Söhbət 2024-cü ilin poeziyasından gedir - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

Minillik Azərbaycan poeziyasının 2024-cü ili sona yetdi. Ədəbi Zaman isə hələ davam edir. Çünki o, bir ilə, beş ilə, on ilə, yüz ilə və yüz illərə sığan deyil. Necə ki, “Nizami, Füzuli, Nəsimi, Sabir, Şəhriyar zamanı bitib” deyə bilmərik. Əsrlərdir ki, onların poeziya ömrü tükənmir. Füzulişünas Sabir Əliyev bir məqaləsində yazırdı ki: «Bu saat Azərbaycan şeirində tam və bütöv Füzuli yoxdur. Amma bugünkü şeirimizdə hər şairdə Füzuli bir zərrə qədər yaşayır». Abbas Səhhət isə Sabir haqqında yazmışdı ki: «Yox, yox, əsla sən ölmədin, dirisən, Ən böyük qəhrəmanların birisən».

Həmişə poeziyamızın dünənindən və bu günündən söz açanda belə bir fikri vurğulayırıq ki, poeziyamızıın hər bir mərhələsi özündən əvvəlki mərhələnin təkrarı deyil, amma əvvəlki mərhələnin ən gözəl, yaşarı ənənələri davam edir, bədii söz də bu ənənələrə biganə qalmır, amma yeni dövrün ruhuna köklənir. Poeziyada yenilik, yeni meyil və tendensiyalar əgər müəyyən inkişafın stimulu sayılırsa, novatorluq hadisəsi hesab olunur. Burada Poeziyanın Zamanı ilə Bu Günün – Bu Zamanın Poeziyası məfhumları arasında həm yaxın, həm də fərqli xüsusiyyətlər diqqəti cəlb edir. Poeziyanın Zamanı, öncə qeyd etdiyimiz kimi, uzunömürlüdür – əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə qədər yaşayır, Bu Günün – Bu Zamanın Poeziyası isə təzə-təzə yaranır, biz hər gün, hər həftə, hər ay qəzet və jurnal səhifələrində, həmçinin nəşriyyatların çap etdikləri onlarla, hətta yüzlərlə kitabda yeni şeirlərlə, poemalarla rastlaşırıq. Gəlin, etiraf edək ki, bu çoxluqda, bu basabasda, tələbkarlığın çox zaman qeybə çəkildiyi bir zamanda zəif şeir nümunələri ilə də tez-tez qarşılaşırıq. Xatırlayaq qırx-əlli il bundan əvvəl şeir kitabları çap olunan şairləri barmaqla göstərərdilər, o şairlər (xüsusilə gənclər), necə deyərlər, sevinc dənizinə qərq olardılar. Çünki həmin illərdə kitab çap elətdirmək çətin idi, həm də məsuliyyət hissi vardı. Amma indi, heç mübaliğə olmasın, hər yerindən duran, necə deyərlər, özünü dərya bilən damcılar üçün bu işin öhdəsindən gəlmək heç də çətin deyil. Burada Tofiq Bayramın «Zorla şair olmazsan» şeirindəki bu misralara üz tuturuq: «Zorla Allah olarsan, Zorla şair olmazsan!»

Söhbət 2024-cü ilin poeziyasından gedir və öncə söylədiyimiz bu gileyimizi bir kənara qoyub ilk növbədə, bu günün həqiqətlərini əks etdirən, bizim estetik zövqümüzü oxşayan, formalaşdıran şeirlərdən söz açaq. Eyni zamanda şeirimizdə nəzərəçarpan, təkcə bir ilin poeziyasına deyil, XXI əsrin Azərbaycan poeziyasına da şamil olunan qüsurlara da toxunaq. Fikir və mülahizələrimizi İnsan və Zaman, İnsan və Müharibə, İnsan və Təbiət, İnsan və Sevgi paralelləri üzərində quraq. Çünki hansı mövzuda yazılmasından asılı olmayaraq şair hər bir şeirdə öz hiss və duyğularını ifadə edir. Dahi Belinski yazırdı ki: «İnsanın obrazı sənətdə nurlanır və yüksəldilir: yunan incəsənətində insan obrazı ən ali ideal gözəlliyi ifadə edir… Məsələn, böyük rəssamın çəkdiyi portretdə insan özünə daha çox oxşayır... çünki böyük rəssam həmin insanın daxilindəki və hətta insanın özü üçün də sirr olan hər şeyi kəskin cizgilərlə üzə çıxarıb göstərir».

