsələ sürrealist gerçəklik məsələsidir. Ayrı-ayrı “nəğmələr”in bir-birlərinə və “xəyali” bütövə münasibəti haqqında nə demək mümkündür? Hər şey nəql edilir və yoxa çıxır. Süjetin irəli-geri hərəkətində hər şey nə qədər məqsədlidirsə, bir o qədər də məqsədsizdir. Oxu irəlilədikcə oxuduqların sürətlə unudulur, hər şey keçici və epizodikdir, təkcə bir şey ekrana “sıçrayır”: daim əllərinin içi tərləyən qəhrəman ölüm qorxusu altında bütün xatirələrini tez bir zamanda qələmə almaq istəyinə (mərəzinə – !) tutulub. Yaddaqalan hərəkətin diktə etdiyi mahiyyət səciyyəli nəsnələr yox, sadəcə, “qabıq”dır, məsələn, saatsaz obrazı, oğlu dünyaya gələnədək ona gətirilən saatları zay edən, saatları sökən, o sfer və sıfırblatların içində itib-batan adam, daha sonra gerçək həyatdan mənzərələr: qəhrəmanın xalası, evini çinlilərə kirayə verir, ekstrasenslik xidməti göstərir, elə qəhrəmanın hüzurunda üç adamdan birini türmədən çıxarması... və sair və ilaxır... Xətti süjetin alt yapısı yoxdu, buna görə bədii mətn də yoxdur...
“İndi üstündən iki ildən artıq vaxt keçib. Görünüşü hələ də gözümün qabağındadır: bəzən ağrıdan, bəzənsə əsaya söykəndiyindən əyilmiş görünsə də, uca qaməti, xırda, qıvrım, ağ saçları, yuxusuzluqdan daim şiş gözləri, iri dodaqları, iri və bol damarlı əlləri, gur səsi... Qapıdan son dəfə çıxdığı, daha doğrusu, çıxarıldığı gün artıq üçüncü dəfə təkrarlayıb “dəftər əmanəti” deməsinə rəğmən, xeyli müddət qərar verə bilmədim. Necə, hansı formada, nə zaman yazım onun hekayəsini? Yazmalıyammı? Mənim o məkana gedişimin məqsədi başqa idi. Öz qorxularımın ucbatından tələsik qərarlar vermişdim, hafizəmin ağzını dalana tutub dördnala çapmaq istəyirdim. Sonda dalana dirəndi dirənməyinə, amma bu, yalnız öz kasıblığım ucbatından deyil, yoldaş müstəntiqin də müdaxiləsi ilə baş verdi. Elə bir an gəldi ki, daim özümün deyil, onun dirijor çubuğuna uymağa başladım...” Romanın qəhrəmanı bütün ona mane olan, yazmağa, düşünməyə qoymayan əngəllərdən xilas olmaq üçün dayısının aracılığı ilə şəhərdən uzaq yerdə ev tutur və bir neçə gün yazı işinə köklənməyə çalışır və yazır da... Amma evin yiyəsi, qonşuluqda yaşayan keçmiş müstəntiq və onun danışdığı hekayələr gənc yazıçının yazmaq istədiklərini üstələyir, reallıq fantaziyaya, təxəyyülə qalib gəlir, yazıçı qələmi yerə qoyub cənab müstəntiqi dinləyir. Çox əcaib və qorxulu, çox inanılmaz və sirli hadisələr baş verir. Harda? Qəhrəmanın şüuraltıyla dərk etdiyi məqamlarda. Dəhşətin, qara-qorxunun gözü açılar-açılmaz, ilk baxışda yazıdan üstün sürreal gerçəklik yaranıbformalaşır. Bu əhvalat əlbəttə ki, Karpentyerin sözləri ilə desək, “yüzlərlə səhifəni dolduran fəryaddır” – səssiz, içə çəkiləndə oranı dağıdan fəryad. Onu sözə çevirmək, nəsr dilində yazmaq çətindir. Yazmaq üçün ən müxtəlif, zahirən və doğrudan da, bir-birinə zidd olan nəsnələrin uyuşması, uc-uca gətirilməsi, başqa sözlə, mətndə güclü dramaturji ortam yaradılmasına ehtiyac var. Fikrimizcə, Rəşad bu işin öhdəsindən müəyyən dərəcədə gəlib. Qüsurlu sayıla biləcək səhifələr və gedişlər də var. Bəzən işıq selində, bu selin proyeksiyasında proporsiya düzgün hesablanmır. Bəzi hissələr arxada qalanları unutdurur və bağ itir. Bədii ədəbiyyat, nəsr dünyası əyləncə aləmidir, detektivin, detektiv elementlərinin səhifələrə, bədii mətnin ruhuna dolması da təsadüfi deyildir. Ancaq burda proporsiya gözlənilməlidir. Çünki mahiyyəti ifadə edən ciddilik pozular və oxucu onu duymaz. Karpentyerin dediyi kimi: “İncildən gəlmə ehkamlar tonunda indi oxuyacağınız sözləri demək istərdim: əylənmək üçün roman yazırsansa, yandır onu! Çünki sən onu yandırmasan, zamanın sürəti və gərdişi onu məhv edəcək, onunla birgə sən də istənilən şair, yaxud romançının əbədi qalmaq istədiyi xalqın yaddaşından silinəcəksən. Keçmişdə nə qədər əyləncə ruhlu roman yazılıb! Eləcə də bütün dövrlərdə. İndi kim onları xatırlayır?”
