Böyük şairimiz Əliağa Vahidin anadan olmasının 130 illiyinə
Vaqif YUSİFLİ
I
Əsrin əvvəlləri. Bakıda, "Məcməüş - şüəra" ("Şairlər yığıncağı") ədəbi məclisinin növbəti yığıncağı. Bura tanınmış şairlər, ədəbiyyat biliciləri və musiqiçilər cəm olmuş. Təkcə şeir məclisi deyil, əsil ürfan-sənət ocağı, mərifət məkanı, zövq mənbəyidir bura. Yarandığı gündən Bakı-Abşeron şairlərinin üz tutduğu, hünərini, şairlik qüdrətini əyan etdiyi bu məclis XIX əsrin səksəninci illərindən əhli-zövq adamlarının, fazil insanların doğma məkanına çevrilib. Görün, kimlər yetişib, kimlərdir ustad şair kimi təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində də məşhur olan şairlər - bu məclisin yaradıcısı və rəhbəri Məhəmmədağa Cürmü, Seyid Zərgər, Ağadadaş Sürəyya, Ağakərim Salik, Mirzağa Dilxun, Mikayıl Seydi, Seyid Zərgər, Əbdülxalıq Yusif, Əbdülxalıq Cənnəti, Haşımbəy Saqib, Muxtar Bisavad, Ağadadaş Müniri, Azər Buzovnalı... İndi bu məclisdə onların bir çoxu iştirak eləmir, dünyalarını dəyişiblər. Amma məclisə yeni, cavan şairlər gəlir, ustadlardan şeir-sənət dərsi keçirlər. Kim bu dərsləri yaxşı mənimsəyirsə, ustadların gözünün işığına çevrilir.
Adətən Əbdülxalıq Yusifin evinə toplaşırlar. Məclisin öz "nizamnamə"si, öz gedişi var. Əvvəlcə klassik şairlərin şeirləri təhlil olunur, qəzəllər şərh edilir, sonra o qəzəllərə yazılan nəzirələr oxunur, sonra da hər şair yeni yazdığı şeirlərini oxuyur.
Yenə bir gün məclis arəstə imiş. Təzə-təzə şeirlər yazan Əliağa adlı bir cavan şair də bura təşrif gətirib. O, sakitcə oturub yaşca böyük müasirlərinə qulaq asır. Amma bilir ki, onu da dilləndirəcəklər, təbi varmı, yoxmu, imtahana çəkəcəklər. Qorxub-eləmir. Şeirlər oxunur, nəzirələr söylənir, indi isə cavanları dinləmək lazımdır.
Əbdülxalıq Yusif üzünü Əbdülxalıq Cənnətiyə tutub deyir: "Bir qafiyə aç, Mirzə! Cənnəti bir azca fikrə gedib bu beyti söyləyir:
Piri təbimdən cavanlar istəmişlər tazə söz,
Onların zənnimcə var təbində biəndazə söz.
Yusif o beytin davamını gətirir:
Arifən-billah olan hər gün yazar min tazə söz,
Sahibi təbi-səlim yazmazdı biəndazə söz.
Yusif beyti qurtaranda Əliağa həyəcana gəlir. Onun bu halını gözdən qaçırmayan Yusif üzünü ona tutub deyir: "Oğlum, Əliağa, bəlkə dalını sən gətirəsən..."
Elə bil Əliağaya ilahidən bir vəhy gəlir. Ustad Yusifin ona üz tutması içindəki poeziya qığılcımlarını alova çevirir:
Təngidir qönçə dəhanın, gec gəlir avazə söz,
Bir sənəmdir nazənin, qoymuş özünü nazə söz.
Sordum ağzın sirrini hər kimsədən, ey tazə gül!
Tapmadı, yüz min xəyal etdi bu məxfi-razə söz.
Olmasa ustadı bəzmində sözün billah qəbul,
Pirilər yazsın cavanlarçın yenə bir tazə söz.
Şeir qurtaran kimi Əbdülxalıq Yusif yerindən qalxır, Əliağanı qucaqlayır, alnından öpür:
- Əliağa innən belə məclisimizin həm üzvü oldu, həm də vahid şairi. Mən ona Vahid ləqəbi verirəm. İndi ki, belə oldu, bu qəzəlin möhür bəndindəki "billah" sözünü Vahid sözü ilə əvəz et:
Olmasa ustadı bəzmində sözün, Vahid qəbul,
Pirilər yazsın cavanlarçın yenə bir tazə söz.
