Tehran ƏLİŞANOĞLU
1. Tənqidin tənqidi. Hesabat ilinin sonunda ədəbi tənqidin bizim ədəbi prosesdə missiyasını başa vurması barədə söhbətlər yenə gündəmə gəldi. Son otuz ildə neçənci dəfə. Bütün ajiotajla yanaşı, ədəbiyyatşünas-tənqidçilər Cavanşir Yusifli, Mətanət Vahid bu barədə faktik danışdılar. Ki, olmayan şeydən nə danışasan. Hətta filosof Rahid Ulusel təzəlikcə (bax: “Tənqidin yaradıcı meydanı getdikcə niyə daralır?!” – “Ədəbiyyat qəzeti”, 7 mart 2025-ci il), olmayan “ədəbi tənqid”in olası şərtləri barədə, necə otuz il əvvələ, reseptlərini böyük bir şövqlə bir daha ədəbi publikaya sundu. Nə fayda, məktəblərdə öyrəndiklərimiz gər real praktikamızda yoxdursa, bunun adına sxolastika demişlər. Tarix boyu belə olmuşdur.
2. Real praktikadan, gerçəklərdən gəlmək lazımdır.Bizdə ədəbi tənqid niyə və nədən olmasın ki? Çox sadə; 2024/2025-ci ilin ədəbi prosesləri-faktları-gerçəkləri və ədəbi-tənqidi praktikasıüzərində müşahidələr bizə deyir: bugün bizdə ədəbi tənqid məhz ona görə yoxdur ki, bu missiyanın arxasında durmaq, janrın-sahənin yükünü boynuna çəkmək istəyən, ədəbi tənqidə və tənqidçi adına iddia edən kimsə-kimsənəartıq yoxdur (Necə ki, neçə il öncə Xalq yazıçısı Elçin “Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq?” deyə həyəcan təbili çalırdı - “Ədəbiyyat qəzeti”, 2, 8, 16 mart 2019). İstər fərdi, peşəkar qaydada, istərsə də hər hansı instansiya-institut-qurum səviyyəsində.
3. Harada qalmışdıq. İki il öncə “Şuşa ilində ədəbi tənqid” icmalında bu missiyanın avtomatik, ya şüurlu, xoş-naxoş üzərində olduğu klassik ədəbi tənqid korpusu, ədəbi qurumlar, ədəbiyyatımızın real inkişaf məntiqindən gələn konsept və tendensiyalar və ayrı-ayrı tənqidçilərin işi barəsində uzun-uzadı (bax: “Ədəbiyyat qəzeti”, 22 iyul 2023; 20 yanvar 2024) bəhs açmışdıq. Nerədə bunlar? Nədən heç birisi yükün altına girməyib-girəməyib gün-gündən daha da sürət götürmüş, nerəyəsə tələsən ədəbi zəmanəmizin adekvat analitik mənzərəsini, tənqidini verə bilməyir. Sual, əlbəttə, ritorikdir; özlüyündə cavabı da içində (əvvəlki tezisə bax).
4. Tənqid və ədəbi proses.Praktikaya gələk. Bizdə lap son zamanlara qədər çağdaş ədəbi prosesin dərki-analitikası, mənzərəsi-şərhi, gəlişməsi-gəlişdirilməsi... professional səviyyədə başlıca olaraq Azər Turanın “Ədəbiyyat qəzeti”ndən keçib-gəlirdi (Bunu mən ilk olaraq “2018-ci il: ədəbi tənqid refleksləri” icmalında konstatasiya etmiş, sonrakı illərdə də ardıcıl izləmişəm – bax: “Tənqid və ədəbi proses-2019 (Şikayət tezisləri)”; “Yeni Zamana giriş: ədəbi tənqiddə diskurslar”// T.Əlişanoğlu, Müxbir üzvün qeydləri. Bakı, “Elm və təhsil”, 2022; “Şuşa ilində ədəbi tənqid” – 22 iyul 2023, 20 yanvar 2024)İstər ideya-ideoloji, ədəbi-estetik hərəkət və hərəkatların fiksəsi baxımından, istərsə də elə ölkənin nəhəng ədəbiyyat korpusunun bu platformları qəzetdə realizəsinə görə. Bugünisə bunu demək, çətindir.
