Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi-ədəbi hərəkata çevrilən və keçirilməsi davam etdirilməkdə olan Ədəbi proses elmi-yaradıcılıq müzakirələri aşağıdakı bir neçə mərhələni əhatə edir:
1. Sovet dövrü Ədəbi proses müzakirələri – 1976-1984-cü illər.
2. Ədəbi proses yaradıcılıq müşavirələrinin bərpası və ənənənin yaşadılması (1994-2010).
3. Müstəqillik dövründə Ədəbi proses müşavirələrinin yenidən formalaşdırılması mərhələsi (2013-2016-cı illər).
4. Ədəbi proses müzakirələrinin elmi-ədəbi hərəkata çevrilməsi mərhələsi (2017-2020-ci illər).
5. Ədəbi proses hərəkatında yeni dövr. Zəfər diskursu (2020-ci ildən).
Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsü ilə 1976-1984-cü illərdə Sovet hakimiyyəti dövründə keçirilən Ədəbi proses müzakirələri ədəbi proses hərəkatının başlanğıc dövrü, təməlidir. Bu dövrdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun «Ədəbiyyat nəzəriyyəsi» şöbəsinin bazasında yaradılmış «Müasir ədəbi proses» sektorunun təşəbbüsü ilə təşkil olunmuş Ədəbi proses yaradıcılıq müşavirələrinə ümumi şəkildə həmin şöbənin müdiri, o zaman Akademiyanın müxbir üzvü olan görkəmli ədəbiyyatşünas-alim Məmməd Cəfər Cəfərov rəhbərlik etmişdir. Bununla belə, Ədəbi proses müzakirələrinin keçirilməsi təşəbbüsünü irəli sürən həmin vaxtlarda hələ doktorluq dissertasiyası müdafiə etmək ərəfəsində olan, böyük istedadı ilə tanınan «Müasir ədəbi proses» sektorunun müdiri Yaşar Qarayev olmuşdur. Yaşar Qarayevin hər dəfə məruzəçi qismində çıxış etməsindən başqa, həm də «Ədəbi proses» toplularının altısından beşinə müqəddimə yazması (axırıncı müqəddiməsiz çıxmışdı – İ.H.) da onun sovet dövrü yaradıcılıq müşavirələrinin keçirilməsindəki rolunu aydın şəkildə təzahür etdirir.
Ədəbi proses müşavirələrində klassik təsnifata uyğun olaraq poeziya, nəsr, dramaturgiya və ədəbi tənqid üzrə məruzələr dinlənilmiş və mətnləri çap olunmuşdur. Məruzəçilərin seçilməsinə xüsusi diqqət yetirilmiş, dövrün hər bir sahə üzrə ixtisaslaşmış ən hazırlıqlı elm adamları, tanınmış alimləri məruzəçi qismində çıxış etmişlər. Yaşar Qarayev bir qayda olaraq ədəbi tənqid haqqında məruzələrlə çıxış etmiş, yalnız 1984-cü ildə dramaturgiya üzrə məruzəçi olmuşdur. Məruzələrə, əsasən, cavan ədəbiyyatşünaslar və gənc elmi nəsil cəlb edilmişdir. Ədəbi proses müşavirələrində Şamil Salmanov və yeni elmi nəslin nümayəndələri olan Şirindil Alışanlı və Rəhim Əliyev poeziya, Akif Hüseynov nəşr və Vilayət Quliyev, Arif Səfiyev dramaturgiya üzrə məruzələr etmişlər. Ədəbi tənqid sahəsində isə yeni elmi nəsli Vaqif Yusifli və Nizaməddin Şəmsizadə təmsil etmişdir.
Ədəbi proses müzakirələrinin formatına Cənubi Azərbaycanda ədəbi prosesə dair məruzədə əlavə olunmuşdur ki, həmin mövzuda «Cənubi Azərbaycan ədəbiyyatı» şöbəsinin əməkdaşı Sabir Əmirovun məruzəsi dinlənilmişdir. Bununla da Sovet dövründə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbi proses müşavirələrinin keçirilməsi ənənəsi yaranmış, bu müzakirələrin klassik formatı: poeziya, nəsr, dramaturgiya və ədəbi tənqid üzrə müzakirələrin təşkili modeli formalaşmışdır. Fikrimizcə, təcrübəli elm adamlarının aparıcılığı ilə keçirilən sovet dövrü Ədəbi proses müzakirələrinə cavan elmi nəslin də cəlb olunması ilkin mərhələlərin müsbət tendensiyalarından biri hesab oluna bilər. Eyni zamanda, Ədəbi proses müzakirələrində edilmiş məruzələri cəm halda hər biri dövrün icmal tənqidinin ən yaxşı nümunəsi, yaxud ədəbiyyat tarixinin o dövrünün icmal oçerkləri hesab edilməyə tamamilə layiqdir. Bundan başqa, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təşkil olunan Ədəbi proses müşavirələri ədəbi tənqid və ədəbiyyatşünaslıq elminin inkişafında mühüm rol oynamış, dövrün elmi-ədəbi proseslərinə yeni nəfəs gətirmiş, gənc tənqidçi və ədəbiyyatşünaslar nəslinin formalaşmasında və tanınmasında mühüm rol oynamışdır.
Eyni zamanda, Ədəbi proses müzakirələrinin materiallarının çap edilməsi də o dövr üçün əhəmiyyətli addımlardan biri hesab oluna bilər. Doğrudur, həmin mərhələdə Ədəbi proses müşavirələrinin materialları heç də həmişə vaxtında nəşr edilməmişdir. Məsələn, 1976-cı ildə keçirilən Ədəbi proses müşavirəsinin mətnləri bir il sonra, yəni 1977-ci ildə, 1983-1984-cü ilin birgə icmalları isə yalnız on ildən sonra, 1994-cü ildə çap olunmuşdur. Lakin bütövlükdə materialların illər üzrə kitab halında nəşr edilməsi Ədəbi proses müşavirələrini tarixə çevirmiş, həm də cəlbedici və faydalı etmişdir.
Ədəbi proses müzakirələrinə bir də 1994-cü ildən etibarən qayıdış baş vermişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, professor Yaşar Qarayev sovet dövründə keçirilmiş Ədəbi proses yaradıcılıq müşavirəsinin əsas təşkilatçısı kimi həmin işin əhəmiyyətini dərindən bildiyi üçün müzakirələrin yenidən təşkili istiqamətində addımların atılmasına start vermişdir. Lakin müstəqillik dövrünün başlanğıc illərinin, keçid mərhələsinin özünəməxsus çətinlikləri Ədəbi proses müzakirələrinin ardıcıl olaraq keçirilməsinə və xüsusən də, müşavirələrin materiallarının çap olunmasına imkan verməmişdir. Müşavirələrin materialları çap edilmədiyi üçün Ədəbi proses müzakirələrinə maraq azalmış, artıq hər il ardıcıl olaraq keçirilməyən Ədəbi proses müşavirələri doxsanıncı illərin sonlarına doğru elmi dövriyyədən çıxmalı olmuşdur.