O gündən - həmin məclisdən sonra Əliağa Məmmədqulu oğlu İsgəndərov Əliağa Vahid təxəllüsüylə şeirlər yazır və çox keçmir ki, məşhurlaşır.
II
Əliağa Vahid Bakıda, dülgər Məmmədqulu kişinin ailəsində dünyaya göz açmışdı (1895). Atasını erkən itirmiş, böyük əmisi Məşədi Ağabəyin himayəsində böyümüşdü. Bir az mollaxanada oxumuş, amma ehtiyac üzündən "təhsil"ini yarımçıq buraxmış, tütün fabrikində çilingər köməkçisi işləmişdi. Mollaxananı bəyənməmişdi, sonralar "Mollaxana" poemasında buradakı "təhsil"dən narazılığını ifadə etmişdi.
Vəssalam, onun bütün ömrü boyu aldığı "təhsil" elə bu olmuşdu. Bəlkə də yeganə Azərbaycan şairidir ki, heç bir təhsil, məktəb üzü görməyib. Böyük Xaqani Şirvani əmisi Ömər Osman oğlunun yanında zəmanəsinin elmlərini mənimsəmişdi. Əmisi oğlu Vəliyəddin Osman Ömər oğlu isə onu bir alim və şair kimi yetişdirmişdi. Dahi Nizami Gəncəvi isə mükəmməl mədrəsə təhsili görmüşdü. "Xəmsə"də də onun dövrünün bütün elmlərinə vaqif olduğu açıqca görünür. XIII əsr şairi Zülfüqar Şirvani, XIV əsr şairi Arif Ərdəbili, XIV-XV əsrlərdə yaşamış Nəsimi də mükəmməl təhsil görmüşlərdi. Dahi Füzuli də universal bilik sahibiydi, əksər elmlərə yiyələnmiş, Mövlana zirvəsinə yüksəlmişdi. Daha sonrakı əsrlərdə Molla Pənah Vaqifin, Bakıxanovun, Mirzə Şəfi Vazehin, Zakirin, Axundovun, Seyid Əzimin, Natəvanın və digər ustadların da öz zamanlarına görə müəyyən təhsil aldıqları, bir deyil, bir neçə elmlərə yiyələndikləri barədə məlumatımız var. Amma Əliağa Vahidin təhsili yox idi. Füzuli, Nəsimi, Axundov, Seyid Əzim öz doğma dillərindən başqa neçə dili bilirdilər və o dillərdə də əsərlər yazırdılar. Vahid isə yalnız şəxsi mütaliəsi, fitri istedadı sayəsində bu pleyadaya qoşula bildi. O, ərəb və fars dillərini bilmirdi, amma klassik poeziyanı bütün incəliklərinə qədər mənimsəmişdi, hətta yaradıcılığının ilk illərində yazdığı şeirləri qəliz ərəb-fars kəlmələri ilə doluydu. Vahid Xaqanidən 13 qəzəl, Nizamidən 10 qəzəl, 3 qəsidə, Nəvainin "Fərhad və Şirin" poemasından 600 misra, Füzulinin farsca divanından 92 qəzəl, 44 qttə tərcümə eləmişdi. Təbii ki, ona sətri tərcümələri təqdim edirdilər və Vahidin poetik məharəti bu tərcümələrə can verirdi. Deməli, Vahid yeganə şairdir ki, heç bir təhsil görməsə də, fitri istedadı müqabilində zəmanəsinin böyük şairləri ilə bir sırada dura bildi, duruş gətirə bildi. Görkəmli ədəbiyyatşünas, akademik Həmid Araslı sonralar etiraf edəcək ki, Vahidin farscadan etdiyi tərcümələr bu sırada ən yaxşı tərcümələrdir.