Doğrudur, bugün də ölkə ədəbiyyatının baş ideoloji xətti, ideya-estetik yöntəmi, hərəkət istiqamətlərini ədəbi prosesə ilk olaraq məhz “Ədəbiyyat qəzeti” sızdırır,yansıtmağa çalışıır: Turan idealı, Azərbaycançılıq məfkurəsi, modern dünya konteksti...Amma axı ölkə Prezidentinin çıxışlarından qaynaqlanan, eyni zamanda ədəbi-mədəni və ictimai-tarixi kontekstin müəyyən etdiyi həmin oriyentirlərəƏdəbiyyat özü nə əlavə edir?Azərbaycançılıq-türkçülük dəyərləri, modern dünya gəlişmələri ədəbiyyatımızın praktikasında necədir, necə və nədə təzahür edir, nəyi, niyə, necə qabardır... – bu mənzərəni nə qəzetdə görə bilir, nə də analitikasını ədəbi-tənqidi proseslərdən ala bilirik...
Doğrudur, qəzetdə yenə də “Ədəbiyyat qəzeti”nin baş yazarı Azər Turan (...), baş tənqid yazarı, millət vəkili Elnarə Akimova (...), ardıcıl köşə yazarı Cavanşir Yusifli (...), silsilələr yazarı Əsəd Cahangir (...), künc yazarı Rüstəm Kamal (...) kimi səriştəliqələm sahibləri mütəmadi tənqid yazıları ilə çıxış edirlər; hər biri də öz mövzusu, öz dünyası, öz ampluasında. Elə çox-çox digər müəlliflər də; adlı-sanlılar da, sıradan görünənlər də...
Buradaca Azər Turanın qəzetdəki yazılarından hasilə gəlmiş, ardıcıl türkçülük mücadiləsini ehtiva edən irihəcmli “Ulusu sevmək fənni” kitabının (Bakı, 2025) önəmini vurğulamağı lazım bilirəm...
Qəzetin səhifələrində yenə də ölkənin baş yazarı, xalq yazıçısı Anar, xalq yazıçısı Elçin, xalq şairi S.Rüstəmxanlı, qocaman şair Məmməd İsmayıl müxtəlif aktual-tematik mövqelərdən çıxışlar edir, gündəm temalarına yerindəcə reaksiya verirlər. Yenə də Ədəbiyyat klassikasına dair qəzetdəakademik İsa Həbibbəylinin (...),“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq konusunda akademik Kamal Abdullanın (...), Dil tarixi və ontologiyasına dair akademik Nizami Cəfərovun (...)yeni-yeni yazılarını oxuyuruq. Qəzet son intensivliyində daha bir “dil bazarçası” açmış; dilçilik professoru Nadir Məmmədlinin müxtəlif Dil problematikasına eyni maarifləndirici missiyadan müdaxiləsi (...) heyrətamiz və diqqətəşayandır...
Yenə də Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə, Qəzənfər Paşayev, Asif Rüstəmli, Vaqif Yusifli, Vilayət Quliyev, Məti Osmanoğlu kimi ədəbiyyatşünasların, publisist və tənqidçilər Nizaməddin Mustafa, Pərvin, Mətanət Vahidintənqidi-publisist yazıları yer almaqla yanaşı, amma çox sayda “köhnə bazara təzə nırx” yazıların da sızması burda prosesin yornuqluğunu, sükunətini, sanki qəzetin də bu aradaProsesdən yorulduğunu büruzə verir. Qəzetdə əzəlki gəlişmə havası, canlı Ədəbiyyat nəfəsi, mövqe və fikir çırpınışını görmürük. Bugün “Ədəbiyyat qəzeti” proses səciyyəli deyil, tematik çıxır. Və bu tematik və hardasa stratafik rəngarənglik heç də “Ədəbiyyat qəzeti”nin xeyrinə olmayıb, onu ədəbiyyat dərc edən digər qəzetlər yanında sıradan birinə çevirə bilər.Necə deyərlər, indi axı bu ayinəyə baxıb, ədəbiyyatımızın hazırda hardan gəlib, hara getdiyinigörə bilmirik...