XXI əsrin əvvəllərindən etibarən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna rəhbərlik etməyə başlayan akademik Bəkir Nəbiyev Ədəbi proses müzakirələrini bərpa etmişdir. Demək olar ki, bir neçə il Ədəbi proses müzakirələrində klassik elmi təsnifat üzrə: ilin poeziyası, nəsri, dramaturgiyası və ədəbi tənqidinə həsr edilmiş məruzələr dinlənilmiş, müzakirələr təşkil olunmuşdur. Lakin yenə də dövrün maddi çətinliklərinə görə Ədəbi proses müzakirələrinin materialları nəşr edilmədiyi üçün bu müşavirəyə maraq tədricən azalmışdır. Hətta bəzən ədəbi proses müşavirələri iki ildə bir dəfə keçirilmiş, cəmisi bir neçə, bəzən isə bir ümumiləşdirilmiş məruzənin dinlənilməsi ilə kifayətlənilmişdir. Buna baxmayaraq, ədəbi proses müşavirələrinin fasilələrlə olsa da, keçirilməsi ədəbi tənqidə marağı gündəmdə saxlamış, yeni tənqidçi nəsillərinin formalaşdırılmasına müsbət təsir göstərmişdir.
Ədəbi proses müzakirələrinin keçirilməsində və davamlı bir prosesə çevrilməsində yeni mərhələ 2013-cü ildən başlanmışdır. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbər idarəetmə heyətində dəyişikliyin baş verməsi ilə zəruri hazırlıq işləri aparıldıqdan bir il sonra, yəni 2014-cü ildə dərhal ədəbi proses müzakirələrinə yenidən start verilmişdir. Bu dəfə ədəbi proses müşavirələrində bir sıra əsaslı yeniliklər tətbiq olunmuşdur. Əvvəla, 2014-cü ildə müəyyən fasilədən sonra yenidən keçirilmiş və 2013-cü ilin ədəbi gedişatına həsr edilmiş Ədəbi proses müzakirəsində məruzələrin klassik formatına bəzi əlavələr edilmişdir. Başlanğıc ilində ədəbi proses müzakirələrinin klassik formatındakı poeziya, nəsr, dramaturgiya və ədəbi tənqid, habelə Cənubi Azərbaycanda ədəbi proses üzrə məruzələr saxlanılmaqla, bu sıraya «İlin ədəbi mənzərəsi», «İlin poema yaradıcılığı», «Bədii tərcümə», «Bədii publisistika» kimi bədii yaradıcılıq və ədəbi tənqidlə əlaqədar yeni mövzular da əlavə olunmuşdur. Sonrakı illərdə Ədəbi proses müzakirələrinin əhatə dairəsi bir qədər də genişləndirilmişdir. Belə ki, 2015-ci ildə keçirilmiş Ədəbi proses müzakirələrində həmin ildə nəsr üzrə bədii əsərlərin çoxlu sayda yazılması və nəşri, yəni ədəbiyyatda «nəsr bumu»nun yaşanması nəzərə alınmaqla, müzakirələr zamanı «2014-cü ilin romanları», «Povest», «İlin hekayə yaradıcılığı» kimi nəsrə dair üç məruzə dinlənilmişdir. İlk dəfə olaraq Ədəbi proses müşavirələrində «Uşaq ədəbiyyatı», «Ədəbi gəncliyin yaradıcılıq axtarışları», «Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və tədqiqat istiqamətləri» kimi yeni istiqamətlərdə də elmi məruzələr diqqətə çatdırılmışdır. Azərbaycan ədəbiyyatında «nəsr bumu» dalğasının daha da genişlənməsi ilə əlaqədar olaraq 2015-ci ilə həsr edilmiş məruzələrdə həmin ab-hava artıq manşetə çıxarılmış, «Çağdaş dövrün roman bumu və nəticələri» adlandırılan elmi məruzədə bu janrın inkişafında baş vermiş təlatümlü dinamikanın səbəbləri aydınlaşdırılmış, nəticələri ümumiləşdirilmişdir. Eyni zamanda, 2015-ci ildə bədii nəsr ilə əlaqədar romandan başqa, «İlin ədəbi mənzərəsində povest janrı», «Hekayənin indiki zamanı» adlı məruzələrdə də ədəbiyyatda «nəsr bumu»nun doğurduğu mənzərənin ayrı-ayrı nəsr janrları üzrə gedişatı izlənilmişdir. Ədəbi proses müzakirələrindən çıxarılan əsas nəticə bundan ibarət olmuşdur ki, son zamanlarda Azərbaycan ədəbiyyatında yaşanan «roman bumu»nun həm müsbət, həm də mənfi nəticələri görünməkdədir. Müsbət nəticə – ötən il də daxil olmaqla maraqlı və dəyərli roman nümunələrinin yaradılmasıdır. Mənfi nəticə isə odur ki, nəinki povest, heç hekayə sərhədlərinə belə, uyğun gəlməyən bədii mətnlər roman adı altında təqdim edilir. Və təəssüf ki, bu cəhət roman janrına qeyri-ciddi münasibətlə bərabər, «romanın sərhədlərini müəyyənləşdirən yazıçının özüdür» – kimi bir iddiadan da irəli gəlir».[1] Ədəbi icmallarda 2015-ci ildə roman təfəkkürü ilə yazılmış povestlərdən və hekayələrdən də söz açılması «roman bumu»nun geniş mənada «nəsr bumu» yaratdığını görməyə və göstərməyə əsas verir. Üstəgəl, 2015-ci ilin Ədəbi proses müşavirəsində ilk dəfə olaraq tarixi roman janrında yazılmış romanların da ayrıca məruzədə müzakirəyə çıxarılması ilin ədəbi mənzərəsində bədii nəsrin aparıcılıq təşkil etdiyini əyani surətdə göstərir. Bundan başqa, qeyd edilən ildə Uşaq ədəbiyyatına aid məruzənin də iki hissəyə ayrılaraq «Uşaq ədəbiyyatı: nəsr və dramaturgiya» və «Uşaq şeiri» kimi ayrı-ayrı məruzəçilər tərəfindən təqdim olunması və burada uşaq nəsrinin qabarıq şəkildə təqdim edilməsi 2015-ci ilin bədii nəsr təsərrüfatının hüdudlarının intəhasız dərəcədə genişləndiyini meydana qoyur.
Müzakirələrin əhatə dairəsinin genişləndirilməsi baxımından da 2015-ci ildə yeni addımlar atılmış, ilk dəfə olaraq «Bölgələrdə ədəbi həyat» və «Satira və satirasızlıq» mövzularında da məruzələr dinlənilmiş, bədii tərcümə məruzəsinə «Ədəbi əlaqələr» anlayışı da əlavə olunmuşdur.
Bundan başqa, 2015-ci ilin ədəbiyyatına həsr olunmuş müzakirələrdə gənc alimlərin rolu və yeri nəzərəçarpacaq dərəcədə artmışdır. Təsadüfi deyildir ki, həmin ilin Ədəbi proses toplusunun baş məqaləsi «Janr zənginliyi və gənc qvardiya» adlandırılmış, necə deyərlər, yeni nəsil elmi qüvvələrin artıq mütəşəkkil bir elmi cəbhəyə malik olduğu manşetə çıxarılmışdır. Bu vaxta qədər Ədəbi proses müşavirələrində məruzələrlə çıxış edib, dialoqlarda iştirak etməklə sanki müəyyən bir məşq yolu keçərək formalaşan yeni ədəbi nəsil «gənc qvardiya» kimi bundan sonrakı yaradıcılıq müşavirələrinin əsas aparıcı qüvvəsinə çevrilmişdir.