Onun haqqında ötən illərdə yazılan, ya dolayısı ilə, ya da birbaşa deyilən mülahizələrlə tanış oldum. Bu yazılarda Vahid işsiz-gücsüz, ömrünü meyxana, içki məclislərində keçirən, ancaq qəzəl yazmaqla baş girləyən bir bəndeyi-həqir kimi təqdim edilir. Amma belə deyil. Əvvəla, o, atasının yolunu - dülgərlik sənətini seçdi, bu sənət ona maddi ehtiyaclarını aradan qaldırmağa kömək edirdi. İkincisi, həm Şura inqilabından əvvəl, həm də iyirminci-otuzuncu illərdə o, Bakıda çıxan qəzet və jurnallarda müntəzəm çıxış edir, mənzum felyetonlarını dərc etdirirdi. O, heç vaxt işsiz qalmayıb, iyirminci illərin əvvəllərində "Tənqid-təbliğ" teatrında işləməyə başlayıb, musiqi dəstəsinin müşayiəti ilə tamaşa zamanı satirik şeirlər oxuyub. Elə iyirminci illərdə "Kommunist" qəzetində müxbir kimi çalışıb, "Əsər ki qaldı cahanda" kitabının müəllifi Məhəmməd Nuru oğlunun (bu yazıda onun bir çox məlumatlarına istinad etmişik - V.Y.) yazdığına görə, Vahid 1928-1937-ci illərdə "Azərnəşr" mətbəəsində və "Ədəbiyyat qəzeti"ndə işləmiş, sonralar kolxoz-sovxoz teatrlarında ədəbi rəhbər olmuş, Dövlət Filarmoniyasında çalışmışdır. Böyük Vətən müharibəsi illərində isə Vahidin gecəsi-gündüzü olmamışdır, o, Azərbaycanın kənd və şəhərlərində, hərbi hissələrdə, kolxozçular və döyüşçülər qarşısında şeirlər oxuyur, qələbəyə inam oyadırdı. Bu, əsil vətənpərvərlik nümunəsiydi və 1943-cü ildə bu fəaliyyətinə görə Vahid Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülür. Müharibədən sonrakı illərdə də Vahid "işsiz" qalmır, qəzet və jurnallarda satirik şeirləri ilə çıxış edir, klassik irsin tərcümə və təbliği sahəsində işlərini davam etdirir.
Vahidin əsərlərinin nəşrinə gəldikdə isə, bu sahədə də onun heç bir çətinliyi olmayıb. Sağlığında on üç kitabı nəşr edilib (bunların doqquzu "Qəzəllər", ikisi "Meyxanalar", ikisi satirik şeirlərdir, vəfatından sonra da Vahid unudulmadı, seçilmiş əsərləri və ayrıca "Qəzəllər" kitabı bir neçə dəfə oxuculara təqdim olundu).
1965-ci ilin son sentyabr gününü isə heç vaxt unutmaq olmaz. O gün bütün Bakı Vahidi son mənzilə - Natəvan adına klubdan Fəxri xiyabana yola salırdı.
III
Əliağa Vahidin üç ustadı olub. O, Azər Buzovnalıdan şeir-sənət sirlərini mənimsəyib. Yəni bu ustad-şagird münasibətini məktəb təlimi kimi də anlamaq olar. Ancaq elə ustadlar var ki, sən onları görməmisən, rəsmi olaraq onların məktəbində müdavim olmamısan, amma o, sənin mənəvi müəllimin, mürşüdün olub.
Sabir və Füzuli! Əliağa Vahid böyük Azərbaycan ədəbiyyatına bu dahilərin ruhunu yaşadaraq gəlib. Sabir satiraları və Füzuli lirikası Vahidin nəinki dilinin əzbəri, dizinin qüvvəti, gözünün nuru, həm də ömürboyu sənət dərslikləri olub. Öncə Sabir - axı, Vahid ədəbiyyata satirik şeirlərlə gəlib və bu şeirlərdə Sabirin təsiri danılmazdır. Elmsizliyin, cəhalətin, nadanlığın, köhnəliyin, avamlığın tənqidini əks etdirən satiralarında o, Sabir yolunu davam etdirirdi. Təbii ki, Vahid öz satiralarında Sabir səviyyəsinə yüksələ bilmədi və bunu heç düşünmürdü də. Bu fikri Əli Nəzmi, Əliqulu Qəmküsar, Bayraməli Abbaszadə, Ordubadi, Cəfər Cabbarlı haqqında da söyləyə bilərik. Amma bu satiriklər böyük ustadın ənənəsini yaşatdılar, onların hər biri satiranın ciddi ədəbiyyat olduğunu və millətin özünü dərk etməsində əhəmiyyətli rol oynadığını sübut etdilər. Vahid ömrünün sonuna qədər böyük qəzəlxan olmaqla yanaşı, satirik şair kimi də bu ənənəni yaşadanlardan biri oldu.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!