- Ədəbi tənqidin hesab apardığı, umub da daim küsdüyü ünvanlardan ən qədimisi, şəksiz ki, Azərbaycan Yazıçılarının Birliyidir. Elə “Ədəbiyyat qəzeti”, “Azərbaycan”, “Ulduz” jurnalları da daxil olmaqla tənqid sarıdan vəziyyət burda da tematikdir. Birliyin beş-yeddi ildən bir görünən Tənqid seksiyasını yada salmaq “ağrımayan başa dəsmal bağlamaq” olar, yozaq ötən əyyamların yıpranmış formatlarına. Məsələn, əvəzində baxaq,“Azərbaycan” jurnalının il ərzində produktiv “Tənqid və ədəbiyyatşünaslıq” səhifələrinə: Rüstəm Kamalın “Şuşa landşaftının mifopoetikası”ndan başlamış Qorxmaz Quliyevin “Poçt qutusu”nda nəzər nöqtəsi anlayışı”, Yaşar Qasımbəylinin “Əsrin səsi və ədəbi zirvəsi”, Nizami Məmmədov-Tağısoyun “Anar yaradıcılığında keçmişlə müasirliyin simbiozu”, Vaqif Yusiflinin “Akademikin yaddaş dünyası”, Rahid Uluselin “Həyatın təməl quruluşu”, Salidə Şərifovanın “Sirlərin sərgüzəşti”, Təyyar Salamoğlunun “Zəfərimiz və ədəbiyyatımız”, Nərgiz Cabbarlının “Qalibiyyət romanları və ağrısı bitməyən müharibə”, Esmira Fuadın “Bütöv Azərbaycan ədəbiyyatında zəfər diskursu”, Fərid Hüseynin “Zəfər zavalı: Məhəmməd Füzulinin “Bəngü Badə” əsəri barədə” Zəfər məqalələrinəcən... – hər birisində problem, portret, nəzəriyyə, təhlil, araşdırma səciyyəli tematik rəngarənglik. Özlüyündə alqışlanmalı, ədəbiyyat və ədəbiyyatşünaslıq bazamıza rəng qatan, xallar artıran missiyadır deyək. Jurnalda sadəcə Proses axtarışı yoxdur; niyə küsək, bir tənqid icmalında da vurğuladığım kimi,“Azərbaycan” jurnalıbu niyyəti heç qarşısına qoymur da...
Yenə “Şuşa ili”nə qayıdıram. Yazıçıların XIII qurultayından az sonra Anar müəllim məclislərin birində bir çox vədləri sırasında bir“Tənqid” jurnalı yaratmaq niyyətini də bildirdi. Hətta yadımdadır, mənim “Tənqid.net”imlə maraqlanmış, yeni jurnalın redaktoru kimi məşhur tənqidçi Əsəd Cahangiri nəzərdə tutduğunu demişdi. Gözləyə-gözləyə qaldıq...
AYB-də hadisələrin dinamik inkişaf etdiyi yer, şəksiz ki, Natəvan zalıdır. Məlumdur ki, Natəvan zalı lap əvvəldən“açıq qapı” siyasəti yürüdür: Yubiley təntənələrindən, hər cür kütləvi kitab təqdimatlarına, Ulduzlu görüşlərəcən. Bir çox layiqli tədbirlərin ədəbi-mədəni önəmini danmadan, o da lap əvvəldən bəllidir ki, Natəvan zalı Tənqidin olmadığı yerdir...
- Bizdə Ədəbi tənqidin tarixən güvəndiyi ünvanlardan daha birisi Ədəbiyyat elmimizin baş qərargahı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutudur. Akademik İsa Həbibbəylinin təşəbbüsü, Ədəbi tənqid şöbəsinin təşkilatçılığı ilə hazırkı formatda Ədəbi prosesə müdaxiləmiz 13 ildir artıq. Formata heç bir iradım olmadan, deyim ki, ilin bitməsindən də yarım il sonra baş tutan “İlin ədəbi yekunları”nı heç də ədəbi tənqidə yox, ümumən ədəbi prosesin öyrənilməsi, tədqiqi, təhlilinə yozmalıyıq.