Həmçinin ilk dəfə olaraq ədəbi proses müzakirələrinə yaradıcılıq təşkilatlarının və ədəbi mətbuatın nümayəndələrinin geniş iştirakı təmin edilmişdir. Yeri gəlmişkən, deyək ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Yazıçılar Birliyinin katibi və «525-ci qəzet»in Baş redaktoru Rəşad Məcid və «Ədəbiyyat qəzeti»nin Baş redaktoru Azər Turan Ədəbi proses müşavirələrində dəfələrlə iştirak və çıxış etmişlər. Rəşad Məcid isə demək olar ki, ədəbi proses müzakirələrinin hamısında Azərbaycan Yazıçılar Birliyini təmsil etmişdir. Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun iştirakı da Ədəbi proses müzakirələrinin dairəsinin genişlənməsinə müsbət təsir göstərmişdir. Bundan başqa, Ədəbi proses müşavirələrində ali məktəblərin filologiya fakültələrinin dekanları və kafedra müdirləri, tanınmış tənqidçi və ədəbiyyatşünaslar, elm və ədəbiyyat yönlü saytların təmsilçiləri də iştirak etmişlər. Ədəbiyyat İnstitutundan kənarda olan elm və ədəbiyyat adamlarının Ədəbi proses müzakirələrinə qoşulmaları, iştirak və çıxış etmələri ədəbi prosesin daha canlı və real təqdim olunmasına, fərqli baxışların meydana qoyulmasına, dialoqun müxtəlifliyinə və ən nəhayət, Ədəbi proses müşavirələrinin əks-sədasının genişlənməsinə yol açmışdır.
Ədəbi proses müşavirələrində yeni başlanğıc mərhələsi 2016-cı ilin müzakirələri ilə başa çatır. Qeyd etmək lazımdır ki, 2016-cı il Ədəbi proses müzakirələri 2013-cü ildə başlanan meyillərin əsasən qorunub möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə səciyyələnir. Bu illərdə Ədəbi proses müzakirələrində klassik təsnifat üzrə təhlillərdən başqa, yeni yaradıcılıq sahələri və janrları əsasında təhlilə də diqqət yetirilmişdir. Belə ki, 2016-cı ildə ədəbi ilin yekunlarına həsr olunmuş müzakirələrdə nəinki klassik təsnifata aid olan məruzələr, bütövlükdə bütün əsas yaradıcılıq istiqamətləri üzrə əlavə edilmiş məruzələr də elmi-nəzəri cəhətdən təkmilləşdirilmiş və daha da yetkinləşmişdir. İlk dəfə 2016-cı ildə səsləndirilən «Azərbaycanın rusdilli ədəbiyyatı», «Azərbaycan ədəbiyyatının digər türk xalqları ilə əlaqələri», xüsusən də, «Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbi proses» məruzələri ilə demək olar ki, yeni mərhələnin Ədəbi proses formatı müəyyən olunmuşdur. Bundan başqa, eyni məruzəçilərin ardıcıl olaraq konkret janrlar üzrə çıxış etmələri onların ədəbiyyatın konkret ədəbi istiqamətləri sahəsində ixtisaslaşmaları səviyyəsinə çatmışdır. Artıq bu dövrdə Ədəbi proses müzakirələrinin zəminində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda poeziya tədqiqatçısı, nəsr araşdırıcısı, uşaq ədəbiyyatı mütəxəssisi, tənqidçilər və dramaturgiya təhlilçiləri formalaşmışdır. Ardıcıl olaraq keçirilən ədəbi proses müzakirələri Ədəbiyyat İnstitutu əməkdaşlarının ideya-nəzəri səviyyəsinin yüksəldilməsinə, elmi təhlil və mübahisə mədəniyyətinin formalaşdırılmasına, yaxud fikir mübadiləsi aparmaq qabiliyyətlərinin yetkinləşməsinə uğurla xidmət etmişdir. Nəinki Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, hətta ölkə ədəbi-elmi mühitində yeni elmi nəsil «Ədəbi prosesçilər» adı ilə tanınmağa başlamışlar. Yazıçılar və şairlər özlərinin əsərlərinin ədəbi proses müzakirələrində təhlilə – tədqiqata cəlb edilməsində maraqlı olduqlarını büruzə verməyə, nəzərə çatdırmağa daha çox meyil göstərməyə çalışmışlar. Yazıçılarla tənqidçilər arasında müəyyən bir yaxınlıq, doğmalaşma prosesi müşahidə olunmuşdur. Bütövlükdə 2014-2016-cı illərin Ədəbi proses müşavirələri ölkə üzrə ilin bütün istiqamətlər üzrə ədəbi gedişatını dərindən təhlil edib dəyərləndirən, ədəbiyyatın inkişaf meyillərini müəyyən edən, yazıçıların qüvvətli və ya zəif cəhətlərini obyektiv şəkildə diqqətə çatdıran, çıxış yolları göstərən, ədəbiyyatda və ədəbi-tənqiddə sabaha doğru inkişafı proqnozlaşdıran bir forum kimi böyük elmi nüfuz qazanmışdır. Xüsusən, ədəbi proses müşavirələrində seçilmiş məruzələrin ayrı-ayrı qəzet və jurnalların çap olunmaq üçün tövsiyə edilməsi, bütün məruzələrin isə hər il tam olaraq kitab halında nəşr edilməsi, ən çox seçilən məruzəçilərə doktoranturaya qəbul zamanı üstünlük verilməsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2014-2016-cı illərdə ardıcıl olaraq keçirilən və genişlənməkdə davam edən ədəbi proses müzakirələrinin ölkə miqyaslı elmi-ədəbi hadisəyə çevrilməsi ilə nəticələnmişdir. Bundan sonra ədəbi proses müzakirələrində məruzəçi qismində təmsil olunmaq şərəf işinə çevrilmiş, ölkə miqyasında elm adamı olaraq qəbul olunmaq üçün barometr funksiyasını yerinə yetirmişdir. «Ədəbi proses – 2016» toplusuna yazılmış «Ədəbi prosesin bütövlüyü və elmi yetkinlik» adlı giriş məqaləsində də, adından göründüyü kimi, yenidən başlama dövrünün birinci mərhələsinə aşağıdakı kimi yekun vurulmuşdur: «Artıq təxminən, 30 ildən sonra, 2014-cü ildən etibarən Gəncəvi adına Ədəbiyyat İnstitutunda yenidən keçirilməyə başlanan «Ədəbi proses» yaradıcılıq müşavirələri Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslıq elminin inkişafında özünəməxsus izlər buraxmış, bu əhəmiyyətli ənənə bərpa olunmuş və davam etdirilmiş, həm də yeni tarixi epoxanın ədəbiyyatı müstəqillik dövrünün işığında bütün yönləri ilə təhlil edilib qiymətləndirilmiş və mühüm bir xitabət kürsüsünə çevrilmişdir. Bu mənada, «Ədəbi proses müşavirələri… müstəqillik dövrü Azərbaycan ədəbiyyatı haqqında sanballı, dərin və əhatəli dialoq funksiyasını yerinə yetirir. Hər il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təşkil olunan «Ədəbi proses» yaradıcılıq müşavirələrində janrlar üzrə dinlənilən məruzələr, keçirilən müzakirələr həmin ilin ədəbiyyat hadisələrini rentgendə olduğu kimi, bütün aydınlığı ilə görməyə və göstərməyə imkan verir. …Bu, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı və tənqidinin illik elmi hesabatı olmaqla bərabər, həm də ədəbi-elmi fikrin inkişafına təkan verən, bələdçilik edən ciddi müzakirə platformasıdır».[2]
Beləliklə, 2018-ci ildə bir il əvvəlin – 2017-ci ilin ədəbi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş «Ədəbi proses» yaradıcılıq müşavirəsi ilə «Ədəbi proses» müzakirələrində yeni mərhələ başlanmışdır. Ədəbi proses müzakirələrinin yeni mərhələsi 2017-2020-ci illəri əhatə etmişdir. Məlum olduğu kimi, 2020-ci ilin 27 sentyabrında başlanmış Vətən müharibəsində cəmi 44 gün ərzində qazanılmış tarixi Zəfərin əks-sədası ədəbiyyatın xarakterini və intonasiyasını dəyişmişdir. Lakin ilin müharibədən əvvəlki 9 ayı ərzində ədəbi proses özünün ənənəvi axarı ilə yolunu davam etdirdiyi və sonrakı aylarda ədalətli müharibə və Zəfər motivləri ədəbi gündəmin aparıcı mövzusuna çevrilsə də, müəyyən səviyyədə ənənəvi meyillər də yaşadıldığı üçün 2020-ci il həm 2017-ci ildən ədəbi prosesdə başlanmış yeni dalğanın yekunu və həm də Zəfər diskursu mərhələsinin başlanğıcıdır. Qısa bir dövrün, 2017-2020-ci illərin ədəbiyyatına və ədəbi prosesinə həsr edilmiş Ədəbi proses müzakirələri bir çox cəhətlərinə görə Ədəbi proses müzakirələrinin tarixi inkişaf yolunda yeni mərhələ hesab edilməlidir. Əvvəla, sovet dövrü Ədəbi proses müzakirələrinin elmi sessiya formatında təqdim olunmasından fərqli olaraq, müstəqillik illərində bu müzakirələr, əvvəlcə, 2014-cü ildə elmi konfrans, sonrakı illərdə isə yaradıcılıq müşavirəsi miqyasında təqdim olunmuşdur. Əhatə dairəsinin genişliyinə, məruzələrin kəmiyyət və keyfiyyət göstəricilərinə görə, müzakirələrdə iştirak edənlərin geniş tərkibinə əsasən 2017-2020-ci illərin «Ədəbi proses» müşavirələri özündən əvvəl və hətta sonra bu formatda keçirilən elmi-ədəbi tədbirlərin ən yüksək nöqtəsidir.