Orxan Həsəninin hekayələri və yuxarıda adlarını zikr etdiyimiz iki romanı. Orxan ən istedadlı gənc nasirlərdəndir. Onun yazı üslubunda iki cəhəti müşahidə etmişik. “Qırmızı ayaqqabılar” və “Anka” tipli mətnlər doğrudan, çox gözəldir, təkcə dilinə, mövzunun işlənməsinə görə yox, həm də məxsusi, ancaq Orxana xas deyim tərzinin olmasına görə. Orxanın mətnlərində həm də Heminqueyin “mətnaltı” prinsipinə uyar bir nəsnə var, üst qatdakı sakitlik, sürətin sanki qəsdən azaldılması, altda cücərən pıçıltıları tətikləyir və bu “disharmoniya” mətləbin tam gücüylə ifadəsi ilə nəticələnir. Məhz bunun sayəsində bu mətnlərdə Orxan sözü kədərə, kədəri sözə çevirə bilir. Dialoqlar gözəldir, mətnlərin daxili intonasiyası, ab-havası, gerçəkliyə münasibətdə üfüqi və şaquli çarpazlaşmalar... hekayənin ideyasını bir sıra prizmalardan görsədə bilir. İkinci tip mətnlərdə Orxan avanqarda qaçır, mətndə, təhkiyə axınında mürəkkəb gedişlər qurur və zəif görüntülərlə yadda qalır.
Orxanın romanları – “Və dalğalandı yaddaş zəmisi” və “Müharibəni gözləyərkən” nə qədər qatmaqarışıq hadisələrdən, döngələrdən bəhs etsə də, sakit təhkiyəsi ilə diqqəti çəkir. Orxan Həsəninin təhkiyəsi sakitlikdə axışı xoşlayır, mətnin daxilini hərəkətə gətirən dramaturgiya onda dərinlərdə cərəyan edir, üst qatda, nəfəs tıncıxmasına bərabər tutula bilən qəfil və təsadüfi gedişlər onun mətnlərinə yaddır. Bu iki romanda da ən intriqalı, daxili narazılıq və barışmazlığı ifadə edən situasiyalar da sakit tərzdə göstərilir. Bunun üçün Orxanın yiyələndiyi üsullar şəbəkəsi var, hər halda biz belə hiss edirik. “Müharibəni gözlərkən” birinci romanın qəhrəmanlarının tələbə həyatından sonrakı illəri – əsgərlik həyatını əks etdirir. Hava buludlu, atmosfer gərgindir. Orxan hər bir səhnəni sakit tonda, ancaq incəliyinə qədər təsvir edir. İkinci roman Universitet yoldaşının, həlak olmuş dostun gündəliyi əsasında yazılır.
Hədiyyə Şəfaqətin “Uzaq adamlar” romanı da müəllif üçün bu ilin uğurlarından sayıla bilər.
Daha sonra Azad Qaradərəlinin seçilmiş əsərlərindən, Aslan Quliyevin, Nəriman Əbdürrəhmanlının bədii mətnlərindən bəhs etmək olar. Azadın ard-arda yazdığı romanlar, hekayə və povestlər ədəbi prosesdə müəyyən mövqeyə malikdir. Aslan Quliyevin romanları ilə bərabər dünya ədəbiyyatından etdiyi tərcümələr maraqlıdır. Nəriman hər bir romanını yazdığı zaman ilk işi kimi arxivlərdə işləməyi, təxəyyülündəki faktları sənədləşdirməyi sevir. Hadisəni yerli-yataqlı öyrəndikdən sonra onlarla yazı manerasının icazə verdiyi şəkildə, sərbəst davranır və konseptual layihə hazırlayır. Nərimanın yazdığı roman, yaratdığı bədii mətn qəhrəmanın, yaxud tarixi hadisənin varoluş ehtimallarından biri kimi səslənir və insan taleyinin gizli, yalnız yazıçı təxəyyülü ilə işıqlana bilən sahəsi kimi yaddaşda iz buraxır. Onun “Qurban” romanı bu silsilədəndir.