Konkret halda son Ədəbi proses toplusunda (“Ədəbi proses – 2023”. Bakı, “Elm və təhsil”, 2024) tanınmış imza sahibləri ilə yanaşı, gənc ədəbiyyatşünaslara da (Elnarə Qaragözova, Şahanə Əliyeva, Nurlanə Məmmədova) geniş yer verilməsiprosesə baxışlara təravət gətirsə də,bütövlükdə onuheç də statika və statistiklikdən qurtarammır. Digər tərəfdən, gənc ədəbiyyatşünaslar nəsli üçün bir növ “tənqid laboratoriyası” önəmi daşıyan “yekunlar”, təəssüf ki, buradaca qalır, geniş ədəbi proses auditoriyalarına çıxmır. (İstisna olaraq, əlbəttə, son illərdə Elnarə Qaragözovanın “Olaylar” qəzetində prosesi gəlişdirməyə yönəlik fəaliyyətini vurğulamaq gərək) Statikanı “İlin yekunları”nın elə içindən də duyub qeyd edənlər vardır. Cavanşir Yusiflidən sitat: “Artıq neçə onildir ilin ədəbi yekunları yazılır, eyni format, eyni janr ölçüləri daxilində. Bizə belə gəlir, icmal xarakterini yadda saxlayıb janr məsələsindən konseptual əsasda bəhs etməyin vaxtıdır...” (“Ədəbi proses-2023”, s. 97)
Əgər çağdaş ədəbi prosesə müdaxilədən danışırıqsa, mənimcə, daha dinamik formalara da önəm vermək lazımdır. Məsələn, bizim“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsində Mətanət Vahidin təşəbbüsü ilə gənclər qrupunun aylıq keçirdiyi “Yeni ədəbiyyatı tanıyaq” müzakirə layihəsini göstərmək olar; məsələ burda sadəcə kitab müzakirəsində deyil, ümumən “müzakirə” formatının effektliyindədir. İl ərzində ardıcıl keçirilən müzakirələr seçilmiş kitablar ətrafında yeni ədəbiyyatın qabartdığı məqamlara, ədəbi-bədii tendensiyalara da diqqət çəkməyə vəsilə olur. O sıradan il yarım ərzində 12 müəllifin – Orxan Həsəni, Hədiyyə Şəfaqət, Ataqam, Adəm, Əli Zərbəli, Narıngül Nadir, Ramil Əhməd, Həmid Piriyev, Cavid Zeynallı, Qurban Yaquboğlu, Rəvan Cavid, İlham Əzizin roman, hekayə, şeir kitablarının analitika, polemika, müzakirəyə cəlb olunması gərəkli praktika sayılmalıdır.
- Onu da qeyd etmək gərəkdir ki, çağdaş prosesdə ədəbi tənqid aləti kimi müzakirə formatıgeniş yayılıb. Ötən illər bu praktika “Ədəbiyyat qəzeti”ndə daha fəal işlənirdi. Hazırda “Kulis.az” saytının ardıcıl hekayə müzakirələrini göstərmək olar. Ucsuz-bucaqsız sosial şəbəkə müzakirələrini hələ demirəm...
- Ötən illər icmallarımda ədəbi prosesə təsir etməyə çalışan, o cümlədən ədəbi-tənqidi prosesi gəlişdirən “525-ci qəzet”, Kulis.az, Yaradıcılıq Fondu və Simsim.az və s. kimi ədəbi ünvanlardan bəhs açmışam... Son illərdə fəal olan belə ünvanlardan daha birisi – “Ədibin evi”nin də adını çəkmək vacibdir. XX əsr klassiki Mir Cəlalın ocağında yaradılmış bu ədəbiyyat qurumu ən müxtəlif,çevik, gündəmlilayihələri ilə tez bir zamanda görünə, prosesdə yerini ala bilmişdir.“Ədibin evi” ənənəvi keçirdiyi “Hekayə müsabiqəsi” ilə yanaşı, bir də xüsusən ədəbi gəncliyə meydan verməsi ilə yadda qalır, perspektivli görünür...
