Elnarə AKİMOVA
2024-cü ildə ədəbiyyat sahəsində həm Azərbaycanda, həm də beynəlxalq aləmdə bir sıra maraqlı proseslər müşahidə olundu. Ədəbi meyillər, yeni nəşrlər, layihələr, müsabiqə və mükafatlar, mətn və ona yanaşmalar bu ilin əsas konturlarını müəyyənləşdirdi. Əlbəttə, 2023-cü ildən bu yana qazanclarımızla birgə elm və ədəbiyyat adına itkilərimiz də az olmadı. Arif Acaloğlu, Paşa Əlioğlu, Şirindil Alışanlı, Nəsiman Yaqublu, Nəzakət Məmmədli, İradə Musayeva, Niyazi Mehdi, Pərvanə İsayevanın ölümü ədəbiyyatşünaslığımız, filoloji və fəlsəfi fikir adına böyük itkilər oldu. Hər biri adlarının çəkisi, sanbalı qədər böyük boşluq qoyub getdilər. Yeganə təsəllimiz onlardan geriyə yadigar qalan ədəbi mətnlər, araşdırma və kitablardır ki, bu irsin də hər zaman müəlliflərini yaşatmağa gücü yetəcək.
2024-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərini 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı"elan edən 21 noyabr, 2023-cü il Sərəncamı ilə başladı. Ardınca Prezidentin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamı, daha sonra böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında 25 yanvar, 2024-cü il tarixli Sərəncam, daha sonra “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr, 2023-cü il tarixli Sərəncam və s. və i. 2024-cü il daha çox bu proseslərin ədəbiyyatlaşmış atmosferi içrə keçdi. Bütün bunlara baxmayaraq, ötən ili xarakterizə edən əsas hadisə, düşünürəm ki, iqlim diplomatiyasında Azərbaycanın zəfəri kimi reallaşan COP29 beynəlxalq tədbiri oldu.
Bütün il boyu - COP29-a hazırlığın son mərhələsinə qədər prezident dövlət başçılarını bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırdı. COP29 öncəsi çıxışında İlham Əliyev bildirdi ki, “Mən yaşıl dünya naminə həmrəylik ruhunda birgə fəaliyyət göstərmək üçün noyabrın 12-dən 13-dək Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində dövlət və hökumət başçılarını salamlamağa şad olaram”.
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı sübut etdi ki, missiya tamamlanıb. 196 ölkədən 72 min insan, 80 dövlət başçısı - prezident, vitse-prezident, baş nazir olmaqla bütün dünyanın diqqəti Bakıya, COP29-a yönəldi və ölkə başçısı Bakıdan bütün yer kürəsini salamladı: "Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!"
Bu artıq, “var millətimin imzası imzalar içində” qürurunun yaşatdığı məmnunluq duyğusu idi: "Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük!" Bəli, qurmaq, yaratmaq, sülhə, harmoniyaya çağırış türkün fitrətində var. Məgər Andranik Zəngəzurda kütləvi qırğınlar törədəndə Hüseyn Cavid “Turana qılıncdan daha kəskin, ulu qüvvət / Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...” deyərək dünyanın təhlükəsizliyi üçün yollar arayır və bunu mədəniyyətdə tapmırdımı? İndi də dörd bir yanda müharibə ocaqlarının alovlandırıldığı bir zamanda “qoca Şərqin qapısı” dünyaya açılıb bəşəriyyətə yaşıl dünya naminə həmrəy olmağın nümunəsini göstərdi: "Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik"...
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun şərhinə istinad etsək, “Prezident Sözü də ədəbiyyatdır. Mötəbər Ədəbiyyat, nəyi, necə, nə zaman... - yerində söyləməyin Ədəbiyyatı. COP29 elan olunandan, il boyu düşünmüşdüm, bu balaca Azərbaycanımızın bapbalaca Azərbaycan ədəbiyyatı o böyüklükdə dünyanın İqlim dəyişkənliyinə nə qatqı verə bilər axı, verə bilərmi nəsə?! Payımı-cavabımı Prezident çıxışından aldım; aydın məramlı, çox-məzmunlu, sərrast-hədəfli, hökmlü-əmin...
Aldım da qürrələndim. Biz, ey ədəbiyyat adamları, yazıçılar, şairlər, tüm qələm əhli! O ki, səhər-axşam dünya, dünya deyib dururuq, buyurun, Dünya bizi bu yerdən, bu kürsüdən eşidir. Nə güman eyləmisən; Özümüzü, Sözümüzü, Azərbaycanımızı tanıtmağın indi bircə adı, bir ustadı var: Müstəqil Azərbaycanın Prezidenti, Qalib Ali Baş Komandan, Sözünün sahibi Müzəffər siyasi lider İlham Əliyev. Dünya bizi buradan, bu ali məqamdan tanıyır...”
***
Türk ruhunun qələbəsi ili! 2020-ci ildə Zəfəri qazandıqdan sonra bizim türk dövlətləri ilə əlaqə və münasibətlərimiz daha da dərinləşdi və fərqli müstəviyə keçdi. 2024-cü il türk ruhunun qələbəsi, sözümüzün yaddaş sirrinin qorunma, ona qayıdış ili kimi yadda qaldı. Düzdür, müstəqil olduğumuz otuz illik zaman kəsimində türkçülük, turançılıq istiqamətində bir çox addımlar atıldı. Amma xüsusilə, Türk dövlətləri ilə əməkdaşlığın gücləndiyi son illərdə bu xəttin öncüllüyü daha həssas nöqtədə qərarlaşdı. Bəs ədəbiyyatda bu, necə hiss olundu? Zənnimcə, bütün hallarda mövzunu manipulyasiya halları bu məqamda da özünü çox gözlətmədi. İndiyə qədər bilən də, bilməyən də türk ədəbiyyatının əlaqə və münasibətlərindən bəhs edərək türkçülük yönündə fikir bildirməyə cəhd göstərir. Amma bu istiqamətdə bizdə güvənilən qələmlər var ki, onların türk ədəbiyyatının öyrənilməsi istiqamətində sözü istinad ediləsi mötəbər mənbə olub. Azərbaycan elminin türk xalqları arasındakı ortaq mənəvi bağların öyrənilib üzə çıxarılması baxımından bu adamların gördüyü işlər ötən il də öz ənənəvi ritmində davam etdi. Hətta tədqiqatların əhatə coğrafiyası daha geniş miqyas aldı. Akademik Nizami Cəfərov, Vilayət Quliyev, Rafael Hüseynov, Azər Turan, Məti Osmanoğlu ötən il ərsəyə gətirdiyi mətnlərlə milli-ictimai tərəqqinin gəlişməsində tarixi perspektivə zəmin yaradan insanların ömür yolunu, onların əsərlərindəki ideya istiqamətlərini öyrənməklə, nəinki XX əsrin, hətta bugünümüzün çağdaş ölçülərinin müəyyənləşməsində mühüm missiya daşıyıcısılarına çevrilir, tarixin dərin qatlarına nüfuz edib bizim üçün toxunulmamış, yaxud yarımçıq qalan mövzuları yeni çağın problematikasına daxil edə bilirlər. Aydın məsələdir, milli cəmiyyət, mədəniyyət və ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirmək istəyiriksə, onların ideyalarının saçdığı işıqdan bu günə, sabaha yollar aramalıyıq. Bu istiqamətdə ötən il meydana qoyulan kitablara da diqqət etməyə dəyər.