Təşkilatçılar 2017-ci ildə Ədəbi proses müzakirələrində yeni mərhələnin başlandığını və onun özünəməxsus xarakterə malik olduğunu açıq şəkildə elan etmişlər. Belə ki, 2017-ci ilin Ədəbi prosesinə həsr edilmiş müşavirədə ədəbi proses müzakirələrinin elmi-ədəbi hərəkat səviyyəsinə çatdığı bəyan olunmuşdur: «Doğrudan da, bu ilin səviyyəsindən baxanda hazırkı mərhələdə «Ədəbi proses yaradıcılıq müşavirələri əhatə dairəsinin və iştirakçılarının genişliyinə, müzakirələrin miqyasına, əks-sədasına və problemlərin masştabına görə elmi-ədəbi hərəkat səviyyəsinə çatmışdır. Bu, müasir Azərbaycan ədəbiyyatını illər üzrə bütün yönləri ilə təhlil edib dəyərləndirən ardıcıl və sistemli bir elmi-ədəbi hərəkatdır. Ədəbi proses marafonu müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mahiyyətini açan, səciyyəsini müəyyən edən, modellərini meydana qoyan, gələcək inkişaf yollarını göstərən hərəkatdır. Bu hərəkat Azərbaycan ədəbiyyatşünaslıq elminin ayrı-ayrı nəsillərini və bütün elmi dərəcələrdən olan elm adamlarını vahid platforma ətrafında özündə birləşdirir»[3].
Bu baxımdan 2018-ci ilin Ədəbi proses müzakirələrini daha geniş əhatə dairəsinə malik olan və konkret hədəfləri ilə səciyyələnən əsl elmi-ədəbi hərəkat adlandırmaq lazımdır. İlin ədəbi yekunlarına həsr edilmiş bu müzakirələr elmi sessiya və ya elmi konfransla qurultay arasında olub, Azərbaycan ədəbiyyatını bütün əsas istiqamətləri, mühüm janrları və problemləri ilə birlikdə əhatə edən geniş elmi-ədəbi yaradıcılıq hərəkatıdır. Bu mənada, 2017-ci ilin Ədəbi proses müzakirələri özündən əvvəlki illərdə keçirilmiş Ədəbi prosesə həsr edilmiş tədbirlərin yekunu və müasir ədəbi prosesi daha masştablı şəkildə təqdim etməyin isə mükəmməl başlanğıcıdır.
Ədəbi proses müşavirələrinin elmi-ədəbi hərəkata çevrildiyi mərhələnin ən xarakterik cəhəti bu illərdə həm yaradıcılıq sahələri və həm də janrlar üzrə müzakirələrin miqyasının maksimum genişliyi və analitik təhlilin nəzəriyyə səviyyəsinin yüksəlməsi ilə səciyyələnir. Bundan başqa, bu tarixi mərhələnin məruzəçiləri sırasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bütün elmi nəsillərin təmsil olunması və cavan nəslin meydanının genişlənməsi də elmi-ədəbi hərəkat mərhələsinin nəzərəçarpan mühüm cəhətlərindən biridir. Eyni zamanda, Ədəbi proses – 2018 və Ədəbi proses – 2019-da Ədəbiyyat İnstitutunda olan məruzəçilər və iştirakçılardan əlavə, ölkəmizin yaradıcılıq təşkilatlarının, ədəbi mətbuatın, ali məktəblərin və sosial şəbəkələrin nümayəndələrinin ən çox təmsil olunması və dialoqa qoşulması ilə Ədəbi proses müşavirələrinin miqyası və masştabı ən yüksək həddə çatmışdır. Həcm etibarilə də bu illərin Ədəbi proses müzakirələrindən beş yüz səhifədən çox olması sadəcə, kəmiyyət göstəricisi olmayıb, analitik təhlilin və müqayisələrin dərinləşdirilməsi və genişləndirilməsinin əlamətidir.