Praktika göstərir ki, Ədəbiyyat olmayan yerlərdən, olduğu ərazilərə gedir, ədəbi tənqid də onun ardınca...“Şuşa ilində ədəbi tənqid” icmalını orda bitirirdim ki, sosial şəbəkələr, bizim praktikamızda xüsusən FB (feysbuk) başqa aləmdir; Ədəbiyyatın da sürətlə və fəal cəlb olunduğu bu ünsiyyət dünyasında tamam özgə proseslər hökm sürür. Bu dəfə Ədəbiyyat və onun tənqidini bəlkə də orada axtarmalıyıq...
5. Esse düşüncəsi. Bir az oksümoron kimi səslənir. Esse elə düşüncədir, yazıçı qələmində olsun, ya tənqid janrında; esse – Ədəbiyyat-sənət haqqında düşüncə-mətn-yazıdır, fikir ekspromtu, xəyalatdır.Sosial şəbəkələrdəƏdəbiyyat müstəvisində kimi gördümsə, bu qəbildən, həmin formatda gördüm (...)
Bizdə bugün Ədəbi tənqidi esseizmin büsbütün əvəz elədiyi barədə bəzi Proses fəallarının müşahidələri ilə(məsələn, Mətanət Vahidin, Qismətin, Fəxri Uğurlunun, Rasim Qaracanın, Şərif Ağayarın... nümunəsində) faktik razılaşmaq, barışmaq da olar –obyektiv mənzərə belədir; amma axı əvəz eləmədiyi, eləyəmmədiyi sorunu da göz qabağında, problematik olaraq qalır.
Ümumən, vəziyyət oksümoronluqdur. FB dünyasında dəxli olub-olmayan hər kəs (istər professional, istərsə də diletant səviyyədə) Ədəbiyyat haqqında düşünür-daşınır, bildiyini-düşündüyünü yazır-danışır, amma iş ki Ədəbiyyat axtarışına gəlir,yenə tənqid yada düşür; nəzərlər hər yerdə Ədəbi tənqidi arayır...
Esse hardasa tənqid kimi, tənqidin janrı kimi çıxış edə bilər. Amma ümumən ədəbi tənqidi əvəz edə bilməz, bilmir də. Çünki esse, esseizm hər yerdə subyektdən, subyektiv başlanğıcdan nəşət edir, başlayır; obyektiv olaraq janrın təbiəti belədir. Tənqid isə obyektdən, obyektiv başlanğıcdan gəlir...
Bilirik ki, tənqid/tənqidilik/dəyərləndirmə (çağdaş) Ədəbiyyatın iç strukturuna aid komponentdir; tənqidini itirərsə az qala bu, çağdaş (oxu: bidiyimiz, tanıdığımız) Ədəbiyyat sisteminin özünün də yox olmasına işarətdir.Tənqid çağdaş Ədəbiyyatın struktur elementidir, Ədəbiyyat industriyası tənqidindən, özünü-dərki, dəyərləndirməsindən keçmədən ümumən var ola, gəlişə bilməz. (Söhbət, əlbəttə, Yeni dövr ədəbiyyatından, bizdə M.F.Axundzadədən bugünə gəlişən modern Ədəbiyyat sistemindən gedir) Bəlkə də bugün Tənqidin(in) yoxluğu bir növ elə (bu) Ədəbiyyatın yoxluğununəlamətidir...
Nə demək istəyirəm; Ədəbiyyat məkanı, ədəbi prosesi əhatə edən bütün instansiyalarda (ədəbi mətbuat, ədəbi qurumlar, ədəbi saytlar, portallar, nəşriyyatlar və kitab prosesi, hər cür müsabiqə-müzakirə-polemika meydanları, üstəgəl sosial şəbəkələrdə) Ədəbiyyat adına hər şey –Ədəbiyyat düşüncəsi, sualları, narahatlıq və şikayətləri, Ədəbiyyat axtarışları varsa da,Ədəbiyyatın özünün varlığı-yoxluğu (bütün sadalananların cəmi olaraq) böyük Sual altında gizlənir; yəni Tənqidinə möhtacdır.