İNSAN – ZAMAN – MÜHARİBƏ. 1965-ci ildə Xalq şairi Cabir Novruz bir şeirində yazırdı: «Çox qəribə, çox maraqlı bir əsrdə yaşayırıq, Yerə bağlı, göyə bağlı bir əsrdə yaşayırıq. Boğazından ilan çıxan bir əsrdə yaşayırıq, Nəfəsindən uran çıxan bir əsrdə yaşayırıq. Çox təzadlı bir əsrdə yaşayırıq, İstedadlı bir əsrdə yaşayırıq».

Azərbaycan şairlərinin Zamanla, Əsrlə bağlı düşüncələri iyirminci yüzilliyin bütün onillikləri boyu, xüsusilə, 50-80-ci illərdə poeziyada əks-səda tapırdı. Zaman heç də mücərrəd məfhum deyil və şairlər yaşadıqları zamanın – əsrin xarakterini, ab-havasını və insanların taleyinə necə təsir etdiyini dilə gətirirdilər.

Azərbaycan şeirində İnsan və Zaman konsepsiyası doxsanıncı illərdə –müstəqillik əldə olunandan sonra və XXI əsrin əvvəllərində də bədii düşüncədə öz poetik ifadəsi ilə diqqəti cəlb etdi. Şairlər Azərbaycanda baş verən ictimai-siyasi hadisələri, müstəqillik uğrunda gedən milli azadlıq mübarizəsini, Qarabağ müharibəsini, soyqırımıları bədii tarixin səhifələrinə həkk etdilər.

Bəli, biz müstəqilliyə qovuşduq, 44 günlük qələbədən sonra torpaqlarımız düşmən tapdağından tam azad olundu. Amma Xalq şairi Sabir Rüstəmxanlının ifadəsilə desək: «Savaş bitməmiş hələ». Bu ifadəni biz daha çox poeziyaya şamil edirik. Bu gün Əşrəf Veysəlli, Rafael Tağızadə, Elçin İsgəndərzadə, Vaqif Bəhmənli, Əbülfət Mədətoğlu, Mahirə Nağıqızı, Rəşid Faxralı, Əli Rza Xələfli, Musa Ələkbərli, Emin Piri, Həsən Kür və qazi şairlərimiz üçün doğrudan da, savaş hələ bitməyib... Zaman onların qarşısında donub qalmayıb.

Şair Qasım Qasımzadə bir şeirində Şuşanı «Qarabağın zümrüd tacı» adlandırmışdı. Şairlərimiz Qarabağı və onun «zümrüd tacı» olan Şuşanı vəsf və tərənnüm etməkdən yorulmurdular. Ancaq Qarabağ – Şuşa işğal olunandan sonra onların başı üzərində qara buludlar dolaşdı. Şeirimizdə bu mənada elegik ruh və nostalji hisslər ön plana keçdi. Ancaq iyirmi səkkiz ildən sonra bu qara buludlar çəkildi. Şuşa əvvəlki növrağında şeirimizə qayıtdı.

 

Şuşam, Şuşam, ay Şuşam,

belə çağın mübarək!

Dumanları çəkilən

çölün, dağın mübarək!

 

Bu misralar Elçin İsgəndərzadənindir – son illərdə onun Şuşa ilə bağlı bir silsilə şeirləri çap olunub.