Məlum olduğu kimi, sovet dövründə ədəbi növlər üzrə 4-5 elmi məruzələr əsasında təşkil olunan Ədəbi proses müzakirələri müstəqillik illərində tədricən məruzələrin əhatə dairəsinin genişləndirilməsi ilə ədəbi növlərdən janrlar üzrə dinamikanın təqdiminə doğru inkişaf etmişdir. İlk dəfə 1976-cı ildə ədəbi növləri və ədəbi tənqidi əhatə edən dörd elmi məruzə ilə yola başlayan Ədəbi proses müzakirələri 2014-cü ildə, müstəqillik dövründə əhatə dairəsini genişləndirərək 9 elmi məruzə ilə yenidən meydana çıxmışdır. Yeni mərhələnin ən mühüm elmi yeniliyi ədəbi proses müzakirələrinin klassik ədəbi növlər: lirika, epik ədəbiyyat, dramaturgiya ilə yanaşı, ədəbi tənqidlə bərabər, müxtəlif yaradıcılıq sahələrinə və janrlara doğru genişlənməkdən ibarət olmuşdur. Belə ki, Ədəbi proses hərəkatında ilk dəfə 2014-cü ildə «İlin poema yaradıcılığı» məruzəsi ilə Azərbaycan ədəbiyyatını ədəbi növlər üzrə təqdim etməkdən janrlar üzrə təhlilə keçid prosesi başlanmışdır. Eyni zamanda, 2014-cü ilin Ədəbi proses müzakirələrində ədəbi növlərlə yanaşı, digər yaradıcılıq istiqamətlərinə, «Bədii tərcümə» və «Bədii publisistika»ya həsr olunmuş məruzələr də ilk dəfə olaraq gündəmə daxil edilmişdir. Bu proses sonrakı illərdə genişlənməkdə davam etdirilmişdir. Bunun nəticəsidir ki, 2014-cü ilin Ədəbi prosesinə həsr edilmiş elmi toplu «Ədəbi prosesin geniş elmi təqdimatı» adı ilə ictimaiyyətə ünvanlanmışdır. Bu ildə ilk dəfə olaraq bədii nəsr, yaxud epik ədəbiyyat roman, povest və hekayə janrlarına həsr edilmiş məruzələrlə təqdim edilmişdir. Yaradıcılıq sahələrinə dair məruzələrin sırasına əvvəlki ildəkilərdən başqa, uşaq ədəbiyyatına və ədəbi gəncliyə, habelə Azərbaycan ədəbiyyatşünaslıq elminə dair məruzələr də qoşulmuşdur. Daha sonra 2015-2016-cı illərdə ədəbi növlərdən janrların təqdimatına doğru inkişafın dinamikası inkişaf etdirilmişdir. Yaradıcılıq sahələri və janrlar üzrə təqdimatlar Ədəbi prosesi və ümumən ədəbiyyatı bütün dərinliyi və özünəməxsusluqları ilə göstərməyə, ədəbiyyatda baş verən keyfiyyət dəyişiklikləri haqqında daha əhatəli elmi söz deməyə imkan yaratmışdır. Bununla belə, 2018-2019-cu illərdə ədəbi ilin yekunlarının həm sahələr və həm də janrlar üzrə təhlillərində əvvəlki illərlə müqayisədə maksimum genişlik və rəngarənglik nümayiş etdirilmişdir. Məhz bu mərhələdə 2018-ci ildə poeziya 2 məruzədə, bədii nəsr 4 məruzə ilə, ədəbi əlaqələr 3 məruzə əsasında dərindən və əsaslı şəkildə təhlil edilib dəyərləndirilmişdir. Ədəbi proses – 2019-da janrlar üzrə təhlillərdə də yüksək dinamika yaşanmışdır. Bununla belə, Ədəbi proses müşavirələrinin tarixində ilk dəfə olaraq 2019-cu ildən etibarən «Sosial şəbəkələr dövründə ədəbiyyat» mövzusu da tədqiqat obyektinə çevrilmişdir. Bu, ədəbi proses müzakirələrinin yeni tarixi epoxanın inkişaf xüsusiyyətləri ilə səsləşmək yolundakı əhəmiyyətli təşəbbüslərindən biridir. Eyni zamanda, 2018-2019-cu illərdə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan satiradan ədəbi növlərdən biri kimi söz açılmış, esse, sonet, ədəbi portret, oçerk janrları da ayrı-ayrı elmi məruzələrlə təhlilə cəlb edilmişdir. Bunlar dövrün ədəbi mənzərəsinin bütün genişliyi və zənginlikləri ilə təqdim olunmasına imkan yaratmışdır. Ədəbi prosesin 2020-ci ilin sentyabr ayına – Vətən müharibəsinin başlanmasına qədərki dövründə müşahidə olunan janr müxtəlifliyi baxımından genişlik və əlvanlıq Azərbaycan ədəbiyyatının inkişafında prioritetlik təşkil etmişdir. Bunlar ədəbi proses hərəkatındakı yeni dalğanın aparıcı təzahür formaları idi.
Ədəbi proses hərəkatında yeni dalğa tam yeni olan məsələlərin elmi dövriyyəyə gətirilməsinə səbəb olmuşdur. Ədəbi prosesin çoxqütblü inkişafının sistemli nəzəri təhlili icmal tənqidindən problemlərin şərh edilməsinə həsr edilmiş monoqrafik tədqiqatlara keçid üçün meydan açmışdır. Müstəqillik illərində meydana çıxmış ədəbi cərəyanların müzakirə meydanına gətirilməsi də yeni dalğanın təzahürüdür: Artıq müstəqillik dövrü özünün xarakteri ilə Azərbaycan ədəbiyyatında yeni tipli ədəbi cərəyanların formalaşmasını şərtləndirmişdir. «Ədəbi proses – 2018» yaradıcılıq müşavirəsində həmin proses aşağıdakı kimi izah olunmuşdur: «Beləliklə, ədəbi prosesin təkcə faktları və ayrı-ayrı hadisələri ilə deyil, kompleks halda əsas axınları, ədəbi cərəyanları, mərhələləri və perspektivləri ilə birlikdə araşdırıb üzə çıxarılmasına doğru maraq, təşəbbüs və cəhdlər qüvvətlənmişdir.
Bütün bunlar isə hazırkı mərhələdə ədəbi proses müzakirələrində, ilin ədəbi yekunlarında ədəbi növlərin və janrların inkişaf templərini müəyyən etməkdən müasir ədəbi axınların, ədəbi cərəyanların təzahür formaları və inkişaf dialektikasının şərh edilməsinə keçidə start vermişdir». Ədəbi proses 2017-ci ildən etibarən müzakirələrdə «Ədəbiyyat nəzəriyyəsi» mövzusunda xüsusi bir elmi məruzənin müəyyən edilməsi Azərbaycan ədəbiyyatında baş vermiş yeniləşmə proseslərinin əsaslı şəkildə təhlil edilərək qiymətləndirilməsi zərurətindən əmələ gəlmişdir. Bu, elmi xarakterə malik ədəbi proses hərəkatının Azərbaycan ədəbiyyatında gedən proseslərə doğru atdığı adekvat addımlardan biri kimi mühüm əhəmiyyətə malikdir. Azərbaycan ədəbiyyatının ümumi mənzərəsində diqqəti cəlb edən ədəbi qrupların, necə deyərlər, qruplaşdırılaraq ədəbi cərəyanlara çevrilməsi prosesinin Ədəbi proses müşavirələrində əsas mövzular sırasına çıxarılması ədəbi tənqidlə ədəbiyyat nəzəriyyəsinin birlikdə ədəbiyyatın inkişafına vahid ədəbi mövqedən və ya eyni səviyyədə yanaşmalardan çıxış etdiyini nümayiş etdirir. Ədəbi proses – 2018-də «Nəsr: nəzəriyyə və yaradıcılıq texnologiyaları», Ədəbi proses – 2019-da «Ədəbiyyat nəzəriyyəsi: istiqamətlər və problemlər», «Çağdaş satiranın mövzu və ideya qaynaqları», «Tənqid və ədəbi proses» (şikayət tezisləri ilə) və sair kimi mövzuların müzakirəsi Ədəbi proses müzakirələrinin nəzəri səviyyəsinin yüksələn xətlə inkişaf etdiyini əks etdirir. Bu baxımdan məhz «Ədəbi proses müzakirələrinin elmi-ədəbi hərəkata çevrilməsi mərhələsi»ndə, «Ədəbi cərəyanlar müasir ədəbi proseslərdə» mövzusunda məruzənin meydana çıxması ədəbi proses hərəkatının müasir dövrdəki ədəbiyyat nəzəriyyəsi üzrə inkişaf dialektikasının təbii məntiqindən doğan real nəticədir. Beləliklə, ilk dəfə olaraq müstəqillik dövrü Azərbaycan ədəbiyyatında meydana çıxmış postmodernizm, dekadentizm, neorealizm, magik realizm, akademizm kimi ədəbi cərəyanlardan söz açılmış, 2019-2020-ci illərin ədəbiyyatında bu ədəbi cərəyanlar üzrə baş vermiş ədəbi təzahürlərə elmi münasibət bildirilmişdir.