6. Dekonstruktiv dövrdə yaşayırıq.YuxarıdaPostmodern dövrü moderndən məxsusi ayırmağımın vəchi var...
Mahiyyəti budur ki, zəmanəmizin xarakterinə, məntiqinə, sürətinə, gətirdiklərinə, gözləntilərinə cavab olaraq “dayanıqlı” nə varsa, “sökülüb” də yenidən təşəkküllənir, zamanın süzgəcindən keçib də qurulur, necəsə, nə cürsə yenidən-təşkil tapır; irs, mədəniyyət, dəyərlər, təsəvvürlər, ehkamlar, baxışlar, münasibətlər... “Sökülür” o qədər ki, özül, təməl, ilkin mətn görünə və üzərində(n) yeniSi yapıla. Genişliyə getməyək; o sıradan Ədəbiyyat, ədəbiyyata münasibət, tənqid...
Postmoderndə (bildiyimiz) Ədəbiyyat, yaxud da “Ədəbiyyat bildiyimiz” artıq yoxdur; onu Dekonstruksiya(sı) əvəz edir. Bunu mən demirəm ki, Ədəbi proses (bütün gerçəkliyi ilə) deyir; əslində Prosesin özü də dekonstruksiyaya uğramışdır, yəni nə dərəcədə (bildiyimiz mənada) “ədəbi” prosesdir – sual altındadır. Bir halda ki, Ədəbiyyat bildiyimiz yoxdur, əvəzində Dekonstruksiyasıdır, Tənqidi də təbii ki, dekonstruktiv yanaşmalar əvəz edir. Desəm ki, yuxarıda xatırlatdığım (şərtən)“Ədəbiyyat məkanı”nı bugün hər cür Ədəbiyyat bilinənlər (yəni simulyakrlar), yaxud da (bildiyimiz) Ədəbiyyatın hər cür dekonstruksiyaları zəbt edib, heç kəsi təəccübləndirmərəm. Həm də hər cür ibtidai səviyyədən (Ədəbiyyat bilikləri mənasında) yüksək professionalyanaşmalara qədər. Təəccüblənməyə də yer yox. Çün Post-modern əsillə oxşarının, orijinalla plagiatın, peşəkarlıqla diletantlığın yanaşılığına əvvəlcədən konstitusion hüquq tanıyıb...
7. Bu halda peşəkar Ədəbiyyat qurumu olaraq,bugün Zamanın çağırışlarına İnstitutumuz, mənimcə, ədəbi-tənqidi proseslərdən də çox, güclü ədəbiyyatşünaslıq bazası ilə cavab verir. O cümlədən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda möhkəm təməl üzərində bir çox köklü, fundamental monoqrafiyalar, kitablar yazılır və çap olunur...
Vacib bildiyim bir neçəsinin adını çəkməklə, qeydlərimi bu yerdə dayandırmağı tərcih edirəm: Rəhim Əliyev, “Yeni Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” (Bakı, 2024); Safurə Quliyeva, “Poeziyamız XX yüzildə” (Bakı, “Elm”, 2023); Bədirxan Əhmədli, “XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə” (Bakı, Qanun nəşriyyatı, 2024-2025); Sara Osmanlı, “Düşündüklərim, yazdıqlarım” (Bakı, “Sabah”, 2023); İslam Qəribli, “Azərbaycan ədəbiyyatı: dünən və bu gün” (Bakı, 2022); Elnarə Akimova, “Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri” (Bakı, “Elm və təhsil”, 2024);Şahbaz Şamıoğlu, “Azərbaycan mühacirət irsi. Nəsr və ədəbiyyatşünaslıq” (Bakı, “Elm və təhsil”, 2023); Elnarə Qaragözova, “Yusif Səmədoğlunun həyatı və yaradıcılığı” (Bakı, “Xan” nəşriyyatı, 2024); Salidə Şərifova, “Leyla Əliyevanın poetik dünyası” (Bakı, “Elm və təhsil”, 2024)...
Bu qədər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!