Filologiya elmləri doktoru Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifbası, imlası və ünsiyyət dili” kitabının Özbəkistan Respublikasında çap olunması bu baxımdan, ilin mühüm uğurları sırasında qeyd olunmalıdır. Türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, həmçinin XX yüzilliyin başlanğıcından günümüzə qədər davam edən proseslər kitabda elmi-nəzəri aspektdə tədqiq olunur. Qeyd edim ki, türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndiyi bir vaxtda hasilə gələn bu araşdırma həlli açıq qalmış bir çox problemlərin aydın elmi izahının tapılması yönündə uğurlu addımı ifadə eləyir.
Ötən il Türk Akademiyası Azər Turanın türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq nəzəriyyəsinin müəllifi Əli bəy Hüseynzadənin həyat və irsini araşdıran "Əli bəy Hüseynzadə" kitabını Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin ön sözü iləAstanada qazax, Daşkənddə özbək dillərində nəşr elədi. Bu, Əli bəy Hüseynzadəni türk dövlətləri içrə tanıtmaq, onun türkçülük, turançılıqla bağlı ideyalarının daha geniş auditoriyalara çatdırılması baxımından nəcib addımdır. Eyni zamanda XX əsr aydınının bir çox məsələlərə baxışından yararlanaraq çağımızın eyni civarında cərəyan edən proseslər dalğasına nələrsə ötürməyə imkan verən maarifçi təşəbbüsdür.
Ötən ilin ən uğurlu ədəbi hadisələrindən biri şəhid türkoloq Xalid Səid Xocayevin tərcüməsində Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin əlyazmasının Nəsimi adına Dilçilik İnstitutunda tapılması oldu. Bu, ömrü repressiyanın amansız dalğasında güdaza gedən bir alimin haqqının bərpası idisə, digər tərəfdən, Azərbaycanın türkologiya elminə verdiyi böyük töhfə idi ki, bunun üçün illərlə bu əlyazmanın tapılması üçün mücadilə aparan, Xalid Səid Xocayevlə bağlı ilk kitabın müəllifi olan Azər Turana və əlyazmanın tapılıb üzə çıxarılmasında əməyi olan akademik İsa Həbibbəyli və Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədliyə təşəkkür düşür.
Türk dövlətləri arasında ədəbi-elmi münasibətlərdən bəhs ediriksə, ötən ilin sonu, 2-4 dekabr tarixlərində “Türk Dünyasında milli kimlik və mədəni irs” mövzusunda keçirilən III Beynəlxalq Türkoloji Konqresdən danışmaq labüdləşir. Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə keçirilən bu konqres Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə hasilə gəldi.Konqresdə əsas məqsəd başda Azərbaycanın Şuşa şəhəri olmaqla, Türk-İslam mədəniyyətinin inkişafında əhəmiyyətli yer tutan mədəniyyət mərkəzlərinin, milli kimliyin formalaşmasında və mədəni irsin qorunmasında oynadığı rolun vurğulanması idi ki, bu münasibətlə Beynəlxalq mərasimdə Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Rusiya Federasiyası başda olmaqla, ümumilikdə, 10-dan çox ölkədən 100-dən çox elm adamının məruzəsi dinlənildi, türkologiyanın müasir problemləri ilə bağlı geniş müzakirələr aparıldı.
İl boyu türk dünyasının bir sıra maraqlı şəxsiyyətləri ilə bağlı yazılan kitab və məqalələr öndə qərarlaşdı.Vilayət Quliyevin “525-ci qəzet” və “Ədəbiyyat qəzeti”ndə çap olunan məqalələri, Nadir Məmmədlinin “Ədəbiyyat qəzeti”ndə Azərbaycan ədəbi dili tarixinin həm linqvistik, həm sosial-mədəni, həm də siyasi-ideoloji baxımdan xüsusi maraq doğuran dövrlərinin təhlilini verən yazıları, İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: mərhələlər və simalar” kitabı, Əli Qafqaziyalının “Nazim Hikmət”,Asif Rüstəmlinin “Cümhuriyyət məfkurəsi” və “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı”, Bədirxan Əhmədovun üç cilddə çap olunan“XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitablarıötən ilin ədəbi faktları olsa da, bütünlükdə XX əsri tarixi-tipoloji vahid olaraq oxumağa imkan verən mətnlər məcmusudur.
Türk keçmişimiz, milli kimliyimizlə bağlıAzər Turanın ötən il çap olunmuş"Alp Ər Tonqa" kitabına diqqət yönəltməyə gərək var. Birbaşa tarix konsepti üstündə yazılan "Alp Ər Tonqa" kitabı müəllifin digər yazıları kimi ədəbi-mədəni diskursa açıqdır, onda tarixiləşmək, tarixi sabaha vurğulama niyyəti ilə üzləşməli oluruq. Bilgi və informasiyasının ağırlığına görə fərqlənən, tariximiz haqqında çeşidli yeni gerçəklər anladan, ciddi düşüncə sahiblərinin, tarixçilərin fikirlərinə istinadən böyük mətləblərdən soraq verən "Alp Ər Tonqa"mətnində qaldırılan problemlər sırasına görə düşündürür. Zərdüştə və onun "Avesta"sına yenidən nəzər yetirməyin labüdlüyü, yaxud "əsli-nəsli bilinməyən Dəvdək adlı bir şairin Cavanşirin ölümünə yazdığı: "Tamam ram etmişdi böyük Cavanşir, Dünayda nə qədər işğalçı var?" kimi əttökən "mərsiyəsini" erməni dilindən Azərbaycan türkcəsinə çevirib ədəbiyyat tariximizin birinci yazısı edənlər"in nə üçün Alp Ər Tonqaya, yaxud Alp Ər Tonqa barədə bizim öz dilimizdə yazılmış ən qədim türk şeirinə sahib çıxmaq istəmir", - kimi sualların varlığı bizi tariximizə bağlı daha obyektiv elmi yanaşmalar əsasında düşünməyə vadar edir. Bu suallara cavab vermək, əlbəttə ki, tarixçilərin işidir. Amma bu da faktdır ki, bəzən faktların mövcudluğu, mənbələrin yetərincə olması onların doğru təfsirinə varılması üçün bəs eləmir. Bunun üçün həm də milli şüur oyaqlığı, millətini və dövlətini sevmək əzmi öndə olmalıdır. Ona görə Azər Turanın aşağıdakı fikirləri milli heysiyyətdən doğan ağrı nidası kimi səslənir: "Bu yazıya başlayarkən təəssüf qarışıq bir duyğu yaşadım. Kaş bizim tariximizi Zəki Vəlidi Toğan kimi romantik milli ruha, böyük elmi öfkəyə və diapazona malik alimlər yazaydılar. Daha adları hecalara bölüb hər hecanın tərkibindən türk elementini axtarmaqla məşğul olmayaydılar. Cahan tarixinə həm də hər zaman oyanıq olan milli şüurun gözləriylə baxaydılar..."