Göründüyü kimi, 2017-2020-ci illər müstəqilik dövrü Azərbaycan ədəbiyyatında da, ədəbi proses hərəkatında da özünəməxsus inkişaf mərhələsi təşkil edib. Təsadüfi deyildir ki, ədəbi proses hərəkatının tarixində ilk dəfə olaraq Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən «Ədəbi proses – 2017» və «Ədəbi proses – 2019»-cu illərin yaradıcılıq müşavirəsi haqqında dövri mətbuatda elmi ictimaiyyətin müsbət rəyini ifadə edən məqalələr çap olunmuşdur. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun 23 iyun 2018-ci il tarixdə «Ədəbiyyat qəzeti»ndə çap olunan «Ədəbi proses hərəkatı: praktikadan gerçəkliyə» məqaləsində ifadə edilən aşağıdakı münasibət ədəbi proses hərəkatının Azərbaycan elmi-ədəbi fikrinin inkişafındakı roluna və əhəmiyyətinə verilmiş obyektiv qiymətin ifadəsidir. «Ədəbi proses» müşavirəsi 19 yazıda, ilin ədəbi yekunlarının geniş, ətraflı təfərrüatlı plastika və panoramını verir. …Hərəkat, eyni zamanda bu mənzərəni analitik şəkildə təqdim edə bilən kadrları – bütöv bir tənqidçi kadrlarını yetirdi, «Ədəbi tənqid» şöbəsinin yaradılması ilə «proses» əvvəlki güc və formatda, üstəlik, müstəqillik faktorunun artırdığı ikiqat şiddətlə gəlişməyə başlayır».
Filologiya elmləri doktoru Mahirə Quliyevanın «Məmnunluğumu gizlətmək istəməzdim» (2017) və tanınmış tənqidçi Məti Osmanoğlunun «Bütövlük və genişlik işığında» (2019) adlı mətbuatda çap edilmiş rəylərində də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi proses” müşavirələrinin əhəmiyyəti xüsusi qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə ölkəmizin ən qədim, əzəli torpağı olan Qarabağda işğalçı Ermənistanın məğlub edilməsi, xalqımızın qazandığı tarixi Zəfər ədəbiyyatın da ideya-mövzu, dil və üslub etibarilə istiqamətini dəyişmişdir. Müharibə və ədəbiyyat, hərb və sülh mövzuları ədəbiyyatı sel kimi yeni axara doğru istiqamətləndirmişdir. Dünyanın gözü qarşısında cəmi 44 gün ərzində Azərbaycan Qarabağ ərazisində işğalçı Ermənistana qarşı apardığı ədalətli müharibə və qazanılan tarixi Zəfər ölkəmizin çoxəsrlik tarixində yeni mərhələnin meydana çıxmasını şərtləndirmişdir. Beləliklə, qəhrəmanlıq səhifələri ilə dolu olan 44 günlük Vətən müharibəsi, əldə edilən tarixi Zəfər və Qarabağa Böyük Qayıdış hərəkatı elmi-ədəbi fikrin də diqqətini Müharibə və Sülh mövzusuna yönəltmişdir. Vaxtilə Lev Tolstoyun əsasını qoyduğu Hərb və Sülh problemi ədəbi-elmi və ictimai fikrin əsas mövzusuna çevrilmişdir. Bunun ardınca 20 sentyabr 2023-cü ildə Azərbaycanın cəmi bir gün ərzində keçirilmiş uğurlu hərbi əməliyyatla erməni separatçı qüvvələrini ölkəmizdən çıxarmağa nail olması müharibə və sülh mövzusuna ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenlik mövzularını da əlavə etmişdir. Ərazi bütövlüyümüzün tam əldə edilməsi ilə xalqımızda yaşanan milli qürur, böyük iftixar hissləri nəticə etibarilə milli-mənəvi özünüdərk proseslərini qüvvətləndirmiş, milli dövlətçilik düşüncəsinə və vətənpərvərlik ruhuna qol-qanad vermişdir. Bütün bunlar Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixində yeni mərhələni meydana çıxarmışdır. Bu tarixi mərhələ 2020-ci ilin sentyabr ayından, yəni Qarabağ savaşı başlanandan 2023-cü ilin sentyabr ayına – birgünlük hərbi əməliyyat nəticəsində ərazi bütövlüyümüzün tam təmin edilməsinə və bu möhtəşəm tarixi hadisələrin ədəbiyyatımızda təsvir və tərənnüm edilməsinin ədəbi gündəmə hakim olduğu həmin ilin sonuna qədər ardıcıl surətdə davam etmiş və sonrakı – 2024-cü ildə də aparıcı olmuşdur. Eynilə də Ermənistan tərəfindən Qarabağdakı kəndlərimizin və şəhərlərimizin vəhşicəsinə dağıdılmasının doğurduğu həyəcanların ədəbiyyatda əks-sədası və eyni zamanda tarixi Zəfərdən sonra dövlət səviyyəsində uğurla həyata keçirilən Böyük Qayıdış hərəkatının dalğasında Pənahəli xanın vətənində yeni kəndlərin və şəhərin salınmasının, aparılan böyük quruculuq işlərinin romantikası Azərbaycan ədəbiyyatına yeni mövzular və obrazlar, fərqli təsvir və tərənnüm üsulları gətirmişdir. Bu proses öz əks-sədasını Ədəbi proses hərəkatında da tapmış, 2020-ci illərin payız aylarından – 2024-cü ilin axırınadək Azərbaycan ədəbiyyatı Müharibə və Ədəbiyyat, Hərb və Sülh, Zəfər və Böyük Qayıdış ab-havası ilə yaşamışdır. Doğrudur, qeyd edilən mövzulara Azərbaycan ədəbiyyatının bundan sonrakı inkişaf mərhələlərində, dövrlərində də fərqli şəkildə, daha geniş formatda müraciət olunacaqdır. Ölkəmiz Hərb və Sülh dövründən tarixi baxımdan uzaqlaşdıqca, Müharibə və Böyük Qayıdış mövzularında daha geniş həcmə malik olan ədəbiyyat və incəsənət əsərləri meydana çıxacaqdır. Lakin 2020-2024-cü illərin ədəbiyyatının aparıcı xəttini müharibə və sülh mövzusu təşkil etdiyi üçün həmin dövr Azərbaycan ədəbiyyatında da, bu ədəbiyyatın təhlil edilib qiymətləndirilməsi vəzifələrini həyata keçirən Ədəbi proses hərəkatında da xüsusi bir elmi-ədəbi mərhələ statusu qazanmışdır. Bu illərin şərti olaraq Ədəbi proses hərəkatının ən yeni dövrü, yaxud Zəfər diskursu mərhələsi adlandırılmasını məqsədəuyğun hesab edirik. Mövzu, ideya, süjet, obrazlar, təsvir və tərənnüm vasitələri etibarilə bir-birini tamamlayan 2020-2024-cü illərdən hər birinin Ədəbi proses hərəkatında bütöv bir tamın ayrılmaz hissələri olduğunu nəzərə alan təşkilatçıların həmin illərə aid Ədəbi proses yaradıcılıq müşavirələrini bir-birinə yaxın, biri digərini şərh edən və tamamlayan mövzuların və problemlərin işığında keçirmələri tamamilə təbiidir. Bu mənada, 2020-2021-ci illərin Ədəbi proses yaradıcılıq müşavirəsinin ikiillik hesabının bir yerdə təşkil olunması və həmin illərin ədəbi prosesinin “Müharibə və ədəbiyyat. Zəfər diskursu” istiqamətində keçirilməsi Azərbaycan ədəbiyyatında meydana çıxmış yeni ədəbi mərhələnin aparıcı istiqamətlərinin elmi cəhətdən, tənqid və ədəbiyyatşünaslıq baxımından qiymətləndirilməsinə şərait