Mahirə Nağıqızının son illərdə yazdığı şeirlərdə Qarabağ mövzusu (tarixi və bu günü), xalqımızın və ordumuzun qazandığı qələbələr öz bədii əksini tapmışdır.

Təbii ki, illər keçəcək, poeziyada Azərbaycanın keçdiyi bu qanlı-qadalı illər, müvəqqəti məğlubiyyətdən – torpaq itkisindən zəfərə, qələbəyə qədər keçdiyi yol yeni nəsillər üçün bir örnəyə çevriləcək. İyirmi, otuz, qırx ildən, bəlkə bir əsrdən sonra o illərin ağrıları, itkiləri də unudulmayacaq. O illərdə də:

 

Qar yağır, qar yağır, qar yağır yenə,

Qar yağır Şəhidlər xiyabanına.

Əlinə keçəni taxıb əyninə,

Analar tələsir oğul yanına.

Qar yağıb yarğanlar qarla dolsa da,

Bu qar da əriyər… Sabaha qalmaz.

Bütün yer üzündə güllər solsa da,

Şəhid məzarların gülləri solmaz.

(Əşrəf Veysəlli).

 

İNSAN – DÜNYA – TƏBİƏT

XXI əsr Azərbaycan şeiri təkcə ictimai motivlər üzərində davam və inkişaf etməyib, şairləri maraqlandıran, bəlkə daha çox yaşadıqları real həyat, bu həyatın gözəllikləri və buna əks olan neqativlər, təbiət və onun insanlara bəxş etdiyi fərəh hissidir. İnsanın özünü dərk etməsi prosesi də məhz bu mövzularda reallaşıb.

Bütün zamanlarda şeir insan həyatının mənəvi güzgüsü olub. Bu güzgüdə dünya da görünə bilər (müharibələri, ictimai-sosial ziddiyyətləri ilə), cəmiyyətin və real həyatın bir-birindən fərqli və təzadlı mənzərələri də… O güzgüdə şair təbiəti seyr edə bilər, özü ilə təbiət arasında harmoniyanı da hiss edər. O güzgüdə sevgi-məhəbbət – həyatın, ömrün insana bəxş etdiyi «mənim tanrım gözəllikdir, sevgidir» ali duyğusu da əks olunar.

2024-cü ilin şeir «ərazisi» çox genişdir, hətta deyə bilərik ki, bu «ərazi»də kütləvilik müəyyən «əhali sıxlığı»na gətirib çıxarıb. Amma biz bu sıxlıqda əsl şairləri lap uzaqdan da olsa, görürük, tanıyırıq. Amma əsl şairlərin yeri, məkanı heç də o «şeir ərazisi» deyil.

Bu gün şairlərimizin nəsil bölgüsündən söhbət açsaq, şeirimizin səviyyəsi də, inkişafı da, ənənəyə bağlılığı və ya müasir şeir mədəniyyətinə yiyələnməsi, bədii sənətkarlıq məsələsi də diqqətimizi cəlb edir. Bu bir həqiqətdir ki, biz ədəbi nəsil etibarilə bir-birinə yaxın olan şairlərin yaradıcılığını izlədikdə bunun şahidi oluruq ki, onlar, hətta eyni mövzulara müraciət etsələr də, fərdi poetik üslubu etibarilə heç də bir-birinə bənzəmirlər. Bu gün şeirimizin ən yaşlı nəsli sırasında Nəriman Həsənzadəni, Yusif Həsənbəyi, Vidadi Babanlını, Əşrəf Veysəllini, Firuzə Məmmədlini, Oqtay Şamili, Eyvaz Borçalını, Vahid Əzizi, Sabir Rüstəmxanlını, Ramiz Rövşəni, Məmməd İsmayılı, Çingiz Əlioğlunu, Ofeliya Babayevanı, Ağasəfa Yəhyayevi görürük. Artıq həyatın, ömrün sınaqlarından, ağrı-acılarından keçib, sevinci də, ədəbi uğurları da yaşayan bu şairlər öz fərdi poetik üslublarını, real həyatda, dünyada, cəmiyyətdə baş verən hadisələrə münasibətini yeni şeirləri ilə ifadə edirlər.