Elçin Hüseynbəylinin “Gültəkin xaqan” romanı. Roman V-VIII əsr Göytürk Xaqanlığının tarixindən və onun ən böyük sərkərdəsi sayılan Gültəkinin döyüşlərindən bəhs edir.
İlham Əzizin “Şimşəkdən sonra” hekayələr kitabı və bundan sonra maraqla qarşılanan bir neçə hekayəsi.
Samirə Əşrəfin hekayələr kitabı və “Divanın altı” hekayəsi. Samirə nəsr mətnlərində müharibə ovqatını, müharibənin səbəb olduğu mənəvi dağıntıları ustalıqla təsvir edir.
Yaxınlarda Samirə Əşrəfin “Divanın altı” hekayəsi Kulis.az saytında müzakirə olundu. Müəyyən rəylər ixtisaslı tənqid anlamına gəlirdi. Bədii mətni araşdıra bilmək müəllifə və müəlliflərə çox şey verir. Sual olunur: “Divanın altı” hekayəsini onun uzun müddətdən sonra daha bir uğuru hesab etmək olarmı? Hər halda hekayə, bədii mətn bir daha, bir daha oxunmağı tələb edir. Və artıq bu bir məziyyətdir – mətnin oxunmaq, incələnmək tələbi ciddi mətləblərdən ən birincisidir. Vaxt var idi, müəllif hekayəsini adlı-sanlı bir redaktora verib onu “yaxşılaşdırmaq” istəyirdi və elə güman edilirdi, bu komponent – dil mətnin ən azından səksən faiz uğuru deməkdir. Ancaq unudulurdu ki, həmin komponent – dil elə yazı prosesində yaranır. Başqası gəlib sənin yaratdığın cismə can verə bilməz. İndi bu təsəvvür arxada qalıb.
Nəsr mətni, ümumən bədii mətnin bütün komponentlərinin ideal gözəllikdə, düzümdə olduğu bir aləm deyildir, əksinə, burda həmişə “işıqla qaranlığın/kölgənin” dilləşməsi gedir. Samirənin hekayəsində hər şey qaranlıq, gözlə zəif görünən bir məkandan gün üzünə çıxır və ora əl çatmır, istədiyin şeyi nəyinsə “uzantısı”yla çıxara bilərsən. Samirə nə yazırsa, uşaqlığının, yeniyetmə çağlarının yaraları olan illərə, o illərin alt qatlarına gedir. Məlum olur ki, divanın altı da elə nələrinsə altıdır. Ordan çıxmaq, ordan, o sehrli hənirlərdən qurtulmaq mümkün deyildir. Samirə bədii detal ustasıdır. Hər yazısını qəfil ağlına gələn detal üzərində qurmağı və kəşf etdiyi ərazini genişləndirməyi bacarır.
Etimad Başkeçidin “Min yol mənə söylər” romanı ötən illərdə nəşr edilib. Nəşr ediləndən bəri haqqında heç nə deyilməyib, üstündən sükutla keçilib, halbuki Etimadın romanı haqqında danışmağa dəyər. “Min yol mənə söylər” struktur etibarı ilə mürəkkəb və qəliz olmasa da, keçən əsrin 90-cı illərinin kəsif mühitini, siyasi baxımdan bulaşıq dönəmini təsvir edir, bu təsvir həm də insanların daxilindən “çəkilir”. Nəhəng kənd boyda bir şəhərdə oxuduğu universitetdə iş tapıb dolanışıq qurmaq arzusu ilə qiyabiyə keçən, buna görə bir aydan sonra yataqxanadan çıxarılan, söz verilən iş imkanı dəhşətli bir qəza nəticəsində yoxa çıxan gənc (Edik) çox pis vəziyyətə düşür, hər şey, dünya, insan, tale, həyatın mənası və sair cizgilərlə bağlı hər şey bu ifrat gərgin auradan göstərilir. Aclıq çəkdiyi, ehtiyac ucundan kitablarını bukinist dükanına satmaq istəyən adamın yaşantıları (burda da fləş-yaddaş metodu işə düşür...) bir sıra mətləblərin üzərinə işıq sala bilir. “Sükut insanı təzədən dünyaya gətirir”, – ağır məhrumiyyətlərdən keçmiş personajın bu təsbiti romanın bütün pasajları arasında bağ qurur.