yaratmışdır. Azərbaycan ədəbiyyatının romantik korifeyi Hüseyn Cavidin Birinci Dünya müharibəsi dövründə, 1916-cı ildə yazdığı “Hərb və fəlakət” şeiri və 1918-ci ildə səhnəyə çıxarılmış məşhur “İblis” faciəsi yeni ədəbi-tarixi mərhələnin ədəbiyyatının elmi cəhətdən təhlil edilərək dəyərləndirilməsinin strateji əsasları kimi qəbul olunmuşdur. Hüseyn Cavidin təqdimatında “cümlə xəyanətlərə bais” olan İblislərin – “qan püskürən, atəş sovuran kinli kralların” özlərinin mənfur siyasətlərini həyata keçirmək üçün törətdikləri fəlakətlərin bədii ifadəsi kimi təsvir etdiyi müharibə mövzusu yeni tarixinin mərhələ ədəbiyyatında işğalçı Ermənistanın və onun ədalətsiz havadarlarının qanlı cinayətləri olaraq ifadə edilmişdir. Bununla belə, Azərbaycan ədəbiyyatının, ilk növbədə, tarixi Zəfərdən doğan və heç nə ilə müqayisə edilməsi mümkün olmayan qeyri-adi sevinc və milli qürur hisslərini, bu qələbənin rəmzinə çevrilmiş Dəmir Yumruğu, Zəfər paradını və Xankəndi paradını Böyük İlhamla tərənnüm etməsi müharibə və ədəbiyyat mövzusunun ədalətli müharibə və Zəfər təntənələri formatında vəsf olunmasının əsasını təşkil etmişdir. Birinci Dünya müharibəsində tərkibində olduğumuz Çar Rusiyasının məğlub ölkə kimi çıxması, Böyük Vətən müharibəsində qazanılan qələbənin keçmiş SSRİ-yə daxil olan bütün xalqların ümumi zəfəri olması Azərbaycan ədəbiyyatında “Müharibə və ədəbiyyat” mövzusunda yazılmış əsərlərdə qələbə motivlərinin azərbaycançılıq ideyalarının işığında tam və təbii şəkildə təsvir edilməsinə və tərənnüm olunmasına imkan verməmişdir. Məlum olduğu kimi, İkinci Dünya müharibəsi mövzusunda yazılmış bədii əsərlərdə səfərbərlik, hərb səhnələri, sosialist vətənpərvərliyi və beynəlmiləlçilik, xalqlar dostluğu səhnələri üstünlük təşkil etmişdir. Azərbaycanın müstəqillik dövründəki Vətən müharibəsi isə xalqın əzəli-əbədi, dədə-baba torpaqları uğrunda aparılan ədalətli müharibə olduğu üçün bu mövzu ədəbiyyatımızın vətənpərvərlik və azərbaycançılıq motivlərini tam olaraq meydana çıxarmış, ədəbiyyatda qəhrəmanlıq və vətənpərvərlik ruhu hakim olmuşdur.
Bütün bunlara görə 2020-2021-ci illərin birgə keçirilmiş yaradıcılıq müşavirəsi öz işini «Müharibə və ədəbiyyat. Zəfər diskursu» tezisinin işığında qurmuşdur. Ardınca 2022-ci ilin Ədəbi proses müzakirələri üçün «Ədəbi prosesin inkişaf dialektikası və Böyük Qayıdış» problemi aparıcı xətti müəyyən etmişdir. Bu ildə müzakirəyə çıxarılan müddəalar sırasında «Şuşa ili»ndə ədəbi tənqid», «Şuşa ili»nin uşaq ədəbiyyatı» kimi mövzuların da olması Zəfər və Böyük Qayıdış motivlərinin ədəbiyyatda bütün istiqamətlər üzrə geniş yer tutduğunu nümayiş etdirir. Sonrakı 2023-cü ildə isə Ədəbi prosesin «ədəbiyyatda bütövlük və ədəbi prosesdə nəzəri dərinlik» adlandırılması da təsadüfi olmayıb, Azərbaycan ədəbiyyatında Vətən müharibəsi – Qarabağ savaşı mövzusunun Tam Ərazi Bütövlüyü ideyası ilə birlikdə daha dərindən, dərk olunmuş şəkildə təsvir və tərənnüm edilməsi ilə yanaşı, həm də yüksək elmi-nəzəri səviyyədə şərh edilməsi məsələlərini nəzərdə tutur. Ədəbi proses hərəkatında haqlı olaraq qeyd edildiyi kimi, 2023-cü ilin Azərbaycan ədəbiyyatı 44+1 formatında inkişaf etdirilərək Qarabağ hərəkatının bütün gedişatını əks etdirmişdir. 2023-cü ilin ədəbi yekunlarına həsr olunmuş toplunun baş məqaləsində yazıldığı kimi, «İndiki halda Qarabağ mövzusu ədəbiyyat üçün yalnız işğaldan azad olunmuş Azərbaycan torpaqlarının vəsf edilməsindən başqa, daha çox ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsvir və tərənnüm olunması deməkdir. Qısa müddət ərzində Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunun Zəfər mövzusu olmaqla bərabər, həm də Bütövlük mövzusuna çevrilməsi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin çoxəsrlik Azərbaycan tarixində ilk dəfə olaraq birgünlük hərbi əməliyyatla xalqımıza və ölkəmizə qazandırdığı tam ərazi bütövlüyündən və suverenlikdən doğan böyük idealın əks-sədasıdır. Deməli, müstəqillik tariximizin 44+1 formulu Azərbaycan ədəbiyyatında Bütövlük mövzusunun ədəbi düsturudur.
Doğrudur, hələlik Azərbaycan ədəbiyyatında tam bütövlükdən çox, Bütövlük uğrunda gedən ədəbi prosesin dalğası daha qabarıq şəkildə görünməkdədir. …Lakin 44+1 formulu, yəni Qarabağ Zəfəri və Ərazi Bütövlüyü və Suverenlik ədəbiyyatda Bütövlüyün təntənəsinin tərənnüm edilməsinin əsas hərəkətverici qüvvəsidir».[4]
Azərbaycan ədəbiyyatının 44+1 formatında inkişafı 2024-cü ildə də davam etmişdir. İlin poeziyasının ədəbi icmalını yazan ustad tənqidçi Vaqif Yusiflinin düzgün müşahidə etdiyi kimi, təkcə poeziyada yox, ümumiyyətlə ədəbiyyatda «Ədəbi Zaman davam etməkdədir» – ədəbiyyatın əbədi mövzularından biri olan «İnsan və Zaman» mövzusu 2024-cü ildə Azərbaycan ədəbiyyatında «İnsan – Zaman və Müharibə» mövzusu miqyasında yaşamış və inkişaf etmişdir. Dramaturgiya icmalında da Vətən müharibəsi mövzusunda yazılmış hekayə, povest və romanlardan bəhs edilməsi, bütövlükdə torpaqlarımızın azad olunması ideyasının səhnəyə çıxarılması ədəbiyyatda Bütövlük idealının bütün cəbhə boyu inkişaf etdirildiyini göstərir. Eyni zamanda, 2024-cü ilin publisistikasının «Zəfər publisistikası» adlandırılması da həmin prosesin bədii publisistikada da özünə möhkəm mövqe qazandırdığını nümayiş etdirir. Bu ilin ədəbiyyatında və publisistikasında Böyük Qayıdış hərəkatının inkişaf ritmlərinin əks-səda tapması da Bütövlük anlayışının tamamlanmasına xidmət edir. Nəticə etibarilə 2024-cü ilin Ədəbi proses müşavirəsinin materialları Zəfər diskursu mərhələsinin ədəbiyyatdakı təzahürlərinin daha da genişlənməsi və dərinləşməsi ilə xarakterizə oluna bilər ki, bu da, öz növbəsində, sonrakı dövrdə Azərbaycan ədəbiyyatında Vətən müharibəsi mövzusunda yazılacaq daha masştablı bədii əsərlərin meydana çıxması üçün möhkəm bünövrənin formalaşması deməkdir.