Nəriman Həsənzadə yenə eyni şövq və həvəslə yazır-yaradır, ona yaxın və məhrəm olan dostlarını, keçmiş tələbələrini, anasını, həyat yoldaşını xatırlayır, sanki bu xatirələrlə yenidən o illəri yaşayır. Təbii ki, Azərbaycanın tarixi keçmişi ilə bu günü arasında qırılmaz bir vəhdətin olduğunu da şeirlərində əks etdirir, amma nədən yazırsa-yazsın, Nəriman Həsənzadə şeirinə xas olan o səmimiyyət – o üslub sadəliyi – poetik nəfəs qətiyyən dəyişmir.

2000-ci illər Bakıdan – qaynar ədəbi mühitdən çox uzaqlarda yaşayan şair Ağasəfa Yəhyayev üçün olduqca məhsuldar keçib. Amma bu məhsuldarlığı kəmiyyət baxımından anlamaq olmaz. Ağasəfa elə bil ikinci gəncliyini yaşayır, o, yeni şeir kitabları ilə oxucularını sevindirir, hər il onun «Azərbaycan» jurnalında yeni şeirləri ilə tanış oluruq. Ağasəfa lirik şeirlər də yazır, satirik şeirlər də, əruzda da yazır, hecada da. Ancaq hansı vəzndə və şeirin hansı formasında yazmasından asılı olmayaraq, əsas məsələ fikrin özü və onun poetik ifadəsidir. Deyə bilərik ki, Ağasəfa – bu 83 yaşlı şairin poetik fərdiyyəti get-gedə özünün yeni ifadə vasitələrini tapır.

Firuzə Məmmədli də altmış dörd illik yaradıcılıq yoluna sadiq qalır – dünyanı, həyatı yaşadığı ömrün sınaqlarından, bir qadın dünyasının «xəritəsi»ndən izləyir. Dünya gözəldir, yaşamağa dəyər, amma indi onu içərisindəki «bir həzin, bir acı intizar» düşündürür, «içərim mənimlə dalaşmaqdadır» deyir. Bunu təbii sayırıq, yalançı nikbinlikdənsə, acı etiraflar daha önəmlidir.

Ədəbi mübahisələrin, qızğın polemikaların baş verdiyi illər arxada qalıb. İndi şeirimizdə belə mübahisələrə ehtiyac duyulmur (bu, biz tənqidçilərin susqun mövqeyini ifadə etmirmi?). Şeir həddindən artıq çox yazılır və fikrimizcə, bunun qarşısını almaq mümkün deyil, oxucuların müəyyən qisminin heç bir bədii siqləti olmayan şeirlərə aludəçiliyini də bir kənara qoyaq. Şeirimizdə inkişaf (istər məzmun, istərsə də bədii-sənətkarlıq baxımından) göz qabağındadır və etiraf edək ki, poeziyada müxtəlif «izm»lərin, ədəbi cərəyanların mövcudluğuna baxmayaraq, 2024-cü ili Azərbaycan şeirinin keyfiyyətcə yeni bir mərhələsinin başlanğıcı hesab etmək olar.

Bu mərhələ, əslində, ötən yaxın illərdə başlayıb. Nədir bu mərhələnin əsas xüsusiyyətləri?

Professor Nizaməddin Şəmsizadə bir məqaləsində yazırdı ki: «Tanrıdan danışanda Təbiətdən, Dünyadan danışanda Cəmiyyətdən, İnsandan danışanda mənəviyyatdan bəhs etmək lazım gəlir. Tanrı öz varlığını təbiətdə, dünya kimliyini cəmiyyətdə, İnsan öz varlığını mənəviyyatda göstərir». Dünya, Təbiət, Cəmiyyət,

Mənəviyyat – bu adlar şeirimizin müxtəlif nəsillərinin yaradıcılığında bədii düşüncə tərzinin özülünü təşkil edir. Biz Dünya və Təbiətlə bağlı şeirlər haqqında bəzi mülahizələrimizi nəzərinizə çatdırmaq istərdik.