Bu, zaman-zaman yad əllər və düşüncə ilə yazılmış, milli statusundan ayrı düşmüş bir tarixin acılarından ibrət götürməyə çağırışdır. Bu kitabda həmin yad ideologiyaların güdazına getmiş millət fədailərindən sevgi ilə bəhs olunur. O fədailər ki, 1926-cı ilin Bakısını Türkoloji qurultayın ilk ünvanına çevirə bilmiş və rus şərqşünası Bartoldun bu fikirlərini tarixə salmağa şərəfli ömür həsr etmişdilər: "Hal-hazırda qurultay Bakıda çağırılır. Qurultayın Bakıda çağırılmasına bir çox dəlillər vardır... Danmaq olmaz ki, əksər əhalisi türk olan cümhuriyyətlərin hamısına nisbətən Azərbaycan cümhuriyyəti və onun paytaxtı Bakı şəhəri universitet həyatını və ümumiyyətlə, elmi həyatı daha yüksək dərəcədə saxlamağa müvəffəq olmuşdur. Digər tərəfdən, coğrafi mövqeyinə görə də Bakı istər Moskvadan, Leninqraddan, istərsə də Krım, Tatarıstan, Türkmənistan və sair respublikalardan gələnlər üçün eyni dərəcədə əlverişlidir".
Düşünürəm ki, Bartoldun I Türkoloji Qurultayla bağlı söylədiyi bu fikirlər indi, Qurultayın 100 illiyi ərəfəsində olduğumuz bu zaman kəsimində başqa bir önəm cizgisi kəsb edir.
Türkoloji Qurultaydan danışırıqsa, birmənalı şəkildə mühacirət irsimiz yada düşür. Öz məfkurələri yolunda ömür nisan edən qələm adamlarının qürbətdə olan fəaliyyətlərini incələyib üzə çıxarmaq, araşdırma predmeti edib tarixin yaddaş faktına çevirmək elə bu adamların gördükləri iş qədər çətinlik və əzm tələb edir. İllərdir bu yükü çəkənlər var. Vilayət Quliyev, Nikpur Cabbarlı, Abid Tahirli, Bədirxan Əhmədli, Vaqif Sultanlı, Dilqəm Əhməd. Ötən il xüsusilə Vilayət Quliyev, Nikpur Cabbarlı və Dilqəm Əhmədin bu kontekstdə fəaliyyətləri sistemli və dinamik təsir bağışladı. Bu məqamdabir faktı qeyd etməliyəm. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan Mühacirət ədəbiyyatı” şöbəsi filologiya elmləri doktoru Nikpur Cabbarlının rəhbərliyi ilə uzun illərdir ki, elm adına çox uğurlu işlər görür, mühüm kitablar hasilə gətirir: “Məhəmməd Əmin Rəsulzadə” (2016), “Səlim Rəfiq Rəfioğlu. “Füzuli” (2019), “Alazan Baycan” (2021), “Süleyman Təkinər” (2022), “Mirzə Bala Məhəmmədzadə” (2023). Mühacirət irsimizin öyrənilməsi istiqamətində bu kitabların hər birinin yeri və rolu müstəsnadır. Adları çəkilən müəlliflərin zəngin yazılı irsini, zamanında istiqlal mücadiləsinin ideoloji-siyasi əsaslarının müəyyənləşməsində rol oynayan baxışlarını, azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmətlərini öyrənmək baxımından bu nəşrlərin qiyməti misilsizdir.
Qərbi Azərbaycan ili! Ötən il Qərbi Azərbaycanla bağlı mütəşəkkil təşkilatlanma ili kimi xarakterizə olundu. Qərbi Azərbaycanla bağlı Təşəbbüs qrupu yaradıldı, il böyu bir sıra mühüm konfrans və tədbirlər keçirildi, müzakirələr və görüşlər aparıldı. Bu yöndə xüsusilə Qərbi Azərbaycan İcmasının dinamik və səmərəli fəaliyyətini qeyd etməyə ehtiyac var. Əslində, 2022-ci ilin 24 dekabrında Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasında etdiyi çıxışın, bu tarixi torpaqlara qayıdış konsepsiyası ilə müəyyən çağırışlar səsləndirməsinin əsasında yeni milli təfəkkürün, təzələnən diskursun və məfkurə dalğasının düşüncədə və əməldə ifadəsini görmək istəyi dayanırdı ki, bu istiqamətdə də Qərbi Azərbaycan İcması işləri məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparır.
Ötən il AMEA-da həyata keçirilən elmi və elmi-təşkilati fəaliyyətin mühüm istiqamətlərindən biri Qərbi Azərbaycanla bağlı oldu. AMEA-da və ölkənin digər elmi qurumlarında Qərbi Azərbaycanla bağlı aparılan elmi tədqiqatların daha sistemli və uğurluistiqamətdə təşkil edilməsini təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə akademik İsa Həbibbəylinin sədri olduğu Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurası yaradıldı. Qərbi Azərbaycanın azərbaycanlı əhalisinin və Qarabağın qeyri-maddi mədəni irsinin sistemləşdirilməsi, nəşri, tədqiqi və təbliği istiqamətində fəaliyyətin gücləndirilməsi məqsədilə isə Qərbi Azərbaycan tədqiqatları ilə bağlı Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Dilçilik İnstitutunda Toponimika şöbəsi fəaliyyətini davam etdirdi.
Ötən il sentyabrın 30-da Bakıda Aşıq Ələsgərin abidəsinin açılışı oldu. Bu, böyük el sənətkarının, irfani düşüncə sahibinin irsinə, sənətinə olan böyük sevgi və qayğının təzahürü olmaqla yanaşı, həm də milli ideoloji baxımdan müstəsna hadisədir. Bu heykəl təkcə Aşıq Ələsgərin deyil, ümumiyyətlə, hər bir Qərbi Azərbaycanlının və Qərbi Azərbaycanın obrazını özündə əks etdirən nümunədir. Nəzərə alanda bu gün Qərbi Azərbaycan amili nə qədər aktualdır və yenə də nəzərə alanda ki, dünya ictimaiyyəti ermənilərin mənafeyindən, ikili standartlardan çıxış edir, erməni vəhşiliklərini faktiki olaraq təsdiqləmir və azərbaycanlılara qarşı həyata keçirilən deportasiya zülmünü görmür, ədalətsizcəsinə davranmağı fəaliyyət məramlarına çevirirlər, o zaman bu zülmün təzahürlərini daha uca səslə bəyan etmək lazım gəlir. Aşıq Ələsgərin heykəli bu baxımdan həm vizual olaraq qəzəbin, ağrının simvoludur, həm də Prezident İlham Əliyev tərəfindən zamanında gerçəkləşdirilmiş müstəsna fakt kimi əhəmiyyətlidir.