Ədəbi proses – 2024-də müşahidə olunan iki mühüm cəhəti də qeyd etməyi lazım bilirəm. Belə ki, bu ilin müxtəlif janrları üzrə yazılmış bədii əsərlərində türk dünyası ilə əlaqədar mətnlərin qabarmaqda olduğu nəzərə çarpır. Türk dünyasını əks etdirən mövzular, süjetlər və obrazlar Bütövlük anlayışının mahiyyət etibarilə daha geniş şəkildə aldığını nümayiş etdirir. Ölkəmizin yaradıcılıq təşkilatlarında və akademik qurumlarında türk dünyası ilə bağlı tədbirlərin miqyasının genişlənməsi, müzakirələrin aktivləşməsi həmin Bütövlük və genişlik anlayışlarının müasir dövrdəki trayektoriyasını təsəvvür etməyə imkan verir. Bu rakursda olan Bütövlük və genişlik anlayışının ədəbiyyatın sadəcə coğrafi cəhətlərini deyil, yeni tarixi şəraitdəki mili-mənəvi dərinliklərini və üfüqlərini də əhatə etməkdə olduğunu nəzərə alsaq, bu zəmində növbəti illərin ədəbi proseslərinin əsas tendensiyalarını proqnozlaşdırmaq mümkündür.
İkinci mühüm cəhət isə 2024-cü ilin ədəbiyyatında və elmi-ədəbi fikrində süni intellektin və rəqəmsal inkişafın addım səslərinin daha aydın surətdə eşidilməsi ilə əlaqədardır. Bu isə Azərbaycan ədəbiyyatının bütün dövrləri və mərhələləri üçün xarakterik olan müasirlik kateqoriyasının ədəbi prosesin indiki səviyyəsində cəmiyyətdə gedən bu proseslərin daha iri addımlarla ədəbiyyata doğru hərəkət etməkdə olduğunu göstərməkdədir. Ədəbiyyat bu cəhətdən oxucunu artıq qaçılmaz olan süni intellekt və rəqəmsal cəmiyyətə hazırlamaq üçün ən yaxşı maarifləndirici platformadır. Yazıçı və şairlərin bədii ədəbiyyat vasitəsilə xalqımızı qlobal dünyanın yeni çağırışlarına hazırlaması müsbət qarşılanmalıdır. Lakin yazılı ədəbiyyatın sosial şəbəkə ədəbiyyatı ilə rəqabəti və ya anlaşması hələ bitməmiş, indi də süni intellektin yaratdığı ədəbiyyatla davranışın meydana çıxması yaradıcı qüvvələri ədəbi prosesdə rəqabət mühitinin meydana çıxaracağı problemlərə hazır olmalarını tələb edir. Fikrimcə, süni intellekt və rəqəmsal cəmiyyətin yaratdığı yeni tipli ədəbi proses istər-istəməz intellektual ədəbiyyatın meydanını genişləndirəcəkdir. Orta əsrlərin «elmsiz şeir, əsası yox divar olur» tələbi XXI əsrin ədəbi gedişatı üçün daha zəruri tələb kimi ədəbi mühitin qarşısında dayanmalı olacaqdır. Bütün hallarda 2024-cü ildə Azərbaycan ədəbiyyatında və elmi-ədəbi mühitində süni intellekt və rəqəmsal cəmiyyətlə bağlı baş verən təzahürlər qarşıdakı yaxın dövr ədəbiyyatının astanasında olduğumuzu göstərir. Bu qaçılmaz ədəbi-ictimai prosesləri inkar etmək yox, həmin rəqabətdə bədii istedadın gücünü və imkanlarını nümayiş etdirən yeni tipli ədəbiyyat yaratmağın yolları haqqında düşünmək daha faydalı olardı. Ədəbiyyatın əsas ünvanı olan oxucu özünü harada, hansı növ ədəbiyyatda tapmalıdır? – sualına yalnız müasir dövrün çağırışlarına sosial şəbəkə və süni intellekt ədəbiyyatından daha çox oxuna bilən əsərlər yazmaqla cavab vermək olar. Ədəbiyyatın isə həmin suallarla üz-üzə olacağı zaman nəinki uzaqda deyildir, hətta yazıçıdan çox, oxucu artıq o mühitin içindədir.
Nəhayət, ədəbi prosesin elmi-ədəbi hərəkata çevrilməsində mətbuatın rolu ayrıca qeyd edilməlidir. Bu cəhətdən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən Ədəbi proses müzakirələrinin ölkə gündəminə çıxarılması, elmi-ədəbi hadisəyə çevrilməsi Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan «Ədəbiyyat qəzeti» və «Azərbaycan» jurnalının xidməti sayıla bilər. Bu məqamda «525-ci qəzet»in də Ədəbi proses müzakirələrinə qapı açmasını minnətdarlıqla qeyd edirik. Bütün bunlarla bərabər, Ədəbi proses hərəkatının formalaşması və inkişafında «Ədəbiyyat qəzeti»nin müstəsna rolu da dərindən minnətdarlığa layiqdir. Ədəbi proses müzakirələrinin 2013-cü ildə yeni mərhələsinə başlandığı vaxtdan «Ədəbiyyat qəzeti» bu hadisəyə daim yer ayırmışdır. Bununla belə, «Ədəbiyyat qəzeti»nin 2018-ci ildən etibarən hər il Ədəbi prosesi müzakirə məruzələrini xüsusi buraxılış şəklində çap edib, ictimaiyyətə çatdırması həm mətbuat tarixi və həm də ədəbiyyat tarixi üçün mühüm hadisədir. Ədəbi proses müzakirələrinin Akademiya mühitindən ölkə gündəminə çatdırılmasına «Ədəbiyyat qəzeti» bu işin əsas təşkilatçısı olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu qədər məsuliyyətlə xidmət etmişdir. Ədəbi proses toplusunun 10 kitabda təqdim olunması isə artıq Ədəbi prosesin çoxcildlik külliyyatının yaranması deməkdir. Çoxcildlik Ədəbi proses topluları ədəbi proses hərəkatının salnaməsidir. Ədəbi proses kitabları müstəqillik dövrü Azərbaycan ədəbi tənqidinin oçerkləridir. «Ədəbiyyat qəzeti» isə Ədəbi proses hərəkatının güzgüsü və açıq kitabıdır.
Bu gün də Ədəbi proses – 2024-ün məruzələri tam halda «Ədəbiyyat qəzeti»nin mətnləri kimi oxuculara təqdim olunur…
Minnətdarıq!
09 iyul 2025-ci il
[1] Bax: Ədəbi proses. 2015. Bakı, «Hədəf nəşrləri», 2016, s.71
[2] Bax: Ədəbi proses – 2016, Bakı, «Hədəf» nəşrləri, 2017, s.6
[3] Bax: Ədəbi proses – 2017, Bakı, «Hədəf» nəşrləri, 2018, s.20
[4] Ədəbi proses-2023, Bakı, «Elm və təhsil», 2024, s.5-6
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!