DÜNYA. Azərbaycan poeziyasında dünyaya müraciət klassik şeirimizdə də, aşıqların yaradıcılığında da əsas mətləblərdən sayılır. Biz dünyanın faniliyi, vəfasızlığı barədə onlarla, yüzlərlə şeirlər oxumuşuq. Nəsiminin «Dünya duracaq yer deyil, ey can, səfər eylə» misrası ilə həmahəng olan nə qədər ibrətamiz beytlər, misralar tapırıq. Ustad şairlər bu dünyanın, yaşadıqları dövranın hədsiz zülmləri ilə qarşılaşıblar və təbii ki, yaşlarının müdrik çağlarında «Biz gəldi-gedərik, sən yaşa, dünya» qənaətinə gəliblər.

Dünya obrazdımı, yoxsa müraciət forması? Dünya mənzərədirmi, yoxsa görüntü? Əlbəttə, bu suallara birmənalı cavab vermək olmaz, Azərbaycan poeziyasında Dünya bu dörd sözün hamısında ehtiva olunur. Ramiz Rövşənin bir şeirinə üz tutaq:

 

Mənim balam, bu dünyayla oynama,

Sən cavansan, dünya qoca dünyadır.

Düşmən nədir? Dost evini dost yıxar,

Bilən bilir, dünya necə dünyadır?

 

İki böyük şairimizin – Səməd Vurğunun və Məmməd Arazın şeirləri ilə poeziyamızın Dünyaya açılan pəncərəsini qapayıb bu xüsusda söhbətə son qoya bilərdik («Dünya» qoşması və «Dünya mənim, dünya sənin, dünya heç kimin» şeiri ilə). Ancaq elə 2004-cü ildə Dünya ilə bağlı həsb-hal davam edir və biz bunu təbii sayırıq.

Cavan şairlərin də dünyadan narazılıqlarına gəlincə…dünyanı beşgünlük hesab edən («Dünya beşgünlük, ötəri» – Aysel Nəsmrzadə. «Bu dünya beşgünlük deyilmi, dostum? – Faiq Hüseynbəyli) cavan şairləri də qınamırıq. Yaşayarlar, doyunca kam alarlar bu dünyadan, görərlər ki, dünya heç də beşgünlük deyil. Amma bütün bu narazılıqlara, gileylərə şairlərimizin ən piranisi – 98 yaşlı Vidadi Babanlının cavabı bu olur ki:

 

Asırıq, kəsirik bu dünyanı biz,

Min qara yaxırıq, dünya neyləsin?

Başımız çəkəni qaxınc eyləyib

Başına qaxırıq, dünya neyləsin?

 

TƏBİƏT. Hələ 1976-cı ildə, Azərbaycan yazıçılarının VI qurultayında, poeziya haqqında məruzəsində görkəmli tənqidçi Yaşar Qarayev şeirimizlə bağlı çox mühüm bir mətləbə toxunaraq demişdi: «Filosoflar icbari ekoloji təhsilə keçməyi məsləhət görürlər. Bizcə, nahaq: «icbari poeziya təhsili» lazımdır. Təbiətə münasibətdə şairlər müəllimlərdən çox iş görə bilərlər. Çünki burada biliklə yanaşı, həyəcan lazımdır, ehtiras lazımdır, sadəcə öyrənmək yox, «yoluxdurmaq», alışdırmaq, narahat etmək lazımdır».

Təbii ki, təbiətdən danışmaq, onu vəsf etmək, onun qayğılarından söz açmaq sonrakı onilliklərin poeziyasında da davam etdi. Burada kimlərinsə – hansı şairlərinsə adlarını çəkməyə ehtiyac duymuruq. Sadəcə, bəzi ümumiləşdirmələrə müraciət edək.