Qərbi Azərbaycana məxsus ədəbiyyatın, bu böyük ədəbi-tarixi irsin öyrənilməsi ədəbiyyatşünaslığın ciddi problemi və predmeti olsa da, əslində, onun sədlərini aşan bir mövzudur. Məsələn, “Zəngəzur Azərbaycanın zəngin guşəsidir” ifadəsi gəlişigözəl söz olmadığı kimi, onun metafizik etimalogiyası, təəssüf ki, geniş təbliğ olunmamış, lokal hüdudları qıraraq geniş düşüncə ərazilərinə adlamamışdır. Bu qədim və tarixi əraziyə məxsus gözəlliklərin arxasında dayanan hekayələr (!) sənət dili ilə geniş və panoramlı təsvirini tapmamışdır. 2022-ci ildən başlayaraq Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşdə etdiyi çıxışdan sonra bu yöndə ardıcıl və konseptual addımlar atılmaqdadır. Ötən il “Ədəbiyyat qəzeti” Qərbi Azərbaycana həsr olunmuş “Xüsusi buraxılış” hazırladı. Bu, ən yeni tariximizin Qərbi Azərbaycan adlanan mərhələsinin mədəniyyətlə başlanan yolçuluğunda ilk addımlardan sayıla bilər. Bu “ilk”lərdən digəri "Yenisi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyinin növbəti layihəsi (layihənin rəhbəri Məqsəd Nur, ekspert Tehran Əlişanoğludur)kimi ərsəyə gələn"İrəvan gündəliyi" adlı qiymətli nümunə oldu. Qeyd edim ki, klassik və müasir Azərbaycan müəlliflərinin tarixi İrəvan şəhəri, o cümlədən İrəvan xanlığı haqqında yazdığı ədəbi mətnlərin yer aldığı "İrəvan gündəliyi" kitabında ilk dəfə olaraq ədəbiyyatda İrəvan konsepti ayrıca qabardılıb, sistemli şəkildə, mərhələlər üzrə işıqlandırılıb. O da simvolikdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qayıdış konsepsiyası"na çağırışın ruhuna uyğunlaşdırılaraq hazırlanan bu kitabın tərtibatında istifadə edilmiş bütün rəsm əsərlərinin və qrafik elementlərin müəllifi XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı Mirzə Qədim İrəvanidir.
Sərgilər – Kitab ili! Son illərin mühüm ədəbi layihələrindən biri kimi Kitab Sərgilərini qeyd etmək olar. Etiraf edək ki, keçirilən sərgilər kitab sənayesinə maraq oyadılmasında, kitaba diqqət yönəldilməsində, yeni yetişən nəsillərin kitaba sevgi ruhunda böyüməsində əvəzsiz rol oynayır. Ötən il də bu mənadaistisna olmadı. Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi açıldı. Məhəmməd Füzulinin 530 illiyinə həsr edilən sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak etdi. Kitab Sərgisinin Təşkilat Komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu sərginin fəxri yazarları seçildilər. Dünya şöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn, Azərbaycan əsilli Fəriba Vəfi də sərginin fəxri qonaqları sırasında qərarlaşdılar. Qeyd edək ki, bu il keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Füzuli kitabxanası” seriyası Mədəniyyət Nazirliyi tərəfindən sərginin “Ən yaxşı kitab”ı seçildi.
19–22 dekabr tarixlərində ANAİB-in təşəbbüsü ilə 2024-cü ilin son kitab sərgisi - ANAİB I Bakı Kitab Sərgisi keçirildi.“Yeni ilə yeni kitablarla” şüarı ilə keçirilən sərgidə ANAİB üzvü olan nəşriyyatlarla yanaşı, digər nəşriyyatlar da iştirak edərək öz kitablarını təqdim etdilər.
2024-cü ilin 2-10 noyabr tarixində İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan yazarlarının bir qismi təmsil olundular. Həftə boyu sərgidə Azərbaycan yazıçılarının iştirakı ilə imza mərasimləri, ədəbi müzakirələr və müxtəlif ölkələrdən naşirlərin işgüzar görüşləri keçirildi.
Dünya və biz! 2024-cü il Ədəbiyyat üzrə Nobel mükafatı cənubi koreyalı yazıçı Han Kanqa verildi. O, bu mükafata tarixi travmaları və insan həyatının kövrəkliyini üzə çıxaran poetik nəsrinə görə layiq görüldü. Dünyanın nüfuzlu ədəbiyyat mükafatı olan "Buker"in ("Booker Prize") 2024-cü il üzrə qalibi isə “Orbital” romanı ilə Samantha Harvey oldu.
Hələlik Nobel və Bukerə əlimiz çatmasa da, ötən il bizim yazıçı və şairlərimizin də aldıqları təltif və mükafatlar az olmayıb. Xalq yazıçısı Anar Trabzon Beynəlxalq Ədəbiyyat Festivalının açılış mərasimində “Yaşayan ədəbi dəyərlər” medalı ilə təltif olunub. Habelə ötən il yazıçıya Türk Dil Qurumunun “Türk Dünyası Ədəbiyyat (Hekayə) Ödülü” də təqdim olunub.
Artıq ənənəvi şəkildə verilən Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı” mükafatıötən il Ramiz Rövşən, Həmid Herisçi, Rüstəm Behrudi, Aydın Talıbzadə, Azər Turan, Varis, Aqşin Yenisey, Nərgiz Cabbarlı, Ulucay Akif, Etimad Başkeçidə təqdim olundu.
Yeri gəlmişkən, qeyd edim ki, ötən ilin Gənclər üçün ayrılmış Prezident mükafatı 2 fevral – Gənclər günündə Ulucay Akifə verilib.
İl boyu Məmməd İsmayılın 80, Hüseyn Arifin 100, Zəlimxan Yaqubun 75 illiyi geniş şəkildə qeyd olunub. Baba Vəziroğlu 70 yaşı münasibətilə “Şərəf” ordeni ilə təltif edilib.
2024-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun – bu qüdrətli elm ocağının, intellekt və idrak məbədinin 90 yaşı tamam oldu. Bu münasibətlə AMEA Rəyasət Heyətində böyük tədbir keçirildi, bir sıra alimlər mükafatlarla təltif olundular.
2024-cü il, 27 martda - “Elm”günündə Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev – 100” medalı ilə İnstitutun bir qism əməkdaşları - akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və filologiya elmləri doktoru, dosent Elnarə Akimovatəltif olundular.
Ötən il yazıçılarımızın əsərlərinin xarici ölkələrdə çap olunması baxımından əlamətdar oldu. Xalq yazıçısı Elçinin Türkiyənin “Mi Yayınları”nda pyeslərindən ibarət “Teleskop. Teatro oyunları” kitabı nəşr edildi. Kitaba Elçinin “Teleskop”, “Mənim sevimli dəlim”, “Şekspir” və “Cəhənnəm sakinləri” pyesləri daxil edilib. Əsərləri türkcəyə tanınmış yazıçı Orxan Aras çevirib. Qeyd edək ki, 2024-cü ildə Elçinin yeni çoxcildliyinin 2-ci və 3-cü cildləri də çapdan çıxmışdır. Cildlərə ədibin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” və “Baş” kimi məşhur romanları daxil edilmişdir.
Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: mərhələlər və simalar” monoqrafiyası ötən il Türkiyənin “Bengü” nəşriyyatında çap olundu. Qardaş ölkə ilə elmi əlaqələrimizin yeni bir səhifəsi kimi də əhəmiyyət daşıyan bu nəşrin elmi redaktoru professor Yavuz Akpınardır.
Yazıçı Novruz Nəcəfoğlunun ötən il “Bembeyaz keçidde”, "Unutamadığım gün”,"Karanlık gecenin sesleri" əsərləri Türkiyə türkcəsində (İmdat Avşarın tərcüməsində) işıq üzü gördü. Bu kitabların hər biri İstanbul Valiliyi tərəfindən şəhər kitabxanalarının fondlarına daxil edilib. “Bembeyaz keçidde” kitabı isə Türkiyə Universitetlərinin ədəbiyyat fakültələrində oxu materialı kimi istifadə olunmaq üçün Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifarişlə alınıb.
Yazıçı-dramaturq Elçin Hüseynbəylinin ötən il İranda hekayələr kitabı çap olunub. “Babam, nənəm və kommunizm” adlı toplunun tərtibçisi və naşiri Əlyar Poladdır. Qeyd edim ki, bu, yazıçının qonşu ölkədə nəşr olunan sayca üçüncü kitabıdır.
Ötən il həmçinin yazıçı Mənzər Niyarlının Türkiyənin Ankara şəhərində "Düğün gününün sabahı" adlı hekayələr kitabı nəşr olundu. On yeddi hekayədən ibarət kitabın redaktoru Avrasiya Yazarlar Birliyinin başkanı Yakup Öməroğludur. Hekayələri Türkiyə türkcəsinə Ege Universitetinin doktorantı Zeynep Yıldırım çevririb.
2024-cü ildə Ankarada mərhum millət vəkili, Türk Dünyasının tanınmış ziyalısı Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab çap olundu. Araşdırmaçı-jurnalist Şəhla Aslanın təşəbbüsü ilə hazırlanan bu kitab Q.Paşayevanın həyat və fəaliyyətinə dair fikirləri əks etdirən məqalələr toplusu kimi özündə Türkiyənin elm və təhsil adamlarının, siyasətçilərin, jurnalistlərin və digər tanınmış şəxslərin yazılarını ehtiva edir.
Digər bir istiqamət. Ötən il nəşr olunan və haqqında bəhs olunan uğurlu nəşrlərdən biri də tanınmış tərcüməçi, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri” kitabı oldu. Nəşrdə Seyfəddin Hüseynlinin dünya ədəbiyyatından ana dilimizə zövqlə seçib çevirdiyi hekayələr, esse və söhbətlər yer alıb ki, onlarla tanışlıq oxucuya həyata, insana, ədəbiyyata, incəsənətə münasibətdə fərqli rakursdan yanaşmaq imkanı verir, həmçinin müxtəlif tarixi, ictimai, ədəbi-mədəni məsələlərlə bağlı tanınmış yazıçıların fikir və mülahizələrini öyrənmək feyzi yaradır.
Keçən il “Mücrü” nəşriyyatında XX-XXI əsr çeçen şeirinin bütün ədəbi nəsillərini təmsil edən, hər bir müəllifdən bir şeir olmaqla 41 şairin əsərini çevrələyən “Ərənlərin nəğməsi. Çeçen şeirindən seçmələr” toplusu işıq üzü gördü. Şeirləri dilimizə tərcüməçi, eyni zamanda antologiyanın tərcüməçisi və son sözün müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu çevirib.
Ədəbi müsabiqələr və layihələr! Müsabiqələr daim stimul verir, yetişdirir, yeni adlar irəli çəkir, ədəbiyyatın hansı mövzular ətrafında var-gəl etdiyini meydana qoyur. Hər il olduğu kimi, ötən ildə də müsabiqələr keçirildi. 2024-cü ilin noyabrında TEAS Press Nəşriyyat Evi ikinci dəfə “Gənclərin Roman müsabiqəsi” keçirdi və 10 imzanın mətni dəyərləndirilənlər sırasında oldu: Mahir Abbasov “Şərin qürubu”, Orxan Həsənli “Berlindəki xarıbülbül”, Pərvin İsmayılov “İlğım”, Fatimə Qədirzadə “Qarabağ çiçəyi”, Hüseyn Qəhrəmanov “Görünməyən rəng”, Fərid Məhərrəmli “Əmanət”, Samir Məmmədov "Zona”, Gülü Mustafayeva “Yolçu ruhlar”, Vasif Zahidov “Sonuncu istintaq” əsərləri ilə ədəbi prosesə yeni adlar və maraqlı mövzularla daxil ola bildilər.
2023-cü ildən başlayaraq hər il keçirilən “Ədibin Evi” Ədəbiyyat Fondunun hekayə müsabiqəsində isə müsabiqənin qalibləri 230 müəllifin 261 hekayəsi arasından seçildi. Qeyd edim ki, müsabiqədə ikinci yerin qalibi sırasında mərhum istedadlı nasir Yaşar Bünyadın “Heyvagülü” hekayəsi də yer aldı.
Müsabiqələrlə yanaşı, son illər müxtəlif instansiya və qurumların ədəbiyyata dəstək verməsi çox gözəldir və alqışlanmalı işdir. 2022-ci ildə Azərbaycan ədəbiyyatının gənc müəlliflərindən dörd nəfərin kitabını çap edən BP şirkəti bu il də 5 azərbaycanlı müəllifin kitabının - Qismətin "Tanış küçələrin birində”, Ruslan Dost Əlinin “3 mart”, Ulucay Akifin “Bayılda axşamçağı”, El Romanın “Ağ kvadrat” şeirlər toplusu, Rəvan Cavidin isə “Gecəni axtaranlar” qısa hekayələr və roman toplusunun çapına dəstək nümayiş etdirdi.
Ötən il “Ədibin Evi”nin ADY ilə birgə “Qatarda oxu” layihəsi üçün hazırladığı kitab da işıq üzü gördü. Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qalibləri və münsiflər tərəfindən seçilən 50-yə yaxın müəlliflərin hekayəsinin yer aldığı kitab Xalq yazıçısı Elçinin ön sözü ilə nəşr edilərək oxucuların mühakiməsinə verildi. Qeyd edim ki, “Ədibin Evi”nin təşəbbüsü ilə TEAS Press tərəfindən hazırlanan “Yağışlı Bir Gün idi...” adlı bu kitab "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişidir və “Qatarda oxu” layihəsi çərçivəsində səyahət zamanı ADY sərnişinlərinin qiraəti üçün qatarlarda təqdim ediləcək.