Şərif Ağayarın bu il “Rəng mühəndisi” romanı nəşr olunub və Libraff-da təqdimatı keçirilib. Roman haqqında başqa bir təsadüfdə danışmaq olar, indi onun ilk qələm təcrübələrindən damcı-damcı yaranıb formalaşan tərzdə qələmə aldığı “Yaz intizarı” hekayəsindən bəhs edək. Bir məqamı ötürməyək, bizdə bir neçə nasir var, üslub, yazı tərzi, yəni sanki hazır şəkildə yiyələndiyi üslub dəyişmir, təzə-tər qalır, oxuduqca bezmirsən, bu üslub elə bir magiyaya malikdir ki, hər təsadüfdə yeni çalarlar bəxş edir. Bu sıraya Fəxri Uğurlu və Mübariz Örəni də aid etmək olar. Fəxri, fikrimizcə, bir balaca fərqlənir. Onun mətnləri konseptual əsaslar üzərində gəlir. “Tanrı dağları” silsiləsi və dünya ədəbiyyatını yaradan əsər və hadisələr haqqında oçerkləri misilsizdir.
Şərifin “Yaz intizarı” hekayəsində intuisiyanın, uşaq qəlbi ilə dünyanı duymanın incəlikləri, uşağın atlarla bağlı özlüyündə elədiyi kəşflər, dünyanı qavraması, bu unikal, ürəyə məhrəm duyğularla girib orda sevgi dolu səslər yaradan, bu dünyada təkcə uşaqların hiss etdiyi nəsnələr hekayədə rəsm olunub. Alaşanın qayıtmasını ürəkdən istədiyindən müqəddəs sayılan bulağın suyunu içməzdən qabaq onu öpməsi, dua etməsi və bu arada gözünün ucuyla dünyada cövlan edən biclikləri də müşahidə etməsi təhkiyəyə xüsusi təravət verir. Uşağın atasına və anasına münasibəti, hər şeyi daha çox ürəyində sorğulaması, anasıyla dayısının Çitadan qayıtma səhnəsini oynaması, idilliya və onun hansı sözlərləsə anidən yox olması, insanlardan fərqli olaraq atların arxadan gələn təhlükəni dərhal hiss etmələri (görmələri – !) kimi incəliklər və bu məhrəmlik və paklığı pozmaq üçün yaranmış söz və hərəkətlərin araya girməsi hekayənin kompozisiyasında mərtəbəlilik yaradır.
Mübariz Örənin “Qum adası” hekayəsi, fikrimizcə, onun yaradıcılığında belə bir funksiyaya malikdir; ancaq nə mənada? Mübarizin kifayət qədər “uzun hekayələr”i var, onların əksəriyyəti haqqında söz deyilib, təqdir, yaxud tənqid edilib. Haqlı, yaxud haqsız. Ancaq “Qum adası” o hekayələrdən fərqlənir, zahirən yox, daxili enerjisi etibarı ilə. Təhkiyə Mübarizin bütün hekayələrində bizə tanış olan təhkiyədir, heç bir dəyişiklik yoxdur, digər hekayələrində olduğu kimi, bu mətndə də “kənardan eşidilən” səs aparıcı rol oynayır. İndicə baş verəcək, yaxud cərəyan etməkdə olan hadisə haqqında kimsə kadr arxasından danışır. Bu hekayəni digərlərindən fərqləndirən, onu “adiləşdirən”, yəni fərqi ört-basdır edən hansı keyfiyyətdir?
Həmid Piriyevin “Kadrarxası hekayələr” silsiləsi var. Onlardan biri – “Qafqaz rəqqası” haqqında danışmaq olar. Bu hekayələr fərqlidir, məqsəd keçmişdən bu günə mədəniyyətin bu günü yaradan hüceyrə, parça və toxumalarını nişan verib göstərməkdir. Hekayədə qəhrəmanın kənddən şəhərə gəlib sirkdə işə düzəlməsi, atlara qulluq etməsi, hər gün sirk səhnəsində oyun çıxaran rus qızlarının məşqlərinə baxması, bu qızların ona ümumən məhəl qoymaması, ancaq günlərin bir günü tövlədə rəqs edərkən sirk işçilərindən birinin onu görməsi, rəqsini nömrə kimi proqrama salması taleyini dəyişdirir. Kirədə qaldığı evdə hər gün başına gələnləri həmşərilərə danışması, onların buna inanmaması, gülüb keçmələri... hələ bu harasıdır?! Bir gün sirkə sinematoqrafın gəlməsi, səhnəyə ağ bez çəkib onun da rəqsinin çəkilməsi adamı dəhşətə gətirir. Bu kimi “inqilabi” şeyləri ilk dəfə gördüyündən xəyalı çaşır, nə edəcəyini bilmir, amma hər gün bir “buğda boyda” böyüməsi də gecikmir. Fikrimizcə, Azərbaycan hekayəçiliyində mədəni qatların açılmasını göstərən bu tipli hekayələrin xüsusi önəmi var.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!