Təbiətə, onun gözəlliklərinə heyranlıq hissi... Heç şübhəsiz, bu heyranlığı şablon sözlərlə ifadə etməkdən söz gedə bilməz. Vaqifin qoşmalarında el gözəlləri necə bütün cazibələri ilə (geyimi-gecimi, zahiri və mənəvi gözəllikləri) diqqət çəkirdilərsə, təbiətin gözəlliyi də eləcə…

 

Çəmənlərin jaləsinə bələnib,

Çiçəklərə qarışmağa gəlmişəm.

Gözəlliyə damla-damla çilənib,

Lalələrlə alışmağa gəlmişəm.

 

Bu şeirin müəllifi dünya işığına həsrət qalmış, amma təbiətin gözəlliyini ürəyinin işığı ilə misralara çevirən Əflatun Baxşəliyevdir.

Belə misalların sayını istənilən qədər artıra bilərik.

2024-cü ildə ideya müəllifi Rəşad Məcid, redaktoru Vaqif Bəhmənli, tərtibçisi Xatirə Fərəcli olmaqla təbiətə həsr olunmuş «Yaşılım, yaşılım, hara gedirsən?» şeirlər toplusu işıq üzü gördü. Topluya Anar müəllim Ön söz yazıb. «Kitabi-Dədə Qorqud» dastanındakı şeir parçasından ən gənc şair Nadir Yalçının «Hörümçək» şeirinə qədər, 300-dən artıq müəllifin 1000-dən artıq şeiri təqdim edilən bu toplu, heç şübhəsiz, poeziya araşdırıcıları üçün qiymətli bir mənbədir. Topluda klassik və müasir Azərbaycan şairlərinin (həmçinin türk və Cənubda yaşayan şairlərin) ilin fəsillərinə, kəndə, dağlara, dərələrə, buludlara, ağaclara, meşələrə, bənövşəyə, küləyə, yağışa, dənizə, torpağa, çiçəklərə – güllərə həsr etdiyi şeirləri poeziyamızın təbiət ensiklopediyası adlandırmaq olar.

Ancaq bu topluda nəsə çatışmır. Qoy deyək: gözəllikləri, hüsn-məlahəti nəzərə çarpdırmaq çox əhəmiyyətlidir. Amma bu gözəlliyə qəsd edən naqisləri, mənfi – neqativ halları unutmaqmı olar? Vaxtilə Məmməd Araz «Professor Gülə məktub», «Şəhərdən köçən təpə», Musa Yaqub «Qarağaclar», «Zəmidə tək qovaq», «Çinardüzün hekayəti», «Yaşıl pərdələr» şeirlərində təbiətin faciəsini ürək ağrısı ilə səsləndirirdilər.

 

Hanı bu meşənin yaşıl qatları,

Dəmir ağacları, şah palıdları?

Sapı özümüzdən olan baltalar

Yaman kəsdi bizi, doğradı bizi.

(M.Yaqub)

 

Bu mövzuda şeirimizdə onlarla nümunələr var, yaxşı olardı ki, topluda o şeirlərdən də təqdim olunaydı.

Yeri gəlmişkən, qeyd edək ki, son illərdə təbiətə həsr olunan şeirlərdə Məmməd Araz, Musa Yaqub harayı eşidilmir. Halbuki, gözlərimiz qarşısında təbiətə –ekologiyaya vurulan zərbələri az görmürük.

SEVGİ

«Nə müşkül dərd olursa, bulunur aləmdə dərmanı, Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz» (Füzuli). «Hər kəsin bir eşqi, bir ilahı var, Bənim tanrım gözəllikdir, sevgidir» (H.Cavid). «O səni unutdu, sən unutmadın, Yaşa məhəbbətim, yaşa ürəyim» (M.Müşfiq). «Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı» (Əli Kərim). «Günəş nədir? İşığında səni görmədiyim bir ulduz. Dünya nədir? Sənin evinə aparan bütün yolları bağlı bir planet» (Vaqif Səmədoğlu). «Bu sevgidi, mənim balam, min ildi ki həmən sevgi. Gözündən yaş damcılayan, əlindən qan daman sevgi...» (Ramiz Rövşən).