Bu məqamda, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun Azərbaycan ədəbiyyatının tədqiq və təbliği istiqamətində gördüyü işləri xüsusi vurğulamaq lazımdır. 2017-ci ildən bəri keçirilməklə ənənə halını alan və Azərbaycan ədəbiyyatında qısa hekayəçilik irsini qoruyan Mir Cəlal adına Hekayə müsabiqəsindən başqa, Fond müxtəlif layihələr gerçəkləşdirməklə Azərbaycan ədəbiyyatına töhfə verməyə çalışır. Bu sıradan, Aqşinin, Qismətin il boyu “Ədibin Evi” layihəsi çərçivəsində gerçəkləşdirdikləri maarifçi işlər, söhbət və diskussiyalar çox önəmlidir. Məlumdur ki, çağdaş dünyada texnoloji yeniliklər insanın fəaliyyət və davranışlarına aşırı sürət, tələskənlik gətirib. Buna adekvat olaraq maraqlı mövzuların seçilməsi və diqqətçəkən üslub nümayiş etdirilməsi zəruriləşir. “Ədibin Evi”nin media layihələri olan “Fikir vaxtı”, “Tarixin güzgüsü”, “Ədibin Evi”nin Milli Kitab 10-luğu layihələri bu gün texnoloji üstünlüklərdən maarifçilik yönündə yararlanmaq, zaman dinamizmi və qarışıqlığı içində diqqəti ədəbiyyat, mədəniyyətyönümlü işlərə yönəltmək baxımından unikaldır və ana dilimizin incəliklərinə varmaq, milli ədəbiyyatımızın dəyərli əsərlərini yeni dövr insanına təqdim etmək niyyəti ilə fərqli düşüncə müstəvisində qərarlaşır.
AMEA – beynəlxalq əməkdaşlıq ili! Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafı baxımından bir sıra nailiyyətlərlə müşayiət olunan 2024-cü il Azərbaycan elmi, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası üçün də uğurlu oldu. Akademiyanın strukturu daha da modernləşdirildi, elmin yeni prioritetləri dövlət siyasətinin strateji hədəfləri və dünya elminin çağırışları ilə uyğunlaşdırıldı, dövlətin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji siyasətinin həyata keçirilməsində elmin iştirakı əhəmiyyətli dərəcədə gücləndirildi, beynəlxalq elmi əlaqələr genişləndirildi.
Xüsusilə, son məqama vurğu salaraq qeyd edim ki, 2024-cü il AMEA-nın beynəlxalq arenada qurulan əməkdaşlıqların ili kimi yadda qaldı. Ölkə başçısının Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı Sərəncamından irəli gələrək görülən işlər sırasında “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr”, AMEA Rəyasət Heyəti, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfranslar, “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans, III Türk dünyası Ədəbiyyat və Kitab festivalında “Məhəmməd Füzuli-530” paneli və digər tədbirlər həm Füzulini yenidən dünyaya Azərbaycan şairi kimi tanıtmaq, həm də qardaş ölkələrlə ədəbi münasibətləri dərinləşdirmək məramıdır.
Ötən ilin mühüm hadisələrindən biri də Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-nin Şimali Karolina Universitetinin professoru Əziz Səncərin AMEA-ya səfəri oldu. 30 may - 6 iyun 2024-cü il tarixlərində Əziz Səncərin AMEA-ya səfəri oldu, AMEA-nın elmi müəssisələri və respublikamızın ali məktəblərində görkəmli alimlə görüşlər keçirildi. Əziz Səncərin iştirakı ilə AMEA-nın Ümumi yığıncağının xüsusi iclası keçirilərək ona AMEA-nın fəxri üzvü diplomu və vəsiqəsi təqdim olundu.
Ötən il humanitar elmin mühüm nəticələrinə görə üç kitab daha çox fərqlənərək “İlin kitabı” qismində qərarlaşdı: “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” (müəllif: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru. Kollektiv); “Yeni Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” kitabı (müəlllif: fil.e.d. Rəhim Əliyev); “Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri” (müəllif: filologiya elmləri doktoru, dosent Elnarə Akimova)
Cari ədəbiyyat, yaxud zaman və biz! Müasir ədəbiyyatda nə baş verir? O, özünü “zaman necə dəyişir, mən necə dəyişirəm” sualına kökləyə bilirmi? Canlılıq, dinamizm necədir? Əvvəlcə bunu deyim. Müasir ədəbi proseslə bağlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsində aparılan kitab müzakirələri xüsusi canlanma mühiti yaradıb. Şöbə müdiri ədəbiyyatşünas Tehran Əlişanoğlu və moderator Mətanət Vahidin birgə təşkilatçılıqları ilə ərsəyə gələn müzakirələr həm meydana qoyulmuş yeni kitabların təhlili, gənclərin yaradıcılıqlarına, mətnlərinə baxış kimi önəm çəkir, həm də ən yeni ədəbiyyatı tanıtmaq istiqamətində mühüm addımı ifadə eləyir. Yaxud ötən ilin maraqlı layihələrindən biri olan “Nəsrin bulvar söhbətləri”ndə yazıçı İlham Əzizlə Rəşad Səfərin maraqlı ədəbiyyat adamları ilə söhbətləri dəvət edilən şəxsin yaradıcılığının təhlil sferasından çıxıb bütünlükdə ədəbiyyatımızın keçdiyi yola, cariliyə nəzər nöqtəsinin sərgilənməsi baxımından faydalı və gərəkli idi.
Ötən ilin sonu “Kulis.az” saytı 2024-cü ilə yekun vuraraq tənqidçi Cavanşir Yusifli ilə müsahibə hazırlamışdı. İl boyu “Ədəbiyyat qəzeti”ndə cari ədəbiyyatı təhlil etməkdə xüsusi rolu olan tənqidçi Cavanşir Yusifli müsahibədə Həmid Piriyevin ona ünvanladığı “2024-cü ildəki ədəbi proses keçmiş illərdən yaxşı mənada fərqlənirdi?” – sualına belə cavab verir: “Əlbəttə, pozitiv mənada. Bayaq qeyd etdiyim tədbirlər, diskussiyalar, müzakirələr… Əvvəllər olan neqativ cəhətlər yığışmağa başlayıb. Məsələn, müəlliflər tənqid eşitməyə hazır deyildilər, eşidən kimi ağız büzürdülər. Həm də tənqid istəyirdilər, çünki təriflənmək istəyirdilər. İndi bu hallar aradan qalxır”.
Bu, doğrudan da belədir. İndiki gənc nəslin digərlərindən fərqi ondadır ki, həm sağlam tənqidi eşitməyə hazırdırlar, həm də yeri gələndə özləri tənqid etməklə bərabər, tənqid predmetinə çevrilməkdən çəkinmirlər. Qismətin, Əli Novruzovun, Mirmehdi Ağaoğlunun, Alpay Azərin, Ulucay Akifin, Nadir Yalçının, İlham Əzizin, Orxan Saffarinin, Təvəkkül Boysunarın və b. “Kulis.az” saytının hekayə müzakirələrində, yaxud ayrıca məqalələr şəklində gerçəkləşən bu təhlil-tənqid jestləri bütünlükdə ədəbiyyatın xeyrinədir və etiraf edək ki, peşəkar tənqidin bir qədər içəçəkilmə (yaxud geriçəkilmə!) yaşadığı indiki dövrdə ədəbiyyatı ətalətdən xilas edən çıxış yoludur.