Görəsən, şikayətlənmək olarmı bu gün belə gözəl sevgi şeirləri yazılmır?! Əlbəttə, bu gün də insanın ən ali hissi, duyğularının ən möhtəşəmi olan sevgi mövzusu müasir poeziyamızın başlıca, amma müqayisə etsək,  keyfiyyət yox, kəmiyyət etibarilə birinci sırada durur. Bu sualı da nəzərdən qaçırmayaq: məgər ötən illərdə, əsrlərdə həmişə ürəklərə yol tapan sevgi şeirləri yazılırdı? Əlbəttə, yox! Təbii, yaşanılmış hisslərdən deyil, hansı şairlərisə təqliddən, yamsılamadan, duyğusal olmayan hisslərdən yaranan «sevgi» şeirləri də çox yazılırdı. Bu «ənənə» indi də davam edir. Öncəki suala qayıtsaq, deyə bilərik ki, kəmiyyətin keyfiyyəti üstələdiyi bir zamanda da Füzuli ruhu sevgi şeirlərində yaşayır.

Məhəbbət Füzulidə olduğu kimi, yenə də ən ali, müqəddəs bir hiss kimi tərənnüm olunur. Lakin zaman dəyişdiyi kimi, insanın sevgiyə münasibəti də bir çox yeni çalarlarla diqqəti cəlb edir. Beləliklə, biz müasir sevgi anlamına gəlib çıxırıq. Müasir sevgi isə dəyişilən, yeniləşən insan münasibətlərini özündə əks etdirir. Bunu iki mənada izah etmək olar: birincisi, Leyli və Məcnun dövrü çoxdan başa çatıb. İnsan azaddır, sevmək-sevilmək qadağası yoxdur. Sevgi ictimai münasibətlərdən fərqli olaraq sırf fərdi, intim duyğuları özündə əks etdirsə də, həyatın, gerçəkliyin özündən doğur, yaşayan, duyğularını gizlətməyən insanın həyat sevgisini ifadə edir. İki insan arasında yaranan münasibətlər isə həm lirik, həm dramatik, həm də fəci hallarla şərtlənir. Füzulinin sevgi dünyası real Aşiq-Məşuq münasibətlərini özündə əks etdirirdi, amma bu sevgi ulduzlaracan gedib çatırdı – «Deyil bihudə gər yağsa fələkdən başıma daşlar. Binasın tişeyi-ahımla viran etdigimdəndir». Bu səbəbdən də sevgi sırf fərdi və intim olduğu qədər də hüdudsuzdur. İkincisi, zamanın dəyişkən havası sevgi münasibətlərində də bir «inqilab» yaradıb, bəzən insanın ülvi duyğularını, yaşanılan hisslərini əks etdirən şeirlərlə yanaşı, bayağı, sadəcə, «mən səni sevirəm», ya da «səni sevəcəyəm, sən sevməsən də» «etirafı»ndan irəli getməyən şeirlər də yazılır. O şeirlərdə vəzn də, qafiyə də, müəlliflərin «etirafları» da yerli-yerindədir, lakin Sevgi yoxdur, Sevgi vəzni yoxdur. Sevginin, bu sevgini yaşadan ürəyin etiraflarına gəlincə, baxın:

 

Əsirdi səhərin xəfif yelləri,

Dünya sehrlənmiş mələk kimiydi.

Səhər açılırdı…

Qızıl dan yeri

Təzə pardaxlanmış çiçək kimiydi.

 

Gün düşür çöllərin qar sinəsinə,

Sular işım-işım işılayırdı..

Sanki ulu Tanrı Yer kürəsinə

«Sevirəm» sözünü pıçıldayırdı.

(Əşrəf Veysəlli)

 

Cavan şairlərimizin də «sevgi dastanı»nı vərəqləyə bilərik. Müşfiq Cəbinin, Aynur Qafarlının, Arzu Hüseynin, Xəyalə Sevilin, Əfsanə Rəvanın, Günel Rəcəbin, Günel Ağazadənin, Fərqanə Yusifqızının şeirləri barədə də ümidverici söz deyə bilərik. Amma oxşar motivlər onların şeirlərində diqqətdən yayınmadı.

Bu yazıda biz sevgi şeirləri yazan heç bir şairə moralist pozasında nəsihət vermək fikrində deyilik. Qoy hamı sevsin, sevilsin və öz könül atəşini şeirlərində ifadə etsinlər. Ə.Vahid demişkən: «Yenə sevmək-sevilmək yaxşıdır dünyayə baxdıqda».

Müasir sevgi şairlərimizin şeirlərində FƏDAKARLIQ deyilən bir anlayış az-çox nəzərə çarpsa da (bəzi nümunələr gətirdik), amma əksər hallarda bu anlamın yozumu yanlışdır, birtərəflidir. Sevgisindən söz açan şairlərin əksəriyyəti öncə qeyd etdiyimiz kimi, bir neçə sözün, ifadənin qulpundan yapışırlar – sənsizlik, darıxmaq, unutmağın əzabı, tənhalıq, sənsizlik havası, unutmaqlığın möhnəti, tənhalığın acılıqları. Bircə

fədakarlıq çatışmır.

 

2024-cü ildə

 

2024-cü il şairlərdən – Ağacəfər Həsənlinin, Qəçəm Nəcəfzadənin, Musa Ələkbərlinin, Süleyman Abdullanın, Əlirza Xələflinin, Avdı Qoşqarın, Rəfael Tağızadənin, Əbülfət Mədətoğlunun yaradıcılığı üçün də uğurlu il sayıla bilər.

İNQİLAB İSAQIN XATİRƏSİNƏ

2024-cü ilin bir yay günündə İnqilab İsaq – müasir şeirimizdə özünəməxsus səsi, nəfəsi ilə seçilən bir şair dünyasını dəyişdi. Daşkəsəndə doğulan, Gəncədə ali təhsil alan və Gəncə ədəbi mühitinin yetirməsi olan İnqilab İsaq 71 yaşına çatmışdı. «Mən kiməmsə, elə şeirlərim də odur» deyən şairin özü getdi, şeirləri – Sözü qaldı.

İnqilab İsaq üçün şeirə gətirilməli xüsusi bir mövzu yox idi, qəlbinə təsir edən, onu düşündürən, sevincində sevincini yaşayan, kədərində qəm karvanına qoşulan nə varsa, şeirlərində dil açırdı. Beynəlxalq Rəsul Rza mükafatına layiq görülən, şeirləri rus, Ukrayna, ingilis dillərinə tərcümə olunan İnqilab 2022-ci ildə Sakarya vilayətində Beynəlxalq şeir festivalında iştirak etdi. Açıq havalarda, litseylərdə, Universitetdə, Sapança gölü ətrafında poeziyamızı təmsil etdi, şeirlərini söylədi, «Sakaryada olduğum günlərdə qəlbimdən bir arzu keçdi, qardaş torpağında ağac əkmək... Arzum reallaşdı. Torpağa ağac əkdim. Boyuna baxıb öyündüm. Sakarya şəhər bələdiyyəsinə «Şairlər bağı» salmaq barədə də təklifimi bildirdim. Təklifimi çox bəyəndilər. İndi o əkdiyim ağacın xəyalları ilə yaşayıram. Şeir kimi, söz kimi».

Bizdən çox-çox uzaqlarda – Sakaryada Azərbaycan şairi İnqilab İsaqın əkdiyi o ağac durur, boy atır, göylərə ucalır. İNQİLAB İSAQI YAŞADIR. ŞEİR KİMİ, SÖZ KİMİ.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!