Ötən il Qarabağ və post-müharibə travmaları, kimlik böhranı, insan tənhalığı və sosial psixoloji məqamlar bədii mətnlərin əsasını təşkil etdi. Sosial şəbəkə üzərindən yayımlanan ədəbi əsərlər və poeziya formaları populyarlığını saxladı, müxtəlif ədəbiyyat təqdimatları, yaradıcılıq gecələri gənclər arasında ədəbi diskussiyaları artırdı. Süni intellekt ətrafında müzakirələr öndə qərarlaşdı, janrların sərhədləri daha da qarışdı, tənqidlə essenin, bioqrafiyanın və sosioloji təhlilin sərhədi silinməyə başladı. “Autofiction” (avto-fantastik) janrı – müəllifin şəxsi təcrübəni süjetlə birləşdirdiyi janr aparıcı oldu.
2024-cü il ədəbiyyatda çoxsəsliliyin, mədəni keçidlərin və daxili dünyaların ili oldu. Azərbaycan ədəbiyyatı getdikcə qloballaşan, amma eyni zamanda yerli köklərə söykənən bir istiqamətə doğru inkişaf edir. Yeni nəslin ədəbiyyata gətirdiyi dil, forma və üslub yenilikləri bu mənzərənin əsas rənglərindən biridir. Ötən il ədəbiyyatda daha çox gənclərin sözü kimi yadda qaldı. Gənc və orta nəsli təmsil edən yazıçı və şairlər ard-arda maraqlı bədii mətnlər meydana qoydular.
Orxan Həsəninin realist üslubda yazılan "Müharibəni gözləyərkən", Vüqar Vanın "Hardasa, olardı 13-14 yaşım" adlı yeni romanları, Həmid Herisçinin "İki səmanın qartalı" kimi modern və postmodern üslubda yazılan hekayələri, Təvəkkül Boysunarın “Sonuncu aşiqlik” adlı hekayələr kitabı şəxsi təcrübələrin bədii dillə birləşdiyi uğurlu nümunələr kimi diqqəti cəlb edir.
Yazıçı Sona Vəliyevanın “Qapı sirri” adlı yeni kitabında müəllifin Qarabağ mövzusunda yazdığı povest və hekayələr yer alır. Hüseynbala Mirələmovun “Ağ buludlar üstündə” povestində məhəbbət motivi önə çəkilir. Yazıçı-dramaturq Firuz Mustafanın "On pyes" kitabında müəllifin müxtəlif mövzularda yazdığı on dram əsəri toplanıb. Zemfira Məhərrəmlinin ötən il çap olunan “Çox kiçikdir bu dünya” kitabında otuz illik bir dönəmin yaşantılarından tutmuş qələbə reallığına, pandemiya çətinliklərindən tutmuş ailə-məişət zəminində problem ola biləcək nüanslara vurğu salınır.
Bütün bunlar əslində, müstəqillik dövrünün Azərbaycan modelidir! İtkiləri və qazancları, faciələri və zəfərləri ilə birlikdə! Hər şey onun obrazına müvafiqdir. 90-cı illərin xaotik proseslərindən yol alan hər şey 2024-cü ildə belə bu obrazın – Azərbaycan obrazının mürəkkəbliyində qapanır, qatılaşır, nəhayət, zəfərlə çıxdığımız reallıqda artıq yeni məcraya qovuşur, başqa səmti, başqa ovqatı nişan verir.
Poeziyamızda da diqqət çəkən yeni kitablar oldu. Ötən il şair Vaqif Bayatlı Odərin “Türkün şərəfli oğlu”, “Göyüzünə yazılanlar”, “Göyüzüylə söhbətlər” və “Biblioqrafiya” kitabları tam şəkildə hazırlanaraq şair Fərid Hüseynin tərtibat və redaktorluğu ilə işıq üzü gördü.
Şair, yazıçı Rasim Qaracanın “Yepyeni şeirlər” adlı kitabı çap olundu. Sözügedən kitabda müəllifin son iki ildə qələmə aldığı şeirləri toplanılıb. Qeyd edək ki, 80 səhifəlik şeirlər toplusundakı illüstrasiyalar Rasim Qaracanın özü tərəfindən ərsəyə gətirilib.
Digər şair Qulu Ağsəsin ötən ildə çap olunan və haqqında çox yazılan “Görsən üşüyürsən…” adlı şeirlər kitabında şairin işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri öndə qərarlaşıb.
Ulucay Akifin “Adını unutduğum qadınlar”, İntiqam Yaşarın "Adını çəkirəm" adlı yeni şeir kitablarında yer alan yeni və köhnə şeirlərin mövzu çaları dəyişməzdir: fəlsəfi, vətənpərvərlik, sevgi və tənhalıq mövzuları!
Ötən il haqqında çox danışılan kitablardan biri Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən yeni nəşri – “Qeyri-səlis məntiq və nitq-dil” adlı kitabı oldu. “Sim-Sim” nəşriyyatında işıq üzü görən yeni kitabda qeyri-səlis məntiq nəzəriyyəsi, ilk dəfə olaraq, dilçilik obyekti olan dilə-nitqə tətbiq edilir. Qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini önə çəkən bu kitab Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlər açmaqla yanaşı, hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olaraq gələcək tədqiqatlar üçün zəmin yaradır.
Ötən il həmçinin professor Niyazi Mehdinin Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr etdiyi “Kamal Abdullanın diskursları... Bildirdiklərindən bilinənlərə” adlı kitabı çap olunub.Kamal Abdullanın son 30 ildə qələmə aldığı elmi-bədii əsərləri haqqında olan məqalə və şərhlərini fərqli üslub və rakursda incələyən Niyazi Mehdi öz ədəbiyyatşünaslıq təlimləri ilə yazıçının obrazını əxz və dərk etməyə imkan yaradır.
2024-cü ilin maraqlı nəşrlərindən olan Qismət Rüstəmovun "Güzgülü pərdə" adlı yeni kitabında müəllifin kino sənəti ilə bağlı yazdığı esselər yer alıb. Ədəbiyyat və sənətin birgə dialoqundan yaranmış bu nümunələrdə arxa fonu təşkil edən ictimai-fəlsəfi, ədəbi-estetik, tarixi-mədəni durumu da görmək çətin olmur. Əslində, müəllif uzaq səmtlərdən boylanıb oxucuya bu bilik və mənzərəni ötürməyə çalışır.
Ötən il şair, yazıçı Rəşad Məcidin 60 illik yubileyinə həsr olunmuş “Ağ adam” adlı yeni kitab işıq üzü gördü. Akademik İsa Həbibbəylinin “Vətəndaşlıq və professionallıq nümunəsi” adlı giriş məqaləsi ilə açılan kitabda bir çox qələm adamlarının yazıları yer alıb. Rəşad Məcid haqqında ötən il daha bir kitabı yazıçı, publisistlər Şahanə Müşfiq və Şəfa Vəli hasilə gətirdi. “Qələmli və qələmsiz” Rəşad Məcid portreti” adlı kitabda Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqda müxtəlif yönlərdən yanaşmalar meydana qoyulur.
Şair İlham Qəhrəmanın “Laçın lətifələri” və “Dəyirmanın su dərdi” kitabları da ötən il çap olunan nəşrlər sırasındadır. “Laçın lətifələri”nin bu dəfəki nəşri Laçın şəhərinin 100 illiyinə həsr olunub.Kitabda qaçqın-köçkün həyatı yaşamış Laçın camaatından müəllifin topladığı orijinal lətifələrlə yanaşı, Molla Nəsrəddin kimi xalq arasında məşhur gülüş qəhrəmanı ilə bağlı indiyədək heç bir yerdə çap olunmamış lətifələr də yer alıb. Bundan əvvəl “Laçın folkloru” və “Laçın lətifələri” kitablarında yer alan lətifələr bu kitabda bir daha toplayıcı tərəfindən yoxlanılıb və bədii cəhətdən zəif, estetik baxımdan məqbul olmayan bəzi lətifələr və gülməcələr yeniləri ilə əvəzlənib.
“Dəyirmanın su dərdi” kitabı şairin poeziya sahəsində oxucularla on birinci görüşüdür. Kitabda İlham Qəhrəmanın son illərdə qələmə aldığı 275 bayatısı toplanıb. Bayatıların mövzusu əsasən sevgidən, ömür yolundan və Qarabağ müharibəsindən bəhs edir.
Ötən il yazıçı Azad Qaradərəlinin əsərlərinin beşinci cildi çapdan çıxdı. Külliyyatın bu cildinə ədibin bir roman və bir neçə hekayəsi daxil edilib. Qeyd edək ki, ötən il Azad Qaradərəlinin özünün həyat və yaradıcılıq yolu ilə bağlı yeni kitab da çap olundu. “Azad Qaradərəlinin söz aləmi” adlı 608 səhifəlik məqalələr toplusunda müəllifin dostlarının, tələbələrinin, qələm dostlarının fikirləri, kitab təqdimatlarını, Türkiyə səfərlərini əks etdirən fotolar-şəkillər də dərc olunub.
Bütün bu faktlarla yanaşı, 2024-cü il əsasən, nəsrimizdə maraqlı hekayə və hekayə kitablarının nəşri ili kimi yadda qaldı. Anarın “Qatardan qalan adam”, Şərif Ağayarın “Qayıdış”, Həmid Herisçinin “Quşqovanlar diriləndə”, Mübariz Örənin “Çinar yazıları”, Nərmin Kamalın “Qarovulçunun oğlu”, Təranə Vahidin “Gümüş durnalar”, Mahirə Nağıqızının “Mənim çəkmələrim”, İmamverdi İsmayılovun “Bayquş və qarovulçu”, İlham Əzizin “Krossvord”, Həmid Piriyevin "Qarışqanın ruzisi", Samirə Əşrəfin “Divanın altı”, Əli Novruzovun “Sonuncu barista”, Alpay Azərin “Bubu və qatar”, “Məhkəməsiz”, Ulucay Akifin “Piterə həmişə qar yağır”, “Nərgiz”, Nizami Hüseynovun “Ağ nar”, Orxan Saffarinin “Əjdər”, Orxan Həsəninin “Anka”, Tural Turanın “Xalça oğrusu”, Nihat Pirin “Ad günü”, Furqanın “Gürcü” hekayələrinin bir qisminin ötən il “Kulis.az” saytında müzakirəsi təşkil olundu, bir qismi haqqında isə “Ədəbiyyat qəzeti”ndə il boyu Nizami Cəfərov, Cavanşir Yusifli, Mətanət Vahid, Ülvi Babasoy, Elnarə Qaragözova, Təvəkkül Boysunarın məqalələri işıq üzü gördü. Yazıçı Azad Qaradərəlinin 2023-cü ildə “Ədəbiyyat qəzeti”ndə İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr etdiyi “Sevgilim vətən” povestindən parçalar işıq üzü görmüşdüsə, 2024-cü ildə “Savaşın qara və ağ üzü” başlığı ilə təqdim etdiyi “İki yaşlı qəhrəman”, “Kəşfiyyatçnın bir gecəsi”, “Bizi köçürdürlər” və “Əsgər çəkmələri” adlı silsilə hekayələri oxucuların ixtiyarına verildi. Yaxşıdır ki, Azad Qaradərəli Qarabağ mövzusunu yaradıcılığının aparıcı xəttinə çevirib. Çünki bizim Zəfərimizlə bağlı özümüzə və dünyaya deyəcək sözümüz var. Bunu siyasət meydanında beş ildir ki, demişik. Yazıçıların əli ilə yazılacaq Ədəbiyyatın sözü isə hələ ki, öz zamanını gözləyir. Əlbəttə, deyə bilərik ki, bədii mətn sifarişlə yazılmır, bu, bir iç yaşantısıdır. Məsələ də bundadır ki, bu mövzu iç yaşantısına niyə çevrilə bilmir, fərdin ağrısı, insan amili kontekstində niyə meydana qoyulmur?!. Hələlik qayıdışla bağlı ən yaxşı mətn Şərif Ağayarın “Qayıdış” hekayəsidir. Bu hekayə müharibə haqqında yeni elegiyadır. Azad edilmiş yurd yerlərinə qayıdan, viran qoyulmuş evlərinin xarabalıqları içərisində gəzib dolaşan, orda öz keçmişini – uşaqlığını, yaddaşını, gülüşünü axtaran insanın yaşadığı sarsıntıların bədii poetik əksidir:
“Doğrudan, getmək istəyirdimmi kəndimizə? Bilmirdim ki! İstəyib-istəyib yorulmuş, usanmış, hətta qocalmışdım. Bu istək biri-birindən ağır keçən günlərin, ayların, illərin altında qalıb əzilmişdi, indi çapalaya-çapalaya üzə çıxa biləcəkdimi?"
Bu hekayədə Şərifin nəsri artıq birbaşa varlıq fəlsəfəsi, dərk olunmuş bədii şüur, bədii düşüncə səviyyəsindədir. Problematikanı da məhz çağımızı düşündürən müharibə, qayıdış və insan məsələlərindən götürür. Yeni reallıqlar, yeni ictimai-siyasi proseslərlə əhatələnən insan və onun mənəvi durumu, təbəddülatları varlığından necə keçirməsi, sarsıntılarını necə adlaması və s.
“Qayıdış” Şərifin digər mətnləri ilə qurulan “bağ”dır. Amma müəllifin digər əsərlərindən xəbərsiz oxucu belə bu hekayəni məhz struktur və ondan doğan təəssürat bütövlüyünə görə yeni bir mətn kimi oxuyacaq. Və düşünəcək. Bəli, qayıdış elə də asan olmayacaq! Bəs necə olacaq? Bəlkə də Şərifin yeni nəsri, ümumiyyətlə, ən yeni nəsrimiz məhz bu sualı cavablandırmaq imkanlarından doğulacaq. Amma qayıdışımıza yol açmış Zəfərimizi də bədii təcəssüm predmetinə çevirməklə! Niyə də yox?! Şuşanın alınması faktının özü bir romandırsa, bunun ədəbiyyatlaşması mütləq əksini tapmalıdır. Əhməd Cavad misali:
Atıldı dağlardan zəfər topları,
Yürüdü iləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!
Biz də gözləyirik!
Növbəti ilin ədəbi yekunlarında Zəfərimizə layiq yazılan Sözümüzdən bəhs etmək ümidi ilə!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!